İnsan haqqında ballada  

 

Bir gün dostum Azər zəng vurub soruşdu: Professor, bir yoldaşla mərc gəlmişik, Adam böyükdür, yoxsa İnsan? Xahiş edirəm, bu mərcin taleyini həll edəsən. Ona belə cavab verdim: Adam Adəm sözündəndir. Adəmi Allah öz kimliyini göstərmək üçün yaradıb. Adəmə oxşayanlar, bütün ikiayaqlı canlılar adam adlanır. İnsan adamların seçilmişlərinə deyilir. Onlar Ağıl və Qəlbə görə seçilir. İnsan ağılla düşünüb ürəklə hərəkət edən adamdır. Bizim klassik şeirdə bu barədə çox qiymətli örnəklər var.

Nəsiminin hürufilərin "Ən əlhəq" fəlsəfəsi buna çox yaxşı misal ola bilər:

 

 

Səni bu hüsnü-camal ilə, kamal ilə görüb

Qorxdular həq deməgə, döndülər insan dedilər.

 

"İnsan! Bu söz əzəmətlə səslənir" deyib, böyük yazıçı Maksim Qorki.

Nə ən böyük loğmanlar, nə dahi filosof və sənətkarlar İnsanın sehrini aça bilməyiblər, nə zəkanın nə də qəlbin sirrini.

Avropa renessansının dahisi U.Şekspir, səhv etmirəmsə, "Kral Lir" faciəsində təlxəyin dili ilə deyir: "İnsan, sən öz varlığındakı bütün sirləri açmayınca mənim əlimdən qurtula bilməyəcəksən". Fəqət, nə Şekspir və ondan əvvəlkilər, Homer, Firdovsi, Nizami, Nəvai, Rumi, Hafiz... nə İbn Sina əl Birunu əl Fərabi, nə də Şekspirdən sonrakılar. Hegel, Kant, Volter, Hüqo, Dostoyevski, L.Tolstoy... İnsanın sirrinin heç yüzdə birini də aça bilmədilər...

İnsan ağ da ola bilər, qara da, müxtəlif dinlərə və məzhəblərə mənsub ola bilər. Müxtəlif dillərdə danışa bilər. Lakin insanın dəyəri bunda deyil. Kiçik həyat və elmi təcrübəm deməyə haq verir ki, İnsanın həqiqi dəyəru onun ləyaqətindədir!

Böyük türk-qazax şairi Abay Kunanbayev belə deyib: "Ləyaqətli adam bütün bəşəriyyət üçün işləyir". İnsan daha çox özünü bəşəriyyətin bir hissəsi olduğunu dərk edəndə güclü olur. Bu həm də tarixdə mövcud olan, bəşər tarixini yaradan qlobal sivilizasiyaların (növbəti) üzvü deməkdir.

İnsan haqqında çox yazılıb, mən də xeyli yazmışam. Qənaətim budur ki, ən böyük mədəniyyət insanı təsvir, tədqiq və tərənnüm etməkdən əvvəl, ünsiyyət mədəniyyətidir! Ünsiyyət İnsanla bağlıdır, onu insaniyyət də adlandıra bilərəm. Bilirəm ki, ölmək labüd və asandır. Yaşamaq çətindir. "Həyat yaşamağı bacaranındır" (T.Bayram).

Yaşamaq insanın Tanrı tərəfindən verilmiş haqqıdır. Əgər sən bütün əzablara, bütün çətinliklərə sinə gərib yaşamısansa, deməli, Allahın iradəsini yerinə yetirmisən. Bu haqqı insanın əlidən alana cani deyirlər. Haqq verilməz, alınar. Öz haqqını almaq üçün Tanrı İnsana çox güclü silah verib. Onun adı Ağıldır! O, bütün canlılar içində yalnız İnsana verilib. Ondan bacarıqla istifadə etmək İnsanın öz əlindədir. Bir gün kimyaçı dostum, professor Eldar Həsənov bir dəliqanlıdan eşitdiyi belə bir sözü mənə dedi: "Hər şeyin kalı yetişir, təkcə insanın kalı yetişmir". Universitetin IV kursunu bitirən ilin yayı, hərbi rütbə almaq üçün iki ay - iyul və avqust aylarında Neftçalanın Bankə qəsəbəsində yerləşən hərbi hissəyə getmişdik. Tərdən ağır hərbi geyimizin köynəyi duz bağlamışdı. Mən bizim uşaqların komandiri idim. Avqust ayının çox isti bir günü, Neftçala bazarına əncir yeməyə getmişdik. Bazarda bizi bazarın dəlisi qarşıladı. Əsgər geyimində görüb bizə yaxınlaşdı. İndi 70 yaşın içindəyəm, bu illər ərzində ən ağıllı sözü həmin dəlidən eşitmişəm. Dəli gülə-gülə (çox qəribədir, axı dəlilər gülmür!) dedi: "Ağlımız olmadı ki, özümüzü dəliliyə qoyub başımızı saxlayaq". Mən həyatda bunu eləyə bilmədim, şəxsiyyətim məni əyilməyə qoymadı, qürurumu sındıra bilmədim.

