Milli istiqlal mücadiləsi “Bakı rüzgarı”nda  

İsmayıl Saryalın xatirə-romanı haqqında qeydlər

 

 

Azərbaycan mühacirlərinin bədii, publisistik irsi ideya baxımından milli, ak­tu­­al və faydalı, mövzu nöqteyi-nəzərindən maraqlı, zəngin, rəngarəng, sənətkarlıq cə­­hətdən diqqətəlayiq olduğu kimi, tariximizin sovet rejimi və kommunist ide­o­lo­gi­­ya­sının basqısı ilə saxtalaşdırılan müəyyən mərhələlərini dürüst, dolğun və doğ­ru işıql­andıran, istiqlal mücadiləsi yolunu, metod və vasitələrini öyrədən və ya­şa­dan nadir və əvəzolunmaz ədəbi sərvət, sanballı salnamə, mötəbər mənbə kimi də xüsusi əhəmiyyət kəsb edir. Müstəqil və milli Azərbaycan uğrunda ömrünün so­nu­na qədəri deoloji mübarizə aparmış Hüseyn Baykaranın (1904, Şuşa-1984, İstan­bul) 1975-ci ildə nəşr etdirdiyi “Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabına yaz­dığı “Ön söz”dəki mühacirət irsi haqqındakı fikirləri həm təsirlidir, həm də həqiqəti tam əks etdirir: “Azərbaycan xalqının keçmişini bilənləri, mücadiləsini hə­yata keçirənləri zaman əritməkdədir. O halda gələcək nəsil bu mübarizəni necə və haradan öy­rənəcəkdir? Bax bu kitabları mənə yazdıran bunlardır”. H.Baykara da­ha sonra fik­rini davam etdirərək yazır: “Öz nəsli ilə mücadilənin içində olan bir is­tiqlalçı üçün xalqının əsirlik tarixini yazmaq nə qədər acı isə, xalqının əsarətdən qur­tarmaq üçün fəaliyyətini və qurtuluşa inanmasını görmək də o qədər qü­rur­ve­ri­ci­dir. Sağlıq du­rumunun, yaşımın və çevrəmin əlverişli olmadığı bir zamanda bu işi görmək dö­züm­lü sinir gücü istəyirdi... Kommunist sisteminin “ən təbii əxlaq normasının ya­lan, iftira, öldürmə, talan, istismar, əzmək” olduğunu qeyd edən və bü­tün bunları öz taleyində yaşayan Məhəmməd Altunbay (1911, Gəncə-1987, İstanbul) “Azad­lı­ğa uçan türk” adlı memuarında “insan qəssabı” Stalinin yaratdığı rejimə, onun törət­diyi ağlasığmaz faciələrə, fəlakətlərə işarə vuraraq “...beyinləri kütləşdirən o dəh­şətli günləri yazmasam, yaza bilməsəm, bunun əzabını ömrüm boyu çəkərəm. Ya­şamağı indi yalnız buna görə istəyirəm”, − yazanda üzərinə götürdüyü mə­su­liy­yə­ti və missiyanı dərindən dərk edirdi: həqiqətləri gələcək nəslə çatdırmaq! Elə bu istəyin, bu arzunun və bu fədakarlığın nəticəsi kimi qürbətdə Azərbaycan istiqlal mü­cahidlərinin xatirələrindən ibarət böyük irs formalaşmışdı.

