"Anna, nümayişçilərinizə
de ki, "arsax" türk sözüdür"
Ötən əsrin 80-ci illərində SSRİ-nin
"yenidənqurma hərəkatı" bədnam
qonşularımıza qol-qanad verdi. Ağılasığmaz vəhşiliklər,
soyqırım, talan, qarət, Allahsızlıq hesabına 30
il insanlar Vətəndə vətənsiz yaşadılar. Həsrətlə
gözlədilər ki, qoyunlarında gəzdirdikləri
açarla bir gün öz qapılarını yenidən
açacaqlar. Bu zaman kəsimində dünyasını dəyişənlər
də oldu, həyatına davam edənlər də,
oğul-uşaq, nəvə-nəticə sahibi olanlar da. Amma
heç kəs bilmədi ki, böyüklərin
söz-söhbətindən yurd yerininin adını eşidərək
boya-başa çatanlar, məhz o torpaqları geri qaytaracaqlar.
O şanlı Zəfərdən vur-tut 4 il keçib. Di gəl,
bu dörd ildə daşı daş üstündə qalmayan
Qarabağ indi müsabiqələr, festivallar, qurultaylar məkanına
çevrilib. Lakin biz dirçələn Qarabağla
öyünsək də, ömrünün 30 ilini itirmiş
insanlar üçün o ağrı, o acı, o hadisələr,
o yaşananlar unudulan deyil.
Bir neçə həftə əvvəl uzun
ayrılıqdan sonra Qarabağ Universiteti adı ilə Xankəndində
bərpa olunan ali təhsil ocağının rektoru Şahin
Bayramovla söhbətlə oxucuların görüşünə
gəlmişdik. Bugünkü müsahiblə isə bizi
sırf təsadüf qarşılaşdırdı və
öz növbəmizdə ondan yan keçmək istəməyib
canlı bir şahidin əlindən tutaraq onunla birlikdə 36
il əvvələ - 1988-ci ilə tərəf üz tutduq. Və
beləcə, bu şənbənin qonağı Sovet Azərbaycanının
60 illiyi adına Xankəndi Dövlət Pedaqoji İnstitutunun
son məzunu, təqaüddə olan polis polkovnik-leytenantı Təranə
xanım Şahmuradovadır.
- Dünya köhnə dünyadır,
narahatlıqları çoxdur, hərə də özünəmünasib
əhvalın sahibidir...
- Dünyanın bugünkü vaxtında çox
yaxşıyam, torpaqlarımız azaddır. Bəzən
oturub düşünürəm ki, mənim daha nə arzum ola
bilər ki? Bircə arzum odur ki, ata yurduma qayıdıb orada
yaşayım. Onun da bir addımlığındayam.
- Amma o biraddımlığın uzaq illərində
bir başlanğıcı qalıb...
- Xankəndi şəhərindən olan ziyalı bir
ailənin qızıyam. Anam 50 ilə yaxın Kərkicahan qəsəbə
orta məktəbində müəllim olub. 1996-cı ildən
həmin məktəb şəhid qardaşım Natiq
Şahmuradovun adını daşıyır. Atam kənd təsərrüfatı
sahəsində çalışıb və məcburi
köçkünlüyə qədər o da Xankəndində
müxtəlif vəzifələrdə işləyib. Atam
Sultan bəy Sultanovun nəslindəndir. Ata babam Ağarza bəy
Sultan bəy və Xosrov bəyin doğma əmisioğludur.
Bildiyiniz kimi, Xosrov bəy Qarabağın general-qubernatoru, Azərbaycan
Xalq Cümhuriyyətinin hərbi naziri olub. Atam evin sonuncu -
14-cü övladı olub. Böyük əmilərim Sultan bəy
və Xosrov bəyin qəhrəmanlıqlarından çox
danışardı. Daşnaklara qarşı apardıqları
fəaliyyət, Andranikin başına gətirilən oyunlar -
bir sözlə, bütün gerçəkliklər barədə
həmişə əmilərimdən eşidərdik. Kamran əmimin
söylədiyi bir məqamı indi də xatırlayıram.
