Azərbaycan
Cümhuriyyətinin Tehrandakı səfirliyi
İran-Azərbaycan münasibətlərinin
görünməyən tərəfləri və Azərbaycan
diplomatiyasının şərəf məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı
gündən qonşu dövlətlərlə
qarşılıqlı dostluq münasibətləri yaratmaq,
onların tərəfindən müstəqilliyinin
tanınmasına nail olmaq uğrunda məqsədyönlü
xarici siyasət yürüdüb. Qonşu İranla əlaqələrə
bu baxımdan xüsusi önəm verilib. Belə ki, Azərbaycanın
bu ölkə ilə uzun əsrlər müştərək
tarixi olub, Araz çayı boyu Şimala və Cənuba
bölündükdən sonra da İranın tərkibində
yaşayan soydaşlar ilə istər Rus imperatorluğu
dövründə, istərsə də monarxiya devrildikdən
sonra əlaqələr kəsilməyib. Bakıda və
ölkənin digər regionlarında yüz minlərlə
İran təbəələri, əslində azərbaycanlılar
yaşayıb, işləyib, öz "İranlı"
icmasını yaradıblar.
Lakin 1917-ci ilin əvvəllərində, Şimali Azərbaycanda
öz dövlətçiliyini qurmaq üçün real
şərait yetişəndə "Azərbaycan muxtariyyəti"
şüarını irəli sürən milli ruhlu siyasi
xadimlər məhz bu - coğrafi, dini, qohumluq və digər
tellərlə ən sıx bağlı olduğu ölkədən
güclü təzyiq və etirazlarla üzləşirlər.
"Azərbaycan muxtariyyəti" şüarında "muxtariyyət"
tələbinə qarşı çıxan rus-bolşevik-erməni
qüvvələrindən fərqli olaraq İran tərəfi
bu ifadədəki "Azərbaycan" kəlməsini qəbul
etmir.
İran dövləti əvvəlcə
çoxsaylı mətbuatı, daha sonra rəsmi
strukturları vasitəsilə öz vilayətlərindən
birinin coğrafi adının Qafqazda yaranacaq yeni müsəlman-türk
dövlətinə verilməsinə ən kəskin şəkildə
etirazını bildirir. Tehran mətbuatı 1917-ci ildən
başlayaraq bu tələbin irəli sürülməsində
"müqəssir" bildiyi "Müsavat" partiyası
və onun lideri Məhəmməd Əmin Rəsulzadəyə
qarşı iki il davam edəcək və bəzən təhqir
halına keçəcək geniş kampaniya açır.
Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan
Milli Şurasının sədri, İstanbula ezam edilmiş ilk
Azərbaycan nümayəndə heyətinin
başçısı
Rəsulzadə bu tayda "Azərbaycan"
adının işlənməsi əleyhinə söylənən
tarixi-siyasi iddialara uzun müddət "Açıq
söz" və "Azərbaycan" qəzetlərində
təklikdə cavablar verir, yeni yaranmış dövlətin
tarixi-milli və siyasi zəmində "Azərbaycan"
adını daşıması haqqını məntiqi dəlillərlə
əsaslandırır.
Burada vurğulanmalıdır ki, 1918-ci ilin 28
mayında Cümhuriyyətin yarandığı elan ediləndə
ölkənin hansı ad daşıyacağı ümumən
müzakirə və ya mübahisə mövzusu
olmamışdı. Bu baxımdan Azərbaycanın
"Qızıl Nəsli" sayıla biləcək milli
ruhlu ziyalı zümrəsinin XIX əsrin sonlarından "Azərbaycan"
kəlməsini mətbuat və ədəbiyyat vasitəsilə
Arazın şimalındakı "rus quberniyalarına" gətirməsi
ilə başlanan bir prosesin cəmi 30 ildən sonra həmin
adda dövlətin yaradılması ilə başa
çatması sözün ən geniş mənasında
tarixi-siyasi əhəmiyyətə malik hadisə
sayılır.
