"Studentlər" romanı tariximizin güzgüsü kimi  

TAĞIYEV-BEHBUDOV DAVASI

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Romanda tələbə Cəlalın (və deməli, həm də əsər müəllifinin!) iddiasına görə sırf ailədaxili məsələ kimi ortaya çıxan "Tağıyev-Behbudov davasında" Ə.Topçubaşovun əlinin olması ilə bağlı irəli sürülən mülahizə də həqiqətdən uzaqdır. Doğrudur, 1911-ci ilin iyun ayında Bakı polis idarəsinin "Tam məxfi" qrifi ilə hazırlanmış məlumatında "inkişaf səviyyəsinə görə yerli müsəlmanlardan əsaslı dərəcədə fərqlənən Topçubaşovun Hacı Zeynalabdin Tağıyevlə əvvəlki kimi dost olduğu" vurğulansa da, artıq "Kaspi" dövründəki yaxınlıq  mövcud deyildi. Birinci Dünya müharibəsi başlanana qədər Əlimərdan bəy əsasən vəkillik fəaliyyəti, "Nicat" xeyriyyə cəmiyyətinə və "Səadət" məktəbinə rəhbərlik, habelə Cənubi Qafqazda zemstoların təşkili ideyası ilə məşğul olurdu. Hacının ailə məsələlərinə  heç vaxt qarışmamışdı. Digər tərəfdən H.Z.Tağıyevin biznes imperiyasının bacarıqlı idarəçilərindən biri sayılan, vaxtı ilə kömək etdiyi mühəndis L.Behbudovu ləkələyib Bakıdan uzaqlaşdırmaq da onun maraq dairəsinə daxil ola bilməzdi.

Əhməd Ağaoğlunun "Behbudov-Tağıyev davası" ilə hər hansı şəkildə əlaqələndirilməsi isə tamamilə əsassızdır. Çünki münaqişənin baş verdiyi dövrdə o, artıq üç ilə yaxın idi ki, İstanbulda yaşayırdı. Ən başlıcası isə Bakını tərk etməsinə görə konkret heç kimdən şikayətçi deyildi. Sadəcə olaraq ad çəkmədən "şiddətli şəkildə təqib olunduğunu, özünün və ailəsinin təhlükə altında qaldığını" bəyan etmişdi.

Ə.Topçubaşovun şəxsinə və fəaliyyətinə qətiyyən dəxli olmayan məsələlərlə bağlı ittiham edilməsində şübhəsiz, subyektivlik, hətta bəlli bir qərəzkarlıq sezilməkdədir. Gizli deyil ki, Cümhuriyyət dövründə Yusif Vəzirlə Əlimərdan bəy arasında ixtilaf yaranmışdı. Fransadakı mühacirət illərində isə bu ixtilaf daha da dərinləşmiş, açıq qarşıdurmaya çevrilərək hər iki tərəfdən əsassız ittihamlara yol açmışdı. Təəssüf ki, şəxsi münasibətlər zəminində meydana çıxan həmin subyektiv ittihamların müəyyən əks-sədası "Studentlər" romanına da yol tapmışdı.

Xoşagəlməz "bakılı-qarabağlı", "yerli-gəlmə" qarşıdurmasının yaradılmasında Ə.Topçubaşovun hansısa bir rolunun olması haqqında əlimizdə inandırıcı dəlillər yoxdur. Rusiya türklərini bir araya gətirmək üçün Bakıdan uzaq Sibirə qədər çətinlik və məhrumiyyətlərlə dolu bir neçə aylıq maarifləndirici səfərə çıxan, Müvəqqəti hökumətin Dövlət Müşavirəsindəki nitqində müsəlmanların hüququnu əzmlə müdafiə edən şəxs vətənində ziyalıları bir-birinin üzərinə qaldırmağı özünə sığışdırmazdı.

