"Xalqımızın
musiqi qabiliyyəti, xüsusilə muğamımız əsl
möcüzədir"
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ
SƏDRİ, XALQ ARTİSTİ, PROFESSOR FİRƏNGİZ
ƏLİZADƏ İLƏ SÖHBƏT
- Firəngiz xanım, salam, xoş gördük Sizi.
Söhbətimizə belə bir sualla başlamaq istərdim.
Vaxtilə 5 yaşındakı kiçik bir qızın bəstəkar
olmaq qərarı Sizi həyat və yaradıcılıq
yolunda peşman etmədi ki? O zərif qızın bu qəti qərarına
minnətdarlıq duyursunuzmu?
- Salam, sevimli Aysel. Əlbəttə, o qərar
çox əhəmiyyətli idi və o məqamı hər
zaman minnətdarlıqla xatırlayıram. Kiçik
yaşlarımda əksər uşaqlar kimi, mən də
radioya maraqla qulaq asırdım. Musiqini çox sevirdim.
Hansı qonşunun evində piano vardısa, onlara qonaq gedirdim
və pianonun dillərinə toxunurdum. Deyirdim, ilahi, bu nə
gözəllikdir belə! Notlara baxıb
düşünürdüm ki, görəsən, nə vaxtsa
bunları başa düşə bilərəm? Musiqi ilə
iç dünyamda dərin bağlılıq hiss edirdim.
İndi bunu eynən nəvəmdə görürəm. Hər
gün radioda muğam konsertinə qulaq asırdım. Bir
gün dahi bəstəkar Qara Qarayevin musiqisini eşitdim. O
musiqi mənə hədsiz təsir etdi. Hətta uşaq
vaxtı onun əsərlərini dinləyib balet
oynayırdım. Atam məni tez-tez Opera və Balet Teatrına
aparırdı. "Sevil" operası, "Yeddi gözəl"
baleti, "Qız qalası" baleti və sair -
hamısını maraqla izləyirdim. Hətta deyim ki,
"Yeddi gözəl" baletini izləməyimin
sayı-hesabı yoxdur. Valideynlərim və böyük
bacım 6-7 yaşımda olarkən məni konsertlərə,
tamaşalara aparırdılar. Milli Dram Teatrına da gedirdik.
Amma bunların içində ən sevdiyim məkan Filarmoniya
idi. Hətta biz maestro Niyazinin bütün konsertlərinə
gedirdik və birinci sırada əyləşirdik. Onu konsert
boyunca heyranlıqla izləyirdim, sənətinə pərəstiş
edirdim. Həmişə də əlimdə gül buketi
olardı. Bilirsiz də, Niyazi görkəmcə cılız
insan idi. Mən də çox cılız bir qız idim.
Oxşarlığımız vardı. Hər dəfə
ön sırada və gül də əlimdə kim məni
görürdüsə, deyirdi ki, yəqin Niyazinin
qızıdır. Niyazi ilə məni ata-bala hesab edənlərə
böyük bacım əsəbiləşir və deyirdi, bu nə
sözdür belə (gülür). Demək istəyirəm
ki, ailəmiz, xüsusilə də bacılarım və
qardaşım musiqiyə çox bağlı idilər. Bir
gün radioda aparıcı rus dilində "kompozitor Qara
Qarayev" dedi. "Kompozitor" sözü çox
xoşuma gəldi və ağlıma batdı. Başladım
deməyə ki, "mən kompozitor olacağam". Atam da
güldü ki, bu söz axı hardan çıxdı belə...
Valideynlərim dərin idraka, geniş düşüncəyə
sahib idilər. Uşaq olmağımıza baxmayaraq, hər
dediyimiz sözə diqqətlə fikir verirdilər. Rəhmətlik
atam Sankt-Peterburqda işgüzar səfərdə olanda
danışırmış ki, qızım gecə-gündüz
musiqi deyib-musiqi eşidir. Atama məsləhət görüblər
ki, burda, qonşuluqda köhnə royal satılır.
Özü də bu royala Çaykovskinin barmaqları dəyib,
Çaykovskinin uzaq qohumunundur. Köhnə olsa da, gözəldir.
Adı "J.Becker"dir. Hazırda o royal Şəki Musiqi
Kollecinin səhnəsində yer alır.
