Şahmatda və həyatda mübarizə üsulu: hücummu, müdafiəmi?!  

 

Şahmatda və həyatda dəfələrlə sınaqdan çıxmış effektiv bir mübarizə üsulu var: "Hücum etmək!" Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits deyirdi ki, "üstünlük sizdə olduğu zaman hücum etmək məcburiyyətindəsiniz, yoxsa bu üstünlüyü itirmək təhlükəsi vardır". Eynilə həyatda da üstünlük sizin tərəfinizdədirsə, hücum etmək fürsətini əldən vermək olmaz və bundan dərhal yararlanmaq lazımdır! Əks təqdirdə, müdafiə olunmağa məhkum olarsınız. Hətta həyatda müdafiə zamanı belə ən yaxşı savaş üsulunun hücuma keçmək olması təcrübə ilə sübut olunub. Amerikan şahmatçısı Brus Pandolfini şahmat müstəvisində bu qaydanı belə izah etmişdi: "Ən yaxşı müdafiə hücumdur. Əks hücum yolları axtarın. Əgər müdafiə etmək məcburiyyətində qalsanız, qoruma və əks-hücumu birləşdirin, düşmənin bütün təhdidlərinə cavab verəcəyinizdən əmin olun. Rəqibinizin planlarını pozmağın ən yaxşı yolu təhdidkar olmaqdır".

Təhdid nəinki şahmatda, hətta həyatda da son dərəcə önəmli silahlarından biridir. Lakin istər həyat, istərsə də şahmat olsun, savaş meydanındasınızsa, hər hücumunuza düşmənin nə cür reaksiya verəcəyini hesablamalısınız. Bunu edərkən amerikan şahmatçısı Brus Pandolfininin şahmatın timsalında söylədiyi aşağıdakı sözlərini xatırlamaq faydalı olar: "Sizin gedişinizə qarşı rəqibinizin ən yaxşı gedişini təxmin edin. Özünüzdən soruşun: "Mən olsam, bu gedişə qarşı nə oynayardım?" O zaman rəqibin gedişləri sizə problem yaratmaz. Rəqibin xətaya yol verəcəyini gözləməyin, lakin yol verilən xətalardan faydalanın". Həyatda da düşmənlərinizlə mübarizə apararkən yalnız onun hansısa xətaya yol verməsinə ümid bağlamaq böyük yanlışlıq olar. Çünki düşmən gözlədiyiniz xətaya yol verməyə bilər ki, bu da lüzumsuz yerə vaxt itkisinə səbəb olar. Həyatda da sizi savaşdığınız düşmənin kim olması deyil, onun gücü maraqlandırmalıdır. Hər savaşı ən güclü düşmənlə apardığınızı düşünməli və bu zaman yalnız öz qabiliyyətinizin yol verdiyi çərçivədə qərarlar verməlisiniz. Belə olan təqdirdə başqalarından asılacağınız olmayacaq və yalnız öz qüvvənizə inanacaqsınız.

Şahmat və həyatda edilən uğurlu hücumla bağlı eyni olan qaydalardan biri də hücumun təkbaşına edilməməsi prinsipidir. Təkbaşına hücum dedikdə, həyatda müharibə zamanı hücumun bir və ya bir neçə hərbçi ilə, şahmatda isə bir və ya iki fiqurla həyata keçirilməsi başa düşülür. Bu cür gülünc hücuma şahmat terminologiyasında "berserker hücumu" adı verilib.

"Berserker" sözü "vəhşi savaşçı", "çılğına dönmüş döyüşçü" mənasını ifadə edir. Tarixdə berserkerlər Skandinaviya və alman əfsanələrində adı çəkilən, ayı və qurd dərisi geyinmiş, cəsarət və gücü ilə məşhur olan savaşçılar olub. Onlar döyüş meydanına heç bir zirehli geyim olmadan çıxır və qarşılarına çıxanları mərhəmətsizcəsinə öldürürdülər.

Qeyd edək ki, şahmata yeni başlayan əksər oyunçular rəqiblərini tez bir zamanda mat etmək arzusu ilə yaşayırlar. Eynilə dəliyə dönmüş berserkerlər kimi əsasən iki fiquru ilə rəqib üzərinə hücuma keçirlər. Belə zəif hücumlar nadir hallarda uğurla nəticələnir. Rəqibin asanlıqla dəf edəcəyi bu cür hücumlar uğursuz olduqda təcrübəsiz oyunçular başqa iki fiquru ilə yeni berserker hücumu təşkil edir və beləliklə, oyun sonuna qədər qələbə qazanmaq üçün eyni metodu tətbiq edirlər. Bu cür oyunçular iki əsgərlə düşmənin bütün ordusuna qalib gəlməyin yalnız rəqibin kobud səhvi nəticəsində mümkün ola biləcəyini anlayanadək bir çox oyunlarda məğlub olurlar. Halbuki şahmatda hücum zamanı bütün fiqurlar oyuna qatılmalı və imkan daxilində onların hamısından faydalanmaqla hücum təşkil edilməlidir. Danimarkalı şahmat ustası Bent Larsen bu qızıl prinsipi belə ifadə etmişdi: "Sevimli açıqlamalarımdan biri: bütün daşlar hücuma qatılır".

