Əlifba təkcə uşaqlar üçün deyil

 

 

İlk əlifbanın yarandığı vaxtdan uzun illər ötüb. O vaxtdan bəri əlifbalar çox dəyişib, təkmilləşib. Əlifbalar dövrün tələbinə uyğun olaraq yeni şəkil alıblar.

Bir müddət əvvəl Azərbaycan dilinin yazı qaydaları, normaları da dəyişdirildi. Bəzi hərflərin modifikasiyaları nisbətən sadələşdirildi. Bu, cəsarətli və gərəkli bir addım idi. Eyni zamanda bir daha onu göstərdi ki, hüsnxət qaydaları və normaları mükəmməl deyil, onun yenilənməsinə ehtiyac vardır. Özü də təkcə hüsnxət qaydalarının deyil, bütövlükdə əlifbamızın da universal, daha işlək hala gətirilməsi zəruridir.

Əlifbamızın hansı prinsiplə sıralandığını soruşanda mütəxəssislər fərqli və qəribə cavablar verirlər. Təcrübəli pedaqoqlar əlifbanı öyrədərkən  oradakı ardıcıllığı deyil, hərflərin işlənmə tezliyini əsas götürürlər. 

Əlifbanı əzbərləyərkən bir çox şagirdlər "er"ə "r", "em"ə "m" deyirlər.  Əlifbanı yadda saxlamaq üçün daha qüsursuz üsullara ehtiyac vardır. Türkiyədə "l"in "le", bizdə el, "n"in "ne", bizdə "en", "m"in "me" bizdə em, "r"in "re", bizdə "er" oxunması da başa düşülmür.

Əlifbamızda böyük hərflərin əksəriyyəti kiçik hərflərdən, çap yazısı əl yazısından çox fərqlənir. Bu, bir sıra texniki çətinliklər  yaradır. Məsələn, böyük və kiçik hərflərin fərqli olması ikili say sistemində hərflər kodlaşdırılarkən izafi zəhmət tələb edir.

Yaponlar yeri gələndə 4 əlifbadan istifadə edirlər. Qarşıda dayanan bütün tələblərə cavab vermək üçün ya gərək yaponlar kimi 4 əlifba işlədək, ya da elə əlifba yaradaq ki, bütün tələblərə cavab versin.

Müasir tələblərə cavab verən əlifba və əl yazısında hərflərin ilk növbədə konfiqurasiyası çox sadə və aydın yazılmalıdır. Bunun üçün isə ən optimal variant hərflərin yalnız bir ünsürdən - düz xətlərdən ibarət olmasıdır. Belə hərflər EHM-lərdə asanlıqla qəbul olunar və işlənə bilər. Poçt-rabitə sistemində olduğu kimi. Zərfin üstündə indeksin (rəqəmlərin) düz xətlərlə yazılması onların avtomatik çeşidlənməsinə imkan verir.

Alqoritmdə ədədlərin yazıla bildiyi hər yerdə istənilən cəbri ifadə kimi hərflərin perimetrləri də yazıla bilər. Bu səbəbdən hərflərin konfiqurasiyası elə olmalıdır ki, onların perimetrləri asanlıqla hesablana bilsin. Düz xətlərlə yazılan hərflər bu tələbləri ödəyir.

Bu şəkildə yazılan hərflər hadisə və predmetlərin modelini qurmağa, şəbəkə yaratmağa, yüksək səviyyəli proqramlaşdırma dillərinin yaradılmasına və sadələşdirilməsinə yardımçı ola bilər.

Əlifbanın təklif etdiyim yeni yazılış formasında mövcud əlifbanın içərisindən daha asan yazılan otuz böyük və iki kiçik hərf götürülmüşdür. Burada böyük hərflərlə kiçik hərflərin və çap yazısı ilə əl yazısı arasındakı fərq aradan qaldırılmışdır. Yeri gələndə böyük hərflər nisbətən böyük, kiçik hərflər isə daha kiçik yazıla bilər. Hərflərin maili yazılmasına isə ehtiyac yoxdur. Belə təcrübə inkişaf etmiş xarici ölkələrdə də vardır.

Müəllimlər birincilərə əlifbanı öyrətmək üçün 4-5 ay vaxt sərf edirlər. Düz xətlərlə yazılmış əlifbanı uşaqlara daha asan, daha sürətlə öyrətmək olar. Mövcud əlifbadakı diakritik işarələri, üfiqi qoşa xətləri də heç bir problem yaratmadan xırda, defisə bənzər düz xətlə əvəz etmək mümkündür.

Şagirdlərə mövcud əlifba və əl yazısı - hüsnxət qaydaları öyrədilərkən müəllimlər onların aydın, səliqəli və sürətlə yazmasına diqqət yetirirlər. Zaman keçdikcə hər kəsin xətti dəyişir. Bəzən nəinki başqalarının, hətta öz yazdıqlarımızı belə oxumağa çətinlik çəkirik. Əl yazısında hərflərin yeni görünüşü bu problemin də qarşısını ala bilər. Çünki riyaziyyat dəftərində yazılması nəzərdə tutulan bu cür hərflərin damalar içərisində yazılması onların istər-istəməz çərçivədən çıxmasının qarşısını alır.

Zaman keçdikcə kompüter əl yazısını sıradan çıxarır. Hazırda insanlar ərizəni belə kompüterdə yazır, ya da başqalarına yazdırırlar.  Hərflərin elektron - kompüter texnologiyasına uyğunlaşdırılması, onlarla üzvü şəkildə qovuşması bu prosesin qarşısını ala bilər.

Əmin deyiləm ki, təklifim tezliklə geniş miqyasda tətbiq olunacaq. Amma əminliklə deyə bilərəm ki, ən azından valideynlər evdə uşaqlarının sürətlə yazıb oxumaları üçün mənim bu tövsiyələrimdən bəhrələnəcəklər...

 

Arif ƏRŞADOĞLU

525-ci qəzet .- 2024.- 2 iyul, №(113).- S.13.