"Xoşbəxtəm ki, kinodan başqa da həyatım olub"  

 

Müsahibimiz Azərbaycanın Əməkdar artisti, aktrisa, florist rəssam Suğra Bağırzadədir.

Suğra xanımla parkda görüşürük. Məkanın münasibliyini nəzərə alıb müsahibəni də burada etmək qərarına gəlirik. Oturmaq üçün sakit yer axtarırıq. Biz gəzərkən insanların maraq dolu baxışı nəzərimdən qaçmır. Məlum məsələdir ki, parkdakıların çoxu Suğra xanımı tanıyır. Söhbətimizə də elə burdan başlayırıq.

- Suğra xanım, məşhurluğun məsuliyyəti yorucu deyil?

- Belə bir deyim var, aktyorlar nə yaşayır, nə də ölür. Çünki yaşamağa imkanımız yoxdur. Biz indi burda gəzməyə davam eləsək, əlli adam məni tanıyıb salamlaşacaq. Məsələn, mən burda uyğunsuz bir geyimlə gəzə bilmərəm. Daim diqqət etməli olduğumuz şeylər var. Məşhur olmaq çox çətindir.

- Nəzərə alsaq ki, səkkizinci sinifdə "Ulduz" filminə çəkilmisiniz, şöhrətlə erkən yaşlarında tanış olan biri kimi yəqin ki, bu mövzuda deməyə çox sözünüz va.

 

- "Ulduz"dan sonra nə qədər filmlərə çəkilsəm də, insanların yaddaşında daha çox "Yetər" obrazı ilə qalmışam. Nəsillər dəyişir, ancaq bu filmə münasibət dəyişmir, hələ də böyük maraqla baxılır.

- Deyilənə görə, film ekranlara çıxandan sonra sizin məktəbli ikən bu obraza çəkilməyiniz xeyli tənqid olunub.

- Tənqidi paxıllıqdan edirdilər. O vaxt kinoya çəkilmək indiki kimi asan deyildi. Uyğun aktyor beş yüz nəfərdən çox adamın içərisindən seçilirdi. Buna görə də mənim hələ məktəbli ikən belə bir filmdə çəkilməyim çoxlarını qıcıqlandıra bilərdi. Çünki orada həm Musiqili Komediya Teatrının aktyorları, həm İncəsənət İnstitutunun tələbələri, həm də başqa teatrın aktyorları vardı. "Ulduz" filmi çıxandan sonra danışılırdı ki, çox gözəl rol oynamışam və mənim ifam o biri aktyorlardan əskik olmayıb.

- "Yetər"ə on beş yaş vermək olmur. Orada yaşınızdan xeyli böyük görünürsünüz.

- Bu, operator işidir. Yuli Fogelman çox istəyirdi ki, mən o filmdə çəkilim, çünki sınaq çəkilişlərim xoşuna gəlmişdi. Həm də yerişim, danışığım, görkəmim obraza uyğun gəlirdi. Səsimi yaşlandırmaq üçün Şərqiyyə xanım səsləndirib. Mənim indi də səsim yaşımdan cavandır.

- "Ulduz" filminin çəkilişləri müxtəlif məkanlarda baş tutub. Fərqli yerlər, peşəkar sənət adamları... Çox güman, həmin dövrdən maraqlı xatirələriniz var.

- Birini danışım. Deməli, Astarada çəkilişlərdə olan vaxt Ağarza müəllim qorxurdu ki, mən ordakı uşaqlarla oynayanda yıxılaram, başıma nəsə gələr. Bir dəfə də kimsə ona xəbər vermişdi ki, astaralı uşaqların birindən velosiped alıb sürmüşəm. Ağarza müəllim məni çağırıb xeyli danladı ki, yıxılarsan, əlinə, ayağına nəsə olar. Axı biz bu filmi yarıya qədər çəkmişik. Sən bu qədər adamın əməyini yerə vuracaqsan? Mən də ağlamsındım və söz verdim ki, bir də belə şeylər etməyəcəm.

- Bayaqdan "Yetər"i soruşuram. Ancaq məlum məsələdir ki, "Ulduz"dan qabaq sizi "Bolşoy Teatr"ın səhnəsində "Cücələrim"i oxuyan qızcığaz kimi tanıyıblar. Bildiyim qədər siz hələ uşaq olarkən Rəşid Behbudovdan dərs almısınız.

- Bilirsiniz, kinostudiyanın dəhlizləri çox maraqlı idi. Dəhlizlə gedən zaman sənin qarşına Müslüm Moqamayev də çıxa bilərdi, Rəşid Behbudov da. Bir dəfə dəhlizlə gedəndə Davud İmanov məni çağırdı, Rəşid Behbudovla söhbət edirdilər. Yaxınlaşıb Rəşid müəllimlə salamlaşdım. Davud müəllim məni göstərib Rəşid Behbudovdan soruşdu ki, tanıdınız bu qızı? Mən də dərhal cavab verdim ki, o məni necə tanıya bilər axı? Mənə vokal dərsi keçəndə on iki-on üç yaşım var idi. Rəşid müəllim də mənə baxıb dedi ki, sənin yaşıl gözlərini lap yaxşı yadımda saxlamışam. Bəs sən mənim mahnılarımı yadında saxlamısan, ya yox? Mən də cavab verdim ki, əlbəttə, yadımdadır. Həmin vaxtlar ömrümə qızıl hərflərlə yazılıb.

