Söz var ki, daşdan keçir...
ŞAİR QƏŞƏM NƏCƏFZADƏNİN
POEZİYASI BARƏDƏ DÜŞÜNCƏLƏR
Hərdən sözdən də küsürəm,
sözün yiyəsindən də. Sadəcə küsürəm,
başqa heç nə. Sözün
ağırlığını ruhumun çəkə bilmədiyi
vaxtlar da az olmur. Çəkib aparır söz məni
qaranlıq quyunun düz dibinə. "İndi hünərin
var çıx burdan" deyirəm öz-özümə.
Onda da hardansa bir söz peyda olur, tutur ruhumun əlindən,
çıxarır məni bu dar quyudan və dönürəm
öz işıqlı hücrəmə - özümə. O
zaman əlimi haqqın dərgahına qaldırıb
"Şükür sənə, ilahi" deyirəm, nə
yaxşı ki, söz var. Nə yaxşı ki, sözün
yiyəsi, dünyanın sahibi var deyirəm... Bax o vaxt o
şükranlığımı da, bu bir ovuc ümid
işartısını da o Sözə borclu qalıram.
Dönüb qayıdıram öz mənimə. Onu da deyim ki,
məni heçnəylə heyrətləndirmək olmaz. Bircə
sözdən başqa. Söz də söz ola ha... Axı
sözün əlindən tutub yeriyənlər də çox
deyil. Sözün ucundan tutub ucuzluğa gedənlərsə o
qədərdi ki...
Sözüylə yaralayıb (yaxşı mənada)
sözüylə məlhəm qoyanların
duyğularının qonağı olduğum vaxtlar da az olmur.
İndi isə Qəşəm Nəcəfzadədən
söz açmaq istəyirəm.
Gözlərim eynək gətirsin,
Saqqalım qar.
Əllərim çəlik...
Yaşım qocalıq pulu
- deyən şair əslində qocalmaq yox, yaşamaq
eşqindədi. Qocalınca, əlləri çəlik
tutunca, saçı, saqqalı ağarınca, gözləri
torana düşüncə yaşamaq... Tanrı arzusuna
çatdırsın.
Sükutun içində qərib hay-harayı var da Qəşəm
Nəcəfzadənin. Ərkyana səsi-küyü ilə bir
andaca götürər sükutu başına. Özü
demiş, bütün yorğunluğunu düymə gözlərində
gizlədərək bir gümrahlıq qatar səssizliyə.
Heç kim hiss etməz içindəki təlatümü,
ağrını. Yox, hiss edərik. Üzünə
vurmarıq sadəcə. Qoşularıq hamımız ona.
Ortalığa bir söz atar, hamı düşər o
sözün dalınca. Dildən-dilə gəzər söz.
Sözdən söz doğar və vaxtın keçməsindən
heç kimin xəbəri olmaz.
Mənim də gümanım sözümə
çatır,
Kənddən gətirdiyim hirsimə çatır.
Arzum dilə düşür, söz eləyirsiz,
Məni nişan verib göz eləyirsiz
- deyir Qəşəm Nəcəfzadə. Amma əslində
o qaş-göz edənlərin hamısı onu yaxşı mənada
nişan alıb. Bəziləri üçün
işıqdı, bəziləri üçün ümid, bəziləri
üçün dəli şair, bəziləri
üçün vətəndaş, bəziləri
üçün adicə Qəşəm. Amma
hamısının könlündə ona qarşı müqəddəs
Qəşəm sevgisi var. Onu nişan verməyənlər, o
olan tərəfə baxmayanlarsa sadəcə
varlığından qorxub ürkənlərdi. Bəlkə də
özü bilmir, bəlkə də bilir...
Qəşəmin kini, küdurəti də bircə
saatlıq, bircə günlük, bircə həftəlik, bircə
aylıq, uzaqbaşı bircə fəsillikdi. Elə küsməyi
də. Unutqandı. İncikliyi, nifrəti ürəyinə
yük eləməz. Uşaq kimidi. Bircə sözlə ovutmaq
olar onu. Söz deyirəm haa...
Şeirlərindən tanıyıram Qəşəm
Nəcəfzadəni. Nə yol yoldaşı olmuşam, nə
illərin sınağından çıxmış
dostluğumuz olub, nə hansısa layihələri bir yerdə
işləmişik. Heç dünənəcən (müsəlmanın
dünəni) üzünü də görməmişdim.
Yazdıqlarından ürəyini oxuyurdum sadəcə. Elə
indi də uzaqdan uzağa oxuyuram şairin fikrindən keçənləri.
Necə olmasa həmkarıq. Arada bir söz körpümüz
var.
Bəzən gülür, bəzən ağlayır, bəzən
uşaq kimi atılıb-düşür, bəzən
küsür, bəzən barışır Qəşəm Nəcəfzadənin
sözü. Amma neynirsə özü olmaqdan çıxa
bilmir. Hər şeydə özüdü.
