Ədəbi
köşk: Nə var, nə
yox?
Əhməd Cavadın kədərli "tövbə"si
Həmid Piriyevin "Kulis"də Əhməd
Cavadın bir məqaləsi barədə
hazırladığı material maraqla oxundu. Çünki bu
araşdırma bəzi bizə bəlli olmayan səhifələrə
işıq salır. Əhməd Cavadın tövbəsi... kədərlidir.
Qanlı quruluş böyük fikir, əqidə
adamını məngənəyə salır. Onun protestosu ilə
bağlı qələmə aldığı cümlələrdən
"Yaşamaq istəyirəm!" nidası boylanır:
"1928-ci ildə Türkiyədə çap olunan
bir məcmuədə Əhməd Cavadın özündən
xəbərsiz bir neçə şeiri çap olunur. Buna
görə 1929-cu ildən ona qarşı mütəmadi
hücumlar başlayır. Şair ittihamlara cavab olaraq
"Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli nömrəsində
"Şiddətli protesto edirəm" adlı məqaləsini
çap etdirir:
"Ə.Nazim yoldaşın Moskvada çıxan
"Mətbuat və inqilab" adlı ədəbi məcmuədə
yazdığına görə, müsavatçılar tərəfindən
İstanbulda nəşr edilmiş "İstiqlal
uğrunda" ünvanlı kitabda bənim də bir para
şeirlərim dərc edilmişdir.
Aprel inqilabından sonra əlaqədar
olmadığım bu təşkilat tərəfindən nəşr
edilən bu kitabdan xəbərim olmadığı kimi,
hansı parçalarımın da oraya düşdüyündən
məlumatım yoxdur. Lakin nə olur-olsun, Azərbaycan Şura
quruluşu əleyhinə olan bir kitabda yazılarımın
fitnəkarlıqla nəşr edilməsinə, şeirlərimin
bir siyasi alət olaraq qollanılmasına qarşı şiddətlə
etiraz edirəm".
Bu məqalədən sonra Əhməd Cavada
hücumlar bir az da vüsət alır və o,
"Kommunist" qəzetində "İzah" məqaləsini
çap etdirir:
"Bən milliyyət ruhu daşıyan milli
faydalardan bəhs edən ədəbiyyatı zərərli
hesab edirəm; çünki böylə ədəbiyyat hər
şeydən əvvəl milli ədavətlər törədir,
bir milləti başqa bir millətdən üstün göstərməyə
çalışaraq bir çox uyğunsuz hərəkətlərə
meydan verir. Bunun nəticəsində də milli
qırğınlar baş verib bir çox qanların
tökülməsinə, zəhmətkeş xalqın həlak
düşməsinə səbəb olur. İndi bənim fikrimcə,
hər bir şüurlu vətəndaş yalnız öz millətini
deyil, millətinin də mənsub olduğu bəşəriyyəti,
bu bəşəriyyətin xilası üçün fədakarlıq
göstərən əməkçiləri düşünməlidir.
Ona görə də bən milli ədəbiyyatdan imtina edirəm.
Nəhayət, burasını da qeyd etməliyəm ki,
bən də bir insan olmaq etibarilə səhv etməmiş
deyiləm. Çox səhvlər etmişəm, bəlkə də
o səhvlər yenə də olacaqdır. Lakin heç zaman xəyanət
etmədim. Bundan sonra da etməyəcəyimə əminəm.
Bəni xəyanətdə müttəhim edən yoldaşlar
həddindən ziyadə şiddətli
davranmışlardır. Bən də ümumi iş naminə
haqqımda yazılan bu şeylərin tərsini unudaraq, əlimdən
gəldiyi qədər proletar quruluşu üçün
çalışıb xain deyil, dost olduğumu isbatə
müvəffəq olacağıma əminəm".
lll
AYB-nin 90 illiyi: həm bayram, həm əziyyət?
Xalq yazıçısı Anar "Qobustan" dərgisinin
AYB-90 xüsusi sayına, baş redaktor Pərvinə verdiyi
video-müsahibədə Azərbaycan Yazıçılar
Birliyinin 90 illiyinin keçiriləcəyi ilə bağlı
məlumat verib. Fəxri ad tələb edən yazı-pozu əhlinin
vəziyyəti çətinləşdirdiyini qeyd edən Xalq
yazıçısı bunun mümkünsüz olduğunu
vurğulayıb: "Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi.
Bayramdı da 90 illik... Amma bu bayram bizim üçün
müsibətdir. Çünki bu bayramla əlaqədar
hamı gəlir ki, mənə bir şey ver. Hamıya da fəxri
ad vermək mümkün deyil, axı. İki min
Yazıçılar Birliyi üzvünün hamısı Xalq
yazıçısı ola bilməz, hamısı Xalq
şairi ola bilməz. Hamısı Əməkdar incəsənət
xadimi olmaq, orden, medal almaq istəyir. Bu, mümkün deyil.
