Möhtəşəm
duet
"Sadəcə
Niyazi" silsiləsindən
...Məşq qabağı musiqi alətlərinin
bir-biri ilə dil tapmayan, bir-birinə hörülməyən,
hərəsi bir avaz oxuyan pərakəndə səslərini dəfələrlə
eşitsə də, bu dəfə maestroya elə gəldi ki, səslərin
belə sistemsiz harayında da nə isə bir hikmət var - elə
bil onlar da insanlar kimi öz taylarını axtarır, bir-birlərini
dişlərinə vurub yoxlayırdılar.
Qəfildən nə vaxtsa oxuduğu bir fikir yadına
düşdü: "Əslində xaos olmasa, harmoniya da olmaz.
Harmoniya nizama salınmış xaosdur".
Elə səslər səltənətində də
belədir - düşündü. - Onlar dünyaya tək-tək
gəlir, sonra yolları kəsişdiyindən bir-birləri ilə
toqquşub öcəşə-öcəşə axırda
dil tapır, bir-birlərinə hörülüb
dürlü-dürlü əsərlərə çevrilirlər.!!
Köklənən, sazlığı yoxlanılan
simli, klavişli, nəfəs alətlərindən
çıxan səslər dəhlizdən keçib onun
kabinetinin divarlarını, qapısını döyərək
sanki maestroya minnətə gəlmişdilər: "Səni
gözləyirik, maestro. Gəl, sehrli əllərinlə,
barmaqlarının rəqsi ilə bizləri nizama sal,
barışdır. Axı bizim dilimizi sənin qədər dərindən
bilən yoxdur".
Maestro masanın üstünə səpələnmiş
not kağızlarını səliqə ilə üst-üstə
yığıb bir tərəfə, qələmi qələmdana
qoydu. Ayağa qalxıb pəncərə tərəfə getmək
istəyirdi ki, telefon zəng çaldı. Bu dəfə dəstəyi
qaldırmadı, səmtini dəyişərək kabinetin
qapısını açıb qəbul otağına
keçdi.
Dəstəyi qulağına tutub cavab gözləyən
qız cəld ayağa qalxdı, özünü itirdiyinə
görə elə dəstək əlində titrək səslə
dedi:
- Niyazi müəlim, vallah, dedim ki, indicə məşq
başlayacaq. Amma...
Belə vəziyyətlərdə, adətən, əsəbiləşən
maestro bu dəfə gülümsədi, yaxınlaşıb dəstəyi
qızın əlindən aldı və ehmalca öz yerinə
qoydu. Başını qaldırıb sağ tərəfə
baxanda divanın yanında dayanmış orta yaşlı
qadını və demək olar ki, onun arxasında gizlənməyə
çalışan balaca qız uşağını
gördü.
- Xanım deyir ki, Niyazi müəllimlə üç
dəqiqəlik işim var. Cəmi üç dəqiqə.
Üz-gözümdən yorğunluq və
nigarançılıq yağan qadın musiqiçiyə
oxşamırdı. Təhər-töhüründən deyərdin
ki, bütün günü ev işləri ilə məşğul
olan adi qadındır. Deyəsən, evdən tələsik
çıxdığından heç
üst-başını da əməlli-başlı qaydaya sala
bilməmişdi. Çox qayğılı
görünürdü.
"Görəsən, bu qadının mənimlə
üç dəqiqəlik nə işi ola bilər?" - deyə
maestro öz-özünə sual verdi.
- Bağışlayın, Niyazi müəllim.
İnanın ki, məcbur olub gəlmişəm. Başqa əlacım
yox idi.
- Nə olub axı? - hövsələsizliyi ilə ad
çıxarmış maestro tələsik saatına
baxıb soruşdu.
- Deməyə də utanıram, vallah. Bizim bu uşaq
dünən sizdən yaman qorxub. Az qalmışdı ki, ürəyi
getsin...
"Paho!!! Bircə bu çatmırdı. İşə
düşmədik! Bu qadın nə danışır, nə
demək istəyir axı?"
- Necə yəni qorxub? Mən cin-şəyatinəm məgər?
Çıldaqçılıqdan da başım
çıxmır ki, uşağın qorxusunu götürəm
- hiss olunurdu ki, əsəbləri yavaş-yavaş tarıma çəkilir.
- Bax, bu uşaq... - qadın arxasında dayanıb onun
paltarından bərk-bərk yapışan uşağın
qolundan tutdu və sonrakı sözləri ona dedi - Niyə gizlənmisən,
qızım? Qorxma, irəli gəl, bax gör mən deyəndir,
ya yox? Dünən televizorda gördüyün əmidir də.
Görürsən, heç çubuq-zad da yoxdur əlində.
