Azərbaycan biomüxtəlifliyin qorunması yolunda mühüm addımlar atır

XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR ŞƏBƏKƏSİNİN GENİŞLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ ARDICIL İŞ APARILIR

 

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır. Bununla bağlı, YUNESKO-nun "İnsan və Biosfer Proqramı"na təqdim ediləcək nominasiya dosyesinin hazırlanması prosesi yekunlaşıb.

Ölkədə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər aparılır.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi son 20 ildə iki dəfəyə yaxın artırılıb. Son beş il ərzində ölkə ərazisində 10 milyondan çox ağac və kol tingləri əkilib: "Təkcə 2023-cü il ərzində ölkə ərazisində dörd milyona yaxın ağac əkilmiş, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib".

Nazir qeyd edir ki, ölkədə yeni milli park və qoruqların yaradılması istiqamətində tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi son 20 ildə 2 dəfəyə yaxın artırılaraq, 478 min hektardan 893 min hektara çatdırılıb".

M.Babayevin dediyinə görə, azad edilən ərazilərdə ekoloji mühitin bərpası istiqamətində geniş miqyaslı tədbirlər görülür, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir: "Meşə və yaşıllıq ərazilərinin artırılması, təbiət abidələrinin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində layihələr icra olunur. Yaıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilən ərazilərin "yaıl enerji" zonasına evrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keirilir".

Muxtar Babayev bildirir ki, işğaldan azad edilən ərazilərin dirçəldilməsi çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilib ki, bu da həmin ərazilərin 2050-ci ilə qədər "karbon neytrallığı zonası" elan edilməsinə imkan yaradıb. İşğaldan azad edilmiş ərazilər üçün Karbon Neytrallığı Konsepsiyasının layihəsi hazırlanıb. Aztullantılı iqtisadiyyat, "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları - bütün bunlar davamlı şəhərsalma istiqamətində ümumi səylərə töhfə verəcək. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilər böyük quruculuq, infrastruktur, eləcə də unikal ekosistemin bərpası məkanına çevrilir. Bu ərazilərdə dayanıqlı şəhər inkişafı konsepsiyası həyata keçirilir.

Nazir qeyd edib ki, dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurma işləri zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb. Eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır: "Qlobal çağırışlardan biri də iqlim dəyişmələridir. Bu gün iqlim dəyişmələri ilə əlaqədar gözlənilən risklər və baş verən fəsadlar dünyada gündəmə çevrilib. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son onilliklərdə nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. Son 50 ildə dünyada iqlim dəyişmələri ilə bağlı təhlükəli hadisələrin 5 dəfə artdığı bildirilir. Bu baxımdan insanların və iqtisadiyyatın fövqəladə hallara hazırlığı, infrastrukturun mühafizəsi və təhlükəli təbiət hadisələrinə dayanıqlılığının təmin edilməsi, erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişmələri yayda isti havaların daha kəskin, daha uzunmüddətli olması ilə nəticələnir. Digər tərəfdən yağıntıların qeyri-bərabər paylanması nəticəsində yaranan su çatışmazlığı şəhərlərin suya olan gündəlik tələbatının ödənilməsi üçün ciddi problem yaradır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda ümumi sahəsi 893000 hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir: "Bununla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir".

O əlavə edib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilib. Bəbirin respublikada mühafizəsi üçün geniş xüsusi mühafizə olunan təbiət ərazisi (XMOTƏ) şəbəkəsi var: "Son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib. Belə ki, Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı (40000 ha) var idisə, hazırda orada ümumi sahəsi 148645 hektar olan 4 XMOTƏ fəaliyyət göstərir".

F.Əliyev bildirib ki, əvvəllər mövcud olan 2906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan milli parkının sahəsi 40358 ha-ya çatdırılıb: "İşğaldan azad olunmuş ərazilərimizdə də yeni XMOTƏ-lərin yaradılması və paralel olaraq mühafizənin gücləndirilməsi nəzərdə tutulur".

Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən, biosfer qoruqları, milli parklar; təbiət parkları, ekoloji parklar, dövlət təbiət yasaqlıqları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar, geoloji parkla.

