Kərkükün təməl daşı - Ata Tərzibaşı

 

 

İraq türkmanlarının böyük mütəfəkkiri, tədqiqatçı, vəkil, jurnalist, yazıçı Ata Tərzibaşı 14 noyabr 1924-cü ildə Kərkükdə dünyaya gəlib. Orta təhsilini Kərkükdə başa vurduqdan sonra 1950-ci ildə Hüquq fakültəsindən məzun olub. O tarixdən etibarən doğulub-boya başa çatdığı Kərkükdə vəkil kimi fəaliyət göstərib.

Ata Tərzibaşının məqalələri hələ orta məktəbdə oxuduğu illərdə müxtəlif mətbuat orqanlarında yayımlanmağa başlayıb. Hüquq fakültəsində tələbə olduğu dövrdə də Kərkükdə "Afaq" və "Bəşir" qəzetləri, "Ərəb" dərgisi, Misirdə "Əl-Risalə", Liviyada "Əl-Ədib", Suriyada "Əl-Hədis" dərgisi, İraqda "Əl-Aklam", "Əl-Məktəbə", "Əl-Hadisə", "Əl-Əhbar", "Əl-Məsə", "Əl-Şaab", "Əl-Əməl", "Əl-Siyasə", "Kərük", "Əl-Əyyam" kimi mətbuat orqanları və Türkiyədə "Türk dili", "Türk sənəti", "Türk yurdu",  "Türk kültürü" kimi dərgilərdə ədəbiyyat, hüquq, folklor və dilçilik mövzularında türk və ərəb dillərində müxtəlif məqalələri işıq üzü görüb.

A.Tərzibaşı türkman ədəbiyyatı, dili və folkloru mövzusunda qələmə aldığı məqalələrlə gənc tədqiqatçıların yoluna işıq tutub. Bu xidmətləri sayəsində bütün türkman xalqının könlündə taxt qurub. Onun ədəbiyyat, kültür, sənət, mətbuat, folklor sahələrindəki əsərləri həmin sahələrdə mənbə rolunu oynayır. Elmi bir metodla tədqiq etdiyi xoyratları 1955-1957-ci illərdə "Kərkük xoyratları və bayatıları" adı ilə ölümsüzləşdirib. Bu kitablar şair və sənətkarlara ilham mənbəyi olub.

Ata Tərzibaşının elmi bir metodla, bir ensiklopediya tərzində hazırladığı 13 cildlik "Kərkük Şairləri" kitabı İraqda və Türk dünyasında böyük marağa səbəb olub. Bu önəmli bioqrafik əsərdə Kərkük şairlərinin həyatından bəhs olunub, şeirlərindən nümunələr verilib. Ruhi, Nəsimi, Füzuli, Qəribi kimi klassiklər haqqında qələmə aldığı tədqiqat əsərləri onun necə hərtərəfli bir yazıçı olduğunun sübutudur.

Tərzibaşı öz yaradıcılığında türkman şeirinə, folkloruna sənətinə və mədəniyyətinə geniş yer ayırıb. Ədibin 1953-2014-cü illər arasında 50 kitabı işıq üzü görüb.

Ata Tərzibaşı 90 illik həyatında ölkə daxili və xaricində bir çox medal, plaket və təşəkkürnamələrə layiq görülüb. Onlardan ən önəmlisi Azərbaycanda Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən verilən Fəxri doktor və "Türk dünyasına xidmət" medallarıdır. O, müxtəlif zamanlarda "Yaşayan əfsanə", "Onur qaynağı", "Tək nəfərlik institut", "Türkmanelinin atası" kimi ünvanlar da qazanıb.

O, 31 mart 2014-cü ildə Kərkükdə həyata gözlərini əbədi yumub. Kərkükün Musala məzarlığında torpağa tapşırılan ədibin vəfatı bütün sevənlərini yasa qərq etmişdi.

Ata Tərzibaşının vəfatının birinci ildönümündə Ankarada xatirəsi yad edildi. Türkmaneli İşbirliyi və Mədəniyyət Vəqfi, Türkmaneli Mədəniyyət Mərkəzi və Avrasiya Yazıçılar Birliyinin birgə təşkil etdiyi "Ata Tərzibaşı anma toplanışı" Ankara "Holiday Inn" otelinin iclas zalında keçirildi.

Tədqiqatçı yazıçı Ata Tərzibaşının işıq üzü görmüş kitablarının üz qapaqları və bəzi şəxsi fotoşəkillərinin yer aldığı sərginin açılışı Türkiyə Prezidentinin baş məsləhətçisi və keçmiş mədəniyyət naziri Yalçın Topcunun, Xarici İşlər Nazirliyinin İraq ilə əlaqələr üzrə şöbə müdirinin müavini Gökhan Başan, İraqın Ankaradakı səfirliyinin nümayəndələri Abdulla Tütüncü və Yasin Dəhhamın, Türkmaneli Vəqfi idarə heyətinin üzvü Müzəffər Arslanın, Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlunun, Türkmaneli Mədəniyyət Mərkəzinin rəhbəri Çimnaz Dəmirçinin, azərbaycanlı professor Qəzənfər Paşayevin, Şirindil Alışanlının, Ankara Türkman Dərnəyinin rəhbəri Abbas Türkmanın, Orsam və Avim nümayəndələrinin və bir çox qeyri-hökumət təşkilatı təmsilçilərinin iştirakı ilə gerçəkləşdi.