Hərdən elə şeirlər yazır ki,
gözümüzü döyə-döyə qalırıq.
Qafiyəsiz, nizamsız, dağınıq... Bax belə:
Mən gözəl oğlanıydım, qəşəng
qızlar,
Məni tanımadınız, məni görmədiniz.
Bir də məni nə vaxt görəcəksiniz,
Nə vaxt şeirimi oxuyacaqsınız,
Hansı minillikdə, hansı əsrdə...
Bilirik ki, ruhunu yazır. Bilirik ki, əhvalının
yorğun, qərarsız, yuxusuz, ac, susuz vaxtıdı. Amma onu
da bilirik ki, bu vaxtında da özüdü. Bu vaxtında da
sözü yaddan çıxarmayıb. İş
orasındadı ki, bu dağınıq şeirlərdə də
bir nizam var və adamla dialoqa girməyi bacarır. Cansız
deyil. Ruhu var. Doğmalaşır səninlə.
Hərdən öz əhvalımızın
korşalan vaxtında qarşına elə yazıyla
çıxır ki, az qalırsan, döyəsən bu
şeiri. Özü də hönkürə-hönkürə,
sızlaya-sızlaya. Deyəsən ki, axı hardan oxudum səni?
Mənə lazım idi ağlamaq gecənin bu vədəsi?
Bilirsiz niyə? Çünki o yazıda özünü,
öz həyatını, hiss etdiklərini,
yaşadıqlarını oxuyursan Qəşəm Nəcəfzadənin
dili ilə. Axı yazı səni düşündürə,
özündən qopara, özündən ala bilirsə, demək,
şair bacarıb. Demək, bu da uğurdu. Şairin uğuru.
Elə bu misra kimi:
Əllərin bulud kimi kölgə salır
Saçlarımın işığına.
Deyəsən, yağış yağacaq axşama,
Xəbərin varmı, bilmirəm.
Və ya:
Hecanı dodağınla ölçdüm,
Çiçəyi nəfəsinlə
ölçdüm.
Küləyi saçınla ölçdüm,
Həsrəti küsməyinlə ölçdüm.
Əslində bütün sevənlərin, həsrət
çəkənlərin hiss etdiyi, ancaq ifadə etməkdə
çətinlik çəkdiyi duyğulardı şair
ruhundan süzülüb gələnlər. Sevdanın,
hicranın ən ali mərtəbəsində
yaşananlardı bəlkə də, şair qələmə
alıb. Hər misrada heca-heca özüdü şair.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən
gözə,
Mən sevən ürəyə qəsd eləyirlər?
Yalvarış var bu misralarda sanki. Sevdiyini səsdən
belə qorumaq, mühafizə etmək eşqi var həm də.
Yenə sevginin ali Qəşəm Nəcəfzadə mərtəbəsi.
Hiss edirsən ki, birnəfəsə qalxıb bu pillələri
şair. Özü də ürəklə, sevə-sevə
qalxıb.
Qol-qola,
Əl-ələ səndən keçərlər
şeirlərim.
Bayraqları nidalar.
Demişdim, mən ölsəm
Tabutumu səndən aparsınlar.
Yenə ürəyin sufi sevdası İlahiyəcən
yol alıb gedir şair düşüncələrində.
Misralar kilidləyir duyğularını. Çıxa bilmirsən
bu İlahi eşqin ağuşundan. Gözlərini yumub
düşürsən bir dəli sevdanın qucağına.
Sanki gözünü açsan, əlindən uçub gedəcəkmiş
kimi kirpiklərini çəpər edirsən bu eşqin
dörd yanında. Özü də yorulmadan, usanmadan. Yenə
şairin sözünə dua edirsən avaz-avaz. Elə
sözün yiyəsinə - Tanrıya da.
İcazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün
"Onun sağlığına siqaret çəkək"
deyən şairin unutmağı da sevməyi kimi əzabdı.
İndi bütün yarımçıq sevdaların şərəfinə
yazılmış ən ağır unutmaq şeirini çəkə
bilirsən, çək sinənə.
Divarı siqaret tək çəkmək olar,
Həmişə belə eləyirəm,
Siqaret yerinə divarı çəkirəm.
Divara söykənmək adama səbr gətirir.
Bu da bir zəfəridi unudulanların, məncə.
Amma unudulurmu unudanlar? Bunu da şair bilər.
Əllərimin uçmaq səsi
Şeirlərimdi, dinlə.
Hərf-hərf, heca-heca sevgiyə sarı uçan
barmaqların pıçıltısı gəlir
qulağına bu misralardan, özü də şeir-şeir.
Qəşəm Nəcəfzadə ruhunu şeirə
qoyduğu üçün bəlkə də yorğun
düşür. Yox! Nə qədər yazsa da, ürəyindəkiləri
deyib qurtara bilmir, məncə. Bir tərəfdən bu da yorur
şairi. Yaşadıqlarını, hiss etdiklərini
olduğu kimi sözə çevirə bilməmək də
yorur axı adamı. Demək, duyğuları sözün
fövqündə dayanıb Qəşəm Nəcəfzadənin.
