Qələmin müqəddəs
vəzifəsi
Professor Asif Rüstəmlinin 70 yaşı üzərinə
Bu günlərdə çağdaş ədəbiyyatşünaslığımızın
sütunlarından biri - filologiya elmləri doktoru, professor Asif
Rüstəmlinin 70 yaşı tamam olur; bəlkə də bu
informasiya çoxları üçün adi bir həqiqət
kimi görünsün. Lakin bu ömür sıradan bir
ömür deyil, elmə həsr olunmuş bir
ömürdür, böyük ədəbiyyatşünaslıq
yolunda hər kəsə nəsib olmayan bir zirvədir. Təkcə
ədəbiyyatşünaslıqmı?! Klassik ədəbiyyatşünaslar
heç zaman cəmiyyətdən, ictimai fikirdən kənarda
olmur, onun yazdıqları cəmiyyətlə əlaqəli
olub, onu yönləndirib, maarifləndirib. F.Köçərli,
Ə.Abid, B.Çobanzadə, Ə.Nazim, M.Cəlal,
H.Araslı, M.Rəfili, M.Arif, K.Talıbzadə, Ə.Mirəhmədov,
Y.Qarayev... və başqaları kimi. Yeri gəlmişkən,
A.Rüstəmli elmə ilk vəsiqəni-xeyir duanı ədəbiyyatşünaslıq
və tənqidin sonuncu mogikanlarından olan Yaşar Qarayevdən
almış və bu xeyir-dua onun elm və mənəviyyat zirvəsinə
yüksəlmək üçün bir stimul olmuşdur. Bu
etimadın işığı ilə böyük bir məsafə
qət edərək bir ziyalı kimi xalqın milli-mənəvi
varlığının yaşanması yolunda böyük əmək
verib, enerji sərf edib. Bəzən onun gördüyü
işlərə baxıb heyrət etməyə bilmirsən;
iyirmiyə qədər monoqrafiya, tərtiblər, redaktələr,
gənc nəslin alim kimi formalaşmasında
hazırladığı doktorant və dissertantlar, ssenariləri,
elmi simpoziumlarda məruzələri, AAK-dakı dövlət
qulluğu statusu, daha nələr, nələr. Bu barədə
açıq vikipediyada geniş məlumatlar var. Təkcə
bu statistika onun haqqında çox şey deyir. Lakin bu, mənim
işim deyil və bu rəqəmlər içində itib
batmaq istəmirəm, böyük ədəbiyyat yolunda bu cəfakeş
ədəbiyyatşünas alimin
yaradıcılığının xarakteri və bəzi məqamları
üzərində dayanmaq istəyirəm.
Asif Rüstəmli ədəbiyyatşünaslıq fəaliyyətinin
əsas xüsusiyyətlərindən biri indiyədək hələ
işlənməmiş problemləri araşdırmaq,
üstünü toz basmış və nə zamansa
araşdırılması bəzən mümkün olmayan
materialları, tapıntıları üzə
çıxarmaq və onu xalqın milli sərvətinə
çevirmək olub. Elmi yaradıcılığının
ilk mərhələsində görkəmli mollanəsrəddinçi
şair cənublu Bayraməli Abbaszadənin ədəbi irsinin
araşdırılması ədəbiyyatşünaslığımızda
o zaman üçün yeni bir addım idi. Tədqiqatçı
onun imzalarını və ayrı-ayrı mətbuat
orqanlarında iştirakını, yaradıcılıq
xüsusiyyətlərini elmi təhlildən keçirərək
"Tufanlardan keçən ömür" (Bakı, Sabah,
1995) monoqrafiyasını yazdı və bu şairi ədəbi
cameədə tanıtdı. Elmdə ilk addım kimi
çoxları bu uğura qibtə edə bilərdi. Ancaq
bununla kifayətlənməyərək bu istiqamətdə
axtarışlarını davam etdirir və "Bayraməli
Abbaszadə: mühiti və mücadiləsi" (Bakı,
Ozan, 2014) monoqrafiyası ilə onun ədəbiyyat tariximizdəki
yerini bəlirləyir. Qarşıda onu daha böyük elmi
uğurlar gözləyirdi. Cəfər Cabbarlı ilə
"tanışlığı" bir oxucu kimi
başlamışdı, Cabbarlı irsini mənimsəmiş
və onun içindən keçmişdi. C.Cabbarlı ilə
bir alim kimi tanışlığı onu Cabbarlı sevgisinə
gətirib çıxarmış və
araşdırmalarının böyük bir hissəsini ona həsr
etmişdi. Bu, artıq bir karyera üçün edilən
araşdırma deyildi, Cabbarlı irsinin tamamlanması yolunda
atdığı fədakar addımlar və sonsuz sevgidən
irəli gəlirdi. C.Cabbarlının ədəbiyyat tarixindəki
mövcud yeri onu heç cür təmin etmirdi. Bu nədənlə
də yeni araşdırmalar aparmaq, gerçək
Cabbarlının obrazını yaratmaq missiyası peşəkar
bir tədqiqatçı kimi onun üzərinə
düşdü. Məsələ burasındadır ki,
sosrealizm və sovet ideolojisi bizə C.Cabbarlını başqa
cür təqdim edirdi. Əslində isə Cabbarlı
sosrealizmin təqdim etdiyi Cabbarlıdan çox fərqlənirdi.