Hadisələrin kökünü axtarsaq, Əhməd bəyə, eləcə də XX əsrin ilk onilliyində Bakının mədəni-ictimai həyatında fəallıqları ilə seçilən Qarabağ əsilli ziyalılara qarşı kampaniyaçılıq təşəbbüsləri H.Z.Tağıyevə yaxın olan başqa bir görkəmli ictimai xadimə - həkim və yazıçı-publisist Mirzə Əbdülxalıq Axundova (1863-1950) məxsus idi. Amma bu, heç bir halda tapşırığın Hacıdan gəldiyini söyləməyə əsas verə bilməz. Yerliçilik hissləri əxlaqımızda və cəmiyyətimizdə həmişə mövcud olub. Təbii ki, bakılı  ziyalılar həmyerli kimi özlərini Hacıya daha yaxın sayırdılar. Digərlərinin onun nüfuz dairəsinə daxil olmasını, səxavətindən yararlanmasını qısqanclıqla qarşılayırdılar. Bir sözlə, regionçuluq zəminində mübarizə həm də Tağıyevə yaxınlıq, simsarlıq çaları  daşıyırdı. Əslən bakılı olan Ə.Axundov isə bu məsələdə xüsusi fəallığı ilə seçilirdi.

İndi bizə ağrılı görünsə də, milli qüvvələrin yekdilliyinin həyati əhəmiyyət daşıdığı bir şəraitdə "bakılı-qarabağlı", "bakılı-gəlmə" kimi yersiz söhbətlərin ortaya atılmasında onun naşir-redaktoru olduğu satirik "Zənbur" jurnalı ön sırada dayanmışdı. Rəhim bəy Məlikov baş verən hadisələri xronoloji ardıcıllıaqla gözdən keçirərkən bu münasibətlə yazmışdı: "Əhməd bəyə qarşı kampaniya çoxdan başlayıb və onun Bakıdan qovulması ilə nəticələnib. Əhməd bəy bir dövlət idarəsi yaxınlığında vəhşicəsinə döyüldüyü vaxt "Zənbur" rəhbərliyi istehza etməklə kifayətlənib bir kəlmə söz deməyi də lazım bilmədi... Təbii, Ağayevi müdafiə məqsədi ilə yox ("Zənburçular" üçün bu, həddən artıq çox olardı!). Söhbət sadəcə bir insanın döyülməsinə, zorakılığa məruz qalmasına qarşı səs ucaltmaqdan gedir. İndi Ağayev gənc türklərlə yaxınlıq edir, hər yerdə ehtiram görür. Əhməd bəyin uğurları "Zənbur" rəhbərliyinə rahatlıq vermir".

Əhməd Ağaoğlu İstanbuldan "Tərəqqi" qəzetinin müvəqqəti redaktoru Üzeyir Hacıbəyliyə 1909-cu ilin yayında göndərdiyi məktublarının birində onu regionçuluq zəminində baş qaldırmış lüzumsuz və zərərli mübahisələrdən, xüsusən də "Zənbur"un iddia və iftiralarından ucada və uzaqda dayanmağa səsləyirdi.

"Tağıyev-Behbudov davası" ilə əlaqədar əvvəllər daha çox qəzet səhifələrində müzakirə olunan regionçuluq məsələsi sonradan həm də praktiki boyutlar aldı, total şəkildə qarabağlı ziyalıların sıxışdırılması, onların H.Z.Tağıyevə məxsus müəssisə və şirkətlərdə işdən kənarlaşdırılması ilə müşayiət olundu. Görkəmli yazıçı-diplomat Ə.Haqverdiyev "Tərcümeyi-hal"ında bu münasibətlə yazırdı: "1908-ci sənə işlədiyim "Nadejda" cəmiyyəti dərşikəst oldu və mənə Hacı Zeynalabdin Tağıyevin paroxodstvasında müfəttişlik vəzifəsi təklif etdilər. Bu axır vəzifələr Zaqafqaziya və İranın çox yerlərini səyahət edib qiymətli məlumat almağıma səbəb oldu. 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən, məni paroxodstvadan ixrac etdilər" (seçmə mənimdir - V.Q.)

Mühəndis Lütfəli bəy Behbudov, Bakı, 1910.