Hətta orada yazılıb ki, "Firəngiz
Əlizadə tərəfindən
bağışlanılıb". Atam royalı görən
kimi valeh olur. Köhnə olmağına baxmayaraq,
içi-çölü çox gözəl işlənilmişdi.
İstifadəsiz qaldığı üçün münasib
məbləğə satmışdılar. Atam Bakıya bu əvəzsiz
hədiyyə ilə qayıtdı. Royalı daşıyanlar
evimizə çatanda mən həyəcandan özümü
itirdim. Bu əntiq əşyanı görər-görməz
nazını çəkməyə başladım. Anama səsləndim
ki, bunu hara qoysunlar? Ustalara deyirdim, yavaş olun, zədələyərsiz.
Bir sözlə, sevincək halda royalın ətrafında
dolanırdım. Anam məndəki təlaşı görüb
dedi ki, mümkünsə, sən keç bir kənarda dayan,
bilməzlər, əzərlər səni. Həmin gün
gözümə yuxu getmədi. Çünki evimizə pianino
da yox, royal gəlmişdi. Bununla fəxr edirdim.
Demək olar ki, məhz həmin gündən sənətimin
təməli qoyuldu. Artıq musiqi dərsləri almağa
başladım. Konservatoriyanın nəzdində məktəbə
qədər kiçik yaşlı uşaqlara notlar öyrədirdilər.
Orda uşaqların musiqi duyumunun olub-olmamağı təyin
olunurdu. Orda tam 2 il dərs aldım.
Anam Nəzirə xanım mən və kiçik
bacımla bərabər bütün notları öyrəndi.
Bizimlə birlikdə dərslərə gəlib, daha sonra bizə
nöqsanlar tuturdu ki, əsərin bu hissəsini düz
çalmadın.
- Sizinlə illərdən bəri ünsiyyətdə
olan biri kimi deyə bilərəm ki, çox güclü hafizəyə
malik olduğunuzu sezmişəm. Söhbətinizə fasilə
verdikdə qaldığınız yerdən davam edirsiniz.
Yaşanan hadisələri dəqiqliklə
xatırlayırsınız. Böyük ehtimalla, bu, sizdə
kiçik yaşlarınızdan belədir.
- Razıyam, hafizəm kiçik yaşlarımdan bəri
çox güclüdür. İbtidai musiqi təhsilini də
çox asanlıqla mənimsəmişəm.
Qavrayışıma söz ola bilməz. Bacımla
bağçaya gedirdik. Bağçada sovet bəstəkarlarının
əsərlərindən ibarət konsertlər verirdim. Məlumdur
ki, əsərləri əzbərləmək yaddaş tələb
edir. Müəllimlər ifama valeh olurdular. Məni dərhal məktəbə
götürdülər. Bizim müdirimiz Kövkəb Səfərəliyeva
yüksək səviyyəli xanım idi. Daha sonra müdirimiz
dəyişdi, Tahir müəllim gəldi. Bu məktəbin
adında "Xüsusi istedadı olan uşaqlar
üçün" ifadəsi vardı (İndiki
Bülbül adına orta ixtisas musiqi məktəbi nəzərdə
tutulur). 1953-cü ildə 5 yaşım olarkən bu məktəbə
getdim. Barmaqlarımın ucu şişkin olduğu
üçün, dedilər, gəl səni violonçelə
götürək. Barmağımdakı bu özəlliyə
görə violonçeldə çox gözəl ifa edə
biləcəyimi söylədilər. Mən də,
sözün düzü, violonçel nədir, heç
bilmirdim. Gəlib evdə ağlayıb özümü
öldürdüm ki, violonçel istəmirəm, piano istəyirəm
(gülür). Atam dedi, niyə ağlayırsan?
Başladım atama etirazlar, şikayətlər etməyə.
Anam atama izah etdi ki, qızımızın barmağının
formasına görə onu başqa şöbəyə
yönəltmək istəyirlər. Mərhum atam
Əliağa Əlizadə Su Təsərrüfatı
(Meliorasiya) nazirinin müavini olaraq mühüm fəaliyyətlə
məşğul idi. Bakıda çox az olurdu, günləri
rayonlarda keçirdi, iş rejimi olduqca gərgin idi.
Atam məktəbə gəlib dedi ki, bu qız piano
üzrə təhsil almaq istəyir, violonçel istəmir.
Onun xahişindən sonra məni fortepianoya götürdülər.
