Bakıdan Füzuliyə,
Şuşadan Zabuxa kimi...
İki günlük asudə vaxtım var idi. Rəsmi
tədbirlər, müsahibələr, görüşlər-filanların
da olmadığı bu iki günü necə keçirmək
haqqında çox düşünmədim. Çoxdan arzusunda
olduğum yerlərə getmək qərarında idim.
Ömrümün bu iki günü ən dəyərli məqamlar
kimi yaddaşıma yazıldı. Təəssüratlardan
ayrılmamış, yadımdan çıxmamış o
günlərin xoş duyğularını hörmətli
oxucularla bölüşmək istəyirəm.
Edəməm tərk, Füzuli...
Nə üçünsə maşınımız
Füzuliyə yaxınlaşdıqca, böyük Füzulinin
bu misraları ürəyimdə təkrarlanırdı:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!..
Nə gizlədim, işğaldan əvvəl bu yerlərdə
olmamışdım, bilsəydim ki, vətənimizin ən yaraşıqlı
məkanlarından birinə bu qədər həsrət
qalacağıq, başqaları kimi mən də onu dəfələrlə
ziyarət edərdim. 2000-ci illərdə - Füzulinin bir
qisminin düşmən tapdağında olduğu o acı
tarixi dönəmdə təhsil naziri kimi bizim nəzarətimizdə
olan hissələrdə tikilən məktəblərin
açılışında iştirak etmişdim. Təbiət
həmin təbiətdir - gözəl, təkrarsız, ancaq
necə deyərlər, qüdrətli insan əllərinin
sehri ilə dəyişmiş, yenidən qurulmuş Füzuli
bu füsunkar təbiət mənzərəsinin fonunda
möcüzələr dünyasına çevrilmiş
başqa bir aləmdir. Bu möcüzələri seyr etdikcə
nə üçün Məhəmməd Füzulinin
misralarını xatırladığımı təhlil edirəm.
Vətən onsuz da vətəndir, şairlər demişkən,
öz daşıyla, kəsəyiylə, tozlu küləkləri
ilə, sərt soyuğu, bürkülü havasıyla da
gözəldir, doğmadır, ancaq bu doğmalıq təbiətin
əli və insanın zəhməti ilə belə qeyri-adiliyə
qovuşanda heyranlıq min qat artır.
Füzuli rayonu 30 ilə yaxın işğalda qalanda
da vətənimiz idi, ondan əvvəlki illərdə də
doğmamız, ən gözəl rayonlarımızdan biri idi.
Ancaq bu gün uzun illərin həsrəti, onu görmək
arzumuz və xalqımızın yaratdığı xariqələr
onu bir az da şirinləşdirib, əzizləşdirib.
Yerli camaat zarafatla Füzuliyə "Nyu-Füzuli"
deyir, geniş küçələr, planlı və
zövqlü tikililər, bir-birindən aralı inşa
edilmiş yeddimərtəbəli gözəl binalar, parklar,
meydanlar, marketlər, otellər bu zarafatı gerçəkləşdirir.
Bir gerçəklik də budur ki, ermənilər viran
qoyduqları bu şəhərin adını da dəyişdirmişdilər
- əməllərinə uyğun "Varanda"
adlandırmışdılar.
"Varanda" elə viran sözünə bənzəyir,
"Nyu-Füzuli" Nyu-Yorka, Nyu-Parisə, Nyu-Cersiyə bənzədiyi
kimi. Bu gün bizim qapılarımız qonaqların
üzünə açıqdır, xarici ölkələrin
səfirləri, dövlət adamları, mədəniyyət
xadimləri, jurnalistlər ürək
açıqlığı ilə Füzuliyə dəvət
olunur, aparılan islahatlar, görülən işlər onlara
nümayiş etdirilir. Ancaq 30 il ərzində "konyak
dostları" istisna olmaqla ermənilər bu yerlərə
bir nəfər də qonaq dəvət etmirdilər. Cənab
İlham Əliyev bu barədə dəqiq deyib: "Biz uzun illər
Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin
diqqətinə çatdırmağa çalışanda bəziləri
inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi.