Bütünlükdə isə H.Z.Tağıyevin adının ziyalılarla bağlı məsələlərdə əsasən müsbət, bəzi hallarda isə mənfi planda tez-tez hallanması digər sərvət sahibləri ilə müqayisədə onun yuxarıda da qeyd edildiyi kimi, milli ruhlu aydınlara yaxınlığı, imkansız gəncləri təhsilə göndərməsi,  məqsədəuyğun saydığı təklif və layihələrini maliyyələşdirməsi ilə bağlı idi. İş prosesndə onun mütəxəssis kimi yetişmələrində  zəhmət çəkdiyi, böyük pullar xərclədiyi maarif-mədəniyyət xadimləri, texniki intellegensiya nümayəndələri ilə mübahisəyə girişməsi, ağsaqqal kimi irad bildirməsi, bəzilərini danlaması, hətta acılaması bir sıra hallarda qaçılmaz olurdu. Təbii ki, qərəzçiliyə və  təftişçiliyə yol vermədən buna anlayışla yanaşmaq lazımdır.

Hacının Ə.Ağayev və N.Nərimanovla münaqişəsi, yaxud fikir toqquşması ictimai xarakter daşıdığından o dövrdə diqqəti çox cəlb etməmişdi. Xəbərlər yalnız məhdud dairədə, ziyalılar mühitində yayılmışdı. Hətta hər hansı publik müzakirə açılmamış, mətbuat məsələyə yerli-dibli qarışmamışdı. Təbii ki, burada cəmiyyətin patriarxal dayaqlarının hələ kifayət qədər möhkəm olması da öz rolunu oynamışdı.

Hacı Zeynalabdin Tağıyev - Lütfəli bəy Behbudov münaqişəsi isə ailə-məişət zəminində baş verdiyindən, necə deyərlər, "pikant" mövzu ilə bağlı olduğundan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdu. Xüsusilə hadisədə qadın izinin mövcudluğu (məşhur "cherches la femme!" ifadəsini xatırlamamaq olmur!) Hacının ailə həyatı, şəxsiyyəti və adı ətrafındakı dedi-qodulara, şayiələrə diqqəti xeyli artırmışdı. Moskva, Peterburq, Bakı, Tiflis kimi şəhərlərdə nəşr olunan  "Russkoe slovo", "Kavkaz", "Kaspi", "V mire musulmanstva", "Baku", "Zemşina", "Veçernee vremya", "Moskovskie vedomosti", eləcə də  satirik "Molla Nəsrəddin" jurnalı və digər mətbuat orqanları çox güman ki, məsələnin etik tərəfini, habelə Tağıyevin xeyirxah əməllərini, cəmiyyətdəki böyük nüfuzunu, ağsaqqallığını nəzərə alan anadilli qəzet və jurnallar bəzi istisnalarla səhifələrində qalmaqala yer verməməyi, yaxud da sadəcə informasiyalar çap etməyi daha üstün tutmuşdular.

Rəssam Y.Rotterin "Molla Nəsrəddin" jurnalının 11 avqust 1911-ci il 29-cu sayında "Müsəlman qəzetləri: Qəzet millət üçün bir aynadır ki, oraya baxan hər şeyi görə bilər, bircə Hacı cənablarının evində injener Behbudovun döyülməsindən savayı. Atalar sözü: Güclü adamı incitmək ağıllıların işi deyil!" alt yazısı ilə çıxan karikaturası da  bunun əyani göstəricisidir. "Tağıyev-Behbudov davası" ilə bağlı qəzetlər, əsasən də rus dilində çıxan mətbu nəşrlər onlarla xəbər, məqalə, felyeton, məhkəmə reportajı dərc etmişdilər. Paytaxt Peterburqda Hacının vəkillərindən biri, Rusiya Dövlət dumasının üzvü G.G.Zamıslovskinin (1872-1920) "Tağıyevin işi" (1912), tanınmış rus hüquqşünası və vəkil M.Q.Kazarinovun (1866-1945) "Andlı iclasçı M.Q.Kazarinovun Həqiqi mülki müşavir Hacı Zeynalabdin Tağıyevi müdafiə nitqi" (1913) kitabçaları çıxmışdı. "Qafqazın ən tanınmış şəxsini" müdafiə edən vəkillər arasında üç çağırış Dövlət dumasının üzvü, məşhur mason və siyasi xadim V.A.Maklakov (1869-1957) da vardı. Lenin, Trotski kimi bolşevik liderləri Bakıda gedən proseslə yaxından maraqlanmışdılar. Səs-küylü məhkəməni öz ideya-siyasi mövqelərindən işıqlandıraraq Duma üzvlərinin, xüsusən də adlı-sanlı Maklakovun Bakı zənginini müdafiə etməsini rus Femidasının ədalətə və qanunçuluğa deyil, maddiyyata, konkter təsadüfdə isə səxavətli Hacının pul kisəsinə olan məhəbbəti ilə bağlamışdılar. Məsələn, Lenin "Nevskaya zvezda" qəzetində çıxan "Kapitalizm və parlament" (17 iyun 1912-ci il) məqaləsində yazmışdı: "Maklakov Tağıyevin verdiyi qonorarları yeyəndə Duma üzvü olmağı onun belə "sərfəli" işlər görməsini asanlaşdırmırdımı?"

