Ustad yadigarları: görüşlər,
söhbətlər, xatirələr
GÖRKƏMLİ XANƏNDƏ, UNUDULMAZ
ŞƏXSİYYƏT ƏLİBABA MƏMMƏDOVUN RUHUNA
DƏRİN EHTİRAMLA
(Əvvəli ötən sayımızda)
Ustad Əlibaba Məmmədov həm də xeyirxah əməllər
sahibi idi. Fenomenal yaddaşa malik olan müəllimimiz təhsil
müddətində bizə çox olaylardan söhbət
açmışdı. O cümlədən, əliaçıqlıq
edib insanlara göstərdiyi yardımlardan
danışmışdı. Bunları biz də dinləyib
nümunə götürək deyə söyləyirdi. Bir dəfə
gecə vaxtı restorandan çıxanda soyğunçulara
tuş olub cibindəki pulları onlara verməli olan birisi, naəlac
qalaraq, Əlibaba müllimin qapısını
döyübmüş. Sonrasını ustad belə
xatırlayırdı: "Çox çətinliklə, sifəti
allanmış halda dillənib dedi: "Əlibaba müəllim,
səndən borc pul istəyirəm. Bu şəhərdə
qohum-qardaşım yoxdu, nə də ərkim çatan
tanış var. Televizorda görüb, radioda səsini
eşidib, səni tanımışam. Sağ olsun taksi
şoferi, adını çəkəndə
ünvanını öyrənib məni buraya gətirdi..."
Böyüklərdən eşitmişdim ki, sənə
uzanan əli heç vaxt boş qaytarma. Durub, istədiyinin
üstünə bir az da məbləğ əlavə edərək
gətirib ona verdim. Pulu saymadan cibinə qoydu. "Narahat
olmayın, Şəkiyə qayıdım, uzağı bir aya əmanətini
çatdıracağam. Allah köməyiniz olsun!" - deyib
getdi.
Şəkilinin verdiyi bir aylıq vədə
dönüb ikiay oldu. Ondan xəbər-ətər yox idi.
Xanımım arada mənə dedi ki, o pulun fatihəsini ver,
fırıldaq adama ürcah olmusa.
Mən isə: "Narahat olma, o kişi elə iş
tutmaz", - deyə cavab verdim.
"A kişi, bu yaşa çatmısan, hələ
də sənə kələk gələni tanımırsan.
Ünvanını, nə işin sahibi olduğunu da demədi".
Bəlkə də xanımın dediyində bir həqiqət
vardı... Amma bir günorta, rəhbəri olduğun
"Humayun" ansamblının məşqindən gəlib
evdə yemək yediyim yerdə qapının zəngi
çalındı. Durub qapını açanda gözümə
inanmadım. Həmin o şəkili kişi qarşımda
durub üzümə gülürdü.
- Əlibaba müəllim, bağışlayın ki,
verdiyim vədə xilaf çıxıb gecikmişəm.
Rayonda təsərrüfat vaxtıdır, kənara addım
atmaq olmur.
- A kişi, içəri keç görüm, - dedim.
- Qayınanan səni çox istəyir, süfrə
başına gəlib çıxmısan.
- Yox e, çox istəsə idi, qızını mənə
verməzdi, - deyib qımışdı.
Xanımım ona da yemək gətirdi. Onun da
üzündə təbəssüm gördüm. Zarafat
deyildi, fırıldaq saydığı adam indi üzbəüz
oturub, mənimlə bir masa arxasında nahar edirdi. Yenidən
qapının zəngi çalındı. Şəkili dilləndi:
- Qardaş, narahat olmayın, bizim uşaqlardı. Bir
az ayın-oyun gətirmişəm. Onları yuxarı
daşısınlar. Zəhmət deyilsə, bir yer göstərin,
ora yığsınlar.