- Ömür keçir, ancaq qocalıq sizinlə bacara bilmir. Sizə 78 yaş vermək mümkün deyil.

- Yaxşı görünmək istəyənlər mütləq düzgün qidalanmalı, tezdən oyanmalı, idman etməlidirlər. Ən geci on birin yarısı yatıb, səhər altıda-yeddidə durmaq lazımdır. Bunlarla yanaşı, genetika faktoru da var. Mən də, bacılarım da yaşımızdan cavan görünürük. Anam da belə idi.

- Suğra xanım, gözünüz qalan hansısa rol varmı?

- Mənim heç nədə gözüm qalmır. O qədər sınaq çəkilişləri olub ki, məni seçməyiblər. Buna çox gülərüz baxmışam. Hər halda orada oturan adamlar məndən ağıllıdır və daha çox film görüblər. Deməli, məni çəkməyi lazım bilməyiblər. Çəkilib biabır olmaqdansa, seçilməmək daha yaxşıdır. İyirmidən çox filmdə çəkilmişəm. Mənim elə bir rolum yoxdur ki, desinlər ki, alınmayıb.

- Sizi həmişə müsbət rollarda görürük. Mənfi rolları özünüz istəmirsiniz, yoxsa rejissorlar təklif etmirlər?

- Yəqin ki, rejissorlar məni belə rollarda görmür. Hərdən yolla gedəndə elə bir adam görürsən ki, ürəyində deyirsən bu nə sir-sifət, nə cür geyim, nə cür yerişdir. Bir sözlə, həmin adamda müsbət bir şey gözünə çarpmır. Yəqin ki, rejissorlar bu nöqteyi-nəzərdən yanaşırlar. Halbuki belə yanaşma düzgün deyil. Əgər rejissor aktyoru mənfi rolda görmək istəyirsə, onda risk edib çağırar. Məsələn, düşünürəm ki, məndə mənfi, yaxud da tələbkar adam rolu alınar. Elə rollarım olub ki, bir neçə səhnədə tələbkar, ya da davakar olmuşam və həmin obrazlar alınıb.

- Həyatda necə, davakarsınız?

- Yox, davakar adam deyiləm. Mənə elə gəlir ki, hər dava insanı alçaldır. Mən də özümü alçaltmaq istəmirəm. Niyə dava eləməliyəm, bununla qarşımdakına nə başa sala biləcəm? Əgər o özü gəlib bu nöqtəyə çatıbsa, ona nəsə başa salmağa dəyməz. Heç biri insanı nə dəyişmək olur, nə də tərbiyələndirmək. Əsası necə qoyulubsa, ömrünün axırına qədər də elə gedir. "Qozbeli qəbir düzəldər". Bu yaşıma çatmışam, hələ görməmişəm ki, kimsə sonradan dəyişsin. Hətta uşaq anadan olanda öz xarakteri ilə doğulur.

- Bu gün hansısa filmə çəkilirsinizmi?

- Bir müddətdir ki, filmlərə çəkilmirəm. Yaşımı və səviyyəmi nəzərə alaraq məni qane edən rolları seçməliyəm. Sonuncu dəfə ötən il Rusiyanın çəkdiyi "Qorkoe blyudo" filmində Asiya rolunu oynamışam. Çox maraqlı iş təcrübəsi oldu. Rusiya və Türkiyənin tanınmış aktyorları burada çəkilirdi. Film artıq nümayiş olunur.

- Çox vaxt aktrisalarımız ailə qurandan sonra karyeraları ilə bağlı problemlər yaşayırlar. Sizin bioqrafiyanızda isə əksi yazılıb.

- Əsas sənətim mühəndislikdir, Neft-Kimya institutunu bitirmişəm. Uşaqlıqdan incəsənətlə sıx təmasda olmağıma baxmayaraq, atam bu sahəyə getməyə icazə vermədi. Ona görə də təhsilimi başqa istiqamətdə davam etdirdim. Kinostudiyada da mühəndis-texnoloq işləyirdim. Ora bir mühəndis kimi getmişdim. Ancaq həmişə yoldaşıma zarafatla deyirdim ki, bir ayağım aktrisalıqdadır, bir ayağım mühəndislikdə. Uyğun rol olarsa, çəkiləcəm. Bir çox kişi istəyər ki, arvadı filmlərə çəkilməsin, evdə otursun. Yəqin mənim həyat yoldaşım da belə olmasını istəyərdi. Amma bunu heç vaxt açıq şəkildə deməyib. Mən də heç bir hərəkətimlə, yaşayış tərzimlə, rollarımla onun həyatına bədbinlik gətirməmişəm. Üstəlik, bir az tələbkar adamam, çəkilişlərə gedəndə də evdə hazır yemək olurdu. Uşaqlarımın dərsləri ilə də daim məşğul idim. Buna görə də narazılıq etməyə səbəb olmayıb.