Əslində Lenin ittihamında tam haqlı idi. Yalnız bir faktı xatırlatmaq kifayətdir: V.A.Maklakov azərbaycanlı milyonçu ilə eyni vaxtda millətçi Daşnaksütyun partiyasının dövləti cinayətlərə görə məhkəmə önünə çıxarılan 158 üzvünün də vəkili idi. Yəni onun üçün pulu kimin verməsi önəmli deyildi. 1912-ci ilin martında Bakıdakı prosesdə müdafiə nitqini söyləyəndən dərhal sonra Sankt Peterburqa, "son söz" demək üçün "erməni inqilabçılarının" məhkəməsinə yola düşmüşdü. Bolşeviklərin mühakiməsiz, kütlənin gözü önündə güllələdikləri kiçik qardaşı N.A.Maklakov (1871-1918)  1912-1915-ci illərdə Rusiya imperiyasının daxili işlər naziri olmuşdu. Eyni zamanda Dövlət Şurasının üzvü, İmperator sarayının qofmeysteri idi. Belə nüfuzlu bir klan nümayəndəsinin vəkil kimi H.Z.Tağıyevin məhkəmə prosesinə cəlb edilməsi ehtimal ki, keçmiş duma, üzvü, uzun müddət dumanın Müsəlman fraksiyası Bürosunun işinə rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun yüksək dairələrdəki əlaqələri sayəsində (təbii ki, səxavətli qonorar da öz yerində!) mümkün olmuşdu.

Yeri gəlmişkən, iki tanınmış hüquqşünas sonuncu dəfə 1919-cu ildə Parisdə görüşmüşdülər. Bu zaman Ə.Topçubaşov artıq müstəqil Azərbaycan Cümhuriyyətinin Parlament sədri, Paris sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı, Denikinin nümayəndəsi kimi Fransa paytaxtına gəlmiş monarxist Maklakov isə "Bəlkə də qaytardılar?" ümidi ilə bolşeviklərin ehtimali məğlubiyyətini gözləyən "ağ" mühacir idi. Əlimərdan bəy bu  barədə hökumət başçısı N.Usubbəyova 22-27 sentyabr 1919-cu il tarixli məktubunda məlumat vermişdi.

"Tağıyev-Behbudov davasının" ümumi "coğrafiyası" belə idi...

Bakıya gəldikdə isə həmin dövrdə demək olar ki, nüfuz sahibi olan əksər tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, xüsusən də gələcək milli dövlətin - Azərbaycan Cümhuriyyəti qurucularının çoxu cəmiyyəti silkələyən məsələyə münasibət bildirmişdilər. Onların bir hissəsi böyük xidmətlərinə, xeyirxahlığına görə filantrop Hacının tərəfində dayanmış, digərləri isə dövlətin nəzərində ondan az sanballı olmayan "əsilzadə və alitəhsilli" Lütfəli bəy Behbudovu müdafiə etmişdilər.

