"Maşınımı sür”
Bir işıqlı
dosta - İlham Əzizə
Çağdaş yapon rejissoru Ryusuke Hamaquçinin
"Maşınımı sür" (Drive my car) filmi
adından başlayaraq intermediallıq (sənətlərarası
mübadilə) nümunəsi kimi diqqət çəkir: belə
ki, film populyar yapon yazıçısı Haruki Murakaminin
"Qadınsız kişilər" kitabındakı
eyniadlı hekayənin əsasında çəkilib, üstəgəl,
Murakaminin sözügedən kitabı böyük Ernest
Heminqueyin məşhur hekayələr kitabıyla
adaşdır. Burada hələ bir qat da var: hekayənin və
filmin adı dünyaca məşhur "Bitlz" qrupunun
1965-ci ildə çıxan "Rubber soul" albomunda Con
Lennon ilə Pol Makkartninin ifa etdikləri mahnıya da salam
göndərir.
Haruki Murakaminin hekayəsi, qəzaya
düşdüyü üçün, özünə
sürücü tutan Yusuke Kafuku adlı teatr aktyoru ilə
sürücü qız Misaki arasındakı dialoqlardan ibarətdir.
Kafukunun həyat yoldaşı vəfat edib, xaraktercə müəyyən
mənada mizogen (qadın düşməni) olduğu
üçün əvvəl-əvvəl gənc
sürücüyə çox da üz vermir, onu həqir
görür. Hekayədə iki nəfərin söhbəti
tez-tez Kafukunun xatirələri vasitəsilə kəsilib
keçmişə gedir, sonra isə yenidən
maşının içinə qayıdır. Zaman avtomobilin
içində irəli, Kafukunun içində geriyə
axır. Murakami bu metodla ünsiyyətin baş
tutmadığı, dialoqların sükutla
qırıldığı yerləri yaddaşın
yapışqanıyla birləşdirir.
Bəs film hekayədən nə ilə fərqlənir?
Film hekayənin əsas sujetinə sadiq qalır, belə ki,
burada da Kafuku və Misakini görürük, ancaq rejissor
onların həyatına öz şərhini qatır,
bioqrafiyalarını, keçmişlərini sıfırdan
inşa edir. Filmdə Kafuku təkcə aktyor deyil,
yazıçıdır, teatr rejissorudur. Ən
maraqlısı odur ki, filmin düz qırx dəqiqəsi
proloqdur; bu uzun girişdən sonra ekranda filmin titrləri
görünür. Hekayədə Kafukunun mərhum həyat
yoldaşı Oto ancaq yaddaş ölkəsinin vətəndaşı
kimi xatirə vasitəsilə mətndə canlanırsa, filmdə
ər-arvad arasındakı münasibətlər uzun proloqda
öz əksini tapıb. Qırx dəqiqəlik proloqda Kafuku və
həyat yoldaşı Oto arasındakı münasibətləri
izləyirik. Məlum olur ki, Kafuku həyatının
sükanını öz əlində tuta bilmir,
arvadının başqasıyla
görüşdüyünü bilsə də, heç nə
etmir. Sonra Kafukunun gözündə problem yaranır, bununla da
öz həyatının sahibi olmamaq, sükanı əldə
tutmamaq motivi əyaniləşir - Kafuku artıq həm məcazi,
həm də həqiqi mənada öz maşınına
sürücü tapmalıdır.
Filmin qırx dəqiqəlik proloqunda öyrənirik
ki, Kafukunun arvadı Oto ssenaristdir, üstəlik,
yaradıcı ideyalarını əriylə sevişmələrindən
sonra tapır, elə yataqdaca danışmağa
başlayır. Elə bil, Oto aktyor və rejissor ərinin bədənindən
vasitə kimi istifadə edir, ideyaları onun bədənindən,
canından, ruhundan dartıb içinə çəkir, sonra
isə dünyaya gətirir. Ancaq filmdə bu aktın da bir
hekayəsi, ayrı bir qatı var, belə ki, Kafuku ilə
Otonun qızı cavan yaşda ölüb, buna görə bir
də dünyaya övlad gətirməmək qərarına gəliblər.
