"Alverçi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Fizzə Nurizadədir.
Onunla Əməkdar rəssam Müseyib Əmirovun
"Alverçi" əsəri haqqında
danışmışıq.
Müseyib Əmirov 1963-cü ildə Bakıda məşhur
rəssam Arif Əmirovun ailəsində doğulub. O, 1979-cu ildə
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini,
1987-ci ildə indiki Azərbaycan Dövlət və Mədəniyyət
Universitetini bitirib. Rəssamın əsərləri bir
sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ,
İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya,
Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi
kolleksiyalarda saxlanılır.
- "Alverçi" tablosunda rəssamın
özünəməxsus üslubunu hansı detallarda görə
bilərik?
- Müseyib Əmirov Abşeron çimərliklərini
və cənub günəşi altında ağ evləri
çəkirdi. Rəssam Abşeronun gözəlliklərini kətana
tökməyə çalışdıqca sanki öz
uşaqlıq illərinə səyahət edir. Bu əsərlər
sırasında "Abşeron", "Çimərlik", "Alverçi", "Dəniz
kənarında axşam" kimi məşhur əsərlərinin
adlarını qeyd edə bilərik. Rəssamın əsərlərində
avropasayağı dəqiqliklər
olsa da, azərbaycansayağı
emosionallıq bariz şəkildə özünü göstərir. Dəyərlərindən heç
vaxt uzaqlaşmayan rəssam ölkəmizi yetəri qədər
təmsil edən sənətçilərdəndir. Əsərlərindəki
parlaq rənglər, müxtəlif tonlar, rəng
çalarları rəssamın dəst-xəttinin necə fərqli
olduğunun sübutudur.
- Əsərin kompozisiyası və rəng həlli
haqqında nə deyə bilərik?
- Rəssam Müseyib Əmirov "Alverçi" tablosunu kətan
üzərində yağlı boya ilə işləyib. Rəng
həllinə diqqət yetirsək, rəssam tabloda həm isti,
həm də soyuq rənglərdən məharətlə
istifadə edib. Əsər çoxfiqurlu kompozisiyadır.
Tablonun mərkəzində alverçi obrazı yer alır. Bu
obrazın daha böyük verilərək diqqəti çəkməsi
tamaşaçılarda maraq oyadır və bir sıra
müzakirələrə gətirib çıxarır.
Kompozisiyanı təşkil edən hər bir hissə bir-biri
ilə sıx əlaqəlidir.
Rəssam həyatını rəngsiz təsəvvür
etmir, rəngkarlıq onun həyatının bir
parçasıdır. O öz rəsmlərini kətana
köçürdüyü zaman ruhunda yaranmış
boşluğu rəsmlərindəki təbiət, hava şəraiti,
insanlar, dağlar, çaylar və hətta musiqi ilə
doldurmağı bacarır.
- Tablo hazırda harada saxlanılır?
- "Alverçi" (150x250) 2015-ci ildə çəkilib.
Hazırda İçərişəhərdə yerləşən
QGallery (Qız Qalası Art Gallery) də saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Müseyib Əmirov bu tabloda bir çox məqamlara
toxunub və hətta ilk baxışdan rəsmin mənasını
hiss etmək olur. Əsərdə diqqət əsas obraza - mərkəzdə
dayanan alverçiyə yönəlir. Bu obraz çoxumuza tanışdır.
Dəniz mövsümündə adətən alverçilərlə
qarşılaşırıq. Rəssam tablonu real həyata əsaslanaraq
işləyib. Çünki uşaqlığını dəniz
kənarlarında keçirmiş rəssamın
yaradıcılığında şahid olduğu nüanslar
xüsusi yer tutur.
Tabloda dəniz, gəmi, istirahət edən insanlar, it
və alverçi yer alıb. İlk baxışda tablo yay fəslində
insanların istirahətinin əksi kimi görünür. Dincələn
insanlardan fərqli olaraq
yayın istisində dənizdə müxtəlif məhsulların
alveri ilə məşğul olanlar alverçi obrazında cəmlənib.
Obrazın çiyninə atdığı yük isə daha dərinliklərə
ensək, bəlkə də insanın öz mənəvi
yüküdür. Personajın üz cizgiləri tam dəqiqliklə
verilməyib. Lakin diqqətlə baxdıqda alverçinin
yorğun və bitkin siması olduğunu görmək olur.
Ümumiyyətlə, tabloda heç bir personajın üz cizgiləri
və bədən proporsiyaları tam aydın şəkildə
verilməyib. Bu da rəssamın özünəxas xüsusiyyətidir.
Müseyib Əmirovun digər əsərlərində də bunu görə bilərik. Rəssamın
yaradıcılığında çimərlik, yay fəslinə
aid təsvirləri çoxdur. Ancaq fikrimcə, bu əsərlər
içərisində ən diqqətçəkən və həyatın
reallığını daha
çox əks etdirən məhz "Alverçi"
tablosudur.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 3 iyul, ¹(114).- S.12.