Cənubi Qafqazın şərqində, Bakı, Gəncə,
İrəvan quberniyaları əhatə edən ərazilərdə
Azərbaycan Xalq Cümhuriyyəti adlı yeni dövlətinin
yaradılması haqda xəbər dərhal teleqrafla
dünyanın əksər siyasi mərkəzlərinə
çatdırılır, Nazirlər Şurasının sədri
Fətəli xan Xoyski bu haqda, digər paytaxtlar kimi, Tehrana da rəsmi
məlumat verir.
Lakin İran dövləti artıq baş vermiş
fakt qarşısında belə, istiqlalı elan edilmiş
Cümhuriyyətin "Azərbaycan"
adlandırılması ilə yenə də
barışmır. 1918-ci ilin yayında İstanbulda keçirilməsi
nəzərdə tutulan və yeni dövlətlərin
tanınma məsələsinin həlli gözlənilən
beynəlxalq konfransda iştirak etmək üçün
M.Ə.Rəsulzadənin başçılıq etdiyi
diplomatik missiya bu şəhərə yetişən kimi
geniş fəaliyyətə başlayır. İlk olaraq
İstiqlal bəyannaməsinin tam mətni və AXC haqda digər
məlumatlar olan sənədlər İstanbuldakı
bütün xarici nümayəndəliklərə təqdim
edilir. Bu ölkələrin əksəriyyətinin Azərbaycanın
istiqlalına münasibəti birmənalı olmasa da,
yalnız İranın İstanbuldakı konsulluğu göndərilən
sənədləri oxumadan "Biz Azərbaycan adında
müstəqil dövlət tanımırıq" - deyə
geri qaytarır.
Mirzə Mahmud Xan Dəvəli Qacar - İran məclisinin
sədri, İranın İstanbulda nümayəndəsi.
İran konsulu Mirzə Mahmud xan Dəvəli Qacarın
bu hərəkəti onunla hələ İrandan yaxın
tanış olan M.Ə.Rəsulzadəni o həddə hiddətləndirir
ki, sonrakı görüşlərdən imtina edir və hətta
diplomatik qəbullarda təsadüfən rastlaşdıqda belə
salamlaşmır.
1918-ci ilin sentyabrın sonlarında İstanbula gələn
ikinci Azərbaycan diplomatik missiyasının rəhbəri
Əlimərdan bəy Topçubaşov da Azərbaycanın
müstəqilliyinin tanınması məsələsi ətrafında
bu şəhərdə olan İran diplomatları ilə
görüşlərində zahirən bütün ehtiram və
hörmətli rəftara, uzun-uzadı müzakirələrə
baxmayaraq, eyni qətiyyətli və kəskin "etirazla"
üzləşir.
Əlimərdan bəy Topçubaşov - Azərbaycan
dövlətinin fövqəladə səfiri, Azərbaycan
hökumətinin naziri, Paris Sülh konfransında Azərbaycan
nümayəndə heyətinin başçısı
1919-cu ilin əvvəllərində, I Dünya
müharibəsinin nəticələrinin, o cümlədən,
yeni yaranan dövlətlərin taleyinin artıq İstanbulda
deyil, Parisdə Sülh Konfransında həll olunacağı
aydınlaşanda Ə.Topçubaşovun İstanbulda
İranın xarici işlər naziri və Sülh
konfransında İran nümayəndə heyətinin
başçısı Müşavirəl-əl Məmalik
Əliqulu xan Ənsari ilə keçirdiyi üç
görüşün hamısı ağır təəssüratla
başa çatır.
