Ortaq tale, ortaq yol  

 

 

Azərbaycanla Türkistanın tarixi, mədəni, mənəvi cəhətdən nə qədər yaxın və ayrılmaz olduğunu dərk etmək üçün bir neçə gün Özbəkistanda qalmaq, özbəklərlə yaxın təmasda olmaq yetərlidir. Bu cümləni yazarkən yadıma düşür ki, vaxtilə Azərbaycanın da şimal bölgələrinə “Türküstan” deyilib.

Özbəkistana ilk səfərimdən uzun illər keçib. Ancaq ondan öncə də bu qardaş ölkəni türk varlığını yaşadan, türk elm və mədəniyyətini dünyaya yayan dahi elm-sənət adamlarının, sərkərdələrin adları ilə tanımışıq. Özbəkistanı sevməyimizdə şəxsi tanışlıqlar da az rol oynamayıb. Universitet tələbəsiykən Başqırdıstanda keçirilən tələbə elmi konfransında tanış olduğum Məhəbbət adlı gözəl özbək qızının xatirəsi Daşkənd zəlzələsindən sonra “Məhəbbət ünvanı” adlı bir şeirə çevrilmişdi:

 

        Ufada, Tələbə konfransında,

        Məhəbbət adlanan bir qız da vardı.

        Elə mehribandı, girib bir anda

        Könlündə dost kimi qərar tutardı.

 

        Ağıdel buz yoldu biz gedən günü,

        Gələndə sınmışdı lapar-lapardı.

        Beləcə dincliyim buz örtüyünü,

        Bahartək əridib o qız apardı.

 

        O gün ağır oldu yükü qatarın,

        Getdi sevincim də... ünvanı qaldı.

        Həsrət xəbərçisi məktublarımı,

        Daşkəndə uçurmaq gümanı qaldı.

 

        Közərdi ocağı hər sətrin, sözün,

        Kağızda göz yaşı çırağı gəldi.

        Sonra da zərbəsi ömrümə düşən,

        Daşkənd zəlzələsi sorağı gəldi.

       

        Uzaqdan təsəlli əli uzatdım,

        İstədim bir dostun dərdini böləm.

        Yuvasız quş kimi məktub qayıtdı,

        “Yoxdu belə ünvan” möhürü ilə.

 

        İndi bu xatirə hara çatacaq,

        O vaxtdan çox həsrət tufanı oldu.

        Daşkənd daha gözəl tikildi, ancaq

        İtən bir məhəbbət ünvanı oldu.

 

Gənc şairlərin ümumittifaq festivallarında tanış olduğumuz özbək yaşıdlarımızla əlaqələrimizsə bu günə qədər davam edir, bir-birimizi axtarırıq, xəbərləşirik, şerlərimizi, kitablarımızı nəşr etdiririk. Vaxtilə Azərbaycanda keçirilən özbək ədəbiyyatı günlərində qardaş xalqın ədəbiyyatından çoxlu nümunələr nəşr etmişdik. O kitabların demək olar ki, hər birində mənim də çevirmələrim var və sonralar müəllifləri ilə yaxından tanış olmuşduq.

Bu görüşlər haqqında yazılar da yazmışam.

Söz, ədəbiyyat özbək xalqının yaratdığı böyük sənət möcüzəsidir. Lakin başqa bir möcüzə də var; o da özbək xalqının yaradıcılıq eşqinin və qadir əllərinin məhsuludur; Səmərqənd, Buxara, Xivə... Mənə elə gəlir ki, bu şəhərlərlə birgə bütün Özbəkistan YUNESKO tərəfindən qorunmalıdır.

Özbəkistana başqa bir səfərimdə isə Qaraqum, Qızılqum hövzəsinin yetirdiyi dahiləri xatırlayıb bu çölləri dünyanın beyni hesab etmişdim.

Sonuncu dəfə Özbəkistana Azəri-Türk Qadınlar birliyi, Azərbaycan-Türkiyə Evi, Türksoyla İpəkyolu  Kamu Diplomasisi və Ekonomik İşbirliyi Təşkilatının və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin birgə layihəsi olan “Qərbi Azərbaycan-Türk Dünyası forumu” çərçivəsində, daha doğrusu, bu forumu keçirməyə getmişdik.

