HAYAN OLMAQ
ÜÇÜN GƏLƏN
Dünyada çəkisi olmayan heç nə yoxdur. Hər
nəsnənin həm gerçək anlamda, həm məcazi mənada
öz ağırlığı var. Hətta ruhun da çəkisi
olmamış deyil və bu yerdə dolayısı ilə
çəkini yox, elə birbaşa ağırlığı
nəzərdə tuturam. Çünki mötəbər elmi
yazılarda oxumuşam ki, belə təcrübələr
edilib - ölüm astanasında olan adamların qramın
neçədə birinədək dəqiq vəzni müəyyənləşdirilib
və sonra onları canlarını tapşırandan
sonrakı anlarda da çəkiblər. Bəlli olub ki, bədəndən
ayrılan canın da, təbii ki, adi tərəzilərin tuta
bilməyəcəyi, amma hər halda müəyyən çəkisi
varmış.
Möcüzün söz və vicdan tariximizdəki
çəkisi ağırdır, həddən ziyadə
ağırdır. Ömrü və sözü bu cür olan
ikicə şairimiz, iki qəhrəmanımız var: Sabir və
o. Biz hələ Möcüzçün onun bu millət
üçün etdiyi qədərini edə bilməmişik.
Hərçənd sual qoyurdu ki: "Möcüz yatıb
ayılsa, hesab istər, istəməz?", o, xələflərdən
heç nə uman deyil. Bu millətçün çəkiyəgəlməz
işini təmənnasız görərək gün görmədiyi
dünyadan gedib. Ancaq ürəyi buradadır. Ona ehtiyac olduqca
qayıdır....1945-ci ilin sonlarında işıq üzü
görmüş bu toplu çox mətləblərdən
danışa bilən yadigardır. O iləcən heç vaxt
belə bir məcmuə tərtiblənməyib ki, içərisində
bu qədər təbrizli şairin, güneyli söz
ustasının, onların da yanında quzeyli qələm
qardaşlarının şeirləri sıralansın...
Və bu toplu o günlərdə işıq
üzü görüb, insanlar arasında o çağlarda
yayılmağa başlayıb ki, Təbriz, bütün
Güney, bütün azərbaycanlılar səadətlə
doluydular - Təbrizdə Milli Hökumət qurulmuş,
İstiqlal bayrağı qaldırılmışdı. O məsud
günlərdə ki, cənublu Mir Mehdi Etimadın (1900-1981)
sözlərinə şimallı Cahangir Cahangirovun (1921-1992) bəstələdiyi
himn hər səslənişində oxuyanlarda da, dinləyənlərdə
də qəhərli sevinc oyadırdı, bu "Şairlər
məclisi" toplusu da həmin yüksək ovqata ayrı zərif
xal, əlavə nəfis naxış kimiidi. O topluda şeirləri,
yazıları dərc edilmişlərin biri də artıq həyatda
yoxdur. Ancaq vərəqlədikcə onlar özləri də,
axarında olduqları təlatümlü günlər dəbugünə
qayıdır. Amma həmin toplu həm də Mirzə Əli
Möcüzün qüdrətli şair olaraq Azərbaycan
insanına böyük qayıdışının
başlanğıcının tarixidir. Ömrü uzunu bircə
dəfə də bircə misra ilə də təqdir edilməmiş,
öyülməmiş Möcüz ilk dəfə bu topluda
qovuşan şeirlərdə ürək dolusu tərif
edilirdi. O çağın cavan şairlərindən Müzəffər
Derəfşinin (1924-2014)"Möcüzə" adlı
şeiri belə başlanırdı:
Elədin möcüzələr öz qələminlə
icad,
Ey olan cövr-isitəmdən ürəyi qan,
Möcüz.
Heyf ola, olmadı bir ləhzə sənin qəlbin
şad,
Öz həyatın boyu qıldın acı əfqan,
Möcüz.
Ardınca Mirbağır Niknamın (1921-1946) şeiri
gəlirdi - "Şəbüstərdə". 1945-ci il
oktyabrın 5-də təbrizli-bakılı ədiblərin
Şəbüstər səfərinin təsiri ilə
yazılıb bu şeir:
Məram-ipakinə qurban, sevimli şairimiz,
İtirsə cismini torpaq, itirmərik səni biz.
Əslində bu, bir and idi, yalnız Niknamın, onun
sağında-solundakı qələm dostlarının deyil,
bütün güneylilərin andı idi ki, Möcüz bundan
sonra ölməyəcək, onu itirməyəcəyik, onu
yaşadacağıq:
Məzarın içrə pək asudə yatginan,
Möcüz,
Sənin kimi baxırıq sevdiyin nigarinə biz.
Sevdiyin nigarına, yəni vətəninə, sənin
sevimli yurduna biz səndən də artıq məhəbbətlə
baxacağıq, onu qoruyacağıq, yaşadacağıq,
ucaldacağıq. Belə əzizləyici sözlər həmişə
şirindir, amma Güneydə ürəklərinistiqlal intizarı
çırpındığı o çağlarda bu sözlərin
dadı da, ahəngi də tam başqa idi (Niknamın o
şeiri yazdığı vaxt 24 yaşı vardı. O,
hürriyyət sevincini ürək dolusu yaşayanlardan olacaq və
nə acı ki, 1946-nın 21 azərində Milli Hökumətin
devrilməsindən sonra şahlıq rejiminin
başlatdığı irticanın qurbanlarından biri də
bu gənc şair olacaq. Kim bilir, bəlkə gün gəldi
ki, Niknamın həmin şeirində Möcüzə
müraciətlə yazdığı bu misraları qəlbi
atəşli soydaşları elə onun özü
üçün oxudular:
Sitəmgərin sitəmindən Vətən olub azad,
Nə indi vardır əsarət, nə qeyd-i istibdad.
