"Çılğın bir gün"də yaşananlar  

və ya "fiqaronun toyu"ndan qalmayın!

 

 

Dahi rus şairi Puşkin "Ağlınıza qaranlıq fikirlər gələndə, şampan şüşəsinin tıxacını açın və ya "Fiqaronun toyu"nu yenidən oxuyun" deyə məsləhət görürdü. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı (MGTT) da Puşkinin tövsiyəsinə əməl edərək Bomarşenin ölməz komediyasının qəhrəmanlarını 84 il sonra yenidən Azərbaycan səhnəsinə qaytardı. Ötən həftə Əməkdar artist Nicat Kazımovun quruluşu və MGTT-nın aktyorlarının ifasında "Fiqaronun toyu" tamaşasının premyerası baş tutdu.

Daha çox opera səhnəsində izlədiyimiz "Fiqaronun toyu" Azərbaycan teatr tarixində ilk dəfə 1940-cı ildə səhnəyə qoyulub. 84 il bu əsərə heç bir teatr müraciət etməmişdi. Ona görə də "Fiqaronun toyu" tamaşasının premyerasını həyəcanla gözləyirdim. Belə irihəcmli və klassikanın zirvəsində olan əsərə müraciət çox böyük cəsarət tələb edir. Estetikanın unudulmağa doğru üz tutduğu, sənətin bütün rənglərinin bozluğun cansıxıcı pərdələri ilə kölgələndiyi bir dövrdə Nicat Kazımovun belə bir əsərə müraciətini inqilab hesab etmək olar.

Tamaşanın qısa xülasəsi belədir: İspaniyanın çox nüfuzlu Qraf Almaviva qəsrinin xidmətçiləri Fiqaro və Suzanna evlənməyə hazırlaşırlar. Qraf Almaviva köhnə Knyazlıq hüququndan istifadə edərək Fiqarodan əvvəl Suzanna ilə birlikdə olmaq istəyir. Qrafin sinfi üstünlüyünə baxmayaraq, Fiqaro saray sakinləri və Qrafinya ilə əməkdaşlıq edərək Qrafı bu istəyindən çəkindirmək üçün ağlını və cəsarətini ortaya qoyur.

Qraf və Fiqaro arasındakı mübarizə tamaşanın sonunda həll olunacaq ziddiyyətlər topuna çevrilir. Bomarş bu pyesi Fransa inqilabından 5 il əvvəl sistemi tənqid etmək və gələcəyi göstərmək üçün yazmış olsa da, orada baş verən hadisələr, münasibətlər müəyyən dəyişikliklərə məruz qalaraq günümüzdə də qarşımıza çıxır. Pyesdə bu gün üçün də aktual olan xeyli suallar və problemlər öz əksini tapıb. Tamaşada hər bir müasir insan mütləq özünə yaxın nələrisə kəşf edəcək.

Əsərin baş qəhəmanı Fiqaro xoşbəxtliyə gedən yolda "çılğın bir gün" yaşayır və bütün hadisələr cəmi bir günün içində, Almaviva qəsrinin divarları arxasında baş verir. İti ağlı, həyat eşqi ona bütün maneələri dəf etməyə, intriqaların, sui-qəsdlərin sıx düyününü açmaqda kömək edir.

İnsanın təlatümlü dünyada xoşbəxtlik haqqını müdafiə etmə ehtiyacından, hər zaman yeganə dəyər olan sevginin zəfər çalmasından bəhs edən tamaşa Fiqaro ilə Suzannanın toya hazırlıq təlaşı ilə başlayır. Qəsrin içində onlara verilən otaqda sevgililər yataqlarını harda yerləşdirəcəklərini müzakirə edərkən söhbət Qrafın Suzanna ilə bağlı məqsədinin açılmasına gəlib çıxır.

Tamaşada diqqətimi çəkən ilk cəhətlərdən biri səhnə tərtibatı oldu. Quruluşçu rəssam Mustafa Mustafayev son illər Avropada da dəb olan minimalist səhnə dizaynından istifadə etməklə sadə tərtibat qurmağa çalışıb. Amma düşünürəm ki, səhnəyə bəlkə də bir yataq və ya zamanın simvolu olan, həm bu gün, həm də üç əsr əvvəl amansız, lakin hər şeyi öz yerinə qoyan saat da əlavə etmək olardı. Tamaşada Fiqaro da deyir ki, "Zaman ən dürüst məfhumdur. Kimin mənə yaxşılıq, kimin pislik etmək istədiyini göstərəcək".

"Fiqaronun toyu" tamaşasının orijinalının müddəti əslində dörd saatdan çoxdur. Ancaq rejissor həyatın müasir ritmini nəzərə alaraq tamaşanın müddətini iki saat yarıma endirib. Buna baxmayaraq, nə süjet, nə pyesin əsas məğzi, nə də hadisələrin ardıcıllığı itib. Əksinə, rejissor tamaşaçıların Bomarşenin mürəkkəb süjetini daha da asan qavramasına yol açıb.

Tamaşada Qraf Alvavina obrazını canlandıran Manaf Dadaşov obrazı və xarakteri ən detallı və orijinal şəkildə izləyiciyə çatdırdı. Nə istədiyini aydın başa düşən və istəklərindən əl çəkməyən, sərt, güclü sui-istifadəçi Qrafın bütün alçaqlıqlarını ustalıqla açıb göstərdi.

