Söz azadlığı və jurnalist ləyaqəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımlzda)

 

Lakin cəmiyyətin də mətbuata münasibətini normal saymaq olmaz, çünki bəzi hallarda məmurlar buraxdıqları qüsurların səbəbini özündə axtarmaq, onun batsillalarından xilas olmaq qayğısına qalmaq əvəzinə, bütün günahları rəy sahiblərində, qələm əhlində görmək kimi, hamar güman etdikləri, ancaq qeyri-məhsuldar və zərərli olan bir yol tutulur. Yəqin ki, güzgünün parlaqlığına nail olmaq, cəmiyyəti pozitiv yöndə cilalamaqdan daha asan hesab olunur. Güzgünü ləkə basanda isə onun əksetdirmə qabiliyyəti xeyli zəifləyir və bu, şübhəsiz, tənqidə məruz qalmalı olan obyektlərin xeyrinə işləyir.

Təəssüf ki, bir sıra hallarda qəzetlər daha çox sensasiya arxasınca qaçaraq, öz məzmun və oxunaqlılıq xüsusiyyətlərini itirmək kimi arzu olunmayan bir hala dözür. Bəziləri isə kin, nifrət ruporuna çevrilməklə, əslində, xeyirə, ədalətə, haqqa xidmət kimi borcu unudub, şərə qulluq göstərməyə girişir, ədavət yaymaq imkanını reallaşdırmaqdan həzz alır. Kin toxumlarını səpmək, buna əkinçilik, bağbanlıq etmək isə heç də xeyirxah bir iş deyildir. Obyektiv, əsaslandırılmış, tutarlı tənqid bir çox hallarda təhqir, böhtan və iftira ilə əvəz edilir. Ona görə də şiddətlənən qərəz qasırğasında qüsurların sağlam tənqidi, quldurların, yaramazların, tör-töküntülərin həqiqi ifşası itib-batır, saxta hiddət dumanı onları diqqətdən yayındırır. Belə mühit istedadlı jurnalistlərin böyük zəhmətini də yerə vurur, onların söz əlkimyaçılığı, əziyyəti ucuz ərintilərə qarışaraq udulur. Bu məsələdə adi ölçü hissi gözlənilmədiyindən nəyin ciddi, nəyin şayiə səviyyəsində olduğunu ayırd etmək də çətin olur.

Tarixin başlanğıcında yazının icadı insanlar arasında ünsiyyətin, qarşılıqlı əlaqələrin, sonralar isə ədəbiyyatın və elmin inkişafına böyük yol açdı. Qəzetin meydana gəlməsi ilə isə adamlar böyük informasiya bolluğuna yiyələndilər, hətta haqqında təsəvvürləri belə olmadıqları ölkələr, xalqlar barədə məlumatlar aldılar, elmin inkişaf nailiyyətləri ilə tanış oldular. Bu yolla qəzet həm də adamların biliyinin artırılması kimi mühüm bir işə xidmət göstərdi. Ona görə də qəzet təbliğatla və təşkilatçılıqla məşğul olmaq əvəzinə, bir vaxtlar, dəqiq deyilsə, sovet dövründə bunlar qəzetin fəaliyyətinin mühüm prinsipi sayılırdı, informasiya mənbəyi və daşıyıcısı olmaldır. Qəzet daha çox dünyaya aşılan pəncərə rolunu oynamalıdır.

 

Jurnalist peşəsi yaradıcılıq laboratoriyasıdır, burada hansı reagentlərdən istifadə edilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Qələm sahibi həm də reallığı nəzərə almalıdır, bayram təntənəsini təsvir edəndə minor tondan, palitranın qara rənglərindən qaçmalıdır, qəmgin hadisə baş verəndə isə əksinə. Düzgün seçilmiş rənglər, çalarlar hadisəni təsvir və təhlil edəndə yaxşı nəticəylə yanaşı, qarşıya qoyulmuş məqsədə çatmağa da kömək edir.

