Sənə sevginin özü də Vətəndir!

XAQANİ QAYIBLININ 60 YAŞINA

 

Demək, Xaqani Qayıblının da yaşı altımışa dayandı. Bizim Nəsir müəllim (professor Nəsir Əhmədli) 60 yaşı olanlara "Tovuz nömrən mübarəkdir" deyirdi. Biz də "Mübarəkdir!" deyirik.

Bir dünya xatirəsi var Xaqani Qayıblının məndə. Adam haradan başlayıb-harada bitirəcəyini bilmir. Aktiv yazı vərdişim olsa, bir kitablıq yazı olardı. Xaqani Qayıblı ilə saysız-hesabsız məclislərimiz, səhəri dirigözlü açdığımız günlər olub. Ancaq bütün bu görüşlərin içində bir görüşümüz var ki, ayrıcalıq təşkil edir. Bu, bizim birinci Qaraçöp görüşümüzdür. Piri üzünə gülsün, Məmməd Dəmirçoğluna həsr olunmuş filmin çəkilişləri üçün İncə dərəsinə getmişdik. Orada eşitdik ki, Xaqani Qayıblı Qaraçöpdədir. Yazın yaya ayaq verən vaxtlarıydı. Yol aldıq Qazaxdan üzü Qaraçöpə. Təxminən iki saata çatdıq Qaraçöpə. Görünür, xəbər tutmuşdular. Xaqani Qayıblının ata ocağında qapının iti də dəhmər dururdu. Çağdaş Türk irfan ədəbiyyatının uğurlu imzalarından olan Allahverdi Təhləli ilə də ilk tanışlığımız oradan başladı. Günortadan başlayan məclis növbəti günün səhər saatlarına kimi davam elədi. Bu minvalla qaraçöplülər bizə o ki var "divan tutdular". Xaqani Qayıblı əlində qara sazı, dilində dastanlarımızdan şirə çəkmiş şirin söhbətləri, əzbərində də qara sazın ahəngdar səsində cilalanmış şeirləri ilə unudulmaz anlar yaşatdı bizə. Bax onda tanıdım Qaraçöpün qara gözlü qərib balası Xaqani Qayıblını. Ona kimi Xaqani Qayıblını daha çox Tartu Unveristitetinin professoru, Estoniya prezidentinin dostu və tərcüməçisi, Süleyman Dəmirəlin məsləhətçisi kimi parıltılı avropalı tərcümeyi-halı ilə tanıtmışdılar mənə. Amma Qaraçöpdəki bu məclisdəki Xaqani Qayıblını görüb-tanıyanda məni heyrət bürüdü. Sanki Hüseyn Saraclının məclisindəydik. Goru nurnan dolsun, ustad deyirdi ki, şəyird gərək qəssab iti kimi ustadın əlindən darta, yerə düşənini göydə döşürə. Gördüm, rəhmətlik nə tökübsə, bu döşürüb. Sən demə, ozan-aşıq sənətinin əfsanəsi sayılan aşıq Hüseyn Saraclının ruhu da, ləmsi də, dadı da, duzu da, danışıq təhkiyəsi də Xaqanidə cəmləşibmiş.

Beləliklə, mən də daha bir ruh ekizimi tapmış oldum. O ruh ki, bizim içimizi ələm ağacı kimi gah Borçalıya dartır, gah da adına "bavamız öyü" dediyimiz İncə dərəsinə doğru çəkib aparır. Qazaxa, İncə dərəsinə olan sonsuz məhəbbət Xaqaninin qəlbinə həm də anası Şərifə xanımın südü ilə axıb. Bu məhəbbət onun yaradıcılığında ayrıca bir xətt kimi aydın duyulur.

 

Mənim bu yerlərdə nəyim yoxdu ki!

Ən şirin söhbətim, sözüm Qazaxda.

Huşum tərpənəndən, ağlım kəsəndən

Harda yaşasam da, gözüm Qazaxda.

 

Didvanda ömrümü sürdüyüm günlər,

Oxuyub kamala erdiyim günlər

Nənə nəvazişi gördüyüm günlər,

Sıyrılıb dirsəyim, dizim Qazaxda.

 

Baxtımı baxtına düydüyüm gözəl,

Hamıdan xəlvəti sevdiyim gözəl,

Daldeydən nənəmə öydüyüm gözəl

Görən yaşayırmı bizim Qazaxda.