Məsələ yalnız onun yeni əsərlərinin ortaya
çıxmasında deyildi, həm də Cabbarlı irsinin
düzgün oxunması və yeni interpretasiyalarla zənginliyində
idi. 80-ci illərin sonlarından başlamış bu
axtarışlar indiyədək davam edir. Sonucda tamamilə yeni
bir C.Cabbarlı ortaya çıxır, sosrealizm prinsiplərindən
arınmış, istiqlal savaşı uğrunda təhlüklərlə
üzləşmiş, bəzən yaradıcılıq
güzəştləri ilə bunu qapatmağa
çalışmış bir Cabbarlı ilə tanış
oluruq. A.Rüstəmli C.Cabbarlının indiyədək
kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-a dək
lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini
ilk dəfə üzə çıxarmış, onları ərəb
qrafikasından çevirərək dərc etdirmişdir.
C.Cabbarlının 4 cildlik "Seçilmiş əsərləri"nin
tərtibi, 39 səhifəlik ön sözü və şərhləri
də ona məxsusdur. Hələlik A.Rüstəmlinin
C.Cabbarlının "Bakı müharibəsi" əsəri
üzərindəki axtarışları bir nəticə verməyib.
Bəzən axtarışlar da nəticəsiz qalır. Lakin
bir çox mənbələrə dayanaraq belə bir əsərin
varlığı haqqında danışmaq və onun Bakı
qırğınına həsr olunması faktını üzə
çıxarmaq özü də bir nəticə hesab
olunmalıdır. Bunlar hamısı milli mədəniyyətin,
ədəbiyyatşünaslığın inkişafı
üçündür. Məsələ bununla da bitmir;
Cabbarlının bədii düşüncədə etdiklərini
elmi araşdırmaya cəlb etmək, əsərlərini
obyektiv şəkildə təhlil etmək, əsərlərinin
bədii interpretasiyasını dəyərləndirmək gərəkirdi.
Bunun da öhdəsindən ləyaqətlə gəldi və
elmi cameəmiz yepyeni bir Cabbarlı ilə
qarşılaşdı. Burada mən akademik ədəbiyyatşünaslıq
yollarında Asif Rüstəmlinin rolunu ayrıca xatırlatmaq
istəyirəm. Məqalənin əvvəlində sələflərinin
adlarını çəkdim və onların yolunu davam
etdirdiklərini qətiyyətlə qeyd etdim. Burada heç bir
mübaliğə yoxdur; Asif Rüstəmlinin yazdıqları
akademik ədəbiyyatşünaslığın ən
yaxşı örnəklərini təşkil edir. "Cəfər
Cabbarlı; həyatı və mühiti" (Bakı, Elm,
2009), "Susmaz duyğuların səltənətində"
(Bakı, Elm, 2002), "Mütərcim Cəfər
Cabbarlı" (Bakı, Ozan, 2011), "Cəfər
Cabbarlı və milli istiqlal hərəkatı" (Bakı,
Gənclik, 2018), "Cabbarlı və
Cabbarlışünaslıq" (Bakı, Ləman NPM, 2019) və
s. monoqrafiya və araşdırmalarında Cabbarlının həyatı,
mühiti və yaradıcılığının xarakteri, sənətkar
taleyi tədqiq edilir. Akademik Məmməd Arifdən sonra Cəfər
Cabbarlı yaradıcılığını bütün
yönlərilə araşdırmaq məhz ona qismət olub.