İşğalçı dövlət heç kimi o vaxt bu
bölgəyə buraxmırdı, qadağan etmişdi.
Çünki buraya gələn hər bir insan görəcəkdi,
erməni vəhşiliyi nədən ibarətdir".
Burada bir həqiqət də belədir ki, Dədə
Qorqud demişkən, gərək doğma hesab edəsən
ki, əkəsən, qoruyasan ki, əkə biləsən, əkəsən
ki, qorumağa nəyinsə olsun! Biz bu torpaqların sahibi
olduğumuza görə onu abadlaşdırmağa belə həvəsliyik,
erməni 30 ildə bir daşı da o biri daşın
üstünə qoymadı, əksinə, daşı daş
üstdə saxlamadı, olanları da vəhşicəsinə
dağıtdı, viran qoydu. Çünki doğma yeri deyildi,
özgə yurdu idi, təhtəlşüurla dərk edirdi ki,
nə vaxtsa bu torpaqların əsl sahibləri qayıdacaqlar.
Belə də oldu...
Bu barədə danışarkən onu da qeyd edim ki,
Füzulinin girişində ermənilərin viran qoyduğu
yerlərdən bir parçanı tarix üçün
olduğu kimi saxlayıblar. Həmin yerləri görərkən
özünü dünyaya "mədəni",
"humanist" kimi təqdim edən bir xalqın bu
vandallığına heyrət edirsən və şairlərimizdən
birinin yazdığı "ermənini bağışlamaq
olarmı?!" misrasını düşünürsən.
İndi gücümüzü, qüdrətimizi görüb
"vətəndaş münasibətləri", "Azərbaycanla
qonşuluq", "iqtisadi əməkdaşlıq" kimi məsələlər
haqda ağızdolusu danışan bəzi erməni
politoloqların iddialarını nə dərəcədə
səmimi hesab etmək olar? Kim zəmanət verə bilər
ki, bunlar bir az dirçələn kimi Fransadan-zaddan birini
tapıb onun arxasından bizə güllə atmayacaq, 1905,
1918, 1948, 1988-ci illərdə törətdiklərini təkrarlamayacaq,
Xocalı, Malıbəyli, Ağdaban faciələrini
arzulamayacaq?! Füzulinin girişindəki o canlı abidə
düşünməyə sövq edir, bizdən sonrakı nəsillər
də belə tarixi faktları gözləri ilə
görüb keçmişi unutmamalı, doğru addımlar
atmalı, dəqiq qərarlar qəbul etməlidirlər. Mən
ABŞ ilə Meksika arasında hörülən beton
hasarların təkrarlanmasının tərəfdarı deyiləm,
ancaq çomağı əldən qoymağı da məsləhət
bilmirəm.
Bu gözəllikləri yaradan insanların şövq
ilə, böyük sevgi ilə tikdikləri Füzuli həm də
bir inşaat meydançasına bənzəyir. Dünyanın
ən müasir avadanlıqlarının, texnikalarının,
müxtəlif növ maşınların cəlb edildiyi bu
meydançanın başqa yerlərdən bir
üstünlüyü var - burada insanlar tükənməz həvəslə,
30 illik həsrətdən sonra qovuşduqları doğma yurda
məhəbbətlə çalışırlar. Deyirlər
ki, əgər aşpaz bişirdiyi yeməyə öz məhəbbətini,
sevgisini qatmasa, hazırladığı o qədər də
dadlı olmaz. İnşaat işi də belədir, əgər
usta daşı o biri daşın üstünə məhəbbətlə
qoyarsa, tikdiyi bina yaraşıqlı alınar. Bir-birindən
gözəl 7 mərtəbəli binaların cərgəsində
maşını saxladım, tikinti gedən mərtəbəyə
qalxdım, otağa pəncərə quraşdıran ustaya
yaxınlaşıb cavabını bildiyim sualı verdim:
- Yorulmayasınız, usta. Bayaqdan kənardan dayanıb
baxıram, pəncərəni bir neçə dəfə
götürüb, ölçüb-biçib yenidən
qoyursunuz, bezmədiniz? Elə
bil öz evinizin pəncərəsidir.