Yeniliklərdən biri də rejissorun hər zaman dramatik obrazlarda gördüyümüz Əməkdar artist Kəmalə Müzəffəri Qrafiniya Almaviva obrazında təqdim etməsi oldu. Adətən dramatik obrazlar oynayan aktrisalar komediya janrında çox vaxt uğurlu olmurlar. Bu mənada"Fiqaronun toyu"nda tamaşaçı Kəmalə Müzəffəri yenidən kəşf etmiş sayıla bilər. Aktrisa tərk edilmiş bədbəxt Qrafiniya obrazının öhdəsindən yüksək peşəkarlıqla gəldi. Rejissorun da qeyd etdiyi kimi bu aktrisanın ilk komediya təcrübəsi idi.

Mənə görə, tamaşada ən yaxşı aktyor oyunlarından biri Çerubino obrazını ifa edən gənc aktyor Nurlan Süleymanlı oldu. Yeri gəlmişkən qeyd edim ki, Çerubino tamaşanın ən rəngarəng personajlarındandır. O, qəsrin bütün qadınlarına eyni zamanda aşiq olur, buna görə də başı problemlərdən açılmır. Tamaşa boyu, demək olar, hər yerdə görünən Çerubino sevimli və olduqca gülməli bir obrazdır. Aktyor Çerubinonun həm qorxusunu, həm cəsarətini, həm axmaqlığını bir buket şəkilində tamamlayıb təqdim etdi.

Fiqaro (Sənan Kazımov) və Suzanna (Aydan Həsənzadə) performansları ilə sona qədər zirvədə qalmağa nail oldular. Tamaşa bir növ gənc aktyorların əsl aktyor potensialını üzə çıxardı. İkili  öz partiyalarının tələb etdiyi yumoristik elementləri ustalıqla idarə edirdi.

Xüsusilə qeyd etməliyəm ki, Sənan Kazımov səhnədəki performansı, aktyorluq qabiliyyəti ilə hər kəsi heyran etdi. Onun qəhrəmanı xidmətçidir, lakin o, xidmətçini yox, güclü aristokratın ağıllı rəqibini oynayırdı. Aktyor Fiqaronun anası (Marselina) ilə qarşılaşdığı və keçmişi ilə üzləşdiyi səhnədə tamaşaçılara yaxın məsafədən söylədiyi monoloqla öz qəhrəmanını sanki oynamadı, həm də onun yaşadığı məyusluğu, ağrılarını yaşad.

 

Yüngülbeyin, ehtirasının əlində həlak olan Marselina tamaşanın sonlarına doğru hər kəsi təəccübləndirdi. Obrazın əsl xarakteri Marselinanın monoloqu ilə açılır. Biz onun kişi vəfasızılığının, xəyanətin qurbanı olduğunu öyrənirik. Bomarşe öz həmcinslərinin etibarsızlığını Marselinanın dilindən bu cümlə ilə çatdırır: "Siz kişilər çox nankorsunuz. Siz öz qədirbilməzliyinizlə ehtirasınızın oyuncaqlarını məhv edirsiniz".

Ümumən tamaşada yer alan hər bir aktyor öz obrazlarını mükəmməl şəkildə izləyiciyə təqdim etdilər. Bunu nümayişin sonunda tamaşaçıların ayağa qalxıb yaradıcı heyəti dəqiqələrlə alqışlamasından da görmək olurdu.

Əslində, bu gün tamaşaçının qayğısını azaltmağa, əyləndirməyə hesablanmış tamaşalar az deyil. Lakin onların əksəriyyəti zəif hazırlanır, hətta o qədər uğursuz olur ki, tamaşaçını əyləndirməkdən daha çox əsəbiləşdirir. Ancaq Milli Gənc Tamaşaçılar Teatrı "Fiqaronun toyu" ilə bu sahədə möhtəşəm bir addım atdı və bu addımı həm sənətsevərlər, həm də ümumən ictimaiyyət olaraq alqışlamaq lazımdır.

Tamaşanı uğurlu edən faktorlardan biri də odur ki, rejissor kanonik mətnə uymayıb, vaxtı və məkanı qoruyub saxlamaqla, həm də klassik süjeti maraqlı tapıntılarla yeniləyib.

"Fiqaronun toyu"na nə üçün getmək lazımdır? Ona görə ki, üç əsr əvvəl yazılsa da, bu tamaşada səndən, məndən, bizdən, problemlərimizdən, sevinclərimizdən və kədərimizdən bəhs edilir. Tamaşanın şüuraltımıza yeritdiyi bir həqiqət var: Həyatda uğur qazanmaq istəyiriksə, güclü və təşəbbüskar olmalıyıq. Bu tamaşada qəhrəmanların dili ilə bizə ötürülən bir çox mühüm mesajlar var. Bomarşe bizə 3 əsr əvvəl göndərdiyi mesajda vurğulayır ki, "Hər insanda mövcud olan nikbinlik, təbəssüm bəzən kobudluq və təkəbbürdən daha güclü silahdır".

 

 

Günel MUSA

525-ci qəzet .- 2024.- 6 iyul, №(117).- S.18.