Təbəssümün
gizlətdikləri
NƏZAKƏT MƏMMƏDOVANIN ŞEİRLƏRİ
HAQQINDA QEYDLƏR
Kəlmələr kəlam kimi olanda ruhun dincəlir,
ovqatın təzələnir. Təptəzə olursan.
Düşüncən cilalanır. Sözə yanaşmanda dəyişiklik
hiss edirsən. Sevinirsən. Sevinc üzünə,
gözünə yayılır. Yeni söz, yeni fikir, yeni poetik
ifadə düşüncəni zənginləşdirir, səni
dəyişdirir. Onu ədəbiyyatın, poeziyanın
uğuru sayırsan. Bu sözü işlədənə, bu
ifadəni tapana içdən "Eşq olsun!" deyirsən.
Şeirin dayağı sözdür. Fikrin
vurğusudur. İfadənin canıdır. Söz şeirə
qan verir. Yerinə düşən söz yazıda da, şeirdə
də yerini möhkəmləndirir. Əsl şeirdə bir
sözü dəyişəndə şeirin nizamı pozulur,
ritmi dəyişir, fikir dağılır.
Sözündən, ifadəsindən tanınan
şairlər, ilk cümləsindən tanınan
yazıçılar xoşbəxtdirlər. Sən orda
varmısan, xoşbəxtlər sırasındamısan?! Bunu
yazı, şeir, əsər və zaman göstərir.
Mən Nəzakət Məmmədovanın şeirlərini
ilk bəndindən tanıyıram. Onun şeirə
özünəməxsus yanaşması var. Bəzən demək
istəmədiklərinə ip ucu verir; bəzən
ağrısına sevinc qatır, bəzən göz
yaşlarının damlasıyla üstünü örtür
gizlətmək istədiklərinin... Amma
yığılıb qalanlar onu boğmasın deyə deyir.
Nəzakət xanımın şeirləri
özüylə söhbətdir. Bəzən gizli, bəzən
üzü örpəkli, bəzən bir az pafoslu.
Yaşadıqları kimi. Şeir doğulduğu kimi təqdim
olunur.
Nəzakət xanımın şeirləri onun
baxışlarıdır. Görənlər üçün
görünən, görməyənlər üçün
gizli, müəmmalı...
Onun şeirlərində başqalarının
acısından doğan bir ağrı da var. Bəlkə,
Yaradan onu bunları yaşamaq və yazmaq üçün
dünyaya gətirib. O, ağrıları maqnit kimi
özünə çəkir. Təbəssümü
üzünü örtdüyü ağrıları.
Rəssamlardan biri yazırdı ki, sərgidəki rəsmlərim
mənim içimin çılpaq görüntülərimdir.
Şairin şeirləri də elədir.
Nəzakət Məmmədova şeirlərində səmimidir.
Onun təsvirdən gizlətmək istədikləri bəzən
fikrin ağrısının altından boylanır. Demək
istədikləri səssiz pıçıltılardır.
Şeir, əslində duyanlar üçündür. Şeirdən
hərə özünə lazım olanı
götürür. Axtardığını tapır.
Nəzakət xanımın şeirlərində həsrət
və vətən dərdi, onun ağrıları Vətənə,
torpağa olan sevgisindən doğur. O, hər şəhid
anasını, şəhid yoldaşını,
qaçqını, köçkünü bağrına
basanda, sanki Vətəni, Torpağı, Şəhidi
bağrına basır, həsrətini ovudur. Şəhid
anaları ilə hər görüşdə bu təbəssümlü
insanın üzünün ifadəsində anların çəkdikləri
sətir-sətir oxunur. Çıxışlarında da şəhidlərlə
danışırmış kimi boğula-boğula danışan,
başdan-başa Vətən olan İnsan-Ana-Nəzakət Məmmədova
şeirlərində də elədir.
Göyləri titrədir ahı-naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı,
Sanki gəlib keçir beşik başına.
Həzin layla çalır qəbir daşına.
Parçalanan, bölünən, dağıdılan,
viran qoyulan Vətənin ağrılarına dözə bilməyən
həssas qəlbli şairin ağrıları başa
düşüləndir.
Ananın harayı dərdin səsidir.