Sultan bəy vəziyyətlə əlaqədar Vətəni tərk
edib mühacir həyatı yaşamağa məcbur olub. Getmədən
əvvəl Qırxqız dağına qalxıb son dəfə
məmləkətini seyr edə-edə belə bir bayatı
söyləyib:
Əzizim dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən, qayıtmazsan,
Vətəni dolan, gözüm.
Bu bayatı ilə Sultan bəy məmləkətini tərk
edib. O zaman bu söhbətləri eşidən bizlər bilməmişdik
ki, illər sonra tarix təkrarlanırmış kimi Sultan bəyin
kökündən gələnlər də murdar əqidəli
kütlənin torpaq iddiasına qarşı qəhrəmanlıqla
vuruşub onun uğrunda canından keçəcək. Necə
ki, qardaşlarım Natiq və Namiq Şahmuradovlar biganə
qala bilməyərək, biri şəhid oldu, digəri itkin
düşdü. Həyat yoldaşım düşmən
gülləsindən qurtula bilmədi. Sualınızda
başlanğıc sözünü işlətdiniz. Həmin
başlanğıcı xatırlamaya bilmərəm.
- Buyurun...
- 1957-ci ildə atam Xankəndinə gəlib.
Şuşada təhsil alan zaman anamla yolları kəsişib,
Şahmuradovlar ailəsinin təməli qoyulub və nəticədə
4 övladla özlərinə isti, mehriban bir ocaq qurublar.
Valideyinlərim dördümüzə də ali təhsil
verib. Namiq itkin düşdüyündən təhsili
yarımçıq qaldı. Mən hələ də onun
yolunu gözləyirəm, biz Namiqlə əkiz olmuşuq.
Böyük qardaşım şəhid Natiq Şahmuradov polis
orqanlarında çalışdığından göndərişlə
indiki Polis Akademiyasını bitirmişdi. İtkin qardaşım
Namiq Şahmuradov o zaman M.F.Axundov adına Rus dili və Ədəbiyyatı
İnstitutunda təhsil alırdı, lakin ikinci kursdan sonra onun
itkin düşməyi hər şeyi yarımçıq
qoydu. Kiçik bacım Tibb Universitetini bitirdi. Mən Xankəndi
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun son məzunu
oldum və məcburi köçkünlük həyatı illərində
BDU-nun Hüquq fakültəsində ikinci ali təhsilimi
aldım.
- Gözlədiyim məqama çatdıq. İstərdim
ki, Xankəndi Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin
son məzunu, 1988-ci ildə orada başlayan hadisələrin
canlı şahidi Təranə Şahmuradova
danışsın...
- Gözümün qarşısında başlayan o
hadisələr günü, ayı, saatına qədər
yadımdadır. 1988-ci il fevral ayının 13-ü günorta
saatları idi. İnstitutun sonuncu kurs tələbəsi idim o
zaman. Sessiya ərəfəsi olduğundan həmin gün
zaçotumuz vardı. Kurs nümayəndəsi olduğumdan
zaçot siyahısını gətirməyə getdim və
gördüm ki, kafedrada kimsə yoxdur. Kafedrandan
çıxanda gördüm ki, uzun dəhlizin sonunda
böyük bir kütlə yol alıb. Ermənilərin
nümayişə qalxacağı haqda qulağımıza
söhbətlər çatsa da, onun gerçəkliyinə
inanmırdıq. Kütləyə yaxınlaşanda
qapının ağzında institutun rektoru Sarkisyanın
dayandığını gördüm. O, erməni tələbələrə
əli ilə sakit olmaq işarəsini göstərərək,
onları ehmalca qapıdan yola salırdı. O zaman yeganə
institut idi ki, üç bölməsi vardı - Azərbaycan,
rus və erməni. Otağa gəlib Zəfər müəllimə
gördüklərimi söylədim. Az-çox onların
dilini bilirdim deyə, danışıqları
anlayırdım. Olanları biləndən sonra Zəfər
müəllim bizə tapşırdı ki, onlar
çıxandan sonra hərə sakitcə öz evinə
getsin. Heç yerə çıxmayın, bu gün
nümayiş gözlənilir. Olanları tam dərk etməsək
də, həyəcanlı idik. Şənbə günü,
günorta saat bir idi. Və hər şey həmin gündən
başladı.