Deyim ki, bədii düşüncədəki Cabbarlı zirvəsini
elə ədəbiyyatşünaslıqda eyni səviyyədə
təmsil etmək də ona nəsib olub. Bu
araşdırmaların hamısı bədii mətnə
söykənir; tədqiqatçı bu mətnlərin
çoxunu ilk dəfə elmi mühitə təqdim etməklə
qalmır, onu yüksək elmi-nəzəri səviyyədə
təhlil edir. Akademik ədəbiyyatşünaslığı
psevdo ədəbiyyatşünaslıqdan fərqləndirən
də məhz bu cəhətdir. Onun nəzəri fikirlərini
həmişə mətn müşayiət edir və mətndən
kənarda hər hansı bir fikrin, ifadənin və elmi qənaətin
olduğunu söyləmək çətindir. İllər
öncə gürcü əsilli İrakli Andronikovun rus
şairi M.Y.Lermontov haqqında bir monoqrafiyasını
oxumuşdum. Ədəbiyyatşünas şairin həyatı
və mühitini bütün detalları ilə, hətta hansı
gün, balda kiminlə rəqs etməsi, mundirinin düyməsinəcən
təsvir edirdi. Onun işi çox asan idi, çünki
Lermontovun müasirlərinin hər birinin gündəliyi və
ya qeydləri dururdu. C.Cabbarlının həyatı və
mühiti haqqında bu cür tədqiqat ortaya qoymaq çox
çətin olsa da, Asif Rüstəmli bunun öhdəsindən
ləyaqətlə gəlir. Arxiv araşdırmaları ilə
biz C.Cabbarlının həyatının hər bir məqamını,
qaranlıq və gizli səhifələrini (Müsavat
partiyasına üzv olması, iclaslarda iştirakı, həbs
olunması, istiqlal uğrunda mübarizə aparması, Mirzə
Bala ilə münasibətləri və s.) öyrənirik. Bu
Cabbarlının həyatının elmi şəkildə bərpa
olunması deməkdir. Bu cür elmi nəticə hər ədəbiyyatşünasa
müyəssər olmur. A.Rüstəmli yazır: "Mart
soyqırımı zamanı İrana, Gürcüstana,
Dağıstana, Türküstana və b. daha təhlükəsiz
yerlərə pənah aparan sərmayədarlar, tacirlər, mədəniyyət
və incəsənət xadimləri, ziyalılar tədricən
Bakıya qayıdırdılar. Ailəsini sığınacaq
üçün öncə Xızının Upa kəndinə,
sonra isə Qılızıya aparan Cəfər Cabbarlı
şəhər azad edildikdən, əmin-amanlıq bərpa
olunduqdan sonra yenidən ailəsi ilə öz isti ev
ocağına qayıtdı. Azərbaycan hökuməti 1918-ci
il sentyabrın 23-də Gəncədən Bakıya
köçdü. Mart qətliamında
yandırılmış "Novruz", "Turan",
"Kaspi" və b. mətbəələrin bir qismini bərpa
etmək mümkün oldu". Təkcə bu informasiya
böyük axtarışlar nəticəsində əldə
olunan elmi qənaətlərdir. Yaxud, Nuru Paşanın
C.Cabbarlı ilə tanışlığı, onun evinə
getməsi və ona yazı stolu bağışlaması
faktının aşkara çıxarılmasının
arxasında fasiləsiz zəhmət, gerçək alim əməyi
dayanır.
Cəfər Cabbarlı elə ədəbi şəxsiyyətlərdəndir
ki, onun yaradıcılığını sadə ədəbi-tənqidi
sxem üzərindən, ideoloji mövqedən dəyərləndirmək
çətindir. Onun yaradıcılığının bədii
interpretasiyası hüdudsuzdur və onu düzgün oxumaq
lazımdır. Tədqiqatçı C.Cabbarlının istər
Cümhuriyyətə qədərki, istər Cümhuriyyət
dövrü, istərsə də postcümhuriyyət
dövrü yaradıcılığını obyektiv şəkildə
ədəbiyyatşünaslıq elminin prinsipləri ilə
araşdırır. Bu dəyərləndirmələrdə
elmilik, obyektivlik, nəzəri prinsiplər başlıca
üstünlük təşkil edir. Tədqiqatçı
C.Cabbarlının sovet dövründə yazdığı
"Sevil", "Almaz", "Od gəlini", "1905-ci
ildə" dramlarını da yeni gözlə, elmi prinsiplə
oxuyur və bu əsərlərin aktuallığını
şübhə altına alan iddiaçılara elmi şəkildə
cavab verir. Bu mənada yazıçının
"Gülzar" hekayəsinin təhlili məndə
böyük rəğbət doğurmuşdu. Tədqiqatçı hekayədəki
təbiət təsvirlərini təhlil edərək
Gülzar obrazında Cümhuriyyətin başına gələn
hadisələri nəzərdə tutduğu qənaətini nəzəri
şəkildə əsaslandırır.