Məktəbə əla qiymətlərlə daxil oldum.
İkinci sinifdə, 7 yaşımda ilk mahnımı bəstələdim.
Müəllim mahnımın notunu və sözlərini lövhədə
yazdı. Sinif yoldaşlarım müəllifi olduğum
mahnımı ifa etdilər. Bəstəkarlığın
dadını mən onda hiss etdim. Dedim, bu nə gözəllikdir
belə: özündən mahnı qoşursan, o mahnını
bilməyənlər isə sənə qoşulub ifa edirlər.
Bu, məni çox təsirləndirdi. Təəssüratımı
anamla bölüşdüm. Bu haqda o qədər
danışdım ki, axırda anam dedi, bildik, ay qızım,
başa düşdük... (gülür).
Solfecio müəlliməm anama dedi ki, bəstələyən
uşaqlar görmüşəm, amma notuyla birgə olanı
ilk dəfə sizin qızınızda gördüm. Və bu
ona işarədir ki, Firəngiz bəstəkar ola bilər. Məsləhət
görürəm ki, artıq bu istiqamətdə dərslərə
başlasın. Onu da demişdi ki, məktəbimizdə bəstəkar
Ədilə xanım Hüseynzadə çalışır,
Firəngiz fakültətiv olaraq mütləq onun dərslərinə
getməli olacaq. Anam bunu atama dedi. Atam bu fikri çox gözəl
qarşıladı və Ədilə xanıma zəng edib
dedi ki, sizə böyük hörmətimiz var,
tanınmış bəstəkarımızsınız.
Qızımı sizinlə tanışlığa gətirmək
istəyirəm. Ədilə xanım da dedi ki, bəli, xəbərim
var, məktəbdə deyiblər, buyurun gəlin, məmnuniyyətlə.
Atam alicənab və nəcib insan idi. Təqdim etmək
üçün bir dəstə gül aldı. Atamın
maşınıyla Ədilə Hüseynzadənin evinə
getdik. Ədilə Hüseynzadə içəri daxil olanda mən
onun gözəlliyinə valeh oldum. Məndən soruşdu ki,
nə bəstələmisən? Mən də ciddi nəzərlərlə
baxıb dedim, "Hamlet" operası yazıram. Qadın heyrət
içində soruşdu ki, nə yazırsan?! Atamın mənim
musiqi bəstələməyimdən xəbəri
olmadığı üçün o da məəttəl halda
baxırdı. Ədilə xanım soruşdu ki, bəs
musiqisi varmı? Dedim, bəli, var. Sinif yoldaşım Nilufər
Həsənova ilə birlikdə Şekspirin əsərinə
opera yazırıq. Dedi, hansı hissə? Dedim, atasının
ruhu gələn hissə. Qadın heyrət içində
"buyur, ifa et, dinləyək" dedi. Mən də pianoya
çox sərt toxundum. Var qüvvəmlə ifa etməyə
başladım. Ədilə xanım dedi, biraz yavaş, camaat
qorxar burda (gülür).
İnanın, bu işlərə valideynlərim o qədər
ciddi yanaşırdı ki! Nilufər İçərişəhərdə
qalırdı. Gah mən onlara, gah o bizə gəlirdi və
biz birlikdə opera yazırdıq. Xatırlayıram, atam
gümüş altlıqlı stəkanda çay içirdi.
Biz musiqi yazanda anam mənə və rəfiqəmə də
gümüş altlıqlı stəkanda çay gətirirdi.
Çox təsirlənirdim ki, demək, böyük insanam deyə
artıq belə hörmətlə yanaşılır
(gülür). Böyük bacım mənə çox
qayğıyla yanaşır, demək olar, analıq edirdi. O,
Azərbaycan bölməsində təhsil alırdı. Ədəbiyyata
çox dərin marağı vardı. Şeir səsləndirməyi
çox sevirdi. O da mənə təsir edirdi. Biz rus dilində
təhsil alsaq da, evdə daima azərbaycanca
danışırdıq.
- Adətən hansısa sənətkarı görəndə
insanlarda maraq doğuran bir məsələ də bu olur ki,
görəsən, istedad onda genetikdirmi?
