Azərbaycan sevdalısı, böyük ədəbiyyat adamı - Əhməd Kabaklı

 

Əhməd Kabaklı-100

 

Qarşımda dayanan iki kişidən biri -  cüssəsiz, ucaboy olanı əlini uzadaraq: "Sayın Şamiloğlu nasılsınız, Antalyanı, qurultayı bəyəndinizmi?" - dedi. İkinci bəstəboylu, çox da kök olmayan şəxs də əl uzatdı. Bir neçə xoş sözlər söylədi. Mən çaşıb qalmışdım. İlk dəfə gördüyüm bu şəxslər məni haradan tanıyır? Özümün-özümə verdiyim suallara cavab tapa bilməmiş, iş yerimlə, Azərbaycanın durumu ilə maraqlandılar. Çaşqın halda suallara cavab verirdim. Onlar isə mənimlə çoxdanın tanışları kimi söhbət edirdilər.

- Hocam, üzr dilərim, ben sizi tanıya bilmedim? Siz beni nereden tanıdınız? - deyə xəbər aldıqda yaxamdakı kartı göstərdilər. Sovetlər Birliyində keçirilən toplantılarda iştirakçılara yaxa kartının verilməsi yayğın deyildi. Bəlkə də, Moskvada, Leninqradda hansısa mötəbər toplantılarda belə yaxa kartlarından istifadə edirdilərsə, onu da mən görməmişdim. Bakıda isə yaxa kartlarının bəsit formasını dəmiryol vağzalında, yükdaşıyan fəhlələrin yaxasında görmüşdüm. Onların yaxa kartları taxmağa məcbur edilməsi mətbuatda, hətta bədii ədəbiyyatda da tənqid edilmişdi.

Qarşımdakı adamları tanımaq üçün birinci orta boylunun yaxa kartına baxdım. Oradakı "Yahya Akengin" yazısı yadıma heç nə salmadı. İkinci ucaboylunun yaxasındakı kartda "Ahmed Kabaklı" oxuyanda, Təbrizlilər demiş, jetonunum düşdü. Təkrar onunla görüşdüm və haqqında bir neçə xoş sözlər söylədim. O da ləhcəsini Azərbaycan ləhcəsinə uyğunlaşdıraraq: "Siz beni nereden tanıdınız?" - deyib gülümsəyəndə dərsini əzbərləmiş uşaq kimi "Türk ədəbiyyatı" jurnalı haqqında bilgimi nümayiş etdirməyə başladım.

Əhməd Kabaklı mənalı-mənalı Yahya Akənginin üzünə baxdı... Ayrıldıq...

1993-cü il martın 20-24-də Antalyada  keçirilən "Türk Dövlət və Toplulukları Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı"nda bir neçə dəfə görüşsək də, söhbətimiz çox qısa olmuşdu.

Yanılmıramsa, 1996-cı ilin noyabr ayı idi. Telefon zəng çaldı. Səs yaddaşım pis olduğundan danışanı tanımadım. Amma bildim ki, türkiyəlidi. Şən bir halda qonağı qarşılamadığımdan gileyləndi. Üzrxahlıq edərək qaldıqları otelin yerini xəbər alanda: "Araban yok, evin uzaq. İndi gəlmə. Yarın görüşərik" - dedi. Sonra da qaldıqları otelin adını, nə məqsədlə gəldiklərini söylədi və sabah görüşmyimizi təklif etdi. Başqa sözüm qalmadığından sağollaşdım. Onu tanımadığımı hiss etsə də, üstünü vurmadı. Görüşəndə Əhməd Kabaklı olduğunu bildim. Əlindəki səliqəli bağlamanı verəndə içərisində nə olduğunu xəbər almadan təşəkkürümü bildirdim.

Evə gələndə gətirdiyim bağlamanın bükülməsi xanımımın xoşuna gəldi. Onu səliqə ilə açdı. İçərisindən "Türk ədəbiyyatı" jurnalının son sayları, bir kitab, bir qutu lokum və bir də qadın üçün kofta çıxdı. Xanımım həmin dəqiqə geyinib güzgü qarşısına keçdi. Dəfələrlə o tərəfə, bu tərəfə fırlandı. Sonra da kim gətirdiyini soruşdu. Əhməd Kabaklının adını çəkəndə ha fikirləşdi, amma tanıya bilmədi. Harada görüşdüyümüzü soruşdu. Onun tanımadığını söyləyəndə heyrətlə: "Ölçülərimi, zövqümü onda haradan bilir? Dükanda iki-üç saat gəzib, aldığım geyimlərin əynimə necə olduğunu dəfələrlə yoxlayanda heç belə olmur".  Vəziyyətdən çıxmaq üçün: "Görüşəndə xəbər alaram" - dedim. Amma görüşəndə xəbər almağa utandım.