- Dediniz ki, incəsənətə getməyinizə atanız razılıq verməyib. Onda heç etiraz etmədiniz?

- Qızım, bizim vaxtımızda etiraz sözü yox idi. Ata-ana nə desə, o olardı.

- Sizcə, ömrü çox parçalamamısınız ki?

- Mən xoşbəxt insanam ki, kinodan başqa da həyatım olub. Bir sahədə işim az olanda mütləq başqa işlə məşğul oluram. Məsələn, bu gün məni nələrsə qane etmir deyə filmlərə çəkilmirəm. Ancaq rəssamlıqdan ki imtina etmirəm, gözəl-gözəl əsərlər yaradıram. Balalarımı böyütmüşəm, artıq nəvələrim universitetdə oxuyurlar. Həyatımı elə qurmuşam ki, günü bu gün də filmlərə, reklamlara çağırırlar.

- Övladlarınızdan incəsənətlə məşğul olanı var?

- Xeyr, yoxdur.

- İncəsənət tamam başqa xarakter istəyir, dəqiq sahələr başqa. İki istiqamətin kəsişməsi sizi narahat eləmir?

- Əksinə, bu, mənə daha da kömək edir. Məhz buna görə başqalarından fərqlənirəm.

- Kənardan çox sərt görünürsünüz.

- Mühəndis olsam da, daim incəsənətin içində idim. Sənətçilərin həyat tərzi bir az başqa cürdür, mən onlara həm yaxın, həm də uzağam. Sərtliyim onlarla aramda olan pərdə idi. Belə olmasa, mən Suğra olmazdım. Yeri gələndə yumşaq davranıram, yeri gələndə sərt. Məndə təkcə sərtliyi görmək düzgün deyil.

- Bu gün siz həm də rəssamlıqla məşğulsunuz. İstərdim bir qədər də bu haqda danışaq.

- Ümümdunya Floristlər Şurasının və Rəssamlar İttifaqının üzvüyəm. Şura tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılmışam. Bu ixtisası mən icad eləmişəm. Hazırda 200-dən çox əsərim var.

- Bir əsəri bitirmək üçün sizə təxminən, nə qədər vaxt lazım olur?

- Bir əsərin yaranması üçün ən azı iki il, ən çox isə beş il vaxt lazımdır. Mən yarpaqları, gülləri, kolları keramika halına gətirəndən sonra rənglə işləyirəm. İşçi materialım canlı olduğu üçün onlarla işləmək çox çətindir. Məsələn, kompozisiyanı beynimdə quranda istəyirəm ki, çobanyastığı üzünü sağa tutsun, ancaq nə etsəm belə, üzünü o biri tərəfə tutur. Deməli, proses vaxtı kompozisiyanı elə dəyişməliyəm ki, o, mənim beynimdə tutduğumu pozmasın, üstəlik, gülün gözəlliyinə də toxunmayım. Bu sahə böyük səbr, bacarıq tələb edir. Hər yarpağın qalınlığını hiss edə bilirəm. Sizə bir əhvalat danışım. Deməli, illərdir ki, bir əsər üzərində işləyirdim və həmişə o əsərə baxıb deyirdim ki, burda mütləq Xarıbülbül olacaq.

Bir gün evdə oturmuşdum, binamızın komendantı zəng elədi ki, Suğra xanım iki hərbçi sizə Xarıbülbül gətirib. Sevinclə onları qarşıladım. Xarıbülbülü görən kimi göz yaşlarına boğuldum. Nə oğlanların üzünü gördüm, nə adlarını soruşa bildim. Onlar da sakitcə çıxıb gediblər, heç xəbərim də olmayıb. Sonradan komendant onlardan soruşanda cavab veriblər ki, bu, tapşırıqdır və göndərən şəxsin adını deyə bilməzlər.

- Bəs sizin bu arzunuzdan necə xəbər tutmuşdular?

- Mən dəfələrlə müsahibələrimdə deyirdim ki, xahiş edirəm mənə Xarıbülbül gətirəsiniz. Xüsusilə də, hərbçilərə səslənirdim ki, o gülü görəndə qırmayın, əzməyin, mənə çatdırın. Həmin şəxslərin sayəsində "Xarıbülbül Cıdır düzündə" əsərimi tamamladım.

- Suğra xanım, adınızı kim qoyub?

- Atamın dayısı. Onun anasının adı idi - Məşədi Kərbəlayı Suğra xanım. "Cücələrim"i oxuyanda deyirdi ki, mən sənə molla anamın adını qoymuşam, sən də səhnədə belə balaca yupkada oxuyub-oynayırsan. Mən də cavab verirdim ki, dayı, böyüyəndə görərsən, ananın adını necə göylərə qaldıracam. Doğrudan da, bizim nəsildən ilk Məkkəyə gedən mən olmuşam. 2002-ci ildə Kəbəyə uçan ilk təyyarədə idim. Məkkədə ilk namazımı da Suğra xanımın adına qılmışam.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.- 6 iyul, №(117).- S.12.