MÜVƏQQƏTİ
DAYANMIŞ AVTOBUSUN İNADKAR SƏRNİŞİNİ
Onun həyatında əksliklər həmişə
qol-boyun irəlilədi, sadəcə yanaşı
addımlamadı, məhz bir-birinin içində oldu. 1907-ci
il yay ağzı Mirzə Cəlil bir tərəfdən
xoşbəxt idi, nəhayət ki, əsl
"ömür-gün yoldaşı", ruhdaş, məhrəm
sirdaş sayılası qəlb hayanı ilə
qovuşmuşdu - Həmidə xanım Cavanşirlə
izdivaca girirdilər, digər tərəfdən, ürəyindən
qara qanlar axırdı, ən əziz övladını girdab
sovururdu - "Molla Nəsrəddin"i rəsmən
bağlamışdılar.
Başqa, sıradan olan insanlar kimi onun və vaxtı,
nə macalı vardı ki, bir müşkülün həllini
gözləyərək sonra arxayınca digər rahat işinə
əncam çəkməyə başlasın. Onunku belə gətirmişdi
və bu, Mirzə Cəlilin taleyi idi ki, gərək həmişə
acı ilə şirin bir-birinə qatışsın, onu
qarabaqara izləyən sarsıntılar kiçik yaşlarından
ta son saatınacan həyatındakı ən böyük fərəhə
çevrilməli hadisələrə də öz
soyuğunu-sazağını ötürərək onları
könül dolusu sevinməyə macal vermədi, hər
şadlığı bir cür ovsanadan çıxartdı.
1907-ci il iyun ayının 15-i. Mirzə Cəlilin daxilən
nə qədər gərgin olsa da, hər halda əhvalı
yüksəkdir. Həmidə xanımla birgə Qarabağda, Kəhrizli
kəndindədir, bir xeyli qonaqları da var, onları yola verib
Quzanlıya, kəbin kəsdirməyə gedəcəklər.
Təntənəsiz, hay-küysüz, yalnız ən yaxın
adamların iştirak etdiyi xudmani bir şadlıq məclisi
qurulacaq. Evlənənlərin əsla sadə adamlar
olmamasının ən tutarlı sübutu həmin
günün yadigarı olan bir əhvalatdır. Mirzə Cəlil
o gün Həmidə xanım Cavanşirə onun öz
xahişi ilə toy hədiyyəsini vermişdi. O toy hədiyyəsi
də nə olmuş ola? Həmidəxanım Mirzə Cəlildən
rica etmişdi ki, məclisdə Məmməd Səid Ordubadinin
atası Hacağa Fəqirin "Çul" şeirini
deklamasiya etsin. Mirzə Cəlil o şeiri özünə xas
ustalıqla oxumuşdu, Həmidə xanımın da, məclisdəkilərin
də könlünə çox yatmışdı. Bir-birinə
belə sovqat verib bunca da məmnun qalmaya köhnələri
demirəm, yeni zamanın başqa hansı Azərbaycan ailələrində
rast gəlmisiniz?
Buna qoşa alma kimi bənzəyən hadisəyə
bir neçə il əvvəl rast gələndə istər-istəməz
Mirzə Cəlillə Həmidə xanımın şərti
olaraq toyları deyə biləcəyimiz həmin gün
yadıma düşdü. Söz az qala gününəcən
düppədüz üst-üstə düşür. 2009-cu
il iyunun 16-sı idi, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi təqribən üç il çəkən
əsaslı təmir və yenidənqurmadan sonra
qapılarını tamaşaçı üzünə yenicə
açmışdı və gələn qonaqlardan biri Amerika
Birləşmiş Ştatlarının Bakıdakı səfiri
Ənn Dörsi idi. O, elə muzeyi gəzməyə
başlayınca ilk sözü bu olmuşdu ki, mənim səfirlik
müddətim artıq bir neçə aydır başa
çatıb, ancaq haçandır muzeyin
açılışını gözləyirdim, qət
etmişdim vətənə qayıtmazdan öncə mütləq
bu gözəl muzeyin zallarını doyunca gəzim. Və Mirzə
Cəlilgilin izdivac gününü xatırladan riqqət
oyadan əhvalat xanım səfir Xaqani zalına gəlib
çatanda baş vermişdi. Təcrübəli bələdçimiz
Tomris Babanlı xanım Dörsiyə ölməz şairin
mübarizəli həyatından, yaratdıqlarından bəhs
edəndən sonra Xaqaninin ingiliscəyə çevrilmiş qəzəlini
oxumuşdu:
Canım nə qədər var,
mənə canan sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb
idin, ey yar,
Bundan sora da canım üçün
can sən olarsan...
Tomris bu şeiri oxuyunca səfir əvvəlcə əl
çalmış, sonra da qəfilcə yanında onu
müşayiət edən üç nəfərdən
birinin boynuna sarılmış, onu öpmüşdü.
Hamının onun niyə belə etdiyinə təəccübləndiyini
görən Ənn Dörsi mətləbi özü
açmışdı: "Bu qucaqladığım mənim
həyat yoldaşımdır. Bu gün bizim evliliyimizin düz
25 ili tamam olur, axşam həmin hadisəni restoranda qeyd edəcəyik.
Lütfən, bu şeiri mənim poçtuma göndərin,
istəyirəm ki, buaxşamkı yubiley gecəmizdə, həmin
məclisdə ərim o şeiri mənimçün
oxusun".
Sonra da çevrilir həyat yoldaşına sarı:
"Mənə belə bir hədiyyəni etməyə
hazırsanmı?!"
Yenidən qucaqlaşmışdılar...
Və 1907-ci ilin o xoş iyun günündə Həmidə
xanımın xahişi ilə Mirzə Cəlilin ona etdiyi hədiyyə,
ümumən həmin məclisin ovqatı indiyəcən
olanlardan fərqli hansı yeni Azərbaycan ailəsinin
yarandığını göstərirdi. Bu xırda məclisin
özü bir güzgü kimi yeni Azərbaycanı, yeni
çağın Azərbaycan qadınını göstərirdi.