Əliqulu xan Ənsari - İranın Xarici İşlər
naziri və Sülh konfransında İran nümayəndə
heyətinin başçısı
Topçubaşovun şəxsinə həqiqətən
böyük hörmətlə yanaşan Əliqulu xan Parisə
yola düşmək ərəfəsində Əlimərdan bəyin
xəstə yatdığını eşidərək
özü vidalaşmaq üçün onun yanına otelə
gəlir, lakin bu görüşdə də Azərbaycan
Cümhuriyyəti üçün ən münasib yolun daxili
idarəçilik saxlanılmaqla İrana birləşmək
olduğunu bildirir, ən yaxşı halda konfederasiya barədə
düşünmək təklifini təkrar edir.
İran dövləti Azərbaycan Cümhuriyyətinə
qarşı son dərəcə barışmaz mövqedə
qalmaqla artıq beynəlxalq səviyyədə konkret
addımlar atır, ad məsələsindən tutmuş, onun əhatə
etdiyi ərazilərə öz tarixi torpaqları iddiası ilə
Paris Sülh konfransına müraciət edir. Bu məsələ
Cümhuriyyətin tanınması yolunda bir əngələ
çevrilməyə başlayır. Qərb dövlətlərinin
nümayəndələri belə, öz
yazışmalarında yeni respublikanın adının
İran vilayətindən götürülməsi məsələsinə
diqqət yönəldirlər. Azərbaycan hökuməti
İranla münasibətlərdə yaranmış arzuolunmaz vəziyyəti
dəyişmək məqsədilə yubanmadan bu ölkə
ilə diplomatik əlaqələr qurmaq yolunda daha bir cəhd
edir və İsmayıl xan Ziyadxanovun
başçılığı ilə İrana rəsmi
diplomatik missiya göndərmək haqda qərar verir.
İsmayıl xan Ziyadxanov -
Azərbaycanın tanınmış ictimai, siyasi və
dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin İrana
göndərilmiş Azərbaycan Fövqəladə diplomatik
missiyasının başçısı
Qacarlar sülaləsinin
şahlıq etdiyi ölkəyə göndərilən belə
mühüm missiyanın rəhbəri kimi məhz
İsmayıl xanın seçilməsi təsadüfi deyildi.
Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan
milli istiqlal hərəkatının görkəmli nümayəndəsi
İsmayıl xan özü də Qacarlar nəslinə mənsub
Ziyadoğulları ailəsinin üzvü idi, sonuncu Gəncə
xanı Cavad xanın birbaşa varislərindən
sayılırdı, anası İran şahzadəsi Bəhmən
Mirzə Qacarın qızı idi. Bu heyətin tərkibinə
Qacarlar nəslinin daha bir nümayəndəsi, Bəhmən
Mirzənin oğlu, general-mayor, şahzadə Əmənulla
Mirzə Qovanlı-Qacarın da daxil edilməsi isə
açıq-aydın İran hökumətinə iki dövlət
arasında "qohumluq" əlaqələrinin
mövcudluğuna işarə kimi qəbul olunmalıydı.
Əmənulla Mirzə Qovanlı-Qacar - şahzadə,
İsmayıl xan Ziyadxanovun İran diplomatik missiyasının
üzvü
Azərbaycan hökumətinin
başçısı Fətəli xan Xoyskinin
imzaladığı 1919-cu il 20 mart tarixli mandatda Missiyaya
"Dost qonşu Şah hökumətinə 1918-ci il 28 may
tarixində müstəqil Azərbaycan Cümhuriyyətinin
yarandığını elan etmək və Azərbaycanla
İran arasında qarşılıqlı dostluq münasibətləri
yaratmaq məqsədilə Azərbaycan hökuməti
adından ilkin danışıqlar aparmaq səlahiyyəti"
verilir, bu danışıqların əhatə edəcəyi
konkret məsələlər göstərilirdi.