Usta deyəsən, məni tanıdı:
- Xoş gəlmisiniz, Misir müəllim. Bu tikilən
ev mənim evimdən irəlidir. Biz 30 il həsrət
qaldığımız Füzulini tikirik, belə də
olmalıdır. Dost üçün tikilən ev
ayrıdır, düşmən üçün tikilən
ayrı. Bir də var, həm dost üçün, həm də
düşmən üçün tikirsən. Doğmalar
üçün tikirsən, çalışırsan ki,
yaxşı alınsın, gəlib içində rahat
yaşasınlar, bir yandan da düşmənlərin
acığına tikirsən, düşmən də, onun zurna
tutanları da gələndə görsünlər ki,
onların xaraba qoyduqları yerlər necə gözəl bir məkana
çevrilə bilərmiş.
Kişinin dedikləri məni əməlli-başlı
fərəhləndirdi. Bu maraqlı və ürəkdən
çalışan adamın əslən Füzulidən
olduğunu düşündüm:
- Nə yaxşı, ay usta, özünüz
Füzulidənsiz?
- Yox, ay Misir müəllim! Burada haralı olmaq məsələsi
yadımızdan çıxıb. Şəhidlərimizin
qanı ilə alınmış yerlərdə başqa
cür ola bilməz. Biz qalib xalqıq! Burada biz özümüzün
doğulduğu yerə görə yox, qələbənin
doğulduğu yerə görə həmvətənik. Əgər
bizdən çox cavan olanlar bu torpaq uğrunda can qoyublarsa, biz
də bu işimizə can qoymalıyıq. Ona görə Füzuli
də, Ağdam da, Şuşa da, Zəngilan da belə gözəl
alınacaq. Biz bir-birimizə söz vermişik, "işinə
haram qatana şəhidlərin ruhu qənim olsun"
demişik. Axıra qədər də belə çalışacağıq.
- Halal olsun, ay usta! - deyib ayrıldım.
Bütün yolu da bu müdrik kişinin sözlərini
fikirləşirdim. Vətən yolunda canını qurban verən
Natiq Qasımov kimi əsgəri, Mübariz İbrahimov kimi
giziri, Polad Həşimov kimi generalı olan qalib xalqın
ustası da belə olar. "Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim!"
Füzuli necə də gözəl deyib, yozumunda müxtəlif
fərziyyələr olan dörd dəfə Vətən
sözünün təkrarlanmasına mənim bir əlavəm
var. Vətənə bütün təbəqələrdən
olan insanlar eyni sevgi ilə bağlanmalıdırlar, bu təbəqələşmənin
isə hamını əhatə etmək üçün
müdriklər dörd səviyyəyə bölüblər:
ali, yüksək, orta, aşağı təbəqələr.
Yaşımın elə vaxtıdır ki, bəzi
müstəqil fikirlərimi ictimaiyyətə açıqlaya
bilərəm. Böyük türk şairi Midhəd
Camalın dillərdə əzbər olan "Torpaq, əgər
uğrunda ölən varsa, Vətəndir" fikrinə də
əlavəm var. Budəfəki Qarabağ səfərimdə
bu barədə çox düşündüm. Füzulidəki
gözəllikləri görəndən sonra dəqiq qənaətim
belə oldu ki, yalnız ölüm ilə vətəni vətən
etmək olmaz, onun uğrunda yaşamaq, qurmaq, yaratmaq,
mübarizə aparmaq da lazımdır.
