Türk-İslam mədəniyyətində
birgəyaşayış ənənəsi və Azərbaycan
nümunəsi
Birgəyaşayış insanın fitrətində
olan tələbatdır. Çünki sosial varlıq olan insan
öz həyatını təkbaşına davam etdirmək
qabiliyyətinə malik deyil. Yaşadığı hadisələr,
keçirdiyi hisslər onu digər insanlarla ünsiyyət
qurmağa məcbur edir. İnsanlar sevinc və kədər,
sevgi və nifrət, şiddət və mərhəmət,
paylaşma və ayrılıq hisslərini birlikdə
yaşayarlar. Buna görə də hər hansı cəmiyyətə
daxil olan insan həmin cəmiyyətin qaydalarına əməl
etməyə borcludur. Həmin cəmiyyətdə eyni inanclara
sahib fərdlərlə yanaşı, cəmiyyətdə fərqli
inanclara mənsub insanlar arasındakı münasibətləri
tənzimləmək də əsas amillərdən hesab olunur.
Əks təqdirdə ictimai asayişi qorumaq mümkün olmaz.
Tarix boyu İslam cəmiyyətlərində fərqli
dinlərə, inanclara mənsub olan insanlar - müsəlmanlar
və qeyri-müsəlmanlar birlikdə yaşamışlar.
Çünki İslam aləmində fərqli
düşüncələrə sahib insanların birlikdə
yaşaması və aradakı fikir ayrılığına
hörmət göstərilməsi mühüm xüsusiyyətlərdən
biri hesab olunur. Bunun ən bariz sübutu Quranın "Bəqərə"
surəsinin 256-cı ayəsidir: "Dində məcburiyyət
yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd
edilmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə,
o, artıq ən möhkəm bir ipdən
yapışmış olur. Allah eşidəndir, biləndir".
Bundan əlavə, "Ənam" surəsinin 107-ci
ayəsində dinin təbliğində məcburi metodlardan
istifadənin yolverilməzliyi, 108-ci ayəsində başqa
dinlərdən olan insanların tapındığı
tanrılara hörmətlə yanaşmaq, onları təhqir
etməmək kimi fikirlər bu qəbildən olan bariz
nümunələridir. Biz bu mötədil yanaşmanı Həzrət
Məhəmməd peyğəmbərin həyatında da
görə bilərik. Bunun ən parlaq nümunəsi,
heç şübhəsiz, "Mədinə sənədi"dir.
Həzrət peyğəmbər Mədinədə yaşayan
yəhudiləri və müsəlmanları məhz bu
razılaşma sənədi ilə bir araya gətirməklə
dünya tarixində yeni birgəyaşayış nümunəsini
yaratmış, həmçinin aparılan
danışıqlar nəticəsində xristianlar və digər
dinlərin nümayəndələri ilə müxtəlif
sülh müqavilələri bağlanmışdı. Onu da
xatırlatmaq yerinə düşər ki, çoxdinli və
çoxmədəniyyətli quruluşu olan Əndəlüsdə
təxminən səkkiz əsr davam edən müsəlman
hökmranlığı dövründə müsəlmanlar,
xristianlar və yəhudilər eyni torpaqlarda ciddi problemlərlə
qarşılaşmadan birlikdə yaşamış, xristianlar
və yəhudilər öz dini inanclarını, adət və
ənənələrini qoruyub saxlamışlar.
