Məhəmməd
Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı
I yazı
Mən də bu gün "ədəbiyyatımız
mühüm bir
dövrə
keçiyor" - deyə bağırmaq istiyoram!
M.Ə.Rəsulzadə 1911-ci ildə
"İrani-nov" qəzetində çap etdirdiyi "Mətbuat
azadlığı" adlı məqaləsində hər bir
ölkənin mədəniyyətinin inkişafını
birbaşa onun ədəbiyyatındakı təkamül prosesi
ilə əlaqələndirirdi. Göstərirdi ki, hər
ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının
inkişafı ilə bağlı olduğu kimi, hər millətin
siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə
bağlıdır (Rəsulzadə M.Ə. Əsərləri.
II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 69).
"Pozğun qələmə alınan yazı, əsərlər
həm əxlaqa, həm də tərbiyəyə böyük
zərər yetirir. Öz xeyirləri üçün cürbəcür
yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc
edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu
cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr
olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın
səsi pul üçün çıxır, sakit olub
susması da puldan asılıdır" (Yenə orada,
s.73-74). Rəsulzadə "ziyanlı mətbuat",
"pozğun yazı", "cəmiyyətə çox əziyyət
verən zəhər" və s. bu kimi ifadələrlə
bayağı ədəbi və bədii, publisistik məhsulların
xalq, millət üçün zərərindən
danışırdı. Haqlı olaraq vurğulayırdı
ki, sənət meyarlarından və sənətkar qələmindən
uzaq yazılar oyanmaqda, inkişaf etməkdə olan cəmiyyətlərin
zövqünü və dünyagörüşünü,
estetik baxış meyarlarını korlayır. O, 1913-cü
ildə "İqbal" qəzetində çap etdirdiyi
"Təzə kitablar" adlı göstərirdi ki, Avropada
normal hesab edilən istənilən bir müəllif
yazdığı hər bir əsərlə bütün millətinin
ruhunu, ictimai-siyasi baxışlarını, problemlərini əks
etdirə bilir. Bu qabiliyyət və hünəri ilə də
öhdəsinə götürdüyü məqaləsində
vəzifəsini vicdanla icra etmiş olur. Hər kəsin
gözləri önündə baş verən bu təkamül
prosesi isə ümumilikdə millətin mədəni
inkişafı üçün şərait yaradır.
Həmin məqalədə Ağakərim Kərimov
imzalı yazarın çap etdirdiyi "Nələr
lazım?", yaxud "Üç vacibi şeylər" və
Bakı ticarət məktəbinin şagirdi Əliəjdər
(Zaki) Seyidzadənin yazmış olduğu "Məhəbbəti-madaranə"
adlı əsərindən bəhs edir. Elm, sevgi və əxlaqı
insanlıq üçün əsas şərt hesab edən Ağakərim
Kərimovun nəzmlə yazdığı əsəri Rəsulzadə
tənqid edərək bildirir ki, müəllif çox
mühüm məsələlər haqqında qeyri-müəyyən
və sənət kriteriyalarından uzaq şəkildə bəhs
edir.
"Bu əfəndi şu vacibli kitabında əvvəla
elmi, saniyən məhəbbəti, salisən tərbiyəni kəndi
millətinə təlqin etmək istəmiş və
bunları da şeirlə hüsula gətirmiş! Kitabın
başında diyorlar:
Ey olan bərri-bəhrin sahibi
tək olan pərvərdigar,
Et nəzər milləti-müsəlmanə,
eylə rəhmət möcizin izhar.
Biz müsəlmanın işi
ahu-fəğan, dərd çəkməkdir,
Çıxardıb xoş günün yaddan,
eyliyib fələyə vagüzar..." (Yenə orada,
s. 177).
Rəsulzadə əsər sahibinin həqiqət,
düzlük, elm, məhəbbət haqqındakı
iddialarına və tələbinə özünün mətni
vasitəsilə cavab vermədiyini göstərir. Qeyd edir ki, əsər
sahibi öz söylədiyinə əməl etsə idi, daha
böyük xidmətlər etmiş olurdu. Çünki
şairin nə demək istədiyini özündən
başqa bilən olmayacaq. "Mən ki, bir şey
anlamadım, ancaq acı bir təəssüf deyə bildim. Bu əfəndi
kitabın sonunda daha gözəl bir həqiqət söyliyor:
Ey Kərim, bəsdir,
dəxi ağ elədik sən də - deyib
Şeri dəng etdin bizi lap
nəyə bənzər
(və ilaxir!..)
