Aktrisanın şirin-acı həyat hekayəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Bizim müasir filmlərimiz üçün isə keçilməz sərhədimiz Himalay dağlarını andırır, onu ötüb, aşmamaqda məhz sənət fədailərinin yoxluğu özünü göstərir. Hind qazları payızda yayı keçirdikləri Şimaldan qayıdanda Himalay yüksəkliklərini 4 min metr hündürlükdən uçub adlayanda, oksigen çatışmazlığından əziyyət çəkirsə, biz alçaq hündürlükdə olan sərhədlərimizi keçməkdə hansı bir çətinliklər çəkdiyimizi özümüz üçün ayırd edə bilmirik. Son illərdə gülüş yaratmaq məqsədi güdən xırda formatlı filmlərə, seriallara üstünlük verilməsi də kino sənətinin həqiqi inkişafına kömək etmir. Əlbəttə, onlar teletamaşaçı marağına səbəb olur, həm də aktyorları aşağı məbləğdə də olsa qonorarla təmin edirlər. Lakin az sonra onlar keçən ilin qarına bənzəyirlər, heç kimin yadına düşmür. Mən demirəm ki, birdən-birə biz "Küləyin sovurduqları", "Vaterloo körpüsü", "Roma kanikulu" və "Səfillər" kimi filmlər çəkək. Ancaq heç olmasa iri formatlı, o səviyyəyə yaxın bədii filmlərin yaradılmasına can atmalıyıq. Bu sahədəki büdrəyə-büdrəyə gedişimiz ümumi inkişaf mənzərəmizə yalnız xələl gətirir.

 Kinofilmlərimizdə oynamaq üçün sovet dövründə orta səviyyəli rus, gürcü aktrisaları dəvət edilsə də, bizim ən məşhur sənət adamlarımız Moskvanın və digər müttəfiq respublikaların tanınmış kinostudiyalarına ayaq basmamışdılar. Biz daim öz şirəmizdə qaynamağa üstünlük vermişdik, buna baxmayaraq, çox sahədəki xadimlərimizin dünya səviyyəsində olduqlarını, elə bir əsasa malik olmasaq da, daim qeyd etməkdən qalmırıq.

Fərhad isə mənə Edmund Hillari igidliyi göstərməyi, səhnədə və ekranda Everesti (Comolunqmanı) kəşf etməyi məsləhət görürdü. Buna mənim gücüm çatacaqdırmı, belə suala cavab verməyə də çətinlik çəkirdim. Lakin bu adam məni yaxşı tanımasa da, elə bil ki, mənə inanırdı, bu inamı mənim özümə də təlqin etməyə çalışırdı. Onun belə maksimalist olması məni qorxudurdu, hətta onunla tanış olmağa da peşmanlıq çəkməyə başlamışdım.

Onun gələcək üçün işıq saçan arzuları və özümü gözləyən və məni əzəcək çətin həyat barədəki düşüncələrim ilə biz ayrıldıq.

Mən onun fikirlərinə bəzən əlavələr də edirdim. Dediyim kimi, teatr barədə fikir söyləyənlər, onu göylərə qaldıranlar da, amansız tənqid atəşinə tutanlar da az deyildir. Biz bir şeyi unutmamalıyıq ki, qədim yunanların icad etdiyi bu səhnə məkanı, dinin təsiri olmadan yaranan yeni məbəd kimi insan cəmiyyətinin ətrafındakı aləmi təsvir etsə də, əslində, yeni bir dünyadır və onun öz prinsipləri, qaydaları yarandı və inkişaf etdi. Ona görə kiçik səhnəsinə və antik dövrlərin teatrları ilə müqayisədə az sayda tamaşaçı yeri olmasına baxmayaraq, teatr zamana uyğun olaraq, yeni üslubun dəyərinin izahına girişir və onların həlli yollarını axtarır.

