"Nə qədər
yaraşır insana gülmək"
"Molla Nəsrəddin
XXI əsrdə" silsiləsindən
MOLLANIN ŞAİRLİYİ
Molla bir də baxıb görür ki, balam, yerindən
duran şeir yazır, roman yazır, hətta qonşusu
naxırçı Qulam da cöngə və düyələrin
ülvi məhəbbətindən bəhs edən şeirlərini
kitab kimi çap etdirib, üstəlik, mükafat da alıb.
Molla fikirləşir ki, mənim nəyim əskikdir? Elə
şeirlər yazaram, məmə yeyəndən pəpə yeyənə
qədər hamının xoşuma gələr.
Xülasə, qələm-kağız
götürüb çəkilir bir küncə və
hıqqana-hıqqana "Həyat fəlsəfəsi" sərlövhəli
belə bir qoşma - sicilləmə (Mollanıın kəşf
etdiyi yeni janrdır - Ə.H.) yazır:
Səhər-səhər evdən çölə
çıxanda,
İnək təzəyini görüb sevindim.
Arvad tutub saqqalımı yolanda,
Kişi kimi nə danışdım, nə dindim.
Bayquş nəğməsinə qurban kəsərəm,
İt hürsə, səsindən qorxub əsərəm,
Eşşək şıllaq atsa, ondan küsərəm,
Qarğa qarıltısı ilham pərimdir.
Vətən mənə canımdan da əzizdir,
Bu dünyanın fəlsəfəsi qəlizdir,
Zakaz elə, təzə "Zapı" gətizdir,
Evdə nə var, bil, hamısı mənimdir.
Molla deyər, azadlıqdan şad oldum,
Bu vətəndə arvadıma yad oldum,
Hər şeyin üstünə qonan zad oldum,
Mənə şəkk gətirən yurda qənimdir.
Arvad səni eşşək kimi döyəndə,
Haça maşa düz kəllənə dəyəndə,
Qonum-qonşu cəmdəyinə söyəndə,
Gileylənmə, de ki, Allah kərimdir.
Son nöqtəni qoyan kimi kağızı
götürüb cumur qəzet redaksiyalarından birinə.
Redaktor şeirin orasından-burasından oxuyub üzünü
turşudur və deyir:
- Ay Molla dayı, adın-sanın, gül kimi blatın
var. Bu nə cızmaqaradır? Belə şeir olar? Nə məzmunu
var, nə də süjeti. Eşşək, təzək,
qarğa, nə bilim, arvad, vətən - hamısını
qatmısan bir-birinə. Sözlər, misralar arasında da əlaqə-bağlılıq
yoxdur.
Molla cavab verir:
- Sən lap geri qalmışlardansanmış, cənab
redaktor. Bu, posmodernist şeirdir də. Yəni hər şeydən
bir az. Bir də ki rəhmətliyin oğlu, indi süjet-mujet, əlaqə-məlaqə
axtaran var? İndi kim kimin yazısını oxuyur ki? Sən
çap elə, əsas odur, desinlər ki, MOLLA DA ŞAİR
OLDU.
MOLLANIN MƏSLƏHƏTİ
Bir gün iki nəfər şair Mollanın yanına
gəlir ki, bəs a Molla, yaman yerdə
axşamlamışıq, bizə bir yol göstər.Molla
deyir:
- Konkret danışın görüm nə olub.
Şairlərdən biri deyir:
- Ay Molla, biz ikimiz də şairik, ikimizin də
kitabları çıxır. Hətta xaricdə də
çap olunmuşuq. İkimizin də reytinqi demək olar ki,
eyni səviyyədədir. Amma mənim bax, bu dostum deyir ki,
reytinqlərimizin göstəriciləri eyni olsa da, onların
arasında tarazlıq yoxdur. Guya onun oxucuları əhalinin
intellektual, mənimkilər isə tupoy, səviyyəsiz təbəqəsini
təmsil etdiyinə görə onun reytinqi çəkidə
daha ağırdır. İndi de görək biz neyləyək
ki, reytinqlərimiz təkcə ölçüsünə
görə yox, çəkilərinə görə də bərabər
olsun.