Və o gün yaşananların nişan verdiyi bir başqa həqiqət
də ondan ibarətdir ki, Mirzə Cəlil sadəcə onunla
bir yastığa baş qoyacaq zövcə ilə birləşmirdi,
həm də və daha artıq onu qəlbən duyan, ona həm
də mübarizə, məslək yoldaşı olacaq insanla
qovuşurdu.
Və ömrünün bu nigaran parçasında
tapdığı səadət Mirzə Cəlilin sonra
yaşayacağı bütün illəri
işıqlandıracaq.
Mirzə Cəlillə Həmidə xanım
hazırlaşırlarmış ki, iyun ayının 22-də
Ağdama gəlsinlər, ancaq eşidirlər ki, bədxahlar
onlara qarşı böyük mərəkə qurmaq niyyətindədirlər,
bir dəstə öyrədilmiş adam onlara hücum etməkçün
hazırlanıb. Məqsədləri də budur ki, onlara
Ağdam bazarında pişik toyu keçirərək məsxərəyə
qoysunlar.
Qulağı bu xəbəri alınca Həmidə
xanımın qohum-əqrəbası - Cavanşirlər
yaraqlanırlar.
Mirzə Cəlillə Həmidə xanımın
Ağdama silahlı dəstənin müşayiəti ilə gəldiyini
görənlər özlərini
yığışdırır, artıq-əskik hərəkətlərə
əl atmağa cürət etmirlər. Qaragüruhun bu dəstəsi
belə susdurulur, amma o biri tərəfdən də Azərbaycan
ziyalılığı ayaq üstə idi.
1907-ci il iyunun 23-də "Bakinskiy den" qəzeti
"Molla Nəsrəddin"in müdafiəsinə qalxan iki məktub
çap etmişdi. Biri Qubadan göndərilmişdi, digəri
Şuşadan. Cavan ziyalılar yazırdı və minnətsiz
sevginin nişanəsi olan bu cür köksü irəli vermələr,
əlbəttə ki, Mirzə Cəlilə də, mollanəsrəddinçilərə
də yeni həvəs, güc, ilham, mübarizələrdə
ardıcıl olmaq əzmi bağışlayırı.
...Payızın axırında görərsən ki,
yarpaqları tökülmüş budaqların arasında tək-tək
yetişmiş meyvələr qalıb. Dərərsən,
dadından, ətrindən doymaq olmaz. Bitən fəslin
saxlancı olan o meyvələr həm də ötən
günləri yada salar, yaddaşı dəbərdər.
"Molla Nəsrəddin"in köhnə
saylarını vərəqləyəndə sanki vaxt
ağacının günləri tökülüb
çılpaqlaşmış budaqları arasında şirin
bir meyvə ilə rastlaşırsan. 1909-cu il 14-də
"Molla Nəsrəddin" 24-cü sayında işıq üzü
görmüş və altında "Dəli" imzası
qoyulmuş (bu, elə Mirzə Cəlilin özünün təxəllüslərindən
biri idi), amma ağıllı-ağıllı sözlər
deyən bu yazının sərlövhəsi
"Yol"dur:"Yadındadırmı, əzizim ki, həmişə
mən sənə deyərdim "dayan, qardaş, o yol ilə
getmə, qayıt geri, peşman olarsan". Sən mənə
cavab verirdin ki, "yox-yox, gərək bu yol ilə gedəm,
bu yol məni aparıb çıxaracaq gülüstana". Mən
deyirdim, "getmə, qayıt geri. O yol ki sən gedirsən,
gülüstan yolu deyil, o yol səni aparıb çıxardar
qəmişliyə. Orda qabanlara rast gəlib puç
olarsan". Yadındadırmı ki, sən mənim
üstümə hirslənib istəyirdin ki, hələ məni
vurub öldürəsən də. Mən deyirdim "getmə",
sən deyirdin "gedəcəm". Əzizim, o vədə
sənin haqqın var idi mənim üstümə hirslənməyə.
O səbəbə ki, sən o yolu gülüstan yolu bilirdin.
Çünki bunu yəqin eləmişdin, yolundan geri durmaq istəmirdin.
O vədə sənin haqqın var idi. Amma indi gəlib
çıxdın qəmişliyə. Dəxi indi
sözün nədir?
Nəsihəti-hükəma: "Heyvan
heyvanlığı ilə bir yoldan keçib yıxılanda
dəxi bir də o yerdən keçmir. Sən ki, Allaha
şükür, insansan".
Mirzə Cəliləcən qəzetimizdə-jurnalımızda
belə duru, elin içindən gələn, qəliz ərəb-fars
kəlmələrindən arıtlanmış dil
olmamışdı. "Molla Nəsrəddin" deyişinin,
yazısının bu tərziylə xalqa onu anladırdı
ki, sənin hər gün danışdığın dilə
üstdən aşağı baxaraq onu elə dükan-bazar,
çoban-çoluq dili sayanlar, belə bir ifadə tərzinin
hörmətə mindirilərək kürsülərə
çıxarılmasının, qəzetlərin, dərgilərin
səhifələrinə gəlməsinin əleyhinə olanlar,
bütün başqa niyyətlərini bir qırağa qoysaq
belə, ən azı yanılırlar. Çünki belə
yazını oxuyan adamın qarşısına mənasını
anlamayıb gözünü döydüyü bircə dənə
dəhəndir-hamar, diləyatmaz ərəb kəlməsi, ya
dolaşıq izafət çıxmır ki, molla yanına
gedib "Ağa, bu nəmənədir" soruşsun,
çünki bu dil, hamınızda görürsünüz
ki, düşüncədən, ürəkdən nə
keçirsə, elliyini asudəcə çatdıra bilən
aydan arı, su kimi rəvan bir dildir və sənin
göyçək dilini gözdən salmağa cəhd edənlər
elə bu dilin gücündən qorxanlardır. Mirzə Cəlil
və mollanəsrəddinçilər təkcə dil sevgisi
aşılamır, həm də kəlmələri qanad
açıb ürəklərə uçan bu sadə dil
vasitəsilə yurddaşlarına sərbəst
düşüncəni aşılayırdılar, qəlbinə
yatmayanlar barədə yalnız susmayıb yeri
düşdükcə bu yükdən xilas olmaqçün onu
dilə, qələmə gətirməyi də tövsiyə
edirdilər. "Məsələ" adlı bu yazı
"Molla Nəsrəddin"in 1909-cu il 21 iyunda çıxan
25-ci sayında getmişdi: "Mən, Mərdəkanda bir qəssab
hacı iyun ayının 3-də belə bir and içdim ki,
bundan sonra əti 16 qəpikdən artığına
satmayım ki, kasıb-kusub da barı həftədə bir dəfə
ət alıb yeyə bilsinlər. Amma kor şeytan məni
yoldan çıxartdı. Mən də yenə başladım
18 qəpiyə satmağa. İndi, cənab Molla Nəsrəddin,
soruşuram ki, aya, andı pozmağımın cavabdehliyi mənəmi
çatacaq, yainki kor şeytana. Aman günüdür, ay molla,
bu məsələmə bir cavab".