Türkmaneli Vəqfinin təhsil və mədəniyyət üzrə məsləhətçisi Mustafa Ziya tərəfindən ərsəyə gətirilən "Türkmanelinin yaddaşı Ata Tərzibaşı" adlı qısa sənədli film açılışdan əvvəl qonaqlara təqdim olundu. Sənədli filmdə Ata Tərzibaşının doğumundan vəfatına qədərki həyat hekayəsindən bəhs edilirdi, ədibin Türkman mübarizəsi uğrunda gördüyü işlər, mədəniyyət, sənət, ədəbiyyat və folklor sahəsindəki fəaliyyətindən danışılırdı.

 

lll

 

Ata Tərzibaşının anım toplanışı İstiqlal marşının və Türkmaneli himninin səsləndirilməsi ilə başladı. Türkmaneli Mədəniyyət Mərkəzinin rəhbəri Çimnaz Dəmirçi qonaqları salamladıqdan sonra Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlu Ata Tərzibaşının Türk dünyasındakı yerindən söhbət açdı. Türkmaneli Vəqfi idarə heyətinin üzvü Müzəffər Arslan Ata Tərzibaşıyla bağlı önəmli faktlara toxundu, vəqf olaraq belə toplanışlara önəm verdiklərini, hər cür mədəni tədbirlərin keçirilməsini dəstəklədiklərini ifadə etdi.

Azərbaycandan gələn professor Qəzənfər Paşayev nitqində Ata Tərzibaşı ilə 1964-cü ildə Bağdad Türkman Qardaşlıq Ocağında şəhid Rza Dəmirçi vasitəsiylə tanış olduğunu, İraq Türkman folkloru haqqında yazmaq üçün onunla fikir mübadiləsi apardığını söylədi, Kərkük ilə Azərbaycan arasındakı mədəni və ədəbi əlaqələrdən bəhs etdi.

Professor Şirindil Alışanlı Ata Tərzibaşı ilə Qəzənfər Paşayevin Kərkük və Azərbaycan ədəbiyyatı ilə bağlı gördükləri işlərdən, ortaq mədəniyyət mövzusundan söz açdı, gələcəkdə Azərbaycanla İraq Türkman ədəbiyyatı və mədəni əlaqələrinin daha da genişlədilməsini arzuladığını dilə gətirdi.

Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topcu nitqində dövlət və millət olaraq türkmanların yanında olduqlarını söylədi. O, Ata Tərzibaşının vəfatının Türk dünyası üçün böyük bir itki olduğunu, sərgilənən kitabların İraqdakı Türk varlığının bir sübutu olduğunu dilə gətirdi.

Qeyd edək ki, professor Qəzənfər Paşayevin nəşr edilmiş əlliyə yaxın kitabından iyirmi beşi İraq Türkman əbəbiyyatı, dili və əlaqələri ilə bağlıdır. 50 ildən artıqdır İraq türkmanlarına qarşı göstərdiyi xidmətlər üçün Türkmaneli İşbirliyi və Mədəniyyət Vəqfi adından professora "Xidmət medalı" təqdim edildi. Medalı Türkiyə Prezidentinin baş məsləhətçisi və keçmiş mədəniyyət naziri Yalçın Topcu və Türkmaneli Vəqfi idarə heyətinin üzvü Müzəffər Arslan təqdim etdilər. Qəzənfər Paşayev isə Ata Tərzibaşı haqqında Azərbaycan dilində qələmə aldığı "Ata Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı kitabını Mustafa Ziya və Yalçın Topcuya hədiyyə etdi.

Vəfatının birinci ildönümündə Ata Tərzibaşı paneli təşkil edildi. Panelin moderatoru professor Mahir Nakib, iştirakçıları Əhməd Bican Ərcilasun və Qəzənfər Paşayev Ata Tərzibaşı haqqında dəyərli və önəmli fikirlər söylədilər. Professor Ərcilasun Ata Tərzibaşının "Kərkük xoyratları" kitabını tədqiq edərək nümunələr gətirdi.

Professor Qəzənfər Paşayev isə  Ata Tərzibaşıyla bağlı gördüyü işlərdən söz açdı, İraq Türkman ədəbiyyatçılarının fəaliyyətlərinə toxundu: "Mən bir folklorşünas kimi çəkinmədən deyə bilərəm ki, Ata Tərzibaşının xoyrat və manilərlə bağlı tədqiqatlarına bənzər tədqiqata təsadüf etməmişəm. Ümumiyyətlə, Ata Tərzibaşının folklorla bağlı bütün tədqiqatları əvəzsizdir. Ona görə ki, tükənməz incilər xəzinəsi olan folklor Azərbaycan ədəbiyyatşünaslıq elminin iftixarı, professor Yaşar Qarayevin göstərdiyi kimi, əsatir və xoyratlarda, nağıl və dastanlarda əbədiləşir, canlı yaddaşa çevrilir, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymur, onu parçalanmaqdan xilas edir, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edir. Ata Tərzibaşı, Şakir Sabir Zabit, Məhəmməd Xurşid, İbrahim Daquqi, Əbdüllətif Bəndəroğlu, İhsan Vəsfi Allahın rəhmətinə qovuşublar. Süphi Saatçı, Mahir Naqib, Ərşad Hürmüzlü, Mustafa Ziya, Şəmsəddin Kuzəçi, Həbib Hürmüzlü və başqaları indi İraqın hüdudları xaricində də tanınır və İraq-Türkman folklorunu, ədəbiyyatını və mədəniyyətini layiqincə təmsil edirlər".

Sonda Ata Tərzibaşının yaxın dostu vəkil Həbib Hörmüzlü söz alaraq Tərzibaşı ilə bərabər çalışdığı dövrdən bəzi xatirələrini bölüşdü.

Paneldən sonra iştirakçılara Türkmaneli Mədəniyyət Mərkəzi adından təşəkkürnamə təqdim edildi.

 

Şəmsəddin KUZƏÇİ

525-ci qəzet . 2024.- 20 fevral, №(32).- S.14.