Aktrisanı tam sərbəst hesab etmək də düzgün deyildir. O, jestləri və səs tonu ilə nəzarət altında olmaq ehtiyacı duyur, təkcə monoloqunda tam müstəqil olur. Bəzi aktrisalar isə obraz yaratmaq, tamaşanı hörmətə mindirmək əvəzinə deklamasiya deməyə başlayır, uca qiraət yolunu seçir, Rosinant adlı yabısını səhnənin köhlən atı hesab edir. Kreativ aktrisa isə sadəcə rola girməyi, yalnız səhnədə oynayarkən bacarır. Başqasını təqlid etmək isə heç cür kreativlik sayılmır, aktrisa üçün əsas məsələ oyunun təməl problemlərini müstəqil, rejissorun köməyi ilə həll etməkdir. Hərəkət, jest, intonasiya, artikuliasiya və şəraitin bütün konteksti səhnədəki oyun üçün mühüm əhəmiyyət kəsb edir. Dramaturq adətən icra üçün fond yaradır, özü də bunu səhnədə reallaşdırmalıdır. Bu icraya professional aktyor və aktrisanın mühüm köməyi əlavə olunur. Onlar isə səhnədə oynamaqla yanaşı, həm də öz sənətini öyrənməkdə davam edir. Əgər onların məktəbi professional kompaniyalardırsa, dərs mənimsədikləri siniflər isə səhnədir. Artistin yetişməsində səhnənin müstəsna rolu vardır. Üzgüçü hovuza və ya dənizə tullanmasa, suda əl-qol atmasa, bu bacarığa yiyələnə bilməz, artist də belədir.

 Siyasətçilərdən fərqli olaraq aktyorlar ətrafı lərzəyə salan qızğın mübarizə səhnəsi yaratmaq eşqinə düşmürlər, adamların könlünə nüfuz etməklə öz mənəviyyat sahəsindəki tərbiyəvi üslublarına üstünlük verirlər. Bu məsələlərdə bizim teatrlarımız da barama qabığını andıran köhnə qılaflarından çıxıb, xırda, vulqar görünən, çox vaxt primitiv xarakter daşıyan hadisələrin təsiri altına düşmüşdür. Milli problemlər, əslində, ümumbəşəri problemlərə üzünü çevirməlidir, onlarla çuğlaşmalıdır. Ümumbəşəri problemlər isə böyük problemlərdir, onlara müvafiq qaydada da yanaşmaq lazımdır. Bu sahədə isə biz təəssüf ki, hələ də melodrama çərçivəsindən, ucuz komedik səhnələrdən kənara çıxa bilmirik. Tapıntılarımız da bəzən bizim məişətimizə xas olan qüsurları ifadə etməklə, ucuz gülüş doğurmaqdan uzağa getmir.

Əlbəttə, mən anlayıram ki, teatr daim faciələr fonunda tamaşaçını göz yaşları axıtmağa sövq etməməlidir, bəzi həqiqətləri izah etmə və xalqa çatdırmaq üçün onu həm də güldürməlidir. Bu gülüş, əslində, eybəcərliklərimizə görə ağlamağın özü ilə rəqabət aparmalıdır, səhnə mizanlarında kobud dəyişikliklər etməyə sevinməməlidir. Axı biz, qeyd etdiyim kimi, həm də tamaşaçını mənəvi cəhətdən tərbiyə edirik, onun zövqünün və düşüncə tərzinin inkişafına çalışırıq. Teatrın gücü onun tamaşalarda ön sıraya keçirdiyi mənəvi məqsədləri tamaşaçılara təlqin etməkdir, onların beyninə yeritməkdir. Bu məsələdə biz ədəbiyyatın böyük missiyasını həyata keçirməkdə onun köməkçisi rolunda çıxış edirik. Böyük rus yazıçısı L.N.Tolstoy ədəbiyyatın təlqin etmə qüdrətini xüsusi qeyd edirdi. Teatr isə incənət növü kimi ədəbi materiallarla qidalanır, pyeslərə səhnə həyatı bəxş edir. Ona görə də tamaşaçı sayı oxucu sayından qat-qat az olsa da, bədii əsərlərin populyarlaşmasında teatrın və kinofilmlərin rolu olduqca böyükdür.