İndi o qəssabın mollaya o sualı verdiyi vaxtdan
bir əsrdən də çox keçib, dünya çox dəyişib.
Amma adamı yoldan çıxaran şeytan yenə işini
görməkdədir. İndi haradasa oxşar qəziyyə ilə
qarşılaşanda, ağlınıza bənzər sual gələndə
cavabı mollada aramayın, şeytana "lənət"
oxumağa tələsin.
Amma köhnə "Molla Nəsrəddin"i vərəqləyə-vərəqləyə,
qoca və qocalmaz Mirzə Cəlili yada sala-sala lap elə bu
günləri də düşünürəm, yenə də
MİRZƏLƏRimizin bostanlarına daş atanları görüb
kədərlənirəm. Tarixə qiymət verməyə
yanıldıqlarındanmı (kaş belə ola), ya qərəz
məqsədli kimlərinsə təsirinə
düşdüklərindənmi və ya elə məhz bunu
qulluq elədikləri hansısa məkrli qüvvənin
cizgisinə uyğun olaraq etdiklərindənmi, car çəkirlər
ki, Mirzə Fətəli də, Mirzə Cəlil də,
onların məsləkdaşları da, sən demə, icazəli
cəsarətlə, çar hökumətinin xəfiyyə
göstərişi ilə belə yazıb-pozurlarmış.
Guya məqsəd bu imiş ki, xalqın beyninə yeritsinlər
ki, sən belə avamsan, bunca geridə qalmışsan, bunca
miskinsən.
Bu millət naminə canı da qatışıq hər
şeylərini qurban vermişlərin xatirəsini belə
incitməkdən miskin hansı hərəkət ola bilər?!
"Molla Nəsrəddin"də yer almış və
sonunda da "Dəngəsər" imzası dayanan bu
yazı, əlbəttə ki, millətin umulmaz qəbahətindən
yazırdı. Elə rəzalətdən ki, gərək bu
millətin qanında o mərəz əsla olmaya. Bu millət,
axırı ki, bir-birinin doğması, əzizi olduğunu
sonacan dərk etməli, hikkəni, həsədi, qibtəni bir
kənara atmalı, bir-birlərinə dayaq, sipər
olmalıdırlar. Ürəyi yana-yana belə yazırdı
ki, bu yara sağalsın. İndinin ağzıgöyçəkləri
sifət turşudur ki, bunu o səbəbdən
yazırmış ki, xalqı özündən çiyrəndirsin,
xalqı aşağılasın, gözdən salsın. Mirzə
Cəlil zavallının ağlına gələrdimi ki, əsr
keçəcək, minilliklər dəyişəcək, kəmsavadlar,
patavalılar, korazehinlər deyil, guya yeni zamanın
oxumuşları onları ittiham edəcək, millət dərdini
belə çəkdiklərini tərsinə yozaraq onları
xalq əleyhinə işləmiş casuslar hesab edəcəklər:
"Heç yadımdan çıxmaz. Uşaqlıqda
kişilər ilə dağlara gəzməyə gedərdim.
Yoxuş çıxanda kişilərin dalına
düşüb onların izi ilə dırmaşardım.
Balaca yoldaşlarımdan bəziləri özbaşına kimi
istədiyi yerdən çıxardılar, ayaqları
sürüşürdü, dərə aşağı
yumurlanırdılar. Kişilər də onları məzəmmət
edirdilər, deyirdilər ki, sən də bunun kimi bizim
dalımızca gəl, bizim izimizcə gəl ki,
yıxılmayasan. İndi də böyüyüb kişi
olmuşam. Həmişə fikrim ucalıqdadır.
Özümü dərənin dibində, özgələri
dağın başında görürəm. Mən də
yuxarı dırmaşmaq istəyirəm. Yanımdakı
yoldaşlardan biri qolumdan tutur, dördü qılçamdan
geri çəkir. Dağın başındakılar da
üstümə daş yuvarlayırlar. Xülasə, işim
çox çətin olubdur. Əgər belə gedərsə,
vay halıma. Yanımdakılar qoysa, yenə bir növ
çıxaram. Münasib ikən bir neçə kəlmə
də yazım. Elmin, fənnin tərəqqisindən
danışıram, deyirlər, sarsaqlayıb.
"Yevropeyski" dolanıram, deyirlər, gedə lap xarab
olub. Qızımı oxuduram, deyirlər, dindən
çıxıb. Odur ki, qoymurlar. Nə yuxarıdakılar
qoyur, nə aşağıdakılar. Hər kəs bu mətləbi
oxusa, deyəcək ki, dəngəsər oğlu dəngəsər
lap dəngəsərləyib".
Mənzərə sizə tanış gəlirmi?
