Yaradıcılıq yollarında keçən 50 il

FİRUDİN QURBANSOYUN 70 YAŞINA

 

Vaxtın hökmü belə, sözü, belədir,

Sifəti belədir, üzü belədir,

Ömrün yolu belə, izi belədir,

Arxada yazdısa, qarşıda qışdır.

Enişdə, yoxuşda gözlə özünü,

Yəhərdən bərk yapış, yaşın yetmişdir.              

 

Yazıma xalq şairi Hüseyn Arifin bu misraları ilə başlamağım heç də təsadüfi deyil. Əslində, bu misralar 70 yaşın tərifini çox gözəl təsvir edir.

Xatırlayıram, uzun illərdir, dostluq etdiyim çox dəyərli qələm sahibi, universal, enksiklopedik biliyə malik Firudin Qurbansoy bir dəfə mənimlə görüşəndə, özü haqqında söz açanda Hüseyn Arifin bu misralarına xitab etmişdi.

 

Əzəldən uymadım şöhrətə, vara,

Tutmadım yönümü yad qapılara.

Neçə yol arxadan aldığım yara,

Namərdə, satqına kəc olmağımdır.

 

Yaş ötdükcə, ömrünün bu 70 ilinə qədəm qoyanda da Firudin Qurbansoyun dəyişməz, sabitqələm, biriya olduğunun şahidi olursan. Bəli, ömrün baharından göz doymamış, qış kimi üstümüzü alan, qapıdan içəri buraxmasan belə, bacadan özünü içəri salan 70 yaşa qədəm qoyur əzizim Firudin müəllim.

Acısı, şirini, rəhmi, zilləti, enişi, yoxuşu olan zamanın təbiəti Firudun müəllimi öz yolundan, öz əqidəsindən döndərə bilmədi. Əyilməzlik, ədalət, ağa ağ, qaraya qara demək həyat dostu oldu onun. Öz qələmi, bənzərsiz yazıları ilə çiçəkli torpağa, ulduzlu göyə, vurğunu olduğu el-obasına, vətəninə, millətinə, xalqının şəninə, günü-gündən füsunkarlaşan bu möhtəşəm gözəlliyə nəğmələr söylədi.

...Keçən əsrin 80-ci illərinin sonu idi. Dahi dramaturq Cəfər Cabbarlının 90 illik yubileyi respublikada qeyd olunurdu. Azərbaycan Dövlət Televiziyası dahi sənətkarın Bakıdakı ev-muzeyindən veriliş hazırlayırdı. Televiziyanın səyyar kameraları muzeydə qurulaşdırılmışdı. Ədəbi-dram verilişləri baş redaksiyası böyük bir veriliş hazılayırdı. Verilişin müəllifi, ustadım - ədəbi-dram verilişləri baş redaksiyasının ədəbiyyat şöbəsinin müdiri, yazıçı-jurnalist Firudin Ağayev məni də şeir söyləmək üçün muzeyə dəvət etmişdi. Öncədən, həmin tədbir üçün C.Cabbarlının "Ana" şeirini hazırlamışdım. Muzeyə gələndə dramaturqun qızı, muzeyin direktoru Gülarə xanım Cabbarlı ilə rastlaşdım.

"Ana" şeirini söyləyəcəyimi eşidincə çox sevindi. Mən həyətdə var-gəl edərək uca səslə şeiri təkrarlayırdım. Bu zaman bir nəfər mənə yaxınlaşdı və şeiri təkrar söyləməyi rica etdi. Şeiri söylədikcə o, mənim ifama düzəlişlər edir, məsləhətlərini verirdi. Nəhayət ki, şeiri o dediyi tərzdə, əruz vəznində söylədim. Vəzn də, diksiya da öz yerində idi. Sonra özünü təqdim etdi. Bəli, o, muzeyin əməkdaşı, gözəl qəlbli insan, jurnalist-yazıçı Firudin Qurbansoy idi. Hər zaman bu şeiri söyləyəndə onun məsləhətləri yadıma düşür və o anları xüsusi minnətdarlıqla xatırlayıram. O zamandan etibarən, Firudin Qurbansoyla dostluğumuz, işbirliyimiz başladı. Onun dərc olunan hər bir yazısını, çap olunan bütün kitablarını oxuyur, fikirlərimi onunla bölüşürdüm. Ona, həmçinin, bir müəllim kimi baxırdım. Əruzu mənimsəməyimdə, dram səhnəciklərinin, librettoların yazılma qaydalarını da mənə izah etməkdə əməyini əsirgəməyib.