Biz bir millət kimi ənənələrə hörmətlə yanaşırıq. Bu heç də ənənənin əsiri olmaq demək deyildir. Ətaləti həmin ad altında ört-basdır etmək də qoçaqlıq deyildir, ənənə heç də inkişafa mane olmamalıdır. Bir əsr keçəndən sonra Məşədi İbad arsenalına müraciət etməyimiz heç də yaxşı nəticə vermir. Üzeyir bəyin uca istedadı hesabına öz dövrü üçün şedevrlər yaradırdı. Biz isə bu sahədə hansı novatorluğumuzla öyünə bilərik?  Bəzi teatrların hansısa dramaturqun inhisarına verilməsi və ya tamaşaçıya müraciətdə kiçik bir qazanda qaynamaq, məişət çevrəsində ilişib qalmaq, ondan çıxmağa cəhd göstərməmək heç də böyük hünərdən xəbər vermir. Azərbaycan teatrının tarixi o qədər böyük olmasa da, uzun yol keçmiş, uğurlu nailiyyət dövrlərini də yaşamışdır. Teatrlarımız dünya klassikası nümunələrinə də müraciət etmişdir. Lakin biz bu addımları nə qədər bəyənsək də, onlarla öyünsək də, teatrımız ölkəmizin sərhədlərindən, Türkiyə istisna olmaqla, kənara çıxa bilməmişdir.

Qonşu Gürcüstanın paytaxtının iki teatrı isə eksperimenlərdən çəkinməyərək, böyük səhnə uğurlarına imza atmışlar. K.Marcanaşvılı Teatrının 1980-ci illərdə tamaşaya qoyduğu Sofoklun "Çar Edin" pyesi qastrol səfərində Yunanıstanda nümayiş etdirildikdə, tənqidçilər, teatr xadimləri bunu antik teatrın bərpası cəhdi kimi qiymətləndirmişlər. Köhnə gürcü kinofilmlərinə hamı indi də böyük həvəslə baxır. Biz isə uzun illər ərzində "Əliqulu evlənir" tamaşasımım  və "Qayınana" filminin yaratdığı şit gülüşlə təsəlli tapmışıq. Biz niyə bu sahədə də malik olduğumuz istedadı, intellekti işə salmırıq? Axı xalq incənət ustalarından da böyük yaradıcılıq nümunələri gözləyir.

Kinosənətimizin də məlum uğurları ilə yanaşı, uca zirvələr fəth etməsi ilə də öyünə bilmərik. Moldovan Emil Lotyanunun Maksim Qorkinin hekayələri əsasında çəkdiyi "Tabor göylərə qalxır" filmi dünyanın bütün mədəni tamaşaçılarına göstərilmiş, 180 ölkədə nümayiş etdirilmişdir. Gürcü rejissoru Georgi Daneliyanın yaratdığı, həm də Vaxtanq Kikabidzenin olduqca yüksək səviyyəli oyunu ilə şöhrət tapmış "Mimino" filmi yarım əsr sonra da çox sayda tragikomediya elementlərini əks etdirən incilərlə ruhları oxşamaqda davam edir. Az qala bir əsr əvvəl çəkilmiş bizim "Arşın mal alan" filmindən başqa özgə ekranlara çıxan filmlərimizin sayı olduqca azdır.

Əlbəttə, bu iki sənət növü, onun əsl yaradıcıları sayılan rejissor işindən çox asılıdır. İstər səhnə, istərsə də ekran əsərinin quruluşunu verən sənətkar köhnə stereotiplərin qulu mantiyasını kənara atıb, yenilik, novatorluq ruhunda daha canlı əsər yaratmaq barədə düşünməlidir. Mən istərdim ki, teatrlarımız Rusiyada olduğu kimi məşhur rejissorların teatrı kimi tanınsın. Kino sənətimizdə isə məşhur amerikan rejissorlarına bənzər adlar meydana çıxsın. Deməli, incənətimiz yeni çiçəklənmə dövrünü yaşamağa möhtacdır.