Yazmayaydımı, beynimizə döyəcləməməliydimi
ki, belə olmayın, hətta yazıbsa da, olanı
üzümüzə qarşı deyibsə də, yenə
bunca ağır söhbətlər bir qulağımızdan
girib o biri qulağımızdan çıxıbsa, məzarında
qurcuxmasın, neyləsin?!
Təzə başladığı çağlarda
"Molla Nəsrəddin"də "Bu həftə"
adlı özü balaca, sözü böyük bir yazı da
dərc edilmişdi və sezilirdi ki, bu həftə nələr
olub, bir para sütül xəbərlər sadalanırdı və
sonda yenə adətkərdə olduğumuz tərzdə xəbər
alınırdı ki, "Bu həftə dəxi nələr
olub?" Və cavab qısa idi:"Dəxi, canına
sağlıq".
Daim düşüncənizə sağlıq gəlməsini
istəyirsinizsə, hərdən-hərdən "Molla Nəsrəddin"i
vərəqləyin...
...El naminə mübarizə yolunu tutub getmək həmişə
çətin olub. Bu yolun yolçularına
"sağollar" deyənlər həmişə az olub. Tək-tək
"sağollar" söylənməyinə söylənibsə
də, çox vaxt bu, həmin insanların artıq həyatda
olmadığı əyyamlara təsadüf edib.
...1908-ci il gəlmişdi, artıq xata
sovuşmuşdu, "Molla Nəsrəddin" ard-arda
çıxmaqda davam edirdi, oxucularının sayı durmadan
artır, dərginin yayılma dairəsi genişlənirdi.
Jurnalın qapanıb açılması ilk növbədə
Mirzə Cəlillə Ömər Faiqin, söz yox ki, həm də
bütün mollanəsrəddinçilərin ürəyində
şırımını qoymuşdusa da, hər ziyanda həmişə
bir fayda da olduğundan bu vaqiə dərginin cazibəsinin
güclənməsinə, şöhrətinin artmasına,
oxucularının çoxalmasına da ciddi təsir göstərmişdi.
"İrşad" 1908-ci ilin 7 fevralında xəbər
verirdi ki, Balaxanı və Bibiheybətdə yaşayan
dağıstanlı fəhlələr yığışaraq
pul toplamış, qiraətxana üçün "Molla Nəsrəddin"ə
abunə yazılmışlar və qəzet Bakıda
yaşayan dağıstanlıların yardım cəmiyyətinin
ianə siyahısını da dərc etmişdi. Yəni sevənlər,
oxuyanlar artırdı, müvəqqəti qapanıb
açılması "MollaNəsrəddin"i ürküdə
bilməmişdi - əksinə, əvvəlkinə nisbətən
jurnalın codluğu, dilinin kəsərliyi də durmadan
şiddətlənirdi, fikirlərdəki kəskinlik əvvəlkindən
də çox idi. Təbii, bu da düşmənləri daha
artıq hiddətləndirir, yola gəlməyəni ram etməkçün
yollar axtarmağa şitəndirirdi.
"Molla Nəsrəddin"in Bakıdakı
dostlarına xəbər çatır ki, buradan Tiflisə,
Mirzə Cəlilin ardınca adam göndərmək istəyirlər.
Adam deyəndə ki, Mirzə Cəlili aradan götürməkçün
muzdlu qatil tədarük edilmişdi. Bundan duyuq
düşüncə dostlar qatildən daha əvvəl Tiflisə
öz adamlarını göndərirlər ki, xəbəri Mirzə
Cəlilə çatdırsınlar. Lap azacıq ötür,
elə həmin fevral günlərində vəziyyəti ciddi
nəzarətdə saxlayan, Mirzə Cəlilin hər
addımını izləyən dostlar İrəvanski
meydanın yanında Salalaki küçəsində
gözaltı etdikləri, özünü şübhəli
aparan bir adamı saxlayırlar. Əyni yapıncılı bu
adamın üstündən üç tapança
tapılır. Onu polisə təhvil verirlər, məlum olur
ki, Mirzə Cəlilə qəsd etməkçün göndərilən
elə bu imiş. Dostlar məşvərət eləyirlər
ki, yaxşı, bundan xəbər tutduq,
qarşısını aldıq, ancaq düşmənlər
xirtdəyəcəndir, bəlkə heç qəfildən,
gözləmədiyimiz yerdən bir ayrısı
pırtlayıb çıxdı ortalığa. Mirzə Cəlilin
ömrü boyu - gəncliyindən o yaşınacan, o
yaşından da həyatının axırınacan bir
silahı oldu - sözü, qələmi. Ancaq indi vəziyyət
başqa idi. Tapançanın qabağına qələmlə
çıxmaq olmazdı. Həmin qarşısı
alınmış sui-qəsddən sonra Mirzə Cəlil
dostların təkidli məsləhəti ilə bir brauninq əldə
edir və həmin gündən etibarən həmişə o
silah üstündə olarmış...
...1910-cu il yetişib. Artıq "Molla Nəsrəddin"in
dörd yaşı var. Müəlliflər dairəsi yetərincə
genişlənib, silahdaşlar çoxalıb. Ancaq Mirzə Cəlilin
öz həyatında burulğanlar cərəyan etməkdədir.
Sanki hansısa təhlükələr onu qarabaqara izləyir,
həm də bu,yalnız rəqiblərdən, düşmənlərdən,
qaragüruhdan gələn təhdidlər deyil. Heç gözləmədiyi
tərəflərdən də onu daxilən narahat edən
çox hadisələr baş verir. Qardaşı Mirzə
Ələkbər azad düşüncəli insandı və
qoşulmuşdu İrandakı Məşrutə hərəkatına.
Ancaq həbs olunur, onu oradan ayağı qandallı gətirirlər.
Mirzə Cəlilin çox sevdiyi Ələkbərin taleyi
artıq türkdən asılı idi. Onu ya edam edəcək,
ya da ömürlük sürgünə göndərəcəkdilər.