Sonralar dəfələrlə ədəbi-mədəni tədbirlərdə iştirak etdik. Neçə-neçə səhnəni, televiziya və radio verilişlərini bölüşdük. Müəllifi olduğum verilişlərin, tədbirlərin iştirakçısı oldu. Bir yerdə televiziya verilişlərində tərəf müqabili qismində də iştirak etdik.

Hər il həm Bakıda, həm də Xızıda böyük şairimiz Mikayıl Müşfiqin doğum və anım günü tədbirlərində birgə iştirak etdik.

Firudin Qurbansoyun ədəbi-bədii, elmi, publisistik yazıları ilə bərabər, astronomiya elminə dair fikirləri, yanaşmaları, yazıları da daim diqqətimdən kənarda qalmırdı.

Onunla həmsöhbət olmaq çox maraqlıdır. Hərtərəfli, ensiklopedik biliyə, güclü təhlilə, araşdırmaya qadir Firudin Qurbansoyla hər bir görüş, hər söhbət, hər müsahibə daim maraqlı qarşılanır, yaddaşlara köçür. Gözəl insani xüsusiyyətlərə malik Firudin müəllim təmənnasız, xeyirxah insandır. Hər zaman insanların köməyinə tələsir, əlindən gələn köməkliyi kimsədən əsirgəmir.

Bu insan, dahi Nizami, Füzuli, Seyid Əzim Şirvani, Cəfər Cabbarlı, Mikayıl Müşfiq vurğunudur. O, müasir Azərbaycan və dünya ədəbiyyatına yaxından bələddir. Ömrünü sözün əsl mənasında ədəbiyyatımızın, elmimizin inkişafına həsr edib...

Məncə, bu yerdə hörmətli oxucularıma Firudin Qurbansoy haqqında avtobioqrafik məlumatların çatdırılmasının tam zamanıdır.

Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü tanınmış yazıçı, ssenarist, publisist, tərcüməçi, pedaqoq, alim, ictimai xadim Firudin Əliağa oğlu Qurbanov (Firudin Qurbansoy) 1954-cü il fevral ayının 10-da Bakı şəhərində, Azərbaycan elminə, ədəbiyyatına, mədəniyyətinə böyük ziyalıları - Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Məmməd Akif Dadaşzadə, Seyfəddin Dağlı, Zeynəb Xanlarova, Hacıağa Nəzərli, Nəcəf Rasim, Mehdi və Ələkbər Nəzərli qardaşları, Seyfəddin Dağlı, Bəybala Abbasov və digərlərini bəxş edən məşhur Dağlı məhəlləsində dünyaya göz açıb. Yasamal rayonu, C.Cabbarlı adına 161 ¹li orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.

70 illik ömrünün 50 ilini Azərbaycan ədəbiyyatının, mətbuatının, elminin, bütövlükdə mədəniyyətimizin inkişafına həsr edən F.Qurbansoy 100-dən artıq elmi məqalənin, bədii, publisistik yazının, felyeton, satirik hekayə, oçerk, povest, 100-ə yaxın kitabın, 4 monoqrafiyanın müəllifidir.

İlk yazısı 1968-ci ildə "Kirpi" jurnalında dərc olunub. Sonralar yazıları "Pioner" jurnalında "Azərbaycan pioneri" qəzetində, Azərbaycan Jurnalistlər İttifaqının mətbuat orqanı olan "Müxbir" jurnalında işıq üzü görüb. Ədəbi yazıları, oçerkləri "Ədəbiyyat", "Bizim əsr", "Naş vek" qəzetlərində, "Azərbaycan" jurnalında, bir çox ədəbi-almanaxlarda da yer alıb. Yazıları, əsasən, klassik ədəbiyyat, XX əsr Azərbaycan ədəbiyyatı, eləcə də Cəfər Cabbarlı və Mikayıl Müşfiq yaradıcılığı ilə bağlıdır.

F.Qurbansoyun ssenarisi ilə AzTV, Lider TV və "İnter.Az" televiziyasında 30-a yaxın film çəkilib.

