"Fəza damarı"

 Bəstəkar, cərrah İbrahim Topçubaşovun xatirəsinə

 

Hadisə ötən əsrin 60-cı illərininin hadisəsidir. Pedaqoji Universitetin birinci kursunda təhsil alırdım. O vaxt yeganə Mərkəzi Kitabxana vardı, Leninin adını daşıyırdı. Hər istirahət günü bu "oxu məkanı"na gəlir, müxtəlif kitabları oxuyur, qeydlər aparırdım. Bir gün kitabxanadan çıxanda birinci mərtəbədə kiçik elana rast gəldim: "Gənc şair və bəstəkarlarla görüş keçiriləcəkdir".

Filoloq ixtisası alırdım. Həmin gün kitabxanada görüşü səbirsizliklə gözləyirdim. Salona diqqət yetirdim. Şair Ağacavad Əlizadə, İlyas Tapdıq, bəstəkar Ələkbər Tağıyev, Hacıbaba Həsənov və İbrahim Topçubaşov (akademik Mustafa Topçubaşovun oğlu) artıq gəlmişdilər, şirin söhbət edirdilər.

Aparıcı, kitabxananın əməkdaşı olan tanıdığım qadın qonaqları bir-bir təqdim eləyəndən sonra ilk sözü gənc şair Ağacavad Əlizadəyə verdi. Onu Salyanda "Qələbə" rayon qəzeti redaksiyasından tanıyırdım. Bir hekayəmi oxuyub fikrini söyləmişdi. Ağacavad Əlizadə o illərdə məşhur idi, şeirləri və oçerkləri dövrü mətbuatda çıxırdı. Səliqəli nitqi vardı. Tribunaya qalxdı. İlk kitabı "Çinarın söhbəti" təzəcə çıxmışdı. İştirakçıları salamladı, təşəkkürünü bildirdi və "O, mənə oğul dedi", "Çinarın söhbəti" və "Torpağa tər düşəndə" şeirlərini xoş pafosla əzbər söylədi. Çıxış alqışlarla qarşılandı.

İkinci söz mahnıları radioda səslənən gənc bəstəkar Ələkbər Tağıyevə verildi. O, xeyli danışdı, mahnıları üzərində necə işləməsindən söz açdı. İxtisasca hüquqsünas olan Ə.Tağıyev sahə prokuroru idi. O, verilən sualları cavablandırıb, gənclərdən razı qaldığını dilinə gətirdi. Sonra tribunaya gənc bəstəkar Hacıbaba Həsənovu dəvət elədi. Həmin illər həm də Pedaqoji İnstitutda çalışan gənc bəstəkar şöhrət sahibiydi, "Unuda bilmirəm", "Ellər gözləyir", "Tar çalan oğlan", "Yağma yağış" mahnıları müğənnilərin dilindən düşmürdü. O, tribunaya çıxıb pedaqoji fəaliyyətindən danışdı, pianoda indi adını xatırlamadığım bir mahnısını ifa elədi.

Aparıcı sonda sözü İbrahim Topçubaşova verdi. Mən qara kostyumlu, qara sıx saçlı, uca boylu bu gənci ilk dəfə görürdüm. Gur səsi vardı. Ən məhşur mahnısı "Qubalı qız" idi. İbrahim Topçubaşov eyni zamanda Azərbaycan Tibb İnstitutunun professoru kimi fəaliyyət göstərirdi. O, bəstəkarlığı fəaliyyəti barədə xeyli danışdı, pianoda xırda etüdlər səsləndirdi. Sonra üzünü zalda oturanlara tutdu: "Kimin sualı var?" Məndən bir cərgə arxada oturan təxminən 25-30 yaşlı bir nəfər əlini qaldırdı və İbrahim Topçubaşova "məlumat" verdi, dedi ki: "Siz mənim müəllimim olmusunuz, ikinci kursda bizə dərs demisiniz. Xatırlayıram, ürək əməliyyatı bərədə mühazirə oxu-yanda uzun qara lövhədə rəngli şəkillər asılmışdı, əyani bəzi detalları göstərirdiz. Əlinizdəki çubuqla ürəkdəki qırmızı rəngli damarı göstərib dediniz ki, bu, "fəza damarı"dır, birbaşa mədəyə uzanır. Burada dayandınız və dediniz ki, sağlıq olsun, üçüncü kursda şərhini verərəm. Amma həmin kursda bizə dərs demədiniz. Bəlkə illərdən sonra şərh verəsiniz. Mən həkiməm, şərhinizə ehtiyacım var. İbrahim Topçubaşov alnında tumurcuqlanmış təri silib, sual sahibini sevinclə süzdü:

- Əziz tələbəm, siz məni uzaq illərə apardınız. Demək, yadınızda hələ yaşayıram. Sağ olun ki, unudulmamışam. - Sonra əlini qapqara saçlarına apardı, gülümsədi. - "Fəza damarı" terminini dissertasiyamda ilk dəfə mən işlətmişəm. O vaxt bu damarla bağlı fikrimi, nəticəmi yekunlaşdırmamışdım. Müdafiədə bu haqda mübahisələr oldu. Mən izahımda bildirdim ki, "fəza damarı" ürəkdən birbaşa mədəyə uzanır və beyinlə əlaqədardır. Sidik yığılanda, ifraz məqamı yetişəndə beyinə siqnal gəlir və insan o məsələ.

Sual verən həkim ayağa qalxdı:

- Professor, - dedi, - bu ideya haradan fikrinizə gəldi? Yoxsa qəfil, intuisiyanın məhsulu idi? Maraqlıdır.