Azərbaycan radiosunun "Qonaq eldən gələr" adlı bir proqramı vardı. Ayda bir dəfə, yarım saatlıq bu proqramı Əhməd Oğuz mənə tapşırmışdı. Türk dünyasından qonaqların gəlməsindən istifadə edib, Əhməd Kabaklını studiyaya dəvət etdim. Etiraz etmədi. Proqram efirə getməli olanda Mövlud Süleymanlı Əhməd Oğuza deyir ki, "nədən Əhməd Kabaklı kimi bir ədəbiyyat adamı radioya gəlir, ondan rəhbərliyin xəbəri olmur?" Əhməd Oğuz da vəziyyətdən çıxmaq üçün deyir ki, "Əlini özün bizdən yaxşı tanıyırsan, qonaqları çox vaxt Xalq Yaradıcılığı redaksiyasına da gətirmir. Studioda səsini yazdırandan sonra gedir onlarla işlərinin dalınca".

Həmin verilişdə söhbətimiz təxminən belə alınmışdı.

- Sayın Əhməd Kabaklı, biz uzun yıllar Sovetlərin "dəmir pərdə"si içərisində yaşadığımızdan Türkiyə ədəbiyyatından, orada baş verənlərdən gərəyincə xəbər tuta bilmədik. Sizin sahibi və başyazarı olduğunuz "Türk ədəbiyyatı" dərgisini oxuyanların sayı Azərbaycanda çox azdır. Dinləyicilərimizə dərginiz haqqında bilgi vermənizi xahiş edirəm.

- Sovetlər Birliyində qəzetləri, dərgiləri, kitabları hökumət yayımlayırdı. Onlardan təbliğat vasitəsi kimi istifadə etdiyindən istədiyi qədər para ayırırdı. Bizdə elə deyil. Qəzeti, dərgini özün planlamalı, özün yayımlamalı, özün yaymalısan. Hansı mətbəədə çap edəcəyin də, hansı paylaşım şirkətilə müqavilə bağlayacağın da sənin öz işindir. Yabancı məmləkətlərdə olduğu kimi, Türkiyədə də yüzlərlə dərgi və qəzet yayıma başlayıb. Bir neçə saydan sonra parasızlıqdan bağlanmaq məcburiyyətində qalıb. Allaha şükür, 30 ildir "Türk ədəbiyyatı"nı yayımlayırıq. Zor durumlarda qalsaq da, dərgimiz qapanmayıb.

1978-ci ildə Türk Ədəbiyyatı Vəqfini qurduq. Bu dərgi və vəqf sizin anladığınız kimi bir təşkilat deyil. Eyni məsləkli insanların bir yerə toplanıb ürəkdən çalışmasıdır.  Gənclərə önəm veririk, yetkinləşmələrinə yardımçı oluruq. Çevrəmizdəkilər kəndi sahələrinin ən böyük uzmanları olduğundan dərgi ilə əlaqə quran gənclər, elə bil universitet bitirmiş olurlar. Dərgimizi bir universitet saysaq, indiyədək təqribən 10 nəsil universitetimizi bitirmiş olur. Yeniyetməliyində "Türk ədəbiyyat" dərgisinə gələnlərin indi çoxu professor, ünlü yazar, siyasətçi, dövlət məmurudur.

- Sayın Əhməd Kabaklı Sovetlər Birliyi qapıları bağladığı, türk xalqları ilə Türkiyənin əlaqəsini kəsdiyi bir dönəmdə dərginizdə Rusiya əsarətindəki türk yazarlarından kimlərin əsərlərini çap edə bilmişdiniz?

- Mən Əhməd Kabaklı olarak, təbii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca "Tərcüman" qazetəsində yazarım, davamlı köşə yazısı yazarım. Azərbaycan oxucusunu bu səfər keçən gəlişimə görə daha fərahlamış, daha kəndinə gəlmiş olarak gördüm. İnşallah növbəti gəlişimlə daha da başqa özəlliklər görəcəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün məsələm bir-birilərini sevmələridir. Türkiyəyi sevmələridir, türk dünyasını sevmələridir və bu şəkildə çox fərahlı günlərə doğru birlik olaraq gedə biləcəyimizə inanıyorum. Azərbaycanla bağlı çox yazılar yayımlamışıq. Türkiyədə bu konuda ilk öncə biz başladıq. Azərbaycandan Bəxtiyar Vahabzadənin, Qazaxıstandan Oljas Süleymanovun, Qırğızıstandan Çingiz Aytmatovun və b. şeir və hekayələrini kommunist rejimi dövründə yayımlayırdıq. İndi də yayımlayırıq.