 

Hərdən çala getdim, meşəyə gəldim,

Neynim maraq saldım hər şeyə, gəldim,

Şeirlə, sənətlə ərsəyə gəldim,

Ruhum Qaraçöpdə, özüm Qazaxda.

 

Uşaqlığı Qazaxda - Ceyrançöldə qoyun otarmaqla keçib Xaqaninin. Yeri gəlmişklən Xaqani Qayıblının Ağamalı Sadiq Əfəndi ilə ilk qiyabi (bəlkə də elə əyani!) tanışlığı da Ceyrançöllə bağlıdır. Deyir ki, Ceyrançöldə bir çobanla tanış oldum. Adətim üzrə, qoyun otarmağa gedəndə həmişə özümlə oxumağa kitab götürərdim. Bir gün o çoban mənə dedi, oğul, sənə balaca bir kitab verəcəm, onu oxu. O kitab Ağamalı Sadiq Əfəndinin idi - "Şairin ilk kitabı" seriyasından..."

Gələk indi Qaraçöpə. Qaraçöp Türk törəsinin diri qaldığı elə yerlərimizdəndir ki, ora təkcə məkan adı bildirmir. Qaraçöp həm də keyfiyyət bildirir. Adam Qaraçöpdəndirsə, demək, mərddir, etibarlıdır, törəyə sadiqdir. Xaqani Qayıblının dəyəri bir də bu keyfiyyətlərin daşıyıcısı olmağındadır. Köksünü qabardıb, gözünü yaşardan Qaraçöp haqqında Xaqaninin himn kimi səslənən, çox bəyəndiyim bir şeiri var:

 

Bu torpaq mənimdir, bu vətən mənim,

Ölsəm, büküldüyüm bu kəfən mənim,

Naxışı qeyrətdən bu çəmən mənim,

Yorulmaz vəsfində dilim, Qaraçöp!..

 

...Həyat kələyindən sirr açan gündən,

Ən böyük itkimlə barışan gündən,

Anam torpağına qarışan gündən -

Çiçəyim - Qaraçöp, gülüm - Qaraçöp!

 

...Xaqani, düşübdür qəza baxtına...

Ömür vəfa edə bir az vaxtına!

Tanrı bəxtəvərlik yaza baxtıma,

Gəlim qucağında ölüm, Qaraçöp!

 

Xaqani - qaraçöplü, Qazaxlı olduğu qədər də - qarayazılı, qaraqoyunlu, qarabağlı, təbrizli, dərbəndli, göyçəlidi.

Xaqani bu gün mənim üçün həm də yarası hoylu qalan Arif Acaldı, Arif Əmrahoğludu, Ayvaz Əlləzoğludu. İsa İsmayılzadə, Abbas Abdulla, Zəlimxan Yaqub haqqında günlərlə kövrələ-kövrələ danışmaqla bitməyəcək əzizlədiyi xatirələr var sinəsində.

Xaqaninin yaradıcılığında ilahi bir güc, qüvvə, enerji var. Və bunun mayasında Xaqaninin dastanlarımızdan, nağıllarımızdan, bayatılarımızdan, qım-qımılarımızdan gəlməyi durur.

Xaqani Qayıblı təpədən-dırnağa el-elat adamıdır. Xalq ruhunun incəliklərini, içinin gövhərini bilən adamdır. "Yaylaq kültürünü bilmədən Qaraçöpü bilməzsən" - deyib oğlu Şərif Turanı bir neçə il ard-arda Borçalı yaylaqlarına - Şamdüyəyə, Sənəkuçana, Əyriqara, Sərxana... göndərdi. Doğrudan da, Qaraçöpü yaylaqsız təsəvvür etmək mümkün deyil. Dəyərli folklorşünas alimimiz Elxan Məmmədlinin atası, Dədə Qorqud boylarının ən mahir tədqiqatçılarından olan Hüseynqulu Məmmədlinin "Görüm Faxralının biri olsun beş..." kitabı bu mənada əvəzsiz bir xəzinədir. Mütləq tapıb oxuyun. Sözüm onda yox, indi kim inanar ki, Avropanın göbəyində böyüyən Şərif Turan Əfəndi yaylaq həyatını, yaylaq estetikasını atasından da, məndən də yaxşı bilir.