Füzulidə məni ən çox heyrətləndirən
və məftun edən amillərdən
biri də "Yaşıl" texnologiyaların və
"ağıllı'' sistemlərin tətbiqi idi. Qlobal
çağırışlara və müasir inkişaf
tendensiyalarına uyğun aparılan bu işlər Füzulini
(və bütün Şərqi Zəngəzuru)
dünyanın cənnət guşələrindən birinə
çevirən əsas səbəblərdəndir. Mən
yaşda olan insanlar üçün son model mobil telefonlar kimi
bir az qəribə, bir az da anlaşılmaz görünən
"ağıllı" kəndlər bizi 80-ci illərin
"sovet kolxozlarından" birbaşa XXI əsrin
Yaponiyasına, İsveçrəsinə ekskursiyaya apardı.
Haqqında çox oxumuşdum, televiziyada, sosial şəbəkələrdə
görmüşdüm, ancaq əyani şahidi olmaq başqa aləm
oldu. Müharibənin vəhşiliklərinin cəmi dörd
il ərzində belə bir əfsanəyə çevriləcəyini
adam öz gözləriylə görəndə inana bilmir,
oxuyanda, eşidəndə necə inansın?!
"Qarabağın dünyaya açılan hava
qapısı" adlandırılan Füzuli Hava Limanına
baxmasaydım, olmazdı. İnanmaq olmur ki, 30 ilin
xarabalıqları üzərində bir ildən də az
müddətdə inşa edilib istifadəyə verilən bu
"möcüzə"nin ərazisi bir az əvvəl Azərbaycan
igidlərinin yağı düşmənin başını əzən
döyüş meydanı idi. Buna da inanmaq olmur ki, ən
müasir texnologiyalara uyğun baqaj konveyerləri, qeydiyyat
sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri
məntəqələr, uzunluğu 3000 metr, eni 60 metr olan
uçuş-enmə zolağı olan bu ərazidən 1200-dən
artıq mina təmizlənib. Bircə Füzuli aeroportu ölkəmizin
siyasi-hərbi və iqtisadi qüdrətinin nə qədər
möhtəşəm olduğunun daha bir təsdiqidir. Bəlkə
də dünyanın heç bir yerində belə qısa
müddətdə hava limanı inşa edilməyib. Bu gözəllikləri,
möhtəşəmliyi görmək üçün, necə
deyərlər, adam iki göz istəyir, tamaşa eləsin.
Bərəkətli torpaqlar 3 il bundan əvvəl əkilmiş
şitilləri, toxumları boylu-buxunlu ağaclara çevirib,
Füzuli hava limanı da, Zəfər yoluna gedən magistral da
yaşıllıqlar arasında cənnətin bir guşəsinə
bənzəyir. Dünyanın çox aeroportlarını
gördüyümə görə əminliklə deyə bilərəm
ki, xüsusilə belə kiçik şəhərlərdə
tikilən hava limanları, heç vaxt bu qədər incə
zövqlə, yaraşıqla inşa edilmir. Avropanın bir
çox yerlərində, xüsusilə keçmiş
SSRİ məkanında paytaxtlardan kənar tikilmiş əyalət
aeroportları bizim rayonlardakı əvvəlki avtobus
vağzallarından çox da fərqlənmir. Ancaq burada...
Göz oxşayan dizaynla, gözəlliklə
yanaşı, istənilən tip təyyarələrin qəbul
edilməsinə imkan verən ən müasir enmə, qalxma və
naviqasiya şəbəkəsi, işıqtexniki, ilkin və
ikinci radiolakasiya sistemləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının
bütün tələblərinə uyğun olaraq
quraşdırılıb. İşğaldan azad olunmuş
Şərqi Zəngəzurun yenidən qurulması və bərpası
üçün lazım olan və əsasən xaricdən
idxal edilən müasir texnologiyalar birbaşa reyslərlə
Füzuliyə gətirilir, həm vaxt itkisinin, həm də əlavə
xərclərin yaranmasının qarşısı
alınır.