Söz aciz qalanda duyğularının qarşısında
susur şair. Elə susqunluğunun özü də şeirdi
onun.
Heç fikir eləmə, qurbanın olum,
Adam başqasını gedib sevər də.
Adam sevdiyini ata bilər də,
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.
İncikliyi də, barışı da,
bağışlamağı da mükəmməldi Qəşəm
Nəcəfzadənin. Sevdiyini onsuzluğa uğurlamağı
da, küsməyi də, getməyi də özünə bənzəyir
şairin. Heç kimi təkrarlamır vüsalı da,
hicranı da söz yolçusunun. Həmişə
sözünə sarılır, həsrətin dar
boğazından sözüylə keçir. Ruhunu qoruya-qoruya
həm də.
Qəşəm Nəcəfzadənin sevgisi
bütövdü, yarımçıq deyil. Övlad sevgisi,
ata sevgisi, yar sevgisi, dost sevgisi, qələm, vərəq
sevgisi - hamısı eyni çəkidədi. Günəşli
havada da, sazaqda da bu sevgi dəyişməz. Bircə ürəyindən
nigarandı. Özü kimi şıltaqdı ürəyi də.
Bəlkə, bu inamsızlıqdı onu gecə-gündüz
rahat qoymayan. Onun yazılarını oxuduqca adama elə gəlir
ki, şair yatmır. Ya da bir gözü açıq
yatır. Qələmi də əlində. Barmaqları sözə
keçib sanki. Özü də bərk-bərk. Bir ovucda gizlədib
ürəyini şair. Kim qopara bilər sözdən bu əlləri?
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!
- deyən şair torpağı bütöv görsə
də, keçmişin ağrısını
yaşaya-yaşaya daddı bu möhtəşəm sevinci.
Gedib müqəddəs Şuşa divarlarına dedi bu
şeiri. Orda qoyub gəldiyi gəncliyini axtara-axtara dedi.
Saçlarının dəninə dedi, üzünün
qırışına, gözlərinin kədərinə
dedi. Amma bir az ötkəm, bir az məğrur, bir az dəli,
havalı dedi. Bu dəfə qalib idi Qəşəmin
sözü. Başı dik idi sözünün.
Utanmırdı dediklərindən. Amma hər şeyə rəğmən,
yenə göynəlti vardı içində özü boyda.
Olsun. Buna da şükür.
Bəzən özü də bilmədən ətrafdakıların
xətrinə dəyir. Bəzən haqlı, bəzən
haqsız. Bir az keçir, peşman olur. Bəlkə də,
boynuna almır. Amma bilirsən ki, peşmandı.
Gözünün içindən bilirsən, səsindən
bilirsən, sözündən bilirsən. Uşaqlaşır
gözündə bir anın içində. Yaddan
çıxır umun, küsün. O anda unudursan hər
şeyi və bağışlayırsan olanları. Sözə
bağışlayırsan, qoşmaya, gəraylıya
bağışlayırsan. Axır ki,
bağışlayırsan.
Öləndən sonra
istəyirəm bir şəklim olsun,
O şəkli heç kəs oxuya bilməsin,
Ortasını qat kəssin
- deməklə, əslində, hələ heç kəsin,
elə bu dünyanın da onu yaxşı tanıya bilməməsi
qənaətindədi şair. Amma mən səni yaxşı
tanıyıram, Qəşəm Nəcəfzadə.
Sözündən tanıyıram, səsindən
tanıyıram, baxışından, yerişindən,
duruşundan, tənhalığından tanıyıram. Ürəyini
buz kimi saxla və o yana tələsmə hələ. Bu yanda o
qədər deyilməyən sözün, verilməyən
cavabların, açmadığın qapıların var ki. Hələ
oxucular qapını çox çalacaq. Hazır ol. Onsuz da
mesaj qutuların doludu. Məndən də incimə. Səni
bir az fərqli yazdım. Bir az öyə-öyə, bir az
küsdürə-küsdürə, bir az incidə-incidə.
Bəlkə, sənin ürəyincə olmayacaq dediklərim.
Amma mənim ürəyimcədi.
Bayaq bir şəklini gördüm instaqram səhifəndə,
əziz dost, şeir adam.
Əllərində qar, başında qar, əynində
sazaq, gözündə od. Şeir deyirdin qarın eşqinə
qar altında:
Görəsən, bu qar kimin göz yaşıdı,
Gözlərim dolunca yağsın,
Gözlərim doyunca yağsın.
Əlində qar sevinirdi, gözündə sevgi.
Hardansa bir dəli Söz gəlirdi sənə sarı
ağappaq qar rəngində.
Təranə DƏMİR
Şair-publisist, AYB-nin üzvü
525-ci qəzet .- 2024.- 2 iyul, №(113).- S.15.