- Sayın Əhməd Kabaklı, Sovetlər Birliyində yaşayan azərbaycanlıların da, qumuqların da, özbəklərin də, qazaxların da, yəni bütün türklərin aydınları bir yerə toplaşanda rus dilində danışırlar. 70 ilə yaxındır bu, bir gələnəyə çevrilib. Həpimiz rus dilində danışmağa can atırıq. Amma bir az səbirli olanda qonşumuzdakı qumuqu da, Doğu Türküstandakı uyğuru da anlaya bilirəm. Lakin ədəbi dillərimiz arasında fərq çox artıb. Belə bir durumda ortaq türk ədəbiyyatı məsələsinə necə baxırsınız?

- Bu gün məndən reportaj alırsınız. Onu çevirməyəcəksiniz ki? Xeyr, çevirməyəcəksiniz. Çünki konuşmamızı Azərbaycanda hamı anlayacaq. Keçmişə baxanda ortaq Türk ədəbiyyatımız olduğunu görürük. Aydınlarımız göktürkcə yazıları da oxuyurdular, Əlişir Nəvainin, Nəsiminin, Füzulinin yazdıqlarını da. Uzaqları demirəm, 20-ci yüzildə "Tərcüman",   "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Şura" və b. qəzetlər, dərgilər bir-birindən min kilometrlərlə uzaq şəhərlərdə çap olunurdu. Onları nəşrə hazırlayanlar da bu günün təbirilə desək, azərbaycanlılar, tatarlar, başqırdlar idi. Oxuyan heç bir türk də demirdi ki, mənə tərcüməçi gərəkdir. Sömürgəçi dövlətlər bizi bir-birimizdən ayırdılar. Əlifbamızı dəyişdilər, dinimizi yasaq elədilər. Ona görə bu günə qaldıq.

Öncə ortaq ilətişim dili yaranacaq. Siyasilər, araşdırcılar bir yerə toplananda həmən dili kullanacaklar. Türk dövlətləri arasında andlaşmalar, yazışmalar da bu dildə gedəcək. Sonra ortaq əlifba yaradılacaq. Zaman öz işini görəcək. Hər şey yoluna düşəcək. Belə bir misal var, xəstə tələsər, armud vaxtında yetişər.

- Sayın Əhməd Kabaklı, Azərbaycana öncə neçənci ildə gəlmişdiniz?

- Bakıya ikinci gəlişimdi bu. İlk gəlişim 1993-cü ildə olub. Biz bir arkadaş qrupuyla gəlmişdik. Bakıdan bizə dediklərinə görə, Türkiyədən Azərbaycana gələn ikinci böyük dəstə idik. Çox ağır günlər idi. Azərbaycanın o günlərini xatırlamaq bir türk millətçisi kimi mənim üçün ağır oldu.

Əhməd Kabaklıgilin birinci gəlişi haqqında Özcan Ünli 2023-cü il avqustun 1-də "Litros sanat" dijital kültür sanat qazetesindəki "Küleklər şəhəri": Bakı" məqaləsində yazır: "Hələ SSRİ dağılmamıştı. Mən bu büyük imperiyanın son illərini bir qəzetçi kimi yaşamışdım. Mərhum Əhməd Kabaklının himayəsi altında bir neçə nəfər gənc qəzetçi ilə Bakıda ilk qəzetimizi yaratmışdıq. Çətin şərtlərlə də olsa, büyük bir həyəcanla bu röya kimi şəhərə enəndə ilk qucaqlaşdığımız adam Bəxtiyar Vahabzadə olmuşdu".

Bu yazıdan belə qənaətə gəlmək olur ki, Əhməd Kabaklı səfərin təşkilatçısı və gənclərin hamisi imiş.

Əhməd Kabaklı Bakıda dəvət edildiyi toplantını başa vurub geri qayıdacağı gün ona səliqəsiz bükülmüş bir bağlama verdim. O, dövrdə mağazalarda hədiyyələr hələ Türkiyədəki kimi demirəm, heç Pribaltikadakı kimi bükülmürdü. O, bağlamanı götürmək istəmirdi. Biləndə ki, içərisindəki armudu stəkan dəstidir, üzü güldü: "Azərbaycanlıların çay süfrəsinə bayılıram. Çayı armududa içməyin özgə ləzzəti var. Çay içdikcə sizi yada salarıq" - dedi.