Dəfələrlə yazmışam: Mən bir türkəm, bir müsəlman XX və XXI əsrlərin II və III minilliyi qovşuğunda, Azərbaycanda yaşayan bir türk alimi, ziyalısı və vətəndaşıyam. Və  bundan ziyadə

 

Bən bir türkəm, dinim, cinsim uludur,

Sinəm, özüm atəş ilə doludur.

(Hüseyn Cavid)

 

Ərəb alimi Bəhr əl Zahid yazır ki, "Bir türk ayrılıqda bir xalq deməkdir". Bu minvalla mən bu gün dünyada ən güclü, ən qüdrətli bir millətin üzvüyəm. Elə buna görə də qalib bir xalqın oğlu olmağıma görə xoşbəxtəm. Bizim kimliyimizi  İloqrasiya zamanı Prezidentimiz deyib: "Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətlər Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən  olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?"

Uzaqgörənlik deyilmiş bu sözlər, həm də bütün dünyada 40 adla yaşamağa vadar olunmuş türk millətinə güclü bir mesajdır. Mən bu mesajı hava kimi, su kimi qəbul edirəm.

Türkləri başqa millətlərdən fərqləndirən çox güclü Vətən məhəbbəti, "vətən əxlaqı"dır (Z.Göyalp). Bu məhəbbət Orxan Yenisey daş kitabələrində, Qobustan qayalarında həkk olunub. "VIII əsr türklərinin yüksək mədəniyyətini təqdim etmək üçün Orxan kitabələrinin özü də kifayətdir" (P.M.Melioranski).

Həyatda hər şey İnsanın öz əlindədir. Axtardığı hər şeyi özündə tapa bilən adam dahidir.

"İnsanı tanımaq üçün onu sevmək lazımdır" (L.Feyerbax).

"İnsanın taleyini sevgi müəyyən edir" (U.Şekspir).

Əlbəttə, insanın ən qiymətli qazancı onun şəxsiyyətidir. Hər yer adamla doludur, fəqət mən insan axtarıram. Qocalanda bildim ki, mənim ən qiymətli sərvətim xatirələrimdir. Mənim ən qiymətli əsərim gözəl qadının qulağına pıçıldadığım sözlərdir. Onu heç kim oxumayacaq.

İnsana yaşamağa mane olan ən böyük təhlükə mövhumatdır. Ən böyük türklərdən biri Fateh Əmir Teymur deyib: "Mən hər yerdə ərəb üçün ağlayan türk gördüm, lakin hər yerdə türk üçün ağlayan ərəb görmədim". Nə qədər ki, (artıq 1400 ildir!) biz sümükləri qurumuş, ərəblər üçün ağlayacağıq, həmişə sivilizasiyadan geri qalacağıq.

"Mövhumat bəşər nəslinin ən dəhşətli düşmənidir" (Volter). Mövhumata yalnız Eşq ilə qalib gəlmək olar.

 

 

 

Sevgisiz yaşamaq, canlı bir məzar,

Sevərək ölənlər daha bəxtiyar.

 

(Hüseyn Cavid)

 

Biz adi insanlar ölümün mahiyyətini bilmədiyimizə görə onu faciə hesab edirik. Yaşayarkən əmin oldum ki, ağıllı düşmən, səfeh dostdan yaxşıdır. Əgər düsmənin yoxdursa, demək, sən yaşamamısan. Axmaq qardaşdan düşmən yaxşıdır, heç olmasa düşmən insanı ayaqda saxlayır.

