"COP29 Azərbaycanda
bərpaolunan enerji sektorunun inkişafına təkan verəcək"
Noyabrın 11-22-də Bakıda keçiriləcək
COP29 qlobal iqlim konfransı barədə əhalinin ekoloji
maarifləndirilməsi məqsədilə bu günlərdə
COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə
verilib. Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik
ili" çərçivəsində COP29 Sədrliyi tərəfindən
təşkil olunan Məlumat Mərkəzi vətəndaşlar
arasında dayanıqlı vərdişlərin və nümunəvi
davranışların inkişafına xidmət edəcək.
Belə ki, Mərkəz konfransın məqsəd və hədəfləri,
iqlim dəyişmələri ilə qlobal mübarizədə
kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların
əlçatanlığını və ekoloji biliklərin
artırılmasını təmin edəcək. İnnovativ
yanaşması ilə seçilən Mərkəzin məqsədi
gündəlik dayanıqlı davranışları və həyat
tərzini fəal şəkildə təşviq etməkdir.
Məlumat Mərkəzinin müxtəlif tematik
zonaları ziyarətçilərə iqlim dəyişmələri
və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə
keçmək üçün yaradılıb. Belə ki, COP
tarixi zonasında qonaqlar həmin mühüm konfransın
xronoloji və coğrafi tarixçəsi ilə tanış
ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə
nadir immersiv iqlim səyahətinə çıxaraq
dünyanın istənilən nöqtəsində landşaft
və iqlim şəraitini izləyə bilərlər. Ziyarətçilər
xüsusi elektron platforma vasitəsilə elə buradaca ianə
edərək ağac əkmək imkanından yararlana, karbon
kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi
nəticəsində əmələ gələn karbon ayaq izlərini
ölçə və həmin nəticələrin
minimallaşdırılması üçün
atılmalı addımlara dair tövsiyələr əldə
edə bilərlər.
Bununla yanaşı, növbəti aylarda həftəsonu
günlərində Məlumat Mərkəzində müxtəlif
idman, incəsənət və maarifləndirmə tədbirləri,
həmçinin digər fəaliyyətlər təşkil
ediləcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransı - COP bu Konvensiyanın ali qərar qəbul edən
orqanıdır. Qurumun Katibliyi Almaniyanın Bonn şəhərində
yerləşir. Hər il dünyanın çox sayda ölkələrindən
hökumət nümayəndələri COP-da toplaşaraq
iqlim dəyişmələrinin qarşısının
alınması və fəsadlarının aradan
qaldırılması istiqamətində birgə səylər
göstərmək üçün müzakirələr
aparır, çağırış edirlər. COP-un ilk
toplantısı 1995-ci ildə Berlin şəhərində,
COP28 isə Dubayda təşkil edilib. Azərbaycanın
dünyanın ən böyük və mühüm dövlətlərarası
tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev
sahibliyi etmək üçün seçilməsi Azərbaycan
Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu,
Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik
Şurasına üzvlük kimi, dövlət
başçısının xarici siyasətdə ən
böyük uğurlarındandır.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının
sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə
deyir ki, COP tədbirləri ən çox dünya liderlərini
bir araya gətirən toplantılar kimi tarixə
düşüb. 197 ölkəni özündə birləşdirən
Tərəflər Konfransına Azərbaycanın ev sahibliyi təsadüfi
deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatik
uğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz
prinsipləri yeni dostlar və tərəfdaşlar
qazanmasında stimulverici amil rolunu oynayır. Ölkəmiz
böyüklüyündən, kiçikliyindən
asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu,
qarşılıqlı maraq və hörmət prinsipləri əsasında
əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlər
üzrə inkişaf etdirilməsinə səy göstərir.
Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş
kimi dünya dövlətlərinin diqqətində olması,
Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici
rol oynaması uğurlu xarici siyasətimizin nəticəsidir.
İqtisadiyyatını düzgün əsaslar üzərində
quran Azərbaycan dünya birliyi ilə əməkdaşlığa
regional çərçivədən başlasa da illər
keçdikcə coğrafiyasını daha da genişləndirir.
Ən əsası Azərbaycanın dövrün hər bir
çağırışını zamanında dəyərləndirməsi
uğurlarımızın davamlılığında öz
sözünü deyir. Belə ki, Ulu öndər Heydər
Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm
verərək tarixə "Əsrin müqaviləsi" kimi
daxil olan neft sazişinin imzalanmasına nail oldu. Dünya təcrübəsinə
əsasən bu çağırışı etdi ki, təcrübə
mübadiləsi olmadan, səylər birləşdirilmədən
heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə
nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycana
iqtisadi və siyasi dividend qazandırdı, regional
inkişafın aparıcı qüvvəsinə,
dünyanın enerji təhlükəsizliyinin təminatçısına
çevirdi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü
olduğu enerji layihələri dünyanın enerji xəritəsini
yenidən tərtib edir. 2017-ci ildə "Əsrin müqaviləsi"nin
davamı olaraq "Yeni əsrin müqaviləsi"
imzalandı. Bu mühüm saziş Azərbaycanın
etibarlı tərəfdaş kimi möhkəmlənən
mövqeyinin təsdiqi oldu: "Tarixən neft ölkəsi
kimi tanınan və nüfuz qazanan Azərbaycan bu gün qaz və
elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin
COP29-a ev sahibliyi onu göstərir ki, Azərbaycan
özünü qlobal səviyyədə iqlim dəyişiklikləri
ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbir
çərçivəsində Azərbaycanın bərpaolunan
enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə
keçid və iqlim dəyişiklikləri ilə mübarizədə
qarşısına qoyduğu məqsədlər və bu
istiqamətdə gördüyü işlər daha geniş
auditoriyanın diqqətinə çatdırılacaq.
Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi
istehsalının qoyuluş gücündə bərpaolunan
enerji mənbələrinin payının 2030-cu ilə qədər
30 faizə çatdırılmasını hədəfləyir.
Bütün bunların fonunda Azərbaycanın COP29-a ev
sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə
böyük hörmət və etimadın, eləcə də
ölkəmizin milli, regional, qlobal səviyyədə ətraf
mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin
təqdir olunmasının bariz nümunəsidir".
Millət vəkili Azər Badamov da deyir ki, COP29 beynəlxalq
əhəmiyyətli tədbirdir. Bu gün dünya iqlim dəyişikliklərinin
yaratdığı fəsadların dərinləşməsi
ilə üz-üzədir. Hətta iqlim dəyişikliklərinə
qarşı qlobal konsolidasiya olunmuş mübarizə
aparılmazsa, yer kürəsində yaşayan canlı aləmin
gələcəyini böyük təhlükə gözləyir.
Dünyada qlobal istiləşmə nəticəsində
buzlaqlar sürətlə əriyir, okeanlarda suyun səviyyəsi
artır və bir çox yaşayış yerlərini suyun
altında qalmaq təhlükəsi gözləyir.
Millət vəkili bildirib ki, iqlim istiləşmələri
həm də quraqlıqların baş verməsinə, yer
kürəsində şirin suyun azalmasına, kənd təsərrüfatı
məhsullarının istehsalının kəskin
aşağı düşməsinə və
aclığın dünyada genişlənməsinə səbəb
olur: "Ona görə də bu bəşəri bəlaya
qarşı bütün dünya birləşməli və əhəmiyyətli
qərarlar qəbul etməlidir. Bu baxımdan Bakıda
keçiriləcək COP29 200-dən çox ölkənin
arasında iqlim dəyikliklərinə qarşı mübarizədə
həmrəyliyin yaradacağını hesab edirəm. Azərbaycan
COP29-la bağlı qəbul olunacaq əhəmiyyətli qərarları
qabaqcadan müəyyənləşdirir və
çalışacağıq ki, bu tədbir iqlim dəyişikliklərə
qarşı mübarizədə bir dönüş nöqtəsi
olsun. Bu baxımdan nəzərdə tutulan maliyyə fondunun
yaradılması imkanı aşağı olan ölkələrə
iqlim dəyişikliklərinə qarşı mübarizədə
dəstək verilməsinə yol açacaq. COP29-un keçirilməsi
ölkəmizin bərpa olunan enerji sektorunun
sıçrayışlı inkişafına təkan verəcək.
Bu tədbirin keçirilməsi yaşıl enerji sektorumuza
qlobal marağı artıracaq və bizim bərpa olunan enerji
sahələrinin ərsəyə gətirilməsində ilk
yerlərdə olmamıza kömək edəcək. COP29
dünyanın hər yerindən 10 minlərlə siyasətçinin,
dövlət adamlarının, biznes strukturlarının və
media nümayəndələrinin gəlməsini şərtləndirir.
Bu da Azərbaycanın dünyada daha yaxşı
tanıdılmasına yol açacaq. Təbii ki, bu, ilk
növbədə ölkəmizin turizm sektorunun
inkişafına təkan verəcək. COP29 həm də
ölkəmizə qarşı edilmiş ədalətsizlikləri,
torpaqlarımızı işğaldan azad etməyimizlə
suverenliyimizi təmin etməyimizi və bu gün sülh
gündəliyimizlə bağlı ədalətli
mövqeyimizi dünya ictimaiyyətinə
çatdırmağımıza imkan verəcək. Azərbaycanın
dünyaya günəş kimi parladığını
bütün dünya görəcək".
Millət vəkili Elşad Mirbəşiroğlu
bildirib ki, bu gün beynəlxalq təhlükəsizliyə ən
ciddi təhdid yaradan amillərdən biri də iqlim dəyişmələridir:
"Bəşəriyyət iqlim dəyişmələrinin
olduqca təhlükəli nəticələri barədə
ciddi düşünməkdədir. Azərbaycan COP29
konfransına xüsusi önəm verməklə beynəlxalq
təhlükəsizlik, bəşəriyyətin gələcək
rifahı məsələsinə nə dərəcədə
həssas yanaşdığını bir daha nümayiş
etdirir. Azərbaycan dövlətinin, Prezidentin təşəbbüsləri
hər zaman insanlığın rifahına, təhlükəsizliyinə
xidmət edir. Ölkədə parlament seçkilərinin irəli
çəkilməsi də bir daha bunu aydın nümayiş
etdirir. Hesab edirəm ki, növbədənkənar parlament
seçkilərindən sonra qarşıdakı daha
böyük inkişaf hədəflərimizə çatmaq
uğrunda çox ciddi addımlar atılacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.11.