C.Cabbarlı əsərləri yüz ildən
çoxdur ki, elmi düşüncəni məşğul edir
və bu zaman kəsiyində A.Rüstəmlinin elmi, nəzəri
və praktik araşdırmaları
cabbarlışünaslığının qızıl
dövrü kimi səciyyələndirməyə tamamilə
haqqımız var. Bu, həm də A.Rüstəmlinin halal
haqqıdır. Cabbarlı yaradıcılığının
cazibəsi heç zaman onu tərk etmədi və
bütün fəaliyyəti boyu bu ədəbi irsin, onun mənəvi
sərvətinin tərcümanı oldu.
Tale elə gətirdi ki, müstəqillik ərəfəsində
cəmiyyətdə insanların mövqeyi görünməyə
başladı; istiqlalçılarla, cümhuriyyətçilərlə
anticümhuriyyətçilərin mövqeyi aydın şəkildə
görünməyə başladı. İstiqlalçı
millət vəkillərini yada salaq; cəmiyyətin hər təbəqəsində
bu ayrılmaları görmək olurdu. O zaman Asif Rüstəmli
ilə şəxsi tanışlığım olmasa da, onun
cümhuriyyətçi, istiqlalçı mövqeyini
aydın görürdüm. Hələ 1991-ci ildə 20 Yanvar
qırğınından bir qədər sonra onun M.Ə.Rəsulzadənin
"Azərbaycan Cümhuriyyəti" kitabını ərəb
qrafikasından transliterasiya edərək ön sözü və
şərhləri ilə 55 min tirajla "Elm" nəşriyyatında
çap etdirməsi böyük bir xidmət idi. Bir neçə
ay sonra bir qrup Azərbaycan aliminin Ankarada M.Ə.Rəsulzadənin
məzarını ziyarət edərkən çəkilən
fotoda A.Rüstəmlinin çap etdirdiyi bu kitab böyük
liderin məzarı üstündə müəllifinə
qovuşmuşdu. Bu, M.Ə.Rəsulzadənin vətənində
çap olunan ilk kitabı idi. Məncə, bununla M.Ə.Rəsulzadə
irsinin araşdırılması hərəkatı
başlamış oldu. Bir neçə il sonra A.Rüstəmli
M.Ə.Rəsulzadənin "Bolşeviklərin Şərq
siyasəti" kitabını da çap edəcək və
bununla da M.Ə.Rəsulzadə irsinin
araşdırılmasına yeni töhfəsini verəcəkdi.
Sonra bu istiqlalçı mövqe onun
yaradıcılığına və ədəbi fəaliyyətinə
də yansıdı. C.Cabbarlı və Mirzə Bala Məhəmmədzadənin
həyatı və istiqlal uğrunda mübarizəsini
bütün detalları ilə araşdırdı. Bu, sadəcə
tədqiqat obyektlərinin yaradıcılığını
araşdırmaqdan irəli gəlmirdi, həm də müəllifin
istiqlal duyğularına verdiyi önəmi ifadə edirdi. Bu mənada,
Asif Rüstəmlinin "Cəfər Cabbarlı və istiqlal
hərəkatı" və Mirzə Bala Məhəmmədzadəyə
həsr etdiyi "İstiqlal mücadiləsi" kitabları
özünün fakt zənginliyi, araşdırma diapazonu ilə
fərqlənir. C.Cabbarlını biz onun
araşdırmalarından bir istiqlalçı kimi
tanıyırıq, özü də bu
istiqlalçılıq, çoxlarının bu böyük
dramaturqun sovet dövrü yaradıcılığını
başqa dəyərləndirməsi kontekstində olduqca əhəmiyyətli
görünür.