- Atamın ulu babası çox gözəl əzan
oxuyarmış. Onun səsini eşitmək üçün
insanlar məscidə toplaşarmış. Atam hesab edirdi ki, məndəki
musiqi duyumu onun ulu babasından keçib. Qara Qarayev bir dəfə
atama demişdi ki, Firəngiz 20-ci əsrin yox, 21-ci əsrin
musiqisini yazır. Həmin vaxtlar atam artıq
qocalmışdı. Evə gələndə gözləri
yaşarmış, qəhərlənərək Qara Qarayevin
fikirlərini anamla bölüşmüşdü. Fəxrlə
dedi ki, mən də deyirəm, qızımda musiqi istedadı
hardandır: hər halda mənim ulu babamdan keçib...
Atam həmişə texniki işlərlə məşğul
olub, anam isə mühasib idi. Qardaşım atamın
davamçısıdır. Bizim evdə heç zaman siyasi
söhbətlər olmayıb. Atamın tələbələri
evə gəlirdilər, atam onlarla bərabər çertyojlar
çəkirdi. O, həmişə dəqiq ixtisaslarla
maraqlanan insan olub. Evdə hərə öz işiylə ciddi
şəkildə məşğul olurdu. Böyük bacım
da fizik idi. Bəzi ailələrdə siyasi mövzular və
yaxud gülməli əhvalatlar danışılır. Amma
bizim ailədə heç vaxt belə hal olmayıb. Bizə
"get dərsini hazırla" deyən olmurdu. Əksinə,
deyirdilər ki, bəsdir dərs hazırladın, bayıra
çıx, sənə hava dəysin. Belə tərbiyə
almışdıq. Məktəbi bitirəndə
yazdığım simli kvartetimi buraxılış
imtahanında Xalq artisti Azad Əliyev Dövlət Simli Kvarteti
ilə ifa etdi. Məktəbi həm pianoçu, həm bəstəkar
kimi 2 qırmızı diplomla qurtarmışam. Buna görə
Konservatoriyaya qəbul olunarkən sadəcə qabiliyyət
imtahanı verdim
- Dünya şöhrətli sənətkarların
böyük əksəriyyətinin rəsmi sosial media səhifələri
var. Tviter, feysbuk, instaqram kimi şəbəkələrdə
öz nailiyyətlərini, əsərlərini dünya
ictimaiyyəti ilə açıq şəkildə
bölüşürlər. Sənətinizə heyranlıq
duyan insanların sizinlə daha yaxından təması, onlar
üçün əlçatan olmağınız sizə
heçmi maraqlı gəlmir?
- Açığını deyim, bu məsələ
heç vaxt diqqətimi cəlb etməyib. Səmimi deyirəm.
Əvvəla, buna heç vaxtım yoxdur. Amma qohumlarım, demək
olar hamısı, sosial media istifadəçisidir. Mənim
üçün isə bu çox bəsit bir şeydir. Tofiq
Quliyev haqqında film çəkirdilər. Zəng etdilər
ki, Firəngiz xanım, siz Bəstəkarlar İttifaqında
neçə il birlikdə çalışmısınız.
Bizə Tofiq Quliyevlə birgə olan şəkillərinizdən
göndərərdiniz. İnanın, onunla ikilikdə bir dənə
də şəklim yoxdu. Tofiq Quliyevə axı necə deyə
bilərdim ki, gəlin sizinlə şəkil çəkdirək?!
Bizim aramızda çox rəsmi münasibət vardı. Bir dəfə
tədbirlə bağlı Mersinə gəlmişdi. Mən
onda "Boş beşik" baletini yazmışdım. Həmin
açılışdan cəmi bir şəklimiz var. Ofotonu
isə jurnalistlər qəzet üçün çəkmişdilər.
Keyfiyyətli deyildi. Eləcə də Qara Qarayevdən
neçə il dərs almışam. Elmi rəhbərim olub.
Münasibətimizin uzun tarixi var. Xatırlayıram,
İtaliyada Alban Berqə həsr etdiyim sonatam proqramda yer
almışdı. Sovet İttifaqında dodekafoniya sistemi
qadağan idi. Amma mən bu texnikadan sonatamda istifadə etdim.
Əsərlərimin siyahısında bu, 1 nömrəlidir.
Dinləyənlərin hamısını heyrət
bürümüşdü ki, azərbaycanlı qız
qadağa olunmuş texnikadan istifadə edib. Konsert ad
günümə - 28 may tarixinə təsadüf etmişdi.