Molla görür ki, məsələ qəlizdir. Xeyli
fikirləşəndən sonra qəfildən deyir:
- Tapdım! Sizin reytinqlərinizi bərabərləşdirməyin
bircə yolu var - gərək bundan sonra əl-ələ verib əsərlərinizi
bir yerdə yazasınız. Onda sizin şeirlərinizi həm
intellektual, həm də səviyyəsiz oxucular oxuyacaq. Belədə
reytinqlərinizin həm çəkisi artacaq, həm də
onlar arasında qızıl tarazlıq yaranacaq.
İkinci şair etiraz edir:
- Ay Molla, iki adam bir şeiri necə yaza bilər?
- Çox sadə - bir misrasını sən yazarsan,
bir misrasını da o.
- Yox, ay Molla belə alınmaz.
Molla əsəbləşir:
- Əşi, onda biriniz misraları yazar, digəriniz də
nöqtə-vergülləri qoyar.
Şairlər özlərini saxlaya bilməyib
gülürlər. Molla deyir:
- Ay lotular!
Gülürsünüz! Deyəsən, işləriniz düzəldi
axı!
MOLLANIN BAŞ REDAKTORLUĞU
İş elə gətirir ki, Mollanı zorla,
darta-darta gətirib "Həqiqət" qəzetinin baş
redaktoru kürsüsündə əyləşdirirlər ki,
bəs amanın günüdür, hamının rəğbət
bəslədiyi müdrik ağsaqqal kimi qəzetimizin pis
gündə olan reytinqinin yüksəlməsinə kömək
elə.
Molla qalır çaş-baş, bilmir nədən
başlasın. Müavinini yanına çağırıb
soruşur:
- Adından belə anladım ki, qəzetiniz ancaq həqiqəti
yazır. Onda gərək sabahkı nömrənin 1-ci səhifəsində
lap yuxarıdan böyük hərflərlə yazasınız
ki, biz reytinqimizi qaldırmaq xatirinə qəzetin, redaktorun nə
olduğunu bilməyən
birisini özümüzə ağsaqqaal seçdik.
Müavin deyir:
- A kişi, nə danışırsan? Onda qəzetimizi
kim alar? Bir də ki, rəhmətliyin oğlu, indi həqiqət,
düzlük axtaran kimdir? Bilmirsən ki, dünyada
insanların ən zəhləsi gedən və qorxduğu
şey həqiqətdir?
- Yaxşı, onda siz nədən
yazırsınız, camaata nə
çatdırırsınız? - deyə Molla təəccüblə
soruşur.
Müavin irişə-irişə deyir:
- Biz hamının xoşladığı,
hamının həyat tərzinə çevrilmiş
yalanı tərənnüm edirik, ay Molla. Yəni yalanı
şokalad kağızına büküb həqiqət adı
ilə satır, bir sözlə, hap-göp edib başımızı
saxlayırıq. Hərdən həqiqət də
yazırıq. Məsələn, kim kimin eşşəyini
oğurladı, kim vurub qonşusunun başını yardı,
canım sənə desin, hansı müğənni nə vaxt
boşandı... Bunlar camaatın xoşladığı
mövzulardır deyə yan keçə bilmirik.
Molla fikrə gedir, xeyli keçəndən sonra deyir:
- Yox, aşna, bizimki tutmaz. Madam ki, belədir, onda biz qəzetin
adını təcili dəyişməliyik. Mənim 1-ci tələbim
budur.
Müavin başlayır gözlərini döyməyə:
- Yaxşı, hansı variantın var, Molla dayı?
Molla saqqalını tumarlaya-tumarlaya deyir:
- Sabahdan qəzet bu adla çıxmalıdır:
"Gop da olsa, maraqlıdır!" Düzdür, bir az
uzundur, amma qəzet bu adla çıxsa, bircə həftədən
sonra reytinqiniz də, oxucularınızın sayı da kəlləçarxa
çıxmasa, gəl tüpür üzümə.
MOLLANIN SƏNƏTŞÜNASLIĞI
Bir gün balaca nəvəsi Molladan soruşur:
- Baba, balet nədir?
Molla sadə cümlələrlə, loru dildə
baletin nə olduğunu izah etməyə
çalışır, amma danışdıqlarından
heç özü də bir şey anlamır. Axırda yorulub
deyir:
- Bala, indi konkret nümumə əsasında səni
başa salaram. Təsəvvür elə ki, nənənlə
mən balet oynayırıq. Mən nənəni
qısqandığıma görə onunla davaya
başlayıram. Nənən əl atıb saqqalımı
yolur. Mən də özümü saxlaya bilməyib
bıçağı dəstəyinə qədər soxuram
onun ürəyinə. Səncə, bunun axırı nə ilə
qurtarmalıdır?
