Dissidentlik diskussiyası
Xalq yazıçısı Elmira Axundovanın
"Sizin aranızda ən böyük dissident mən idim"
iki cildlik və "Ədəbi gəzişmələr:
zaman.., süjetlər.., düşüncələr..."
kitabları üzərində gəzişmələr
Xalq yazıçısı, "Şöhrət
ordenli" Elmira Axundova siyasətə, ədəbiyyata,
publisistikaya elmdən, tədqiqatdan, analitik-nəzəri
düşüncədən gəlmişdir. O, 1984-cü ildə
"Cəlil Məmmədquluzadə realizmi və XIX-XX əsrin
əvvəlləri rus ədəbiyyatı ənənələri"
mövzusunda dissertasiya müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almış, yaxın, oxşar mövzularda araşdırmalar
aparmış Şıxəli Qurbanov, Məmməd Arif, Mirzə
İbrahimov, Məmməd Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov,
Arif Hacıyev və digər tədqiqatçı-alimlərin
toxunduğu xüsusilə "realizm", "kiçik
janr" məsələlərinə sistemli baxış
nümayiş etdirmişdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda 1988-1991-ci illərdə baş elmi işçi
vəzifəsində çalışan Elmira xanım
"Ədəbiyyatşünaslıq məbədi"
adlandırılan bu elmi-tədqiqat müəssisəsində ədəbiyyatımızın
böyük şəxsiyyətləri ilə eyni sırada ədəbi-mənəvi
dəyərlərimizin təəssübünü çəkmişdir.
Çəkinmədən demək olar ki, Elmira
Axundovanın çoxşaxəli və sanballı
yaradıcılıq fəaliyyətində,
formalaşmasında və yüksəlişində Ədəbiyyat
İnstitutu "start meydançası" rolunu məharətlə
ifa etmişdir. Sağlam ədəbi-mənəvi mühitdə
Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli simalarından akademik Mirzə İbrahimov, Məmməd
Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov, Yaşar
Qarayev, Xalid Əlimirzəyev, Firudin Hüseynov, İslam
Ağayev və digər görkəmli "mollanəsrəddinşünaslar"
ilə elmi təmaslarda bulunması, tövsiyələrindən
barınması, əsərlərindən bəhrələnməsi
gənc tədqiqatçıya müsbət təkan
vermiş, əhəmiyyətli yaradıcılıq
uğurları qazandırmışdır. Onun bədii,
publisistik janrlarda yazdığı əsərlərində də
elmi üslubun polifonik çalarlarına, yanaşma tərzinə,
dəyərləndirmə mexanizminə sıx-sıx təsadüf
edilir.
Düşünürəm ki, Elmira Axundovanın
şah əsəri 2007-2013-cü illərdə nəşr
etdirdiyi, Dövlət mükafatına layiq
görülmüş, altı cildlik "Heydər Əliyev:
Şəxsiyyət və zaman" epopeyasıdır. Müəllif
Ümummilli liderin siyasi bioqrafiyasından bəhs edən
çoxcildli əsərini roman adlandırsa da, məxfi arxivlərdən
əldə olunmuş unikal sənədlər, qiymətli
materiallar, ilk dəfə elmi dövriyyəyə daxil
edilmiş faktlar, dərin təhlillər və şərhlər
kitabın bədii məziyyətləri ilə yanaşı,
elmi siqlətini də artırmışdır.
E.H.Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və
zaman" əsərini Azərbaycan ədəbiyyatında sənədli
roman janrının ən irihəcmli və parlaq nümunəsi
adlandırmaq olar.
