Milli istiqlal mücadiləsi "Bakı rüzgarı"nda  

İSMAYIL SARYALIN XATİRƏ-ROMANI HAQQINDA QEYDLƏR

 

 

(Əvvəli ötən sayımızda)

 

Maraqlı və təqdirəlayiqdir ki, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə Dadaş Həsənovun (Həsənzadənin) Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə ayrıca irihəcmli məqalə həsr edib. Tədqiqatçı-alim yazısında D.Həsənovun tərcümeyi-halı, təhsili, əmək fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra istiqlal uğrunda mücadiləsi, həbs olunması, istintaqı haqqında arxiv sənədlərinə istinad edərək kifayət qədər dolğun məlumatlar verir, dövrün ictimai-siyasi prosesləri fonunda D.Həsənovun müstəqillik naminə fədakar fəaliyyətini izləyir, təhlil edir, dəyərləndirir. Aydın Əlizadə eyni zamanda D.Həsənovun qohumlarının xatirəsindən, onun haqqındakı bədii-sənədli mənbələrdən də istifadə edib, mücahidin həyat yolunu geniş işıqlandırmağa nail olub. Tədqiqatçı yazır ki, D.Həsənov (Həsənzadə) haqqında məlumatlar təkcə onun istintaq işində deyil, həm də başqa mənbələrdə, o cümlədən, xaricə mühacirət edən müsavatçıların əsərlərində də vardır. Məsələn, M.Ə.Rəsulzadə xatirələrində onu Azərbaycan (türk) xalqının azadlığı uğrunda həyatını qurban vermiş şəxs kimi yad edib: "Bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz... Parlament və hökumət dışında... doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikr edilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. "Müsavat" təşkilatının fəallarından biri olan Əbdül Vahab Məmmədzadə (Yurdsever) D.Həsənovu (Həsənzadəni) "hərbi təşkilatın rəisi" adlandırıb və yazıb ki, "Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təskilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat işi aparmaq adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi. Daha bir tanınmış mühacirət xadimi Hüseyn Baykara D.Həsənov (Həsənzadə) haqqında maraqlı məlumat verərkən onu "milli azadlıq komitəsinin rəhbəri" adlandırır: "Bir gün Əhməd Cavadla qeyri-leqal milli azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və liderlərdən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getmələrini təklif etdim. Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?" Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danımamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşiqi sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha xəbər gəlməmişdir".

Aydın Əlizadə İsmayıl Saryalın "Bakı ruzigarı"na da nəzər salıb, həmin əsərə, daha doğrusu,

memuarda D.Həsənovla bağlı hissələrə də münasibət bildirib: "Dadaş Həsənovla (Həsənzadə ilə) bir müddət ailəvi dostluq etmiş daha bir azərbaycanlı mühacir - İsmayıl Saryal (Seyidzadə) "Bakı rüzgarı" romanında onu xatırlamışdır. Onun yazdıqlarına görə, Dadaş bəy uşaqlıqdan vətənpərvər olmuş, hələ yeniyetmə yaşlarında gimnaziyada çar hakimiyyətinə qarşı gizli dərnək yaratmısdır. Dadaş bəyin fəaliyyəti o qədər məxfi idi ki, hətta İ.Saryalın özünün belə bu barədə xəbəri olmamışdır və bunu yalnız onun həbs edilməsindən sonra bilmişdir. İ.Saryal onun evində millətçi gənclərin yığışdığının şahidi olsa da, onların müsavatçı olmaları haqqında o zaman xəbəri olmamışdır. Dadaş bəy həbs olunandan sonra isə, onun durumu ilə maraqlanmış və bir müddət ailəsi ilə əlaqə saxlamışdır. İ.Saryalın həyat yoldaşı Dadaş bəyin böyük bacısı Pəri xanımla onun yanına həbsxanaya görüşə gedirdilər.

