Nəsillərə örnək
Məşədixanım
Nemətova-100
1969-cu ildə mən ali məktəbə qəbul
olanda o, artıq elmlər doktoru idi. Mən
üçüncü kursda oxuyarkən o, bizim instituta gəlmişdi.
Tarix fakültəsində dövlət imtahan
komissiyasının sədri idi. Bir çox tələbə
yoldaşlarım kimi, mən də İnstitutun dəhlizində
gedərkən ona kənardan baxıb qibtə edirdik. Uca boylu,
şux qamətli, gülərüzlü bir xanım idi. Elmin
zirvəsinə yüksəlmiş bir xanım! Əvvəlki
illərdə gələn dövlət imtahan komissiyası sədrlərinin
üz-gözündən sanki zəhər
yaydığını görmüşdük. Amma bu
xanım-alimin sanki baxışı və yerişi də onun
kübarlığından, ürəyiyumşaq insan
olduğundan xəbər verirdi. İmtahandan çıxan tələbələr
öz müəllimlərindən daha çox ondan
razılıq edirdi. Deyirdilər ki, öz müəllimlərimizdən
fərqli olaraq komissiya sədri uşaqlara
dolaşdırıcı və çaşdırıcı
suallar vermirdi. İmkan yaradırdı ki, hər kəs
bildiyini ifadə edə bilsin. İmtahanların son nəticələri
də deyilənləri təsdiq etmiş oldu. Yəni professor
Məşədixanım Nemətovanın komissiya sədri
olduğu ildə heç kəs evə
gözüyaşlı getmədi.
Tale elə gətirdi ki, aspiranturaya qəbul olaraq
Akademiyanın Tarix İnstitutunda isə başlayanda onunla bir
şöbənin əməkdaşı oldum. O zaman professor
M.Nemətova epiqrafika qrupuna rəhbərlik edirdi. Hansı ki, həmin
qrup da mənim elmi rəhbərim Qara Əhmədovun müdir
olduğu Orta əsrlər arxeologiyası şöbəsinin nəzdində
fəaliyyət göstərirdi. Şöbə iclasları və
digər tədbirlərdə Məşədixanım müəllimə
və onun qrupunun əməkdaşları da bizimlə bir yerdə
olardı. Elmi diskussiya və müzakirələrdə hər
zaman çıxış edər, tövsiyə və tənqidi
qeydlərini deyərdi. Gənc tədqiqatçılara, o
cümlədən, mənə qarşı hər zaman isti və
qayğıkeş münasibət sərgiləyərdi
Namizədlik dissertasiyasının şöbə səviyyəsində
ilkin müzakirəsi zamanı doğrusu, ondan bir qədər
ehtiyat edirdim. O aralarda bilmirəm nədənsə məndən
incik düşdüyünü hiss etmişdim. Bu səbəbdən
də müzakirə zamanı işimi sərt tənqid edəcəyini
gözləyirdim. Amma tam tərsinə oldu. O, dissertasiya
işim barədə olduqca müsbət ruhlu
çıxışı ilə məni təəccübləndirdi.
Öz düşüncəmə görə, dissertasiya
işimin nisbətən zəif olan hətta birinci fəslini
belə, o, çox tərifləyərək məni daha da
ürəkləndirdi. Mən o zaman professor M.Nemətovanı
daha yaxından tanımış oldum. Onun mənim
tanıdığımdan və bildiyimdən də
genişürəkli insan və mükəmməl
düşüncə sahibi olan alim olduğunu yəqin etdim.
O, Akademiya binasının altıncı mərtəbəsində
yerləşən Tarix İnstitutunun qərb dəhlizinin
başında yerləşən kiçik bir otaqda otururdu. Qrup əməkdaşları
Ənmar Abbasov və Ağaqasım Qasımov da öz rəhbərləri
ilə birliklə o kiçik otaqda
çalışırdılar. O otaqda ki, orada üç adam
ayaq üstə duranda belə sıxlıq olurdu. Təkcə
Süleyman Allahverdiyev çox cancüssəli olduğundan
nağıllarda deyildiyi kimi, "o əlcəyin içinə"
yerləşməmişdi. Ona görə də, Süleyman
üçün memar Kamil Məmməzadənin şöbəsində
bir stol ayırmışdılar ki, oturub orada işləsin.
Belə "şəraitdə"
çalışmalarına rəğmən, görün,
professor N.Nemətovanın rəhbərliyi ilə o darısqal
otaqda hansı xarüqələr yaradıldı?!
