Zəhmətkeş alim, nəcib insan

 

 

Elm sahəsi onu özünə hələ gənclik illərindən cəlb eləmişdi. Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinin axşam şöbəsində oxuyub, gündüz zavodda fəhlə işləyirdi, imkan düşən kimi elmə olan maraq onu kitabların arasına, kitabxanalara aparırdı. Hələ tələbəlik illərindən qəzetdə elmi məqaləsi çap olunurdu. Bir dəfə də işdən çıxıb zavodun avtobusunda iş yoldaşları ilə evə gedəndə qəzetdə çap olunan ilk elmi məqaləsi ağsaqqal iş yoldaşı Mirzə Şəfi kişinin əlinə keçir və oxuyandan sonra avtobusda ucadan yoldaşlarına deyir:

- Uşaqlar görəcəksiniz, bu cavan oğlan elmlər namizədi olacaq.

 Amma bir müddət sonra qəzetdə çap olunan ikinci elmi məqaləsini oxuyanda "sözünə düzəliş edir":

- Yox ey, elmlər doktoru olacaq.

İllər keçir, həmin o cavan oğlan həqiqətən də elmlər doktoru olur, Azərbaycan ədəbiyyatşünaslığının ciddi imzalarında birinə çevrilir. Söhbət filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidən gedir. Çox sonralar Asif Rüstəmli o illəri, iş yoldaşı Mirzə Şəfi kişinin sözlərini xatırlayıb belə deyəcək: Mirzə Şəfi kişinin o sözləri sanki məni təkidlə elm yoluna səfərbər edirdi.

Asif Rüstəmli universiteti bitirib aspirantura təhsili alır, elmi iş götürüb ömrünün qaynar gənclik yolunu kitabxana rəfləri, ağır qoxulu arxiv qovluqları arasından salır.

Onun  elmi yaradıcılıq yolunda əsas istinad meyarı ölməz Cəfər Cabbarlı irsi oldu. Zaman-zaman varlığı ilə bağlandığı bu tədqiqat sahəsində alim kimi püxtələşdikcə onun çöhrəsinə içıq saçan zahiri nura elmi nur da əlavə olundu. Böyük sənətkarın 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini tarixin qaranlıqlarından ilk dəfə tapıb nurlandıraraq oxuculara təqdim etdi. Ardıcıl, fədakar araşdırmaları nəticəsində Cabbarlı irsinin daha neçə-neçə sənət incisini oxucuların ixtiyarına verdi. Bu gün Cəfər Cabbarlının əlimizdə olan, Azərbaycan Prezidentinin 12 sentyabr 2004-cü il tarixli sərəncamı ilə 25 min nüsxə tirajla çap olunan 4 cildlik "Əsərləri"nin və "Seçilmiş əsərləri"nin tərtibi, ön sözü və şərhi də ona məxsusdur.

Asif Rüstəmli kimdir? Titul məlumatı ilə ikicə kəlmə ilə ifadə etsək, filologiya elmləri doktoru, professor. Amma təkcə bu iki kəlməmi? Asif Rüstəmli alim olmazdan əvvəl nəcib, xeyirxah, xoş məramlı ziyalı, nurlu bir insandır. Sonra isə cəfakeş, yorulmaz tədqiqatçı, tələbkar alimdir. El arasında belə bir deyim var: "Alim olmaq asandır, insan olmaq çətin". Amma mən deyirəm ki, Asif Rüstəmli kimi insan olmaq da, alim olmaq da çox çətindir.

Asif Rüstəmli yaradıcılığında axtarış meylləri üstünlük təşkil edən alimlərimizdəndir. Onda bu meyl seyrçi mahiyyət daşımır, hadisənin, faktın dərinliyinə qəvvas kimi baş vurur, onu tam arayıb, aşkarlamaqdan yorulmur. Dərin elmi axtarışlar nəticəsində üzə çıxardığı yeni elmi-bədii tapıntını əsaslı fakt və dəlillərlə əsaslandırır.

Asif Rüstəmlinin yazı üslubu da çox fərqlidir. Üslubu elmi-publisistik, dili aydın və oxunaqlıdır. Yazıda sözləri biri-biri ilə elə cilalayıb düzür ki, bir kəlməsin qoparsan, bütün cümlə sistemi pozular. Bir dəfə onun "Ədalət" qəzetində çap olunan bir yazısına diqqət yetirdim və təəccübdən heyrətləndim. Qəzetin uzun bir sütunu boyu gedən yazı cəmi dörd cümlədən ibarət idi. Bir baş cümlədə yeddi, səkkiz budaq cümlə birləşmişdi və bu budaq cümlələr biri-biri ilə elə bağlı idi ki, nəinki artıq bir söz, heç artıq bir şəkilçi də hiss olunmurdu.