Maestro bayaqdan anasına qısılmış
uşağın sifətini yalnız indi gördü və
duruxub qaldı; uşaq şişib qıpqırmızı
olmuş gözlərini bərəldərək ona zilləmişdi
və bu gözlər qorxu, təəccüb və heyrətlə
elə yüklənmişdi ki, maestro bir balaca diksinən kimi
oldu.
- Bir az müfəssəl olar?
Qadın çantasından
çıxardığı cib yaylığı ilə
görünür, həyəcandan alnında
puçurlanmış təri silə-silə
danışmağa başladı:
- Dünən axşam televizoru yandırıb mətbəxə
keçdim ki, yemək hazırlayam. Bu uşaq da oturub şəkil
çəkirdi. Qəfildən ucadan qışqırıb
ağlamağa başladı. Cəld otağa qaçıb
soruşdum ki, bala, nə olub, barmağı ilə ekranı
göstərdi...
Qadın sözünə ara verdi. Görünür, nəyə
görəsə tərəddüd edir, fikrində nəyisə
ölçüb-biçirdi.
- Nə gördünüz ekranda? - maestro bir uşaq marağı ilə
soruşdu.
Qadın başını aşağı salıb
utana-utana, titrək səslə dedi:
- Sizi, Niyazi müəllim...
Söhbət elə səpkidə gedirdi ki, maestro
bayaqdan hamının ayaq üstə dayandığını
unutmuşdu. Əli ilə "oturun" işarəsi verəndən
sonra özü də sol tərəfdə - divanla üzbəüz
qoyulmuş kresloda əyləşdi. Qorxunc nağıl qəhrəmanlarını
yaddaşında dirildə-dirildə zarafatla dedi;
- Xanım, sizcə, mən o filmdə deyilir ey, cinə,
şeytana oxşayıram?
- Əstəğfürullah, Niyazi müəllim... -
qulaqlarının dibinə qədər qızaran qadın cəld
cavab verdi.
- Onda xahiş edirəm, deyin - bu göyçək
qız məndən nə üçün qorxmuşdu?
Qadın boğazını arıtlayıb
danışmağa başladı;
- Elə mən də əvvəlcə
çaşıb qaldım. Soruşdum, a bala, nədən
qorxmusan. Handan-hana hıçqıra-haçqıra dedi ki,
bax əlində çubuq tutan o əmidən. Bir azdan əlindəki
o çubuqla qarşısında oturmuş o biri əmiləri,
sonra da məni daşa döndərəcək.
Maestronu gülmək tutdu:
- Deməli, məni adamları daşa döndərən
sehrbaz Kosaya oxşadıb, hə?
Qadın başını aşağı salıb bir
anlığa susdu. Sonra əlində didişdirdiyi
yaylığa baxa-baxa dedi:
- Kiridə bilmədim səhərə qədər.
Axırda buranın ünvanını öyrənib gətirdim
ki, sizi yaxından görsün, bilsin ki, siz əslində
kimsiniz və çubuğunuz da o çubuqdan deyil.
Maestro musiqi sahəsində uşaqların hələ
bağça yaşından sistemli şəkildə maarifləndirilməsinin
vacibliyi barədə rəsmi dairələrdə dəfələrlə
məsələ qaldırmışdı. Özü də hər
dəfə israrla demişdi ki, bu iş quru söhbət şəklində
yox, uşaqların başa düşdükləri dildə,
praktiki şəkildə aparılmalıdır. O, ölkədə
simfonik musiqiyə olan marağın üfüqlərinin
genişlənməsinin yolunu bunda görürdü.
Doğrudur, son illər aşağı siniflərin dərs
proqramlarına "Musiqi" fənni də
salınmış, hətta dərsliklər də nəşr
olunmuşdu. Amma maestro onlardan birini vərəqləyəndən
sonra sevinmək əvəzinə əməllicə dilxor
olmuşdu. Çünki kitab uşaqların başa
düşməyəcəyi dildə yazılmışdı.
Hətta yazılmışdı demək də düz
olmazdı: dərslik adlandırılan bu kitab gözə
kül üfürmək üçün tələsik tərtib
olunmuş boş söz yığınından başqa bir
şey deyildi.
İndi bu qadının xəcalət çəkə-çəkə
danışdığı qeyri-adi hadisə, uşağın
az qala sümüyünə qədər işləyən
qorxu, vahimə həmin biganəliyin, laqeydliyin nəticəsi
deyildimi? Hələ bu harasıdır. Bir neçə il əvvəl
eşitdiyi bir əhvalat maestronu elə təəccübləndirmişdi
ki, bilməmişdi neyləsin - şaqqanaq çəkib
gülsün, yoxsa ağlasın. Eşitmişdi ki, məktəblərin
birində musiqi dərsində şagirdin "Müəllim,
dirijor deyilən şəxs nə üçün
ifaçıların qarşısında dayanıb əl-qol
hərəkətləri edir? Bu hərəkətlərin mənası
nədir?" sualına belə cavab verib ki, bala, əslinə
qalanda heç nə. Çubuqdur da, götürüb ora-bura
fırlayır. Bunu nənəm də edər...