Professor M.Nemətova dünya miqyasında tanınan
görkəmli şərqşünas alim idi. Onun tədqiqatları
Azərbaycanın hüdudlarını aşıb
keçirdi. Azərbaycan rayonlarını, kəndlərini
qarış-qarış gəzərək epiqrafik abidələrini
qeydə alan, ərəb və fars dilli kitabələrin
estampını çıxararaq, mətnlərini oxuyaraq, elmi
şərhini hazırlayaraq nəşr etdirildi. Qərbi Azərbaycan
və Gürcüstan ərazilərindəki bir sıra
epiqrafik abidələr də ilk dəfə məhz M.Nemətova
tərəfindən elmi dövriyəyə abidəni qeydə
alıb, onları oxuyaraq, elmi şərhini hazırlayaraq nəşr
etdirildi. Qərbi Azərbaycan və Gürcüstan ərazisindəki
bir sıra epiqrafik abidələr də ilk dəfə məhz
M.Nemətova tərəfindən elmi dövriyyəyə gətirilibdir.
Ümumilikdə o, 2500-dən çox epiqrafik abidəni qeydə
alıb, onları oxuyaraq elmi-tənqidi şərhini işləyib.
Sovet dönəmində Leninqradda (indiki Sankt-Peterburq) nəşr
olunan məşhur "Epiqrafika Vostoka" jurnalının
1967-ci ilə aid 18-ci nömrəsində oxuyuruq: "M.S.Nemətova
Azərbaycan kitabələrini sistemli şəkildə
toplayır və tədqiq edir... Məqalələrində o
vaxtadək məlum olmayan, yəni bilavasitə
özünün aşkar etdiyi kitabələri nəşr
etdirir... Hansı ki, nəşr edilmiş həmin kitabələr
filoloqlar, dilçilər, Azərbaycanın maddi mədəniyyət
incəsənəti və bədii sənətkarlığı
ilə məşğul olan mütəxəssislər
üçün son dərəcədə dəyərli elmi mənbələrdir".
Görkəmli sovet şərqşünas alimi
V.A.Kraçkovskinin 48 il öncə Moskvada nəşr
olunmuş "Tarixi ensiklopediya"da yer alan məqaləsində
son 200 ilin dünyanın tanınmış şərqşünas
alimləri sırasında M.Nemətovanın adını
hörmətlə xatırlaması da onun həqiqətən
dünyaca məşhur şərqşünas alim
olduğundan xəbər verir.
M.Nemətova 12 monoqrafiya, 200-dən çox elmi məqalə
müəllifidir. O, rus dilində yazılmış altı
cildlik "Azərbaycanın epiqrafik abidələr
toplusu"nun müəllifidir. Əfsuslar olsun ki, bu son dərəcə
mühüm elmi əhəmiyyəti olan bu fundamental toplunun
AMEA rəhbərliyi tərəfindən indiyədək tərcümə
edilərək ən azı Azərbaycan və ingilis dillərində
nəşri təmin edilməyib. Təsəvvür edirsinizmi,
həmin topluda yer alan materialların xeyli hissəsi indiki halda
Azərbaycan alimləri üçün əlçatmaz olan
Ermənistan və Gürcüstan ərazisindədir. Daha dəhşətlisi
odur ki, professor M.Nemətovanın böyük zəhmət və
fədakarlıq hesabına topladığı, qeydə
aldığı, estampını çıxararaq nəşr
etdiyi həmin epiqrafik abidələrin xeyli qismi ötən illərin
məşəqqətləri fonunda sındırılıb,
dağıdılıb, yox edilib. Allah qəni-qəni rəhmət
eləsin! Əgər vaxtında o işləri görməsəydi,
indi əlimiz hara çatasıydı?!
Milli Azərbaycan Tarixi Muzeyində professor M.Nemətovanın
100 illik yubileyinə həsr olunmuş tədbirdə mən
M.Nemətovanın altı cildlik "Azərbaycanın
epiqrafik abidələri toplusu" əsərinin gec də olsa
Azərbaycan və ingilis dilinə tərcümə olunaraq
yenidən nəşr olunması məsələsini
qaldırdım. AMEA prezidenti İ.Həbibbullayev də söz
verdi ki, AMEA rəhbərliyi bu məsələ ilə məşğul
olacaq və toplu Azərbaycan və ingilis dillərinə tərcümə
olunaraq yenidən nəşr ediləcəkdir. Təki, elə
olsun!
Qafar CƏBİYEV
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri,
Basqal arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri
doktoru, professor
525-ci qəzet .- 2024.- 9 iyul, №(118).- S.15.