Muxtariyyət ərəfəsinin Naxçıvan reallıqları "Molla Nəsrəddin" jurnalında

 

 

Naxçıvanın 100 illik tarixə malik muxtariyyət statusu Azərbaycan və bütövlükdə Türk dünyası üçün çox mühüm siyasi dəyərə malikdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyətinə yüksək siyasi qiymət verərək onu tarixi nailiyyət adlandırıb. 1918-ci ildən 1924-cü ilin 9 fevralına qədər olan dövr Naxçıvanın tarixində olduqca çətin, mürəkkəb və ziddiyyətli bir mərhələni təşkil edir. Bu mərhələ erməni özbaşınalıqları, ingilislərin və amerikalıların Naxçıvanda general-qubernatorluq yaratmaq cəhdləri, yerli əhalinin Naxçıvanın Ermənistana verilməsinin qarşı-sını almaq üçün Kalbalı xan, Cəfərqulu xan, Kərim xan, Rəhim xanın başçılığı ilə silahlı müba-rizəsi, 1921-ci ilin 16 martında Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva müqaviləsi, Naxçıvanın Azərbay-canın tərkibində sərhədlərini qəti surətdə müəyyənləşdirən Qars müqa-viləsi (1921-ci il 13 oktyabr) kimi ciddi hadisələrlə səciyyələnir. 1906-1931-ci illərdə, bəlli fasilələrlə nəşr olunan "Molla Nəsrəddin" jurnalı qeyd olunan dövrün hadisələrini bir güzgü kimi əks etdirirdi. Məlumdur ki, 1921-ci ilin fevral ayından "Molla Nəsrəddin" jurnalı bir müdət Təbrizdə nəşr olunub. Jurnalın 1921-ci ildə Təbrizdə nəşr olunmuş 4-cü nömrəsində "Tazə xəbərlər" adlı yazıda Naxçıvanda çox böyük sürətlə dəyişən siyasi vəziyyət sadəcə olaraq sadalanmaqla qarışıq, mürəkkəb hadisələr haqqında təsəvvür yaradılırdı: "Sübh vaxtı eşitdim ki, ermənilər rusları İrəvandan çıxarıblar. Bir saat sonra dedilər ki, ruslar erməniləri çıxardıblar. Bir saatdan sonra eşitdim ki, osmanlılar ingilislərlə barışıblar və ruslarnan pozuşublar, günorta vaxtı dedilər ki, osmanlılar ruslar ilə birlikdə ingilisə dava elan ediblər. Günortadan bir saat sonra dedilər ki, ruslar Bakıdan çəkiliblər Rusiyaya, yarım saatdan sonra nəql eləyirdilər ki, rusların çox qüvvələri İrəvandan keçib gəlir Naxçıvana. İndiyə kimi məşədi Qasım əminin şirkəti 100 dəfə rusları Qarabağdan qaçırdıb, 100 dəfə Zəngəzuru gah ruslara verib, gah ermənilərə verib, gah müsəlmanlara". Xəbərin davamından aydın olur ki, Naxçıvanda bu zaman 10000 bolşevik, 7000 Osmanlı qoşunu var imiş.

Jurnalın 1921-ci ildə Təbrizdə çıxan 7-ci nömrəsindəki "Tüstü" məqaləsində Mirzə Cəlil Naxçıvanda və Təbrizdə millətin tüstü içində boğulmağından yaranan narahatlığını ifadə edib: "Xülasə, millət tüstü içində boğulmaqdadır! Və boğula-boğula nicata müntəzirdir. Əgər dadü-fəryadə tez yetişməsəz, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. Tələsmək lazımdır".