Ancaq qadın bu imtinadan sonra yenidən hamilə qalmaq,
dünyaya uşaq gətirmək işini seks sonrası hekayələr
yaratmaq, ideya doğmağa transformasiya edib. Filmin
gedişatında məlum olur ki, Oto bu intellektual orqazm
aktını təkcə öz əriylə həyata
keçirmir, hekayə toxumlarını ancaq ərindən
almır.
Qırxıncı dəqiqədən sonra Kafukunun
arvadı həyatdan getdiyi kimi, sujetdən də gedir. Bu
avanqard fənd, filmin əsas personajlarından biri kimi
görünən xarakterin gözlənilməz şəkildə
sujetdən çıxması adamın yadına Alfred
Hitçkokun "Psixo" filminin əvvəlində
tamaşaçının əsas personaj kimi öyrəşdiyi
Marionun hamam otağında öldürülməsini, yaxud
Mikelancelo Antonioninin "Macəra" filmində gözəl
Klaudianın sal qayalarla əhatələnmiş çimərlikdə
itkin düşməsini salır.
Kafukunun mərhum arvadı sujetə səs kimi
qayıdır: Çexovun "Vanya dayı" pyesini səhnələşdirmək
üçün təklif alan Kafuku maşında yolboyu
arvadının vaxtilə onun üçün yazıb
doldurduğu kasetdən sözügedən pyesə qulaq
asır. Sujet və maşın irəlilədikcə başa
düşürük ki, bu orijinal tapıntı ilə rejissor
Çexovun pyesini filmin gizli mərkəzi kimi
düşünüb. Film boyunca tamaşaçı "Vanya
dayı"nın mətninə həm kasetdən qulaq
asır, həm də Kafuku pyes üçün aktyor
seçimləri edərkən səhnədə dinləyir.
Bununla da rejissor filmi birqatlı olmaqdan çıxarır,
tamaşaçının passiv istehlakçı yox, aktiv
yaradıcı olmağa dəvət edir.
Filmin metaforik qəhrəmanı qırmızı
avtomobildir. Bu avtomobil həm özünü axtaran Kafukunun məcazi
ekvivalentidir, həm içində mərhum yoldaşının
səsinə qulaq asdığı xatirə saxlancıdır,
həm də ömrü boyu sinfi təbəqəsinə, eləcə
də təhsil səviyyəsinə görə həqir
gördüklərinin timsalı olan gənc sürücü
xanım Misakinin daxili dünyasına boylandığı, onu
tanıdıqca, özüylə də tanış olduğu
müstəvidir. Ümumiyyətlə, çağdaş incəsənətdə
heterotopiya deyilən anlayış var. Bu anlayışı
fransız filosof Mişel Fuko tibdən humanitar
düşüncəyə gətirib. Tibdə bu, bir hüceyrənin
və ya toxumanın öz yerindən başqa anatomik hissədə
görülməsidir. Fuko bu anlayışla bədii mətnin
şərhində yeni cığır açıb. Belə
ki, qatar, təyyarə, avtomobil kimi müstəvilər
heterotopik məkanlardır, yəni bir yandan
açıqdırlar, bir yandan qapalı, bir yandan ictimaidirlər,
bir yandan intim, həm hərəkətlidirlər, həm də
stabil. Bu, klassik dövrün atlı, yaxud piyada səyahətlərindən
fərqlidir. Filmin rejissoru Hamaquçi də bu
anlayışdan metaforik planda yaxşı istifadə edib:
avtomobildə səyahət, sinxron şəkildə, həm
konkret, həm də məcazi ünvanadır - bir növ öz padşahları
Simurqu axtarmaq üçün Qaf dağına üz tutan
quşlar haqqında əsatirin psixoloji plandakı yapon
versiyası.