Tanrı dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
Bu kövrək qəlbli, ağrıları sətir-sətir,
söz-söz yaşayan şair yoxluğun intizarını,
doğmalarına sevgisini həssaslıqla verə bilir.
Qaryağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Yağsın yerə-yurda, çölə-çəmənə.
Kaş insan ömrünə qış tələsməsin
Yağmasın qar, yağış insan ömrünə.
Atasını erkən itirən,
uşaqlığını, yeniyetməliyinin mehrini
doğmalarına - təkcə anaya, bacıya bağlayan Nəzakət
xanım ağrının və sevginin bağının necə
möhkəm olduğunun həssaslığını hər
məqamda açıq və gizlin formada deyir, hətta
mövzu ilk görünüşdən başqa olsa da.
Nəzakət xanımın bəzi şeirlərində
ata nəsihəti:
Qürurum, vüqarım, həm güvənc yerim,
Əlçatmaz zirvəsən, bir qarlı
dağsan...
...Həyatın ən çətin imtahanından
Sənin öyüdünlə qalib
çıxmışam;
ana yaşantıları:
Göz yaşların yanağının
sığalı,
Qəm-qüssədir qəlb evinin qonağı,
Ağ saçların qara günün
sınağı,
Tənha qadın, alınyazın beləymiş...
bacı sevgisi:
Düşüb yol gedirəm tale boyunca,
Həryanda önümə çıxır bu
payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız;
övlad yanğısı, sevgisi Vətənlə
bağlı olanda daha çox hiss olunur
Şükür, sənin yanında alnım
açıqdır, Vətən.
Həm cəsur, həm qəhrəman oğul
böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda
edən,
Bayrağına, himninə, şərəfinə and
içən
Zabit anasıyam mən!
Nəzakət xanımın Vətən sevgisi Azərbaycanla
birmir, bu sevgi Türk dünyası boydadır:
Türkün qədim diyarısan, Əskişəhər,
Hər daşında tarixinin yaddaşı var.
Qartal qonmaz uca-uca qalaların
Neçə-neçə dövrlərin şahididir,
Neçə-neçə zəfərlərin
sahibidir.
Tarixini özü yazan
Möcüzələr şəhərisən,
Əskişəhər.
lll
O tayında, bu tayında adı Vətən,
Qanqalların arasında gül bitirən,
Bülbülləri ağı üstə dil-dil
ötən,
Oda Vətən, buda Vətən - Ərdəbilim.
Nəzakət xanımın şeirlərində millət
sevgisi:
Qışın oğlan çağı yumruğa
dönüb,
Azadlıq eşqinə yol açdı millət.
Döyüldü qapısı qan
yaddaşımın,
Qeyrət kəlməsiylə dil açdı millət...
...Milli qeyrətimin möhür yeridir,
Torpaqda ucalan şəhid məzarı.
Onun müharibə şeirlərində yanğı ilə
bərabər qəhrəman, igid oğulların sədası,
hayqırtısı və ana həyəcanı, ana qüruru və
vətəndaş duyğuları da önə
çıxır.
Elə bil səngərtək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram,Vətən!
Hər misram döyüşən bir əsgər yolu.
Dərdinə qısılıb çəkir
içini,
Bu yalçın qayalar, mamırlı daşlar.
Torpağın, ağacın, otun içindən,
Həmişə bir həsrət cığırı
başlar.
...Ayrılığa, həsrətə dözə
bilməyən
Bu danıbdı, nə sağım var, nə sol var,
Məntək dərddə nə ağa var, nə qul
var.
Xan Arazdan Təbrizəcən nə yol var?
- deyə soruşan
şair yanğının sönəcəyinə, gələcəyinə
ümidli olduğunu ifadə edir:
Qəzəbini öz içində hörən, gəl,
Qara başın Babək kimi verən, gəl,
Koroğlu tək meydanlara girən, gəl,
Bəlkə, Vətən bağışladı bizləri.
İrəvanda gur səsimiz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün Vətən torpağını gözlərim,
Dəysin vətən torpağına dizlərim.
Parçalanan, bölünən, dağıdılan,
viran qoyulan Vətən ağrısına dözə bilməyən
şairin ağrıları başa düşüləndir. Vətən
sevgisi, itkilər, şəhidlər, məcburi
köçkünlük, onların yaşantıları,
şəhid ailələrin çəkdikləri ilə hər
gün qarşılaşan həssas qəlbli Nəzakət
xanım onların hiss və duyğularının şeirlərinə
mütləq köçməli idi.
