Səhv etmək hər kişinin, səhvi
etiraf etmək ər kişinin işidir
ŞAİR MƏMMƏD İSMAYILA AÇIQ MƏKTUB
Əzizim Məmməd müəllim,
Bu, mənim sizə ünvanladığım ikinci
açıq məktubdur. "Sabir Rüstəmxanlı
söhbətləri" silsiləsindən çox
maraqlı, ürəkdən gələn, səmimi,
açıq söhbətiniz və söhbətinizə
istinadən Xalq yazıçısı Anarın "Etiraf -
böyüklük və cəsarətdir" məqaləsini
oxuyaraq yazmaq qərarına gəldim. Nədənsə göz
önünə görkəmli alimimiz Əziz Mirəhmədovun
acı və açıq etirafı gəldi. Əziz müəllim
akademik Həmid Araslının "Azərbaycan ədəbiyyatı:
tarixi və problemləri" kitabına (Bakı, Gənclik,
1998) yazdığı "Müəllifi, onun taleyini
düşünərkən" adlı ön sözdə
xüsusi vurğulayırdı: "Doğrusu, indi müəllimimi
anarkən məni həm ayrılıq dərdi
bürüyür, həm də... xəcalət. Ay gidi
dünya, sən başımıza nə işlər gətirmədin?!
Bilsəydin səndən necə gileyliyik!..
Hərki-hərki, özbaşınalıq,
duz-çörək qədri bilməmək, ustadlar
üzünə ağ olmaq, ifşaçılıq, dəhşətli
təqiblər, hətta terror qurbanları görmək. Daha nələr,
nələrin şahidi deyilik?
Məktəb və institut müəllimlərimizin bir
çoxu kimi, Həmid müəllim də illər boyu
hücumlara giriftar olmuşdu. Nə gizlətmək, vaxtilə
onu kosmopolitlər cərgəsinə salmağa məcbur edilənlərdən
biri də bu sətirlərin o zamankı
"üzüyola" müəllifi idi.
Bu acı sözlər, bu açıq etiraf
üçün oxucudan üzr istəyirəm".
Görəsən, Əziz müəllim bilirdimi ki, bu
etirafı onu oxucu gözündə ucaldacaq? Görəsən,
bu böyük alim bilirdimi ki, səhv etmək hər
kişinin, səhvi etiraf ər kişinin işidir?
Mən sizin etirafınıza bu müstəvidən baxır
və yüksək qiymətləndirirəm.
Ulu öndərimizlə bağlı etirafınız
bir dünyadır. Heydər Əliyevin möhtəşəm
obrazına bir naxış da siz əlavə edibsiniz. Siz
yaxşı bilirsiniz ki, Heydər Əliyev qələm sahiblərini,
onların yaradıcılığını necə yüksək
qiymətləndirirdi, yazıçı və şairləri
dilin qurucuları adlandırırdı. Onu da bilməmiş
deyilsiniz ki, Heydər Əliyev hakimiyyətə gələnə
qədər yalnız Üzeyir bəyin ev-muzeyi və Səməd
Vurğunun heykəli mövcud idi. Bütün sənət
adamlarının muzeyləri onun vaxtında yaradıldı,
heykəlləri onun vaxtında ucaldıldı. Heydər
Əliyev Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul
Rza və Mirzə İbrahimovun Sosialist Əməyi Qəhrəmanı
kimi çox yüksək ada layiq görülməsinə nail
olmuşdu.
Mən hələ qürur mənbəyimiz, musiqi aləminin
korifeyləri Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi və
Rəşid Behbudovu demirəm.
Məmməd müəllim, məlumdur ki, Mirzə
İbrahimov 1954-1958-ci illər arası Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin sədri kimi yüksək vəzifədə
işləmiş və həmin dövrdə AKP MK-nın
birinci katibi olmuş İmam Mustafayevlə bərabər,
"millətçi" damğası ilə Sovet
İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin
Siyasi Bürosunun qərarı ilə işdən
çıxarılmışdı.
Mirzə müəllimə Sosialist Əməyi Qəhrəmanı
kimi yüksək ad verdirmək sözün həqiqi mənasında
özü qəhrəmanlığa bərabər idi. Təkcə
bu fakt kifayətdir ki, Heydər Əliyevin
böyüklüyü barədə təsəvvür
yaransın.