Qərbi Azərbaycana həsr edilmiş forumlar Azərbaycan daxilində çox keçirilib. Lakin önəmli olan bu müzakirələrin çərçivəsinin və coğrafiyasını genişləndirməkdir. Bu baxımdan Azəri Türk qadınlar birliyinin İspaniyanın paytaxtı Madriddə keçirdiyi yığıncaq mütəşəkkilliyinə, xeyli xarici deputat və diplomatın iştirakına və İspaniya mətbuatında işıqlandırılmasına görə bir nümunə sayıla bilər. Bir ispan millət vəkilinin forum haqqında dediyi söz həmin müzakirənin əhəmiyyətini dəqiq göstərir: “Biz otuz il erməniləri dinlədik, bir dəfə də Azərbaycanı dinləyək”.

Növbəti Forum üçün Daşkəndin seçilməsi təsadüfi deyildi. Azərbaycanın Türk Dünyası ilə əlaqələri təkcə diplomatik, siyasi, mədəni birliklə məhdudlaşa bilməz. Türk dövlətlərinin faciələri, bu faciələrin ayrı-ayrı türk dövlətlərində davam edən uzantıları ümumi şəkildə də öyrənilməlidir. Bu baxımdan Azərbaycan xalqının bölünmüşlüyünün, repressiya və deportasiyaya məruz qalmasının, işğal və soyqırım faciələri yaşamasının bütün qanlı mənzərələri digər türk dövlətlərinə də çatdırımalıdır.

Əslində Ermənistanın hədəfində Azərbaycan tək deyil.  

 Mənə görə türk dövlətlərinin yaxınlaşması tələb edir ki, bir- birimizin problemlərini daha yaxşı bilək. Ermənilər Səlib yürüşlərindən başlayaraq tam min ildir, bütün türk və müsəlman aləmi haqqında yalan, böhtan yazıb dünyaya yaymaqla, türk mədəniyyət incilərini öz adına çıxmaqla və türkləri dünyada  gözdən salmaqla məşğuldurlar. Hələ bu gün də səlibçilər adı altında fəaliyyət göstərən təşkilatları var. Üstəlik, Ermənistan respublikası dövlət olaraq erməni terrorunu dəstəkləyir və bu terrorun bir ucu da Mərkəzi Asiyaya, o cümlədən, Özbəkistana çatır.

                    ***

 Qafqazda heç zaman bir erməni dövlətinin olmadığını və erməni vilayətinin Çar I Nikolayın əmri ilə  Azərbaycan torpaqlarında, İrəvan xanlığında yaradıldığını Azərbaycanda hər kəs bilir.

Birinci Dünya müharibəsində Çar Ordusu sıralarında vuruşan erməni silahlıları, Doğu Anadoludan geri dönərkən Qafqazda qırğınlar törədib, Xəzər dənizinin şimalından Türküstana doldular. Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, ermənilər 1918-1919-cu illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsini əhalisi ilə birlikdə yandırmışdır. Kokandda 3 günə 10 min, Mərgilanda 7 min, Əndicanda 6 min, Namanqanda 2 min, Kokand yaxınlığındakı Bazarkurqanda 4 min 5 yüz, Oşda 2 min insan vəhşicəsinə öldürülmüşdür. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 min nəfər qətlə yetirilmişdir. Dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930-cu illərdə türk dünyasında ən azı 5 milyon nəfər günahsız türk-müsəlman bolşevik-daşnak birlikləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Daşnak cinayət dəstələri sovet drujinaçısı bayrağı altında 9 gün ərzində Kokandı yandırıb keçdi, şəhərin 10 məhəlləsində ucdantutma qırğınlar törədildi. 1897-ci ildə 120000 əhalisi olan Kokandın 1926-cı ildə 69300 əhalisi qalmışdı.

Öz qurbanları ilə vəhşicəsinə davranan bu cəlladlar kişilərin əlini, ayağını, qadınların isə döşlərini kəsirdilər; Azərbaycandakı etdikləri kimi... Daşnaklar Suzaq, Bazarkurqan, Kokanqışlaq əhalisini  qırıb və Fərqanədə 180 kəndi dağıtmışdılar.

 Əndincanda da daşnaklar eyni vəhşiliklə soyğunçuluq, qətl və zorlamalarla məşğul olmuşdular.