M.B.Məhəmmədzadənin də Azərbaycan
istiqlalına verdikləri ilə aldıqları ilə adekvat
deyildi. M.Ə.Rəsulzadə ilə birgə və ondan sonra
da bu istiqamətdə özünün siyasi fəaliyyəti və
yazıları ilə Azərbaycan istiqlalını nəzəri
şəkildə yaşadan bu böyük istiqlalçının
yaradıcılığı da A.Rüstəmli
araşdırmalarında özünün həqiqi qiymətini
ala bilmişdir. Onun araşdırmaları, məqalələri,
hekayələri tədqiqatçı tərəfindən
toplanılmış, öz söz, şərhlərlə nəşr
edilib. "Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin
həyatı, yaradıcılığı və
mühiti)" (Bakı, Ozan, 2014) monoqrafiyası ilə onun
ictimai fikir tariximizdəki yeri müəyyənləşmiş
oldu. A.Rüstəmlinin bu
araşdırmaları sonrakı tədqiqatlar
üçün də zəngin imkanlar yaradır.
Nə qədər faktlardan qaçmağa
çalışsam da, çünki A.Rüstəmlinin
gördüyü işlər o qədər çoxdur ki,
onları burada sadalamaqla, ədəbiyyatşünas, akademik
(bu söz tədqiqatçının elmi fəaliyyətinin
xarakteri mənasında işlədilir, lakin elmi fəaliyyəti
həm də bu ada adekvatdır!)
yaradıcılığının bütün parametrləri
üzərində geniş dayanmağa imkan vermir. Bu nədənlə
də onun tədqiqatçı, ədəbiyyatşünas,
müəllim portretinin bəzi ştrixləri üzərinə
qayıtmaq istəyirəm.
Asif Rüstəmlinin elmi yaradıcılığı
akademik üslubdadır; faktla nəzəriyyənin
qovuşuğu hər zaman gözlənilir. Bu cür
üslubda uzun müddət tədqiqat aparmaq hər bir tədqiqatçıya
nəsib olmur. Lakin bu akademizmlə yanaşı, bir xüsusiyyət
də onun üslubunu zənginləşdirir. Bu da problemə
yanaşmada və dəyərləndirmələrdə elmi-nəzəri
prinsipə üstünlük verməsidir. Bu amil onun
araşdırmalarının əhəmiyyətini bir qədər
də artırır. Üstəlik, bu
araşdırmalarında tarixi kontekst ilə
çağdaş konsept bir-birini əvəzləyir. Onun
araşdırmaları daha çox arxeoloji qazıntılara bənzəyir,
hər bir araşdırmasında yeni bir tapıntıya rast gəlirik.
Yox, bu təsadüfi olmur, özü o tapıntının
izinə düşür. Neçə dəfə fikirlərini
mənimlə bölüşəndə yeni bir
tapıntının izinə düşdüyünü hiss
edirəm. Hər hansı bir ədəbi hadisəni dəyərləndirərkən
faktlardan sanki bir hörgü hörür; bir problemi, qənaəti
təsdiq etmək üçün yalnız bir fakt onun
üçün azlıq təşkil edir, gərək bir
neçə faktı tutuşdursun ki, müəyyən bir qənaət
formalaşmış olsun. Ona görə də çox zaman
onun qənaətləri sonrakı ədəbiyyatşünaslar
tərəfindən də qəbul edilir. Bu, həm də
faktların məntiqidir. Ədəbiyyatşünaslıq da
bir elmdir, hər hansı bir fikri təsadüfi bir faktla
söyləmək, üstəlik, bu fikirdə israr etmək hər
zaman müəllifi pis vəziyyətdə qoya bilər. Asif
Rüstəmlinin faktların dəmir məntiqinə söykənən
araşdırmaları ədəbiyyatşünaslığımızın
ən yaxşı səhifələrini təşkil edir.
Yüksək mühakimə və müzakirə mədəniyyəti
araşdırmalarının əsas prinsiplərindən
biridir.