Ona görə Mirzə Cəlil hətta bir ara "Molla Nəsrəddin"in
işlərini dostlara həvalə edərək özü
Qarabağa gedir ki, müəyyən vəsait toplasın,
Ələkbərə kömək etməkçün
çarələr axtarsın. Ancaq onu qarabaqara izləyən
həyat təhlükələri burada da fəsadını
törədir. Mirzə Cəlilielə 1910-cu ilin yayında da
itirə bilərdik. Həmidə xanım qızıyla Xankəndidə,
Şıxıyev bağında dincəlirmiş. Mirzə Cəlil
də gedir onların yanına. Dilxorluğunu, onu üzən
nigaranlığı dağıtmaqçün tez-tez Ağakərim
körpüsünün yanına yollanar, çaya baş
vurarmış. Ancaq günlərdən birində çayda
çimdiyi əsnada burulğana düşür, ha
çapalayır, girdabdan qurtula bilmir. Qəhrəman adlı
bir cavan təsadüfdən orada olmasaydı, Cəlil əldən
gedəcəkmiş. O gənc suda boğulanı görüncə
şığıyır, ustadı girdabın cəngindən
dartıb qoparır.
Ölümün soyuq həniri nəsə lap
yaxından hiss edilirmiş. Qısaca vaxt kəsiyində Mirzə
Cəlil iki dəfə labüd ölüm vahiməsi
yaşamışdı. Guya Qarabağa nisbətən toxtamaq,
dinclik tapmaqçün sığınmışdı, ancaq qəzavü
qədər odlu silah əvəzinə bu dəfə onun
üstünə "soyuq silah" çəkmişdi.
Mirzə Cəlilin öldürüləcəyini yəqin
etmiş düşmənləri bir qədər tələsərək
şayiə də buraxıblarmış ki, artıq redaktor qətlə
yetirilib. O şayiələr haqda köhnə mətbuatda izlər
də qalmaqdadır. "İrşad" 1908-ci il 19 fevral
sayında o şayiələrdən söz açır və
bu xəbərin ziyalılar arasında bərk həyəcan
oyatdığını xəbər verirdi.
...Hələliksə Cəlil Məmmədquluzadə
Qarabağda idi, redaksiya ilə mütəmadi yazışırdısa
da, yenə yarı canı Tiflisdə, "Molla Nəsrəddin"in
yanında idi. Dözmür, işləri tapşırıb gəldiyi
Məhəmmədəli Sidqiyə götürüb qısa,
amma təşvişli bir məktub da göndərir: "Səy
elə jurnal xarab olmasın".
Dərginin hər sayını alırdı. Buradan
özü də yazılar göndərirdi, ancaq səbri
çatmır, dekabrın axırında - 1910-cu ilin bitər-bitməzində
qayıdır Tiflisə. Ancaq qaynar mühitdən bir müddət
aralı düşəndən sonra yalnız dərginin
işləri ilə məşğul olmaq ona bəs eləmir.
"Molla Nəsrəddin"i daha rövnəqli, daha oxunaqlı
etmək üçün buralardan aralı olduğu müddətdə
cəmlədiyi düşüncələri yönəldir
işə sarı, ancaq ürəyində başqa istəklər
də vardı. Jurnalın ətrafında toplaşmış
ziyalıları da cəlb edərək Şeytanbazarda, Nəbatat
küçəsində "Auditoriya" adlı bir klub
açırlar və 1910-cu ilin son dekabr günlərindən
başlayaraq həmin məkanda Mirzə Cəlil də, onun
silahdaşları da tez-tez müxtəlif bədii gecələr,
tamaşalar təşkil edir.
1910-cu il dekabr ayının 30-u idi. Mirzə Cəlil 41
yaşını tamam eləyib 42 yaşına qədəm
qoymuşdu.
Və dekabr ayının 30-unda "Molla Nəsrəddin"
jurnalının 42-ci sayı işıq üzü
görür.
Ömür də, məslək yolu da davam edirdi.
Böyüklük elə keyfiyyətdir ki, ha
ört-basdır elə, ha görməzliyə vur, mütləq
qabağa dürtülən cılızlıqların
hamısını yenərək üzə çıxacaq,
üstə qalxacaq, əyan edəcək ki, mən varam,
buradayam. Ancaq böyüklüyü görüb, təbii ki,
heç də hamı darılmır, buna fərəhlənənlər
də az olmur. Böyüklüyün bir özəlliyi də
budur ki, görüb heyran qaldıqca istəyirsən onun təkinə
enəsən, üzdən görünməyən əzəmətinə
də vaqif olasan. Müstəsna şəxsiyyətləri ilk
baxışdan görünən hissəsindən suların
altında gizlənən parçası qat-qat böyük
olan aysberqlərə bənzədənlər
haqlıdırlar. Dahilərə daha çox
yaxınlaşdıqca, onların daxildə gizlənmiş
misilsiz üstünlüklərinə şahid kəsildikcə
anlayırsan ki, əslində onları indiyəcən
heç görməyən kimiymişsən.
Hər azman kimi, Mirzə Cəlil də üzdə nə
qədər təvazökar olur-olsun, öz
böyüklüyünü bəlkə hər kəsdən
daha artıq anlayırdı. Ancaq onu tanımışların
əksəri bir xatirədə yekdildir: sanki Mirzə Cəlil
böyüklüyünü qabartmaqdan çəkinirmiş,
hətta elə bil bir az utanırmış da - çox tərifləyəndə,
alqışlayanda belə sıxılırmış. Ancaq hər
halda böyüklüyü dünəndə görünən,
bu gün də dərk edilən, sabahlar içərisində
də mütləq görünəcək Mirzə Cəlili
daha artıq duya bilmək, dərk etmək, bütöv
möhtəşəmliyi ilə qavraya bilməkçün
hökmən ona daha çox yaxınlaşmaq gərəkdir.
Onunla aramızdakı məsafəni qısaltmağın ən
etibarlı körpüsü isə xatirələr, Cəlili
görmüş insanların canlı yaddaşlarıdır.