Qarabağa gəlib Zəfər yolu ilə
Şuşaya getməmək, bu əfsanələr yurdunu görməmək
qəbahət olardı deyə Azərbaycanın mədəniyyət
paytaxtına yol aldım. Gözəlliklər məskənindən
ayrılarkən yenə Məhəmməd Füzulinin bir
beytini xatırladım. Onun Kərbəlaya ithafən
yazdığı misraları mən adını
daşıyan bu müqəddəs torpağa həsr etdiyini təsəvvür
elədim:
Ey Füzuli, məskənim çün
Qarabağdır, xalqımın,
Hörməti hər yerdə var, dünya onun
müştaqıdır.
Nə qızıldır, nə gümüş, nə
ləlü, nə mirvaridir,
Sadə torpaqdırsa, lakin Qarabağ
torpağıdır...
Axşamüstü qoy uzaqdan...
Şuşanın hər anı gözəldir -
axşamüstüsü də, səhər çağı
da. Şuşanın ab-havası, iqlimi də,
dağlarının məğrurluğu, gül-çiçəyinin
ətri də, quşlarının nəğməsi,
bulaqlarının zümzüməsi də, şəlalələrinin
şırıltısı, insanlarının
saflığı da misilsizdir. 270 illik tarixində dünyaya
sübut etdiyi bir keyfiyyəti də var ki, dəniz
çirkabı ləpələriylə sahilə
atdığı kimi, Şuşa da yadları heç vaxt qəbul
edə bilməyib, ya aylarla mühasirəyə dözüm gətirib
düşməni bu yurda buraxmayıb, ya da xəyanətlər
hesabına qurban getsə də, ləyaqətini, mətanətini
28 illik məhbusluq həyatında qoruyub saxlaya bilib. Yadellilər
Cıdır düzündə rəqs etsələr də,
sarı bülbülləri səslərini,
xarıbülbülləri duruşlarını dəyişdirsə
də, Şuşa məramını dəyişdirməyib -
sədaqətlə əsl sahiblərini gözləyib. Üzeyirin, Natəvanın,
Bülbülün heykəlləri güllələnib,
oğulları qurban gedib, Şuşa əyilməyib,
sınmayıb.
Mən bu şərəfli torpağı yeni qiyafədə
görməkdən çox məmnun oldum. Qalanın
üstündə yazılmış "Şuşa" sözü erməni əlifbasına
bənzədilmiş kiril hərfləri ilə deyildi,
Cıdır düzündən beynəlxalq mədəniyyət
tədbirlərinin ətri, Şuşa dağlarından isə
bir əks-səda səsi gəlirdi: "Əziz Şuşa,
sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz
Şuşa, biz səni dirçəldəcəyik!" Surətlə
dirçəldilən Şuşada qaldığımız
oteli öz xidmət mədəniyyətinə, səliqə-səhmanına,
müasir dizaynına, rahatlığına görə
dünyanın ən yaxşı otelləri ilə müqayisə
edib birinciliyi vermək olardı. Yuxarı Gövhər ağa
məscidi Qafqazın ən möhtəşəm ibadət
yerlərindən biridir. Yenidən qurularaq qiyafəsini surətlə
dəyişən Şuşanın tarixi abidələrinin bərpasını,
Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin yeni
məqbərəsini, Mamayı məscidinin, Şirinsu
hamamının əsaslı təmirdən sonra
açılışını görmək qismətimdə
var imiş deyə taleyimə minnətdaram. Gördüm ki,
Şuşada bir-birindən yaraşıqlı dörd
mehmanxana fəaliyyət göstərir, Mehmandarov məscidi və
Mehmandarovun evi bərpa edilib. Şahid oldum və qürur hissi
keçirdim ki, Şuşa müasir şəhərsalma
qaydalarına uyğun yenidən qurulur, dirçəlir. Ulu
öndər demişdir ki, "Şuşa təkcə
şuşalılar üçün yox, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir". Bu həqiqətə bir
daha əmin oldum.