Eynilə həyatda da müharibə məkanında yalnız bütün hərbi kontingentin iştirakı ilə uğurlu hücum həyata keçirilə bilər. Əks təqdirdə, bir və ya iki əsgərlə düşmənin bütün qüvvəsinə qarşı qələbə qazanmağın yalnız "Rembo" filmlərində mümkün ola bilməsi unudulmamalıdır.

Bəzən oyun zamanı elə vəziyyətlər yaranır ki, heç bir hücum etmək imkanı yaranmır, taxta üzərində sanki bir "durğunluq" meydana çıxır. Eyni situasiya real həyatda döyüş zamanı da baş verə bilər: Hücum etmək üçün heç bir təhlükə yarada bilməmək.

Bu cür hallarda şahmatda tətbiq edə biləcəyimiz Makoqonov prinsipini eynilə həyatda savaş meydanında da analoji vəziyyətə tətbiq edə bilərik. Məşhur şahmatçı olan Vladimir Makoqonovun adını daşıyan həmin prinsipin mahiyyəti ondan ibarətdir ki, tərəflərdən heç biri təhlükə yaratmaq iqtidarında deyildirsə və oyunun planının tapılmasında çətinliklərlə üzləşirsə, tərəflərin hər ikisi yaranmış vəziyyətdə hansı fiqurun mövqeyinin əlverişli olmamasını müəyyən etməli və həmin fiquru aktiv vəziyyətə gətirməlidir. Başqa sözlə, Makoqonov prinsipi "işə yaramayan tənbəli" "çalışqan" etməyi nəzərdə tutur.

Oxşar fikri rusiyalı beynəlxalq şahmat ustası Mark Dvoretski belə dilə gətirmişdi: "Strateji manevr tələb edən situasiyalarda ən əlverişsiz vəziyyətdə olan fiqurunuzu təhlil edin. Bu fiquru aktiv hala gətirmək çox vaxt mövqeyinizi hərtərəfli şəkildə inkişaf etdirməyin ən etibarlı yoludur".

Həyatda müharibə məkanında da düşmən tərəfə hücuma keçmək üçün real təhlükə yaratmaq çətinliyi ilə üzləşdikdə bu zaman potensial təhlükəni meydana çıxarmaq üçün əlverişsiz mövqedə olan əsgərləri aktivləşdirmək məqsədilə onları strateji nöqtələrə yerləşdirmək lazımdır.

Amerikan şahmat ustası Ruben Fayn şahmatda hücum strategiyasının qızıl qaydasını belə ifadə etmişdi: "Hücumun birinci şərti: rəqibinizin inkişaf etməsinə icazə verməyin!" Sözügedən prinsip qədim vaxtlardan müasir dövrümüzədək həyatda tətbiq edilən ən güclü savaş prinsipi kimi bu gün də öz əhəmiyyətini itirməyib. Nəinki müharibə zamanı, şəxsi həyatımızda da bu qızıl qaydanın tətbiq edilməsi son dərəcə böyük nailiyyətlər qazanılmasına şərait yaradar.

Hücum və müdafiə ilə bağlı həyatda da tətbiq edilə bilən ən dəyərli məsləhətlərdən birini şahmat üzrə üçüncü dünya çempionu olmuş Xose Raul Kapablanka verib: "Şahmat oyununun ideal idarəçiliyi belədir: Hücum və müdafiə üçün fiqurların uyğun strateji nöqtələrə yerləşdirilməsi, zaman və mövqe kimi iki önəmli təməl qaydanın göz önündə tutulması. Müdafiədə soyuqqanlı, hücumda qərarlı olmaq. Hər maddi qazanc ehtimalı dalınca getməmək. Mürəkkəb vəziyyətləri sadəcə istisna hallarda yaratmalı, lakin onlardan qaçmamalı. Başqa sözlə, oyunun hər mərhələsində - açılışda, oyun ortasında və oyun sonunda - qarışıq və ya sadə bir mübarizə üçün hazırlıqlı olmalı, lakin hər zaman iki təməl şərti göz önündə saxlamalı: zaman və mövqe".

