Naxçıvanın muxtariyyəti
- mühüm tarixi nailiyyət
Bu il fevralın 9-da Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 100 illiyi tamam oldu.
Bununla əlaqədar olaraq 2023-cü ilin 30 dekabrında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
"Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında" Sərəncam
imzalayıb. Sərəncama əsasən, Naxçıvan
Muxtar Respublikasının 100 illik yubileyi ölkədə, eləcə
də muxtar diyarımızda bir sıra elmi və mədəni-kütləvi
tədbirlərlə geniş qeyd ediləcək.
Naxçıvanın muxtariyyət tarixi çətin yollardan
keçib.
Ötən əsrin əvvəllərində Rusiyada
baş verən fevral inqilabının qələbəsindən
və oktyabr çevrilişindən sonra ucqarlarda da vəziyyət
xeyli ağırlaşmışdı. Bu zaman imperiyanın tərkib
hissəsi kimi Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi
olan Naxçıvanda da gərgin vəziyyət yarandı.
Muxtariyyət ərəfəsində Naxçıvan
diyarında baş verən hadisələr, Andranik başda
olmaqla erməni quldurlarının törətdikləri milli
qırğınlar, bununla əlaqədar olaraq dəhşətli
və faciəli şəkil almış ictimai və siyasi vəziyyət
Cənubi Qafqaz hüdudları çərçivəsindən
kənara çıxaraq beynəlxalq problemə çevrildi.
O zaman Naxçıvan regionunu idarə etmək
üçün 1918-ci ilin ortalarında Cəfərqulu
xanın başçılığı ilə
Naxçıvanın vətənpərvər qüvvələrini,
müəllim və ziyalıları birləşdirən
Müsəlman Milli Komitəsi yaradıldı.
Naxçıvanda yaradılan bu Milli Komitə əhalisi azərbaycanlıllardan
ibarət olan Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz
bölgələrini öz himayəsi altına
almışdı. Lakin bu ərazi və torpaqlar üzərində
"Böyük Ermənistan" yaratmaq xəyalı ilə
yaşayan ermənilər həmin əraziləri işğal
etmək niyyətlərindən bir anlıq da olsa əl
çəkmək istəmirdilər.
Çox mürəkkəb tarixi inkişaf yolu
keçmiş Naxçıvan bölgəsində hadisələri
gərginləşdirənlər XIX əsrin 20-ci illərində
Azərbaycan torpaqlarına köçürülən və
burada öz dövlətini
yaratmağa cəhd edən ermənilər olublar.
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti devrildi.
Bundan sonra Naxçıvan bölgəsində daha da fəallaşan
ermənilər Vedi, Cüvə və Yaycıdan
başlamış Ordubadadək ərazini işğal edib,
intensiv surətdə hərbi hazırlıq işləri
apardılar. Əgər 1918-1920-ci illərdə ermənilərin
Naxçıvanı işğal etməklə bağlı cəhdləri
daha çox hərbi və siyasi müstəvidə
aparılmışdısa, 1920-ci ilin aprelində bolşeviklərin
Azərbaycanı işğal etməsindən sonra daşnak
Ermənistanın ərazi iddiası mərkəzi hakimiyyətin
regional siyasəti səviyyəsinə
qaldırılmışdı.
1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi,
ertəsi gün - iyulun 29-da Naxçıvan İnqlab Komitəsi
təşkil edildi və bu komitə Naxçıvanı Sovet
Sosialist Respublikası adlandırdı. 1920-ci il avqustun 10-da
Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy
Bektaşov (Bektaşi) Azərbaycan Xalq Komissarları Sovetinin sədri
N.Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan
SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və
ona birləşməyə hazır olduğunu bildirdi.
29 noyabr 1920-ci ildə Azərbaycan torpaqlarında Ermənistan
SSR-nin yaradılmasından və ertəsi gün - noyabrın
30-da N.Nərimanovun verdiyi bəyanatın qəzetlərdə
saxtalaşdırılmış şəkildə nəşr
edilməsindən sonra ermənilərin Naxçıvana olan
iddiaları daha genişləndi. Zəngəzurun Ermənistana
verilməsilə Naxçıvan bölgəsi Azərbaycanın
əsas hissəsindən ayrı salındı, nəticədə
onun muxtariyyəti məsələsi gündəliyə gəldi.