Şəkili tanışım, daha doğrusu,
özünün dediyi kimi, qardaşım nahar edib, əmanəti
qaytararaq çıxıb getdi. Yoldaşımla dəhlizdə
durub, onun gətirdiyi sovqatı yerləşdirməkdən
ötrü baş sındırırdıq. Belə qərara
gəldik ki, sovqatın bir hissəsini qohum-qardaşa verək.
Belə də etdik".
Bir gün ustada zəng vurub əhvalpürsanlıq
etdim. Səsinin tonu xoşuma gəlmədi. Əməliyyatdan
sonra evə dönmüşdü. "Kaspar"
klinikasında yatanda onu ziyarət etmişdim. Dediyindən belə
məlum oldu ki, əməliyyatı uğurlu keçməyib,
ikinci dəfə əməliyyat olunmuşdu. Oğlumla birlikdə
7-ci mikrorayondakı evinə getdik. Sonradan Prezidentin ona verdiyi, Rəsulzadə
qəsəbəsindəki mənzilinə köçdü. Tələbəsi
Könül Qəmbərova ona qulluq edirdi. Ustadın
ayaqları yer tutmurdu. Sərbəst yeriyə bilmirdi. Oğlum
Vəfa qoluna girib, vanna otağına aparıb, yuyunmasına
yardımçı oldu. Könülün verdiyi çayı
içə-içə ustadla söhbətləşib xatirələri
çözələdik. Rəngi-ruhu avazımış,
arıqlamışdı. Danışığında da
kefsizliyi hiss olunurdu. Ona təsəlli vermək istədim:
- Əziz müəllimim, inşallah, tezliklə
ayağa durub, işinə-gücünə gedəcəksiz. Tələbələr
səbirsizliklə sizi gözləyirlər...
- Yox, Əkrəm! Bu həna o hənadan deyil. Mən
bilirəm də... Ayaqlarım sanki özümün deyil.
O, əyilib əsəbi halda ayaqlarına vurmağa
başladı. Əlindən tutdum. Əli ovcumda ola-ola:
- Ustad, ayaqlarının tutulması müvəqqəti
haldır. Bu, keçirdiyiniz əməliyyata xas olan cəhətdir.
Zarafat deyil, qısa müddət ərzində iki dəfə əməliyyat
olunmusuz. Vallah, beş-on günə sağalıb, ayağa
duracaqsız. Mənə inanın! - dedim.
- Təki elə olsun.
Deyəsən, sözlərim ona əsər
etmişdi. Gözlərində işıq gördüm. Bu hal
məni çox sevindirdi. Çox keçmədi ki, ustad
sağalıb ayağa durdu. Neçə illər dərsinə
getdi. Mən də arada vaxt tapanda dərslərində
iştirak edib, tələbəlik illərimi yada
salırdım. Neçə-neçə muğam müsabiqələrində
başda oturub, dəyərli fikirlərini gənc muğam
ifaçılarına çatdırdı. Qaliblərin
qala-konsertləri onsuz keçməzdi. Birinci mükafatı
qalibə, adətən, Əlibaba müəllim təqdim edərdi.
Tələbəlik illərimdə
Sumqayıt və Siyəzəndəki konsertlərində
ustadımla bir səhnədə çıxış
etmişəm. Maştağa toyuna məni apararaq
oxumağıma vəsilə olub. Sözsüz ki,
uğurlarımın əsas səbəbkarı o idi.
Tələbələrinə məsləhət verib,
deyərdi: - Televiziya və radioda çıxış
üçün tələsməyin. Çalışın
ki, dinləyicinin qabağında bomba kimi partlayın. İlk
çıxışında yaddaşlara necə hopdunsa, elə
də qalacaqsan.
Təsadüf ola bilərdi ki, Filarmoniyada konsertinə
getməyim. Çalışırdım ki,
çıxışlarını daim izləyim. El arasında
toy-düyünlərdə ad çıxarmış bəzi
sənətkarlara meydangir deyirlər. Əlibaba müəllim
həm səhnədə, həm də toyxanada əsl meydangir
idi. Böyük səhnə təcrübəsinə və mədəniyyətinə
malik idi. Çıxış vaxtı tamaşaçıların
istəklərini sanki havada oxuyardı. Onların
zövqünü oxşayan təsnif, muğam və
mahnılar ifa edərdi. Hər konserti anşlaqla keçərdi.