Bu qəbildən olan əsərlərdən biri də İsmayıl Saryalın (13 fevral 1896, Gəncə-13 fevral 1982, Ankara) “Bakı rüzgarı” memuar-romanıdır. İsmayıl Saryal (Se­yid­zadə) tanınmış və nüfuzlun əsildə − Mir Hacı Seyid Əhmədlə Mina Bəyim xa­nı­mın ailəsində dünyaya gəlmişdi. Milli mühitdə, istiqlal şəhəri Gəncədə böyüyən, da­ha sonra Kiyevin qaynar həyatında formalaşan, Almaniyada təhsil aldığı illərdə Vətənçi və millətçi kimi yetişən İ.Saryal Sovet Azərbaycanına qayıtdıqdan sonra qə­tiyyən barışa bilmədiyi mövcud quruluşla, həyat tərzi və yad ideologiya ilə heç cür yaşaya bilmir, sıxılır, əziyyət çəkirdi. Onu eyni zamanda ÇEKA agentlərinin tə­qibləri və Stalin dövrünün amansız repressiya təhlükəsi də ciddi şəkildə narahat edir, daim qayğılandırırdı. Həmin illər üçün xarakterik olan bu dəhşətli həyat tər­zi­ni təsəvvür etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən, ilk milli par­la­mentin sədri Əlimərdan bəy Topçubaşovun Azərbaycan Milli Şürasının sədri, Ə.Rə­sulzadəyə ünvanlandığı məktubdan bu sətirləri oxumaq kifayətdir: “Çox hör­mət­li Məhəmməd Əmin bəy, bu dəfə şair Əhməd Cavadvə Əli Yusifin (Cümhu­riy­yət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yaz­mağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı − T.A.) qurbanı olduqları Ba­kıdakı növbəti həbslər barədə eşitmək mənə çox ağırdır. Hər ikisinə sədd heyif. İn­diki kimi yadımdadır, Əli Yusifi dilə tuturdum ki, zülmün, qisasın, xəyanətin hökm sürdüyü o yerə getməsin. Burada, nümayəndəlikdə ona daimi bir iş tapa bil­mə­diyim üçün çox təəssüf elədiyimi onun özünə də demişdim. Görünür, bu səfərə onu vadar edən səbəblər daha güclü oldu. Ancaq gedəndə mənə söz verdi ki, son də­rəcə çox ehtiyatlı olacaq. Zavallı gənc unutdu ki, şərin tüğyan elədiyi yerdə heç bir ehtiyatlılıq köməyə gəlmir. Rus bolşevizmi adlı bu dəhşətli qüvvə bu gedişlə da­vam etsə, Azərbaycanın bütün ziyalılarının və gəncliyinin tamamilə məhv ol­ma­sı qaçılmaz olacaq”.

Milli duyğularla yaşayan, milli dəyərlərə bağlı, hələ Kiyevdə təhsil alar kəngiz­li tələbə təşkilatlarının fəaliyyətində yaxından iştirak edən İ.Saryal anlayırdı ki, “Azər­baycan istiqlal qayəsini mənimsəmiş, vətənin müstəqbəl istiqlalına iman et­miş və kəndi xüsusi həyat və səadətini millət və məmləkətin həyat və səadəti şərti ilə təsəvvür edə bilmək idealizminə ermiş bir gənc azərbaycanlı sadə mühəndis, sa­də hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçi və sairə olmaqla iktifa edəməz. O, ey­ni zamanda vətənçi bir mühəndis, milliyyətçi bir hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçi və sairə olmaq vəzifəsi ilə mükəlləfdir”. Bütün bunları dərindən dərk edən İ.Sar­yal ölkədən qaçmaq fikrini qətiləşdirir. 1929-cu ilin sentyabrında ailəsi ilə birlikdə İrana, 1930-cu ilin yayında Türkiyəyə keçməyə nail olur, Ankarada məs­kun­laş­ır. İ.Saryal Ankarada Elektrik və Qaz zavodunda fəaliyyətə başlayır və həmin mü­əssisənin baş mühəndisi vəzifəsinədək yüksəlir. 1961-ci ildə təqaüdə çıxır. Bir mə­işət qəzası nəticəsində İ.Saryal 86 yaşında dünyasını dəyişir.

İ.Saryal Gəncədə, Bakıda, Kiyevdə olduğu kimi, özünə ikinci Vətən hesab et­di­yi Türkiyədə də Azərbaycanın istiqlalı uğrunda mücadilə edib. O, 1948-ci il­də Ankarada fəaliyyətə başlayan Azərbaycan Kültür Dərnəyinin yaradıcılarından və fəallarından olub.