Əfəndicik bunu rek gözəl bildikləri halda, hər
nədənsə yenə zəhmət ixtiyar edib para sərf
eləmişlər.
Məzkur kitabçadan hasil olan faydanı lütfən
şərh edərsələr, bir fayda olurdu zənnindəyiz"
(Yenə orada, s.178).
İkinci kitab haqqında da "niyyət və xidmət
istəyi təqdirəlayiqdir, fəqət ortada olan kitab
başqa söz deyir" - qənaəti ilə
çıxış edir ("Yeni qiraətə
başlamış etfal üçün yazılan şu
kitabın içərisi bu müqəddimədən daha
qarışıq və qəliz sözlərlə
doldurulmuşdur. Zənnimcə, bu əfəndilər də
böyük zəhmətlər çəkmişlər!.. Fəqət
naçarə!" (Yenə orada, s.179).
Əsərin təkcə məzmunu haqqında yox, həm
də dil-üslub xüsusiyyətləri barədə də
söz açır. Onu da qeyd edir ki, müəllif türk, ərəb
və fars dillərindən elə istifadə edib ki, onun bu dillərdən
hansına məxsus olduğu bəlli olmur. Yəni mətndə
ərəb və fars kəlmələrindən həddindən
artıq istifadə etməsi və dili qəlizləşdirməsi
mənfi hal kimi qiymətləndirilir. "Binaən əleyh məzkur
kitabı oxuyan zaman şagird əfəndinin türk, fars, ya ərəb
- hankısından olduğunu anlamaq mümkün deyildir.
Düşündükçə bunlan hər birindən
olmadığına hökm etmək lazım gəliyor"
(Yenə orada, s. 178).
Onu da qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə
BDU-nun Tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı
tarixindən dərs demişdir. Tərcüməçilik təcrübəsi
də vardır. Məsələn, M.Qorkinin "Ana" əsərindən
bir parçanı Azərbaycan dilinə çevirib çap
etdirmişdir və s.
Rəsulzadə zamanın ictimai-siyasi, sosial-mədəni
hadisələrini sistemli şəkildə izləyib təhlil
etdiyi kimi ədəbiyyatda gedən prosesləri də həssaslıqla
müşahidə edirdi. XX əsrin əvvəllərində ədəbiyyatın
zənginləşməsi, mövzu-ideya, forma-məzmun
baxımından püxtələşməsi məsələsinə
xüsusi diqqət ayırır və belə bir ədəbiyyata
ədəbiyyat mütəxəssisləri - ədəbiyyatşünaslar
tərəfindən qiymət verilməsi tələbini irəli
sürürdü. Ona görə də "Tənqidə
ehtiyac var" adlı məqaləsini ("İqbal" qəzeti,
1913-cü il) çap etdirir. Oxucuların ədəbiyyata
marağını, kitab satışı və
alışı mədəniyyətinin formalaşması
prosesini, ədəbiyyatın zamanla ayaqlaşması məsələsini
və başqa bu kimi halları konseptual şəkildə təhlilə
çalışlan müəllif yazır: "Ədəbiyyatımız
yaman-yaxşı dövlətləniyor. Xalqımız
oxumağa adət ediyor. Təzə nəşr olunan ədəbi
əsərlər şəhərimizdəki kitab
füruşların caməkanlarını (vstavkalarmı)
dolduruyor. Gərək tərcümə və gərək
milli romanlar, hekayələr yazılıyor. Təzə
mühərrirlər və təzə əsərlər
meydana çıxıyor. O dərəcə ki, artıq
çıxan əsərlərin mahiyyətindən, nə
cürlüyündən göz örtmək və hər nə
cür olsa mətbu əsərlərin zühurunu mütləq
surətdə alqışlamaq dövrəsi axıra
çatıyor kimi görünüyor" (Yenə orada,
s.255).