- Şübhəsiz, həmin nümayişə
getdiniz...
- Bir neçə qızla "obkom" deyilən
binanın önünə gəldik. Həmin yerdir ki, ötən
il Prezidentimiz orada Azərbaycan bayrağını ucaltdı.
Xeyli millət vardı, çıxış edənləri
güclü alqışlarla yola salırdılar. Səs-küy
idi deyə, çıxışları aydın
eşidilmirdi. Lakin hiss edəndə ki, yanımdakı
qızlar qorxur, onları yola salıb özüm də evə
getdim. Elə həmin gündən də davamlı olaraq
nümayişlər başladı.
- Torpaq tələbli nümayişlər...
- Bəli, özü də onların nəzərində
bu, haqlı tələb idi. Həmin günlərin birində
bir neçə qız instituta gedirdik. Avtobusda Anna adlı
tanıdığım ermən qızı da vardı.
Artıq münasibətlərimizdə soyuqluq
yaranmışdı. Çönüb ona dedim ki, ay Anna, elə
hey "arsax-arsax" qışqırırsınız. Nə
deməkdi bu? Savabında dedi ki, biz burada Arsax respublikası
yaradacağıq. Evə qayıdanda ensiklopediyaları
qarşıma töküb "arsax" sözü ilə
maraqlandım. Üstündən uzun illər keçsə də,
orada oxuduqlarım hərifbəhərif yadımdadır.
Ensiklopediyada yazılmışdı: "Arsax" türk mənşəli
söz olaraq, "ar" ər, "saq" isə ox-yay mənasını
verir. O zaman Osmanlı türklərinin arsaq tayfaları olub ki,
onlar yalnız ox-yay atmaqla məşğul olub". Səhər
yenidən marşrutda Anna ilə rastlaşanda dedim ki, Anna,
nümayişçilərinizə de ki, "arsax" türk
sözüdür. Hansı respublikanı yaratmaq istəyirsiniz
ki? Soruşdu ki, bu məlumatı hardan oxumusan? Deyəndə
ki, rusun ensiklopediyasından oxumuşam, Anna tələsik bunu
deyə bildi: ensiklopediya səhv yazıb. Bu, xarakterik erməni
cavabı idi. Beləcə, bir-iki ay keçdi. Artıq
Sumqayıt hadisələri də olmuşdu. May ayının
17-si idi. İnstitutun həyətindən güclü səs-küy
gəldiyini eşitdim. Çıxanda gözlərimə
inanmadım. Ətraf üzündən vəhşilik yağan
saqqallılarla dolu idi. Yaxınlıqda yaşayan qadınlar əllərinə
nə keçibsə götürərək
qışqıra-qışqıra deyirdilər ki, azərbaycanlılar
buranı tərk etsin. Bizi dəhlizə yığdılar ki,
avtobusla Ağdama göndərsinlər. Mən bilirdim ki,
qardaşım Natiq gələcək, ona görə avtobusa
minmədim. Lakin həmin mənzərə o qədər
ağrılı idi ki. Qorxudan qızların birinin ürəyi
getdi, birinin nəfəsi daraldı. Bir sözlə, qorxu, həyəcan
bir-birinə qarışmışdı. Xankəndinin
çıxışında avtobusu atəşə
tutmuşdular. Məni qardaşım gəlib maşına
mindirərək oradan çıxartdı.
- Deməli, Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti
belə bitib...
- Torpağımızdan, evimizdən, institutumuzdan bizi
belə çıxartdıar. Biz sonuncu kurslar dövlət
imtahanını Şuşada verdik. Yenə də sakit
durmadılar. Moskvaya teleqram vurdular ki, Şuşa şəhərində
qeyri-qanuni dövlət imtahanı keçirilir. Kurs nümayəndəsi
olduğum üçün bütün olanlardan xəbərdar
idim. Moskvadan komissiya gəldi.
- O zaman Moskva ermənilərin havadarı idi, Yəqin
ki, komissiyanın münasibəti birmənalı olmayıb...