İtaliyada dərc olunan "Espresso" qəzetində həmin
konsert "Azərbaycan dodekafoniyası" adı ilə
işıqlandırılmışdı və həmin qəzet
məndə evdə var. Onlar Qara Qarayevə dedilər, fəxr
edin ki, sizin belə tələbəniz var. Mən bu ifadədən
utanıb dərhal onların səhvini düzəldib dedim:
"Mən fəxr edirəm ki, belə müəllimim
var". Qara müəllimə dedim, bu gün mənim ad
günümdür, icazəniz varsa, jurnalistlər sizinlə
şəklimi çəkmək istəyirlər. Soruşdu,
neçə yaşın olur? Dedim, 29. Dedi, nə gözəl
yaşdasan. Və biz birgə şəkil çəkdirdik.
Neçə illik tanışlığımızdan qalan
yeganə şəklimiz odur. Yəni sözüm ondadır ki,
sosial media mənim üçün zamanını hədər
xərcləməkdir. Özəl dünyamın xalq
arasında yayılmasını istəmirəm. Amma yutubda əsərlərim
haqda yazılan şərhləri oxuyuram. Hətta oxuduğum rəylərdən
biri mənim çox xoşuma gəlmişdi.
Dinləyici yazmışdı ki, inanmıram, bu bəstəkar
həyatdadır, yəni belə insanın real dünyada
olması mümkündürmü? Bu sözü oxuyub
ağlamışdım.
- Sizə xüsusi ruh yüksəkliyi bəxş edən
hansısa əsər varmı ki, onu dinlədikdə real
dünyadan qopur, ruhən dinclik tapırsınız? Bu,
özünüzün və digər bəstəkarın əsəri
də ola bilər.
- Bəstəkar hər yeni əsər üzərində
işləyəndə ona elə gəlir ki, ən gözəl
əsəri məhz budur. Çünki həmin hissiyyat olmasa,
işləyə bilməz. Əsərləri müqayisə
edib, bir-birindən fərqləndirmək də düzgün
hal deyil. Etiraf edim ki, dahi Üzeyir Hacıbəyli və Motsart
yaradıcılığına vurğunam. Əhval-ruhiyyəm
pis olduqda bu iki bəstəkarın əsərlərini dinləyib
dinclik tapır, sanki yenidən doğuluram. Həm də dahi
Üzeyir bəyin insani keyfiyyətlərinə, əqidəsinə
valehəm. Həyat və yaradıcılığına, əməllərinə,
vətənpərvərliyinə, fədakarlığına,
bir sözlə, ali missiyasına heyranam. Bu dahi insan 22
yaşında dahiyanə əsər yazıb. İndi 22
yaşında olan bəstəkarlarla söhbət edib
görürəm ki, heç formalaşmayıblar. Musiqi bilgiləri
zəngin deyil, vətənpərvərlik hissi yoxdur. Hələ
nə vaxt formalaşacaq, yaxud heç formalaşmayacaq -
bilinmir. İnanın, Üzeyir bəyin tərcümeyi-halını
bəlkə də yüz dəfə oxumuşam. Allah ona nəhəng
istedad və mükəmməl insanlıq bəxş edib.
İstedad və insanlıq birləşəndə belə
yaxşı nəticə ərsəyə gəlir. Üzeyir
Hacıbəyli, millət olaraq, bizim böyük
şansımızdır.
- Gözəl ailəniz, hər an yanınızda olan,
sizə dəyər verən həyat yoldaşınız,
ağıllı övladınız və bir-birindən
şirin nəvələriniz var. Bu sizin insan kimi motivasiya
qaynağınızdır. Bəs bəstəkar kimi motivasiya
mənbəyiniz nədir?
- Təbii ki, ailə çox önəmli faktordur. Ailənin
diqqəti, dəstəyi, seçdiyin sahəyə
yoldaşının hörməti olmalıdır ki, sən
yaradıcı mühitdə rahat fəaliyyət göstərə
biləsən. Biz Berlinə köçəndə çox
çətinliklərdən keçdik. Ora öyrəşmək
çətin oldu. Yeni ev, əşyalar aldıq, bir sözlə,
yeni həyat qurduq. Hər şeyi sıfırdan mərhələ-mərhələ
yaşadıq. Həmin ərəfədə gərgin iş
rejimində idim. Çoxlu sifarişlər qəbul
etmişdim. Həmçinin səyahətlərə getməli
idim. Elə günlər olurdu ki, eyni gündə bir təyyarədən
düşüb o birinə minirdim. Bu, mənim gündəliklərimdə
də yazılıb. Qeyd dəftərimi özümlə
aparırdım ki, heçnə yadımdan
çıxmasın. Yoldaşım və oğlum həmişə
məni dəstəkləyiblər. Heç vaxt bizim ailədə
belə məişət söhbətləri olmayıb:
"yemək varmı, çay varmı..." Əksinə,
çalışıblar ki, çətin həyatımı
asanlaşdırsınlar. Yemək yoxdursa, restoranda yeyərdilər.
