Söz
azadlığı və jurnalist ləyaqəti
Söz
azadlığı fundamental azadlıqlardan biridir. Ümumiyyətlə
isə "azadlıq" termini əsasən Yeni Tarixlə əlaqədardır.
Orta əsrlərdə mahiyyətinə məhəl
qoyulmaığına görə bu ifadə nadir hallarda
işlədilirdi. XVI əsrdən sonra azadlığın mənası
"azad seçim, mümkün seçimlərdən birinə
üstünlük vermək və günah köləliyindən
azad olmaq" kimi başa düşünülürdü.
Köhnə fransız azadlığı isə "azad iradə"
mənasını verirdi, deməli, ona heç bir təzyiq
göstərilmirdi. Latın sözü olan "libertas"
"mülki, siyasi azadlıq, azad insanın həyat şəraitinin
məhdudlaşdırılmasına icazə verilməməsi
və onun ümumiyyətlə yoxluğu" kimi başa
düşülürdü.
Əvvəlcə
bu, icma üzvləri üçün nəzərdə
tutulurdusa, XV əsrdən başlayaraq azadlıq, dövlətin,
arbitr rolunu oynamasından, fanatizm və avtoritarizm qaydasında
cəmiyyəti idarə etməsindən və ya ona nəzarət
etməsindən uzaq olması kimi nəzərdə tutulurdu.
XVI və
XVII əsrlərdə isə artıq liberalizmə xüsusilə
ehtiyac duyulur, bu da adamın etdiyi çıxışda və
ya hərəkətində, başqa sözlə, bütün
fəaliyyətində məhdudiyyətdən azad olmaq mənasını
verirdi. Maarifçilik Epoxası isə bunu pozitiv
düşüncədə "əvvəldən olan əminlikdən
azad olmaq, tolerantlıq, fanatik və ya dar düşüncəli
olmamaq" kimi üzə çıxardı.
İngilis
dilindəki "liberty" latın sözü olan
"liber"dən yaranmışdır. Azad cəmiyyətdə
hər kəs əminliklə öz düşündüklərini
yaza bilər. Burada söz azadlığı, sarsılmaz bir
hüquq olduğunu göstərir.
Azad
olmaq "onun keyfiyyətinə və ya vəziyyətinə
malik olmaq, özünə xoş olan şeyi etmək istəyidir,
fiziki cəhətdən məhdudlaşdırılmamağın
azadlığıdır, arbitr qaydasında olan və ya
despotik nəzarətdən azad olmaqdır, müxtəlif
sosial, siyasi və ya iqtisadi hüquqlardan və imtiyazlardan
pozitiv şəkildə istifadə etməkdir, həm də sərbəst
seçim etmək imkanıdır".
Plyural
azadlıq, müstəqil və azad olanların malik olduğu
bir şəraitdir, özünə xoş olanı etmək
imkanıdır, buna normal həddən uzağa getməklə
edilən hərəkət daxildir. Azadlıq həm də
hökmən həqiqətə uyğun olaraq, başqa
sözlə, tam düzgün qaydada həyata keçirilməlidir.
Söz
azadlığının gur inkişafında bütün media
iştirak edir. Buna nəşr mətbuatı olan qəzetlər
və jurnallar, elektron vasitələri - televiziya və radio,
İnternet və onun bilavasitə iştirakı ilə yaranan
blogerlər ordusu daxildir. Blogerlər də
yaradıcılıqlarına görə çox hallarda
jurnalist kimi qiymətləndirilir. Bütövlükdə
jurnalistika xəbərlərin yığılması,
hazırlanması və paylanması ilə məşğul
olur, onlara həm də, lazım gəldikdə müvafiq
izahlar əlavə edir
Media,
çap və elektron növlərinə bölünməklə,
qəzetlərdən, jurnallardan, kitablardan, bloqlardan, sosial
şəbəkələrdəki bəzi aktual yazılardan
ibarətdir. "Jurnalist" sözü bünövrədən
cari hadisələri çap şəklində, xüsusən
qəzet formasında reportaj kimi ifadə etməklə məşğul
olan adamı nəzərdə tuturdu. Lakin xəbərlərin
istehsalına həm də radio, televiziya, XX əsrin son onilliklərindən
başlayaraq İnternet də qoşulmuşdur.
İlkin
jurnalistika məhsulu Qədim Romada parçalarda
yazılmış xəbərlərdən ibarət idi. Bu,
"Acta Durina" adlanırdı, onun bizim eradan əvvəl
59-cu ildə meydana çıxdığı məlumdur.