3-4 on il öncə, arxada qalmış XX əsrin 60-70-ci illərində,
hətta bir az da 80-ci illərin əvvəllərində Mirzə
Cəlili şəxsən görmüş, onunla təmasda
olmuş insanların bir çoxu həyatda idi. Onda sanki Mirzə
Cəlil də bizə məsafəcə daha yaxın idi. Onlar
gedib, qələmə aldıqları xatirələr, lentə
hopmuş səsləri qalıb. Həmin xatirələrin
körpüsündən keçdikcə agah olursan ki, Mirzə
Cəlilin əsərlərindən, qələmindən, təfəkküründən
duyulan böyüklüyündən bəlkə də daha
artıq nəhəngliyielə həmin xatirələrdədir.
Həmin tikə-para, xırda cizgilər qovuşaraq zirvə
Mirzə Cəlili daha da ucalaşdırır. Və Cəlilə
daha çox aşina olduqca bunu da hiss edirsən ki, sonradan
böyüklüyünü artıracaq, illərin gedişiylə
onun şəxsiyyətinə əlavə olunmuş cizgilər
öz yerində, amma bu böyüklük,
vaxtasığmazlıq həm də qandan, təməldən,
əsldən-kökdən gəlirmiş. Mirzə Cəlil cəsarətli
düşüncələri və qələmi ilə inqilab
havalı zamanın övladı idi. Ancaq onun qardaşı
Mirzə Ələkbər ədib olmasa da, eyni yolun
yolçusu idi. İranda o dövrdə məşrutəçilərə
qoşulan o qədər dəliqanlı olmuşdu ki... Lakin
qardaşı onlarla, yüzlərlə ədib arasından
sıyrılıb önə çıxan kimi, Ələkbər
də inqilabi hərəkata qoşulan minlərlə cavandan kəskin
fərqlənmişdi və gəlib çevrilmişdi Səttarxanın
sağ əlinə. Sabir "Molla Nəsrəddin"də Səttarxanı
öyərək belə deyəndə çox haqlı idi:
İndi dünyanın təvəccüh nöqtəsi
İranədir,
Afərinim himməti-valayi-Səttarxanədir.
Bəli, məhz o təhər idi, İran
dünyanın diqqət mərkəzində və bunun belə
alınmasının əsas səbəbkarı bir yandan Səttarxan
idisə, o biri tərəfdən də yanında
sıralanmış mətin Ələkbərlər idi. Eyni
yenilməzlik və dönməzlik, bir başqa sayaq inqilabçılıq
Mirzə Cəlilin özündəydi.
Əli Razi Şamçızadə Mirzə Cəlilin
gənc müasirlərindən idi. O, gəncəli bir
cavandı, "Molla Nəsrəddin"in ilk saylarını
oxuyaraq öz ürəyi, düşüncələri ilə
bu dərgi arasında məhrəm səsləşmə
duyunca vəcdə gəlmişdi. Xatırlayırdı ki,
1906-cı ilin aprelində "Molla Nəsrəddin"
jurnalının ilk sayının Gəncəyə yüzcə
nüsxəsi gəlib çatmışdı. Əldə 12
qəpiyə deyilən o dərgi iki saatın içərisində
satılıb qurtardı. Bir həftə keçdi, Gəncəyə
dərginin ikinci sayı gəlib çatdı, ancaq
satışına imkan vermədilər. Ona görə də
eşqi artıq ürəklərə yol tapmış
"Molla Nəsrəddin"in üçüncü nömrəsini
Gəncəyə gizlicə gətirib əl altından
satdılar. "Molla Nəsrəddin"in yolunu kəsmək
istəyirdilər, onun xalqla görüşünün
qarşısını almağa
çalışırdılar, iş tərsinə
çönürdü, onlar da istər-istəməz
çevrilirdilər jurnalın təbliğçisinə,
qısma-boğmalar əksinə, "Molla Nəsrəddin"ə
rəğbətləri azaltmırdı ki,
artırırdı. Əli Razi bu zümrədəkilərin
önündə gedənlərdəndi. "Molla Nəsrəddin"in
hər yazısını dönə-dönə oxumuşdu və
həmin tərzdə, oxşar üslubda yazılar qələmə
alaraq Tiflisə göndərmişdi. "Molla Nəsrəddin"
də o yazıları geri qaytarmamışdı, qoymuşdu səhifəsinə,
növbəti "Molla Nəsrəddin"lərdən biri Gəncəyə
səhifələrindəki Əli Razi imzası ilə
çatmışdı. Həvəsi bir az
artmışdı, yeni yazılar göndərmişdi, yenə
çap olunmuşdu, tanıyanların, onu təqdir edənlərin
sayı artmışdı, amma tezliklə qatı əleyhdarları
da əmələ gəlmişdi. Həm də o əleyhdarlar
sadəcə dodaq büzməklə kifayətlənməmişdilər,
hədələrə keçmişdilər və Əli Razi
də uşaq deyildi, anlamışdı ki, bunlar yalnız onu
qorxutmaq, daha yazmamaqdan çəkindirməkçün xala-xətrin
qalmasın söylənən sözlər deyil, növbəti
addımlar daha pis nəticələrə gətirib
çıxara bilər. Odur ki, işini ehtiyatlı
tutmuşdu, Gəncədən Tiflisə qaçmışd.
Özü xatırlayırdı ki, Tiflisə
düşən kimi "Molla Nəsrəddin"
redaksiyasının yerləşdiyi Davidovski küçəsindəki
24 saylı binanı axtardım və tezliklə də
tapdım. Zəngi dartdım və bir nurlu insan qapını
açdı. O mehriban çöhrəli insan məni
apardı otağa, qara saqqallı bir adamla tanış elədi,
dedi, bu, bizim "Hop-hop"umuzdur.
Əli Razini qarşılayan hələ üzdən
yaxşı tanımadığı Mirzə Cəlilmiş.