M.Ə.Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatlarını açıqlayan İ.Saryal bu əməliyyatda Dadaş bəyin müstəsna rolunu qeyd etmişdir, hətta onu M.Ə.Rəsulzadənin xilaskarı adlandırmışdır. Bu iş olduqca çətin idi, çünki M.Ə.Rəsulzadə Moskvada ciddi nəzarət altında yaşayırdı. Buna görə, D.Həsənov sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay ərzində Moskvada yaşamış, Dövlət Universitetinin tələbəsi olmuş, ya da orada işə düzəlmişdir. Bu müddət ərzində də həmin planı tədricən yerinə yetirmişdir. M.Ə.Rəsulzadənin xaricə qaçırıl-masından qəzəblənən İ.Stalin onu qaçıranların tapılması və cəzalandırılması əmrini vermişdir. Ancaq sovet kəşfiyyatı uzun müddət onları tapa bilmirdi. Bu işə xaricdə fəaliyyət göstərən sovet casusları da cəlb olunmuşdular. Onlardan biri olan Tamara adlı bir gözəl rus qadını İranın Rəşt şəhərində bir müsavatçı mühacirlə sevişərək onun evindən gizli "Müsavat" üzvlərinin siyahısını ələ keçirib onu xəfiyyə mərkəzinə göndərmişdir. Yalnız bundan sonra sovet xüsusi xidmət orqanları təkilatın izinə düşərək, onun otuzdan çox üzvünü bir gecə ərzində həbs edə bilmidir. İ.Saryala isə bu olaylar barəsində xəbəri Quluzadə soyadlı bir sovet casusu vermisdir. Qeyd edilməlidir ki, İ.Saryalın verdiyi bəzi mühüm xəbərlər istintaq materiallarındakı rəsmi sənədlərlərdən fərqlənir. Birincisi, onun yazdıqlarına görə, D.Həsənovun tutulma səbəbi və əsas ittihamı M.Ə.Rəsulzadəni xaricə qaçırması əməliyyatının üzərində qurulmuşdur. Ancaq rəsmi sənədlərdə onu ilk olaraq Gürcüstan menşevikləri ilə əlaqədə olmağına görə həbs etmişlər. Həmin sənədlərdə ittihamların sırasında M.Ə.Rəsulzadəni xaricə qaçırması əməliyyatı ötəri hallanır, əsaslardan olmamışdır. İkincisi, onun yazdığına görə, Dadaş bəy uzun müddət igəncələrə dözərək ona qarşı irəli sürülən bütün ittihamları rədd edirdi. Sonuncu dindirilmə zamanı müstəntiqlərdən biri yenə M.Ə.Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatları haqqında sual verəndə Dadaş bəy masanın üstündə olan mürəkkəbqabı ilə onun üzünə zərbə endirərək gözünü çıxartmışdır. Müstəntiqə hücum edilən zaman həmin otaqda olan silahlı əsgərlər onu oradaca güllələmişlər. Ancaq bu xəbər də rəsmi sənədlərlə təsdiq olunmur. Orada müstəntiqə hücum olayı haqqında heç bir məlumat yoxdur. Eləcə də Rəşt şəhərində rus casusunun hansısa müsavatçıdan gizli təşkilat üzvləri siyahısının alınması olayı da başqa mənbələrlə və istintaq materialları ilə təsdiq edilmir. İstintaq işində deyilmişdir ki, təşkilat üzvləri ADSİ-yə daxil olan teleqram əsasında həbs olunublar. Ancaq onun məzmunu haqqında heç nə deyilmir. İ.Saryalın yazdıqlarını istisna etmək də olmaz, ancaq bunu nəzərə almaq lazımdır ki, roman tarixi, ya da hüquqi sənəd deyil. Orada açıqlanan hekayə ilə hökm vermək olmaz. Əlbəttə, bu kimi olayın baş verməsi də istisna edilmir və bunu nəzərə almaq lazımdır, ancaq onun daha etibarlı mənbə ilə təsdiq edilməsinə ehtiyac vardır.