Çində Tan sülaləsi dövründə hökumət
rəsmiləri "bao" adlanan xəbərlər dərc
edirdilər. XVI əsrdə Venetsiyada xəbərlər adətən
"qazetta" adlanan xırda pula satılırdı, buradan
da bir çox dillərdəki "qəzet" kəlməsi
əmələ gəlmişdir. Alman şəhərlərində
də çap olunan qəzetlər meydana çıxdı,
1609-cu ildə belə qəzet Antpervendə (müasir
Belçikadakı şəhərdir) də var idi
Jurnalist,
məlumatları toplayıb, mətnə çevirən bir
şəxsdir. Jurnalist geniş əhatəli fəaliyyət
göstərə bilər, çap məhsulu ilə
yanaşı, reklam da hazırlaya bilər. Bu peşənin
sahibləri ictimai sahədə çalışan şəxslərlə
əlaqə qurmaqla yanaşı, bir qayda olaraq, baş verən
proseslərdə fəal iştirak edirlər. Reportajları,
müxbir yazılarını hazırlayanlar, naşirlər,
redaktə ilə məşğul olanlar,
yazıçılar, köşə yazarları və fotoqraf
kimi vizual jurnalistlər mətbuatın əməkdaşları
hesab olunurlar.
Reportyor
elə bir növə aid edilən jurnalistdir ki, baş verən
hadisələrdən istifadə etməklə, onları
araşdırır və bu məlumatları xəbər kimi
çap etdirir. Reportyor hadisənin şahidi kimi
çıxış edir, ona görə də
özünü hadisə, qəza yerinə
çatdırır, məqalə yazmaq üçün o,
lazım olan materialları toplayır. Ona görə də
jurnalistlər arasında kişi cinsindən olanlar çoxluq
təşkil edir.
Jurnalist
bəzi hallarda özünü təhlükəyə də
salır, bu, xüsusən silahlı münaqişələr
araşdırıldıqda, həm də mətbuata hörmət
edilməyəndə baş verir. Bizdə inzibati orqan
işçiləri daha operativ hərəkət etdiklərindən,
jurnalistin normal həddən çıxan məişət
münaqişələrinə müdaxiləsinə ehtiyac
qalmır və o, əsasən elə bir təhlükə ilə
də üzləşmir.
Professional
jurnalistlə informasiya mənbəyi arasında yaranan
münasibət mürəkkəbliyi ilə seçilir, bunu
çox vaxt, iki rəqqasın iştirakı vacib olan tanqo rəqsi
ilə müqayisə edirlər.
Jurnalistika
dinamik və daim çağırışa hazır olan bir
karyeradır, çünki həyatda müxtəlif şəraitlərlə
üzləşməli olur. Yeni növ jurnalist və ya xəbər
reportyoru mövcud hadisələrə dair əhvalatları
araşdırır və çapa vermək üçün
hazırlayır. Televiziya studiyalarında isə bu işi xəbər
hazırlayan xüsusi komanda həyata keçirir.
Təhqiqat
jurnalistikası daha çətin işdir, bu sahədə
çalışanlar adətən cinayətləri və
korrupsiya kimi, kənar adamlara sadə görünən, ancaq
çətinliyi ilə seçilən xüsusi maraqları
çözməklə məşğul olurlar. Köşə
yazısı yazan jurnalistlər biliklərinə və
yaradıcılıq qabiliyyətlərinə görə digər
həmkarlarından fərqlənirlər. Onlar
çalışdıqları qəzetlərdə hadisələrə
münasibəti obyektiv şəkildə ümumiləşdirmək
yolu ilə əks etdirməyə
çalışırlar.
Ümumiyyətlə,
jurnalist işi olduqca əziyyətlidir, onlar üzərində
işlədikləri məqalənin operativ qaydada hazır
olmasına görə gecəni yuxusuz da keçirə bilirlər.
Onların aclığa dözümlülüyünü isə
hətta məməlilərdən dəvə ilə
müqayisə etmək olar. Çox hallarda səfərdə
olanda, onlar işin xatirinə gündə bircə dəfə də
qidalanmaqla kifayətlənirlər. Bəziləri heç vaxt
yorğunluqdan şikayət etmir, taqətdən düşənə
qədər işləməyi bacarır. Keçən əsrdə
belə bir fikir yayılmışdı ki,
şaxtaçılar kimi, jurnalistlər də başqaları
ilə müqayisədə əsasən həyatla daha tez
vidalaşırlar, bu da hər iki peşənin ağır zəhmət
çəkməsi ilə əlaqədardır. Moskvalı bir
jurnalist isə süfrə arxasında etiraf etdi ki, onun
metabolizmi də başqalarından fərqlidir. Ona görə
də o, daha çox spirtli içkiləri içməyi
bacarır və heç vaxt sərxoş olmur, bu da onun bədənində
spirtin çox tez parçalanması ilə əlaqədardır.
Bu sözləri o, bəlkə də nisbətən çox
içdiyini ört-basdır etmək üçün
orqanizminin xüsusiyyətinin üstünə yıxmaq xatirinə
söylədi. Ciddi arqumentlərə söykənən bəhanəni
də mən içkibazlığa aludəçilik hesab
etdiyimdən, ona cavab kimi, bu asılılığa mənfi
münasibət bəslədiyimi bildirdim. Çünki
içkinin adamların səhhətinə və taleyinə
pis təsir göstərməsi barədə misallar
saysız-hesabsızdır. Qrenlandiya eskimosları hətta
kiçik dozada içki qəbul etdikdə, ağır şəkildə
sərxoş olurlar, onların mədəsindəki fermentlər
spirti parçalaya bilmir. Proses çox ləng getdiyindən mənfi
təsir daha güclü olur. Ruslar Şimali-Şərqdə
yaşayan azsaylı xalqlara mədəniyyət və təhsil
gətirməklə yanaşı, onları spirtli içkilərə
də öyrətmişlər. Sərxoşluq həmin
xalqların genefonduna da olduqca pis təsir göstərmişdir.