Teatrlarımız uzun müddət pafoslu dialoqu monoloq səviyyəsinə qaldırmaqla, səhnəni ucadan səslənən sözlər məkanına çevirmələri ilə fərqlənmişlər. Məşhur aktyorlar da buna boyun əyərək, sözlərin intonasiyasında hecaları ağılsız şəklə salmaqla şöhrət qazanırdılar. Rejissorlar da buna məhdudiyyət qoymaq əvəzinə, yararsız üslubları bəyənirdilər. Gözəl, qədd-qamətli, cazibədar sifətə malik olan aktrisalar, təbiətin və makiyajın verdiyinə heç nə əlavə etmək qayğısına qalmırdılar, istedad axtarışlarına məhəl qoymurdular, ona görə də yaratdıqları obrazlarla yadda qalmadılar, onların öz fiziki ölümləri yaradıcılıqları barədəki xatirələrin də ölümü ilə müşayiət olundu. Ona görə də bizim teatrlarımız və kinematoqrafiyamız Vivyen Li, Klark Geybl, Lourens Olivye, Jan Qaben, Sofi Loren, Brijit Bordo, Kirk Duqlas kimi aktyorlara malik olmaları ilə öyünə bilməzlər. Monika Beluççi olduqca gözəldir. Lakin o, istedadını təbii gözəlliyinə qurban vermir, əksinə, onu öz ekran oyununa xidmət etməyə məcbur edir. Ona görə də tamaşaçı məşhur "Malena" filmindəki yeniyetmə oğlandan fərqli olaraq, onun təbii cazibədarlığına deyil, qeyri-adi oyununa vurulur. İri bədənli Jan Qaben çox vaxt dodaqlarını büzməklə, sözdən istifadə etməkdən də daha çox adamlara müraciət etmək təsiri bağışlayırdı. Bizdə isə tamaşalarda zəiflərə qarşı özünün qüdrətini göstərən güc tətbiq etməyə, yumruq işlətməyə üstünlük verilir. Təəssüf ki, belə səhnə priyomlarımız ucuz gülüş doğursa da, tamaşanın səviyyəsini yüksəltmək əvəzinə, onu daha da aşağı salır.

Aktrisalar arasında rəqabət bütün şkalaları ötüb-keçir, sevilən aktrisaya izah olunmayan sərt paxıllıq yaranır. Təbii gözəllikdən xali olmasa da, istedadın yoxluğundan əziyyət çəkənlər çox vaxt bədənlərinin nümayişi, sifətinin göz oxşayan cəhətləri ilə fərqlənməyə çalışdıqlarından, əslində, səhnədə üzərinə düşən vəzifənin yerinə yetirilməsini unudurlar. Aktrisanın isə borcu səhnədə işıq saçmaqdır, qoy bu ağıl və könül işığının ziyaları tamaşaçının da qəlbini hərarətləndirsin. Biz qadınlar səhnədə də öz cinsimizə xas olan zəriflikləri, incəlikləri, nəcib xüsusiyyətləri unutmamalıyıq. Səhnədəki aktyor kobudluğa əl atanda, bu kişi xüsusiyyətinin ifadəsi kimi qəbul olunur, aktrisaların davranışında isə vulqarlıq elementləri heç cür yolverilməzdir. Mən özüm də bu sahədəki hərəkətlərimdə, dodaqlarımdan çıxan sözlərin başqa cür yozulacağı kimi qüsurlardan xali deyiləm və onlardan uzaqlaşmağa çalışıram.

Teatr onda işləməyə həvəsi olanlar üçün başqa dünyadır, mübaliğəyə yol versək, başqa planetdir. Teatr elə bir mağaradır ki, orada Minotavr olmasa da, heç Tesey də onu tərk edə bilmir. Burada Ariadna sapı da köməyə gəlmir. Mənim zənnimcə, teatr ikinci nikahdır, birincidən öz istəyinlə azad olduğun halda, ikincidən yalnız ahıl yaş, hərəkət edə bilməmək və ya ölüm vasitəsilə vidalaşırsan. Ölən aktyorun və ya aktrisanın son mükafatı onun tabutda, tamaşaçıların alqışları altında özünün ikinci yaşayış məkanından axırıncı dəfə çıxması olur. O, teatrın səhnəsini bu dəfə pərdəsi bir daha açılmayacaq qəbirlə əvəz edir. Yeganə təskinlik ondadır ki, başqalarından fərqli olaraq onu unutmayacaqlar, ən azı bir-iki nəslin ömrü müddətində xatırlayacaqlar. Belə bir mülahizə vardır ki, adam iki dəfə ölür, bir dəfə qəbirə tapşıralanda, ikinci dəfə onun adı son dəfə çəkiləndə.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet . 2024.- 14 fevral, №(28).- S.14.