Aydın Əlizadə bu qənaətə gəlir ki, istintaq materiallarına görə, 1927-ci ilin fevral ayında D.Həsənova məhkəmənin qərarı ilə ölüm hökmü oxunmuş və o, martın ortalarından aprel ayının əvvəlinə qədər olan müddət ərzində edam edilmişdir. İsmayıl Saryalın istinad etdiyi ADSİ cəsusu Quluzadəyə görə isə, o, dindirilmə zamanı güllələnmişdir. Belə olubsa, onda bu dindirilmə artıq məhkəmədən sonra - mart ayının ikinci yarısından sonra keçirilmişdir. Çünki istintaq sənədlərinin birinə görə, 16 mart 1927-ci il tarixində D.Həsənov hələ sağ idi. İ.Saryala görə, Dadaş bəyin anası və bacılarına onun güllələnməsi haqqında xəbər verilməmişdir. Sadəcə onlara əmr olunmuşdur ki, bir daha onunla görüşə gəlməsinlər. Buna görə də ailə üzvləri bir müddət ümid edirdilər ki, o, sağdır və Rusiyaya sürgünə göndərilib, ya da Türkiyəyə qaçırılıb, bu barədə o zaman yanlış şayiələr də yayılmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, İ.Saryal memuarda yazmışdır ki, dindirilmələrin birində D.Həsənov bir müstəntiqin üzünə mürəkkəbqabı ilə zərbə endirərək onun gözünü çıxartmışdır. Həmin olayı D.Həsənovun bacısı Pəri xanım da söyləyərək o müstəntiqin kim olmasına da aydınlıq gətirmiş, onun istintaq sənədlərində adı keçən Jukov olduğunu iddia etmişdir. Onun sözlərinə görə, Dadaş bəyin anası Güllü xanım onunla həbsxanaya görüşə gələndə bir zabitin gözünün sarğılı olduğuna diqqət etmişdir. Bu barədə İ.Saryal da yazmışdır. Daha sonra Pəri xanımın xatirələrinə görə, M.C.Bağırovu yaxşı tanıyan bir qohumu Dadaş bəyin cəzasını yüngül-ləşdirmək xahişi ilə onun yanına getmişdir. Bir müddət sonra, M.C.Bağırov onu yanına çağırıb tapançasını qabağına qoyaraq demişdir ki, onu vurub öldürə bilər, ancaq bir daha D.Həsənovun cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gəlməsin. Bağırovun sözlərinə görə, o, Dadaş bəylə söhbət etmiş, ona əksinqilabi fəaliyyətə son qoymaq şərti ilə tibb müəssisələrinin birində müdir vəzifəsini və hər cür imtiyazları təklif etmişdir. Ancaq cavabında Dadaş bəy onun təklifini rədd edərək, sovet hökumətini tanımadığını və bu dövlətlə heç bir sövdələşməyə getməyəcəyini söyləmişdir. P.Həsənova qardaşı ilə həbsxanaya görüşə gedəndə onun məhbus şəkillərini uzun saçları arasında gizlədərək oradan çıxara bilmişdir. Təhlükələrə baxmayaraq, qardaşının bütün fotoşəkillərini və sənədlərini repressiyaların ən şiddətli illərində belə qoruyub saxlamışdır. Dadaş bəy tutulandan sonra ailəyə başçılıq etmək vəzifəsi Pəri xanımın üzərinə düşmüşdür. O, 1926-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin lisaniyyət (dilçilik) fakültəsinin tələbəsi olmuşdur. Qardaşı tutulub güllələnəndən sonra ona da qarşı təqiblər başladı. Belə ki, onun bir neçə dəfə "xalq düşməninin" bacısı kimi universitetdən qovulmaq məsələsi qaldırılmışdır. Ancaq o zaman onu Dadaş bəyi yaxşı tanıyan universitetin prorektoru müdafiə etmiş, buna görə də Pəri xanım təhsilini davam etdirə bilmişdir. Ailə ehtiyaclarını ödəmək üçün Pəri xanım dərslərdən sonra "Azərnəşr" mətbəəsində işləmişdir".

 

(Ardı var)

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.- 10 iyul, №(119).- S.15.