Lütfəli bəy  (ikinci sırada soldan dördüncü( Peterburqda təhsil alan müsəlman tələbələr arasında (1902)

XX əsrin əvvəllərində Azərbaycan gerçəkliyinin ümumrusiya miqyasında böyük əks-səda doğuran, eyni zamanda bir sıra insinuasiyalara yol açan "Tağıyev-Behbudov davası"  bizim müəlliflərin əsərlərində əsasən epizodik şəkildə xatırlanıb. Çoxsaylı dövrü nəşrləri, bəzi arxiv sənədlərini də cəlb etməklə mövzunu ilk dəfə Tiflisdə yaşayan müstəqil tədqiqatçı, amerikan əsilli Robert Denis hərtərəfli araşdırıb. Robert 1999-cu ildə Detroyt kollecindən slavyan tədqiqatları və fəlsəfə üzrə bakalavr, 2011-ci ildə isə Los-Ancelos universitetindən slavyan dilləri üzrə magistr dərəcəsi alıb. Azərbaycan və ruscadan elmi tərcümələr edir. Həmkarı, professor Naomi Cafee ilə birlikdə üzərində işlədikləri "Beyond Caricature" ("Karikatura arxasında") layihəsi mollanəsrəddinçi rəssam Oskar Şmerlinqin (1867-1938) şəxsiyyətinin, zəngin yaradıcılıq irsinin öyrənilməsinə həsr olunub. Robert Denisin "The Taghiyev-Behbudov affair. Conflict among Caucasian muslim elites in the early XX century" ("Tağıyev-Behbudov məsələsi. XX əsrin əvvəlində Qafqazın müsəlman elitası arasında qarşıdurma") adlı geniş araşdırması virtual fəaliyyət göstərən Bakı Tədqiqat İnstitutunun saytında (https://bakuresearchinstitute.org/) ingilis dilində (çox da dəqiq və səlis təsir bağışlamayan azərbaycancaya tərcüməsi ilə birlikdə) yerləşdirilib. Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanında deyilənlərdən yola çıxarkən digər mənbələrlə yanaşı, bu əhatəli tədqiqata da sıx-sıx müraciət edilib.

 

lll

 

Antoşa Çexonte təxəllüsü ilə yazan gənc A.P.Çexovun "Sevinc" adlı kiçik bir novellası (1883) var. Hekayənin qəhrəmanı, xırda məmur Mitya Kuldarov gecədən xeyli keçmiş əlində qəzet qasırğa kimi evə soxulur. Bütün otaqları dolaşıb ata-anasını, bacılarını, gimnazist qardaşlarını yuxudan oyadır. Qəzeti az qala onların gözünə soxaraq nəfəsi kəsilə-kəsilə "Mən məşhur olmuşam! İndi məni bütün Rusiya tanıyır!" - deyə bağırır. Qəfil şöhrətin səbəbləri ilə maraqlanarkən məlum olur ki, sərxoş halda at arabasının altına düşən kollej asessoru Mitya Kuldarovun "hünəri" haqda hansısa qəzetin polis xronikasında bir-iki sətirlik məlumat yayılıb.

Hər cür müqayisə ziyanlı olsa da, Çexovun əhlikef qəhrəmanı kimi bir günün içində ucsuz-bucaqsız Rusiya imperiyasında məşhurlaşan, aylarla adı qəzet, jurnal səhifələrindən düşməyən mühəndis Lütfəli bəy Behbudov kim idi? Arzulamadığı "qəfil şöhrət" onu necə yaxalamışdı?

Bəri başdan deyim ki, o, Çexovun yüngülbeyin qəhrəmanı ilə heç bir halda müqayisə edilə bilməz. XX əsrin əvvəlində ictimai-siyasi həyatda, xüsusən də milli-azadlıq hərəkatında və erməni zülmünə qarşı mübarizədəki müəyyən xidmətlərinə   görə şəxsiyyət və fəaliyyəti üzərində nisbətən geniş dayanmağa ehtiyac var.

