Azərbaycanda ekoturizm üçün cəlbedici ünvan: palçıq vulkanları

 

Prezident İlham Əliyev bu günlərdə Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak etdi.

Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin "Böyük pişiklər", "Qobustan faunası", "Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri", "Azərbaycanın həşərat dünyası", "Kiçik ölçülü heyvan skeletləri" guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən, bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılan "Minerallar" sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin - Qobustandan tutmuş Naxçıvana qədər - əksər bölgələrindən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

Azərbaycan ərazisi dünyanın palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik bölgəsidir. Bu təbiət abidələrinin sayına, çoxçeşidliliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmiz palçıq vulkanların vətəni sayılır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelağında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur.

Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.

Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin səbəbləri var. Vulkan fəaliyyətinin seysmikliklə genetik əlaqəsi vardır. Zəlzələlərin və vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına və püskürməsinə o vaxt təsir edir ki, vulkan uzun müddət fəaliyyətdə olmayıb, enerji toplayıb, püskürməyə hazırdır və zəlzələ ocağından 80-100 km məsafədə yerləşib. Zəlzələnin baş verməsi vulkanın püskürməsinə təkan verir.

Bununla yanaşı, palçıq vulkanının aktivləşməsi sahəsində müxtəlif mikroformlar vulkana yaxın olan ərazilərdə zəif zəlzələnin baş verməsi haqda qazhidrogeokimyəvi göstərici kimi məlumat verir. Vulkanın çıxardığı qazın və suyun tərkibində bəzi komponentlərin faizi anomal artır: məsələn, karbon qazı, helium, sularda - bor, xlor və sair

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən çoxuı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelağında palçıq vulkanı mənşəli 8 ada mövcuddur.

Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.

Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin səbəbləri var. Vulkan fəaliyyətinin seysmikliklə genetik əlaqəsi vardır. Zəlzələlərin və vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına və püskürməsinə o vaxt təsir edir ki, vulkan uzun müddət fəaliyyətdə olmayıb, enerji toplayıb, püskürməyə hazırdır və zəlzələ ocağından 80-100 km məsafədə yerləşib. Zəlzələnin baş verməsi vulkanın püskürməsinə təkan verir.

Bununla yanaşı, palçıq vulkanının aktivləşməsi sahəsində müxtəlif mikroformlar vulkana yaxın olan ərazilərdə zəif zəlzələnin baş verməsi haqda qazhidrogeokimyəvi göstərici kimi məlumat verir. Vulkanın çıxardığı qazın və suyun tərkibində bəzi komponentlərin faizi anomal artır, məsələn, karbon qazı, helium, sularda - bor, xlor və sair.

Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitə həm mənfi, həm müsbət təsir edir. Vulkan püskürən zaman yer səthinə karbohidrogen qazları çıxarır, 300-500 metr hündürlükdə alov sütunu yaranır, ətrafda yüksək temperatur yaranır, bəzən böyük həcmdə karbon qazı ifraz edilir və vulkan brekçiyası tullanır, müxtəlif istiqamətdə çatlar əmələ gəlir. Karbon qazı çoxluq təşkil edəndə ətraf mühitə neqativ təsir edir.

Vulkanların qrifon-salza mərhələsində qaz, minerallaşmış su, lilli palçıq, bəzi vulkanlarda (40-dan çox) bollu neft çıxır. Nəticədə, palçıq vulkanlarının yerləşdiyi ərazidə qeyri-adi duzlaşmış, neftlə hopdurulmuş torpaq və geokimyəvi nöqteyi-nəzərdən unikal vulkan landşaftı yaranır.

Vulkan püskürəndə yer səthinə metan qazı ilə zərərli karbon qazı da çıxır. Bəzi vulkanlar, məsələn, Binəqədi qəsəbəsinin yaxınlığında yerləşən Keyrəki vulkanı püskürəndə karbon qazının faizi yüksək olduğundan alov sütunu alınmır. Vulkanın sakit fəaliyyəti dövründə qaz, su, lilli palçıq, bəzən çoxlu neft çıxır və həmin sahələrdə qeyri-adi şoran torpaqlar və geokimyəvi cəhətdən nadir landşaftlar yaranır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyir ki, mühafizə olunan vulkanlar var: "Qoruq isə ciddi mühafizə altında olan bir ərazidir. Amma qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 6 iyul, №(117).- S.23.