Rəsulzadə mühüm bir dövrə qədəm
qoyan ədəbiyyatın təhlilini, təqdim və tənqidini
istəyirdi. Çünki yazarlar keyfiyyətli əsərlər
yazır, oxucular həvəslə oxuyursa, bu arada ədəbi
tənqidin yeri mütləq görünür. Ədəbiyyat
cəmiyyət həyatının aynası, doğru yol
göstərəni, millətin mədəni tərəqqisinə
xidmət edən sahə kimi geniş meydan almaqda idi. Cəmiyyət
həyatında aparıcı, rəhbər funksiyasında olan
ədəbiyyat bütün sahələrə nəzər
yetirdiyi, həmin sahələri sərf-nəzər etdiyi, hətta
tənqid etdiyi halda onun özünün də "redaktəyə",
təhlil və tənqidə ehtiyacı olduğu
aydınlaşır. "İnsanlara tənqidi-nəfs öyrədən
ədəbiyyat özünü tənqid etməsə idi,
alimi-biəməl məqamında qalar idi. Hər
dövrün, hər zamanın bir iqtizası vardır. Bu
iqtizaya görə ədəbiyyatda da təğyirat və təbdilat
müşahidə olunmalıdır. Bu müşahidə hər
şeydən əvvəl ədəbiyyatda nəzərə dəyməlidir.
Ədəbiyyat əfkari - ümumiyyədə və həyati-növiyyədə
vaqe olan təbəddülatdan geri qalmamalıdır. Əqəllən
onların üzərinə icrai-təsir etməlidir. Onlardan
mütəəssir olsa da, icrai-təsir etmək
nüxbeyi-amalı olmalı" (Yenə orada, s.255).
Mövzu ilə bağlı klassik və müasir
dünya ədəbiyyatı nümunələrinə üz
tutan müəllif istənilən bir xalqın ədəbiyyatında
sentimental, romantik, hissi-emosional tərzdə qələmə
alınmış əsərlərin çoxluğunu təsdiqləyir,
hətta bu emosionallığın hissiyyata "həyəcanverici
nalələr, fəryadlar, dəvətlər və nidalar gətirdiyini"
vurğulayır.
O, XX əsrin əvvəllərində - çox
böyük ictimai-siyasi, sosial-mədəni hadisələrin cərəyan
etdiyi bir zamanda ədəbiyyatın missiyasını ayrıca
işıqlandırmağa çalışırdı. Həmin
dövrün ədəbiyyat və mətbuat yazarlarına
üzünü tutub deyirdi: "Yatmışlara xitab
ediyorsunuz. Yuxulu adama qabili-tətbiq şeylərdən bəhs
etmək əbəsdir. Ona əvvəlcə qalx, bəsdir
yatdın, xalq getdi sən qaldın, qaldığın yer
qorxuludur, dağın dalında quldurlar pusquya oturubdur - kimi
sözlər deyib bağırmaq əvvəlidir" (Yenə
orada, s.256).
Rəsulzadə bu məqamda ədəbiyyat adamı, ədəbi
tənqidçi və ədəbiyyat tarixçisi kimi
çıxış edir. Ədəbi prosesin istiqamətini,
funksiyasını, məqsəd və prinsiplərini praktika
üzərinə gətirir. Konkret olaraq cəmiyyətin
inkişaf dinamikasına ədəbiyyatın real təsir
gücünü müəyyənləşdirə bilir və
yazarlara yol göstərir. Məsələn, qeyd edir ki, avam,
cahil cəmiyyətlərdə publisistika və ədəbiyyatın
birinci işi xalqı oyatmaqdırsa, ikinci işi yenə də
onu oyatmaq olmamalıdır. Oyanmış insanlara hara gedəcəklərini
anlatmaq lazımdır. Əvvəl məqsəd
yatmışı oyatmaq idisə, yatmış oyandıqdan
sonra məsələ tamamilə dəyişir. İndi
artıq yuxudan gec qalxıb özünü karvandan geridə və
tərəddüddə görən adama yol göstərmək,
qabaqda gedənlərə necə çatmaq mümkün
olduğunu bildirmək mərhələsi gəlir. Rəsulzadə
Azərbaycan ədəbiyyatının həmin mərhələsini
"realizm dövrü" adlandırırdı. "Fəqət,
bunlar ila yövmil-qiyamə denilməz, ancaq yatanın
oyanmasına qədər denilə bilir. Vaxta yatan durdu, gərnəşdi,
xəmyazəsini çəkdi, başını yerdən
qaldırdı, gözlərini bir-iki sildi, anladı, onu oyadan
sənsən, bittəb müntəzir olacaq ki, indi ona yol
göstərəsən. Artıq o zaman ona yenə qabaqkı nəğmələri
çalmaq müvafiq düşməz və hələ
"Ey bəradər, daldalanma, mürği-şəb tək
abidar ol gəl" mətləi ilə başlayan şeirilər
heç də fayda etməz" (Yenə orada, s.256).