Yazıçı-alimin (Yazıçı-alim tipi
Mirzə İbrahimov, Mir Cəlal, Elçin və digərlərinin
nümunəsində daha aydın göyünür) "Heydər
Əliyev: Şəxsiyyət və zaman" adlı fundamental
əsərinin zəminində, təməlində,
hazırlıq mərhələsində "Naşirin qətli"
(İsa Nəcəfov ilə müştərək. 2001),
"Həqiqət anları" (2003), "Şüşə
saray" (2007) kimi irihəcmli, ədəbi hadisəyə
çevrilmiş, siyasi dedektiv janrında yazılmış
romanlarının adını çəkməmək
mümkünsüzdür. Bu kitablarda Azərbaycanda hakimiyyətsizliyin,
özbaşınalığın, xaosun meydan
suladığı dövrdən - tanınmış
ziyalı, "Azərnəşr"in direktoru Əjdər
Xanbabayevin 1990-cı ilin may ayında vəhşicəsinə
güllələnməsi, Ulu öndərin hakimiyyətə
qayıdışından, ona qarşı sui-qəsd cəhdlərindən,
siyasi strategiyasından, 1993-cü ilin yanvarında Banditizmə,
Terrorizmə Qarşı mübarizə idarəsinin rəis
müavini Ələkbər Ələsgərovun, həmin ilin
aprelində Hərbi dənizçilik məktəbinin rəisi,
kontr-admiral Eduard Hüseynovun sifarişli qətllərindən
bəhs edilir. Elmira xanım bu oxunaqlı əsərləri ilə
1990-1993-cü illərdə baş verən hadisələrin
siyasi mənzərəsini yaratmaqla, real mahiyyətini təqdim
etməklə Heydər Əliyevin xalqın israrlı tələbi
ilə yenidən hakimiyyətə
qayıdışının zəruriliyini və əhəmiyyətini
isbatlamışdır. Müəllifin Ulu öndərlə
şəxsi tanışlığı, mehriban dostluq əlaqələri
on ilə yaxın üzərində işlədiyi "Heydər
Əliyev: Şəxsiyyət və zaman" çoxcildliyinin
mükəmməlliyində, bitkinliyində, sənəd və
faktoloji materialların yeniliyində, səmimi, emosional lövhələrin
zənginliyində öz əksini tapmışdır.
Xalq yazıçısı, Dövlət
mükafatı laureatı Elmira Axundovanın "Sizin
aranızda ən böyük dissident mən idim" iki cildlik
və "Ədəbi gəzişmələr: Zaman..,
süjetlər.., düşüncələr..." adlı
kitabları Ümummilli liderə həsr etdiyi çoxcildliyin
mənəvi davamıdır.
Oxuculara təqdim olunan Elmira xanımın "Sizin
aranızda ən böyük dissident mən idim" ikicildliyi
demək olar ki, müəllifin altıcildliyinin bətnindən
dünyaya gəlmiş, fakt və hadisələrin
sıxlığına geniş nəfəs verilmiş, ən
xırda detallar qabardılaraq təfərrüatı və
cazibədarlığı ilə təqdim olunmuşdur.
Kitabın birinci cildində "Heydər Əliyevin gənclik
həvəsi", "DTK sədri və yaradıcı
ziyalılar", "Heydər Əliyev və
Naxçıvanın yaradıcı ziyalıları",
"Heydər Əliyev və müstəqillik dövrü mədəniyyəti"
və b. mövzular yüksək peşəkarlıqla qələmə
alınmış, unikal arxiv sənədləri, az məlum
olan fakt, arqument və foto-şəkillərlə zəngindir.
Birinci cilddə Ümummilli lider Heydər Əliyevin ədəbiyyata,
xüsusilə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,
Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd
Vurğun və digərlərinin
yaradıcılığına böyük həvəsindən,
sevgisindən bəhs edilir, onun şəxsiyyət kimi formalaşmasında
və mənəvi tərbiyəsində ədəbiyyatın
rolu vurğulanır.
Müəllif sənədlərdən yerli-yerində
istifadə etməklə yanaşı, müsahiblərin,
şahidlərin fikir və düşüncələrindən,
rəylərindən faydalanmışdır. Bu kitabda Cəfər
Cabbarlının qızı Gülara xanım Cabbarlının
da xatirəsi yer almışdır. Bu sətirlərin müəllifinin
yadımdadır ki, 1991-ci il martın 22-də Azərbaycan
Dövlət Opera və Balet Teatrında Cəfər
Cabbarlının 90 illik yubileyi keçirilirdi. Cabbarlı ailəsi
Heydər Əliyevin Bakıda olduğunu bildiyi
üçün onu yubiley tədbirinə dəvət
etmişdilər. O tədbirə gəldi və foyedə
Gülara xanımla səmimi söhbət etdilər. Sonda
muzeyin fotoqrafı kollektiv şəkil çəkdi.
1994-cü il dekabrın 28-də Cəlil Məmmədquluzadənin
ev-muzeyinin açılışında Gülara xanım həmin
şəkili dövlət başçısı Heydər
Əliyevə təqdim etdi. Prezident şəkilə baxdı
və o ağır günləri yada salaraq Gülara xanıma
dedi: "O vaxt sizin vəziyyətiniz mənimkindən
yaxşı idi".