Yanğın təhlükəsizliyi qaydalarına və müəyyən olunmuş tələblərə riayət edilməsi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəs üçün məcburidir. Lakin bu cür tələblərə layiqincə əməl olunmaması səbəbindən təəssüf ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında və ovçuluq təsərrüfatlarında yanğın hadisələri baş verir. Belə yanğınlar aidiyyəti qurumların və əməkdaşlarımızın səyi sayəsində söndürülsə də, təbiətə dəyən ziyanın aradan qaldırılması uzun müddət çəkir və bəzi hallarda ümumiyyətlə mümkün olmur. Bu cür ərazilərdə baş verən yanğınlarda meşə təsərrüfatına (ağac və kol bitkilərinə, yeni ağac pöhrələrinə), fauna və flora aləminə, eyni zamanda, "Qırmızı kitab"a düşən nadir növlərə dəyən zərərin qarşısını almaq, bu ərazilərdə yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib ki, dünyada bioloji müxtəlifliyin müxtəlif qorunma üsulları var. Bunlardan ən vacibi "Qırmızı kitab"ın təsis edilməsidir. Hazırda bütün dünyada antropogen təsirlər, eləcə də bəzi təbii mühit amilləri - qlobal istiləşmə, su ekosisteminin, ətraf mühitin çirklənməsi, ümumillikdə bütün ekoloji problemlər növlərin sayının azalmasına səbəb olur. Məhz ona görə də bütün dünyada "Qırmızı kitab"lar təsis edilir. Azərbaycanda "Qırmızı kitab"ın 3-cü nəşri 2023-cü ildə işıq üzü görüb. İki hissəli olan kitab nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərini özündə birləşdirir. Bioloji müxtəlifliyin qorunmasının digər bir üsulu isə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Azərbaycanda yaradılmış xüsusi mühafizə olunan ərazilərin tarixi çox qədimdir. Lakin milli parkların yaradılmasına 2003-cü ildən başlanılıb. Hazırda ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri 893 min hektarlıq ərazini əhatə edir ki, bu da ölkə ərazisinin 10,3 faizi deməkdir. Bu rəqəm 2001-ci ilə qədər 478 min hektar idi. 2001-ci ildən bu yana xüsusi mühafizə olunan təbiət ərazisi iki dəfəyədək artırılıb. Hazırda da yeni xüsusi mühafizə olunan ərazilərin yaradılması istiqamətində iş aparılır və bununla bağlı tədqiqatlar davam etdirilir. Yeni növ, geopark və biosfer rezervatının yaradılması istiqamətində işlər aparılır. Yaxın gələcəkdə ölkəmizdə Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala Biosfer Qoruğunun yaradılması nəzərdə tutulub. Həmçinin Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması ilə bağlı işlər də aparılır. Bundan əlavə, bioloji müxtəliflik ilə zəngin olan Alazan çayı vadisində Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yardılması, İlusu Dövlət Təbiət Qoruğuna milli park statusunun verilməsi ilə bağlı işlər aparılır. Nadir və nəsli kəsilməkdə olan növlərin artırılması, populyasiyalarının bərpası istiqamətində də 2010-cu ildən layihələr həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizə Fondunun birgə dəstəyi ilə reintroduksiya layihələri davam edir: "2010-cu ildə ceyranların reintroduksiyası ilə bağlı başlanan layihə daha sonra Qafqaz zubru, nəcib maral növlərinin bərpasına təkan verib. 2010-cu ildən bu günə kimi ölkə ərazisində ceyranların mühafizə reintroduksiyası tarixi arealların bərpası layihəsi çərçivəsində Şirvan Milli Parkından ölkənin müxtəlif ərazilərinə ümumillikdə 370 baş ceyran köçürülüb və layihə uğurla davam etdirilir. 2019-cu ildən Avropa ölkələrindən Qafqaz zubrunun ölkəmizə gətirilməsinə başlanılıb, hazırda onların sayı təbii artımla birlikdə 61 başa çatıb".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 5 iyul, №(116).- S.14.