Səslər və rənglər
poeziyası
ÇİNGİZ ƏLİOĞLUNUN 80 YAŞINA
Altmışıncı illərin sonlarında
poeziyamızda yeni bir imza göründü: Çingiz
Əlioğlu. Yaxşı ki, bu ad yaddaşlara tez həkk
olundu. Buna səbəb Çingizin şeirləri idi.
"Öz cığırlarımı axtarmalıyam" deyən
şair "Nikbinlik" (1969) və
"Vağzallar,..Yollar..." (1974) şeirlər
kitablarında bu istəyinə nail ola bildi. Sonralar
Çingizin çox kitabları işıq üzü görəcək,
şeirləri rus, özbək, qazax, gürcü, Litva,
latış və sair dillərə tərcümə olunacaq.
Azərbaycan ədəbi tənqidi onun
yaradıcılığına qətiyyən biganə
qalmayacaq... Səksən yaşı tamam olan Çingiz
Əlioğlu haqqında söhbətə də elə bu
nöqtədən başlamaq istəyirəm.
Ədəbi gəncliyin
yaradıcılığına həmişə qayğı
ilə yanaşan, xüsusilə bir istedad görəndə
sevincini gizlətməyən Xalq şairi Rəsul Rza hələ
1968-ci ildə yazmışdı: "Şairi tanımaq
üçün bir xarakterik şeir də kifayətdir. "Nə
yaxşı ki..." şeirindəki təfəkkür
Çingizin istək və imkanları haqqında söz deməyə
əsas verir. Həmin şeiri oxuyarkən mən Nazim Hikmətin
çinar, göl, pişik və günəşdən bəhs
edən şeirini xatırladım. Böyük bir şairlə
bir həvəskar gəncin sənətkarlığı,
poetik ifadə, söz bitkinliyi arasında nə qədər fərq
olsa da, intonasiya baxımından bu şeirlərdə bir
yaxın oxşarlıq var. Ona görə yaxın
oxşarlıq deyirəm ki, bu oxşarlıq təqlid, bənzətmə,
hətta təsir belə deyil. Bu yalnız poetik təfəkkür
oxşarlığı, duyğu yaxınlığı, təəssürat
bənzəyişidir".
Rəsul Rza kimi ustad bir sənətkarın Çingiz
Əlioğlunun ilk yazılarına belə bir
qayğısı heç şübhəsiz, böyük
etimad idi. Sonralar "Nə yaxşı ki..." şeirini
Çingizin hər bir kitabında izlədim və hiss etdim ki,
illər keçsə də, həmin şeir öz bədii,
poetik təravətini itirmir. Təkcə ona görə yox ki,
bu şeirə ustad əli sığal çəkib, həm də
ona görə ki, göstərilən şeirdə
Çingizin yaradıcılığı üçün səciyyəvi
olan momentlər öz əksini tapır:
Nə yaxşı ki, gözlərin var,
Kimsə qəlbimə dəyəndə
Ürəyim
kirpiklərinin kölgəsində
təsəlli tapır.
Çingizin "Görüşdən
ayrılığa" adlı kitabına ön söz
yazmış mərhum Aydın Məmmədovun maraqlı,
düşündürücü mülahizələrini
xatırlayıram: "Çingizin şeirlərində nə
obrazlılıq naminə söz oyunu var, nə də tənqidçilərimizin
tez-tez qeyd etdiyi "fəlsəfəçilik", nə həddən
artıq sərbəstlik var, nə də ənənəçi
görünmək xatirinə fikrin məcrasını zorla,
süni şəkildə
yığıb-yığışdırıb heca trafaretlərinin
daxilində qəlibləşdirmək; Çingizin şeirlərində
fikir azadlığının, ehtiras və təlatüm sərbəstliyinin,
mühitlə toqquşmada şair içinin
"qazandığı" göynəmələrin, sevinc və
hayqırtını, üsyan və etirazın bəzi hallarda
qışqırıq səviyyəsinə çatan, bəzi
hallarda isə için-için sızıldayan,
"mızıldanan" ritmini təbii şəkildə verməyə
qadir olan forma elastikliyi var və bu elastiklik görünür
ki, şeirin meydana gəlməsi şərtləndirən
ilkin motivlə, başqa şəkildə desək, şeirin
mövzusu ilə birlikdə doğulur, hər motiv, hər
mövzu, hər hava zəruri şəkildə də
özünün deyim tərzini, ifadə formasını diktə
edir". Mərhum həmkarımın Çingizin şeirləri
barədə bu mülahizələri də
inandırıcı, səmimi idi. Həmin ön sözdə
Çingiz Əlioğlu bir şair kimi öz fərdi aləmi
və üslubu ilə təqdim olunurdu. Sonralar Çingizin yaradıcılığı
barədə çox yazılar qələmə
alındı.
Mənim fikrimcə, Çingizin poeziyası rənglər
və səslər poeziyasıdır. Onun ən uğurlu
şeirlərində təbiətin, dünyanın və insan
qəlbinin rənglərini poetik duymaq qabiliyyəti nəzərə
çarpır. Onun altmışıncı illərin
sonlarında yazdığı "Toğrul Nərimanbəyovu
emalatxanasında" triptix-şeirini o illərin ən
çox diqqəti cəlb edən bir sərbəst şeir
nümunəsi kimi qiymətləndirmək olar. Əvvəla,
bu şeirdə bir çox komponentlər öz yerindədir,
qafiyə azlığı hiss olunsa da, bu cəhət
şeirin gözəlliyinə xələl gətirmir.
