Postmodernizmin insan fəlsəfəsi:
virtual dünya fenomeni və metamodernizmə keçid
İnsana və dünyaya baxışın yeni fəlsəfi
etapı olan postmodernizm özündən öncəki fəlsəfi
biliyə güclü zərbə endirərək tam yeni
dünyagörüşü sisteminin əsasını qoya
bildi. Varlığı istehza obyektinə çevirən, bu
prosesin kobud eklektika və sağlam məntiqin şübhə
altına alınması ilə müşahidə edildiyi
postmodernizm zamanında inqilabi cərəyan kimi səciyyə
edilən modernin də kanonlarını dağıdaraq tam yeni
fəlsəfi düşüncə sistemi, daha doğrusu,
sistemsizliyə əsaslanan fəlsəfi sistem yaratdı.
Günümüzün reallığı olan postmodern cəmiyyətin
özülünü hedonist istehlak təşkil edir və
postmodern insan heç bir böyük bəşəri ideyaya
bağlı deyil. Bu səbəbdən də müəllifin
ölümü - insanın transformasiyası postmodernin əsas
simvoluna çevrilir, heç bir yüksək, bəşəri
ideyaya malik olmayan insan sonunda özünü, öz insan mahiyyətini
inkar edərək yoxa çıxır. Postmodern cəmiyyətin
informasiya seli altında qalan insan işarələr, simulyakrlar
aləmində yaşamağa məhkumdur. Qərb intellektual
fikrinin sıralarına 10 Nobel mükafatı laureatının
da daxil olduğu bir qrup nümayəndəsi tərəfindən
dərc olunmuş "Humanist manifest 2000" adlı proqram məqaləsində
bu məqam aşağıdakı şəkildə etiraf
edilir: "Bəşəriyyətin mirası olan öncəki
ideya və ənənələrin əksəriyyəti
artıq yeni realilərə və gələcəyin bizə
gətirəcəyi məqamlara cavab vermir".
Postmodernizmin fəlsəfəsi insanı əlavəyə,
yenilənməyə, tamamlanmağa ehtiyacı olan varlıq
kimi görür. Bu tamamlanma da süni effektlərin əlavəsi
ilə yerinə yetirilir: kosmetik əməliyyatlar, implantlar,
filter proqramları buna bariz təzahürdür. Postmodernizmin təməl
anlayışı olan "müəllifin
ölümü" ümumən "insanın
ölümü"dür və postmodern insanın
ölümünü bütün ipostaslarda həyata
keçirir, onu oxucu, müəllif, şəxsiyyət,
fövqəlbəşər yaradıcı kimi məhv edir.
Lakin yenə də bu insanın tamamilə məhvi deyil.
Postmodernizm məhz klassik, ənənəvi insan
anlayışını məhv edərək transinsan, postinsan
modelini təklif edir. Postmodernizmin təklif etdiyi
transformasiyaların anoloji nümunələrinə daha öncəki
əsrlərdə də rast gəlinir. Lakin qədim dövrlərdə
bu transformasiyalar müəyyən müqəddəs xarakterə,
ideoloji mənaya malik idi. Postmodernizmdə isə bu
transformasiyalar hər hansı məna yükündən məhrumdur.
Postmodern tarnsformasiyalar parodiya, sarkazm əsasında yaranır
və Rene Dekartın şübhəyə əsaslanan fəlsəfəsi
postmodernizmdə ən yüksək səviyyəsinə
çatır. Onun məşhur kəlamı olan "cogito
ergo sum" - "düşünürəmsə, deməli,
mövcudam" məhz şübhədən doğan analitik
fikrin nəticəsi idi. Şübhə etmək
düşüncənin, mühakimənin ilkin etapıdır.
Azərbaycanın filosof şairi, romantizmin dahi nümayəndəsi
Hüseyn Cavid şübhənin insanın kamilliyə gedən
yolunun ilkin etapı, bəşəri düşüncənin əsası
olduğunu qeyd edir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: yaradan
Hər zaman, hər tərəfdə nur əfşan,
Fərqsiz onca həp zəmanü məkan...
Şübhə artarsa, həm yəqin artar,
Mərifət nuru şübhədən parlar.