1919-cu ilin aprel ayında İsmayıl xan Ziyadxanovun
başçılıq etdiyi Azərbaycan Fövqəladə
diplomatik missiyası Tehrana yola düşür. "Azərbaycan"
adına görə İranda baş qaldıran və artıq
siyasi müstəviyə çıxarılan
narazılıqların açıq münaqişə həddinə
çatmaması və razılıqla həll olunması
üçün həmin məsələni hər vəchlə
qızışdıran İran mətbuatını "sakitləşdirməyə"
çalışan M.Ə.Rəsulzadə "Azərbaycan"
qəzetində "İran və biz" başlıqlı məqalə
dərc edir və İsmayıl xan Ziyadxanovun
başçılığı ilə Bakıdan gələn
"heyəti-mürəxxəsin" İran tərəfindən
"hüsn-qəbilə" ilə
qarşılanacağına və "dost və əqraba bir
milləti təmsil elədiyinə qane olaraq" ona
"müamilə edəcəyinə" ümidini bildirir.
Beləliklə, İranla diplomatik əlaqələrin
qurulması sahəsində ilk addım atılır. İran mətbuatından
məlum olur ki, İsmayıl xanın missiyası həqiqətən
Tehranda böyük hörmətlə
qarşılanmış və bu zaman onun Qacarlar nəslindən
olduğu da xüsusi vurğulanmışdı. "Qafqaz
islam millətinin" nümayəndəsinin İrana gəlişindən
məmnunluğunu bildirən yarırəsmi "İran"
qəzeti bu məqamı hətta "Qonaq bizdəndir"
adı ilə öz yazısının
başlığına çıxarmışdır: "Bu
möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki,
İranda 100 ildən artıq səltənət etmiş,
sözün əsl mənasında İran dövlətinin və
millətinin nümayəndəsidir. Cənab İsmayıl xan
Ziyadxanlı tayfasındandır, bunlar Gəncədə ən
möhtərəm və etibarlı xanlardan sayılırlar və
çar Rusiyası hökumətinin işğalından
öncə Gəncədə hökmranlıq etmişlər".
Maraqlıdır ki, bu yazıda Qafqaz ayrıca coğrafi məkan
kimi göstərilir və onun "islam millətinin" qədim
dövrlərdən bəri İranla siyasi, dini və
qonşuluq əlaqələri olduğu" vurğulanır.
İran hökuməti İsmayıl xanın
missiyasına Tehranın Möqtədirülmülk
bağında ayrıca iqamətgah ayırmış və heyət
dövlətin bir sıra ali rəhbərləri, o cümlədən,
İran şahı və Baş nazir Vüsuq-üd Dövlə
tərəfindən qəbul edilmişdi.
Vüsuq-üd Dövlə - İranın baş naziri
Qacar nəslinə mənsub qonağı şəhər
kənarındakı Fəxribağiyə sarayında qəbul
edən gənc Əhməd şah ona Azərbaycanın sərhədləri,
hökumətin tərkibi, parlamentdəki siyasi fraksiyalar və
Versaldakı (Paris) sülh konfransında Azərbaycan nümayəndə
heyəti haqqında suallar vermişdi.
Təbii ki, bu görüşlər zamanı
İsmayıl xanın təmsil etdiyi dövlətin adı məsələsi
də ortaya gəlmiş, hətta onun dəyişdirilməsi
təklifi edilmişdi. Söhbətlərin gedişindən
aydın olur ki, İsmayıl xan Ziyadxanov İran tərəfi
ilə bu mövzu ətrafında hər hansı mübahisə
açmaq istəməyib və öz missiyanın
qarşısına qoyulmuş əsas vəzifənin həllinə,
bu qonşu ölkə ilə diplomatik münasibətlərin
qurulmasına nail olmağa çalışıb.