Bu qəlbimiz kimi ruhun cahanda olsun şad,
Ziyarətə gələrik bil yəqin məzarinə
biz.
Heç bilmirəm o vaxt dar ağacından
asılmış zavallı Niknamın məzarı
qalırmı?)
Ardınca ahıl Təbriz şairlərindən olan
Hüseyn Səhhafın (1906-1985) "Möcüzün
ruhuna" adlı şeiri gəlirdi:
Ey şair-işirinzəban! Ey fəxr-iAzərbaycan!
Şəhbaz-i ovc-i eşqsən, ey Möcüz-i
xüldaşiyan!
İsm-işərifindir Əli, "Möcüz"
təxəllüsdür sənə,
Olmaz dəxi bir kimsəyə bundan gözəl
nam-inişan.
Şairlər məclisinin nisbətən yaşlı
üzvlərindən olmuş Əli Fitrətin (1890-1948)
Möcüzə həsr etdiyi "İthaf" adlı
şeir də var bu topluda:
Ey verən qəlbimə səfa Möcüz,
Səndə var Gün kimi ziya, Möcüz,
Diridir hər zaman sənin namin,
Ey fənadən tapan bəqa Möcüz.
Göstərir şərh-i halini əsərin
Ki, nə qədri çəkib bəla Möcüz.
Arizu eylərəm olaydın kaş,
Biz ilə sən də həmsəda, Möcüz.
Güneyli söz ustalarının Möcüz və
yurdu Şəbüstərə həsr etdiyi şeirlər
silsiləsini cavan şair Yəhya Şeydanın (1924-2011)
Möcüzə nəzirəsi davam etdirir:
Götür ey mütrib-itənnaz ələ tari, səni
tari,
Bəlavü qüssədən qurtar mən-izari, səni
tari,
...Qurtar bu mətləbi, Şeyda, səni Möcüz
edib coşqun,
Tapılmışdır zamanında xiridarı, sənitari.
Və bu axırıncı sətirdə həmin
çağın Möcüzün şair taleyinə aid bir həqiqətisərrast
ifadəsini tapıb - doğrudan da həmin günlərdə
Möcüz o vaxtacan yaşamış olduğu ömrün,
sonra isə yaddaşlarda davam edən həyatının ən
məsud mərhələsinə gəlib yetişmişdi -
çünki ilk dəfəydi ki, xalis xiridarlarının əhatəsində
idi, çünki birinci kərəydi ki, layiqli qiymətini verənlərin
məhəbbətinə bürünmüşdü.
...Həmin Şəbüstər səfəri
zamanı Möcüzün niyə günlərin birində tələm-tələsik
bu qəsəbəni tərk etməsi barədə eşitdiyi
bir əhvalatı da Ənvər Məmmədxanlı
(1913-1990) xatırlayır və danışdıqca
düzü yazan qələm adamının niyə həmişə
başının qeylü qallı olmasına heyifsilənirdi.
Bu hekayəti orada, hələ Möcüz toplantısı
keçirilməzdən əvvəl, şairin bir vaxtlar
yaşamış olduğu məhəlləni gəzərkən
köhnə qonşuları söyləmişdi. Deyiblərmiş
ki, Möcüz buradan çıxıb gedəndən xeyli
sonra da evi boş qaldı, o həyətə yaxın
düşən olmadı. Çünki mollalar səs
yaymışdılar ki, həmin ev lənətlənib, kim
orada yaşasa, müsibətlərə mübtəla olacaq,
çünki bu adam kafirdən də betərdir, onun zəhərli
nəfəsi dəyən yerdə yalnız ilan-çiyan olar,
ora xaraba qalmalıdır. Avam camaat da inanmışdı,
çünki bu sözlərin qorxulu müqəddiməsi də
olmuşdu.
Möcüz məmləkəti geri çəkən,
insanları incidən, cəhalətə rəvac verən nəyi
görürdüsə, qırmanclayırdı.
Yazdıqları əllərdə dolaşırdı, əzbərlənib
söylənirdi və yayılırdısa, oxuyan-bilən ləzzətlə
oxuyurdusa, yazı-pozu bilməyən canına
yayıla-yayıla dinləyirdisə, yadda saxlayırdısa,
başqalarına da ötürürdüsə, demək, bu
sözlər hamının ürəyindən idi, ancaq nəinki
Möcüzə qoşulmaq, hətta bütün bu
oxumaları, eşitmələrini də xəlvəti edirdilər
ki, kimsə duyuq düşüb onları hökumətə,
ruhanilərə satmasın.
Məhərrəmlik olurdu, camaat
ağlayıb-sıtqayıb baş yarırdı,
Möcüz rişxənd edirdi:
O başdan ki, axar hər sal (il - R.H.) min misqal qan, ey
qafil,
O başda əql qalmaz, Möcüz, Allaha and olsun!
Möcüz qılıncın tiyəsi üstündə
addımlayırdı. Anlayırdı hansı mühit
içindədir, dərk edirdi ki, bu qaranlıqda sözü
belə deməyin düşər-düşməzi mütləq
olacaq və bunu da başa düşürdü ki, onu hökumətin
əleyhinə yazdıqlarından daha əvvəl xurafata
sataşdığı şeirlərinə görə vura bilərlər,
ancaq gözlərini qan örtmüşdü, o meydana şəhid
ola biləcəyindən çəkinməyərək
atılmışdı.
Müsəlmanlar inanmaz gər deyəm, "Quran"ə
and olsun!
Vətən xeyli müqəddəsdir, qanan insanə
and olsun!
