"Əfşanın
balladası"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Mətanət Teymurdur.
Onunla rəssam Azər Səfərovun "Əfşan" əsəri
haqqında danışmışıq.
Azər Səfərov 1953-cü ildə
Göyçayda anadan olub. Ali təhsilini Xalq Təsərrüfatı
İnstitutunda alsa da, oxuduğu ixtisas üzrə
çalışmayıb. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası açıldıqdan bir il sonra burada
yaradıcılıq fəaliyyətinə başlayıb.
Yaradıcılıq ahəngi ilə seçilən sənətkarın
əsərlərində portret və peyzaj janrları daha
çox gözə çarpır.
- Mətanət xanım, istərdim söhbətimizə
"Əfşan"ın tarixçəsinin bəhsi ilə
başlayaq.
- "Əfşan" "səpmək", "rənbərəng",
"çiçəklənən" deməkdir.
"Əfşan" sərbəst kompozisiya kimi Orta Asiya,
Yaxın Şərq, eləcə də Azərbaycan dekorativ tətbiqi
sənətində, memarlıq və kitab tərtibatı sahələrində
geniş istifadə edilən elementlərdən biridir. Bu
kompozisiyaya daha çox xalçalarda rast gəlirik.
- "Əfşan" adı çəkiləndə
ağlıma ilk gələn isim Lətif Kərimovdur.
- Azərbaycan incəsənəti və
xalçaçılıq tarixinə adını
qızıl hərflərlə yazdırmış alim,
xalçaçı rəssam Lətif Kərimov Azər Səfərovun
babasıdır və onun yaradıcılığında
böyük önəmə sahibdir. Azər Səfərovun
iki il ərzində ərsəyə gətirdiyi iş isə
Lətif Kərimova şöhrət gətirən
"Əfşan" xalçasının
kompozisiyasıdır. 1932-ci ildə yaratdığı
"Əfşan" xalçası və onun 2 variantı
(1960-1980-ci illər) ümumi mövzu ilə vəhdət təşkil
edir. Hər iki xalça bir-birinə çox yaxındır.
Azər Səfərovun işlədiyi versiya, xalçanın
(1980-ci il) üçüncü variantıdır. Bu versiya
özündə digər variantların xüsusiyyətlərini
cəmləşdirdiyi üçün mükəmməl
süjet yaradır. Xalçanın mərkəzi sahəsi
açıq rəngdədir. Bir-biri ilə rəqs edən
spirallar iç-içə keçərək yarpaqlar və
çiçəklərlə sonlanır, Təbriz
florasının çöhrəsini ornamentlərlə ifadə
edir. Demək olar, hər yerdə çiçəklər təkrarlanır,
ekspressivliklə assosiasiya yaradır.
Azər Səfərovu ilhamlandıran, sənətinə
yön verən təbiətdir. Gözəllik təbiətin
özüdür, əsas olan o gözəlliyi görüb
ifadə edə bilməkdir. Bu şəkildə rəssam
poetik və bitkin əsərlərin yaranmasına müvəffəq
olur.
- Əsərin kompozisiyası necədir?
- "Əfşan" əsərində hər
şey ardıcıl, məntiqi olaraq düzülüb. Hər
bir hissə simmetrik şəkildə, tək-tək yerləşdirilib.
Əsər qarışıq görünmür, gözü
yormur
- Əsərin maraqlı texnikası var. Burada hansı
bitkilərdən istifadə olunub?
- Rəssamın burada istifadə etdiyi bitkilərə
qarabaşaq yarması, buğda, alma toxumu, keşniş
toxumu, günəbaxan toxumu, mərci,
lobya, düyü və s. daxildir. Mərkəzi hissəyə
müxtəlif çiçəklər -
çobanyastığı, qızılgül, sarı akasiya,
sarmaşıq gülləri, gavalı çiçəyi və
s. əlavə edilib. Fon olaraq, elementlərin arasına xırdalanmış yun
yerləşdirilib. Rəssam yunu
sonradan əlavə etdiyi üçün bu iş bir az
çətinləşir. Çünki xalçanın
saçaq hissəsi üçün yun sapdan istifadə
edilib. Beləliklə, əsərdə əsl xalça
illuziyası yaranır. Bu məşəqqətli iş
xalça kompozisiyasını daha da cəlbedici edir.