Lütfəli bəy Rəhim ağa oğlu Behbudov 15 (28) mart 1877-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində doğulmuşdu. Adı nəslinin soyadına çevrilmiş ulu babası Behbudəli ağa (1695-1767) Qarabağ xanlığının qurucusu Pənahəli xanın doğma qardaşı və yaxın silahdaşı idi. Lütfəli bəy dünyaya gələndə ailəsi zəngin sayılmasa da, xan nəslinə mənsubluq baxımından sosial ierarxiyada mövqeyini qoruyub saxlamışdı. Qardaşları Əli (1872-1937) və Mirzəli Behbudovlar (1882-1937) Qarabağda yaxşı tanınırdılar. Böyük terror illərində hər ikisi SSRİ XDK Üçlüyünün qərarı ilə "zadəgan nəslinin nümayəndələri" kimi güllələnmişdi. Bacısı Sürəyya xanım şairə Xurşudbanu Natəvanın oğlu Mir Cəfərlə ailə qurmuşdu.

Altı sinifli Şuşa real məktəbində təhsil almış, universitet və institutlara daxil olmaq hüququ verən sonuncu - yeddinci sinfi isə 1897-ci ildə Bakıda bitirmişdi. Eyni ildə Peterburq İmperator Texnologiya İnstitutunun tələbələri sırasına daxil olmuşdu. "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı çoxcildli ensiklopedik soraq kitabının müəllifləri Ədalət Tahirzadə və Misir Mərdanovun yazdığına görə, burada dayısı oğlu Yusif xan Şəkinski ilə eyni kursda təhsil almışdı.

Tələbə iğtişaşlarında iştirakı səbəbindən 1899-cu ildə İnstitutdan çıxarılmışdı. Rektora yazdığı üzrxahlıq məktubundan və "bundan sonra yalnız dərslərini oxumaqla məşğul olacağı" haqqında vədindən sonra yenidən ali məktəbə bərpa edilmişdi. 1901-ci ildə atasının ölümü nəticəsində ailələrində yaşanan maddi ehtiyac üzündən təhsilini yarımçıq qoymuşdu. Lakin çətin məqamda Əlimərdan bəy Topçubaşov köməyinə gəlmişdi. Onun vəsatəti ilə Tağıyevin təqaüdçüləri sırasına düşə bilmişdi. 1903-cü ildə institutu mühəndis-texnoloq ixtisası ilə bitirib Bakıya dönmüşdü.

Bakı Gömrüyündə qısa müddətli xidmətdən sonra 1903-1911-ci illərdə H.Z.Tağıyevin Kür-Xəzər səhmdar cəmiyyətində mühəndis və müdir kimi çalışmışdı. Eyni zamanda "Qafqaz və Merkuri" şirkətinin gəmi mexanikləri hazırlayan məktəbində nəzəri mexanika fənnini tədris etmişdi. 1911-ci ildə Hacı ilə münasibətləri pozulmuşdu. Ortaya çıxan konflikti Rusiya imperiyası miqyasında böyük-səs küy doğurmuş məhkəmədə aydınlaşdırmalı olmuşdular.

Bu barədə bir qədər sonra.

Ə.Tahirzadə və M.Mərdanov yuxarıda adını çəkdiyim əsərdə göstərirlər ki, Lütfəli bəy "Tağıyevlə arasındakı münaqişədən sonra bir müddət ailəsi ilə birlikdə Parisə köçərək orada əmisi oğlu Səlim bəy Behbudovun (1883-1943, Sorbonnanın Siyasi Elmlər Məktəbini bitirib 1910-1913-cü illərdə Parisin Berlits məktəbində Şərq dillərini tədris etmişdi. Azərbaycan Cümhuriyyəti dönəmində bir sıra diplomatik tapşırıqları yerinə yetirmiş, Qarabağda qaçqınlar üzrə müvəkkil kimi çalışmışdı. Daha çox İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərinin fransızcadan tərcüməçisi kimi tanınır - V.Q.) yanında yaşayıb, sonra isə Türkiyəyə köçüb".