Belə...
Maestro bir az çətin, naqolay vəziyyətə
düşmüşdü. Bu qeyri-adi qonaqları elə-belə,
həmin o uğursuz dərsliklərdə
yazılmış qəliz sözlərlə təlimatlandırıb
yola salmaq düzgün olmazdı. Di gəl, bu dəqiqələrdə
uşağın könlünü almaq üçün
konkret nə etmək lazım olduğunu tapmaq da asan məsələ
deyildi.
Maestro qalxıb anasına qısılmış
uşağa baxdı:
- Qızım, yaxın gəl, görüm.
Bir az sakitləşsə də, dünənki təlaş,
vahimə canından tam çıxmamış uşaq tərəddüdlə
anasına baxdı - yəni gedim, yoxsa yox?
- Dur qızım, get gör əmi nə deyir.
Qız qalxdı, ürkək addımlarla maestroya tərəf
gəlib düz qarşısında dayandı.
Maestro onun yumşaq saçlarını
sığalladı:
- Adın nədir, bala?
- Lalə...
- Boy, nə qəşəng adın varmış sənin...
Bilirsən, Lalə bala...
Və maestro bəlkə də həyatında ilk dəfə
sözünün ardını gətirə bilmədi...
Bilirdi ki, bu balaca uşağa dirijorluq sənətinin
mahiyyəti, etdiyi jestlərin - o jestlərin ki,
uşağın psixikası hələ qəbul etməyə
hazır olmadığına görə duyğularının
prizmasından keçib həzz, xoş ovqat əvəzinə
vahimə aurası yaratmışdı - dili barədə ən
sadə sözlərlə belə uşağa heç nə
anlada bilməyəcək, bəlkə də əksinə,
qaş düzəltdiyi yerdə vurub gözü də
çıxaracaq. Uşağı nə isə başqa bir
yolla sakitləşdirmək, deyilənlərə inandırmaq
lazım idi
Qəfildən çevrilib iti addımlarla kabinetə
girdi, seyfi açıb oradan nə isə götürü və
pencəyinin qoltuq cibinə qoydu. Sonra qəbul otağına
qayıtdı, "Xahiş edirəm, mənimlə gedək"
- deyə qadına müraciət etdi və sonra qapını
açıb foyeyə çıxdı. Karıxmış
qadın tərəddüdlə katibə qıza baxdı.
Qız başının yüngül hərəkəti ilə
işarə elədi ki, maestronun ardınca getmək
lazımdır.
Onlar filarmoniyanın böyük salonuna daxil olanda səhnədə
öz yerlərini tutub səbirsizliklə gözləyən
musiqiçilər duruxub qaldılar - ilk dəfə idi ki,
mastro məşqə yad adamlarla gəlirdi. Onlar indiyə kimi
belə şey görməmişdilər.
Birinci sıranın qarşısında dayanıb pencəyini
çıxartdı və skamyanın söykənəcəyinin
üstünə atdı. Sonra üzünü qadına tutub:
- Zəhmət olmasa, əyləşib bir az gözləyin
- dedi. - Biz Ll xanımla bir az işləyəcəyik.
Sonra çevrilib təbəssümlə uşaqdan
soruşdu:
- Hə, Ll bala, başlayaq?
Qız duruxub qalmışdı, bilmirdi nə etsin, nə
desin.
Maestro onun əlindən yapışdı. Sağ tərəfdən
səhnəyə qalxıb dirijor pultunun yanına çatanda
irəli keçib lap başda əyləşmiş
skripkaçı ilə görüşdü. Sonra arxaya
çevrilib dedi:
- Gorürsən, qızım, burda əyləşmiş
əmilərin əllərində müxtəlif musiqi alətləri
var - skripka, truba, kontrabas, fleyta, qaboy, violonçel və sair.
Onlar hamısı bir yerdə hansısa bir əsəri səsləndirməlidirlər.
Müxtəlif səslər çıxaran alətlərin bir
yerdə səsləndirdikləri belə əsərlərə
çoxsəsli əsərlər deyilir. Amma burda bəzi incəliklər
var. Məsələn, bir qrup alət bir melodiyanı səsləndirəndə
olsun ki, digər alətlər başqa hava çalsınlar,
yaxud sussunlar. Başa düşürsən nə deyirəm?
Uşaq çaşıb qalmışdı: gah
üzünü çevirib zalda əyləşmiş
anasına, gah gözlərini maestroya zilləmiş
musiqiçilərə, gah da get-gedə daha da mehribanlaşan,
"sehrbaz" imicini itirən arıq kişiyə - maestroya
baxırdı.