"Əsas sağlıq-salamatlıq olsun"
düşüncəsində olublar. Gərginliyim azalsın,
fikrim işdən biraz yayınsın deyə oğlum deyirdi,
ana, gəl gedək biraz açıq havada gəzişək.
Həyat yoldaşım və oğlum taleyimin böyük
şansıdır. Hər ikisindən çox razıyam. Allah
onları qorusun. Görürdülər ki, ömrümü sənətimə
fəda edirəm, hörmətlə yanaşırdılar.
Əgər belə yanaşmasaydılar, təbii ki, bu qədər
nailiyyətlər əldə edə bilməzdim. Həyatımda
fantastik faktlar var. Sizdən bir qədər öncə mənimlə
görüşməyə Almaniyadan bir qadın gəlmişdi.
Ona danışıram ki, Amerikadakı konsertimə Arnold
Şömberqin qızı gəlib, almaniyalı qadın heyrətini
gizlədə bilmədi. Yaxşı ki, yoldaşım ondan
müsahibə alıb. Müsahibədə həmin konsert haqda
təəssüratlarını geniş şəkildə
bölüşüb. Şömberqin qızı müsahibəsində
deyir ki, Firəngiz Əlizadə həm atamın əsərini,
həm özünün dodekafoniyada yazdığı
sonatasını çox gözəl ifa etdi.
- Valideynləriniz yetərincə nailiyyətlərinizi
görüb, qürurlanıb, fərəhləniblər. Bəs
onları itirdikdən sonra olubmu ki, zalda əyləşənlər
sırasında valideynlərinizin olmağını
arzulayıb deyəsiniz, kaş bu an bu əsərimi dinləyəydilər?
- Valideynlərim vaxt məhdudluğuna görə
çox zaman konsertlərimə gələ bilmirdilər.
Bacılarım və qardaşım gəlirdi. Gecə
saatlarına təsadüf edən məşqlərdə isə
qardaşım həmişə yanımda olurdu. Dəqiq
yadımda deyil, ya ikinci, ya üçüncü kursda təhsil
alırdım, bütün qəzetlərdə
yaradıcılığım haqda müsbət fikirlər
çıxmışdı. Aida Tağızadə, Nailə
Verdiyeva haqqımda gözəl məqalələr
yazmışdılar. Paul Hindemitin fortepiano üçün
"Ludus Tonalis" (Tonallıqların oyunu) polifonik silsiləsini
Sovet İttifaqında ilk ifa edən pianoçu mənəm.
Bir gün atam evdə olanda fürsəti dəyərləndirib
ondan xahiş etdim ki, mənim xətrimə bu gün konsertə
gəlin, çox istərdim, heç olmasa bir dəfə əsərlərimi
səhnədən eşidəsiniz. Atam dedi, bu gün biraz dincəlmək
istəyirəm. Açığı, elə bildim gəlməyəcək,
qəfil konsert salonuna daxil olduğunu görəndə fərəhləndim.
Solfecio və harmoniya müəllimim milliyətcə yəhudi
idi. Yaxınlaşıb atamdan soruşur, siz kimsiniz? Atam cavab
verir ki, Firəngiz Əlizadənin atasıyam. Müəllimim
deyir, Firəngiz dahidir, çox sağolun ki, bizə belə tələbə
bəxş etmisiniz. Onu da deyim ki, mən və
qardaş-bacılarım atama siz deyə xitab edirdik. O, içəri
daxil olanda biz ayağa qalxırdıq. Anam da onun nüfuzunu
daima qoruyub-saxlayırdı. Atam bizə deyəcəyi sözlərini
həmişə anam vasitəsilə
çatdırırdı. Ömrünün sonuna qədər
də belə oldu.