"Sizin aranızda ən böyük dissident mən
idim" kitabını vərəqlədikcə belə bir təsəvvür
yaranır ki, Elmira xanım Heydər Əliyevlə
bağlı heç bir əziz xatirəni, xüsusi əhəmiyyət
kəsb edən vacib detalı unutmayıb, onun siyasi
obrazını rövnəqləndirən bütün ən
incə cizgilərdən səxavətlə bəhrələnmişdir.
"Sizin aranızda ən böyük dissident mən
idim" kitabının ikinci cildinin də əsas,
aparıcı mövzusu Ümummilli lider Heydər Əliyev
haqqında Azərbaycanın görkəmli elm, ədəbiyyat,
mədəniyyət, incəsənət xadimlərindən
alınmış müsahibələrdir.
Akademik İsa Həbibbəyli Elmira xanıma verdiyi
müsahibəsində Heydər Əliyevin 1990-1993-cü illərdə,
Naxçıvanın ağır ictimai-siyasi və hərbi
durumda gördüyü dövlər quruculuğu işlərindən,
ordu və sərhəd məsələlərindən,
sonrakı illərdə Hüseyn Cavidin 110, NDU-nun 25 illik
yubiley tədbirlərinin keçirilməsindən söz
açılmışdır.
Akademik Kamal Abdulla 1993-cü ildə Heydər
Əliyevlə şəxsi tanışlığından,
sonrakı illərdə həyatında bu "böyük
miqyaslı lider"in mühüm rol oynamasından, Heydər
Əliyev və V.Putinin onun rektor olduğu Bakı Slavyan
Universitetinə gəlməsindən və xüsusilə təhsil
haqqında fikir mübadiləsindən bəhs etmişdir.
Dövlət mükafatı laureatı Vilayət
Quliyev müsahibədə Heydər Əliyevi ilk dəfə
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyində gördüyünü, 1992-ci ilin sentyabr
ayında isə Naxçıvanda, İsa Həbibbəyli ilə
birlikdə onunla görüşərək tövsiyələrini
dinlədiyini bildirmişdir. 1999-cu ildən Heydər
Əliyevin rəhbərliyi altında
çalışdığını, beynəlxalq tədbirlərdə
onun yanında olub tapşırıqlarını böyük
həvəslə yerinə yetirdiyini bildirmişdi.
Xalq yazıçısı Anarla müsahibə "Heydər
Əliyev ürəyində həmişə Azərbaycan
milliyyətçisi olub" adlanır. Müsahibənin ən
maraqlı məqamlarından biri odur ki, Heydər Əliyevin
birinci hakimiyyət illərində dissidentlikdən diskussiya
açılmış, dissident yazıçılar və əsərlər
haqqında cəlbedici məlumatlar verilmişdir. Biz
Ümummilli liderin Azərbaycan yazıçılarının
1997-ci il 30 oktyabr tarixində keçirilən X
qurultayındakı məşhur nitqində dissidentlik
haqqında sərgilədiyi düşüncələri
unutmamışıq. Heydər Əliyev demişdir: "Mən
bu gün deməliyəm ki, Azərbaycanda dissident
olmayıbdır. Amma sizin çoxlarınız dissident
olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada
deyirəm. Yaxşı ki dissident olmusunuz. Əgər dissident
olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni
qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə
dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin
şüuruna təsir edə bilməzdi. Əgər Xəlil
Rza dissident olmasaydı, onun əsərlərinin təsir
gücü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk.
Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə
olduğu kimi, onları dissident adlandırmayıblarsa,
onları nədənsə məhrum etməyiblərsə, demək,
bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin
dövrdə apardığımız düzgün siyasətin
nəticəsidir.
"Anar:
- Heydər müəllim, bağışlayın,
sözünüzü kəsirəm. Bir dəfə Siz
özünüz dediniz ki, o vaxt elə ən böyük
dissident mən özüm olmuşam.
Heydər Əliyev:
- O da doğrudur".