Əhməd Kabaklı ilə Bakıda görüşüb, ayrılandan bir, ya iki il sonra İstanbulda simpoziumda görüşdük. Günün sonunda azərbaycanlı araşdırıcıları Türk Ədəbiyyatı Vəqfinə gətirdi. Orada vəqfin işçiləri ilə görüşdük. Oradan da yaxınlıqdakı məşhur bir küftəçiyə getdik. Küftəçi dedikləri bizdə lülə kabab bişirilən yeməkxananı xatırladır. XIX yüzildən işə başlayan yeməkxana günümüzədək eyni xörəyi verməklə məşhurlaşıb. Yeməkdən sonra vəqfə dönərkən biz mağazaya gətirdi. Mağaza sahibi və işçisi bizi hörmətlə qarşıladı, qəhvəyə qonaq etdi. Gedəndə də qonaqların hərəsinə kiçik bir bağlama verdilər. Dedilər ki, burada əskidən İstanbulun çini fincanları satılır. Bizdən xatirə olsun.

Vəqfə gələndə gördük ki, orada da hərəmiz üçün bir bağlama hazırlanıb. Bildim ki, bu bağlamadakılar dərginin müxtəlif sayları və kitablarıdır. Onlara etiraz etmədim. Zarafata salıb dedim: "Hocam, buna naxçıvanlılar deyər: "Əvəzə bədəl". Yəni qarşılığını vermək. Bakıda sizə çay bardaqları verdik, siz də İstanbulda bizə  fincan verirsiniz".

Əhməd Kabaklı sifətini dəyişmədən dedi: "Sizin düşündüyünüz kimi deyil. Bu, İstanbulun ən ünlü və əski fabrikalarının birinin məhsuludur. Bunda qəhvə içərkən bizləri xatırlayacaqsınız. Bilirəm, müsafirləriniz çox olur. Onlar da qəhvə içərkən yazıları oxuyacaq və haradan aldığınızı soruşacaqlar. Onda deyərsiniz: "Türk Ədəbiyyatı Vəqfinə gedin. Əhməd Kabaklı ilə görüşün. Hər birinizə bir dəst fincan bağışlayacaq".

Mən gülərək: "Hocam, Türk dünyasından gələn hər müsafirə bir dəst fincan versəniz bir neçə aya müflis olarsınız!" - dedim. O, gülərək: "Bir az abartdım. Hər  köydən gələnə bir dəst verərəm" - dedi. Mən gülə-gülə baxaraq inanılmaz olduğunu bildirəndə: "Şairlik damarım tutdu. Türk Cümhuriyyətlərinin hər bir şəhərinə bir dəst verərəm" - dedi. Hamımız gülüşdük. İmkandan yararlanaraq: "Hocam, siz xanımızın ölçüsünü, zövqünü necə öyrənmişdiniz?"- deyə xəbər aldım.

O, gülümsəyərək: "Türklük sevgisi böylədir. Mən dərvişlər kimiyəm. Büyük bir hırka alsam belə, xanımınız əlinə alanda bulyuza çevriləcəkdi. Siyah rəngdə alsam, xanımınızın istəyincə bəyaza çevriləcəkdi!" - dedikdə biz heyrətlə baxdıq. Əhməd Kabaklı sözünü belə davam etdirdi: "Türk dünyasının birliyindən danışan hər kişi sözlə deyil, əməllə göstərməlidir. Mən hədiyyə alarkən öncədən öyrənirəm. Bakıya gedəcəyimi biləndə ailənizə yaxın arkadaşlarınızdan  xanımınızın bədən ölçüləri, iş yeri haqqında bilgi almışdım" - dedi.

Əhməd Kabaklı söhbətinə qısa ara verdikdən sonra təxminən belə dedi: "Şeir yazırıq, içimizi ətrafımızdakılara tanıtmaq üçün. Hekayə, elmi məqalə yazanda da belədir, danışanda da. Bu, insan oğlunun normal halıdır. Sizin də Türkiyədə yayımlanan məqalələrinizi oxumuşam. Bir neçə bildirinizi də dinləmişəm. Hamısı Rusiyanın əsarət altına aldığı türklərin taleyindən, onların mübarizəsindən bəhs edir. Bakıda olarkən "Qonaq eldən gələr" proqramında mənimlə apardığın reportaj da çox xoşuma gəldi. Sonra bir neçə verilişinizi də dinləyə bildim.