Qızı Aybikə ixtisasca antropoloqdur. Avropanın nüfuzlu alimlərindən olan Peter Toropun tələbəsidir. O Peter Torop ki, bizim Arif Acalın da yaxın dostu və qrup yoldaşı olub. Xaqani deyir, qızım bir monqol rəfiqəsi ilə Monqolustana gedir, oradan bir şəkil göndərir ki, ata, bu gördüyün bir Türk abidəsidir, dedim, ay qızım bu Tonyukuk abidəsidir. Qızım ağlaya-ağlaya qayıtdı ki, dünyada elə yer varmı, mən səni orada tapmayam, ata? Xaqani Qayıblının bulaq gözlü balalarının hər biriylə bağlı yüzlərlə bu cür detallar söyləmək olar. Budur Xaqani Qayıblının böyüklüyü.

Xaqani Qayıblı milli davası, yolu, əqidəsi, mübarizəsi, prinsipləri olan adamdır. Bütöv Azərbaycan davasına könül verib, Turan sevdası ilə yaşayanlardandır. Borçalıda əli tutanın böyük şəhərlərə köçü başlayanda Xaqani Qayıblının doğma yurdu Qaraçöpdə ev tikdirməyi bu baxımdan olduqca böyük anlam daşıyırdı. Həmin evin xımına ilk palçığı mən atıb, ilk xeyir-duasını mən vermişəm. Yeri gəlmişkən, bu bəxtəvərliyi mənə yaşatdığı üçün Xaqani Qayıblıya ayrıca minnətdaram. Həmişə işlətdiyim bir söz var: Xaqaniyə sevginin özü də Vətəndir. Doğrudan da, belədir. Sevgisi olmayanın Vətəni olmur. Canım ay Xaqani!

Burnuna yovşan qoxusu gələn qurd ulaya-ulaya qıpçaq çöllərinə baş alan kimi, sənin də qulağına saz səsi, burnuna yurd ətri gəldimi, teyim-teyim yönü Vətən sarı teylənirsən. Hələ Qaraçöpdə söz də çıxardıblar ki, Xaqaninin şəxsi uçağı var. Yoxsa biletə pulmu çatdırmaqmı olar...

60 yaşın tamam olur! Belə bir gündə nə billah eləsəm də, sənə üç-beş kəlmə şuxovqatlı təbrik yaza bilmədim. Görünür, nəinki hər yazının, hətta xırda bir təbrik mətninin də öz taleyi varmış. Səninlə bağlı bir də bilirsənmi yadıma nələr düşdü?

Yeni təmirdən çıxmış ata ocağında bizə bir köhnə qapı tutacağı göstərdin. Dedin, bu tutacaqda anam Şərifə xanımın əlinin izi var deyə bunu dəyişmədim...

Ağamalı Sadiq Əfəndinin 70 illiyində səhər tezdən qəbir üstünə ziyarətə çıxırdıq. Estoniya hara, İncə dərəsi hara? Gələndə gördük ki, sən ordasan. Məmməd İlqarın atası Mədəd müəllimin yasına da hamıdan qabaq Sən özünü yetirdin. "Ustadın bu halında gəlməsəm, ayıb olardı" - dedin.

Həmişə deyib-gülən, hərdən şeir deyən, saz çalan Xaqani bir dəfə əyilib başını çiynimə qoyub hönkür-hönkür ağladı. O günü mən də yağmağa hazırlaşan bulud kimiydim. Qoşalaşıb xeyli ağlaşdıq. O qədər ağlaşdıq ki, göz yaşımız quruyanda bizə baxan dostlarımızdan utandıq. Ayə, bu Borçalı kişilərində nə xasiyyətdi axı, göz yaşları ovuclarının içində olur. Yurd həsrətiydi bizi ağladan. Borçalıydı, Təbriziydi, Göyçəydi... bizi ağladan. Yurd üçün ağlamaq, ağlaya bilmək nə gözəldir, ay Xaqani. Fərəhi bir ömrə sığmır. O ağlamaq bizi böyüdən ağlamaq idi. Nədənsə bu gün də təbrik əvəzinə ağlamaq keçdi könlümdən. Səni bağrıma basıb ağlamaq. Bağışla məni, Xaqani. Onsuz da bir ümiddir yaşamaq... Özgə heç nə...

 

Həmid ORMANLI

525-ci qəzet . 2024.- 29 fevral, №(39).- S.10.