Çətinliklərə baxmayaraq, Elmira xanım fədakarlıq
nümayiş etdirərək Ulu öndər haqqında elm, ədəbiyyat,
mədəniyyət və incəsənət xadimlərindən
Xalq yazıçısı Anar, Xalq yazıçısı
Elçin, Müslim Maqomayev, Oljas Süleymenov, Polad
Bülbüloğlu, Fərhad Bədəlbəyli, Rasim
Balayev, Maqsud İbrahimbəyov,
Fidan və Xuraman Qasımovalar, Tahir Salahov, Şəfiqə Məmmədova,
Ömər Eldarov, Azad Şərifov və digərlərindən
müsahibələr alaraq qəhrəmanının canlı,
sevimli, əzəmətli, möhtəşəm portretini
yaratmağa nail olmuşdur. Müsahibə üçün
böyük sənətkarların uyğun vaxtını
"kəşf etmək", onların yaxşı mənada
"nazı ilə oynamaq", yaddaşlarının
ovxarlanmasına köklənmək, közərən xatirələri
yaddaşlardan qoparmaq bacarığı və digər əlahiddə
jurnalist səriştəsinə, peşəkarlığına
aid ali keyfiyyətlər yalnız - cəsarəti, səmimiyyəti,
mədəniyyəti, mərdanəliyi ilə
xalqımızın sevimlisinə çevrilmiş Elmira
Axundovaya məxsusdur.
Ulu öndərə həsr etdiyi onun növbəti
kitabı "Ədəbi gəzişmələr: Zaman..,
süjetlər.., düşüncələr..." (CBS, 2023,
608 s.) adlanır. Kitab Ümummilli lider Heydər Əliyevin 100
illiyinə həsr olunmuş "Vətənə xidmət
missiyası" adlı müsahibəsi ilə
başlayır. Hər zaman müsahibə alan Elmira xanım bu
dəfə "Kaspi" qəzetinin əməkdaşı
Marina Mürsəlovaya müsahibə vermiş, uzun illər tədqiqat
apardığı Ümummilli liderin siyasi fəaliyyətindən,
ədəbiyyata və mədəniyyətə
bağlılığından bəhs etmişdir. Bu müsahibə
əslində kitaba ön söz əvəzi verilmişdir.
Müəllifin Heydər Əliyevin 98-ci ildönümünə
həsr etdiyi və 2021-ci ildə "Kiyev Diplomatic" dərgisində
nəşr olunmuş "Prezidentin işi" adlı məqaləsi
Ulu öndərin keçdiyi mənalı həyat yoluna, gərgin
ictimai-siyasi fəaliyyətinə, "Qarabağ düyünü"nə
işıq salır. Kitabın "Ədəbi portretlər"
bölməsi mündəricə etibarilə rəngarəng və
zəngindir. Burada cənab Prezident İlham Əliyevin siyasi
portret cizgiləri yüksək zəka və zövqlə təqdim
olunmaqla yanaşı, onun hakimiyyət illərinin "Zəfər
yolu"ndan "Qarabağ - Azərbaycandır"
şüarından reallığına qədərki müzəffər
yürüşündən söz açılır.
Müəllifin akademik İsa Həbibbəyli, nazir
Polad Bülbüloğlu, prof. Arif Hacıyev, prof. Həsən
Quliyev, Yusif Səmədoğlu, Oljas Süleymenov, Xalq artisti
İlhamə Quliyeva, diplomat Vəhdət Sultanzadə,
yazıçı Vidadi Babanlı, Xalq
yazıçısı Elçin, şairə Nurəngiz
Gün, tarixçi alim Rudolf İvanov, Xalq
yazıçısı İsmayıl Şıxlı və
b. haqqında yazdığı portret oçerklər bənzərsizliyi,
orijinallığı, dil-üslub rəvanlığı,
cazibədarlığı ilə seçilən əsərlərdir.
Kitabın "Ədəbi resenziyalar" və
"Polemik təhlil essesi" bölmələrində də
maraqlı, oxunaqlı, bir-birindən fərqli ədəbi
düşüncə materialları yer almışdır.
Xalq yazıçısı, Dövlət
mükafatı laureatı, "Şöhrət" ordenli,
filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira
Axundovanın "Sizin aranızda ən böyük dissident mən
idim" iki cildlik və "Ədəbi gəzişmələr:
Zaman.., süjetlər.., düşüncələr..."
adlı kitabları bütövlükdə Heydər Əliyev
epoxasına həsr edilmiş, milli şüurun tərəqqisinə
təkan verən, faktoloji zənginliyi və yeniliyi ilə ədəbi
hadisəyə çevrilmiş əsərlərdir. Elmira
Axundovanın böyük sevgi və uzunmüddətli zəhmət
hesabına araya-ərsəyə gətirdiyi bu kitabları
Əliyevşünaslıq elminə dəyərli və
mötəbər töhfədir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 9 iyul, №(118).- S.14;15.