Hamaquçi bir müsahibəsində deyir ki, burada bir
başqa qat da var: filmin qəhrəmanı Kafuku aktyordur, belə
ki, aktyorluq da mahiyyətcə başqasının həyatını
"geyinib" sonra təzədən özünə
qayıtmaq arasında var-gəl etməkdir. Bu, filmdəki səyahətlərin
vektorunu çoxaldır: avtomobildə irəliyə,
yaddaşda geriyə, dialoqlarla başqasına doğru,
başqasının aynasında özünə tərəf...
Rejissor filmdə talelər arasında qurduğu
körpünü vizual keçidlərdə də əyaniləşdirir,
belə deyək ki, görüntülü qafiyələr
yaradır. Məsələn, bir kadrda avtomobilin fırlanan təkərləri
növbəti səhnədə maqnitafon kasetinin fırlanan
çarxına çevrilir - bu gözəl vizual keçid
yol anlayışının xarici xarakterini daxili olanla birləşdirir.
Filmin ikinci hissəsində Otonun məşuqlarından
biriylə tanış oluruq: Takatsuki. O, Kafukunun səhnələşdirməyə
hazırlaşdığı "Vanya dayı" pyesində
oynamaq üçün müraciət edən cavan, ortabab bir
aktyordur. Kafuku onu tanıyır, arvadıyla münasibətlərindən
xəbəri var. Ancaq qəribə şəkildə Kafuku
Vanya dayı rolu üçün Takutsukini seçir, bəlkə
də bu yolla təcrübəsiz, ortabab aktyordan intiqam almaq istəyir.
Kafukunun sürücüsü Misaki qaradinməz,
dalbadal siqaret çəkən, adi bir qızdır. Çox
vaxt ağzına nə gəlir danışır,
qaşqabaqlıdır, dodağı qaçmır. Ancaq onun
da yarası var, üstəlik, Kafukunun gənc yaşda ölən
qızıyla yaşıddır. Misakinin anasında şəxsiyyət
ikiləşməsi olub, belə ki, nə vaxt anası onu
döysə, onun uşaq yaşda olan Saçi
adlandırdığı ikinci şəxsiyyəti üzə
çıxırmış, beləliklə, anası
dönüb olurmuş onunla yaşıd uşaq. Misaki Kafukuya
deyir ki, anamda üzə çıxan o balaca uşaq mənim ən
yaxın dostum idi, bilirdim ki, anamın ölümü
Saçinin də ölümüdür, ancaq onları xilas
etmək üçün heç nə etmədim. Misaki
özünü anasının ölümündə
günahkar bilir, filmin unudulmaz səhnələrdən birində
Kafuku əvvəllər həqir gördüyü bu cavan
qıza deyir ki, əgər mən sənin atan olsaydım,
çiyinlərindən tutub silkələyərdim, "sənin
günahın yoxdur, sən pis heç nə etməmisən"
deyərdim. Ancaq deyə bilmirəm, çünki sən
ananı, mən də arvadımı öldürmüşəm.
Bu səhnədən aydın olur ki, özünü
günahkar bilmək, itkilər insanları
yaxınlaşdırır, belə anlarda sinfi, intellektual fərqlər
aradan qalxır, ruh ruhu tanıyır.
Axırda Vanya dayı rolunu oynamalı olan Takatsuki bir
cinayətə görə həbs edilir. Beləcə, Vanya
dayı rolunu Kafuku özü oynamalı olur. Bu məqamda
filmin ən təsirli, orijinal tapıntısı olan hissə
gəlir: "Vanya dayı" tamaşasının
axırlarında teatr səhnəsinin arxasında qurulan ekran
titrlər axmağa başlayır, lal-kar bir aktyor işarə
diliylə belə deyir: "Yaşamalıyıq, Vanya
dayı". Bu, teatr səhnəsində olur, həyatda isə
Kafuku Misakiyə belə deyir: Yaşamalıyıq! Hər
şey yaxşı olacaq! Hər şey yaxşı olacaq!
Mütləq yaxşı olacaq!
QİSMƏT Rüstəmov
525-ci qəzet .- 2024.- 6 iyul, №(117).- S.15.