Yenə Rəsulzadənin dili ilə desək,
"laylay çalan ədəbiyyat" təhlükəsi
aradan qalxmış, onu "yuxu qaçıran ədəbiyyat"
əvəz etmişdi. O, geniş anlamda, dünya ədəbiyyatı
ilə ayaqlaşa bilən nümunələrin çox
olmadığından, həqiqi sənət əsəri
yaradan imzaların çox az olmasından narahat idi. Lakin
yaradılan nümunələr ümidverici idi və bu məqamda
həmin nümunələri obyektivliklə qiymətləndirə
bilən xüsusi bir ədəbi yaradıcılıq
növü - tənqid tələb olunurdu. O da digər
ziyalı yoldaşları, ədəbiyyatşünaslar kimi qəzetlərdə
ədəbiyyatla bağlı çap olunan məqalələrin
əvvəlində "tənqid və təqriz" ifadəsini
yazırdı. "Bu məşəlin yanacağı isə
tənqidi-ədəbidir ki, məəttəəssüf bizdə
heç yoxdur. Bu sayədə də ədəbiyyat hər kəsin
cəsarət edib atıldığı bir meydan olmuşdur. Tənqid
və intiqad sözü mənayi-məşhuru ilə bir
şeyi zəmm və təqdim etmək mənasına
alınmasın, "kritik" mənasına gələn tənqid,
eyni zamanda təqrizi də mühtəvidir" (Yenə orada,
s.256).
Ədəbi tənqid məqalələri, eləcə
də resenziyaların yazılması artıq mühüm və
məsuliyyətli bir vəzifə kimi zəruri tələbata
çevrilmişdir. Oxucunu əsl ədəbiyyat əsərləri
ilə tanış etmək, onu ədəbiyyatda mövcud olan
ədəbi cərəyanlar, inkişaf etmiş ölkələrdə
ədəbiyyatın mahiyyəti və s. məsələlər
haqqında məlumatlandırmaq missiyası da ədəbi tənqidin
öhdəsinə düşürdü. Digər tərəfdən
isə maarifləndirici ədəbiyyatda tərcümə məsələləri
önə çəkilməkdə idi. Məsələn, Sədinin
"Gülüstan" əsərini türkcəyə
çevirən Rahilin tərcüməçilik fəaliyyəti
haqqında Rəsulzadə maraqlı fikirlər söyləyir.
İngilis, fransız, alman, rus və başqa dillərə tərcümə
olunan bu əsərin Azərbaycan türkcəsinə tərcüməsi
zərurəti haqqında danışan müəllif Rahil əfəndinin
tərcümə etdiyi "Gülüstan" ilə Sədinin
"Gülüstan"ı arasında yerdən-göyə qədər
fərq olduğunu yazır. Uşaqlıqdan Sədini oxuyan Rəsulzadə
elə o zamanlar eşitdiyi
"Sədini yeddisində oxuyan ancaq yetmişində
anlar" - aforizmini xatırladaraq, Rahil əfəndinin tərcüməsindən
onun hələ yetmişinə çatmadığı
ehtimalını yarızarafat qeyd edir, hətta istehza ilə
"Rahilin "Gülüstan"ı ifadəsini işlədir.
Sədinin ondan xəbəri olmadığını, mətnin
tərcüməçi əlavələri ilə dolu
olduğunu, "Gülüstan"ın bəkarətindən
düşdüyünü" qeyd edir. O, qeyri-dəqiq tərcümə
problemlərini incəlik və səbirlə
çözür, məna-məzmun və forma-estetik
çalarlara diqqəti cəlb edir.
"Əsbi-lağər miyan bekar ayəd Ruzi-meydan nə
kave-pərvari" - beytini mütərcim böylə tərcümə
ediyor: "Arıq incəbel at dava günündə işə
gəlir, nəinki yoğun öküz. Yəni hər mənəm
deyən özlərini rüəsayi-millət hesab edənlər,
millət yolunda baş və candan keçməz. Halbuki farsi
bilənlərcə məlumdur ki, bu beytin mənası ancaq bu
ola bilər: "Müharibə günündə kök
öküz deyil, arıq at işə yarar". Burada "yəni"dən
sonra gələn cümlələrin hamısı hədərdir
və bilkülliyyə zaiddir. "Yəni"dən əvvəl
gələn cümlə hər nə qədər, məsələn,
Sədinin beytinin tərcüməsinə bənzəsə də,
türkcə bir tərkib olmaqdan uzaqdır ki, bu xüsusda zeylən
bəhs edəcəyiz" (Yenə orada, s.264).