- Tam əksinə... Rusdur deyə, həqiqəti danmaq
olmaz. Komissiyanın ağsaçlı rəhbərinin
üzündə o qədər nur vardı ki, onu hiss etməmək
qeyri-mümkün idi. Bizim kursumuz siyasi-iqtisaddan dövlət
imtahanı verirdi. Mən imtahan siyahısını Tarix
fakültəsinin dekanı, professor Süleyman Zeynalova verəndə
dedi ki, Şahmuradova, bilet çəkib fikirləşmədən
suallara cavab verə bilərsən? Dedim ki, professor, sevə-sevə.
Bileti çəkəndən sonra gülümsünərək
dedim ki, nə gözəl suallardır və cavablara
keçdim. Biletin 3-cü sualı Leninin "Gertsenin xatirələri"
əsəri idi. Onda Süleyman müəllim dedi ki, həmin
xatirələrdən nəsə bilirsən? Həmin əsərdən
belə bir cümlə işlətdim: "V.İ.Lenin
"Gertsenin xatirələri" əsərində yazıb
ki, Çernışevskinin əsərlərindən
sosializmin iyi gəlir". Bu cümləni işlədəndən
sonra komissiya dedi ki, tələbə burda dayansın. Cümlədə
onların anladığı Lenin, Gertsen,
Çernışevski kəlmələri olmuşdu.
Soruşdular ki, tələbə qız nə dedi? Tərcüməni
biləndən sonra dedilər ki, bu tələbəyə
"Əla" yazaq. Sonra mənə bildirdilər ki, komissiya
mənim yüksək səviyyəli cavabımdan razı
qalaraq getdi və gələn teleqrama belə bir cavab verildi:
"Şuşada qeyri-qanuni dövlət imtahanından
söhbət belə gedə bilməz". 1988-ci ildə Xankəndi
İnstitutunun son məzunları olaraq, təhsilimizi belə
başa vurduq.
1988-ci ilin sentyabr ayının 18-i idi. Axşam
saatlarında "Günün xəbərləri"nə
baxırdıq. Birdən bizə elə gəldi ki, dünya
dağıldı. Hamılıqla evdən çıxanda
gördük ki, şərəfsizlər Xankəndindən Kərkicahana
hücuma keçib. Bizim Həcər qeyrətli qadınlar
Xankəndindən Kərkicahana gələn yoxuşun
başından əllərində daş-kəsəklə gələn
maşınlara qalxmağa imkan vermir. Onlar qayıdandan bir saat
sonra səmada tüstülər gördük. Qəsəbəyə
gələ bilmədiklərindən Xankəndidə 50-yə
qədər azərbaycanlı evinə od vurdular. Beləcə,
Xankəndində azərbaycanlıların
çıxarılması mərhələsi başladı.
Ağrılar, acılar, qaçqın-köçkün həyatı,
torpaq-yurd həsrəti azmış kimi, sinəmizə şəhid
dağı da çəkildi...
- Bununla da köçkün həyatınız
başladı...
- Yox. Mən 1991-ci il noyabrın 15-də səhhətimlə
əlaqədar Bakıya gəlməli oldum, çünki bu, həkimin
göstərişi idi. Şəhid qardaşım Natiq məni və yoldaşımı
Şuşadan vertolyotla Bakıya yola saldı. Vertolyotda
keçirdiyim son dərəcə həyəcanlı
anları indiyə qədər xatırlayanda o günü
yenidən yaşamış kimi oluram. Hiss etdim ki, vertolyotun
qalxmağı ilə enməyi bir oldu. Həmin anda
ağlımdan keçən yalnız bu oldu ki, bizi girov
götürdülər. Elə bir stress yaşadım ki, vəziyyətdən
yoldaşım məni güc-bəla ilə çıxarda
bildi. Heç demə, Malıbəyliyə enmişik.
Malıbəyli adını eşidəndə özümə
gəldim. Orada olan millət vəkillərindən biri də həmin
vertolyotla Bakıya gəlməli imiş. Və mən bilmədim
ki, bu, mənim doğma yurdumla ayrılığımın
başlanğıcıdır.
- 28 dekabr 1991-ci il...
