Təhsilin
inkişafı üçün qrant müsabiqələri:
innovativ və yaradıcı ideyalara mühüm dəstək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü
ilə, bir neçə ildir ki, ölkədə "Təhsildə
inkişaf və innovasiyalar" üzrə qrant müsabiqələri
keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi
dəyişikliklərin davamı olaraq bu müsabiqələrin
başlıca məqsədi təhsil müəssisələrində,
təhsilverənlərdə sağlam rəqabəti və
innovativ fəaliyyəti, yeni ideyaları
stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə
dövlət ümumi təhsil müəssisələri və
təşkilati-hüquqi formasından asılı olmayaraq
bütün ümumi təhsil müəssisələrində
çalışan pedaqoji işçilər iştirak edə
bilərlər. Bu müsabiqə təhsil müəssisələrinin
dövlət-ictimai uğurlu idarəetmə modellərinin
aşkarlanması, dəstək verilməsi və
yayılması mövzusunda təqdim ediləcək layihələrdə
öyrədici resursların hazırlanması, yeni idarəetmə
modellərinin tətbiqi, məktəb assosiasiyalarının
yaradılması, mübadilə proqramlarının təşkili
kimi məsələləri əhatə edir. Təhsildə
inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil
sahəsində daha innovativ və yaradıcı ideyaların
reallaşmasında mühüm əhəmiyyət kəsb edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd
təhsil müəssisələri və təhsilverənlər
arasında sağlam rəqabətin gücləndirilməsi,
innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Daha innovativ və yaradıcı ideyaya malik layihə təqdim
edən təhsilverənlər aşkarlanır, onlara öz
layihələrini reallaşdırmağa geniş meydan verilir.
Elm və Təhsil Nazirliyinin Satınalmalar və
qrantlar sektorunun müdiri səlahiyyətlərini icra edən
Vüsalə Əliyevanın dediyinə görə,
müsabiqəyə daxil olan bütün layihələr ilkin
olaraq texniki ekspertizadan keçirilir. Texniki ekspertiza zamanı
müsabiqə iştirakçılarına verilən tələblər
"ödənir-ödənmir" prinsipi ilə
yoxlanılır. Texniki ekspertizanın birinci mərhələsində
"Ümumi təhsil müəssisələri"
kateqoriyası üzrə layihələrin iştirak şərtlərinə
cavab verib-verməməsi, "Fərdi layihələr"
kateqoriyası üzrə isə iştirakçının təşkilati-hüquqi
formasından asılı olmayaraq hər hansı bir ümumi təhsil
müəssisəsində təhsilverən olub-olmaması
yoxlanılır. Məzmun ekspertizası mərhələsində
bütün layihələr ekspert qrupları tərəfindən
100 ballıq şkala üzərindən 9 bal əsasında
qiymətləndirilir: "Bu meyarlara uyğunluq, orijinallıq,
problemin vacibliyi, məqsəd və vəzifələrin dəqiqliyi,
faydalılıq, davamlılıq, fəaliyyət planı,
monitorinq qiymətləndirmə və maliyyə səmərəliliyi
meyarları aiddir. Layihələr qiymətləndirildikdən
sonra orta bal çıxarılır. Müsabiqənin
keçid balı 50 baldır. Bu o deməkdir ki, 50 və daha
artıq bal toplayan layihələr qrant qazanmağa namizəd
layihələr hesab olunurlar".
Vüsalə Əliyeva deyib ki, müsabiqənin
prioritet sahələri müəyyənləşdirilərkən
dünyada gedən təhsil trendləri, təhsil layihələri,
təhsillə bağlı ölkədaxili tələbatlar təhlil
edilir və 9 əsas prioritet sahə müəyyənləşdirilir.