Məqalənin ("Gülüstan"ın tərcüməsi",
"İqbal" qəzeti, 1913-cü il) sonrakı hissəsində
də təhlillərini bu qaydada davam etdirir.
Rəsulzadənin tərcümə sənəti və
tərcüməçi təfəkkürünün xarakteri
haqqındakı qənaətləri xüsusi maraq yaradır.
Məsələn, o, tərcümə prosesində zehnin iki
şeylə məşğul olmaq məcburiyyətində
olduğunu iddia edir və göstərir ki, yalnız bu iki
xüsusiyyətə diqqət yetirənlər gözəl tərcüməçi
ola bilərlər. Sözlərin və ifadələrin tərkibi, məna
çaları və ən əsası tərcümə
olunan əsərin mənasının qorunub
saxlanılması. O, bir çox tərcüməçilərin,
o cümlədən də, Rahilin öz tərcüməsində
Sədi ahəngini, poetikasını saxlamaq cəhdini əbəs
saymış, bildirmişdir ki,
"Gülüstan"dakı, dəqiqliyi və Sədinin
cümlələrindəki ahəngi türkcədə də
mühafizə etmək mümkün olmaz. Rahilin də bəzi
yerdə Sədinin mətnindəki səc və qafiyələri
qismən saxlamaq cəhdini bəyənməmişdir.
Çünki o, sübut edirdi ki, hər bir dilin özünəməxsus
bir ruh və ahəngi vardır. Və onu başqa bir dilə nəql
edincə ahəngsizliyin ən gülünc bir nümunəsi
ortaya çıxır.
O, tərcümə ədəbiyyatı ilə məşğul
olan müəlliflərə daha bir tövsiyə edir. Tərcümə
bitdikdən sonra bir-iki ay gözləmək və mətnə
yenidən baxmaq. O zaman tərcümə olunan əsərdəki
yad təsirlər, alınma kəlmələrin
çoxluğu və s. bu kimi hallar ortaya çıxacaq.
Rəsulzadə Rahilin tərcüməsini də bu
baxımdan tənqid edir. Mətndə türk və Azərbaycan
dilindən əsər belə olmadığını
yazır. "Sədini türkcəyə tərcümə edə
bilmək üçün hər halda türkcə də
iqtidar sahibi olmaq lazımdır. Halbuki türkcə qaidələrinə
müvafiq Rahilin bir cümləsi tapılmaz - dersək,
çox da iğraq etmiş olmarıq" (Yenə orada,
s.266).
Rahilin gələcəkdə Həzrət Əlinin "Nəhcül-bəlağə"
əsərini də tərcümə etmək niyyətindən
xəbər tutan Rəsulzadə ədəbiyyat naminə ona
üzünü tutub xahiş edir: "Ədəbiyyat naminə
rica edərdik ki, tərcümə elədikləri zaman
türkcə qaidələrinə ziyadəcə əhəmiyyət
versinlər, tainki o bəlağət və hikmətin bir
nümuneyi-aliyül-ali olan böyük əsər ərəb
qarelərinə verdiyi zövqü türk qareinlərə də
verə bilsin. Bir kəlmə, "Gülüstan"ın tərcüməsi
kimi olmasın" (Yenə orada, s.266).
Maraqlıdır ki, Rəsulzadə daha sonra
"Zavallı Sədinin görəcək günləri
varmış. "Bustan" da türkcəyə tərcümə
edilmiş, bunu yaxınlarda duydum" - həyəcanını
yaşamalı olur. Onun "Bustan" adlı məqaləsindən
("İqbal" qəzeti, 1913-cü il) məlum olur ki,
dostlarından biri həmin tərcümənin bir nüsxəsini
ona verir və fikir bildirməsini xahiş edir. Hətta ilk
baxışda Rahilin "Gülüstan"ından
yaxşı olması təsirini duyduğunu da etiraf edir. Ancaq
onu da qeyd edir ki, Rahildən yaxşı olmaq bir hünər
deyildir, çünki Rahilin tərcüməsi pisdən də
pis idi.