Mən bir həqiqəti də demək istəyirəm
ki, tutduğum vəzifə ilə əlaqədar
dünyanın 50-yə yaxın ölkəsində olmuşam,
çox vaxt nümayəndə heyətinin rəhbəri kimi
getdiyim bu səfərlərdə oranın rəsmi şəxsləri
məni ölkələrinin ən görməli yerlərinə
aparırdılar. Yunanıstanın Santorini adasından
Yaponiyanın Hitaçi Milli Parkına, İtaliyanın
Venesiya şəhərindən İsveçrənin Lucerne
gölünə kimi dünyanın ən yaraşıqlı,
bəşər övladının heç olmasa bir dəfə
görməli olduğu gözəl məkanlar kimi beynəlxalq
turizm kataloqlarına salınmış yerləri görmüşəm,
heç biri Şuşa kimi deyil. Məni qınamayın, elə
təsəvvür yaranmasın ki, subyektiv mülahizə
yürüdürəm, yaxud doğmalıq mənə bu yerləri
belə füsunkar göstərir. Yox! Həqiqətən incə
bir zövq ilə inşa edilən Şuşanın
dizaynı ilə təbiətin ahəngi böyük bir
möcüzə yaratmışdır. Gördüyüm yerlərdə
təbiətin gözəlliyi insanların müdaxiləsi
olmadan təqdim edilir, insanların yaratdığı
şedevrlərdə isə belə təbii gözəllik
yoxdur.
Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən
olan, milli üslubu və şərqlilərə məxsus
memarlığı, mədəniyyətimizə,
ədəbiyyatımıza, incənəsətimizə bəxş
etdiyi tarixi şəxsiyyətləri ilə seçilən,
muğamımızın beşiyi sayılan, Azərbaycan
tarixinə Qasım bəy Zakir,
Xurşidbanu Natəvan, Mir
Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Firudin bəy Köçərli, Əhməd bəy
Ağaoğlu, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlər
bəxş edən Qarabağın dilbər guşəsi olan
Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.
Orada danışdılar ki, keçmişdə dava-dərman
təsir etməyən xəstələrə deyərmişlər:
"Get, bir neçə gün Şuşada qal. Qoy oranın
havası səni sağaltsın". Doğrudan havası məlhəm
olan Şuşada bir gün olmaq dünyanın ən çox
reklam edilən sanatoriyalarının səfasından daha dəyərlidir. Dünyada uca
dağlar da çoxdur, dilbər guşələr də,
gözəl şəhərlər də. Amma bizim Şuşanın
əvəzi yoxdur, mən əminəm ki, belə əmin-amanlıqla
10-15 il də keçsə, ölkəmiz bu temp ilə
inkişafını davam etdirsə, Şuşa da,
Laçın da, Kəlbəcər də, elə bütün
Şərqi Zəngəzur dünya turizm həvəskarlarını
ən çox cəlb edən məkanlardan biri, bəlkə də
birincisi olacaq.
Yarı qönçə, yarı gül...
Mən bu gün Laçını belə
görürəm, məşhur Xalq mahnısında deyildiyi
kimi - yarı qönçə, yarı gül! Gül kimi
açılıb, nə qədər gözəlləşib,
ancaq hələ qönçə kimi açılmayan mərhələsi
də var. Laçın hələ qurulmaqda, tikilməkdə,
abadlaşmaqdadır! Andronikin qulağını kəsən
Sultan bəyin yurdu qəsbkarlardan iki yolla alınan yeganə
rayondur - həm hərbi yolla, həm də siyasət yolu ilə
erməniləri tərksilah edib onları kapitulyasiyaya məcbur
edən ərazidir.
Maraqlıdır ki, Laçın 1924-cü ilədək
Abdallar adlanmışdır, sonralar Bakı Dövlət
Universitetinin ilk azərbaycanlı rektoru olan tanınmış
yazıçımız Tağı Şahbazi Simurq
yaxınlıqdakı dağın adını şəhərə
vermişdir. "Laçın" sözü mənaca
"məğrurluq" deməkdir. Məğrurluq da bu yerin
şəninə, insanlarının taleyinə yazılıb.
Bu gün torpaqları düşmən tapdağından azad
edilmiş məğrur laçınlıların
alınları daha açıq, üzləri daha ağ, daha fərəhlidir.