Cahanda yoxdu bir qiymətli şey can-i əzizimdən,
Cəhalətdir bizim məbudimiz (ibadət etdiyimiz,
ilahımız - R.H.),
bu canə and olsun!
Əbülfəzlə yalandan and içəmməz
bir nəfər kəndli,
Deyər şəst ilə əmma:"Xaliq-i
Sübhanə and olsun!"
O şəraitdə ki Möcüz bu sözləri
deyirdi, onları yazmaq və dilə gətirmək hər
oğulun işi deyildi. Deməyinə düz deyirdi, fəqət
belə düzü orada açıq deməzdilər axı!
İttiham edirdi ki, siz yalan sözünüzün
doğruluğunu təsdiq etməkçün Həzrət
Abbasın qənim olacağından qorxaraq ona and içməzsiniz,
amma Allahın adını tutub bunu tərəddüdsüz
edirsiniz. Deməli, Pərvərdigara inamınız
dasaxtadır - bu şapalağı Möcüzə
bağışlayardılarmı?!
Həm də Möcüzün işi tək
axundla-mollayla deyildi axı, onun bir çox yazdıqlarından
inqilab havası gəlirdi. O, ya buralardan baş
götürüb getməyə, ya da zülmə dözməyib
mübarizəyə qalxan digər xalqlar kimi baş
qaldırmağa çağırırdı:
Doydu istibdaddən türk ü firəng ü rum, rus,
Doymayır bilməm niyə iranlı istibdadidən?
Həm də bunu bir demir, iki demirdi, sadəcə,
işarə ilə, him-cimlə bəyan etmirdi, hökmlə
car çəkirdi:
Möcüz, İranda inqilab olacaq!
Köhnə kaşanələr xərab olacaq.
Köhnəlik qan ilə xizab
(tünd-qırmızı rəngə boyanacaq - R.H.)
olacaq,
Çünki xəlq bu zəmanə maildir.
Bir dəfə hədələdilər, iki dəfə
qorxutmaq istədilər, üç dəfə əzişdirdilər,
faydası olmadı, susmadı Möcüz.
Və bir gün Möcüzün "Ya Rəbb"
rədifli şeiri Şəbüstərin axundunun əlinə
düşəndə o, daha dözmür, bir az da qəti hərəkətə
keçir: "Sənə iki gün möhlət verirəm,
külfətinlə bərabər Şəbüstərdən
rədd olub get, qalsan, özündən küs".
(Həmin şeirin də məzmunundan anlaşılan
budur ki, belə əlhaya düşməkdə,
görünür, mollabaşıya göstəriş
xüsusi xidmətlərdən gəlibmiş, çünki
Möcüzün ruhaniliyi tənqid atəşinə tutan
şeirləri əvvəllər də olmuşdu, amma ona
heç vədə bu təhərbaşılovlu həmlə
edilməmişdi:
Təğyir əgər verməyəcək xülqinə
(xasiyyət, təbiət - R.H.) xəlqin,
Pəs fəlsəfe-yi din nədi, ərkan nədi, ya
Rəbb?
Gər qorxudur ayat-i cəhənnəm bizi, pəs bu,
Əmniyyə vü nəzmiyyə vü ajan nədi,
ya Rəbb?).
O gün - 1945-ci ilin 5 oktyabrında Təbrizdən gələn
güneyli-quzeyli şairlər dəstəsi ilə
görüşdə şəbüstərlilər bu təfərrüatı
da xəbər veriblərmiş və Ənvər müəllim
də yaddaş dəftərində apardığı
qeydiyyata əsasən həmin qəziyyəni belə
nağıl edirdi ki, Şəbüstərin baş mollası
şairə hərbə-zorba gələrək qəsəbəni
təcili tərk etməsi tələbini kəskinliklə
qoyanda Möcüz qayıdıbmış ki, nədir, getməsəm,
məni öldürəcəksiniz? Əvvələn, mən
ölümdən qorxmuram, ikincisi də, bunu etsəniz,
hay-küyü aləmə yayılacaq, daha artıq biabır
olacaqsınız. Molla da dillənir ki, əstəğfürullah,
səni biz niyə öldürürük ki! Sənin
özün kimi ilan-çiyan Şəbüstərdə
azdırmı? Əfi ilana oxşayan sözlərinə
yaraşan əsl ölüm səni əqrəblərin,
ilanların sancıb öldürməsidir ki, inşallah, o
payını da alarsan.
Elə həmin gecə Möcüzün
komasının damına və həyətinə içi
ilanla dolu iki kisə atırlar. Səhərə yaxın
zövcəsinin çığırtısına hövlnak
yuxudan oyanan Möcüz anlayır ki, bunlar ki belə
başlayıb, həqiqətən, daha buralarda qalmaq
mümkün deyil, yükünü-boğçasını
götürüb Şahruda, bacanağının yanına pənah
aparmağı qət edir.
Mirzə Ələkbər Sabirin üstünə
tapança çəkib onu sarsıtmışdılar, Mirzə
Əli Möcüzün üstünə ilan buraxaraq onu
hövlləndirdilər. Bizim qaragüruh belə
icadçılıqlarda həmişə pərgar olub...