Yaman narahatdır ruhun, bilirəm,
Durur qisas günün hələ, şəhidim.
Torpaq qan içində, düşmən əlində,
Dağın göz dağıdır elə, şəhidim.
Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı köksünün altdakı yaran.
Sən göydən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ, şəhidim.
Nəzakət xanımın "Qarabağa bahar gəlir,
İlahi!" şeiri onun illərlə yığılıb
qalan Vətən həsrətinin sonu, zəfər sevincidir:
Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı,
Zəfər ətri bürüyübdür
torpağı,
Qarabağa bahar gəlir, İlahi!
Ürəklərdə ümid naxış toxuyur,
Əllər zəfər nəğməsini oxuyur,
İndi vətən Şuşa ətri qoxuyur,
Qarabağa bahar gəlir, İlahi!
Onun "Şəhid qızı" şeiri təsəlli
ilə bərabər, həm də ağrılarının
qoşalaşma ifadəsidir:
Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdı...
Ürəyim paramparca,
Qəmim naxış-naxışdı...
O, şeirlərini içinin yanğısından
keçirən həssas və duyğulu şairdir.
Sən elə beləsən başdan, əzəldən,
Bilirəm, heç kəsə qalan deyilsən.
Sonuma gedirəm hey addım-addım,
Bilirəm, mənim də olan deyilsən.
Yaş olub gözündən düşənə
kimi,
Əlindən nə çəkdim, biləydin
barı.
Bir gün üz döndərib, üzündən sənin,
Çıxıb gedəcəyəm göylərə
sarı.
Nəzakət xanım təbəssümün
altında gizlənənləri, yaşananları - üzdən
vizual görünməyənləri şeiri ilə
çatdırır. Qəlbinin şəklini şeirlə
çəkir, tablo yaradır. Burda şairlik onu üstələyir.
Rəssam, mənim şəklimi çək,
Rəngli çəkmə, ağ-qara çək.
Atamı çək, anamı çək,
Uzaqlardan sənə baxan uşağı çək,
Gözündəki işığı çək,
Qəlbindəki ümidi çək...
Məni çəkmə, uşağı çək,
Yaddaşında qalanları,
Ümidini qıranları,
Həyatın hər üzünü çək...
Yurd. Tez-tez xatırlanan uşaqlıq illəri,
ötür-keçən ömür qatarı Nəzakət Məmmədovanın
şeirlərində çox kövrəkdir. O, əsərlərində
özünü daha dəqiq ifadə edir:
Dözməkdən bezmişəm, ruhum
ağrıyır,
Həzrəti İsatək sanki dardayam.
Bəxtim yatan yeri tapdım, oturdum,
O vaxtdan bu vaxta hələ ordayam.
Ruhu, qəlbi təmiz insanın duyğuları da təmizdir.
Elə "Qızlar" şeirində olduğu kimi:
Əlçatmaz ən uca qarlı zirvənin
Bəmbəyaz, ağappaq qarıdı qızlar.
Bir nəslin qeyrəti, başının tacı,
Namusu, isməti, arıdı qızlar.
Nəzakət xanımın mövzu dairəsi
çox genişdir:
Pəncərəm açılır qəbiristanlığa,
Gördüyüm mənzərə gözümə
batır.
Məəttəl qalıram uca Tanrıya -
Alimi cahillə yanaşı yatır.
Burda soruşmurlar, kimsən, nəçisən,
Möminsən, canisən, ya dilənçisən.
Cərgəylə uyuyur sakit qəbirlər,
Burda heç bilmirsən sən neçəncisən.
Həssas, duyğulu şair şeirlərini
içinin yanğısından keçirərək yazır.
Bütün bunlar Nəzakət xanımın daxili pəncərəsindən
baxışdır. Şair, insan baxışı.
Bəli, şair haqqında ən dəqiq fikri onun
şeirləri dediyindən bu yazıda özü
başdan-başa şeir olan Nəzakət Məmmədovanın
şeirlərinə daha çox yer verildi.
Rəfail TAĞIZADƏ
525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.14.