Bu məsələlərdən bəhs edən Ulu öndər
Heydər Əliyev vurğulayırdı ki, "əgər Zəngəzur
mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə
də Naxçıvanın muxtariyyəti də lazım
deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə
idi".
Sovet rəhbərlərinin Azərbaycana qarşı
bu cür mənfi münasibətinə və N.Nərimanovun
Naxçıvanla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanatına
görə dekabrın 5-də Naxçıvan əhalisinin
etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə
görə respublika rəhbərliyi İnqilab Komitəsinin
üzvü, Ədliyyə komissarı Behbud ağa
Şahtaxtınskini Naxçıvana göndərdi.
Naxçıvanın muxtariyyət statusu qazanmasında və
daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında
B.Şahtaxtınski mühüm rol oynadı. Məhz onun təşəbbüsü
ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda
"Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin
iştirakı ilə keçirilmiş rəy sorğusunda
(referendumda) bölgə əhalisinin 90 faizdən çoxu
Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın
tərkibində qalmasına səs verdi".
Naxçıvan məsələsi Türkiyə və
Rusiya arasında Moskvada keçirilən görüşlərdə
də qızğın müzakirə obyekti olmuşdu.
Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin
qüvvədə olduğunu müdafiə edərkən, rus
nümayəndələri bu anlaşmanı, dolayısı ilə
Türkiyənin Naxçıvan üzərində himayə
haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli
görüşlərdə Naxçıvanın muxtar statusa
sahib olması və başqa bir dövlətə verilməməsi
şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılılan,
digər məsələləri də özündə ehtiva
edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə
imzalanmışdı. Türkiyə nümayəndə heyəti
Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə
də, regionun Azərbaycan türklərinin əlində
qalması təmin edilmiş və Naxçıvan əhalisi
bir daha soyqırımına uğrayacağı halda türk
ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.
Beləliklə, Naxçıvanın Azərbaycanın
himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə
Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən
ibarət Moskva müqaviləsində təsbit edildi.
Müqavilənin üçüncü maddəsinə görə,
əldə edilmiş razılığa əsasən
"Naxçıvan bölgəsi Azərbaycan
Respublikasının himayəsi altında və həmin vilayətin
Azərbaycan tərəfindən heç bir
üçüncü dövlətə güzəşt edilməməsi
şərti ilə muxtar ərazi təşkil edir". Bu
müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında
mövcud olan problemləri də həll etdi. Müqaviləni
I (C) əlavəsində isə Naxçıvan əzazisinin sərhədləri
verilmişdi. Sıx ittifaqda birləşən Rusiya və
Türkiyə təbii müttəfiqə çevrildilər.
Naxçıvanın ərazi məsələsinin
müəyyənləşdirilməsi və onun muxtariyyət
statusu əldə etməsində Qars müqaviləsinin rolu
danılmazdır. 1921-ci ilin sentyabrın 26-da başlayan Qars
konfransı oktyabrın 13-də müqavilə
bağlanması ilə başa çatdı. Konfransda Moskva
müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars
müqaviləsi əvvəlki müqavilənin şərtlərini
daha da möhkəmləndirdi. 20 maddədən və 3 əlavədən
ibarət olan bu müqavilənin beşinci maddəsi
Naxçıvanın gələcək statusundan bəhs
edirdi: "Türkiyə hökuməti, sovet Ermənistanı
və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin
hazırkı müqavilənin üçüncü əlavəsində
göstərilən sərhədlər daxilində Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil etməsinə
razıdırlar". Müqavilənin müddətsiz
imzalanması bölgənin gələcək taleyi
üçün də böyük əhəmiyyət kəsb
edir.
Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi
məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə
uyğun olaraq həll edilmişdi. Bu halda
Naxçıvanın Azərbaycanın tərkibində muxtar
respublika kimi qalması imkanı reallaşdı.
Beləliklə, xalqın əzmli müqaviməti və
dönməz iradəsi, Türkiyənin yardımı, əsl
milli siyasətçi və diplomat olan B.Şahtaxtınski kimi
siyasi xadimlərin səyləri nəticəsində
Naxçıvan Azərbaycanın tərkibində
saxlanıldı. Naxçıvanın statusunun iki beynəlxalq
müqavilədə əks olunması böyük siyasi əhəmiyyətə
malik bir faktdır.