- Düz 32 il mən bu tarixin ağrısı ilə
yaşamışam. Həmin gün Kərkicahan üç tərəfdən
hücuma məruz qaldı. Gənclərimiz
bacardıqlarından da artıq düşmənə
müqavimət göstərsə də, onlara kömək gəlmədi.
Mən o dövrün laqeydliyindən,
özbaşnalığından danışmaq istəmirəm.
Düşmənlə üz-üzə qalan əhali nəyinisə
satıb silah almışdı ki, əli yalın olmasın.
Lakin həmin silahla nə qədər duruş gətirmək
olardı ki... Kərkicahan işğal olundu və oranı son
tərk edənlər arasında ata-anam da vardı. O zaman 2000 əhalisi
olan Kərkicahan 34 şəhid verib. Xankəndi yolu
bağlanandan sonra meşənin içilə Şuşaya yol
açılmışdı. Beləcə, əhali
yurd-yuvasından Şuşaya, oradan Ağdama sarı yol
aldı.
- Amma bu da son olmadı...
- Suallarınız məni o qədər uzaqlara
aparır ki... Onsuz da həyatımın bu 32 ili bir şikəst
övlad kimi həmişə yanımda olub, olacaq da. Qardaşım
Natiq hələ hadisələr başlamazdan əvvəl Xankəndi
polis şöbəsində polis nəfəri kimi işə
başladı. İki il sonra oranın göndərişilə
Polis Məktəbinə daxil oldu. Artıq Qarabağ hadisələri
başlamışdı. O, məktəbi bitirəndən sonra
təyinatını Salyan rayonuna vermişdilər. Lakin Natiq
"Polis" qəzetinə şəklini verib məqalə
yazmışdı ki, məni Qarabağa göndərin. Həmin
qəzet evimizdə də qaldı. İstəyini nəzərə
alıb onu Şuşa şəhər Polis Şöbəsinə
sahə inspektoru göndərdilər. Mənimlə əkiz
olan qardaşım Namiq qiyabi ali təhsil alırdı və
Şuşada "Qarabağ" mehmanxanasında təsərrüfat
üzrə müdir idi. Həyat yoldaşım Tahir Zeynalov
indiki İqtisad Universitetində qiyabi təhsil alırdı. O
da məlum hadisələr başlananda Xankəndi
Özünümüdafiə polis batalyonunun, daha sonra Ağdərə
rayon Polis Şöbəsinin əməkdaşı olub. 1992-ci
ilin may ayının 7-dən 8-nə keçən gecəni
onlar üçü də birlikdə Şuşada
keçiriblər, xalam qızının evində qalıblar.
İtkin düşən qardaşım o gecə yatmaq bilməyib.
Az bir müddətdən sonra yenə də aləm
qarışıb. Üçü də bir-birinə heç
nə demədən hərə bir tərəfə gedib. Az
keçməmiş yoldaşıma xəbər gəlib ki,
Natiqi türmə istiqamətində vurublar, cəsədi
qalıb orada. Namiqi axtarmaq istəyəndə deyiblər ki, o,
maşını ilə qadınları Turşsu istiqamətinə
aparıb. İkinci dəfə cəhd etmək istəyəndə
məlum olub ki, Namiqin maşını vurulub, özündən isə bu günədək bir xəbər
yoxdur. Amma sonralar eşitdim ki, Namiqi maşından düşən
yerdə görüblər.
Natiqin cəsədini xalam qızının
yoldaşının sürdüyü BTR-lə türmənin
həyətindən çıxara biliblər. Alnından
snayperlə vurulubmuş. Məzarı I Şəhidlər
xiyabanındadır.
- Amma artıq köçkün deyilsiniz...
- Bəli, deyiləm. Amma unuda da bilmirəm. Gəncədə
bir yataqxanaya yerləşəndə, həyat mənə
çox amansız gəldi. Evdən bir kibrit çöpü
belə, götürə bilməmişdik. Həmin anda
düşünmüşdüm ki, bundan sonra yaşamağa dəyərmi?
Lakin əlimdə iki körpə vardı ki, qızım
atasının şəhidliyindən üç ay sonra
dünyaya gəldi və onlara görə yaşamalı idim.