Özbək alimi M.Həsənov də özünün “Kokand muxtariyyəti” kitabında erməni daşnaklarının Türküstandakı vəhşiliklərindən ətraflı bəhs edib. Bundan başqa, tanınmış özbək alimi, tarixçi Şöhrət Barlas müəllifi olduğu “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar - Qarabağdan Fərqanəyə qədər” kitabında ermənilərin Orta Asiya xalqlarına qarşı törətdikləri soyqırımı tarixi faktlarla sübuta yetirib.

Mərkəzi Asiya ölkələrinin, eləcə də Özbəkistanın arxivlərində erməni-daşnak qırğınları ilə bağlı kifayət qədər fakt var. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin Orta Asiyada, o cümlədən, 1918-1919-cu illərdə Özbəkistanda törətdikləri qətliamlar türk millətinə qarşı soyqırım cinayətinin tərkib hissəsidir.

Hazırda Türkiyə ərazisində çoxlu erməni tayfası kürd adı ilə yaşayır və separatçı fəaliyyətdə birbaşa iştirak edir. Erməni terror təşkilatı ASALA-nın Türkiyədə fəaliyyətini gözlənilmədən dayandırmasından sonra PKK terror təşkilatının yaranması bəzi mətləblərdən xəbər verir. Daha doğrusu, PKK rəhbərliyində təmsil olunanların bir çoxunun erməni əsilli olmaları, onların Türkiyəyə qarşı düşmən kəsildiklərinin göstəricisidir. Arxiv sənədləri, hətta PKK rəhbəri Abdullah Öcalanın da erməni olduğunu sübuta yetirir. Bu isə, əslində, PKK ilə ASALA-nın bir medalın iki üzü olduğuna işarə edir.

               ***

 “Qərbi Azərbaycana dönüş-Türk dünyası forumu”nun bir əhəmiyyəti də Türk Dövlətləri Təşkilatına üzv olan Mərkəzi Asiya dövlətlərinin diqqətini  Türk-İslam dünyasının ümumi düşməni olan erməni yalanının və onun havadarlarının necə ciddi bir təhlükə olduqlarını anlatmaq, bu xəyanətin tarixi köklərinə diqqəti cəlb etmək idi. Həm Özbəkistan, həm Azərbaycan mətbuatında, televiziyalarda forum haqqında reportaj və yazılar dərc edildiyindən bu barədə geniş danışmaq istəmirəm.

Özbəkistanın ədəbi-mədəni mühitində Azərbaycana olan marağın və sevginin böyüklüyü bir daha hamımızı sevindirdi. Forumda Azərbaycanda da yaxşı tanınan özbək yazıçıları ilə yanaşı, elmi tədqiqat institutlarının alimləri, Azərbaycanın və Türkiyənin Özbəkistandakı səfirliklərinin əməkdaşları, Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzinin işçiləri, tələbələr, Azərbaycan diasporunun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak edirdilər. Ən önəmli cəhətlərdən biri özbək qardaşlarımızın xalqlarımız və dövlətlərimiz arasında ədəbi-mədəni, siyasi əlaqələrin genişlənməsindən duyduqları razılıq və məmnuniyyət idi.

Azərbaycanın Qarabağ savaşındakı qələbəsinin, torpaqlarımızın düşmən işğalından azad edilməsinin Özbəkistanda necə böyük coşqu və qürur doğurduğunu hər bir çıxışda görmək mümkün idi.

Türk Dövlətləri Təşkilatının fəaliyyəti, bu günlərdə bu təşkilatın üzvü olan dövlətlərin Şuşada görüşməsi, qəbul edilən “Qarabağ mərəmnaməsi” əslində bütün Türk dünyasının Qarabağı düşməndən azad etməyimizin sevincini paylaşdığını bir daha göstərdi.

Daşkənd ətrafında - yazıçıların yaradıcılıq evlərindən ibarət şəhərcikdə, yazıçı dostumuz Nurəli Qoburun qonağı olduğumuz vaxt özbək həmkarlarımızın söhbətlər məni heyrətləndirdi. Bir daha əmin oldum ki, özbəklər Azərbaycanda və Türk dünyasındakı gedişatı diqqətlə izləyirlər.