Həmin günlər İran mətbuatında
özünü "İranın şimalındakı
böyük və məşhur əyalətin" adı ilə
"Azərbaycan Cümhuriyyəti" adlandıran bir ölkədən
gələn nümayəndələrin, yəni İsmayıl
xanın missiyasının "hansı məqsədlə"
İran dövləti tərəfindən qəbul edildiyi kimi
çoxsaylı suallar və iradlar qaldırılırsa da,
İran tərəfi, həmin məsələnin hələ
uzun müddət gündəmdə qalacağına baxmayaraq,
real siyasi şəraitdən çıxış edərək
Azərbaycan nümayəndə heyəti ilə
danışıqları davam etdirir. Nəticədə Tehran
hökuməti ilə AXC arasında daimi diplomatik nümayəndəliyin
və İranın bir sıra məntəqələrində
konsulluqların açılması barədə razılıq
əldə olunur, poçt-teleqraf, ticarət və sair sahələrə
dair saziş layihələri hazırlanır.
Vətənə dönməzdən əvvəl
İsmayıl xan bir daha İranın Baş naziri
Vüsuq-üd Dövlə ilə görüşür və
İran dövlətinin Azərbaycan, Türküstan və digər
əraziləri hesabına öz sərhədlərini
genişləndirməsi haqda İran nümayəndə heyətinin
Versal (Paris) sülh konfransında qaldırdığı iddia
ilə bağlı məsələni gündəmə gətirir.
Baş nazir İranın belə bir fikri olmadığı,
öz nümayəndə heyətinə etiraz göndərdiyi
və bu qeyri-dəqiq xəbəri təkzib etməyi
tapşırdığı kimi cavab verir və əlavə
edir ki, hətta "İran nümayəndə heyətinə
Versalda Azərbaycan Respublikasının suverenliyini müdafiə
etmək haqda teleqram göndərilmişdir".
Burada İran dövlətinin Azərbaycan Cümhuriyyətinə
qarşı münasibətinin yumşalmasında Avropa
dövlətlərinin Paris Sülh konfransında İranın
Azərbaycana qarşı ərazi iddialarına qeyri-qənaətbəxş
münasibəti, əlbəttə ki, nəzərə
alınmalıdır. Son nəticədə böyük
dövlətlər İranın I Dünya müharibəsində
bilavasitə iştirak etmədiyini, yəni neytral
qaldığını əsas gətirərək onun hər
hansı ərazi iddialarına haqqı
olmadığını bildirmiş, İran ümumiyyətlə
Konfransın işinə buraxılmamış və İran
nümayəndə heyətinin bir çox qonşu ölkələrə
qarşı geniş ərazi tələbləri heç
baxılmadan rədd edilmişdi.
Digər tərəfdən Əlimərdan bəy
Topçubaşovun rəhbəri olduğu Azərbaycan
nümayəndə heyəti də istər Paris Sülh
Konfransına təqdim etdiyi sənədlərdə, istərsə
də İran nümayəndə heyəti ilə
danışıqlarda "Azərbaycan" deyərkən
yalnız Qafqaz Azərbaycanı nəzərdə tutulduğunu
dönə-dönə vurğulayırdı. Eləcə də
"Qafqazlılar" adından İran Azərbaycanı
sakinlərinə "qüdrətli və mədəni
İran dövlətinin himayəsi altında siyasi və fərdi
azadlığa nail olmaq, böyük inkişafa, sosial və
siyasi tərəqqiyə qovuşmaq arzu edilirdi".
1919-cu ilin sentyabrında İranın yeni xarici işlər
naziri və bu ölkənin Paris Sülh Konfransında
nümayəndə heyətinin yeni başçısı təyin
olunmuş Firuz Mirzə Azərbaycan nümayəndə heyəti
ilə münasibətlərin müsbət mənada dəyişilməsinə
rəvac verir və Azərbaycan diplomatlarının da səyləri
nəticəsində bu münasibətlər inkişaf etdirilərək
sıx əməkdaşlıq həddinə çatır. Həmin
ilin oktyabr ayında Parisdə Azərbaycan-İran birgə
komissiyası yaradılır və iki dövlət arasında
əməkdaşlığın əsasları haqqında
saziş layihəsi hazırlanır. 1919-cu il dekabrın əvvəllərində
isə İran dövləti Azərbaycan hökuməti ilə
danışıqlar aparmaq üçün təcrübəli
siyasətçi Seyid Ziyaəddin Təbatəbainin
başçılığı ilə Qafqaz Fövqəladə
Komissiyasını Azərbaycana göndərir.