Beşinə verirsən, on beşi inciyir. On beşi alır, əllisi
inciyir. Ona görə də bu bayram bizim üçün məşəqqətdi.
Həm bayramdı, həm də əziyyətdir. Bilmirsən
ki, bu işin içindən necə çıxasan? Amma hər
halda, qeyd eləməliyik. 90 il balaca rəqəm deyil. Yəqin
mənim bayram edəcəyim sonuncu bayramdı.
Yazıçılar Birliyinin 100 illiyinə mən çətin
qalım. Amma 90 illiyini qeyd edəcəyik".
lll
"Böyük şair" kimə deyilməlidi?
Jurnalist İradə Sarıyeva sosial hesabında belə
bir sual ünvanlayıb: "Böyük şair kimdi və
kimə deyilməlidi?"
Şair-tərcüməçi Səlim Babullaoğlu
cavab olaraq Marina Svetayevanın bölgüsündən bəhs
edir: "Svetayeva 4 tip şairdən danışır:
"bolshoy poet", "velikiy poet", "vısokiy
poet", "genialnıy poet". Marina Svetayeva yazır ki,
"bolshoy poet" olmaq üçün böyük istedad (bəlkə
təb) bəs edir; "velikiy poet" üçün böyük
poetik istedad azdır, bu istedada bərabər şəxsiyyət
(şəxsi keyfiyyətlər) - ağıl, qəlb, iradə
və bütün bunları yönəldəcəyi ali hədəf
olmalıdır; "vısokiy poet" böyük şair
olmaya da bilər, mütəvazi təbə malik olar bilər,
eynən Alfred de Vinyi kimi - amma içindəki qiymətli nəsnə
bizi onu etiraf etməyə məcbur edir; "velikiy poet" "vısokiy
poet"i ehtiva edir və onu müvazinətə gətirir, tərsi
mümkün deyil; bir də var dahi..."
Maraqlıdır, görəsən, Səlim müəllim
bu bölgünü bizim ədəbiyyat üçün
aparsa, hansı nəticə alınar?
lll
Bir şeir üstündə "xəyanət"
Şair Bəxtiyar Hidayət bir şeir yazıb.
Şeirin ilk bəndi belədi:
Dar günümün dostu Rasim
Gennən də yaxşı adamdı
Əzəldən də yaxşı adam
Sonnan da yaxşı adamdı
Rasim Qaraca da bu şeirə şərh yazıb:
"Əla yazmısan!"
Rasim Qaracanın bu rəyi Emil Rasimoğlunun tənqid
hədəfinə çevrilib:
"Rasim Qaraca daim imzasına (imzasının şəxsində
ədəbi təfəkkürünə) sayğı ilə
yanaşdığım şəxslərdən olub.
Amma... sanki zaman keçdikcə əksər imzanın
ədəbi xarakteri, düşüncəsindəki sənət
prinsipləri öz müvazinatını itirir. Bu hal kimisində
qeyri-ixtiyari baş verir, kimisində isə özünün ədəbi
prinsiplərinə "xəyanətindən"... və
yekunda yaradıcı təfəkkürün
"qanqrenası" meydana çıxır.
Deyəsən, növbə Rasim Qaracadadır. Belə
olmasaydı, adam heç bir ciddi mətni, müəllifin
yaradıcı novatorluğunu, ədəbi hadisəni... ifadə
etməyən bu şeirə "ustalıqla
yazılıb" rəyini verib, müəllifi "əla"
ilə qiymətləndirməzdi.
Az öncə qeyd etdiyim müvazinatın itməsi
halı heç şübhəsiz ki, Rasim Qaracada ədəbi
prinsiplərinə "xəyanətdən" doğur...
Çünki adam nə etdiyinin, nə
yazdığının fərqindədir.
Rasim bəy Bəxtiyar Hidayətin dil barədə
tayı-bərabəri olmadığını deyib: "Emil bəy,
Bəxtiyar Hidayətin yaradıcılığını
çoxdan izləyirəm. Azərbaycan dilinin imkanlarından
onun qədər geniş istifadə edən yeni nəsil
şairlərdən ikinci şair tanımıram. Xüsusən,
təcnis janrında çoxlu yeniliklər edib. Sərbəst
şeirləri də var, ümumən adam talantlıdır,
bunu danmaq olmaz".
E.Rasimoğlunun genişləndirməyə cəhd
etdiyi dialoqu R.Qaraca "Tənqidiniz barədə
düşünəcəm" cavabı ilə
sonlandırıb.
lll
"Çirkaba batmış dünya", şeirlər
və uşaqlar...