Amma əldə olan sənədlər məhkəmə prosesi başa çatdıqdan sonra onun 1912-ci ilin oktyabrından Arxangelsk dəniz limanında mühəndis-mexanik işlədiyini, bir il sonra isə vətənə qayıdıb Yelizavetpol (Gəncə) Quberniya idarəsinin Tikinti şöbəsində texnik kimi fəaliyyətini davam etdirdiyini göstərir. Uzaq Arxangelskə Rusiya Sənaye Nazirliyinin təyinatı əsasında getsə də, bunu daha çox bir müddət Qafqazdan uzaqda, özü və ailəsi üçün təhlükəsiz şəraitdə yaşamaq istəyi ilə də izah etmək mümkündür. Nümunəvi xidmətinə görə saray müşaviri (orduda polkovnik-leytenant rütbəsinə uyğundur - V.Q.) çini almış, bir sıra ordenlərlə təltif olunmuşdu. Hacı ilə münasibətləri pozulduqdan sonra özəl biznes sahəsinə keçib qardaşları ilə birlikdə Kür çayında sərnişin və yük daşımaçılığı ilə məşğul olan  "Küratan" adlı şirkət yaratmışdı.

Lütfəli bəy Behbudov milli ruhlu, açıq fikirli Azərbaycan ziyalıları sırasında rus çarizminin süqutunu vətəninin azadlıq və istiqlalına aparan nadir imkan kimi dəyərləndirmişdi. 1917-ci ildən etibarən ictimai-siyasi həyatda fəal iştirak etmişdi. 9 (22) mart - 15 (28) noyabr 1917-ci ilə qədər Cənubi Qafqazın müvəqqəti hakimiyyət orqanı funksiyasını həyata keçirən OZAKOM-un (Xüsusi Zaqafqaziya Komitəsi) Qarabağda xüsusi nümayəndəsi olmuşdu. Bununla bir sırada həm də Qarabağ Özünüidarə Komitəsinin sədri seçilmişdi. Xalq arasında tanınan nüfuzlu ziyalı və ictimai xadim kimi əslində faktiki hakimiyyətsizlik dövründə həm də Xüsusi Komitənin bir sıra vacib tapşırıqlarını yerinə yetirmişdi. Məsələn, Komitə sədri V.A.Xarlamovun 30 avqust 1917-ci ildə imzaladığı bir vəsiqə onun ictimai-siyasi fəaliyyəti üzərinə işıq salır. Sənəddə deyilir: "Mühəndis L.Behbudova ona görə verilib ki, o, Xüsusi Zaqafqaziya Komitəsinin müvəkkili qismində bu il 25-26 avqust tarixlərində Mangilisdə köçərilərlə əsgərlər arasında meydana çıxan insidenti təhqiq etmək üçün göndərilir. Ona görə də bütün hökumət müəssisələri, şəxs və ictimai təşkilatların L.Behbudova hər cür mümkün yardım göstərməsi rica olunur".

1917-ci ilin sentyabrında isə Lütfəli bəy Məhəmmədrza Vəkilov, Xosrov Sultanov, Əhməd Pepinov və Qafqaz Şeyxülislamı Axund Məhəmməd Pişnamazzadə ilə birlikdə Cənubi Qafqazın quberniya və qəzalarında müvafiq sərhəd dəyişikliklərini nəzərdək keçirən komissiyanın işində iştirak etmişdi. Gürcü və erməni nümayəndələrin də daxil olduğu komissiya əslində gələcək müstəqil Transqafqaz respublikalarının ilkin sərhəd koordinatlarını müəyyənləşdirmək vəzifəsini həyata keçirirdi.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə birlikdə Lütfəli bəy də 1918-ci fevralın 23-də Tiflis şəhərində toplanan nümayəndəli qanunverici dövlət orqanına - Zaqafqaziya Seyminə seçilmişdi. Seymin "Müsavat və bitərəflər" fraksiyasının üzvü olmaqla bir sırada Cənubi Qafqaz üçün ən mübahisəli və ağrılı məsələlərdən birini nizama salmağa çalışan Torpaq komissiyasının fəaliyyətində iştirak etmişdi.