Nurəli Qobur vaxtilə Moskvada yüksək vəzifədə çalışmış təcrübəli bir adamdır, indiyədək 18 roman yazmışdır. Türk xalqlarının qəhrəmanlıq tarixi onun da əsas mövzusudur. Həyat yoldaşı Şəhadət İsaxanova da yazıçıdır və Turan məlikələri haqqında silsilə romanlar yazmışdır.

Bu görüşdə çoxdan bəri Özbəkistanda yaşayan Türküstanın hər tərəfini gəzib dolanmış, Əfqanıstan, Hindistan, Pakistan, Banqladej kimi dövlətlərin ərazilərinə səpələnmiş türklər – azərbaycanlılar haqqında geniş məlumat toplamış, sanballı bir kitab tazmış Azərbaycan jurnalisti Qulu Kəngərli ilə yanaşı, Azərbaycanda da yaxşı tanınan məşhur şairlərindən Tahir Qəhhar və başqa gənc yazarlar da var idi. Ədəbi əlaqələrimizi necə möhkəmləndirə bilərik, Turan birliyinin gəlişməsində ədəbiyyat necə rol oynaya bilər? Söhbətimizin əsas mövzusu bu idi. Tahir Qəhharın söhbətindən məlum oldu ki, Daşkənddə buraxılan “Dünya ədəbiyyatı” kitabxanası seriyasının 69-cu cildində mənim yazılarım yer almışdır. Bu xəbər sürpriz idi.

Ertəsi gün – mayın 19-da özbək həmkarlarım mənə daha bir sürpriz hazırlamışdırlar. Sanki forum davamı idi, yenə otelin iclas salonu doludur, ancaq bu dəfə gələnlərin çoxu yazıçılar di.

 

Tədbiri açan türkiyəli dostumuz Seyfəddin Türksoyun ilk cümləsindən anladım ki, yığıncağın məqsədini məndən niyə gizlədiblər. “Biz bura Sabir Rüstəmxanlının ad gününü qutlamağa yığışmışıq” - cümləsini eşidəndə etiraz etdim ki, “bu gün mənim ad günüm deyil!”  etirazıma zarafatla cavab verdilər: “Sabah olmasın bu gün olsun!”

Əgər günlərlə hazırlanan rəsmi bir məclis olsaydı bu qədər səmimi və gözəl alınmazdı. Özbəkcə, azərbaycanca şeirlər oxundu, gənclik dostlarımızın gözəl xatirələri yada düşdü.  

İldönümlərinin səssizcə ötüb keçməsini istəyirəm. Özəlliklə yaş artdıqca... Amma Özbəkistandakı  səmimiyyət və sayqı qarşısında etiraza yer qalmamışdı.

Madrid və Daşkənd təcrübəsi göstərir ki, Azəri-Türk qadınlar birliyinin Qərbi Azərbaycana dönüş ideyası ətrafında millət vəkillərinin, yazıçıların, ziyalıların, diplomatların, diaspor və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirdiyi bu silsilə görüşlər davam etdirməli və onların coğrafiyası daha da genişləndirilməlidir.

Türk Dövlətləri Təşkilatı türk dünyasının böyük uğurudur! Təşkilatın qəbul etdiyi sənədlər  bütün dünyanın diqqətini bu bölgəyə çevirir. Lakin bu yaxınlaşma siyasi, iqtisadi, mədəni, mənəvi xətlər üzrə, daha doğrusu, həyatımızın bütün sahələrində ardıcıl iş tələb edir. Özəllikə əlifba fərqlərinin aradan qaldırılması, ortaq təhsil proqramlarının, dərsliklərin hazırlanması, birgə universitetlərin qurulması, yaradıcılıq təşkilatlarını, gənclərin,  qeyri-hökumət örgütlərinin tez-tez bir araya gəlməsi, ümumtürk ideyasının işlənib milli inkişafın əsas xəttinə çevrilməsi son dərəcə vacib məsələlərdir, Bu baxımdan TürkSOYun, Türk Akademiyasının, TürkPA-nın imkanları və işi daha intensiv və geniş şəkil almalıdır. Bir sözlə, dövlət başçıları səviyyəsində başlanan iş aşağıya doğru bütün səviyyələrdə davam etdirilməlidir.

 

Sabir RÜSTƏMXANLI

525-ci qəzet .- 2024.- 9 iyul, ¹(118).- S.6;7.