Cənubdakı türkdilli xalqların süfrəsinə
arağın müdaxiləsi ilə, içkiyə həvəs
meydana gəldi və bu, islam dininin həmin sahədəki
qadağalarını əsasən ləğv etdt. Təəssüf
ki, yaradıcı ziyalılar içkini ilhamı coşdurmaq
vasitəsi, hətta mənbəyi adlandıraraq, ona olan həvəslərinə
bəraət qazandırmaq istəyirlər. Belələrinin
jurnalistlər arasında çox olduğunu da deyə bilmərəm,
ancaq tanıdığım qələm sahiblərinin əksəriyyətini
öz müşahidələrimə və onların müsbət
saydığım bir sıra cəhətlərinə görə
fərqli məxluqlar adlandırsam, güman edirəm ki, səhvə
yol vermərəm.
Jurnalistika
yazıçılıqla müqayisədə qısa və
az ömürlü yaradıcılıq növü olsa da,
özünə məxsus canlı tarixə malikdir. Ona həyatını
sərf edənlər bir şeylə təskinlik tapa bilərlər
ki, onlar müəyyən zaman kəsiyində xalqına ximət
göstərmişdir və qədirbilən oxucu kütləsi
onun əməyinə daim özünün minnətdarlıq
qiymətini verir.
Bəziləri
medianı gözdən salmaq üçün "fake news"
- "saxta xəbər" ifadəsindən geniş istifadə
edir, buna özlərini qoruyan bir immunitet kimi baxırlar.
ABŞ-da hamının yaxşı tanıdığı bir
milyarder siyasi həyata atıldıqda, özü barədə
olan yazılara və televiziya xəbərlərinə
münasibətini bildirdikdə, "saxta xəbər"
termini ilə vəziyyətdən çıxmağa
üstünlük verirdi. Vəzifə isə yalnız
özü haqqındakı neqativ informasiyanı təkzib etmək
və ya onun təsirini azaltmaq idi. Bu mübarizədə
amerikan mətbuatı da öz mövqeyini zərbə
altında saxlamaq istəmirdi. Demokratik ölkə olan Amerikada
siyasi xadimlərin bir-birinə qarşılıqlı
hücumları heç də səngimək bilmir, buna media da
cəlb edilir, buradakı seçkiqabağı kampaniyalar isə,
mübarizənin şiddətinə görə daha çox
samuray döyüşünü xatırladır.
Azərbaycanda
məmurlar da tənqid olunduqda hər şeyə əl
atır, öz faktiki davranış qüsurları
üçün məsuliyyətdən qaçmağa
çalışırlar. Obyektivliyə əməl etməyən
jurnalist isə öz səhvinə görə, ifşa etmək
istədiyi məmuru, əslində özünə
qarşı silahlandırır. O, təhqiqatında təmanna
güdməklə, əvvəldən özünü,
başladığı çətin mübarizədə məğlubiyyətə
məhkum edir. Məmurun üzərinə "yüngül
süvari" hücumu acınacaqlı nəticə verir və
jurnalist sadəlövhlüyünə, daha doğrusu, yolverilməz
səhlənkarlığına, xətasına, bəlkə də
qanunsuz şəkildə olan şəxsi məqsədinə görə
məhkəmədə, deməli, qanun qarşısında
cavab verməli olur.
Qeyd
etmək lazım gəlir ki, bütövlükdə jurnalistlərə,
xüsusən də cəzaya məhkum edilmişlərə
münasibət heç də birmənalı deyildir.
Çünki son dövrlərdə meydana gələn qəzetlərin,
elektron kütləvi informasiya vasitələrinin bolluğu
onların məhsullarının keyfiyyət göstəricilərinin
yaxşılaşması ilə müşayiət
olunmadı, əksinə, təəssüf ki, mətbuatdan
nüəyyən şübhəli məqsədlər naminə
ayrı-ayrı şəxslərə qarşı hücum
üçün istifadə edilməsi kimi xoşagəlməz
üsullara da əl atıldı. Bədnam "reket jurnalistlər"
məfhumu adı altındakı biabırçı gildiyaya
daxil olanlar, qatı söz terrorunun, mənəvi zərbə
vurmaqdan istifadə etmənin, qorxutmaq məqsədi güdən
hərəkətlərin birbaşa nümunələri və
hədə şəklini alması geniş ayaq açmağa
başladı, bu üzdəniraq yolu, təkzibdən xali olan
arqumentə çevirmək həvəsi böyüdü. Mətbuat
Şurası mediaya ləkə gətirən bu "mübarizə"
üsuluna biganə qalmadı və onların açıq
qınağa cəlb edilməsi müəyyən müsbət
nəticələr verir.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet .- 2024.- 3 iyul, №(114).- S.14.