Bu prioritet sahələrə "Onlayn platformalar və tətbiqlər
vasitəsilə öyrənmənin təşkili",
"Fiziki fəallığın və ünsiyyətin
artırılması", "Müxtəlif məzmunlu
müsabiqələrə hazırlıq",
"Fiziki-psixoloji zorakılığın və
qısnamanın profilaktikası", "Yaşıl
dünyanın təşviqi", "Təlim nəticələri
zəif olan təhsilalanlarla iş", "Həyati
bacarıqların inkişaf etdirilməsi", "Təhsilverənlərin
fərdi inkişafı" və "Sərbəst
seçim" aiddir. Bu prioritet sahələrin hər biri kifayət
qədər innovativdir və həmin istiqamətlər üzrə
maraqlı təhsil layihələrinin təqdim edilməsinə
ümidliyik: "Ancaq mən burada diqqəti xüsusi olaraq
"Sərbəst seçim" prioritet sahəsinə
yönləndirmək istəyərdim. Çünki "Sərbəst seçim" prioritet istiqaməti
təhsilverənləri düşünərək təklif
edilmiş sahədir. Bəzən belə olurdu ki, hər
hansı bir icmada həqiqətən də faydalı bir layihə
təşəbbüsü yaranırdı və həmin layihənin
həyata keçirilməsi icmanın, məktəbin, təhsilverənlərin
və təhsilalanların inkişafına səbəb ola
bilirdi. Ancaq müvafiq prioritet sahə nominasiyaya uyğun gəlmədiyinə
görə bu layihə müsabiqəyə təqdim edilə
bilmirdi. Lakin indiki halda əgər belə layihələr
varsa, təhsilverənlər tərəfindən çox
rahatlıqla "Sərbəst seçim" prioritet sahəsi
üzrə müsabiqəyə təqdim edilə bilər".
V.Əliyevanın dediyinə görə, müsabiqədə
iştirak etmək istəyində olan hər kəs gərək
əvvəlcə elanla ətrafl tanış olsun.
Çünki müsabiqənin prioritet sahələri kifayət
qədər geniş və şaxəlidir:
"İnanıram ki, hər bir müəllimin mütləq
öz sinfində reallaşdırmaq istədiyi hər hansı
bir ideya olacaqdır. Bununla yanaşı, mən tövsiyə
edərdim ki, müsabiqədə iştirak etmək istəyənlər
qiymətləndirmə meyarları ilə tanış olsunlar.
Layihə tərtib edərkən layihəniz
sadaladığım qiymətləndirmə meyarları əsasında
qiymətləndiriləcək. Layihəyə əvvəlcədən
ad qoymağa çalışmasınlar. Bəzən olur ki,
layihənin adı daha əvvəl qoyulur və daha sonra ad ətrafında
layihə ideyası formalaşdırılır. Bunu
düzgün yanaşma hesab etmirəm. Layihə tərtib edilərkən
qiymətləndirmə meyarlarına uyğun
iştirakçıların layihələrini özlərinin
qiymətləndirməsini tövsiyə edərdim. Belə
olan halda onlar, deyək ki, faydalılıq meyarları üzrə
qiymətləndirəcəklər və özləri
artıq ilkin olaraq layihələrinin faydalılıq
meyarları üzrə neçə balla qiymətləndirilə
biləcəyini başa düşə bilərlər".
V.Əliyeva qeyd edib ki, təhsildə inkişaf və
innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sisteminə
bir sıra önəmli faydalar təqdim edə bilir. Bu
faydaların əhatə dairəsi, spektri genişdir və təhsil
keyfiyyətinin artırılmasından tutmuş təhsildə
əlçatanlığın genişləndirilməsinə
qədər uzana bilər. Bu müsabiqənin faydalarından
biri də təhsilverənlərdə innovasiya və
yaradıcılığın təşviq edilməsi, əməkdaşlığın
və şəbəkələşmənin təhsilverənlər,
təhsil icması arasında gücləndirilməsi,
araşdırma və tədqiqatların
aparılmasının dəstəklənməsindən ibarətdir:
"Təhsildə inkişaf və innovasiyalar üzrə
qrant müsabiqəsinin fəlsəfəsi ondan ibarətdir ki,
məktəblərə, təhsil işçilərinə
öz məktəblərində ideyaları həyata
keçirmək üçün şərait
yaradılır, maliyyə ayrılır və bu layihənin
icra edilməsi və qazanılması ilə təhsil
işçiləri və müəssisələr arasında
müəyyən rəqabətlilik də yarana bilir.