Asif müəllim özü söhbət edir, deyir, bir dəfə günortadan sonra eşitdim ki, sabah yaxın bir alim yoldaşımın yubileyidir. Qəzetlərin birində məsul katib işləyən dostuma zəng edib dedim ki, sizə bir yazı gətirmək istəyirəm, sabahkı sayınızda çap olunsun. Bildirdi ki, qəzetin səhifələri yığılıb bağlanıb, çapa getmək üzrədir, mümkün deyil. Ərkyana təkid etdim, dedi onda üç səhifədən artıq olmasın, görüm neyləyirəm. Oturub yazdım, bir də gördüm ki, beş səhifəni keçmişəm. Tez yekunlaşdırıb redaksiyaya apardım. Qəzetçi dostum yazıya baxıb heyrətləndi ki, dediyimdən artıq yazmısan, mən bunu çapa hazır qəzetə necə yerləşdirim, bir az ixtisar et. Dedim haqqında yazdığım elə alimdir ki, hələ bu yazı onun üçün azdır. Dedi qoy onda redaktorla məsləhətləşim. Sonra yazını onun yanına apardı. Redaktor yazını oxuyandan sonra dedi:

- Bu kişi sözləri kərpic kimi biri-birinə elə bağlayıb, sözdən elə bir ev tikib ki, bir kərpicini çəksən, ev uçub dağılar, get başqa yazını çıxart, yerinə bunu yerləşdir.

Mətbuat səhifələrində, sosial şəbəkələrdə Asif Rüstəmli haqqında indiyəcən çox yazılıb, elmi publisistik fəaliyyəti dəfələrlə geniş çalarlarla təhlil olunub, barəsində çoxlu xoş fikirlər səsləndirilib. Hətta haqqında 346 səhifəlik ayrıca məqalələr toplusundan ibarət kitab da çap olunub. Ona görə də mən bu yazımda bir neçə illik elmi əməkdaşlıq yaxınlığı çərçivəsində yaranmış səmimi münasibətlərə əsaslanıb yalnız Asif Rüstəmlinin yüksək insani keyfiyyəti barədə danışmaq istəyirəm.

Bir neçə il bundan əvvəlin söhbətidir, çapa hazırladığım "Aran yurdum Ağcabədi" kitabı ilə tanış olan ovaxtkı rayon rəhbərliyi rəy bildirmək üçün onu Asif müəllimə göndərmişdi. Təxminən 20-25 gün sonra Asif müəllimin kitab barədə yazdığı rəyin sürəti mənə təqdim edildi. Asif müəllif müəllim kitab barədə xoş sözlərni bildirir, "bədii-publisistik üslubda yazılmış kitabın qiymətli arxiv sənədlərinin zənginliyilə diqqəti cəlb etdiyini" vurğulamaqla yanaşı, öz təkliflərini də qeyd edirdi: "Kitab məzmun genişliyi və tarixi materialların zənginliyi ilə əslində ensiklopedik topludur. Ona görə də yaxşı olar ki, kitab yenidən işlənərək ensiklopedik toplu formasına salınsın. Zəruri köməkliyimi əsirgəmərəm".

Beləliklə, həmin vaxtdan başlayaraq kitab üzərində fasilələrlə səkkiz illik bir dövrü əhatə edən elmi-publisistik əməkdaşlığımız baş tutdu. İşinin çoxluğuna baxmayaraq, Asif müəllim kitabın elmi redaktorluğunu öz üzərinə götürdü. Bu illərdə mən Asif müəllimi geniş elmi məlumata malik tələbkar alim, mehriban, səmimi bir insan kimi dərindən tanıdım. Onun öz el-obasına, bütövlükdə vətəninə bağlı necə yurdsevər, vətənpərvər insan olduğunun şahidi oldum.

Asfi Rüstəmlinin heç vaxt unuda bilməyəcəyim bir xeyirxah əməli isə onun insanlıq zirvəsini mənə tanıtdı.

"Ağcabədi ensiklopedik toplu" kitabını çap üçün nəşriyyata təqdim edəndən az sonra - 2020-ci ilin bir payız günü ümumbəşər bəlası olan COVID-19 məni də yaxaladı. Ağır vəziyyətdə gecə saatlarında doğmalarım məni Bakı şəhərinə, Neftçilər xəstəxanasına çatdırdılar. Həyat-ölüm səddi arasında reanimasiya otağına yerləşdirildim. Ağır, üzücü müalicələr, boğulmalar...

Belə bəlalı günümdə Asif müəllim kitabımın nəşr olunacağı nəşriyyatın direktoruna deyir ki, Şirxan müəllim ölüm yatağındadır, kitabdan təcili bir nüsxə hazırlayın, sabah ona çatdırım, kitabın çox əziyyətini çəkib, qoy sağ ikən üzünü görsün. Elə də olur, səhəri gün həkim oğlum Asif müəllimin verdiyi, üz qabığı adi kağız olan min səhifəlik kitabı mənə təqdim edəndə kövrəldim, elə bildim, üstümdən xəstəliyin dağ yükü götürüldü, üzümə yeni həyat doğdu. Bax budur alim yüklü insanlığın Asif Rüstəmli zirvəsi, hər bir kəsin edə bilməyəcəyi ülvi bir əməlin ürək açan xoş sədası, səsi!