Özü bu barədə deyirdi: "Konsertlərimə
Bakı və ətraf kəndlərdən, o cümlədən,
Maştağadan çoxlu tamaşaçı gəlir. Onlar sənətimə
dəyər verir, xətrimi əziz tuturlar. Sağ olsunlar!
Tanrının nəzəri üstlərində olsun".
Əlibaba müəllimin bir üstünlüyü də
bu idi ki, kəmiyyətə görə deyil, keyfiyyətə
görə özünə repertuar seçib oxuyardı.
İlk növbədə səsinə düşən
mahnıları ifa edərdi. Bəlkə də bəstələdiyi
mahnıları öz səsinə görə ərsəyə
gətirmişdi. Hər halda, bu, mənim subyektiv fikrimdir.
Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyevin köməkçisi
vəzifəsində çalışdığım vaxtlar
idi. Bir söhbətimiz zamanı muğamdan, musiqi
ifaçılarımızdan söz düşəndə
Elçin müəllim məndən:
- Muğam dərsini kimdən almısan? - deyə
soruşdu.
- Əlibaba Məmmədovdan.
- Belə de... O həm pedaqoq, həm də xanəndə
kimi gözəl sənətkardır. Onun bəstələdiyi
mahnılara vaxt tapdıqca qulaq asıram. Təbi rəvandır.
Əlibaba müəllim konservatoriya təhsili
görmüş olsaydı, daha böyük əsərlər
yaradardı.
Elçin müəllimin ustadım haqqında dediyi bu
fikirlər Əlibaba müəllimə, onun sənətinə
verilən dəyər, böyük ziyalı qiymətidir.
Vaxtilə Əlibaba müəllimdən dərs
almış sənətkarlardan bəziləri haqqın dərgahına
gediblər artıq. Allah onlara rəhmət eləsin. Məmmədbağır
Bağırzadə çox böyük talant sahibi idi.
Əlibaba müəllimdən muğamlarımızı əxz
edən tələbə dostum ustadın etimadını
doğruldaraq peşəkar xanəndə oldu. O, özü də
şeirlər yazıb, mahnılar bəstələyirdi, Xalq
artisti fəxri adına layiq görülmüşdü. Təəssüf
ki, əcəl onu tez yaxaladı. Ruhu şad olsun.
Ustadın digər tələbəsi Məhəmmədəli
Şahverdiyevin də yaxşı, dolu səsi vardı. Hər
dərsdə müəllimimiz ona "Sudan gələn
sürməli qız" xalq mahnısını
oxutdurardı. O, mahnını tamam başqa şövqlə
oxuyardı. Mahnının ruhuna uyğun muğam ifa edər,
mahnıya yeni çalar gətirərdi. Onu da qeyd etməyi
özümə borc bilirəm ki, Məhəmmədəli kimi
bu xalq mahnısını oxuyan ikinci bir ifaçı görməmişəm.
Çox təəssüf ki, səhlənkarlıq edərək
mahnını o zaman lentə aldırmadı. Tələbə
dostumuz Biləcəridə şəxsi təsərrüfatı
ilə məşğul olur, həm də toylara gedirdi. Şəkər
xəstəliyindən əziyyət çəkən tələbəlik
dostum dünyasını dəyişib. Onun da ruhu şad olsun.
Elmira Məmmədova bir müddət Əlibaba müəllimin
rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri
ansamblının solisti oldu. Sonradan İsrailə
köçdü.