...Bir var dağda, səfalı yaylaqda oturan adam aranda
torpaqla əlləşən, əkib-becərən insana elə
gendən-genə məsləhətlər verə, bir də
var o özü də bu adamların yanında ola, yer belləyə,
xış sürə. Əlbəttə ki, onun verdiyi məsləhət
daha faydalı, dediyi söz daha kəsərli olar. Möcüz
işin içində olmayıb qıraqdan məsləhət
verənlərdən deyildi. İşin qulpundan, həm də
ağırındanyapışanlardan idi. O, daim camaatın
içində idi. Sağa baxırdı, sola baxırdı və
iti gözlərindən, sirayətedici baxışlarından
heç bir qüsur yayınmırdı. Gördüklərini
də içində saxlamırdı. Deyirdi, yazırdı və
cəhd edirdi ki, axarında olduğu həyat ona zəli kimi
yapışmış qüsurlardan asta-asta nicat bulsun. Ancaq
Möcüz yalnız çağırışlarla digərlərinin
başına ağıl qoymaqla kifayətlənənlərdən
deyildi, özü də dinc dayanmırdı, sözdən əmələ
keçirdi, müşahidə etdiyi cəmiyyət
nahamvarlıqlarını düzəltməkçün səy
göstərirdi. O, tarixdən yaxşı xəbərdar idi,
Azərbaycan qadınının keçmişlərdəki
şərafəti barədə bilgisi çoxdu, ammabildikləri
köhnə kitabların yazdıqları idi, içərisində
olduğu həyatda isə vəziyyət başqa idi.
Möcüz başlanan yeni XX əsrin də, ruhuyla,
ovqatıyla tam yeni olan zamanın da hənirini ilk sezənlərdən
idi vəo, ətrafındakı qadınların hüquqsuz vəziyyətini
dəbütün acılarıyla hiss edirdi. Yeni dövr
başlanırdı və sabah adamı Möcüzü
artıq qırıq taleyi ilə barışmış
yaşlı qadınlardan daha çox sabahın olan gənc
qızların aqibəti maraqlandırırdı.
Düşünür, o suallara cavab arayırdı ki, bu
bisavad, yazı-pozu bilməyən qızlar tələbləri
çox gələcəyin burulğanlarında necə
baş tapacaqlar. Vətən qızlarını vəsf etməyə
beləcə köhnə şeir üslubunda
başlayırdı:
Gülüstan-icahanda, dilbəra, bənzər gülə
qızlar,
Verəndə səs-səsə oxşar bəeyni
bülbülə qızlar.
Ancaq mətləbi başqaydı. Məramı yeni
günün sözünü demək idi və muradı
qızların maariflənməsi, həyatda yer tutmaları, cəmiyyətdə
özlərini ifadə etmək gücü qazanmaları idi:
Oxuyub yazmayan insan olur naməhrəmə möhtac,
Gedib əyləşməz əğyar ilə, gər
yazmaq bilə qızlar.
Cəhalət əhli əhl-ielmə düşməndir
əzəl gündən,
Avamın sözlərindən olmayın tənghövsələ,
qızlar.
Gecə-gündüz işi qeybət o cahil
qızların, Möcüz,
Əgər vaiz qoya, məşğul olarlar elm ilə
qızlar.
Arzulayırdı, başqalarını da
çağırırdı ki, qızları bu cəhalət
məngənəsindən qurtarmaq lazımdır, onlara bilik,
savad vermək gərəkdir. Ancaq yalnız
çağırmırdı, iş də görürdü.
Böyük istəyi idi ki, ata-baba yurdu Şəbüstərdə
bir qız mədrəsəsi açılsın, yeniyetmə
qızlar oxusunlar, biliklənsinlər, gözləri
açılsın. Yalnız söz deməyib iş də
görməyi bacaran və bu yolda çalışan Mirzə
Əli Möcüz həmin nəcib niyyətinin gerçəkləşməsinə
də nəhayətdə nail olur. Ölümündən lap
az əvvəl, 1932-ci ildə Şəbüstərdə onun əsas
təşəbbüskarlarından olduğu qızlar məktəbi
açılır. Arzusuna yetişdiyi həmin günün
Möcüzün həyatındakı ən bəxtəvər
anlarından olmasına vəcdə gələrək
yazdığı, özü-özünə
gözaydınlığı verdiyi bu misralar da şahid
durmaqdadır:
Gözlərin rövşən ola, Möcüz, xəbər
ver hər kəsə,
Sal-i şəmsi min üçüz doqquz, bir ali mədrəsə
Aşdı (açdı- R.H.) millət qızla
ra, verdi xanımlar səs-səsə,
Ustul üstə əyləşib kağız yazan
nisvana bax.
Əvvəlcə "Mədrəse-yi ünas",
daha sonra "Mədrəse-yi doxtərane", nəhayət,
"Purandoxt" adlı o qızlar məktəbinin təsisi
yolunda Möcüzün illərlə
çalışmasının başlıca məqsədi bu
idi ki, sabah hərəsi bir evin xanımı olacaq bu gözəllər
ən azı öz balalarının müəlliminə
çevriləcəklər, savadlı ananın ev sahibəsi
olduğu ocağa xurafatın ayaq açmasının
qarşısı öz-özünə alınacaq
Lazımınca təhsil ala bilməsə də, həyatın
dərs verdiyi və özü-özünü yetişdirmiş
Möcüz gündəlik ömründə də,
yaradıcılığında da bir cəmiyyətşünas
idi və şairliyi də bu yolda ona niyyətinə daha rahat
çata bilməkçün taleyin bəxşişi idi.
...Mirzə Əli Möcüz bizdən sanki çox
da aralı zamanda yaşamayıb. Hər halda 1934-cü ildə
o, dünyadan köçəndə foto da, fotoçuluq da lap
çoxdan əlçatan idi, nəinki xeyli əkkasxanalar
vardı, hətta şəkilçilər gərək olanda
üçayaqlı aparatlarını götürüb dəvət
olunduqıları yaxın-uzaq ünvanlara da gedirdilər. Odur
ki, Möcüzün də qalaq-qalaq şəkilləri də
bizə çata bilərdi. Ancaq uzun zaman əldə olan onun
yalnız bir fotosu idi. O da vaxtilə Təbrizdə çəkilmişdi.