Həyat və şahmat müstəvisində hücum və müdafiəyə dair digər məsələlərdən biri manevr etməyin zəruriliyi ilə bağlıdır. Məlumdur ki, şəxsi həyatda daima hərəkətdə olmaq aktivliyin göstəricisidir. Davamlı olaraq aktivlik nümayiş etdirmək isə özlüyündə insanın yenilik axtarışında olmasını və canlılığını ehtiva edir. İstər həyatda, istərsə də şahmatda savaş meydanına gəlincə, bu meydanda hərəkətli olmaq zərurətdən qaynaqlanır. Təsadüfi deyil ki, manevr etmə qabiliyyətinin əhəmiyyətini görkəmli ispan filosofu Baltasar Qrasian bu sözlərlə dilə gətirib: "Düz istiqamətdə uçan quşu vurmaq asan, dövrə vuranı çətindir. İkinci üsula da axıra kimi riayət etmə, iki gedişlə oyunu başa düşərlər. Təcrübəli oyunçu rəqibin arzuladığı, xüsusilə də gözlədiyi gedişi etməz". Məşhur şahmatçı Lasker isə bu barədə deyib: "Hərəkətsiz olan şiddətə məruz qalacaqdır. Yüngül qanadlı quş asanlıqla nəhəng əjdahadan qaçar, lakin sabit kök salan ağac olduğu yerdə qalar və yarpaqlarından, meyvələrindən, bəlkə də həyatından belə məhrum olmaq məcburiyyətində qalar".

Müharibə zamanı yerini tez-tez dəyişdirməyərək bir yerdə qərar tutan əsgər öz yerini asanlıqla bəlli edər və tezliklə düşmən atəşinin və ya bombasının hədəfi olar. Şahmatda da yerindən tərpənməyən piyada və ya fiqur qısa müddət sonra rəqibin tələsinə düşərək vurular.

Şahmatda olduğu kimi, həyatda da savaş meydanında düşmənin mövqeyinin dağıdılması uğrunda mübarizə aparmaqla yanaşı, öz mövqeyinizin də möhkəm qalması uğrunda çalışmalısınız. Əks təqdirdə, məhvə doğru gedərsiniz.

Müharibə məkanında zəiflik də önəmli məqamlardan biridir. Brus Mun qeyd edirdi ki, "rəqib ondan faydalanmadığı müddət ərzində bir zəiflik zəiflik sayılmaz. Əslində belə bir zəiflik bəzən taktiki bir tələ yemi kimi istifadə oluna, rəqibi ortada olmayan bir üstünlüyü əldə etməyə şirnikləndirə bilər". Həyatda da hər bir insanın zəif tərəfləri olur. Eləcə də müharibə zamanı savaşan hər iki tərəfdə zəif nöqtələr vardır. Düşmən bu zəifliklərdən xəbərdardırsa, bu, çox təhlükəlidir.

Hücumla bağlı digər maraqlı məsələ tarixə "şahmatın romantik mərhələsi" adı ilə düşmüş dövrlə bağlıdır. 1700-1873-cü illəri əhatə edən şahmatın bu dövründə qurban vermək və kəskin hücum etmək stili hakim olub. Başqa sözlə, bu dövrdə fəda təklif olunduqda bunun rəqib tərəfindən rədd edilməsi qorxaqlıq hesab edilib. Hazırda da cəsurcasına hücumlar edən və qurbanlar verən oyunçulara romantik oyunçular deyilir. Qeyd edək ki, amerikan şahmatçısı Pol Morfi və şahmat üzrə ilk dünya çempionu olmuş alman şahmatçısı Vilhelm Steynits romantik dövrün bu qaydasına kəskin şəkildə qarşı çıxaraq uzun müddətli dəyərləndirmələrə söykənən "mövqe oyunu" adlı stili göndəmə gətirmişlər. Bu oyun stilinin mahiyyəti ondan ibarətdir ki, oyunçu yavaş-yavaş toplanılan kiçik üstünlüklərlə qələbəyə doğru irəliləyir.

İstər romantik üslub, istərsə də "mövqe oyunu" stili eynilə həyatda da tətbiq olunur. Belə ki, qarşıya qoyulan məqsədə çatmağa rəqib ya cəsur addımlarla, nələri isə gözardı edərək ("qurban verərək"), yaxud da daha təmkinli, səbir və diqqətlə irəliləyərək nail olur.

Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, istər şahmat, istərsə də həyatda hücum və müdafiəyə dair qaydalar, demək olar, eynidir.

 

Yunis Xəlilov

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

525-ci qəzet . 2024.- 20 fevral, №(32).- S.13.