Türk-İslam mədəniyyətinin, ənənələrinin
ən sadiq daşıyıcılarından olan Azərbaycan
xalqı da tarixə adını nadir tolerant xalqlardan biri kimi
yazdırmışdır. Tarix boyu Zərdüştilik, Yəhudilik,
Xristianlıq və İslam kimi dünyanın böyük
dinlərinə, onların mənsublarına qucaq
açmış Azərbaycan bu gün müxtəlif dinlərin
və etnosların birgə yanaşı
yaşadığı multikultural ölkəyə
çevrilmişdir. Təsadüfi deyil ki, bu gün
Bakının mərkəzində 1 kilometrdən də az
radiusda müsəlman, xristian və yəhudi dini ibadət yerləri
fəaliyyət göstərir. Dini ibadət ocaqlarının
bu qədər yaxınlıqda olması Azərbaycan
insanının sosial təfəkküründə də
oturuşmuşdur. Bu baxımdan Azərbaycanda dostluq və
qardaşlıq şəraitində yaşayan müxtəlif
din nümayəndələrinin bir-birinin dini mərasimlərində
iştirak etməsi yalnız bu mühitə yad olan birisi
üçün təəccüblü gələ bilər.
Bizim üçün isə bu, sadəcə yaşam tərzidir.
Xalqın genetik yaddaşına çevrilmiş bu əlamətdar
keyfiyyət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
dövlət siyasətinin tərkib hissəsinə
çevrilmişdir və bu siyasət günümüzdə
Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələblərinə uyğun olaraq yüksək
səviyyədə davam etdirilir.
Son illər Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi islahatlar, ölkə başçısı cənab
İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm
də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar hər
sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla
birbaşa əlaqəsi olan din sahəsinə də müsbət
təsirini göstərməkdədir. Bu gün hər bir Azərbaycan
vətəndaşı Konstitusiyanın, "Dini etiqad
azadlığı haqqında" Qanunun ona verdiyi imkanlardan tam
şəkildə istifadə edərək etiqad
azadlığını tam yaşaya bilir. Ölkədə fəaliyyət
göstərən konfessiyalar arasında nəinki hər
hansı qarşıdurma müşahidə olunur, əksinə,
onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq
mərhələsindən yeni mərhələyə -
qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə
keçmişdir. Biz bunu hər hansı dini konfessiyanın
ibadət evi inşa edərkən digər konfessiyaların ona
dəstək verməsi və yardım göstərməsində
əyani şəkildə görə bilərik. Məsələn,
2003-cü ildə Bakıda Avropa yəhudiləri
üçün sinaqoq tikilərkən ölkədəki digər
dini konfessiyalar həm mənəvi, həm də maddi kömək
göstərmişdilər. Yaxud Bakıda katolik kilsəsi
inşa edilərkən Qafqaz Müsəlmanları İdarəsi,
Dağ və Avropa yəhudiləri, eləcə də pravoslav
kilsəsi bir araya gələrək vəsait toplamış və
inşaat işinə maddi yardım etmişdilər. Bu, həm
Azərbaycan xalqının tolerantlığının, həm
Milli Liderimizin din siyasətinin nəticəsi, həm də gələcəyə
ünvanlanmış böyük bir tərbiyəvi işin
göstəricisidir. Müasir dövrdə ölkəmizdə
müşahidə olunan birgəyaşayış ənənəsi
bu günün neməti deyil, onun qədim dövlərə əsaslanan
kökləri var. Bunun təsdiqini bir neçə fakt üzərindən
göstərməyə çalışacağam.
1888-ci ildə təməli qoyulan, Zaqafqaziyanın ən
böyük ortodoks ibadət ocağı olmuş Aleksandr
Nevski kilsəsinin tikintisinə başlayandan az sonra inşaat
büdcəsi tükənmişdi. Bu məqamda yerli əhali
arasında yardım kampaniyası başladılır və
qısa müddətdə Bakı sakinlərindən 200 min
manat ianə toplanır. Bu məbləğin 75 faizi müsəlmanlar
tərəfindən verilir ki, buraya məşhur milyonçu
Hacı Zeynalabdin Tağıyevin ayırdığı 10 min
manat da daxil idi. Daha 10 min manat isə Bakının yəhudi
icmasından yığılmışdı. Hətta müsəlman
ruhanilər dindarları kilsənin tikintisinə yardım
göstərməyə çağırmış, müsəlman
qadınlar öz zinət əşyalarını metal zənglərə
əlavə olunması üçün kilsəyə
bağışlamışdılar.