Ferdinand Sössürün dil konstruksiyalarının
öz realiləri daxilində yaşaması, insandan və real
həyatdan asılı olmaması fikri də postmodern fəlsəfənin
əsasıdır. Postmodernizmin "bu dünyada hər
şey mümkündür" şüarı virtualı
obyektivliyə, oyun virtuallığına yolun
başlanğıcıdır. Postmodern deksonstruktiv dünyada
norma və patologiya, mədəni və qeyri-mədəni
arasında sərhəd pozulur. Postmodernin təklif etdiyi yeni
dünya düzənində əsas hakimiyyət
informasiyanındır. KİV, TV, İNTERNET dünyadakı
mediaimperiyanın əsas strukturlarıdır və
dünyanın taleyi, bəşəri ssenarilər bu
mediaimperiyada yazılır.
Virtual aləmdə və onlayn mühitdə ədəbiyyat
postmodernizmin maraqlı tərəfləridir. Yeni texnologiyalar və
internetin imkanları yazıçı və şairlərə
forma və məzmunla təcrübə aparmağa, innovativ və
interaktiv əsərlər yaratmağa imkan verir. Neoədəbiyyat
və onlayn ədəbiyyat rəqəmsal dövrdə mətn,
müəlliflik, oxucu və ünsiyyət haqqında dəyişən
fikirləri əks etdirir. Virtual aləm yeni ədəbi forma və
janrların inkişafına təkan verir, həmçinin
poeziya sənətini özünüifadə və
tamaşaçı ilə qarşılıqlı əlaqə
üçün yeni imkanlarla zənginləşdirir. Formal
olaraq onlayn ədəbiyyat dedikdə ədəbi bloqlar,
internet layihələri və forumlar nəzərdə tutulur.
Onlayn ədəbiyyat çox vaxt internetdə yerləşdirilən,
lakin kağız üzərində dərc olunmayan orijinal əsər
deməkdir. Bu ədəbiyyat həm müsbət, həm də
mənfi bir sıra xarakterik fərqlərə malikdir.
Şəbəkə ədəbiyyatının əsas
xüsusiyyətləri aşağıdakılardır:
qeyri-xəttilik - hiperlinklər sayəsində müəllif
mətn daxilində ixtiyari əlaqələr qura bilər.
interaktivlik - onlayn mətn bir neçə insanın
birgə yaradıcılığı üçün daha əlverişlidir
multimedia - digər sənət növlərinin
fraqmentlərini onlayn mətnə daxil etmək çap mətninə
nisbətən daha asandır. Postmodern mətndə realla irreal
arasında sərhəd silinir və bu bədii mətndə
şizofrenik izlər, elementlərlə müşayiət
olunur. Postmodernin virtual dünyası COVID infeksiyası
zamanı öz mövqelərini daha da möhkəmləndirdi
və postmodernist oyun fenomeni də məhz virtuallıqda daha əyani
şəkildə təzahür etdi.
Son illərdə bir sıra tədqiqatçılar
postmodernizm dövrünün bitdiyini və yeni dövrün -
metamodernin başlandığını iddia edirlər.
Metamodernizmi müstəqil cərəyan kimi deyil, postmodernin
daha yüksək səviyyəsi kimi qiymətləndirən tədqiqlər
də var. Metamodernizm postmodernizmin ironik yanaşdığı
dəyərləri yenidən topluma qazandıran bir cərəyandır.
Metamodern yanaşmada ironiyadan daha artıq səmimimlik,
barış, bərpa notları üstündür.
Hal-hazırda metamodernizm tez-tez postmodernizmdən sonra gələn
mədəni və fəlsəfi hərəkatı təsvir
etmək üçün istifadə olunan bir termindir. Bu
baxımdan metamodernizm bir cərəyan olaraq postmodern və
modernist ideyaların sintezini təklif edir, onlar arasında
tarazlıq tapmağa çalışır. Tez-tez
dağıdıcılığı və heterogenliyi
vurğulayan postmodernizmdən fərqli olaraq, metamodernizm
dünyanın müxtəlifliyinə və mürəkkəbliyinə
sayğını qoruyaraq müəyyən dəyərlərə
və normalara qayıdış ideyasını təklif edir.
Beləliklə, metamodernizm bütövlükdə
postmodernizmin bəzi məhdudiyyətlərini və ifrat
mövqelərini dəf etmək cəhdi, müasir
dünyanın yeni sintezinə və dərkinə can
atması kimi qiymətləndirilə bilər.
Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
525-ci qəzet .- 2024.- 5 iyul, №(116).- S.13.