O zaman ki, Möcüz Şəbistərdən ayrılıb
Şahruda yola düzəlməzdən əvvəl Təbrizə,
dostu Hacı Məhəmməd Naxçıvani (1880-1962) ilə
xudahafizləşməyə gəlmişdi və
Hacının oğlu Əlağa da atasının
fotoaparatıyla onun şəklini çəkmişdi. Ancaq
heç ağlabatan deyil ki, Möcüzün onun 16 il
yaşadığı İstanbulda hansısa fotoları
çəkilməsin, bu da mümkün deyil ki, artıq fəal
yazı-pozuyla məşğul olduğu çağlarda -
1920-ci illərdən, lap 1930-cu illərin əvvəllərindən
başqa şəkilləri də qalmasın. Bugünəcən
Möcüzün bilinməyən hansısa əlyazmaları,
tək-tək şeirləri üzə çıxırsa,
itkin fotolarının da haçansa aşkarlanması da
xülya deyil. Bu gümanın söykəyi elə üzə
çıxmış nadir bir fotodur ki, həmin şəkli Yəhya
Şeyda hazırladığı Möcüz şeirləri
toplusuna əlavə olaraq 1970-ci illərdə çap etdirib.
Həmin foto 1932-ci ildə, tarixi bir gündə çəkilib.
Şəbüstərdə qız mədrəsəsinin
açılış mərasimi saatında. Böyük bir dəstə
adam yığılıb, bayramdır, başda Möcüz
olmaqlahamı şaddır. Yəhya Şeyda şəklin
altında adamların adlarını da bircə-bircə dəqiqləşdirərək
yazır ki, bu şəkildə aşağıda oturanlar
qız mədrəsəsini təsis eləyənlərdir və
soldan-sağa əyləşənləri bir-bir sadalayır:
Mirzə Məhəmmədəli Pur Əli Məhəmmədi,
Möcüz, onun yanındakı İsmayıl
Çayçı, onun böyründəki Hacı Nəbi,
ondan sonra gələn Abbasəli Muxtari. Bu adamların
adlarını səbəbsiz çəkmirəm. Bu adları
sadalayandan sonra Yəhya Şeyda mötərizədə kəlmələrinə
narın həsrət qonmuş nostaljili bir cümlə də əlavə
edib: "Mütəəssifanə, hamısı dünyadan
gedib və qalanı yoxdur".
Hamı gedəcək, ancaq bu cür iz qoyub gedənlər,
millət üçün yananlarən azı bir fotoşəkildə
qalırlar, görülüncə rəhmətlə
anılırlar, yaşayanların könüllərində və
xatirələrində ömürlərini davam etdirirlər.
...Möcüzün ədəbi yadigarları ilə
bağlı bir incə mətləb də var ki, onun
üstündən sükutla ötmək rəva deyil. Bir
vaxtlar - sovet dönəmində Möcüzün bəzi
şeirlərində Lenini xatırlatması Quzeydəki
sosialist ideolojisi üçün göydəndüşmə
idi və həmin sətirlər tez-tez iqtibas edilər,
Möcüz də iranlı həm əqidə kimi qələmə
verilərdi. İndinin və sabahın Lenindən və onun
yadigarı sovet hökumətindən başı çox
çəkmiş nənə-babaların törəmələri
Möcüzün söz mirasının o parçaları ilə
rastlaşanda yanlış gümanlara düşə,
Möcüzün də nə şəkildəsə
qırmızılarla bağlılığından
şübhələnə bilərlər. Əlbəttə,
belə deyildir və həqiqət daha dərindədir. O
buxovlu mühitdə ki Möcüz yaşayır və
gücü çatan qədər mübarizəsini
aparırdı, yaxın ətrafda ictimai bərabərliyi əsas
şüarına çevirən, fəhlə-kəndli
hakimiyyəti qurduğunu elan edən sovetdən və həmin
siyasətin rəmzinə dönmüş Lenindən daha cazibəli
bir qüvvə yox idi. Ona görə Möcüz və
Möcüz düşüncəli neçəbaşqa
iranlının da, Anadoluda nəbzi elə həmin ahəngdə
döyünən, haqq, ədalət təşnəsi bir
çox dəliqanlının da bu məfkurənin uzaqdan
çox parlaq görünən işığına meyil etməsi
həm anlaşılan, həm də məntiqli idi.
Zakoni qaldı zində yer üzündə Leninin,
Əgərçi özü öldü, geydik qara,
güneyli.
Və bu sətirlər də onunku idi, eyni hisslərdən
doğmuşdu:
Tutaq Lenin ətəyindən, ona pənah aparaq,
Zəmanəmizdəki hıllal-i müşkülat
(çətinliklətri həll edən -R.H.) odur,
Həmişə mədh-sənasini vird qıl,
Möcüz,
Fəqirə qeyd-i sitəmdən (zülm-əzab əsarətindən
- R.H.)
verən nicat odur!
1920-ci il iyulun 28-də Naxçıvan Sovet Sosialist
Respublikası elan edilir. Möcüz şair olmağına
şair idi, amma həmin şeirlərin daxilindəki fəza
genişliyi və o genişlikdə cövlan edən azadlıqsevər
fikirlər bunu da söyləməkdədir ki, Möcüz həm
də artıq siyasət adamı idi. O, Naxçıvanın
şuralaşmasına ən çox sevinənlərdən
idi və mahiyyəti görə bildiyindən öz
bütöv Vətəninin bir parçasının respublika
elan edilməsinin nə qədər yüksək tarixi mənalı
bir nailiyyət olduğunu başqalarından daha dərin duya
bilirdi.