Yeri gəlmişkən, bununla bağlı bir fikrimi də
hörmətli oxucularla bölüşmək istəyirəm.
Qafqaz xalqlarında "qürur" kimi təqdim olunan (yaxud
adlandırılan) bir xüsusiyyət var. Buna başqa sözlə
özünəinam, özünəgüvən, məğrurluq
da demək olar. Müdriklərin dediyinə görə, bəzi
hallarda sərhədləri aşaraq lovğalığa qədər
gedib çatan bu xüsusiyyət insanlara dağların
vüqarından keçib. Aparılmış tədqiqatlar
göstərir ki, dünyanın dağlıq hissələrində
yaşayan insanlar daha qürurlu, daha məğrur olurlar. Bəzi
hallarda isə ifratçılığa gedib çıxan bu
müqəddəs hiss insanları gülünc vəziyyətə
salır. Bu da onunla bağlı olur ki, dağların
qüruruna öyrəşməyənləri birdən-birə
dağ vüqarı ilə qovuşdurursan. Bu, təxminən
ömrünü kasıbçılıqla keçirən
birisinin birdən-birə var-dövlətə çatması
hadisəsinə bənzəyir.
Məsələn, bizim bədnam
qonşularımızda bu xüsusiyyət karikatura səviyyəsində
məzhəkə obyektinə çevrilmişdir. İndi
"İlk peyğəmbər Adəm erməni
olmuşdur", "Dənizdən dənizə Böyük
Ermənistan", "Dünya mədəniyyətini ermənilər
icad etmişdir" kimi səfeh xülyalarla dünyanı
özlərinə güldürən ermənilərin bu səviyyəyə
düşməsi onların sonradan Qafqaz dağları ərazisinə
köçürülməsi ilə bağlıdır. Dədə-babadan
dağlarda yaşayan xalqlar özünəgüvənin
gülməli səviyyəsinə enmirlər. Yeri gəlmişkən,
erməni jurnalist Arşaluys Mqdesyan özü yazır ki,
"erməni lovğalığı və illüziyalara qapanması
ona gətirib çıxardı ki, Yerevandakı
"Yerablur" hərbi məzarlığında 4 minə
yaxın təzə qəbir yarandı. Biz lovğalanıb deyəndə
ki, "Bakıda çay içəcəyik", azərbaycanlılar
dronlarla döyüşməyi öyrənirdilər. Ermənistanda
ordunun məğlubedilməzliyi haqda danışanda Azərbaycanda
yeni müharibə metodlarını mənimsəyirdilər".
Yeri gəlmişkən, cənab İlham Əliyevin
Xankəndidən xalqa müraciətində olan maraqlı bir məqamı
xatırlatmaq istəyirəm: "Bu binada ən ali
kürsüdə oturanların bəziləri indi
Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər,
onlar bizi hədələyirdilər, deyirdilər ki, onların
tankları Bakı küçələrində olacaq,
haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər
Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib
çay içəcəklər. Burada da haqlıdırlar.
İndi çay içirlər, ancaq istintaq təcridxanasında".
1992-ci ildə məğrur Laçının
işğal edilməsi bizim üçün bir neçə
baxımdan ağır faciə idi, həm belə bir
füsunkar təbiətin düşmən əlinə
keçməsi, həm laçınlıların doğma
yurdlarından didərgin düşməsi, həm Ermənistanla
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
arasında coğrafi əlaqənin yaradılması, bununla da
sonrakı itkilərimizin başlanğıcının
qoyulması baxımından buradakı faciəni digər hadisələrlə
müqayisə etmək çətindir. İndi günbəgün
gözəlləşən, yeni sima alan Laçını da
Azərbaycanın bir-birindən gözəl olan rayonları,
şəhərləri ilə bir sıraya qoymaq olmur. Burada
heyrətamiz dərəcədə qeyri-adi işlər
görülür. Məsələn, burada inşa edilən
çoxsaylı tunellərdən biri 12 kilometr uzunluğunda
Murov dağının altından tikilir. Təxminən
dörd kilometr hündürlüyü olan bu nəhəng
dağın minillərlə formalaşmış
süxurlarına ilk dəfədir ki, insan əli, insan nəfəsi
dəyir. Belə tunellər dünyanın azsaylı ölkələrində
vardır. Laçında tikilən evlər, su elektrik
stansiyaları, yollar, körpülər elə bil 30 illik
boşluğu doldurmağa hesablanmışdır - sürətlə,
keyfiyyətlə və müasir!