- Əsərin rəng həlli necədir?
- Azərbaycanın el sənətini öyrənmək
üçün xalçalarımızın ornament, toxunma
sıxlığı, rəng və kompozisiya prinsiplərini nəzərə
almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan
bu amillər xalçalarımızın bədii xüsusiyyətini
müəyyən edir. Bu mövqedən baxdıqda
"Əfşan" xalçasının Təbriz
xalçaçılıq məktəbi nümunəsi olduğunu görürük.
Rəssam bu əsərində çiçəklərin
öz rənglərindən istifadə edərək onları
çeşniyə uyğun, su ilə həll olan
yapışqanla yapışdırıb. Yapışqan şəffaf
rəngdə olduğu üçün boya cilası kimi
(vernik) həm də üzərindən keçir. Bunun nəticəsində
çiçəklərin rəngi solmur, eyni ahəngdə
parlaq, ilkin görkəmində qalır. Yapışqan
quruduqda, rəngləri uyuşmayan, xoşa gəlməyən
parçalar rahatlıqla çıxarıla bilir. Rənglərin
modilyasiyası ara sahədən mərkəzi sahəyə
sxematik keçid təşkil edir. Kələkötürlük
lövhədə işıq-kölgə, həcm və
kontrast yaradır. Yerliyin sarı rəngdə olması üzərindəki
elementləri açıqca göstərir. Rənglərin
ehtirasla, fərqli fiqurlarda birləşməsi, tamam ayrı
şəkildə qurulması əsərin
unikallığından xəbər verir.
- Rəssamın yaradıcılığına xas
xüsusiyyətlər bu əsərdə özünü necə
göstərir?
- Rəssam yaradıcılığının təməlini
beşinci sinifdə sümükdən
hazırladığı əsərlər təşkil edir. Təsvir
obyekti kimi sümük üzərində insan siması və
ya heyvan surəti görən Azər Səfərov, bunu əsərlərində
çox yaxşı istifadə edə bilib. Bunlar al-əlvan,
parlaq rənglərdədir. Bundan əlavə, rəssamın
taxta üzərində yandırma, inkrustasiya, yadigarlıq
boşqab üzərində işlədiyi əsərləri,
yarpaqlardan işlədikləri və s. diqqətəlayiqdir.
Beş-altı ilə yaxındır ki, Azər Səfərov
bitkilərlə və qida məhsulları ilə işləyir.
Əsərlərində imza sayılan simvolikası isə
evdir. Ev həyatı, yaşamı bildirir, ev varsa, orada insanlar
yaşayır, təsvir nəfəs alır. Əsasən qida
məhsullarından hazırladığı əl işləri
sənətkarın sənətini necə fərqli şəkildə
ifadə edə biləcəyini bir daha sübut edir. Rəssam hətta yandırma
üsulu ilə Lətif Kərimovun
portretini işləyib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Göründüyü kimi, xalça kompozisiyası
olduqca qarışıq və kompleksdir. Azər Səfərov
Lətif Kərimovun "Əfşan" əsərini yenidən vücuda gətirdi.
Bunların hamısı rəssamın fantaziyasıdır və
Azərbaycanda ondan başqa bu işlə məşğul olan
heç kim yoxdur.
Azər Səfərovun əsas məqsədi sənətinin
fərqlənməsi və insanların təəccüblənməsidir.
Çünki peyzajı və ya xalçanı ənənəvi
üsulla təsvir etmək olar, bunu hər kəs bacara bilər.
Önəmli olan sənətə fərqli bucaqdan baxmaq,
yeniliyi öz üslubunun sütunu, əsası edə bilməkdir.
Aytac SAHƏD
525-ci qəzet . 2024.- 14 fevral, ¹(28).- S.9.