Şükrlillah ki, millət oldu kamiran,
Xələt-i həmra (qırmızı - R.H.) geyindi
Naxçıvan.
Dövlət-i Şura quruldu ədl ilən,
Tude-yi məzlum oldu hökmran.
...Rəşk (qibtə - R.H.) edər Təbriz, Şəbüstər,
Xamnə,
Rəşk edər bu mülk-i Azərbaycan.
Qibtəmiz yersiz deyil, var illəti,
Orda toydur, burda matəm, əlaman!
Bu həm də bir arzu şeiri idi ki,
Naxçıvanda olan burada da olsun, o mənada yox ki, buralar da
şuralaşsın, o anlamda ki, buradakı hüzn, kədər
də da uçub getsin, buralılara da respublika olmağın
verəcəyi xoşbəxtliklərin payı
düşsün.
Oxşar qənaəti bir başqa azadlıq
mücahidinin, bir ayrı Azərbaycan müstəqilliyi
aşiqinin dilindən şəxsən
görüb-eşitmişəm - Məhəmməd Əmin Rəsulzadənin
silahdaşlarından biri, 1955-ci ildən ömrünün
sonunadək Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin
başqanı olmuş Əhməd Qaraca (1929-2005) 1992-ci ildə
Bakıya səfəri zamanı söyləyirdi ki, 1946-cı
ildə Cənubi Azərbaycanda Milli Hökumət devriləndə
Rəsulzadə çox iztirab keçirirdi və bir dəfə
söhbət zamanı dedi ki, yaxşısı bu idi elə
Güney Azərbaycan da İranda qalmaqdansa, sovetin tərkibində
olaydı. Onun kommunistlərə barışmaz münasibətini
bildiyimizdən belə deməsinə hamımız çox təəccübləndik.
Məhəmməd Əmin bəy mat qaldığımıza özü
izahat verdi ki, Sovetlər Birliyi onsuz da gec-tez hökmən
dağılacaq, əgər Güneylə Quzey bir yerdə
olsalar, sovetlər çökən zaman onun içindən
daha böyük dövlət kimi çıxardıq.
Dalğalı bir dənizin ortasındakı tənha
qayıqçı qəfilcə gendən gözünə
sataşan adaya necə ümidlə baxarsa, gözü və
ruhu açıq Möcüz də hadisələrə məhz
belə ümidvar, gələcəkçi nəzərlərlə
baxırdı...
...Kitab vurğunu, klassik irsimizin bir çox nümunələrinin,
o sıradan Möcüz irsinin xilaskarı Hacı Məhəmməd
Naxçıvanini xüsusi rəğbətlər oyadan bu nəcib
əməllərindən savayı, həm də bir başqa məziyyətinə
görə nəvazişlə, məhəbbətlə yad
edirəm. O, Möcüzün həyatının ən
müdhiş günlərində onu tək qoymayıb, həyatdan,
dünyadan, insanlardan sonadək bezikməsinin, iyrənməsinin
qarşısını alıb, ona qahmar çıxıb,
iltifat göstərib, anladıb ki, mən də varam, mənimkimilər
də var və aləm yalnız əyrilərdən,
çürüklərdən, düzəlməzlərdən
ibarət deyil.
Dörd tərəfdən onu sıxanlarla əhatələnsə
də, Möcüz ona görə bədbinliyə
qapılmır, ruhdan düşmür ki, ən azı bircə
Hacı Məhəmməd Naxçıvani kimi sadiq və
güclü dostu var. Elə simsar adam ki, ona hər dərdini
aça, ehtiyacı olanda utanmadan kömək də istəyə
bilər. 1341-ci (1923) ildə Şəbüstərdən Təbrizə
yazır Möcüz, narahatdır ki, üç ay əvvəl
Təbrizə Hacının ünvanına və adına
poçtla göndərdiyi yeni şeirləri
çatıb-çatmayıb. Məsləhət görür
ki, çatmayıbsa, eyni adda olan başqa bir adama aparıb
verilib-verilmədiyi ilə maraqlansın. Yəqin,
narahatlığı da ona görədir ki, bu üç ayda
Hacıdan bir cavab gəlməyib. Bu qısa məktubda diqqəti
çəkən əsas cəhət odur ki, Möcüz təzə
şeirləri yarandıqca onları Təbrizə, dostuna
ötürürmüş və olsun ki, həmin qoşqular
elə Hacının vasitəsilə də Təbriz
ziyalıları arasında yayılır, daha aralıdakı
məntəqələrə doğru da hərəkətə
başlayırmış. Yoxsa ki, Təbrizə yaxın olsa
da, hər halda o dövrün ucqarlarından sayılan Şəbüstərdən
Möcüzün şeirlərinin yaranınca Güney boyu
sürətlə yayılması, İranın digər şəhərlərinə
də tezliklə gedib çatması mümkünsüz
olardı. Bu məktubdakı bir başqa işarə də
ayrı bir gerçəyə işıq tutur. Möcüz
yazır ki, sizə Kərbəlayi Mehdi vasitəsilə
yolladığım bu məktubu qəsdən qısa
yazıram, bilirəm, qabaqdan bayram gəlir, işiniz çox,
oxumağa vaxtınız az olacaq, sonra müfəssəl
yazacağam. Demək, Hacı Məhəmməd
Naxçıvaniyə uzun məktubları da varmış və
əlyazmaya, kitaba, sənədə məxsusi həssaslığı
olan Hacı həmin məktubları da hifz etməmiş
olmazdı. Hər o cür uzun məktubdasa Möcüzün
ömrü və sənət portretini dolğunlaşdıra
biləcək əlavə cizgilər tapılması
ehtimalı böyükdür.