Bu sətirlərin müəllifi - mən də
beş-altı il sənətdə qaldım. Abşeron kəndlərində,
Şuşa, Ağdam, Gəncə, Karsnovodsk-Türkmənbaşı,
İrəvan və başqa şəhərlərdə,
bölgələrimizin neçəsində toylarda xanəndəlik
etdim. Etiraf etməliyəm ki, Qarabağ toylarının
gözəlliyini və xanəndəyə olan hörməti,
eləcə də Bakı kəndlərində sənətkara
verilən yüksək dəyəri bəzi bölgə və
kəndlərimizdə görməmişəm. Tale elə gətirdi
ki, muğamı daha yaxşı başa düşüb
anladığım bir vaxtda canıma, qanıma hopmuş bu sənətdən
getməli oldum. Dövlət məmuru oldum və
oxumağıma son qoyuldu. Amma dost-tanış məclislərində
məni oxutdurdular, alqışlar aldım. Dostum filologiya elmləri
doktoru Abid Tahirlinin yubileyində məndən
oxumağımı xahiş etdi. Müştəbehlik olmasın,
tarzənin gözəl müşayiəti təbimi
coşdurdu. Bir-iki ağız "Mənsuriyyə" oxudum.
İfanı bitirər-bitirməz məclisdəkilərdən
bir nəfər durub icazə almadan mikrofonu götürüb
dedi:
- Siz bu səslə xalqa xəyanət edib, gedib
oturmusunuz idarədə...
Belə hallarla çox üzləşmişəm.
Əlibaba müəllimlə ömrünün sonuna
kimi ünsiyyətdə qaldım. Bir dəfə telefonda mənə
ddi:
- Əkrəm, mənə olan hörmətin, müəllim-tələbə
münasibəti imkan verir ki, bunu deyim: səndən başqa mənimlə
mütəmadi əlaqə saxlayan ikinci tələbəm yoxdur.
Müəllimin kimi səndən bir xahişim var. Daha
qocalmışam, zarafat deyil, doxsanı xırdalayıram. Mən
dünyadan köçəndə Seyranı tək qoyma. Sən
dövlət adamısan. Yanında ol, bəzi işlərdə
ona əl tut, köməyini əsirgəmə...
Çox narahat oldum. İstəmirdim ki, onun dilindən
"ölüm" sözünü eşidim. Necə ola bilər,
dərs keçdiyi vaxtlarda bizə tək müəllim deyil,
ata kimi nəsihət verən, həyatın
doğru-düzgün istiqamətlərini anladan müəllimimiz
ölümdən danışıb, məndən kömək
istəsin?! İndinin özündə də o səs
qulaqlarımda səslənir.
Mən onun əziz-xələfi, madər oğlu
Seyrana köməklik edə bilmədim. Əlibaba müəllim
bir daha mənə zəng vuraraq xahiş etmədi.
Ölümündən iki gün qabaq son dəfə ona zəng
vurdum. Telefonu nəvəsi götürdü:
"Yatıb" - dedi. Əslində əziz müəllimim
danışa bilmirdi. Onun madar oğlu Seyran dünyasını
dəyişmişdi. Bundan bir il qabaq isə böyük
qızı haqqın dərgahına qovuşmuşdu. Övlad
itkisinə dözməyən ustadım oğlunun vəfatından
səkkiz gün sonra bizə və həyata əbədilik əlvida
dedi. Haqq dünyasının qapısından keçərək,
nurlu məskənin əbədi sakini oldu. Yeganə təsəllimi
onda tapıram ki, Fəxri xiyabanda tabutunun altına girib, ona
olan son borcumu, sayqımı belə ifadə etdim.
Uyuduğu yerə hərdən baş çəkib
onunla xəyalən həmsöhbət oluram. Belə anlarda bəzən
mahnıları qulağımda səslənir.
Mahnılarının arxasından bizə boylanan Əlibaba
müəllimi dipdiri görürəm. Deməli, o, mənən
sağdır, mahnılarında yaşayır və əbədi
olaraq yaşayacaq. Şəhid Xudayar Yusifzadə onun "Vətən
yaxşıdır" mahnısında yaşadığı
kimi.
Qəbrin nurla dolsun, əziz Ustad, ruhun şad olsun!
Əkrəm QAFLANOĞLU
525-ci qəzet . 2024.- 20 fevral, №(32).- S.15.