Daha bir fakt: 1967-ci ildə Bakıdakı Arxangel Mixail
kilsəsində güclü yanğın baş vermiş, məbəd,
demək olar ki, darmadağın olmuşdu. Həmin
dövrün yazılmamış qanunlarına görə, məbədi
bağlanmaq təhlükəsi gözləyirdi. Ancaq həmin
vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin sədri vəzifəsində çalışan
Heydər Əliyevin müdaxiləsi və böyük dəstəyi
sayəsində Bakıdakı bu xristian məbədi xilas
edilmiş və bərpa olunmuşdu. Bakı sakinləri,
xüsusilə, müsəlmanlar yanğından zərər
görmüş kilsəyə xeyriyyə yardımı
göstərməyə başlamışdılar: kimisi
öz qiymətli əşyasını,
sırğasını, üzüyünü
bağışlamış, kimisi də maddi yardım
etmişdi. Və keşişlər heyrət içində
onlardan soruşurdular: "Sizi buna nə vadar edir? Axı siz
müsəlmansınız? Niyə pravoslav məbədinin bərpasına
yardım edirsiniz? Bu necə ola bilər? Bizim dini
inancımız, dünyagörüşümüz tamamilə
fərqlidir axı?" Cavab keşişlər
üçün gözlənilməz olsa da, Azərbaycan
insanının mədəni kamilliyinin ifadəsi idi:
"Tanrının evi yanan şəhərə müsibət
üz verər. Vay o şəhərin halına ki, orada
Allahın evi yanıb külə dönsün".
Əlbəttə, belə unikal faktlar bu gün
dünyanın bir çox ölkəsində müşahidə
etdiyimiz vəziyyətin - nəinki fərqli dinlərin mənsublarının,
hətta, eyni dinin müxtəlif məzhəblərinin
nümayəndələrinin bir-birinə, az qala, düşmən
gözü ilə baxması fonunda olduqca ürəkaçan
və qürurvericidir. Şübhəsiz, bu gün müasir
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və
dini qruplar arasında möhkəm dostluq və qardaşlıq
əlaqələrinin, başqa sözlə,
multikulturallığın ən ideal modelinin
formalaşmasında onların ortaq taleyə sahib olmaları da
mühüm rol oynamışdır. Tarix boyu bu torpaqlarda məskunlaşmış
müxtəlif xalqların və etnik qrupların nümayəndələri
qüdrətli dövlətlərdən asılı vəziyyətə
düşmüş, dini-mədəni
baxışlarındakı fərqlərə baxmayaraq,
mövcud şərait onları bir-birinə daha da
yaxınlaşdırmışdır.
Bir sözlə, bu gün Azərbaycan dövləti təkcə
ölkədaxili problemlərlə məşğul deyil, o, həm
də xarici ölkələrdə mədəni quruculuq
işi ilə məşğul olur, yol göstərir, müxtəlif
problemlərin həlli üçün yol xəritəsi
çəkir. Çünki genetik kodu mərhəmət,
humanizm, ədalət kimi bəşəri keyfiyyətlərlə
zəngin olan biz azərbaycanlılar hər zaman daha
hissiyyatlı, başqalarının acı talelərinə
daha həssas yanaşmışıq, bizə ikili standartlarla
yanaşan dünyaya açıq olmuşuq, ümumbəşəri
ideyaları, dəyərləri doğma qəbul etmişik.
Necə ki əsrlər əvvəl dahi Nizami Gəncəvi yazırdı:
Həyat nəyə gərəkdir,
bir həmdəmin olmasa?
İnsan çətin yaşayar
dosta əmin olmasa.
Səyyad ARAN
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin I müavini, Filologiya elmlər namizədi
525-ci qəzet . 2024.- 20 fevral, №(32).- S.12.