Hüseyn
Cavidin ədəbi-nəzəri görüşlərinə
bir baxış
Bəşər sivilizasiyasında müəyyən
mövqe tutan hər bir xalqın ədəbiyyat tarixində elə
dahi, mütəfəkkir sənətkarlar var ki, onlar yüksək
bədii əsərlərlə bərabər, həm də ədəbi-tarixi
proses, bədii yaradıcılığın mahiyyəti
haqqında ədəbi-tənqidi və nəzəri-fəlsəfi
mülahizələr söyləyiblər. Bu hal həmin sənətkarların-yazıçıların,
şairlərin xalqın mənəvi təkamülündə
öz dövrlərinin ədəbi prosesində fəal
iştirak etmək istəyindən, zərurətindən
yaranır.
Azərbaycan ədəbiyyatında klassiklərimiz -
Ə.Xaqani, N.Gəncəvi, M.Füzuli öz əsərlərində
bədii üslubda, həm də elmi-nəzəri mülahizələr
söyləmişlər. Məsələn, dahi Nizaminin:
Sözün də su kimi lətafəti var
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da
- misraları dillər əzbəridir.
Hürufi mütəfəkkir İ.Nəsimi ayrıca
"Söz" qəzəli yazıb:
Dinləgil bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
Aqil isən sözünü müxtəsər et,
Ey Nəsimi, çü bigirandır söz.
Dahi "qəlb şairi" Füzuli isə eynən
ustad Nəsimi kimi düşünüb:
Artıran söz qədrini sidq ilə qədrin
artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az
et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi
xar söz.
Bu beytlərdə sözün hikməti və qüdrəti
ifadə olunub. Şah İsmayıl Xətai deyib:
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı.
Böyük H.Cavid də məşhur bir beytində
sözü, mədəniyyəti qılıncdan kəskin
hesab edirdi.
Turana qılıncdan daha kəskin, ulu qüvvət -
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Mədəniyyətin əsasında, təməlində
söz dayanır. H.Cavid həm sələfləri, həm də
XX əsrdə yaşayıb-yaradan müasirləri - Əli bəy
Hüseynzadə, A.Şaiq, M.Hadi və digər romantiklər
kimi ədəbi-nəzəri fikirlə məşğul olub.
Onun məqalələri və məktubları H.Cavidin ev-muzeyinin
direktoru Gülbəniz Babaxanlının
hazırladığı əsərlərinin beşinci cildində
yer alır (Bakı, "Elm" 2007, 352 s.).
Təbii ki, H.Cavid yazılarında ümumən
romantik estetikanın problemlərini işləyib
hazırlayırdı. Fəqət bu başlanğıcda belə
olmamışdır. XX əsrin önlərində o, hələ
özünü axtarırdı. Bir məsələni də əvvəlcədən
qeyd edək ki, H.Cavid məqalələrində və
toxunduğu məsələlərlə ilgili mənzum
parçalar da verirdi. 1904-cü ildə "Şərqi-Rus"
qəzetində nəşr olunmuş "Urmiyədən məktub"
məqaləsində yazırdı: "Küreyi-ərzdə
bəni-növi-bətərin nisbəti heyvanata nə dərəcədə
olursa, əhli elmin şərafəti əvamünasa dəxi o
mənzilədə məhsub olur". Yəni böyük
romantik maarifçiliyə rəvac verərək elmdən məhrum
adamları heyvana bənzədir: "Urmiyədən"
şeirində yazır:
O kəs kim elmdən məhrum, cəhlilə
"fanatik"dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
H.Cavid elmsiz, maarifsiz adamı "cahil",
"nadan" fanatik, "qanmaz heyvan"
adlandırırdı. O elmin fəzilətini təsdiq
üçün Qurana istinad edirdi.
1910-cu ildə "Həqiqət" qəzetində
çap olunmuş "Naxçıvanda nə
gördüm?" məqaləsində oxuyuruq:
"Naxçıvan on beş il əvvəl cəhalət
uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə
girmək istədi, milli məktəb təsis etdi, mərhum
Sidqi sayəsində çalışıb çabalamağa
həvəsləndi... Sidqi vətənpərvər idi, qətiyyətli
idi, məslək sahibi idi, millətini sevərdi".
Yeri gəlmişkən deyək ki, Sidqi
Naxçıvanda məktəbdarlığın, maarif və
mədəniyyətin inkişafında böyük rol
oynamışdı. Dünyasını vaxtsız dəyişmiş
Hüseyn Həşimli həyatı və əməlpərvərliyi
haqqında "Məmmədəli Sidqi və
"Şeypur" jurnalı (Bakı, "Elm və təhsil",
2014) adlı maraqlı bir kitab yazıb.