Uşaq ağlamsına-ağlamsına deyir:
- İraq-iraq, nənəm o dəqiqə ölməlidir
də...
- Ay sağ ol! Amma nənən ölmür...
Uşaq heyrətlə soruşur:
- Bəs neynəyir?
- Nənən ölmək əvəzinə gen
tumanının qırçın balağını atıb
başına başlayır tullana-tullana ora-bura
qaçmağa. Gah sağ ayağını yana açıb
fırladır, gah da sol ayağını. Sonra sağ
ayağını arxadan yuxarı qaldırıb başı səviyyəsinə
çatdırır və dabanı ilə peysərinə bir
neçə zərbə endirir ki, kül başua, səni
canlara dəyən oğlanlar istəyirdi, amma bu
zırramanı seçdin. Bu da axırı!
Uşaq gözlərini bərəldib maraqla
soruşur:
- Yaxşı, bəs sonra?
- Sonra nənən saqqalımı təkrar yolmaq
üçün gizlincə, səs çıxmasın deyə
ayaq barmaqlarının ucunda yeriyə-yeriyə bu dəfə
arxadan üstümə atılır. Amma mən cəld tərpənib
onu haça-paça götürür, başımın
üstünə qaldırır və bu vəziyyətdə
5-6 dəfə fırladıram ki, ay camaat, baxın
görün boş şey üstündə mən necə nəcib
bir insanı öldürdüm.
Uşaq tələsik soruşur:
- Baba, nənəm bundan əvvəl tumanının ətəyini
yəqin ki, aşağı salacaq da.
Molla gülüb deyir:
- Yox, ay bala, onda bunun nəyi balet olar ki?!
MOLLANIN HAKİMLİYİ
Bir gün Mollanı darta-darta gətirirlər stadiona
ki, gərək futbol üzrə şəhər birinciliyinin
final oyununa hakimlik edəsən. Molla and-aman eləyir ki,
futboldan heç nə qanmır, ondan hakim çıxmaz, əl
çəkmirlər, deyirlər, yox, bir vaxtlar şəriət
məhkəmələrində qaziləri əvəz etmisən,
ad çıxarmısan, ədalətli qərarlar vermək
sahəsində böyük təcrübən var. Molla bir az fikirləşib
soruşur:
- Yaxşı, mən oyuna necə hakimlik edim - Molla Nəsrəddin
kimi, yoxsa molla və qazilər kimi?
Təşəbbüskarların ağsaqqalı cəld
cavab verir:
- Molla, hakimliyində bunların hamısını
sintez eləsən, lap super olar.
Əlqərəz, Mollaya hakim paltarı geyindirir,
boynundan da bir fit asıb ötürürlər meydançaya.
Oyun başlayır. Molla yalandan o tərəfə, bu tərəfə
qaçır, amma oyuna müdaxilə etmir. Odur ki,
meydançada bir vur-çatlasın başlayır, gəl
görəsən - biri badalaq qurub o birinin ayağını əzir,
o biri də dirsəyi ilə vurub bu birinin gözünün
altını qaraldır, nə bilim, o, buna təpik atır, bu
da onun atasını söyür... Mollanın fiti isə susur.
Kənardan him-cimlə Mollaya işarə edirlər ki, belə
olmaz, işə qarış, fitini çal. Elə bu məqamda
komandalardan birinin hücumçusu rəqib müdafiəçilərini
keçib qapıçı ilə təkbətək
qalır, onu da aldadıb topu boş qapıya vurmaq istəyəndə,
nəhayət, Mollanın fiti ucadan səslənir.
Tamaşaçılarla birlikdə oyunçular da
çaşıb qalırlar. Hirsindən topu meydandan kənara
vuran hücumçu təəccüblə Mollaya baxır, yəni
nə olub?
Molla soruşur:
- Balam, niyə dayandınız ki?
Hucumçu dişlərini qıcırdıb deyir:
- Fit çaldın, dayandıq da.
Molla meydançanın kənarında
sıralanmış təşəbbüskarları
süzüb deyir:
- Əşi, işinizdə olun, mənə fikir verməyin.
Mən fitimi yoxlayırdım ki, görüm səsi
çıxır, yoxsa yox?
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet . 2024.- 16 fevral, ¹(30).- S.13.