Xüsusi qeyd edilməlidir ki, bu sonuncu addımın
atılmasında həmin dövr bölgədə, o cümlədən,
Azərbaycanda gedən dövlət quruculuğu proseslərini
diqqətlə izləyən Qafqazdakı İran
diplomatlarının müşahidələri də
mühüm rol oynayırdı. Belə ki, yeni dövlətlərin
bütün mövcud çətinliklərə baxmayaraq,
"tam müstəqil formada öz işləri ilə məşğul
olub qanunlar qəbul etdiyi", "qədim dövlətlərin
də çəkindikləri" addımlar
atdığı, böyük dövlətlərin "hərbi
qüvvələr vasitəsilə öz hüquqlarını
qorumaq və niyyətlərini reallaşdırmağa qadir
olmasına baxmayaraq", bu hökumətlərə "siyasi
komissiyalar göndərib, müqavilələr
bağladığı" kimi reallıqlar
qarşısında İran diplomatları öz rəhbərliklərinə
dövlət mənafeləri naminə "heç bir
mülahizə irəli sürmədən" Qafqaz hökumətləri
ilə münasibətlər qurmağı tövsiyə
edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin
1920-ci ilin yanvarında Paris Sülh Konfransının nəticələrinə
əsasən dünyanın aparıcı dövlətləri
tərəfindən de-fakto tanınması kimi tarixi hadisə
isə bu məsələdə son nöqtəni qoymuş
oldu. Qarşılıqlı dostluq və iqtisadi münasibətlərin
qurulmasında maraqlı olan hər iki ölkənin səyləri
1920-ci il 20 mart tarixində AXC və İran arasında dostluq
müqaviləsi və bir neçə sazişin
bağlanması ilə başa çatdı. 1920-ci il aprelin
15-də Azərbaycan Parlamenti iki ölkə arasında dostluq
və əməkdaşlıq münasibətlərinin əsası
qoyulan bu sənədləri təsdiq etdi.
Həmin hadisədən bir qədər əvvəl isə
artıq Qacarlar nəsli və Ziyadxanoğlu ailəsinin digər
üzvü, İsmayıl xan Ziyadxanovun kiçik
qardaşı, İranda Azərbaycan Xalq Cümhuriyyətinin
diplomatik nümayəndəsi təyin olunmuş Adil xan Ziyadxan
(Ziyadxanov) başçılıq etdiyi missiya ilə 1920-ci
ilin yanvar ayında Tehrana gəlmişdi.
Adil xan Ziyadxan - Azərbaycanın tanınmış
ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan
Xarici İşlər nazirinin müavini, Azərbaycan
Cümhuriyyətinin İranda səfiri
Əkbər ağa Sadıqov - Azərbaycan
Cümhuriyyətinin İrandakı səfirinin müavini
AXC və İran arasında bağlanan 20 mart 1920-ci il
tarixli müqavilə İranın Azərbaycan Cümhuriyyətini
tanıması kimi qəbul edilərək martın 21-də -
Novruz bayramı günü Tehranda Azərbaycan Cümhuriyyətinin
səfirliyi açılır və İran rəsmilərinin,
çoxsaylı qonaqların iştirak etdiyi bu mərasimdə
təntənəli şəkildə Azərbaycanın
üçrəngli bayrağı qaldırılır.
Tehranda Azərbaycan Səfirliyinin təntənəli
açılış mərasimindən fotoşəkil. 21 mart 1920-ci il. Novruz bayramı
günü. Mərkəzdə: Azərbaycanın səfiri
Adil Ziyadxan, onun sağında səfirin müavini Əkbər
ağa Sadıqov.