Yaranmış mürəkkəb şəraitdə Seym üzvləri qanunverici fəaliyyətlə yanaşı, icra hakimiyyəti funksiyasını da öz üzərlərinə götürmüşdülər. Çünki həmin dövrdə artıq  vəzifələrinin öhdəsindən gələ bilməyən Zaqafqaziya Komissarlığı buraxılmışdı. Ona görə də qanunverici qurumun 13 (26) mart 1918-ci il tarixli iclasında gürcü menşeviki Y.P.Geqeçkorinin rəhbərliyi altında yeni hökumət kabinəsi yaradılmışdı. Bu qurumda nazir portfeli alan altı azərbaycanlıdan biri də Lütfəli bəy Behbudov idi. Seymin qərarı ilə Nəsib bəy Usubbəyov xalq maarifi, Xudadad bəy Məlikaslanov yollar, Fətəli xan Xoyski ədliyyə, Məhəmməd Həsən Hacınski ticarət və sənaye, Lütfəli bəy Behbudov poçt və teleqraf naziri təyin olunmuşdu. İsa bəy Heydərov isə dövlət nəzarətinə rəhbərlik etməli idi. Amma təbii ki, bütün Qafqaz miqyasında xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə bu təyinatlar daha çox nominal xarakter daşıyırdı.

Ona görə də Bakıdakı mart qırğınının ardınca demək olar ki, Azərbaycanın hər tərəfini bürümüş erməni terroruna qarşı xalqın mübarizəni təşkil etmək məqsədi ilə Lütfəli bəy bir vaxtlar əcdadlarının səltənət qurduğu Qarabağa, Şuşaya qayıtmışdı.

"1917-1920-ci illər Dağlıq Qarabağ hadisələri" (Yerevan, 1966) kitabının müəllifi, həmin dövrdə bölgədə fəaliyyət göstərən erməni Milli Şurasının üzvü olmuş Arutyun Tumyan sovet dövründə qələmə aldığı xatirələrində yazırdı: "Aprelin (1918-ci il nəzərdə tutulur - V.Q.) əvvəllərində keçmiş Zaqafqaziya Komissarlığının poçt və teleqraf naziri, mühəndis Lütfəli bəy Behbudov Şuşaya gəldi. O, Tiflisdən özü ilə 500 min manat pul gətirmişdi. Bu pulun 300 mini bölgə sakinlərinin ehtiyaclarına, 200 mini isə anarxiyaya qarşı mübarizəyə sərf edilməli idi. Əlbəttə, ərzaq üçün nəzərdə tutulmuş məbləğ xalqın zəruri ehtiyacları ilə müqayisədə dəryada damla timsalında idi. Pullar şəhər xəzinəsinə köçürüldü. Türk, yaxud erməniliyindən asılı olmayaraq ehtiyacı olan hər vətəndaşa 50 manat verildi. Ayrılan məbləğ yalnız bir neçə pud buğda almağa güclə çatardı.  200 min manat isə Zaqafqaziya Komissarlığının təklifinə əsasən aran və dağlıq Qarabağda əhalinin ümumi vəziyyəti ilə tanışlığa və təhlükəsizlik tədbirlərinə, anarxiyaya qarşı mübarizəyə, habelə bəzi yerli problemlərin həllinə yönəldildi. Bu işlər müsəlman Milli Şurasından Lütfəli bəy Behbudov, erməni Milli Şurasından isə Ayrapet Musaelyan tərəfindən həyata keçirildi. Məsələlər öncə Milli Şuralarda müzakirə olunurdu. Sonra hər iki Şura üzvlərindən ibarət Beynəlmiləl Komitədə baxılırdı. Behbudov həm də Zaqafqazuya Komissarlığının nümayəndəsi kimi ortaya çıxan mübahisəli məsələlərin araşdırılması və həllində yaxından iştirak edirdi".

Həmin dövrdə Şuşada olsa da, 1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları onu Azərbaycan istiqlalının elanı məqsədi ilə yaradılan Milli Şuranın üzvü seçmişdilər. Təbii ki, bu ali qurumun təmsilçisi kimi bir neçə aydan sonra Məclisi-Məbusan - Parlament üzvlüyünə də nümayəndə göstərilmişdi. Yuxarıda adını çəkdiyim Arutyun Tumyan Qarabağ məsələsi ilə bağlı aralarında kəskin fikir ayrılıqları olmasına baxmayaraq, Lütfəli bəyin qısa müddət ərzində regionun hər iki icması arasında böyük nüfuz qazandığını etiraf etmişdi.

 

(Ardı var)

Vilayət QULİYEV

525-ci qəzet .- 2024.- 6 iyul, ¹(117).- S.10-11.