Atam Şəmsəddin həmişə deyərdi: özgələr ilə bacararıq, Allah bizi özümüzdən saxlasın. Bir gün qoca ağac meşəyə girib ağlamağa başlayır. Cavan ağaclar soruşur ki, niyə ağlayırsan? O cavab verir: meşəyə bir dəmir parçası gəlir, hamımızı qıracaq. Cavan ağaclar deyir: qorxma, dəmir bizi qıra bilməz. Qoca hönkürə-hönkürə deyir: dəmirdən qorxmuram e, sapı bizdən - ağacdandı, ondan qorxuram.

Cəmiyyətin təşkilində və idarə olunmasında İnsanın rolu böyükdür. Elə ədəbiyyat və mədəniyyətdə də insan amili əsasdır. Böyük yazıçılar bədii ədəbiyyatı İnsanşünaslıq adlandırıblar. Ümumiyyətlə bədii sənətin gözəlliyi İnsanı, onun daxili aləmini və zahiri hüsnünü hansı səviyyədə təsvir və tərənnüm etməsindən asılıdır. Dünyada, təbiətdə olan - təbii olan hər şey gözəldir. Ancaq ən kamil gözəllik insan gözəlliyi, gözəl qadının bədənidir. Bəlkə də Allah öz qüsursuz gözəlliyini qadın bədənində əks etdirib. Ona görə də dahi Füzuli deyib:

 

 

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni

Surəti-halım görən surət xəyal eylər məni.

 

 

Mənim fəlsəfəm belədir! İnsan yaşadığı cəmiyyətdən çox doğulduğu təbiətə bənzəyir. Dağ adamı ilə Aran adamı bir ola bilməz...

Hər bir cəmiyyətdə belə təsnifat aparmaq olar:

1. Əhalinin təxminən 50 faizi kütlədir. Kütlə küt sözündən ibarətdir. "Kütlə"nin sonuna bir "r" artırsan, olar "kütlər". Kütlə əsasən mövhumata inanır.

2. Əhalinin 20 faizi məmurlardır: dövlətdən çox, özlərinə xidmət edirlər.

3. 10 faizi həqiqi ziyalılardır. Bu gün onlar, futbol termini ilə desək, "ofsayt" vəziyyətindədir.

4. 10 faizi "siyasətdir", seçkilərdə yada düşür.

5. 10 faizi, ən təhlükəlisi, "qaragüruhdur". Vəzifəsi kütlədən hakim dairələrə xəbər aparmaq, kütlənin psixologiyasını qarışdırmaqdır. Qaragürüh kütlənin içində olur, nisbətən passionardır. Hakimiyyət kütləni onlarla idarə edir. Kütlə qaragüruha inanır, onu özünkü hesab edir.

Mən "Filosof tənqidçi" kitabımda (2011) belə yazmışam: "Mənim yolum: İnsanlığı insanlaşdırmaq", daha bir qeyd: "Mənim arzum: Azərbaycanı bütöv görmək!" Mən Azərbaycanı bütöv - Dərbəndən Borçalıya, Göyçədən Təbrizə, Bakıdan Ərdəbilə, Zəncana və Həmədana, Kəngər körfəzinə qədər yaralı Vətənin hər yerini görməyincə ölməyəcəyəm. Bu, mənim iddiam deyil. Ərəb tarixçisi ət Təbərinin cızdığı bütöv Azərbaycan xəritəsidir.

Biz hələ də general Maxnonun dediyi "Anarxiə-matğ porədka" yolu ilə gedirik...

Bu gün müzəffər Azərbaycan cəmiyyətinin təkamülə ehtiyacı var: bir cəmiyyətdə ki, korrupsiya, rüşvət, əyalətçilik psixologiyası hökmfərmadır, deməli, o cəmiyyətə maarifçilik lazımdır: Volter maarifçiliyi, M.F.Axundzadə maarifçiliyi Didro və Monteskyo maarifçiliyi. Biz bu yolla babalarımızın miras qoyduğu səhvləri - 1806-cı il Kürəkçay, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay səhvini aradan qaldıra bilərik. Görürsünüzmü hamısı "çay"dır, taleyimizi suya vermişik, su aparıb...

Hamı kimi, bir gün mən də Allaha olan can borcumu qaytaracağam. Amma məni ölüm qorxusu yox, elə indidən harada qəbir yeri tapacağım qorxusu alıb. Deyirlər ki, Bakıda məzar yerinin qiyməti 10.000-dən yuxarıdır. Mənim heç vaxt bu qədər pulum olmayıb. Allah daha pisindən saxlasın!

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.12.