Fotonun aşağısında yazılıb:
Tehranda Azərbaycan Cümhuriyyəti Səfarətinin
rəsmi-küşadı, 29 cəmadiüc-sani 1338-21 Mars 1920
Novruz bayramı günü. (Əkkas - Əbülqasım bin
Məhəmmədtağı Nuri)
Fotonun arxasındakı yazı:
Bu əks həmən mövqeni göstərir ki, səfiri-Cümhuriyi-Azərbaycan
Adil xan Ziyadxan Azərbaycan Cümhuriyyətinin
bayrağını Tehranda qalxızandan irəli nitq söyləyir.
Görükən mizin üstdə Qurani-məcid qoyulub və
onun müqabilində əziz Cümhuriyyətimizin cavan
bayrağı. Nitq qurtarandan sonra səfir bayrağı Qurani-məcid
altından keçirib öz əli ilə ucaltdı. Vüzəralardan
və İran millətinin nümayəndələrindən
savayı tamam Tehranda olan dövlətlərin süfəraları
ücəraları ilə bu ceşnə təşrif gətirmişdilər.
lll
21 mart 1920-ci il. Hadisələrin
sonrakı inkişafı bucağından baxılarsa, bu əlamətdar
tarix eyni zamanda həmin səfirliyin fəaliyyətinin
heç də uzun sürməyəcəyinin, bir aydan az
keçmiş - 1920-ci il 27 aprelində Azərbaycanın
bolşevik ordusu tərəfindən işğalı nəticəsində
sona yetəcəyinin göstəricisi də sayıla bilər.
Lakin məhz bu hadisədən sonra Cümhuriyyətin
İrandakı səfirliyinin aqibəti ayrıca bir hekayətə
çevrilir, çox acı, ağrılı olmaqla bərabər,
Cümhuriyyət Kişilərinin ən ağır məqamlarda
belə öz mərd, alicənab, dürüst insani
simalarını necə qoruduqlarının, Vətənə,
Xalqa, Dövlətçiliyə sevgi və sadiqliklərinin
daha bir nümunəsi yaranır.
Digər tərəfdən, Cümhuriyyətin
İrandakı səfirliyinin fəaliyyətini və iki
ölkə arasında bərabərhüquqlu,
qarşılıqlı əlverişli münasibətlər ənənəsinin
qoyulmasında xidmətini heç bir halda bu "bir
aylıq" müddətlə ölçmək olmaz. Nəzərə
alınmalıdır ki, hələ Rusiya imperatorluğu
vaxtından İranın Cənubi Qafqazın bir çox şəhərlərində,
o cümlədən, Bakıda konsulluğu olması və
Cümhuriyyət dövründə də həmin nümayəndəliklərin
öz fəaliyyətlərini davam etdirməsi faktı
qarşısında müstəqil Azərbaycanın da bu
ölkədə öz rəsmi nümayəndəliyini
açmaq iddiası İran dövləti tərəfindən
heç də dərhal qəbul edilməmişdi. Rusiya
monarxiyası dağıldıqdan sonra İranda yaşayan keçmiş
rus təbəələri - azərbaycanlıların Təbrizdə
öz nümayəndəliklərini yaratmaq cəhdlərinə
də tezliklə Tehran hakimiyyəti tərəfindən son
qoyulmuşdu.
İranla mürəkkəb və ziddiyyətli
münasibətləri addım-addım yoluna qoyan Azərbaycan
tərəfi artıq bu ölkədə öz səfirliyini
açmaq məsələsində də razılıq əldə
edir. Cümhuriyyətin İranda diplomatik nümayəndəliyi
Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarı
ilə təsis edilir və həmin dövr AXC Xarici
İşlər nazirinin müavini, əslində nazir
(Ə.Topçubaşov) ölkədə olmadığı
üçün onun vəzifəsini icra edən Adil xan
Ziyadxan həmin missiyaya rəhbər təyin olunur.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 9 iyul, №(118).- S.12-13.