Sizin haqqınızda necə böyük fikirdə
imiş. Təkcə sizinmi?
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
poeziyada Nüsrət Kəsəmənli, Çingiz
Əlioğlu, Sabir Rüstəmxanlı, Siz və əyalətdə
Musa Yaqub dövrü başladı.
O vaxt Sabirin cəmisi 23, Çingiz və Nüsrətin
25, Sizin 30 yaşınız vardı. Gündəlik məişət
qayğıları sizi boğsa da, arzuların qanadlarında pərvazlanır,
göylərlə əlləşirdiniz. Doğrudur, Nəriman
Həsənzadə, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram və
Fikrət Qocadan sonra bir az çətin oldu. Lakin bir-birinizin bəhsinə
girərək yazıb-yaratdınız, əməlli-başlı
tanınmağa başladınız. Siz dostlarınıza nisbətən
daha yüksək vəzifələrə layiq
görüldünüz. Bir müddət
"İşıq" nəşriyyatının direktoru
oldunuz. Daha sonra "Gənclik" və "Molodost"
jurnallarının baş redaktoru kimi şərəfli vəzifəyə
layiq görüldünüz.
Bu vaxt artıq dördümüz də
adlı-sanlı, sevilən və etiraf edilən şairlər
idiniz.
Sabir Rüstəmxanlı ilə yaxın dost idiniz.
Şeirləşirdiniz, biri-birinizə həcvvari misralar
ünvanlayırdınız. Əsl poeziya nümunələri
olan deyişmələrinizdə incə yumor da, tənqid də,
həqiqət də vardı. Misralarınız indi də
yaddaşımdadır.
Neçə gündü, cavabında "bəli"
yox,
Gözəl görsə, onun kimi dəli yox.
Bizə çatsa, yaxşılıqda əli yox
Allah kəssin insafını Sabirin!
Sabir müəllimin cavabı özünü çox
gözlətmədi:
Öz sözümdən yapışıbdı,
sözüm yox,
Ürəyində bir günlüyə dözüm
yox.
Dilə düşdüm, dil açmağa
üzüm yox
Allah kəssin peşəsini Məmmədin.
Məmməd müəllim, Siz "Gənclik" dərgisini
şöhrətləndirən vaxt Sabir Rüstəmxanlının
Sizə həsr etdiyi şeiri və Sizin cavabınız bir
dünyadır.
Burada Sabir müəllimin "Ustad dərsi" kimi səslənən
iki bəndini verirəm:
Heç uymazdı bu dünyanın felinə,
Onu gözə gətirməsəm yaxşıdı.
Qoca vaxtı "Gənclik" keçib əlinə
Yerişini itirməsə yaxşıdı.
Özü üçün Koroğlutək
döyüşüb,
Mən qardaşam, deyəmmərəm nə işim.
İlhamını şöhrətinə dəyişib
Qələmini yatırmasa yaxşıdı.
Siz nə yerişinizi itirdiniz, nə də ilhamı
şöhrətə qurban verdiniz. Gənclik həvəsilə
yazıb-yaratdınız.
Abbas Mirzə Şərifzadə adına Aktyor evində
80 illik yubileyinizi keçirəndə necə sağlam, necə
gümrah idiniz. Məclisi aparan Xalq şairi Rüstəmxanlı
şərait yaradırdı ki, özünüz tez-tez
çıxış edəsiniz, şeirlər deyəsiniz.
Cavanlıq həvəsi və enerjisi ilə şeirlər
deyirdiniz. Mənim də çıxış etdiyim həmin
unudulmaz məclisdə əksər
yazıçılarımız, şairlərimiz,
ziyalılarımız, poeziyasevərlər iştirak edirdi.
Zalda boş yer yox idi. Çox adam ayaq üstə
qalmışdı.
Bu, sizin yaradıcılığınıza verilən
qiymət və məhəbbət idi.
Lakin buna qədər çox sular axmışdı.
Hamımız sovet quruluşunun
dağılmağını ürəkdən
alqışlayırdıq. Sovet sistemi süquta gedəndə
keçid dövrü başladı. Yadımda deyil, ya yəhudilərin,
ya da qədim çinlilərin qarğışı var:
"Görüm səni keçid dövründə
yaşayasan".