"Molla Nəsrəddin"in 1922-ci ildəki 3-cü nömrəsində Naxçıvan duzunun vaqonlara doldurulub xaricə daşınması və hətta dərman kimi olsa da, naxçıvanlılara verilməməsi "Qafqaz xəbərləri"ndə öz satirik ifadəsini tapıb: "Naxçıvan duzlağının duzunu həkimlər Naxçıvan əhalisi üçün müzürr (zərərli - red.) tapıblar, çünki axır vaxtlarda naxçıvanlılar arasında əmələ gələn şeytançılıq azarını həkimlər Naxçıvan duzunda görürlər. Bu səbəbə duzlaqdan çıxan duzun cəmisi vaqonlara dolub, məlum deyil hara gedir və əhali duzsuz qalıb nə qədər yalvarırlarsa, həkimlər bir dizə qədər əhaliyə vermirlər. Naxçıvan vüzərası İrandan Naxçıvana duz gətirmək barəsində böyük tədbirlər tökməkdədirlər". Təsadüfi deyil ki, Muxtar Respublika Ali Məclisi sədrinin 8 aprel 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdəki çıxışında da bu tarixi həqiqət vurğulanmışdı: "Muxtariyyətin ilk illərində keçmiş Sovetlər Birliyinin Dövlət Plan Komitəsində işləyən ermənilər Naxçıvanın duz yataqlarından hasilatın guya baha başa gəldiyini əsaslandıra bilmişlər. Nəticədə, duz istehsalı kəskin azalmış, Azərbaycan öz kimya sənayesini inkişaf etdirmək üçün başqa yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuşdur".

"Molla Nəsrəddin"in 1923-cü ildəki 11-ci nömrəsində "Müqəddəs vətənim" adlı yazısını C.Məmmədquluzadə bu sözlərlə başlayır: "Qoy tiflislilər nə edirlər etsinlər, amma mənim başımı ucaldan genə mənim Naxçıvan vətənim olacaq!"

"Molla Nəsrəddin" jurnalının əsas tənqid hədəflərindən olan dini xurafat və fanatizmin hələ də davam etməsi C.Məmmədquluzadənin satirik gülüşünə səbəb olmuşdu. Dizə kəndinin məsul katibinin piyada Kərbəlaya getməsi, məsul katiblərin məhərrəmlikdə dəstə tutması, sinə vurması və sair hadisələr müqayisə və qarşılaşdırmalar vasitəsilə tənqid edilmişdi. Jurnalın yuxarıda qeyd olunan nömrəsindəki "Naxçıvandan" adlı xəbərdən məlum olur ki, burada planlı şəkildə rabitə sistemində problemlər yaradılmışdı: "Rabitə olmadığından bura xəbərlərini sizə yetirməkdən acizəm. Hətta qayət əcələ surətdə yazılan məktublar bir ay beş günə ancaq Bakıdan Naxçıvana gəlir. Hələ onu demirəm ki, 1921-ci ilin sentyabr ayında yazılan bir əhəmiyyətli kağız 1922-ci ilin oktyabr ayında Gəncədən Naxçıvana gəldi". Bu xəbərdən Naxçıvanda Təbrizdən gələn dırnaqarası ruhanilərin həftədə bir övrət alıb boşadıqlarını, uşaq yurdu sahibinin kimsəsiz uşaqların ərzaqlarını camaat torpağından icarəyə götürmək üçün hədiyyə etdiyini öyrənirik.

Jurnalda Naxçıvan əhalisinin məişət problemlərindən satira vasitəsilə bəhs olunur: "Kənd əhalisi bu il qışın soyuğunun əziyyətini çox çəkmədilər. Çünki hərçənd odun az gəlmişdi bazara, amma Əxbar qəzetəsini peçlərdə yandırıb bir növ evləri isitdilər". "Dəmiryol məsələsi" adlı felyetondan aydın olur ki, noyabr ayında Culfadan göndərilmiş baqaj beş aydır ki, Tiflisə gedib çatmayıb. "Köhnə konduktor" itən baqajını axtaran şəxsə belə məsləhət verir: "İstəsən gedib itən malını, ya pulunu alasan, gərək zəhmət çəkib 1-2 milyard yarım pul sərf edib gedəsən Tiflisə. Oraya getməyə dəxi hamının qüvvəsi olmayacaqdır. Qüvvəsi də olsa, gedəcək Tiflisə. Orada da ki, gərək gürcü dilini öyrənmək üçün gedib girsin kursa bircə il dərs oxusun..."

Jurnalın 1923-cü ildəki 20-ci sayında "Culfa-Ordubad poçtası" adlı xəbərdə bildirilir ki, əvvəlcə Ordubad ilə Culfa arasında poçt nəqliyyatı üçün 40 at saxlanılırdısa, indi ancaq 6-sı ilə kifayətlənilir və "zənn olunur ki, bu üsul əlverişli olduğundan çox yerlərdə qəbul olunsun".