İ.Saryalın “Bakı rüzgarı” memuar-romanının taleyi də müəllifin həyat yolu ki­mi enişli-yoxuşlu olur, qələmə alınandan 20 ildən də çox bir müddət keçəndən son­ra işıq üzü görür. Bu barədə kitabın Türkiyədəki nəşrinə müəllifin oğlu Orta Doğu Texniki Universitetinin rektoru olmuş (1977-1979-cu illər) prof.dr. Nuri Saryal və gəlini - ta­nınmış şair Nəriman Saryal (Duranoğlu) (bəzi mənbələrdə Emin Sabitoğlunun qohumu olduğu qeyd edilir − T.A.) tərəfindən yazılan “Oxucularımıza” adlı girişdə mə­lumat verilir: “Yazıldığı 1975-ci ildən bəri ölkə daxilində və xaricdəki siyasi vəziyyətə görə çapını təxirə saldığımız bu böyük ərməğanı təkcə övladlarımıza və nə­və­lə­rimizə yox, oxucularımıza da təqdim etməkdən qürur duyuruq”.

Janrına görə “xatirə-roman”, yaxud “memuar-roman” olan irihəcmli, çoxş­a­xə­li “Bakı rüzgarı” əsəri bir qəhrəmanın və onun silahdaşlarının timsalında xal­qı­mı­zın milli istiqlal uğrunda ölüm-dirim mübarizəsini özündə parlaq əks etdirən və mücahidlərin bədii-sənədli obrazlarını canlandıran maraqlı yaradıcılıq nü­mu­nə­lə­rin­dəndir. Burada toxunulan mövzunun, cərəyan edən hadisələrin reallığı, müəllifin olay­ların mərkəzində olması əsərin əsas ideyasını və süjet formasını müəyyən edir. Me­muarın başlıca ideyası milli istiqlalın, müstəqil Azərbaycan naminə mücadi­lə­nin, “Azərbaycan davası”nın vacibliyini təlqin, təbliğ və təşviq etməkdir. Bir mə­sə­lə­ni də qeyd etmək lazımdır. Müəllifin dünyagörüşü, şəxsiyyəti və əqidəsi əsərin ide­yası ilə üst-üstə düşür, elə vəhdət təşkil edir ki, onların birini digərindən ay­rı­lıq­da təsəvvür etmək və dəyərlənəndirmək olmur. Əhməd Cavadoğlu (İsmayıl Sar­ya­lın istifadə etdiyi gizli ad − T.A.) tərəfindən memuarın Türkiyə nəşrinə yazılan ön söz­də müəllif əsərə işarə ilə yazır ki, bu, bir azəri gəncin hekayəsi, gerçək hə­ya­tı­dır. Bunu Vətəni tərk edib Türkiyəyə sığınan minlərlə azəri ailəsinin hekayəti də ad­landırmaq olar, çünki hamısının keçirdiyi çətinlik bir-birinə oxşayır. Təqdim olu­nanlar müəllifin təsadüf nəticəsində öyrəndiyi və ya özünün şahidi olduğu ha­di­sə­lə­rdir.

Avtobioqrafik səciyyəli memuarda Oğuz Qayalının timsalında İsmayıl Saryal öz həyatının təxminən 20 ilini − 1910-1930-cu illərini, eləcə də özünün, mənsub ol­duğu xalqın taleyi ilə bu və ya digər dərəcədə bağlı hadisələri − istiqlal mücadiləsi­nin ilkin və sonrakı mərhələlərini, Rusiyadakı 1917-ci il inqilabının, vətəndaş mü­haribəsinin əyalətlərə təsirini, rus işğalının fəsadlarını, ermənilərin xalqımıza qar­şı törətdiyi cinayətləri qələmə almışdır. Əsərdə Azərbaycan istiqlalının bay­raq­dar­la­rından Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Nuru Paşa, Nəsib bəy Yusifbəyli, Xudadad bəy Məlikaslanov və Əh­məd Cavadın, eləcə də bolşevizmin tərəfdarları, bir müddət sonra da elə həmin ideologiyanın məhsulu olan sovet rejiminin qurbanları Nəriman Nərimanov, Mu­s­ta­­fa Quliyev, Dadaş Bünyadzadə və başqa bu kimi tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə az-çox toxunulması, həm memuara marağı daha da artırır, həm də adı çəkilən xadimlərin tərcümeyi-halının bəzi məqamları ilə tanışlığa imkan verir