Asif Rüstəmli çox sadə və səmimi insandır. Onunla ünsiyyət qurmaq, həmsöhbət olmaq çox asandır. Özünün sözarası danışdığı bir söhbət bu baxımdan onun xarakterini necə də dəqiq xarakterizə edir:

- 2016-cı ilin ilk dərs günü ərəfəsi idi. Kəndimizdə oxuduğum məktəbin yerində təzə məktəb binası tikilmişdi, açılışa hazırlanırdı. Açılışa Bakıdan məni də dəvət etmişdilər. Axşam kənddə oldum. Şam yeməyini yeyib bir az dincəldikdən sonra darıxdım, çoxdan görmədiyim kəndin yaxın aralığını gəzmək istədim. Ağdam dağlarından əsən sərin meh Mərzilinin üstündən aşıb gələrək, kəndimizdə ilıq, xoş bir hava yaratmışdı. Ev paltarında üzü məktəbə sarı yön aldım. Gecə saat onu keçmişdi. Gördüm məktəbin işığı yanır, müəllimlərin səsi gəlir. Bildim ki, sabahkı açılışa hazırlaşırlar. Əlüstü ürəyimdən isti bir hiss keçdi: gedim mən də onlara kömək edim, onsuz da ev paltarındayam. Elə də etdim. Yeni tikilmiş binanın giriş qapısından içəri girəndə gördüklərim məni heyrətləndirdi. Başda direktor olmaqla demək olar ki, məktəbin bütün müəllimləri burada idilər, hər kəs bir iş görürdü. Hamısı ilə mehriban görüşüb hal-əhval tutandan sonra ciddi fikrimi direktora bildirdim:

- Zülfiyyə müəllimə, bu məktəb sizdən əvvəl mənim üçün doğmadır. Gəlmişəm sizə kömək edim. Mənə də bir iş tapşırın işləyim.

Direktor:

- Nə danışırsınız, Asif müəllim, sizi fəxri qonaq kimi sabahkı açılışa dəvət etmişik. Uzaq yol gəlib yorulmusunuz, gedin dincəlin, sabah açılışda görüşərik, - dedi.

Müəllimlər də bir ağızdan direktorun sözünü təsdiq etdilər. Baxdım ki, hamı ətrafıma yığılıb, əllərini işdən soyuduram, məcbur olub xudahafizləşib evə qayıtdım.

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Asif Rüstəmlinin yubiley tədbiri doğma yurdu Ağcabədidə geniş qeyd olundu. Yaqub Məmmədov adına rayon Mədəniyyət sarayında keçirilən tədbir qədirbilən ağcabədililərin çox yüksək mütəşəkkirliyi və fəallığı şəraitində keçdi.

Ağcabədi oymağı bu gün Aran Qarabağın mədəniyyət mərkəzidir -  Azərbaycan mədəniyyətinə və incəsənətinə 5 nəfər Əməkdar incəsənət xadimi, 7 nəfər Xalq artisti, 7 nəfər Əməkdar artist, 3 nəfər Əməkdar mədəniyyət işçisi bəxş edib. Bu rayonun Türkiyədə yaşayıb çalışan, rəssamlıq sahəsində professor və universtetdə kafedra müdiri titulunu daşıyaraq əsərləri dünya sərgilərində nümayiş olunan və Türkiyə prezidenti tərəfindən təltif edilən Məzahir Ərtuğ Avşar, İlham Ənvəroğlu kimi rəssamları, həmçinin 4 nəfər akademik, 34 nəfər elmlər doktoru, professor, 108 nəfər fəlsəfə doktoru, eləcə də ədəbi imzaları ilə geniş oxucu auditoriyası qazanmış şair və yazıçıları var, Üzeyir Hacıbəyli kimi ölməz sənət dühası bu torpaqda dünyaya göz açıb. Bu gün Ağcabədi rayonunun öyündüyü belə övladlarından biri də haqqında söhbət açdığımız professor Asif Rüstəmlidir. A.Rüstəmlinin elmi yaradıcılığı məkan etibarı ilə doğma Azərbaycan çərçivəsində sığışıb qalmır, onun əsərləri dünyanın müxtəlif ölkələrində - türk, fars, ingilis, rus, polyak və macar dillərində də çap olunub, elmi irsi 20 kitabı, 400 yuxarı elmi-publisistik məqaləni əhatə edir.

Asif müəllimin kəndə hər gəlişi əsl toy-bayram olur. Yuxarı Qiyaməddinli kəndi ilk və yeganə alim oğlunu hörmətlə qarşılayıb, hörmətlə də yola salır.

Saf amalı, dəyərli əməllərilə ömrünü mənalandıran, fədakar alim kimi ədəbiyyatımızı, ədəbi tənqidimizi zənginləşdirən, nəcib və müdrik insan kimi insanların qəlbində özünə məkan quran Asif Rüstəmli ömrünün 70-ci baharına qədəm qoyub. Bu əlamətdar yubiley münasibəti ilə Asif müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və bol-bol yaradıcılıq uğurları arzulayırıq.

 

Şirxan ARANLI

525-ci qəzet .- 2024.- 2 iyul, №(113).- S.14.