Şeirdə ritm var, ahəng var, misralar arası rabitə
heç bir məqamda qırılmır. Həmçinin,
obrazlı ifadələr, assosiativ şeirə məxsus deyimlər,
bənzətmələr... Şair Toğrul Nərimanbəyovun
emalatxanasında tamaşa etdiyi əsərlərdən
aldığı təəssüratı bədii sözün
yaratdığı lövhələrə çevirmişdi:
Budaqdan qopmuş
nar kimi,
Üfüqə diyirləndi
gülöyşə günəş.
Qıpqırmızı
nar şirəsinə
bulaşdı qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs ulduzlar
səpiləcək səmaya.
Nar çiçəyi kimi
çıttayacaq
pəncərələrdə işıqlar.
Adicə bir predmetdə - səsdə, küləkdə,
yaz havasında, işıqda dünyanın rəng və
çalarlarını görmək və bunları poetik
müşahidə obyektinə çevirmək hər şairə
qismət olmur. Çingizin ilk şeirlərindəki
uğurları da məhz buradan başlanırdı. Şairin
lirik qəhrəmanı günlərin birində "bekar və
kara gəlməz avara bürkünün" əlindən
şikayətlənir, amma birdən bu söhbət başqa rəng
alır. Yayın ortasındakı başgicəlləndirən
bürküdən-təbii iqlim sferasından pulgir
bazarların möhtəkir bürküsünə, qardaş
qırğını gedən İranın, Kampuççili
uşağın ac körpə baxışlarının,
Hindistandakı musson yağışlarının,
Avropadakı raket tünlüyünün bürküsünə
düşürsən və bir udusluq təmiz hava, genişlik
istəyirsən.
Çingizin elə ilk şeirlərindən bu yana
assosiasiyalar, ayrı-ayrı təsəvvürlər
arasındakı əlaqələr oxucular üçün
yeni idi.
Şüa-şüa
Barmağının ucundan
Dünyamıza axan
Qara gözlərinin içindən
Kədərli işıqla
Gözümüzə bir dəcəl baxan,
Lopabığ, qıvrımsaç
Bir oğlan yaşayırdı...
Bu oğlan Vaqif Mustafazadə idi. "Barmaqları
ağlayan-gülən, yaşayan-ölən, boy-boy nəğmə,
rəng-rəng nəğmə biçən,
könlümüzə-gözümüzə işıq
daşıyan" həmin Vaqif.
Barmaqları Qırat kimi,
Barmaqları Dürat kimi
Haçandı dünyadan
Köçmüş Vaqifi
O qara dünyadan
Bu ağ dünyaya
Gətirmək istəyir...
Gətirə bilmir.
Çingiz Əlioğlunun şeirlərindən
söz açan digər həmkarım - Nizaməddin Şəmsizadə
yazır: "Çingiz Əlioğlu Azərbaycan türkcəsinin
poetik imkanlarını istedad və həssaslıqla aşkara
çıxaran, söz "ceyran dalına çıxanda"
bu dilin seyrinə və möcüzəsinə tapınan
şairdir. Bəli, onun poeziyası sadə deyil, hər kəsə
öz qoynunu açmır, səviyyəli oxucu ilə dilləşə
bilir". Əlbəttə, bugünkü oxucuların
heç də hamısı səviyyəli deyillər, amma
Çingizin müəyyən oxucu auditoriyası da var ki, istər
onun hecada və sərbəstdə yazılan şeirlərini,
istərsə də "postmodern paradiqma hüdudlarında
tişə-fırçaya qazılıb-yazılmış
simfopoema yaratmaq cəhdi" kimi səciyyələndirdiyi
"Of!!!" silsiləsini xoşluqla qarşılayır. Bu
baxımdan onu həm də eksperimentçi bir şair kimi də
tanıyırıq. Amma bu eksperimentləri poetik
axtarışlar hesab edirik.
Onun şeirlərindən söz açan müəlliflər
- içi mən qarışıq - nədənsə,
Çingizin sevgi şeirlərindən bəhs etməmişlər
(ya da çox cüzi). Halbuki onun sevgi şeirləri sonu duvanqapma
ilə bitməyən bir dastanı xatırladır. Bu
"dastanda" klassik poeziyadan və bayatılardan,
ayrılıq nəğmələrindən qopub gələn,
əvvəli vüsalla başlayan, sonu hicrana köklənən
etiraflar səslənir. "Fikir axını" bu şeirlərə
də hakim kəsilir.
Səni ayrılıq deyil,
Vüsal məndən alıbdır.
Üzünü görmədiyim
Günlər yadda qalıbdır.
Vurmadığın zərbənin
Yarası daha dərin.
Demədiyin sözləri
Çətin unudam, çətin!
Qurtaraq bu söhbəti,
Bəlkə də çox uzatdıq
Mən azadlıq quluyam,
Demək... yoxdur azadlıq...
Çingiz Əlioğlunun 80 yaşı oldu! Vallah, mən
bu yaşın Çingizi yaxaladığına inana bilmirəm.
Heç cür! Amma onun keçdiyi ömür yolunu, şair
taleyini düşünəndə deyirəm ki, Çingiz bu
yaşa Ustad kimi gəlib. Çünki: minillik Azərbaycan
poeziyasının ənənələrini bir novator şair
kimi davam etdirdi. İstər ona realist şair deyin, istər
romantik, istər modernist - O, Şairdir: 60 ildən bəri Azərbaycanımızın
ən gözəl şairlərindən biri!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2024.- 5 iyul, №(116).- S.11.