Günlər yavaş-yavaş keçməyə
başladı. Öz məktəbimizdə həm direktor
müavini, həm də fizika-riyaziyyat müəllimi kimi
işləməyə başladım. Sonra məktəbə
Natiq Şahmuradovun adı verildi. Bununla belə, içimdə
heç cürə rahatlıq tapa bilmirəm. Hər dəfə
polis formasını görəndə o qədər həyəcan
keçirirdim ki, özümü ovutmağa yol
axtarırdım. Hər ikisi 29 yaşında olan iki
doğmamın yarımçıq həyatını tamamlamaq
istəyirdim.
- Və tamamlaya bildiniz...
- 1998-ci ilin sentyabr ayında bizə bildirdilər ki,
Ulu öndər Gəncə şəhərinə sakinlərlə
görüşə gələcək. Çətin dönəmlər
idi, işıqlar tez-tez sönürdü. Xeyli
düşündüm və Ulu öndərə
çıraq işığında bir məktub yazdım.
Onun ailəmiz haqqında məlumatı var idi. O zaman Tibb
İnstitutunun tələbəsi olan bacım Heydər
Əliyev Moskvadan Naxçıvana qayıdandan sonra onun qəbuluna
düşə bilmişdi. O ərəfədə
girovların dəyişdirilməsi prosesini görəndən
sonra onda bir inam yaranmışdı ki,
qardaşımızı tapa bilərik. Məktubda
bütün bunları qeyd edəndən sonra şəhidlərimin
yolunu davam etmək istəyində olduğumu bildirdim. Məktuba
dərhal cavab gəldi və məni daxili işlər
orqanında işlə təmin etdilər. Əmrimi Bakıya
versələr də, bundan imtina etdim, çünki valideyinlərim
Gəncədə tək idi. Xahişimi nəzərə
alıb təyinatımı Gəncəyə verdilər. Mən
arzuladığım formanı geyindim və onların
yükünü həmişə çiynimdə
daşıdım. Çox ağır olan bu yükü şərəflə
daşıdım. Heç kəsin qarşısında əyilmədim,
haqq sözümdən dönmədim. Gəncəni çox
sevdim, bura bağlandım, gözəl insanlar tanıdım,
dostlar qazandım. Amma içimdəki yurd yeri, torpaq həsrəti
heç vaxt sönmədi.
- Uzun müddət gözlədiniz və Xankəndində
Azərbaycan bayrağının ucaldığını
hamımız gördük...
- Nə hisslər yaşadığımı bilmək
üçün yalnız mənim yerimdə olmaq lazım idi
o an. İnanın bunun sözlə ifadəsi yoxdur. Onu bilirəm
ki, sevinc də, həyəcan da birdən boğdu məni. Mənim
bundan sonra heç bir arzum yoxdur, çünki Vətən
azaddır, şəhidlərimin qanı axdığı
torpaq azaddır, Qarabağ
azaddır. Uzun həsrətdən sonra ayağım o yerə
dəyən kimi torpağı qucaqladım, ovcuma alıb yedim,
yalın ayağımı yerə basdım ki, onu hiss edib əmin
olum bir daha.
İndi iki gözləntim var - doğma Kərkicahanda
ata yurdunun çırağını yandırmaq və itkin
düşmüş qardaşımı isti
ocağımızda qarşılamaq. Azad Qarabağı
gördüyüm kimi, həmin anı da
yaşayacağıma çox inanıram.
SÖZARDI: Təranə xanımın söhbəti,
şahidi olduğu, yaşadığı hadisələr, məcburi
köçkünlük həyatının ilk illəri bir
kitablıq mövzudur. Bəlkə də daha çox. Onun
söylədiyi bir fikir çox
məqamlardan soraq verdi. Dedi ki, mənə doğma olan
ruhların uğruna tutduğum bu yolu onların adına layiq
şəkildə başa vurdum. İndi isə yolum artıq Kərkicahanadır,
27 yaşında tərk etdiyim yurdumda görəcəyim
işlər çoxdur.
Yolunuz açıq, arzularınız çin olsun, Təranə
xanım...
Tamilla M-zadə
525-ci qəzet .- 2024.- 6 iyul, ¹(117).- S.20;21.