Ümumiyyətlə, əksəriyyət təhsilverənlərdə
reallaşdırmaq, icmasının inkişafına dəstək
olmaq istədiyi hansısa bir ideya mütləq olur. Bu, həm
də ondan irəli gəlir ki, təhsilverənlər öz
icmalarını, mühitlərini digərlərindən daha
yaxşı tanıyırlar. Bu baxımdan, qrant müsabiqəsinin
yaratdığı imkanlar böyükdür".
O əlavə edib ki, hər bir ölkənin təhsil
sisteminin inkişafı və nəticəliliyi müəllimin
təcrübəsi, pedaqoji bacarıqları və digər
peşəkar keyfiyyətlərindən asılıdır. Bu
baxımdan ölkəmizdə təhsilverənlər
üçün davamlı olaraq peşəkar inkişaf
proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə
xeyli işlər görülsə də, təhsilverənlərin
özləri yeni təhsil çağırışlarına
uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək
imkanlarına sahib olmalıdırlar. Bu prioritet sahə üzrə
təqdim ediləcək layihələr yerli peşəkar
inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin
özlərinin tələbatına uyğun müəyyənləşdirdiyi
mötəbər xarici təsisatların təklif etdiyi
sertifikatlaşdırılmış proqramlarda (beynəlxalq
reytinqli imtahan üçün hazırlığı təmin
edən təlim proqramlarında), tədqiqat proqramlarında,
mentorluq proqramlarında və digər peşəkar inkişaf
proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir.
Təqdim olunmuş layihə təhsilverənlərin tədqiqat,
mentorluq və digər sertifikatlaşdırılmış
peşəkar inkişaf proqramlarında iştirakının təmin
olunması, seçilmiş proqram ilə əlaqələrin
qurulması və iştirak razılığının
alınması (və ya artıq qurulmuş və
razılıq alınmış olması), səfərlərinin
təşkili, əldə edilən bilik və
bacarıqların məktəb icmasına hansı formada tətbiq
ediləcəyi və digər aidiyyəti məsələləri
əhatə edə bilər.
Sertifikatlaşdırılmış peşəkar inkişaf,
mentorluq və tədqiqat proqramlarında iştirak
haqqının, səfər xərclərinin və layihənin
həyata keçirilməsi ilə bağlı digər xərclərin
layihə çərçivəsində maliyyələşdirilməsi
mümkündür: "Təhsilalanların həm məktəb
illərindən başlayaraq, həm də müstəqil həyata
qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində
həyati bacarıqların, o cümlədən, rəqəmsal
bacarıqların və incəsənətyönlü
bacarıqların, yetərli savadlılığın
böyük əhəmiyyəti vardır. Bu prioritet sahə
üzrə təqdim ediləcək layihələr təhsilalanlarda
yuxarıda sadalanan və sadalanmayan bacarıq və
savadlılığın formalaşdırılmasına və
inkişafına hədəflənməlidir. Zəruri tədris
ləvazimatlarının əldə edilməsinin, müvafiq
bacarıqların inkişafını təmin edəcək
peşəkar mütəxəssis tərəfindən təlimlərin
keçirilməsinin və layihənin həyata keçirilməsi
ilə bağlı digər xərclərin layihə çərçivəsində
maliyyələşdirilməsi mümkündür".
Sevinc QARAYEVA
525-ci qəzet . 2024.- 29 fevral, №(39).- S.14.