Mir Əbdulvahab Seyyidzərgərin tərcüməsi
üzərində də Rəsulzadə çox ustalıqla
müqayisələr aparır.
"Bustan" Azərbaycan türkcəsinə həm
də nəzm şəklində tərcümə
edilmişdir.
"Şirazlı filosofun əsərlərini
bakılı bir şair türkcəyə nəzmən tərcümə
etmiş. Sədini nəzmən tərcümə edə bilmək
üçün heç olmazsa, Sədinin yarısı qədər
şair olmalıdır. Böylə bir şairi yetişdirdiyi
üçün Bakı şayani-təbrikdir - deyə ilk dəfə
böylə düşündüm" (Yenə orada, s.274).
Daha sonra isə tərcümə ilə bağlı
nöqsanları təhlil etdikdə Azərbaycan türkcəsində
olan "Bustan"ın fars dilində olan "Bustan"dan həcm
etibarilə xeyli az olduğu ortaya çıxır. Müəllif
qeyd edir ki, əsl "Bustan" təqribən 9.176 beytdən
ibarət olduğu halda, tərcüməsi 1.464 beyt təşkil
edir ki, bu da əslindən xeyli azdır ("Dedim ki, bəlkə
cənab mütərclim iicaz və ixtisari-kəlamda Şeyxi
keçmiş, onun iki beytdə sığışdıra
bildiyi mənaları, bu iki misrada yerləşdirmişdir"
(Yenə orada, s.274).
Bu tərcümədə daha çox təhriflər
və "sərbəstliklər" olduğunu müəllif
konkret faktlarla göstərir. "Bustan"ın tərtibi, fəsilləri
forma və məzmun etibarilə əslindən çox fərqlənirdi.
Tərcüməçi hətta bəzi fəsilləri
ixtisara salaraq tərcümə etmiş, çox hallarda isə
tərtib ardıcıllığını pozmuşdur və
s. Rəsulzadə isə bu cür davranışda qeyri-ciddi
yanaşmanı ədəbiyyata xəyanət hesab edirdi.
Bildirirdi ki, tərcüməçi bu şəkildə tərcümənin
əvvəlində "Bustan"dan iqtibas olunmuş müntəxəbat"
ifadəsi yazmalıdır. Yəni ixtisar şəklində tərcümə
olunduğu oxucuya dürüstlüklə
çatdırılmalıdır.
Məqalənin bir neçə yerində orijinal mətnlə
tərcümə mətni fraqmentlərini müqayisəli şəkildə
təhlil edir və tərcümənin naqis, qeyri-dəqiq
olduğunu əsaslandırır: "Məsələn,
"Qızıl Arslan şahın bir mərdi-danişmənd
ilə hekayəti"nə Sədi böylə
başlıyor:
"Qızıl Arslan qəleyi-səxt daşt,
Ke kərdən baluvənd
bər mlfəraşt".
Mütərclm bunu böylə tərcümə
ediyor:
"Rəvayətdə vardır qızıl Arslan
Öz əsrində
olmuşdu çox hökmran
Var idi onun qələsi çox bülənd
San ol qələ əflakə atmış kəmənd".
Bundan fikrimizin əksi çıxıyor.
Anlaşılır ki, mütərcim Sədinin bir beytdə
ifadə etdiyi mənanı yaman-yaxşı ancaq iki beytdə
ifadə edə biliyor ki, bu surətlə türki
"Bustan" əsl "Bustan"dan, yuxarıdakı hesaba
görə 6 dəfə deyil, 12 dəfə kiçikdir"
(Yenə orada, s.275).
Bir neçə belə nümunələrdən sonra
Rəsulzadə bu cür tərcümə mətnlərini
ortaya qoyan, çəkinmədən oxuculara təqdim edən
tərcüməçilərin məsuliyyətsiz
davranışını tənqid edir və Şərqin
böyük filosofu Sədiyə qarşı da bir hörmətsizlik
olduğunu açıqlayaraq bildirir ki, bu,
bağışlanmaz səhvdir. Obrazlı şəkildə
qeyri-peşəkarların Sədi əsərlərinə
üz tutmağını "Azərbaycan ədəbiyyatının
taleyi-nasazı" hesab edir, təəssüflənir ki, nədənsə
Sədinin tərcüməsinə daha çox savadsızlar,
öz dilini belə mükəmməl bilməyən, bu dildə
doğru-dürüst ifadə imkanları olmayanlar cəhd
edir. "Bu, əfv olunmaz. Bu, əfv olunursa, ruhi-Sədi müəzzəb
olur. Çünki farsi bilməyənlər bilməzlər
ki, bu "səhv və nisyan"lar Seyyidzərgərindir,
yoxsa Sədinin" (Yenə orada, s.276).