 

Mü­əl­lifin əsər boyu haqqında məhəbbətlə söz açdığı, əqidə və əməllərini vəsf etdiyi dok­tor Dadaş Həsənzadə istiqlal mücahidi və şəhidlərinin ümumiləşdirilmiş obrazı tə­əssüratını yaradır. Çar hökumətinə qarşı qurulan gizli təşkilatın fəallarından sa­yı­lan Dadaş Həsənzadə bolşevik hakimiyyətinin də əleyhinədir və bu rejimin aradan qal­dırılması üçün mübarizə aparır. Lakin o, 20-yə yaxın sirdaşı və silahdaşı ilə bir­lik­də həbsə atılır. Oğuzun öyrəndiyinə görə, “onların günahları gizli təşkilat yaradıb rejimə qarşı fəaliyyət göstərmələrində imiş”. D.Həsənzadə bundan bir müddət əv­vəl M.Ə.Rəsulzadənin Finlandiya sərhəddindən Qərbə keçməsinə yardım edib. Dadaş sarsılmaz əqidəyə sahibdir, iradəli və cəsurdur.

Bol­şeviklərin zindanları, işgəncələri onu öz yolundan döndərmir: “Dustaqların b­ə­zi­ləri Rəsulzadəni qaçıranın Dadaş olduğunu etiraf eləyiblər. Dadaş isə bunu boy­nu­na almır”. Milli istiqlal naminə hər cür məhrumiyyətlərə dözən D.Hə­sən­za­də son nəfəsinədək bu yola sadiq qalır: “ÇEKA-nın müstəntiqi Dadaşdan bir su­ala cavab almaq istəyirdi. Onu bilmək istəyirdi ki, Məhəmməd Əmin Rəsulzadəni Fin­lan­diyaya kim qaçırıb? Dadaş elə hey inadla bundan xəbəri olmadığını deyirdi. Dü­nən gecə eyni sual yenə veriləndə Dadaş masanın üstündəki böyük mü­rək­kəb­ qa­bı­nı müstəntiqin üzünə atıb sol gözünü partlatmış və arxada duran iki rus əsgəri atəş açaraq Dadaşı elə oradaca öldürmüşlər”. Müəllif hər dəfə istiqlal aşiqi D.Hə­sənzadədən məhəbbətlə söz açır, əməl və əqidə dostunun şərəfli taleyini sevgi ilə yad edir. Oğuz, xanımı Alya ilə, D.Həsənzadənin anasından tez-tez xəbər tutur, ona tə­səl­li, təskinlik verir. D.Həsənzadənin anası istiqlal qəhrəmanlarının və qur­ban­la­rı­nın analarının ümumiləşdirilmiş obrazı təsiri bağışlayır: onlar hər cür əziyyətə dö­zür, yarıac-yarıtox dolanır, düşmən qarşısında əyilmir, ümidlə, inamla ya­şayırlar. Həbsxanada yatan oğluna baş çəkməyə gedən ana hər dəfə təhqirə mə­ruz qalır, gö­rüş­dən məhrum edilir. Ana onu yoluxmağa gələn Oğuza və onun xa­nı­mı­na şikayətlənir: “Qadın acınacaqlı vəziyyətdə idi. Oturduğu döşəkçənin altından dəs­malını çıxarıb, yanaqlarına süzülən göz yaşını sildi. Xeyli susandan sonra sö­zü­nə davam et­di: “Hər dəfə ÇeKaya gedəndə məni eyni bir kafir rus qarşılayır. O mə­ni ələ sa­lır: “Yox, Dadaş xəstədi, gələ bilmir, yox, oğlum məni görmək istəmir...”

 

(Ardı var)

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.- 9 iyul, ¹(118).- S.11.