Ancaq müxtəlif səbəblər üzündən
Naxçıvanda muxtariyyətin yaradılması ləngimişdi.
Dövlət aparatının saxlanmasının iqtisadi çətinlikləri
ilə bağlı 1923-cü ilin əvvəllərində
Naxçıvan Respublikasının respublika muxtariyyəti ləğv
edildi, ona diyar muxtariyyəti verildi (7, s.267). 27 fevral 1923-cü
ildə III Ümumnaxçıvan Sovetlər
qurultayının qərarı ilə Naxçıvan Muxtar
Diyarı yaradıldı. Belə bir muxtar qurum Moskva müqaviləsinin
(1921) və Qars müqaviləsinin (1921) şərtlərinin
ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını,
onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-in
protektarlığı altında təşkil edilməsini
deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini
nəzərdə tuturdu.
Naxçıvan Muxtar Diyarı daha çox inzibati-ərazi
muxtariyyəti prinsiplərinə uyğun idi və yüksək
milli-ərazi muxtariyyəti tələblərinə az cavab
verirdi. Halbuki ərazicə Azərbaycandan ayrı
salınmış Naxçıvan diyarına geniş səlahiyyətli
siyasi hüqüqlar verilməsi bilavasitə 1921-ci il Moskva və
Qars müqavilələrinin şərtlərindən irəli
gəlirdi. Naxçıvanın muxtariyyəti məsələsinə
yenidən baxılması, görünür, elə məhz bu
zərurətdən doğmuşdu. 1923-cü il dekabrın
31-də Azərbaycan MİK Naxçıvan Muxtar
Diyarının Azərbaycan SSR tərkibində
Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar
qəbul etdi. Qərar Cənubi Qafqaz MİK-in yanvar 1924-cü
il tarixli birinci plenumunda təsdiq olundu. 9 fevral 1924-cü ildə
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
Naxçıvan Muxtar Diyarının Naxçıvan MSSR-ə
çevrildiyini elan etdi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
(referendum) ilə qəbul edilmiş və həmin il
noyabrın 27-də təsdiq edilmiş Azərbaycan
Respublikasının Konstitusiyası ilə Naxçıvan
Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar
dövlət statusu verilib. Ümummilli lider Heydər
Əliyevin parlaq əsəri olan müstəqil Azərbaycanın
ilk Konstitusiyası əsasında hazırlanmış, 1998-ci
il aprel ayının 28-də Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində qəbul olunmuş və
həmin il dekabrın 29-da Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq edilmiş
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
muxtar ərazi statusunun möhkəmləndirilməsində
daha bir əhəmiyyətli addım oldu.
Müstəqillik illərində Naxçıvan Muxtar
Respublikası çox çətinliklərlə
qarşılaşdı və erməni hücumları ilə
üzləşdi. Naxçıvan Muxtar Respublikası
mövcudluğu, bugünkü yaşayışı və
nicatı üçün 1990-1993-cü illərdə Ulu
öndər Heydər Əliyevin burada yaşayıb-işləməsinə,
siyasi fəaliyyət göstərməsinə borcludur. Həmin
illərdə Muxtar Respublika Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə qorunmuş və
inkişafı təmin edilmişdi.
Muxtar Respublikanın statusunun və sərhədlərinin
beynəlxalq təşkilatlar səviyyəsində
tanıdılması istiqamətində də ardıcıl tədbirlər
həyata keçirilib.
Bu gün yeni inkişaf dövrünü yaşayan
Naxçıvan muxtariyyət statusu qazanmasının
100-cü ildönümünü qürur və fəxrlə
qeyd edir. Ölkə Prezidentinin dediyi kimi: "Milli istiqlaliyyət
yolunda Naxçıvanın atdığı cəsarətli
addımlar bütün Azərbaycan xalqı tərəfindən
rəğbətlə qarşılanmış, respublikada cərəyan
edən ictimai-siyasi proseslərə öz müsbət və
həlledici təsirini göstərmişdir. Naxçıvan
Muxtar Respublikası bu gün milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısı olub, ölkəmizin
iqtisadi qüdrətinin artırılması və intellektual
potensialının gücləndirilməsinə dəyərli
töhfələr verir".
Yaşar RƏHİMOV
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet . 2024.- 16 fevral, №(30).- S.12.