İbrahim Topçubaşov pianonun arxasına keçdi:

- "Qubalı qız" mahnısı nə vaxtdır ürəyimdə çırpınardı, vaxt tapa bilmirdim onun ilk "balvanka"sını səsləndirim. Oturdum, fikrə getdim, bir kişini üç gün əməliyyat eləmişdim, "sidik" problemi vardı, damarı tapmışdım, onun funksiyasını müəyyənləşdirdim və tətbiq elədim. Əməliyyat uğurlu alındı. Sevindim və pianoda "Qubalı qız"ı çaldım birbaşa. Tələbəm vardı, Flora Kərimova. - O, əlini zala uzatdı. - Burada iştirak edir. - Cavan, arıq bir qız ayağa durub baş əydi və oturdu. Sən demə, sual verənlə yanaşı oturan qız Flora Kərimova imiş.

İbrahim Topçubaşov Flora Kərimovanı yanına dəvət etdi və "Qubalı qız"ı, "Mən həmişə səninləyəm" və "Quba" mahnılarını ürəklə səsləndirdi. Flora Kərimova da müəlliminin mahnısını ürəklə oxudu, sual verənin qulağına nəsə pıçıldadı.

Burada bir haşiyə çıxım: Bu gün Xalq artisti kimi tanıdığımız, qeyri-adi səs diapozonluna malik müğənni "Kəşmir mahnıları"ilə tanındı və bu mahnılar radioda dəfələrlə səsləndirildi. İbrahim Topçubaşovla yaradıcılıq ünsiyyəti professorun qəfil ölümünə qədər davam etdi...

Alim və bəstəkar İbrahim Topçubaşov ürək cərrahı idi və özü də infarktdan dünyasını dəyişdi. Mən onun dəfnində iştirak etmişəm: aspirant idim. İbrahim Topçubaşovun anası da mahnı bəstələyirdi, görünür, bu hiss irsi olaraq oğluna ötürülmüsdü. Xalq artisti Flora Kərimovanın atası məşhur fizik idi, Pedaqoji İnstitutda kafedra müdiri vəzifəsində çalışırdı. Qızı ilə fəxrlə danışırdı. Flora Kərimova digər qadın müğənnilərdən fərqli olaraq son dərəcə intellektual, əhatəli, dünyagörüşlü, səlis nitqə malik idi.

Daha bir haşiyə: Professor İbrahim Topçubaşov tibb aləmində ilk dəfə musiqi sədaları altında əməliyyat aparan həkimdir. O, bir intervüsündə demişdi ki, xəstə ilə tanışlıqdan sonra onun musiqi zövqü ilə maraqlanıram, hansı mahnıları dinləməyi xosladığını öyrənirəm. Əməliyyat stoluna uzananda qısa söhbət edirəm, onun sevdiyi mahnını, yaxud musiqini hazırlayıram. O, öz aləminə qapılır və musiqini dinləyir, real aləmdəki qayğılarından təcrid olunur, vaxtın necə ötdüyünün fərqinə varmır və beləcə, əməliyyat başa çatır.

İ.Topçubaşov xəstələri ilə söhbətində və davranışında estetika və etika məsələlərinə ciddi əhəmiyyət verirdi. Əxlaqi gözəlliyin formalaşmasında estetik zövqün rolu danılmazdır. Estetik görüşlərlə etik görüşlər vəhdət təşkil edir. Həkim etikasına gəldikdə, tibdə olan deontologiya (həkimin davranışı və tədbirləri haqqında təlim) cərrahlıqda (eləcə də psixiatriyada) xüsusi önəm kəsb edir. İ.Topçubaşov qeyd edirdi ki, həkimlə xəstənin əxlaqi-etik münasibətləri obyektiv olmalıdır. Həkim etikasının əsasında humanizm dayanmalıdır. Həkim sənəti fədakarlıqdır. Məşhur həkim, cərrah N.İ.Piroqov da "Qoca həkimin gündəliyi" kitabında həkim vicdanı və həkim fədakarlığı məsələsini xüsusi vurğulayıb.

Həkim xəstənin halının ümidsiz olduğunu hiss etsə belə, ona nikbinlik aşılamalıdır. Bir misal: orta əsrdə yaşamış Suriya təbiblərindən olan Əbülfərəc xəstəsilə belə bir söhbət aparıb:

- Bax, bu otaqda üç şəxs var: sən, mən və xəstəlik. Əgər biz səninlə birləssək, sən mənim tərəfimdə dursan, xəstəliyi məğlub edəcəyik. Buna mənim şübhəm yoxdur. Ancaq sən xəstəliyin tərəfinə keçsən, onda mənim vəziyyətim çətin olar.

Məncə, hər şey aydındır...

İbrahim Topçubaşov xəstəsini əməliyyata hazırlayarkən estetik tələbatdan çıxış edərək dinləmək üçün ona musiqi hazırlayır, "Dinlə, sənin sevdiyin musiqidir, keçmiş günlərinin fərəhini yaşa" - deyirdi.

Bəstəkar, professor İbrahim Topçubaşov qubalı deyildi, atası Mustafa Topçubaşov bir zaman Qubada işləmişdi və oğlu bu dilbər məkanda doğulmuşdu. Quba havası onun ruhuna çilənmişdi. İllər ötsə də, o, anadan olduğu Qubanı unutmurdu.

Bu yazımı isə bir gileylə yekunlaşdırıram: Nə Bəstəkarlar İttifaqı , nə Səhiyyə Nazirliyi, nə də Tibb Universiteti bu böyük alimin doğum günlərini xatırlayır.

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.15.