Məktubunun sonunda Möcüz "nanəcib bir illətəgitiftar"
olduğunu, fətq - yırtıq xəstəliyinə
tutulduğunu yazır və rica edir ki, Hacı ona bir
yırtıq sarğısı - bandaj alıb göndərsin.
Amma Möcüz ki, Möcüz. Yaxşı anlayır ki, bir
fətqbənd - yırtıq sarğısı varlı
Hacıdan ötrü qəpik-quruşdur, ancaq ən məhrəm
adamına da borclu qalmağı xoşlamayan şairin məktubundakı
son sözləri budur: "Qiymətin də yazarsız".
...Hər bir ədib ən əvvəl mətndən
başlayır. Mirzə Əli Möcüzü nə dərəcədə
tanıyırıq? Mirzə Əli Möcüz 1934-cü ildə
vəfat edib. Sanki uzaq bir zaman da deyil, ancaq onun şeirləri hələ
bu günə qədər tam halda əlimizdə deyil.
Zamanında "Vətən yolunda" qəzetində,
"Şairlər məclisi" toplusunda dərc edilən
şeirləri ilə Möcüz sanki həm özü yenidən
təvəllüd tapır, həm də bənzərsiz bir
şeir adası olaraq kəşf edilirdi - həm Təbrizdə,
həm Bakıda, həm Güneydə, həm Quzeydə.
Möcüzün ədəbiyyata və xalqa böyük
qayıdışını 1945-ci ildən götürsək,
80 ilə çatan bir dövr edir. Bu müddət boyunca
ayrı-ayrı araşdırıcılar Mirzə Əli
Möcüz irsinə dönə-dönə müraciət
edib, hərə bacardığı qədər töhfəsini
verməyə çalışıb. Güneyli ədəbiyyat
məftunu Məhəmmədəli Niqabi (1938)
ömrünün 30 ilindən çoxunu Möcüzə həsr
edib, şeirlərini cəmləyib, fotolarını əldə
edib, şairin ömür yolu ilə əlaqədar bir
çox ayrıntıları dəqiqləşdirib. Ədəbi
ictimaiyyətə bu həqiqəti də çatdıran
Niqabi olub ki, Şahrudda dəfn edilmiş Möcüzün nəşini
günlərin birində yaxınları Şəbüstərə
köçürüblər. Onun yerbəyer etdiyi həqiqətlərdən
digəri isə odur ki, məcburən doğma Şəbüstəri
tərk edərək əvvəlcə Təbrizə gələn,
oradan da Şahruda dikələn Möcüzü yola
salmaqçün Şəbüstərin 20 nəfər
seçmə insanı yığışıbmış.
Zahirən sanki xüsusi əhəmiyyət kəsb etməyən
bir cizgidir. Amma bu xırda kimi görünən soraqda vacib həqiqət
və onun hikməti gizlənib. O günlər idi ki,
Möcüz yazdıqlarına, gördüklərinin
astarını avanda çıxaran köntöy deyişlərinə
görə Şəbüstərdə həmişə
olduğundan daha qaba və əzazil şəkildə hədəfdə
idi, amansızca təqib və təhdid edilirdi, hər
addımı güdülürdü və
çıxılmaz küncə qısnanaraq evini-eşiyini
atıb tələm-tələsik oralardan aralanmaq məcburiyyətində
qalmışdı. O qara qayğılı günlərdə
Möcüzəəl tutmaq, hüsn-rəğbət göstərmək
bir yana, hətta belə şəraitdə ona salam vermək, kəlmə
kəsmək dəcəsarət istəyirdi. Ancaq ətrafında
cərəyan edən bu həngamələrə baxmayaraq, hər
halda sevənləri, xətrini əziz tutanlar az deyilmiş.
Əgər Şəbüstərin ən üzdəki
aydınlarının 20-si düçar ola biləcəkləri
narahatlıqlara bənd olmadan şairi hörmət-izzətlə
yola salmağa yığışmışdılarsa, təsəvvür
etmək mümkündür ki, çəkinərək gəlməyən,
amma ürəyi orada olanlar lap çoxmuş. O dəmdə bu
dəstək Möcüz üçün nə deməkmiş,
ona necə qanad verirmiş, onu bihudə
yaşamadığına nə təhər
inandırırmış, bunu bütün incəliyiylə
oxşar dərdi çəkib bənzər fərəhi
duyanlar bilər.
Əslən güneyli olan görkəmli Azərbaycan
alimi və ədibi, özü də şəbüstərli
olan Məhəmməd Tağı Zehtabinin (1923-1998)
çoxşaxəlivə qiymətli
araşdırmalarının sırasında Möcüzün
şəxsiyyəti və ədəbi mirası da yer
alırdı. O, həm tədqiqi məqalələr
yazırdı, həm də Möcüzün itkin şeirlərini
üzə çıxarmaq yolunda zəhmətlər çəkirdi.