Mən burada da insanlarla söhbət zamanı
torpağa bağlılığa, vətənə sevgiyə
heyrət etdim. İnsanlar sidq-ürəkdən
çalışırlar, məskunlaşan sakinlərin
hamısı işlə təmin edilib, hələ yüzlərlə
peşə üzrə ustaları yeni gələnlərin
arasından gözləyirlər. Heç kəs hansı
şəhərinsə xiffətini çəkmir, doğma
yurdun havasına, suyuna illərlə həsrət qalanlar
doğmalıq şərbətini ciyərlərinə
doldururlar.
Laçından Zabuxa gedən yol hələlik (dedilər
ki, tunellər çəkilib qurtarandan sonra
aşırımlar öz funksiyasını itirəcək) sərt
aşırımlardan, dolaylardan keçir. Belə
aşırımları heç yerdə görmək
mümkün deyil. Uca-uca dağları aşdıqca sanki
nağıllar aləminə düşürsən. Bəlkə
də ilin ən gözəl vaxtıdır deyə
düşünəndə yerli sakinlərdən biri dedi ki,
Laçının hər fəsli, hər ayı gözəldir.
Qışda qarlı dağlar, bəyaz ağaclar, payızda bərəkətli
meşələr, yazda yaşıl talalar, düzlər.
Qısa müddətdə Zabuxda evlər və digər obyektlər
inşa olunub, yollar abadlaşdırılıb, əhalinin
istirahəti üçün parklar salınıb. Kəndin mərkəzindən
keçən çayın üzərində körpü
inşa olunub. İndi gündüzləri mənzərəsi
ilə seçilən kənd gecələri işıq
saçan gözəlliyi ilə diqqət çəkir.
Zabuxu görəndə yenə yadıma
İsveçrə, onun dünya şöhrətli kurort şəhəri
İnterlaken düşdü. Mənim fikrimcə, Zabux
çayının iki sahilində səliqə ilə inşa
edilmiş qırmızı damlı evlər və təbiətin
bu gözəlliklə harmoniyası İnterlakeni kölgədə
qoyur. Şübhə etmirəm ki, iki-üç ilin ərzində
bu möcüzəni yaradanlar yaxın illərdə
bütün Qarabağda və Şərqi Zəngəzurda elə
bir cənnət quracaqlar ki, təkcə Azərbaycandan
uzaqlarda istirahət yeri axtaran həmvətənlərimiz
deyil, gözəlliyə, təmiz havaya, qüsursuz təbiətə
və saf insanlara dəyər verməyi bacaran dünyanın
bütün turizm həvəskarları axışıb bura gələcəklər.
O günlər uzaqda deyil...
Qarabağa, Şərqi Zəngəzura iki
günlük səfərim başa çatır. İlkin
adı Qarabulaq olan, sonralar böyük şairin 400 illik
yubileyi ilə əlaqədar Füzuli adlandırılan
gözəlliklər məskəni, Azərbaycan tarixinin yeni səhifəsini
yazmış Pənahəli xanın, sonralar həmin tarixi daha
da zənginləşdirməyi bacarmış insanların ulu babaları Comərd
və Alagöz Məhəmmədin 1752-ci ildə əsasını
qoyduğu Şuşa, igidlər yurdu qəhrəman
Laçına olan səfərim mənə bu vətəni,
onun füsunkar gözəlliklərini, xariqələr yaradan övladlarını
bir daha sevdirdi. Azərbaycan səmimi məhəbbətlə
sevilməli Vətəndir!
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 5 iyul, ¹(116).- S.8-9.