- İndiyə qədər xarici ölkələrdə
reallaşan hansı konsertinizin təsirindən ayrıla bilməmisiniz?
Ən məşhur və ən sevdiyiniz əsəriniz
hansıdır?
- Ən təsirli konsertim 2017-ci il aprelin 7-də və
9-da Amsterdamda "Nasimi Passion" ilahilərimin ifası oldu.
Dünyanın çox ölkələrində əsərlərim
səslənib. İki dəfə "İpək yolu"
layihəsi Amerikadan Çinə qədər dolanıb.
Almaniyanın Köln şəhərində kanon
ifaçısı Təranə Əliyeva, balaban
ifaçısı İlham Nəzərov, Xalq artisti Alim
Qasımov "Dərviş" əsərimi ifa etdilər.
Konsert salonunda 2500 nəfər vardı. Mən zaldan
çıxanda yüzlərlə insan müəllif imzası
üçün mənə yaxınlaşdı. Bunların
hamısı lentə alınıb. Bütün qəzetlərdə
"Firəngiz Əlizadənin "Dərviş" əsəri
bizi valeh etdi" məzmunlu başlıqlarla məqalələr
dərc olunmuşdu. Səhnədə 150 nəfərlik orkestr
əyləşib, 85 nəfərlik xor kollektivi dayanmışdı.
Və onlar Nəsimiyə ithaf olunan əsərimi ifa edirdilər.
Təsəvvür edin, o an mən nə böyük şərəf
duymuşam! Konsertdən öncə bəstəkarlarla
görüş keçirildi. Orada məndən əlavə
serbiyalı bəstəkar da vardı. Birinci bölümdə
xristian ilahiləri, ikinci bölümdə isə müsəlman
ilahiləri səsləndi. Biz ingilis dilində 1 saat
aparıcının və dinləyicilərin suallarına
cavab verdik. Çox gözəl təşkil etmişdilər.
Əsəri yazarkən hansı hisslər keçirdiyimi
bölüşdüm. İnanın ki, əsəri
başlayandan ta bitirənə qədər yuxuya gedə
bilmirdim. Elə bilirdim ki, Nəsiminin ruhu mənimlə
danışır. Çəkdiyi iztirabları mənə
izah edir. Bu əsəri yazarkən gözümə heç nə
görünmürdü. Tamamilə onun fəlsəfəsinə
bürünmüşdüm. Ən məşhur əsərim
isə, təbii ki, "Habilsayağı"dır. Bu əsərim
bütün dünyada ifa edilir. Yapon şairinin kitabından 3
şeiri seçib silsilə musiqi bəstələmişəm.
Yapon poeziyasından vokal əsər yazmışam. Bu əsərimi
olduqca çox sevdiyimi deyə bilərəm.
- Səlahiyyətiniz daxilində gənclərə
bacardığınız dəstəyi göstərən,
onları həvəssiz gördüyünüzdə bir
böyük kimi öyüd-nəsihət verən əsl insan
və görkəmli musiqi xadimisiniz. Bəs özünüz gənc
olarkən belə hallara düşdükdə sizi həvəsləndirən
sənətkarlar olubmu?
- Gənc bəstəkarlar deyirlər ki, Firəngiz
xanım, bizim yaradıcılığımız heç kimə
lazım deyil, ifa edən, sifariş verən yoxdur. Onları həvəssiz
gördükdə Üzeyir Hacıbəylinin və
Motsartın keşməkeşli həyatından nümunələr
gətirirəm. Onların həyatı heç də hamar
olmayıb. Deyirəm, görün o çətin həyatın
içində necə dahiyanə əsərlər
yaradıblar! Hər addımda ruh yüksəkliyi yaradıram
ki, gənclər sənət yolunda geri qalmasınlar. Əlbəttə,
gənc ikən mənim də həyatımda çətin
anlar olub. Aysel, özün də gözəl başa
düşürsən ki, müəllimlərimiz müxtəlif
xarakterli insanlar olurlar. Bəzisi həvəsləndirirdi, kimisi
də ruhdan salırdı. Xatırlayıram, ansambl dərsində
yaşlı bir müəllimimiz vardı, onunla Yohans
Bramsın sonatasını ifa edirdim. Qoca olduğuna görə
artıq ifa etməkdə çətinlik çəkirdi.