Asif Rüstəmlinin yazı üslubu sxematik,
şablon deyil, bəlkə daha artıq cazibədardır,
çoxsəslidir, rəngarəngdir. Çoxları ədəbiyyatşünaslıqda
bunun mümkünsüz olduğunu iddia edə bilər. Ancaq
onun yazılarında elmi təfəkkürlə bədii təfəkkürün
sintezini aydın görmək mümkündür. Zatən bədii
təfəkkür olmadan o mətnləri elmi cəhətdən
dəyərləndirmək çox zordur. Bu cəhətdən
elmi üslubunu çoxşaxəlilik səciyyələndirir,
faktları əlində oynada bilir və ona müxtəlif
rakurslardan qiymət verməyi bacarır. Çoxdan
müşahidə etdiyim yaradıcılığının
bu xüsusiyyətini bu günlərdə
paylaşdığı "Cümhuriyyət muzeyindən zəng"
adlı postunda bir daha bunun şahidi oldum. Bəzən elmi məntiqin
deyə bilmədiyini, deməyə çətinlik çəkdiyini
adi bir istehzalı dialoqla da çatdırmaq mümkün olur.
Burada ifadə olunan və çoxdan mənimlə
bölüşdüyü bu fikrin ədəbiyyatşünaslığımızda
gərəkli bir tapıntının əsasını
qoyduğunu görürəm. Həqiqəti söyləmək
hər yerdə hər zaman çətindir, elmi həqiqət
də elədir...
Asif Rüstəmli fəaliyyətinin çoxsəsli
və çoxşaxəli olduğunu nəzərə alsaq,
onun müəllim kimi fəaliyyətindən ayrıca bəhs
etmək lazım gəlir. Bu müqəddəs peşənin
sirlərini həm universitet auditoriyalarında, həm də
magistr və doktorantlarına zaman-zaman aşıladı. Bu fəaliyyətin
nəticəsi olaraq "Ədəbi redaktənin əsasları
(Tarixi, nəzəriyyəsi, təcrübəsi) (Bakı, Gənclik,
2018) dərs vəsaiti yarandı.
Asif Rüstəmli özünə, elmə
qarşı son dərəcə tələbkardır; hər
hansı bir ədəbi faktı üzə çıxararkən
tələsmir, onu bütün detalları ilə öyrənir
və yalnız bundan sonra onu ədəbiyyatşünaslığın
malı edir. Həyatda olduğu
kimi, elmdə də səmimi və təvazökardır, ətrafındakılara
qayğı ilə yanaşır, daim sadəliyini qoruyub saxlayır.
Mən professor Asif Rüstəmlinin həyatın
müxtəlif sahələrində özünü ifadə
etdiyi müxtəlif janr və formalar haqda burada geniş
söhbət açmaq fikrində deyiləm. Bütün
bunların hamısı onun şəxsiyyətində, ədəbi,
elmi, pedaqoji fəaliyyətində, ictimai-sosial vəziyyətində
aydın şəkildə görünür. Həmişə
onu səbirli, işinə məsuliyyətlə yanaşan, cəmiyyətdə
nüfuzu olan bir ziyalı kimi görmüşəm, ictimai
nüfuzunu ötəri münasibətə heç zaman qurban
verməz, konyukturaya getməz, bu nüfuzun qorunub saxlanması
üçün əlindən gələni edər. Məncə
də, bir ziyalı, alim, vətəndaş üçün
bu keyfiyyətlər son dərəcə səciyyəvidir.
Asif Rüstəmlinin elmdə son ünvanı professordur, bundan
yuxarıda elmi ünvan yoxdur; bu, dünyanın hər yerində
belədir. Asif Rüstəmli adı da bu ünvana çox
yaraşır, həmişə bu adı
yaradıcılığı, intellekti, orijinal əsərləri,
araşdırmaları ilə ləyaqətlə, vicdanla təmsil
edir. Təxminən yarım əsrə yaxın bir
yaradıcılıq yolunda ədəbi, elmi-nəzəri,
estetik fikrin inkişafında çox böyük işlər
görüb; bu işlər yuxusuz gecələrin, fasiləsiz
araşdırmaların, çox zaman isə şəxsi istəklərinin
məhdudlaşdırılması hesabına əldə
olunub. Qələmin müqəddəs vəzifəsi həqiqəti
yazmaqdır; bu, ədəbiyyatşünaslıqda da belədir
və professor yaradıcılığı boyu bu vəzifəni
ləyaqətlə yerinə yetirib. Böyük ədəbiyyatşünaslıq
yolunda alim dostum, həmkarıma uğurlar arzu edir, bundan sonra
da bu müqəddəs missiyasını davam etdirməsini,
yorulmadan yazıb yaratmasını diləyirəm.
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet . 2024.- 16 fevral, №(30).- S.10.