Onun ssenarisi ilə "Aləmdə qalan səs", "Səbirli adamın fəryadı", "Sonuncu orden", "Yenə o bağ olaydı", "Dağlı çörəyi" filmləri nümayiş etdirilib. Onun müəllifliyi ilə "Canım qırat, gözüm qırat" Abdulla Şaiq adına Kukla teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin astanasında", "Oxu tar" Muğan teatrında, "Dədə Qorqud sorağında", "Haray" pyesləri ayrı-ayrı teatrlarda səhnələşdirilib.

"Çanaqqala" mövzusunda Türkiyə Dəyanət Vaqfının, eləcə də Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi müsabiqənin qaliblərindən olub.

Firudin Qurbansoyun ərsəyə gətirdiyi "Azərbaycana göndərilmiş peyğəmbərlər" kitabı respublikada ilk olmaqla, xüsusi şöhrət qazanıb.

Onun müəllifliyi ilə "Sevgilini tanı, tanıdığını sev", "Xəzinə tapmağın sirləri", "Ulduz elmi" kitabları, "Mirzə Əbdülqadir Vüsaqi" monoqrafiyası çap olunub. "Muğamsevərlərə töhfə", "Nizami Gəncəvinin həyat və yaradıcılığı" haqqında, "Xızır Peyğəmbər", "İmadəddin Nəsimi Şirvani" adlı kitabları, "Müşfiqnamə" monoqrafiyası, məqalələr, neçə-neçə bədii əsəri çap olunmaq mərhələsindədir.  O, neçə-neçə tarixi sənədi orijinaldan dilimizə tərcümə edib.

Bununla yanaşı, F.Qurbansoy Azərbaycan əruzunun notoqrafiyasını, klassik Azərbaycan muğamlarının əbcəd notoqrafiyasını hazırlayıb.

Müxtəlif dövrlərdə Cəfər Cabbarlının ev-muzeyində, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda çalışıb.

O, həyatının çox hissəsini gənc nəslin tərbiyəsinə həsr edib. Müxtəlif illərdə "Qızlar" seminariyasında "Jurnalistikadan", Bakı Dövlət Universitetində " İslam mədəniyyəti", "Sufizm", "Nitq mədəniyyəti", "Politologiya" fənlərindən, həmçinin digər ali məktəb ocaqlarında müxtəlif fənlərdən dərs deyib. O, 2008-ci ildən bu günədək Azərbaycan Milli Konservatoriyasında Humanitar fənlər kafedrasının müdiri vəzifəsində çalışır.

F.Qurbansoy filologiya üzrə fəlsəfə doktoru, dosentdir.

Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatlarının laueratıdır. O, "Könüllülər" Kitabxana İctimai Birliyinin və Cabir Novruz Mədəniyyət Fondunun fəxri fərmanları ilə təltif olunub

Bütün bunlarla yanaşı, o, respublikanın ədəbi mühitində, ictimai-siyasi həyatında da fəallıq göstərir. F.Qurbansoy 2003, 2008, 2013, 2018, 2024-cü il Prezident seçkilərində, 2009 və 2016-cı ildə keçirilən Azərbaycan Respublikasının Referendumlarında, Milli Məclisə keçirilən bütün seçkilərdə fəallıq göstərib, iqtidarın siyasətini hər zaman dəstəkləyib.

F.Qurbansoy həm də iman-ibadət əhlidir. İki dəfə Həcc, iki dəfə Ümrə ziyarətində olub. Dini mövzuda neçə-neçə yazı dərc etdirib.

Firudin Qurbansoy bu gün də gənclik həvəsi, sövqü ilə yazıb-yaradır. Bu yolda ona sağlıqlı uzun ömür, yeni-yeni sənət uğurları arzulayıram.

İnanırıq ki, Firudin Əliağa oğlu Qurbansoyun (Firudin Qurbansoy) respublikamızın ədəbi, ictimai-siyasi həyatındakı rolu, Azərbaycan ədəbiyyatının, mətbuatının, televiziya və radiosunun inkişafındakı xidmətləri, həmçinin, elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndiriləcək.

Firudin Qurbansoyun sevdiyi və hər zaman təkrar etdiyi Mikayıl Müşfiq misraları ilə yazıma nöqtə qoyur və yubilyarı təbrik edirəm.

 

Xəlqilə titrəyən, xəlqilə gülən,

Vətənçün yaşayan, vətənçün ölən

Səmimi bir insan nə bəxtiyardır.

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet . 2024.- 14 fevral, ¹(28).- S.13.