Buna da təəccüblənmişdi ki, o, təqiblərdən
baş götürüb Tiflisə pənah gətirdiyi halda
Mirzə Cəlilin özü də təqib
altındaymış. Yada salırdı ki, Mirzə Cəlil mənzilə
uzanan dəhlizdə bir güzgü qoymuşdu ki, öz
otağından baxanda qapının ağzını
görürdü. Zəngi tanımadığı adamın
çaldığını görəndə qapını
açmırmış. Mirzə Cəlil özü ifrat
ehtiyatlılığının gizlincini Əli Raziyə
açır. Deyir ki, Bakıdan Teymur bəy Aşurbəyov
onu öldürmək üçün ardınca gəlibmiş.
Əli Razi etiraf edirdi ki,
tanışlıqlarının elə ilk dəqiqələrindən
yazılarından tanıdığı Mirzə Cəlil ona
tamam başqa cilvədə görünür və ona qəlbən
bağlanır. Gəncədən Tiflisə canını
qurtararaq qaçmış, "Molla Nəsrəddin"i
ümid yeri bilib ona sığınmışdı, ancaq
çox keçməmiş özü də dönüb olur
jurnalın əsas dayaqlarından biri.
Zaman keçəcək, "Molla Nəsrəddin"in
yetişdirib qanadlandırdığı mətin gənclərdən
olan Əli Razi Şamçızadə yeni yaranacaq Azərbaycan
Xalq Cümhuriyyətinin də fəallarından olacaq. Milli
Hökumətin Təhlükəsizlik İdarəsinin rəisi
olmuş Nağı bəy Şıxzamanlının oğlu
Yavuz bəy Şıxzamanlı illər öncə,
1990-cı illərin ortalarında - o hadisələrin
üstündən 80 ilə yaxın zaman ötərkən
İstanbulda mənə atasının ona əks-kəşfiyyatla
bağlı söylədiklərini nağıl edirdi və həmin
xatirələrin içərisində Əli Razi
Şamçızadə də vardı. Çünki Əli
Razi elə vaxtilə həmin təhlükəsizlik idarəsində
çalışanlardan biri olmuşdu. Sonra Sovetlər gəlir,
siyasi repressiyalar başlananda Əli Razi qəddar və
qanlı dalğanın ilk qurbanlarından olur.
Mərdanə səsi "Molla Nəsrəddin"in səhifələrində
əbədiləşən gənc Əli Razi Sabirin
hayqırışlarına cavab verirdi, o,
şamaxılılara üz tutaraq "Əşhədü
billahi əliyy ul-əzim qai-ilimanam, a şirvanlılar" deyə
and-aman edirdisə, bu da bir az da artıq qətiyyətlə gəncəlilərə
müraciət edirdi:
Ey hamıdan dalda qalan gəncəli!
Hər ürəyə qorxu salan gəncəli,
Mollalara quyruq olan gəncəli,
Çiyninə sal beşaçılan, gəncəli.
Döyün məni tində, küçə-dalanda,
Seyid Hüseyn bığlarımı yolanda,
Şirinbəy başıma qapaz salanda
Olmaya bir qəlbi yanan gəncəli.
Mirzə Cəlilin gücü onda idi ki, üzlərini
görməyə-görməyə, uzaqdan-uzağa bu cür gənclərin
ürəyinə qığılcımlar sala bilmişdi. O gənclər
yaxınlaşırdılar Mirzəyə,
yaxınlaşdıqca da Cəlil Məmmədquluzadə həmin
qığılcımları gur yanan ocaqlara çevirirdi.
...XX yüzilliyin ilk onillərində, Mirzə Cəlilin
böyük ədəbiyyatda mövqe qazandığı
çağlarda artıq sağkən, hətta bir qismi cavankən
ustad mərtəbəsinə dikəlmişlər az deyildi.
Meydanda idilər, yazıb-yaradırdılar, sanballarını
hər kəs qəbul edirdi, fəqət nədirsə, Mirzə
Cəlil onların hamısından ayrılır.
Çünki onu müasiri olduğu böyük ədiblərin
hamısından seçdirən ümdə bir cəhət də
vardı ki, o, hamının gözü qarşısında
ola-ola həm də əfsanələşmişdi. "Molla Nəsrəddin"in
yetərincə yaşa dolduğu çağların
cavanlarından olan Sabit Rəhman 1926-1927-ci illəri
xatırlayırdı və bir kiçicik yaddaş qəlpəsində
Mirzə Cəlilin o dövrdə yalnız cavanların yox,
ümumən oçağkı Azərbaycan insanının
düşüncəsində hansı sözəgəlməz
maraq və diqqətə malik olduğu aydınca sezilir. O illərdi
ki, Şəkiyə rəsmən hələ Nuxa deyilirdi və
Sabit də doğma şəhərində müəllim
işləyirdi. Eşidirlər ki, Zaqataladakı darül
müəllimində oxuyan bir qohumuna baş çəkmək
üçün gələn Mirzə Cəlil Şəkidən
keçəcək. Bilirlər ki, şəkililər xəbər
tutsa, hamısı əlində gül-çiçək dəstəsi
axışacaq avtobus vağzalına, ondan da agah imişlər
ki, Mirzə Cəlilin belə işlərdən qətiyyən
xoşu gəlmir, görsə, sevinmək əvəzinə
dilxor olacaq, odur ki, söhbəti məxfi sayırlar, eləcə
bunu Sabit başda olmaqla bir neçə cavan bilir. O illərin
uzun yol gedən sərnişin avtobusları adətən belə
böyük dayanacaqda saatla ləngiyərdi, həm camaat
çaydan-çörəkdən yeyib dincələr, ya sadəcə
gəzişib ayağını açar, sürücü də
qızmış motoru soyudar, maşının suyunu dəyişərdi.
Avtobusun Nuxaya yetişmə vaxtından da xeyli əvvəl
gəlib gözləməyə başlayırlar. Nəhayət,
maşın gəlib çatır, adamlar yerə
tökülüşür, Sabitgil qalxırlar avtobusa,
görürlər ki, burada da elə öz daimi təvazökarlığına
uyğun bir tərzdə əyləşib: "Ən dalda,
çamadanların arasında bir nəfərin
büzüşərək oturduğunu gördük. Şəklini
yaxşı tanıdığımızdan görən kimi
bildik ki, bu, Mirzə Cəlildir".