Bramsın sonatası çox çətindir. Mən öz
parçamı ifa edirdim. Amma ifa zamanı müəllim
dayandığı an mən də dayanıb onu gözləyirdim.
O da hər dəfə soruşurdu ki, sən nə
üçün dayandın, davam et! Nəhayət, dedim ki,
axı əsərin solo hissəsi sizdədir, mən sizi
müşayiət edirəm. Beləcə sözümüz
çəp gəldi. Qısası, müəllim dedi ki,
görürəm, mənə söz qaytarırsan, sənə
"Dörd" yazacam, qırmızı diplom ala bilməyəcəksən.
Dedim, özünüz bilərsiniz. Nə isə imtahan oldu.
Onda rektorumuz olan Cövdət Hacıyev həmin müəllimə
dedi ki, siz Firəngiz Əlizadəyə "Dörd"
yazmaq istəyirsiz? Onda siz özünüz kafedradan gedəcəksiniz.
Konservatoriyaya daxil olanda proqramı Cövdət Hacıyevə
təqdim etdim. Dedi ki, Baxın fuqasını hələ
heç kim Firəngiz kimi ifa etməyib.
- Siz öz ölkəsində ali təhsil
almış dünya şöhrətli sənətkarsınız.
Demək, dünya şöhrətli olmaq üçün
heç də xarici diploma ehtiyac yoxdur. Lakin gənc həmkarlarınızın
böyük əksəriyyəti nailiyyətlərin
açarını məhz xaricdə təhsil almaqda
görürlər...
- Mən Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının məzunuyam (Keçmiş Dövlət
Konservatoriyası). İstedad varsa, sözsüz ki, fərq
etmir, öz ölkəndə, yoxsa xaricdə musiqi təhsili
almısan.
Yüksək səviyyəli peşəkar müəllimlərdən
dərslər almışam. SSRİ təhsil sistemi dünyada
1 nömrə idi. Biz həmin illərdə təhsil
almışıq. Azərbaycan xalqı kimi musiqidə
istedadlı ikinci xalq yoxdur. Bu, doğrudan belədir, ürəkdən
gələn sözümdür, elə-belə demirəm.
Xalqımızın musiqi qabiliyyəti, xüsusilə
muğam sənətimiz əsl möcüzədir. Təsadüfən
kanalları çevirərkən bir anlıq görürsən,
ucqar kəndlərin birində bir qız sazda gözəl ifa
edir, valeh olursan. Muğam ifaçılarımızın, təbii
ki, hamısının yox, amma əksərinin ürəyə
toxunan səsi var. Şəki Festivalında xaricdən gəlmiş,
musiqiçi olmayan qonaqlarımız muğamımızı
eşidib ağlayırdılar. Musiqimiz olduqca zəngindir.
Görün, Üzeyir bəy ətrafına necə gözəl
insanlar toplaya bilib, ardıcıllıqla ideyalarını həyata
keçirib. Onu da deyim ki, opera yazanda gözümün
önünə həmişə "Koroğlu"
operası gəlir.
- Dəyərli Firəngiz xanım, yeni
yaşınızda növbəti planlarınızın, layihələrinizin
hər birinin reallaşmağını arzu edirəm. Sirr
deyilsə, o layihələrin bir qismini bölüşmək
istərdinizmi?
- Xoş arzularınıza görə təşəkkür
edirəm, əziz Aysel. Sözün düzü,
planlarımı bölüşməyi heç sevmirəm.
Ona görə ki, bəzi planları həyata keçirmək
olmur. İnsanın qəlbində arzu olaraq da qalır. Sonra
soruşurlar ki, o gözəl ideyanı niyə həyata
keçirə bilmədin? Belə suallar adama çox pis təsir
edir. Bu səbəbdən də heç vaxt
açıqlamıram. Çalışıram, işi ərsəyə
gətirdikdən sonra bildirim. Reallaşan layihələr ətrafında
danışmağı isə çox sevirəm. Layihələr,
əlbəttə, çoxdur. Allahın izni ilə, nəsib
olarsa, həyata keçirərik.
Düşünülmüş mənalı suallara görə
çox təşəkkür edirəm. Çalışqan,
istedadlı gəncimiz kimi sizə fəaliyyətinizdə yeni
uğurlar diləyirəm.
Söhbətləşdi: Aysel KƏRİM
525-ci qəzet .- 2024.- 4 iyul, №(115).- S.8-9.