Ulucay Akif nəsrə keçməyini necəsə əsaslandırmağa
çalışır və bu an bəşəri fikirlərlə
çıxış edir: "Bilmirəm, bəlkə də,
mən yanılıram, amma fikir verirəm, artıq şeir gücünü
itirib insanlar üçün, artıq heç kim şeirdən
güc almır, kimsə sevgisini şeirlə bildirmir sevdiyinə.
Ona görə də artıq gözəl şeirlər də
çox az yazılır, şairlər öz qınına
çəkilib elə bil. Uzun illər şeirlə nəfəs
almışam, içim-çölüm şeir olub daim,
dünyaya daha fərqli baxmışam, daha fərqli
görmüşəm hər zaman. Təvazökarlıqdan
uzaq olsa da, çox gözəl şeirlər
yazdığımı düşünürəm... İndi
beynimdəki misraları elə ordaca boğuram, heç birinin
dalına düşmürəm, hamısı it-bata
düşür beynimin bir küncündə.
Düşünürəm ki, kimin nəyinə lazımdı
şeir? Təxminən, dünyaya uşaq gətirmək
kimi... Düşünürəm ki, neyləyəcək bu
çirkaba batmış dünyada o şeirlər, o
uşaqlar?"
lll
"Bu sözləri özünüzə
sığışdırıb işlətməyin..."
Şəhriyar Del Gerani xətalı tələffüzlə
dilimizi korladığını düşündüyü kəslərə
səslənib: "Əziz həmvətən yadellilər, əgər
rusca danışırsınızsa, buyurun, praTçses*,
intanaTçsiya* və s. bu qəbil sözləri asudə tərz
ilən ağzınıza sığışdırıb
işlədin. Olsun. Problem yox. Amma Azərbaycan türkcəsində
danışırsınızsa, biləsiniz, o sözlər
"proses", "intonasiya" və s. kimi tələffüz
olunur. Bu sözləri özünüzə sığışdırıb
işlətməyin. Yekə adamlarsınız. Açın
kitab oxuyun, dili öyrənin, özünüzə hörmət
edin. Ayıbdır! Nə qədər danlamaq olar axı
adamı? Utanmırsınız? Neyləyək? Ad çəkək
bu istidə? Sonra da deyirsiniz, "Füzuli
rindü-şeydadır..." Taa olar da. Hələ Füzuli
möhkəm adamdır vallah..."
lll
Təzə nə var?
Hədiyyə Şəfaqətin növbəti tərifi:
"Ədəbiyyat həm də nifrət bəslədiyimiz
şeyləri, şəxsləri və hadisələri əbədi
cəzalandırma sənətidir..."
lll
Cavid Zeynallı yeni şair kəşf edib:
"Dərinə getsək, məlum olar ki, İTV-nin
şərhçisi kəşf olunmayan şairdir. Oyunun
ölüm-qalım vaxtında lirik ricətin biri bir qəpik:
- Vurmaq lazım idi, ay qəlbidaş. Ürəyimizdə
yağ qalmadı, üzümüzdə qan qalmadı.
Sənə quzu kəsim. Bizim adamsan".
lll
Salam Sarvanın səhhəti yaxşıdı. Hətta
polşalı şair Vislava Şimborskanın şeirlərini
tərcümə edib. Şərif Ağayar bu barədə
yazır: "Əziz dostum Salam Sarvan nəinki
özünü yaxşı hiss edir, üstəlik,
yaradıcılıqla da effektiv məşğuldur. Bayaqdan məni
votsaplayır ki, bazar günü olmasından sui-istifadə edərək
yan gəlib yatma, dur bu şeirləri qoy sayta, sosial hesablarda da
paylaş, qədirşünas dostlarımız bu gözəl
şairi tanısın.
Mən də dedim, baş üstə!
Salam şairə yüksək qiymət verir, mən həm
şairə, həm tərcüməyə. Orijinal kimi
oxunur".
lll
Ömər Xəyyam ssenarisi Nicat Mənalı,
rejissoru Natiq Novruzov olan, Milli Qəhrəman Mübariz
İbrahimova həsr olunmuş "Mübariz" filmini tənqid
edib. Görünür, bu tənqiddən sonra Ömərə
çoxlu zənglər gəlib: "Hansısa filmi, yaxud
yazılı materialı təndiq edirsən, zəng edirlər,
zəng elətdirirlər; küsürlər, inciyirlər.
deyirlər, səni kimsə öyrədib. Hansısa filmi,
yaxud yazılı materialı təqdir edirsən, zəng edirlər,
zəng elətdirirlər; küsürlər, inciyirlər.
Deyirlər, diktəylə yazmısan. Ümumiyyətlə, nə
istəyirsiniz? Məsələn, necə edək? nə
cür olsun?"
Nadir Yalçın
525-ci qəzet .- 2024.- 6 iyul, №(117).- S.13.