H.Cavidin bir silsilə - 5 yazıdan ibarət "Həsbi-hal"
məqaləsi vardır. Bu məqalələrdə romantik ədibin
maarifçi görüşləri öz əksini tapır.
Birinci məqalə belə başlayır: "Bir millətin
tərəqqi və tədənnisini bilmək
üçün o millətin məktəblərini, daha
doğrusu, ibtidai məktəblərini görmək kifayət
edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyayı həyəcana
düşürən Japoniyanın bütün bu tərəqqiyati
- ciddiyələri həp ibtidai məktəblər sayəsindədir... Rahat və məsud yaşamaq
üçün də xüsusi bir məslək, bir iş
tutmaq iqtiza edər".
H.Cavid romantik olsa da, XX əsrin önlərində
ölkəsinin və millətinin ictimai-tarixi
ehtiyaclarını yaxşı bilirdi, anlayırdı ki, geridə
qalmış, cəhalətin hökm sürdüyü, xurafat
dumanına bürünmüş müsəlman cəmiyyətinə
və millətinə maarif, elm lazımdır. "Təlim və
tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar
edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət
yerinə rəzalət öyrədir, elm yerinə cəhalət
törətmiş olur... Ciddi müəllim pək şərəfli,
pək böyük bir adamdır". Böyük şair hələ
gəncliyində dərk etmişdi ki, gözəl cəmiyyətin
əsası, gözəl millətin dəvası məhz elm,
təhsil, sözün geniş mənasında maarif və mədəniyyətdir.
Hüseyn Cavidin "Həsbi-hal"ın ikinci
sayında təlim və tərbiyənin ictimai-tarixi əhəmiyyəti,
millətin sivil dünyaya qoşulması üçün əhəmiyyətin
əsaslandırarkən böyük alman filosofu İ.Kant,
ingilis filosofu C.Lokka istinad etməsi onun maraq və savad dairəsinin
geniş olduğunu göstərir. O, eyni zamanda H.Spenserin belə
bir fikrini misal verir ki, "tərbiyənin qayəsi bizi
mükəmməl surətdə yaşamağa
hazırlamaqdır". H.Cavid təlim və tərbiyənin
müsbət nəticə verməsi üçün
üç şərt, üç mərhələ təsnif
edir: 1) "elmi həyat", 2) "elmi ruh", 3) "elmi əxlaq".
Yəni atalar demişkən "sağlam bədəndə
sağlam ruh olar" və biz də deyirik: sağlam ruh
sağlam əxlaqın təməlidir. H.Cavid səviyyəli
təlim və tərbiyə üçün iki əsas şərt
üzərində dayanır: 1) Səviyyəli müəllim
(III yazı) və 2) səviyyəli məktəb (IV yazı).
Məktəb şəxsiyyəti formalaşdıran əsas məkandır.
"Qafqazda müəllimlər" yazısında
Cavid müəllimləri üç qismə bölür: 1)
Arazı aşıb gələn fanatizm dəllalları; 2)
Seminariya iktimal etmiş əfəndilər; 3) yeni üslubda tərbiyə
görüb müəllimliyə həvəskar olan gənclər.
H.Cavidin "Nakamlıq" məqaləsi
("İqbal" 14 may 1912) çox gənc ikən təxminən
35 yaşında həyatdan getmiş istedadlı ədəbiyyatşünas
və tənqidçi, "Füzuliyə bir nəzər"
və ilk "Azərbaycan ədəbiyyat tarixi"(çap
olunmayıb) əsərinin müəllifi Abdulla Sur - Abdulla Tofiqin
(1877-1912) ölümü münasibətilə yazılıb.
"Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri
Qafqaziyanın Rusiya türklərinin, daha doğrusu,
bütün türk-ünsürü-nəcibinin yorulmayan, qəhrəman
və çalışqan bir övladını aquşi-əbədisinə
alıyor.
Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla
Tofiq imzalarını qəzetə sütunlarında
görüb bilməyən pək az qars bulunur zənn edirəm.
İştə fəal gənc getdi. Nakam olaraq tərki-həyat
etdi!
Onun türk dilinə, türk ədəbiyyatına
olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi
söndü getdi".
H.Cavid A.Sur haqqında bir neçə məqalə
yazıb, onun xidmətlərini qeyd etmiş, çox gənc
ikən ölməsinə dərin təəssüf hissi
keçirmişdi. O, müasiri
A.Surun ölümünə ağı da yazmışdı:
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən
heç doymadın,
Əfsus ki, fikrinə nail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!
H.Cavidin A.Sura həsr etdiyi, "Mirzə Abdulla Məhəmmədzadə
yaxud (A.Sur) - Abdulla Tofiq ("İqbal" qəz. 17 may 1912)
adlı geniş məqalədə A.Surun ədəbi-tarixi
xidmətləri ilə bərabər, Əhməd Cavadın
ona həsr olunmuş böyük bir şeiri də yer
alır. Şeir "Bütün dünya alt-üst olsa, bən
ki, səni unutmaram" misrası ilə tamamlanır.