Qulam Məmmədlidən - Möcüzün ilk təqdimçisi
və əsərlərinin əvvəlinci dolğun nəşrinin
tərtibçisindən bugünəcən həmin yolda kimlər
az, ya çox nə edibsə, hər biri hörmətə
layiqdir. Ancaq təəssüf ki, Möcüz irsi tam halda hələ
dəqarşımızda deyil və daha artıq - indiyəcən
baş tutmuş nəşrlərin də heç biri peşəkar
mətnşünas əlindən çıxmayıb,
qüsurları nə qədər desən. Bunca qiymətli bir
yaradıcılıqsa gərək bütövlüyü ilə
və elmi baxımdan dürüst biçimdə xalqın
ixtiyarında olsun. Ötən hər il, keçən hər
on il Möcüzlə bağlı bir çox izlərin
itirilməsinə gətirib çıxara bilər. Hələ
Güneydə ayrı-ayrı insanlarda bu gün də əlyazmalar
qalmaqdadır. Əslən güneyli, amma İstanbulda
yaşayan, İrana get-gəlləri mütəmadi olan mədəniyyət
himayədarı Əli Polad (1944) da Möcüzçülər
qatarında əməkləri olanlardandır və həm ərəb
əlifbasında, həm latın qrafikasında Bakıda iki dəfə
şairin toplularını da nəşr etdirib. Söyləyir
ki, o, Möcüzə hələ gənclik illərindən aşiqmiş,
tələbəlik dövründə şairin kitabı
müdam balıncının altında olarmış,
çoxunu əzbər bildiyi Möcüz şeirlərini təkrar-təkrar
oxumaqdan doymazmış. Əli Polad mənə bunu da xəbər
verib ki, Təbrizdən bir nəfər ona telefon açaraq
Möcüzün heç kəsin görmədiyi və tam
halda olan "Divan"ını əldə etdiyini vəsatmağa
hazır olduğunu bildirib. Şayəd həmin zəng
vuranın məlumatı doğrudursa, mümkündür ki,
Əli Poladın təəssübkeş vasitəçiliyi
ilə tezliklə Möcüzün daha mükəmməl
şeirlər məcmuəsi ilə qarşılaşaq. Ancaq
Təbrizdən edilmiş həmin telefon zənginin
oyatdığı başqa bir ümid də odur ki, bəlkə
daha başqa sandıqlarda da hələ Möcüzün indiyədək
oxumadığımız, eşitmədiyimiz şeirləri
onları üzə çıxaracaq xeyirxahını gözləməkdədir.
Mirzə Əli Möcüzlə aramızda zaman
ayrılığı çox da böyük olmasa da, o,
bütün ədəbiyyat tariximizin minlərlə şairindən
də, yüzlərlə söz ustasından da seçilməkdədir.
O, təklərdəndir. Təklərdən, zirvələrdən
olan sənətkarımızısa gərək hər
yönü ilə - itkisiz, təhrifsiz, bütün
doğurduqlarına sahib çıxaraq tanıyaq.
...Babamla nənəm dindar adamlar idilər, oruc tutur,
namaz qılırdılar və hər cəhətdən
dürüstlükləri, saflıqları, rəhmdillikləriylə
əsl Allah adamı idilər. Mən onlarla
böyüyürdüm və lap kiçik yaşlarımdan mənə
öyrətmişdilər ki, nə zaman göydə təzə
Ayı gördün, salavat çevir. Bunu təlqin edən
salavatın sözlərini də mənə əzbərlətmişdilər.
Babama "Dədə", nənəmə "Ana"
deyirdim və onları lap çoxdan itirmişəm. Babamı
6 yaşındaykən, nənəmi tələbə
vaxtlarımda. Ancaq onları hər gün mütləq
anıram. Çünki hər səhər idman edirəm və
o sabit idman hərəkətlərinin sözlü
müşayiəti də var, hərəkət etdikcə dilə
gətirdiyim sözlərin arasında onların ikisinin də
adları var və bir də onlardan aldığım
salavatçevirmə tapşırığına həmişə
əməl edirəm. Uşaqkən elə zənn edərdim
Ay Allahdır, salavat çevirəndə elə Yaradana salam
verirəm. Sonra anladım ki, o cür deyilmiş, amma əvvəlki
fikrimdən də tamam əl çəkmədim, o
işıqda Onun da olmasına inanmaqda davam etdim. İndiki xeyli
oxumuş ağlımla hər dəfə qaranlıq səmaya
boylanıb yenilənmiş Ayı görüncə yenə
köhnə sadədilliklə salavatımı çevirəndə
ömrümdən keçmiş və düşüncəmdə,
qəlbimdə, millətimin ruhunda işığı
olanların hər birinə salam verirəm.
Möcüz onlardan biri!
...Azərbaycan ədəbiyyatının möhtəşəm
yolu həm də bir-birindən qüvvətli səslər deməkdir.
O tükənməz səslər qatarında heç bir səsə
bənzəməyən bir uca səs də var - Mirzə
Əli Möcüzün səsi. O səs Azərbaycanın
balaca bir guşəsindən - Təbriz
yaxınlığındakı Şəbüstərdən
ucaldı. O səs Şəbüstərə
sığmadı, Təbrizə yayıldı, Güneyə səpildi,
bütün Azərbaycan boyu dalğalandı. O qüdrətli
səsin sahibi, yenilməz qələm ustası Mirzə
Əli Möcüz insanlara hayan olmaq üçün gəlmişdi.
Məhz insanlara! Yalnız şəbüstərlilərə,
təbrizlilərə, güneylilərə deyil, büyün
haqq, ədalət, insaf diləyən bəşər
övladına! Səsindəki bu gücü hər kəsdən
daha artıq hiss eləyən elə Möcüzün
özü idi. Ona görə də hələ 1920-ci illərin
sonları, 1930-cu illərin əvvəllərində cəmiyyətin
ayağından yapışaraq geri çəkənlərə
üz tutaraq ucadan, qətiyyətlə söyləyirdi:
Şəbüstər əhlini narahat eyləyib, sizi də,
İnşallah, eyləyəcək Möcüzün
bülənd səsi.
Ölməz Möcüzün o bülənd - o uca səsi
hələ çox zamanlar boyu elə əvvəlki məğrurluğunda
yüksələcək, sevimli milləti rahat, daha xoşbəxt
günlər içərisində yaşasın deyə o
yolda əngəl olanları narahat edəcək.
10 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet . 2024.- 14 fevral, №(28).- S.10-11.