Mir Əbdulvahab Seyyidzərgərin müqəddiməsini,
nəsr dilini qüsurlu hesab edən müəllif onun nəzmlə
tərcüməsində də xeyli naqisliklər aşkar
edir. Bəzən tərcümə hesab edilən fraqmentlərdə
farsca ifadələrin çoxluğunu, kəlmə
sayını belə hesablayır.
"Benami-xudavəndi-balavü pəst,
Qələm algilən, Seyyida, sən bedəsəti
Səri-cümlə divanda ibtida,
Cahan afərinə səzadır səna.
Əlimu giramiyü can afərin.
Tənü əqlü fəhmü zəban afərin.
Həkimi-süxən alimi sərü qeyb,
Bir Allahdır, yox ona şəkkü reyb.
Bu nə farsıdır, nə də türki. Bu
dörd "beyti-türki" təhlil olunursa, burada ancaq
beş türkcə kəlmə ilə altı edat
türkü vardır. Tərkiblərə gəlincə, ancaq
axırıncı misra olan "bir Allahdır, yox ona şəkkü
reyb" bir az türkcə tərkibə oxşayır kimidir.
Baqi misralar isə pozuq bir terkibifarsıdan başqa bir şey
deyildir. Fəqət bu qədər var ki, Sədinin farsisini
oxumaq farsı bilməyən bir türkün qulağına
heç olmazsa bir ahəngi dilnəvaz bəxş edər.
Əbdülvahab cənabları qarelərini bundan da məhrum
etmişlərdir" (Yenə orada, s.277).
Azərbaycan türkcəsində, əslində səliqəsiz,
qarışıq şəkildə Sədini oxumaq məcburiyyətində
olan Azərbaycan oxucusuna elə farsca Sədini oxumağı
tövsiyə edir. Çünki farscada heç olmasa, Sədi
poetikası, ahəngi qulağa daha xoş gələr, - deyə
düşünür.
Başqa bir məqamda Rəsulzadənin "tərcümə
tənqidçisi" kimi həssaslığı, məna təhrifini
gözdən qaçırmamasını görürük. Sədinin
Qızıl Arslanın qalasını tərif edən,
qalanın kimsədən qorxusu, narahatlığı,
asılılığı, ehtiyacı olmayan
üstünlüyünü, yollarının da zülfi-ərusan
kimi buruq-buruq olmasını əks etdirən beytini -
"Nə əndişə əz kəs, nə hacət
behiç,
Çu zülfi-ərusan rəhəş
piç-piç" -
Zərgərinin Qızıl Arslanın şəxsinə
aid olaraq tərcümə etməsini və onun sultanlardan xərac
aldığını da özündən əlavə olaraq
artırmasını oxuculara çatdırır:
Yoxuydu onun kimsəyə ehtiyac,
Alardı salatinlərdən xərac.
Gördüyümüz kimi, burada ciddi məna fərqi
və təhrif ortaya çıxır.
Rəsulzadə böyük mütəfəkkir
şairlərin əsərlərini tərcümə
adıyla təhrif edən müəlliflərə və daha
sonralar belə cəhddə bulunmaq istəyənlərə dərs
olsun deyə həm "Gülüstan", həm də
"Bustan" tərcümələri üzərində
özünün də dediyi kimi, səhvlərin üzərinə
barmaq qoyaraq işləmişdir. Dostlarından birinin ona:
"Böylə əsərlər tənqid olunamaz.
Çünki onlarda tənqidə dayanır və tənqid
götürər bir nöqtə yoxdur" - iradına cavab
olaraq - "Fəqət mühitimiz nəzərə
alınırsa, bunları təhlil və tənqid etmək dəxi
faydasız deyildir" - qənaətini bəyan edir.
İradə MUSAYEVA
525-ci qəzet . 2024.- 29 fevral, №(39).- S.12-13.