Keçid dövründə milli-mənəvi dəyərlərə
qədər hər şey qiymətdən düşür,
tapdalanır, hərc-mərclik başlayır. İnsanlar
çaşbaş qalır. O vaxt bir çox adlı-sanlı
alimlərimiz, qələm sahiblərimiz qardaş Türkiyədə
rahatlıq tapdılar.
Siz qəhrəman Çanaqqala şəhərindəki
Atatürk Universitetini seçdiniz. Bir qərinəyə qədər
orada müəllim, sonra isə professor kimi ölkələrimiz
arasında ədəbi-mədəni və elmi əlaqələrin
möhkəmlənməsinə əmək sərf etdiniz. Bu
dövr ərzində mətbuatımızda bəlkə də
ən çox çap olunan qələm sahiblərindən
biri siz oldunuz.
Siz eyni zamanda Azərbaycan ədəbiyyatının
qardaş Türkiyədə təbliği və
yayılmasında xidmətlər göstərdiniz. Qürbət,
qəriblik həyatı yaşadınız.
Qardaşım, uzun müddət xaricdə işləmiş
bir adam kimi, deyə bilərəm ki, ən saf, ən pak hiss Vətən
üçün qəribsəyən insanların hissidir.
Çap olunan şeirlərinizdən aydınca hiss olunurdu ki,
bu ülvi hiss qəlbinizə hakim kəsilib. Sevindirici
haldır ki, qardaş Türkiyədə
çalışdığınız illərdə bu müqəddəs
hiss Sizi heç vaxt tərk etmədi, doğma el-obaya, vətənə
möhkəm tellərlə bağladı. Azərbaycan adını
həmişə uca tutdunuz, ürəyiniz Azərbaycanla
döyündü.
Bu yazım Sizin etirafınızla bağlıdır.
Yazıçıların qurultayında görkəmli qələm
sahibləri ilə qucaqlaşıb hal-əhval tutduğunuzu,
odlu-alovlu çıxışınızı, əzbərdən
gözəl şeirlər deməyinizi bugünkü kimi xatırlayıram.
Onu da xatırlayıram ki, Yazıçılar Birliyində bəzi
əyər-əskiklikdən söz açdınız.
Yüksək amallar şairindən bunu eşitmək təəssüf
doğurdu. Lakin "sapı özümüzdən olan
baltalar", özgə dəyirmanına su tökənlərin
sevincinə səbəb oldu.
Məmməd müəllim, Sabir Rüstəmxanlı
ilə söhbətiniz və etirafınız anlayanlar
üçün həyat dərsidir, örnəkdir.
Bu məqamda 4 iyul 2014-cü il tarixdə "Ədəbiyyat
qəzeti" və "525-ci qəzet"də Sizə
ünvanladığım "Açıq məktub"u yada
salmaq istəyirəm. Yaradıcılığınızdan
geniş söhbət açmışdım. Qurultaydakı
çıxışınızla bağlı
giley-güzarım da olmuşdu.
Son cümləm belə idi: "Məmməd müəllim,
inanıram ki, bir gün müsahibələrinizin birində təəssüf
doğuran yanlışlığa başqa mövqedən
münasibət bildirəcəksiniz. Bunu bir eloğlu kimi
çox arzulayıram".
Sevinirəm ki, müdrikliyiniz sayəsində dediklərim
yerini aldı.
Məmməd müəllim, Azərbaycanın poeziya
hüdudlarını yararaq beynəlxalq aləmə
çıxan görkəmli şairimiz kimi, sözü ilə
əməli üst-üstə düşən bütöv
şəxsiyyət kimi hər cür (Bunu mən Sizə həsr
etdiyim "Taleyinə boyun əyməyən şair" məqaləmdə
təfsilatı ilə vermişəm) ehtirama layiqsiniz. Sizə
qədrini itirəndən sonra bildiyimiz möhkəm
cansağlığı və gümrahlıq diləyirəm.
Qənirə PAŞAYEVA
Qənirə PAŞAYEVA Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
525-ci qəzet . 2024.- 14 fevral, №(28).- S.12.