Hüseyn Cavid böyük türk ədibi Namiq
Kamalın "Akif bəy"
faciəsini Tiflis teatrında tamaşaya qoyulması münasibətilə
"İqbal" qəzetində (9 oktyabr 1913) xüsusi bir məqalə
yazıb.
Tiflisdə açılmış "İttifaq"
mədrəsəsinin fəaliyyəti H.Cavidi
maraqlandırıb. O bu münasibətlə "Tiflisdə "İttifaq"
məktəbi" ("Müxbir" imzası ilə
"İqbal" qəz. 25 may 1914),
"İttifaq məktəbi"nə bir nəzər"
("İqbal" 11 avqust 1914) məqalələrini yazıb.
Gənc Cavid yazır: "Mədrəsənin bəzi-hali
hazırını göz önünə gətirdikcə
yalnız "İttifaq" halına deyil, bəlkə
dolayısı ilə bütün İranın halına qan
ağlamaq qabil deyildir". Beləliklə, fəzilət məlum,
Cavidin bu bir cümləsi kifayət edər ki, işin mahiyyətini
dərk edəsən. "Açıq söz"ün 26
noyabr 1915-ci il sayında H.Cavidin "Müharibə və ədəbiyyat"
məqaləsi çap üzü görüb. Hiss etmək
çətin deyil ki, bu məqalə "İblis" əsərini
yazmağa müəyyən bir hazırlıqdır. Müəllif
xalqların tarixi taleyindən keçən qara bir zolaq olan
müharibə humanist Lev Tolstoy kimi insan ruhunun xilaskarı
Cavidi də narahat-narahat düşündürüb: "Tuhaf
şey! Nerəyə getsən, hər neyə baxsan bir
sarsıntı, bir pərişanlıq hökm-fərma...
Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda,
bütün gözlər intizarda... Dünyamız şimdiyə
qədər hənüz qorqunc bir bəlaya rast gəlməmiş,
böylə müdhiş bir inqilab görməmişdir".
Cavid müharibə əhval-ruhiyyəsini (I Cahan müharibəsini)
belə gərgin təsvir edir. Əslində humanist ədib cəbhələri
yox, insanların ürəklərində gedən
döyüşləri təsvir edir. Bu "İblis" faciəsini
yazmağa müəyyən hazırlıq idi. Cavid müharibələri
rədd edirdi. Lakin bu dövrdə o, yenə də maarif
silahını əlindən yerə qoymurdu: "Bizdə -
Rusiyada (bizi Rusiya adlandırır- G.Ə.K.) ibtidai, orta və
ali məktəblərin azlığı bir nöqsan təşkil
etdiyi kibi, bu məktəblər də olduqca səthi və nəzəridir".
H.Cavid təlim və tərbiyədə də, elmdə də
dərinliyin tərəfdarı və müdafiəçisi
idi: "Ən faydalı düşüncələr, ən
ciddi mühakimələrdə yalnız fəlsəfə və
ədəbiyyat vasitəsilə əldə edilə bilər".
Beləliklə, Azərbaycan romantizminin ən qüdrətli
nümayəndəsi H.Cavid, Azərbaycan lirik-romantik
şeirinin dahisi M.Füzuli ilə 4 əsrin üstündən
birləşirdi: H.Cavid də "elmsiz şeir əsası
yox divar olur, əsası yox divar qayət də bietibar
olur", "Şeir fəziləti də bir ayrı
elmdir" deyən Füzuli kimi elmli-şeirin - intellektual
poeziyanın tərəfdarı idi. Bu mənada romantik filosof
Hüseyn Cavid türk tarixinə yeni gözlə nəzər
saldı - "Şeyx Sənan", "Səyavuş",
"Peyğəmbər", "Topal Teymur" dramlarında
tarixin bədii-fəlsəfi obrazının yaratdı.
Bu H.Cavidin həm bədii, həm də elmi-nəzəri
konsepsiyasında başlıca hədəfidi. Bu mənada
H.Cavid XIX-XX əsrlər Türkiyə ədəbiyyatının
Rza Tofiq, Əbdülhəq Hamid, Tofiq Fikrət kimi nümayəndələrini yüksək qiymətləndirir,
ustadlarını təqdir edirdi.
Hüseyn Cavidin ədəbi-nəzəri
görüşlərinin bir qolu olan "Məktubları"
ayrıca söhbətin mövzusudur. Çünki Cavid kimi sənətkarlar
təsadüfi heç nə yazmır, onların həyat və
yaradıcılığındakı hər bir
vergülün, hər nöqtənin mənası vardır.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.13.