Bütün bunlar özünü tanıtmağın, Türk dünyasını birləşdirmək üçün çabalarındır. Bir iş də var. O, çox önəmlidir. Heyif ki, hər adamda bu alınmır. Bu, körpü rolunu oynamaqdır. Doğu türküstanlını da, yakutu da, altaylını da Türkiyəyə gətirtmək istəyirsən. Türkiyədə də tanıdıqlarına Sibir türklərinin yanına, Tatarıstana, Qazaxıstana getməyi məsləhət görürsən. Yardımçı da olursan. Bu, çox önəmli bir işdir. Görünməyən, şöhrət gətirməyən, lakin Türk xalqlarının birliyi naminə görülməli olan bir işdir. Bu işə önəm ver. Yeni kadrolar da hazırla".

Onun söhbətləri mənə nəsihət təsiri bağışlayırdı. Elə bilirdim bir mürşüd yanında oturmuş müridəm.

Azərbaycan sevdalısı, Türk dünyasının birliyinə can atan Əhməd Kabaklını Azərbaycanda sevənlər, ona hörmət edənlər də vardı. Onlardan bir də daimi yenilik axtarışında olan, həmişə yeni aşkarladığı faktlarla, başqalarının yanlışlıqlarını düzəltməklə yadda qalan professor Asif Rüstəmlidir. Asif Rüstəmli Əhməd Kabaklı haqqında "525-ci qəzet"in 2012-ci il iyun ayının 21-dəki "Yazarların xocası və ucası" məqaləsində yazır: "XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beşcildlik "Türk ədəbiyyatı" tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun "Kültür imperializmi" (1970), "Müsəlman Türkiyə" (1970), "Məbəd və millət" (1970), "Yunus Əmrə" (1971), "Mehmet Akif Ərsoy" (1970), "Mövlana" (1975), "Təməllərin duruşması" (1989), "Güney-doğu yaxından" (1990), "Şeir incələmələri" (1992), "Doğudan doğuş" (1993), "Sultan-üş şüəra Nəcib Fazil" (1995), "Şairi-cahan Nədim" (1996), "Millətə vurulan canlı qandal - bürokratiya" (2002), "İstanbul gül dəstəsi" (2003), "İslamla qaynaşmış türk ədəbiyyatı" (2006), "Aşıq ədəbiyyatı" (2006), "Alpərən" (2007), "Nazim Hikmət" (2007), "Dövlət fəlsəfəmiz" (2007), "Türkiyəni yoğuranlar" (2008), "Çağlara hökm edənlər" (2008), "Fateh və İstanbul" (2011), "Divan ədəbiyyatı" (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli-mənəvi töhfələr bəxş etmişdir".

1924-cü ildə Harputda doğulan Əhməd Kabaklı 2001-ci il fevralın 8-də İstanbulda dünyadan köçdü. Xanımı Meşkurə Kabaklısız 47 gün yaşaya bildi. Varisləri onun vəqfini, əsərləri isə onun vətən və millət sevgisini yaşadır. Bizlər də onu heç vaxt unutmuruq. 2004-cü ilin payızında Əhməd Oğuz dedi ki, Mövlud Süleymanlı tapşırıb ki, Əli Şamillə Əhməd Kabaklının 80 illiyi münasibətilə bir veriliş hazırlayın. Onda bildim ki, Azərbaycan radiosuna rəhbərlik edən Mövlüd Süleymanlı "Qonaq eldən gələr" proqramında Əhməd Kabaklı ilə bağlı efirə gedən verilişi bəyənib və yadında saxlayıb.

Əhməd Oğuzla birlikdə verilişi hazırladıq və 2004-cü ilin oktyabrın 20, 21-də efirdə səsləndirdik.

Bu il Əhməd Kabaklının 100 illik yubileyidir. Əhməd Kabaklı da, Əhməd Oğuz da, Mövlud Süleymanlı da dünyadan köçüb, ruhları şad olsun. Həyat əbədi deyil. Türk dünyasının vurğunu, Azərbaycan sevdalısı, böyük ədəbiyyat adamı Əhməd Kabaklı unudulmayacaq. Türk millətinə böyük sevgisi və unudulmaz xidmətləri ilə hər zaman anılacaq, xatırlanacaqdır...

 

Əli ŞAMİL

525-ci qəzet .- 2024.- 2 iyul, №(113).- S.12;13.