1923-cü il 28 aprel tarixli, 22-ci nömrədəki "Naxçıvandan" adlı felyetondan aydın olur ki, "Pirqəmişli" Təbrizdən Culfaya dörd saatlıq maşın yolunu 15 günə gəlib çatır. Onun yanvarın 22-də redaksiyaya göndərdiyi məktub isə aprelin 28-də lazımi ünvana çatdırılmışdı. Çünki maşinist üç gün toya getmiş, vaqonun fanarları, pəncərələrinin şüşələri olmadığı üçün axşam yola çıxmamışdı...

Jurnalın 1923-cü il 16 iyun tarixli, 25-ci nömrəsində "Naxçıvandan" adlı satirik xəbərdə kasıb kişilərin bir-birinə verdikləri və cavablandıra bilmədikləri suallardan bir neçəsi Molla əmidən soruşulur. Bunlardan birini diqqətinizə çatdırmaq istəyirəm: "Naxçıvan şəhərində olan dustaqxanada dustaqları döyməyi eşidən kənd və şəhər qulluqçuları dərsi-ibrət alıb taza dəyənəklər zakaz vermişdilər. Bəziləri zopa alıb bu işə şüru (yəni başlamışlar - A.O.) və bir çoxları da hələ məşq edirlər. Hərgah belə getsə, axırı nə olacağına nə deyirsən?"

Jurnalın 1923-cü ildəki 38-ci nömrəsindən Naxçıvanda milislərin üç ildir ki, paltarsız, ayaqqabısız qaldıqlarını, kursantların vaxtlı-vaxtında ali məktəblərə göndərilmədiklərini, poçtların çox ləng işlədiyini öyrəniriksə, 21 aprel 1923-cü il tarixli, 21-ci nömrədə bir naxçıvanlının atasının sümüklərini Kərbəlaya apararkən ingilislərin gömrük pulu almaması üçün sümükləri əzib torbaya doldurmasından" xəbər verilir.

"Molla Nəsrəddin" jurnalı bu illərdə Naxçıvanda bir çox sahələrdə olan problemlərdən bəhs etdiyi kimi, xalq arasında olan dini fanatizm, cəhalətlə bağlı nöqsanların aradan qaldırılması üçün də çalışmışdı. Jurnalın 10 may 1924-cü il tarixli, 7-ci nömrəsində Ordubaddan "Oradan-buradan" sərlövhəli yazıda məscidlərdə baş verən çox qəribə hadisələrdən xəbər verilir: "Məsəla, bistü yekkom (21-ci - A.O.) güni günorta namazı ilə ikindi namazının arasında cəmaət səflərdə cərgə ilə olduğu halda molla bibioğluma pul yığanda namaz o qədər uzandı ki, cəmaət yuxladı... Genə Allah mollaların atasına rəhmət eləsin, özlərinə pul yığılıb qurtarandan sonra məscidə həsir almaq üçün pul yığmaq istəyəndə dedilər bu gün pul yığmaq haramdır. Yoxsa axşama kimi orada qalacaq idik".

1924-cü ildəki 12-ci nömrədə "Naxçıvanlı" adlı müəllifin xəbərindən məlum olur ki, Cəlil Məmmədquluzadə buradakı insanların həyatı, problemləri ilə daim maraqlanmışdı: "Molla əmi! Yazıb soruşmuşdun ki, Naxçıvanın işi nə təhərdir. Naxçıvandan heç nigaran qalma! Hər iş yerindədir. Şeyx Kərimi necə görmüşdün genə həman kefindədir. Bolşeviklərdən qaçıb Təbrizə getmişdi, yenə qayıdıbdır, haman saqqal, haman rəng, həna öz qərarındadır, şəhərdə səlamətlikdir".

"Molla Nəsrəddin" jurnalında dərc olunmuş bütün bu satirik nümunələr jurnalın redaktorunun Təbrizdə, Bakıda və başqa şəhərdə yaşamasından asılı olmayaraq daim doğma vətəni olan Azərbaycan və Naxçıvan haqqında düşündüyünü, buradakı bir sıra problemlərin, bəzi qüsurların aradan qaldırılması üçün onları diqqət mərkəzinə çəkdiyini, öz vətəndaşlarını azad və xoşbəxt görmək üçün bütün qüvvəsi ilə çalışdığını bir daha sübuta yetirir.

 

Aygün ORUCOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Naxçıvan Bölməsi

525-ci qəzet . 2024.- 20 fevral, №(32).- S.11.