Yaxınlaşıb özlərini təqdim edəndə
Mirzə Cəlil qayıdır ki, yaxşı, bəs mənim
maşının içərisində olduğumu haradan
bildiniz?
Deyəsən, başqaları avtobusdan enib ətrafda
var-gəl eləsə də, onun enməməkdə məqsədi
elə gözə görünməməkmiş. Cavanlar bu səfər
barədə irəlicədən bildiklərini, onu bir-iki
gün qonaq saxlamağı arzuladıqlarını söyləsələr
də, Mirzə Cəlil işlərinin çoxluğunu,
vaxtının azlığını səbəb gətirərək
razılaşmır.
Bunu elə irəlicədən təsəvvür
etmiş Sabitgilin bu vəziyyət üçün də irəlicədən
tədarükü varmış. Avtobus kontorunun müdiri elan
edir ki, benzin olmadığından avtobus bu gün Zaqatalaya getməyəcək.
Belə olanda Mirzə Cəlil naçar qalıb
avtobusdan düşəsi olur və deyir ki, mənim burada kitab
mağazasında işləyən bir köhnə dostum var,
gedək ona baş çəkək.
Ahıl Sabit Rəhman gəncliyinə qayıdaraq yada
salırdı ki, Mirzə Cəlilə qoşulub kitab
dükanına tərəf yollandıq. Küçə ilə
gedirdik və asta-asta bizim arxamızca böyük bir dəstə
gəlməyə başladı. Üzdən Cəlil Məmmədquluzadəni
tanıyanlar tanımayanlara da deyirdilər, ona görə də
bu dəstə get-gedə sıxlaşırdı. Hiss eləyirdik
ki, Mirzə Cəlil bundan çox sıxılır. Hətta
soruşur da ki, yaxşı, bəs bunlar mənim gəlməyimi
haradan bilir? Deyirlər ki, Mirzə, vallah, bizlik deyil, özləri
sizi görürlər, dəstəyə qoşulub gəlirlər,
burada hamı sizin aşiqinizdir.
Hələ nə radio vardı, nə televiziya ki,
adamı bir dəqiqə ərzində bütün Azərbaycan
boyu tanıdıb məşhur etsin. O dövrün hansısa
başqa tanınmış şairi, yaxud
yazıçısı da elə həmin təhər bu şəhərəmi,
ya digər bölgəyə səfər edə bilərdi,
ancaq çətin ki, onlara 14qarşı Mirzə Cəlilə
olan bu cür xalq nəvazişi, belə məftunluq göstərilə
idi.
Sabit Rəhman yada salırdı ki, o kitab
dükanının pəncərəsinin pərdəsi yox idi.
Küçə aydınca görünürdü. Mirzə Cəlil
küçədən keçən ayrı-ayrı
adamları göstərirdi, soruşurdu, o kimdir, bu biri kimdir, digəri
kimdir? Səbəbsiz də soruşmurdu. Çünki
küçədən keçib gedənlərin, ya bir
qıraqda oturub alış-verişini edənlərin hərəsinin
bir tip olduğu elə gendən anlaşılırdı.
Elə bu əsnada tiplərdən biri öz
ayağı ilə gəlib girir həmin kitab dükanına,
Mirzə Cəlil pıçıltı ilə soruşur ki, bəs
bu kimdir? Cavanlar astadan deyirlər ki, bu da Nuxanın
zırramasıdır. Gələn adam şəstlə
sağa baxır, sola boylanır, dükançıdan
soruşur ki, sizdə baş darağı olmaz?
Kitabçı da qayıdır ki, görürsünüz
burada sağda-solda kitabdı, kitab dükanında baş
darağı olmaz ki.
Sabit Rəhman Mirzə Cəlilin o nataraz adama baxaraq mənalı
gülümsəməsini də onillər sonra belə
unutmamışdı...
...Ustadla həmin bəxtiyar görüş
günündə Sabitgil öz aləmlərində
sevinirmişlər ki, Mirzə Cəlili yola gətirmişik, yəqin,
azı bir-iki gecə burada qalacaq, doyunca dərdləşəcəyik.
Ancaq kitab dükanında xeyli söhbətləşəndən
sonra Mirzə Cəlil birdən dillənir ki, di durun gedək,
yəqin, benzin məsələsi də indiyəcən düzəlmiş
olar.
"Biz zarafatla cavab verdik ki, müəllim, bu tezliklə
benzin haradan tapılacaq ki, Nuxada məgər neft
çıxır?"
Mirzə Cəlil qımışır:
"Maşının benzinini necə
çıxarmısınız, o cür də geri qaytarıb
yerinə tökün".
Yəni kələyinizi başa düşmüşəm.
Mirzə Cəlil artıq
yaşlaşmışdı, yolun yorğunluğu vardı,
buralara güzarı bir də haçan düşəsiydi ki!
Onu da görürdü ki, camaat xətrini necə istəyir,
bir gün, iki gün burada qalsa, həm dincələr, həm
də ətrafına toplaşanların sayı bəlkə
yüzlərlə deyil, minlərlə olar. Ancaq inad edir,
"Yolçu yolda gərək" deyirdi.
Hər yazıçının, hər sənət
adamının nə qədər "istəmirəm" desə
də, belə el məhəbbətinə dərin bir
ehtiyacı var. Mirzə Cəlil özünə münasibətdə
həmin məhəbbətin olmağına əmindi. Ancaq
böyüklüyü onda idi ki, həmin məhəbbətin
varlığından agah olsa da, o sevginin aşkar şəkildə
göstərilməsini, təmtəraqlı nümayişini
heç istəmirdi. Çünki özü də xalqı məhz
bu cür sevirdi - hay-küysüz, təntənəsiz,
içəridə, çox dərində olan tükənməz,
saf, sabit məhəbbətlə.
20 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 3 iyul, №(114).- S.10-11;15.