Hiss etdi ki, uşağın onun dediklərini başa
düşməsi dəryada balıq sevdası kimi bir
şeydir və nə isə daha təsirli, amma sadə bir jest
etməlidir. Qəfildən üzünü qadına tutub
xahiş etdi ki, pencəyini ona versin. Amma onu əyninə geyinmədi,
əlini qoltuq cibinə salıb bir vaxtlar gənc
dirijorların beynəlxalq müsabiqəsində qalib kimi
qazandığı qızıl dirijor çubuğunu
çıxartdı. Çubuq tavandan asılmış
çilçırağın işığında bərq
vururdu.
Maestro çubuğu qıza uzadıb dedi:
- Tut bunu görüm.
Çubuğun rəngi, parlaqlığı
uşağım xoşuna gəldi. Əlini uzadıb onu
aldı.
Maestro pultun üstündəki o biri çubuğu
götürüb dedi:
- Bax, Lalə biz indi bu çubuqların köməyi
ilə müxtəlif alətlərdən gələn müxtəlif
səslərin bir-biri ilə dil tapmasına, yeri gələndə
bir-biri ilə döyüşməsinə, biri-birinə yol
verməsinə, axırda da bir-birlərinə təslim olub
ümumi bir melodiyaya çevrilməsinə kömək edəcəyik.
Dirijor bunun üçündür. Əslində sən
düz tapmısan - o da sehrbazdır, amma adamları daşa
döndərmir, əksinə, səsləri idarə edə-edə
kağız üzərindəki cansız notlara nəfəs,
həyat verir.
Çubuq əlində donub qalmış qız
ağzını açaraq maraqla ona qulaq asırdı.
- Sənin ən çox, sevdiyin mahnı
hansıdır? - maestro soruşdu.
Nəhayət, qızın dili açıldı:
- "Qatar gəlir"...
- Ay sağ ol. Fikrətin mahnısıdır. Bax, biz
indi səninlə bir yerdə o mahnıya nəfəs verəcəyik.
Bunu deyib üzünü musiqiçilərə
çevirdi, əlindəki çubuğu qaldırıb bayaq
görüşdüyü skripkaçıya göz vurdu və
hər iki əlinin hərəkəti ilə
"Başla" işarəsi verdi.
Əvvəlcə arxa sıradan qatar təkərlərinin
tıqqıltısını xatırladan səslər
eşidildi və elə bu fonda da mahnının oynaq, şən
melodiyaları o biri alətlərin "canından" zala
süzüldü.
Maestro üzünü qıza çevirib işarə
elədi ki, sən də hərəkətə keç, mənim
etdiklərimi təkrarla. Qız gülümsəyərək
çubuğu qaldırdı, amma təbii ki, əlinin hərəkətlərini
heç cürə mahnının taktına, ritminə
uyğunlaşdıra bilmədi. Amma çox qəribədir
ki, bundan pərt olmadı, o biri əlini də qaldırıb
rəqs edirmiş kimi ritmik hərəkətlər etməyə
başladı. Bunu görən maestro da ona qoşuldu...
Bir dəqiqədən sonra isə maestro və qız
səs-səsə verib orkestrin müşayiəti ilə
oxuyurdular:
Tez gəl, tez gəl, ey qatar,
Yel kimi əs, ey qatar...
...Məşq bitdi və dünən zəhmli
simasından, jestlərindən qorxub səhərə kimi
yatmayan qızcığaz indi qarşısındakı bu
mehriban, uşaq təbəssümlü kişinin
qucağına atılıb onu öpmək istəyirdi
Onlar əl-ələ qəbul otağına
qayıdanda şəstlə, qalib görkəmində
addımlayan Lalə bəlkə də dünyanın ən
xoşbəxt uşağı idi.
Sağollaşanda maestro yenə də əlini pencəyinin
qoltuq cibinə salıb parıldayan çubuğu
çıxartdı və dedi:
- Lalə bala, unutma ha - bu çubuqla məndən
sonra dirijorluq edən yeganə şəxs sən oldun.
Maestro bunu deyib güldü, sonra üzünü katibə
qıza çevirib nəyəsə işarə etdi. Qız dərhal
masanın daxılını açıb kiçik, ensiz bir
futlyar çıxartdı. Maestro onun qapağını
açıb içindən təptəzə bir dirijor
çubuğu çıxartdı.
- Bax, bunu isə bizim bu qeyri-adi məşqimizdən
xatirə kimi saxlayarsan. Vaxt gələr, ona baxıb bu
günü yada salarsan.
Qız qəfildən irəli atılıb maestronun dizlərini
qucaqladı.
Maestro bu dəfə əlini yan cibə saldı. Deyəsən,
cib yaylığını axtarırdı...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2024.- 5 iyul, №(116).- S.12;13.