Azərbaycanda mətbuatın əsr yarımdan xeyli artıq yaşı vardır və bu mühüm işə bütün çətinliklərə baxmayaraq girişmiş, onun banisi, "Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabiyə daim minnətdarlıq hissləri bəsləməliyik. Cəlil Məmmədquluzadənin xatirəsinə, böyük ədəbi yaradıcılığı ilə yanaşı, Şərqdə geniş populyarlıq qazanmış həftəlik "Molla Nəsrəddin" satirik jurnalının naşiri kimi baş əyməliyik.  1906-cı ildə nəşrinə başlanmış, bu mətbuat "qaranquşu" cəhalətə və cəmiyyətdəki digər qüsurlara qarşı kəskin satirası ilə seçilirdi. Təəssüf ki, XX əsrin ortalarından işıq üzü görən "Kirpi" jurnalı öz məşhur sələfinin ideya-bədii səviyyəsinə yüksələ bilmədi.

 Avropada yeni dövrün ayaq açması ilə, mətbuat üç əsr əvvəl meydana gəlmişdi. Rusiyada da bizdən bir əsr yarım əvvəl qəzet nəşrinə başlanılmışdı.

 Müasir çap və elektron mətbuatında mühüm dəyərlərə münasibət bəzən neqativ istiqamətdə pozulur, reallığı yeni koordinatlar sistemi ilə əvəz etmək istəyi nəzərə çarpır. Ağlabatmayan proqnozlar baş alıb gedir, elə təsəvvür yaranır ki, ölkədə heç kəs yaradıcı işlə məşğul olmur, guya oğurluğa, harama meyl aparıcı rol oynayır, guya hakimiyyətin bütün pillələrində, cəmiyyətin əksər təbəqələri arasında uydurulmuş ölüm-dirim savaşı gedir. Beləliklə, inkar, bütün təzahürləri qara rəngdə görmək hakim mövqeləri qəsb edir. İş ona gəlib çatır ki, parazitlərlə mübarizəyə də əks mövqedən yanaşmağa girişilir. Hakimiyyət isə dövlət, xalq mülkiyyətini çapıb-talayan, rüşvətxorlar ordusuna generallıq edən iki-üç vəzifə sahibini səlahiyyətlərdən məhrum edib, zərərsizləşdirdikdə bəzi qəzetlər bu çılpaq korrupsiya krallarına az qala qəhrəman libası tikməklə məşğul olur, onların hədd bilməyən tamahkarlığının dəlil-sübutlarını qəbul etməkdən imtina edir, əvəzində asket həyat tərzi sürmələri barədəki saxta rəyi adamların şüurlarına təlqin etmək istəyir. Xalqın qanını sormaqdan uzaqlaşdırılmaq üçün qəfəslərə salınan qurdlar bir andaca öz şəklini dəyişib, quzu dərisində təsvir edilir. Hamıya yaxşı məlum olan real xüsusiyyətləri silinib, yerində onlara gildən ən təmiz və halal insan heykəli tökülür, ancaq ona faktlara əsaslanmaqla azacıq toxunduqda, bu saxta abidə ovxalanıb, bir andaca sıradan çıxır.

Belə əllaməliklər sözə, yazıya hörməti, inamı azaldır, əcaib standartların mövcudluğunu yada salır. Bunlar nadir nümunələr olsa da, mətbuatın adına və şərəfinə kölgə salmamış qalmır. İtirilən nüfuz isə bir də bərpa olunmur, reinkarnasiyaya məruz qalmır, ingilislərin ifadəsincə desək, bu, dənizin, onda həlak olanları nə vaxtsa geri qaytarması ehtimalına daha çox bənzəyir.

Bəla burasındadır ki, ədalətli, obyektiv tənqidə də bir çox hallarda məhəl qoyulmur. Bəzi vəzifə sahibləri bundan istifadə edib, istənilən tənqidə qarşı gülləkeçməz zirehə yiyələnirlər. Məmur özbaşınalığı barədə olan məlumatlara müvafiq səviyyədə reaksiya verilmədiyindən, mənsəb sahiblərində özünə güvənmə, öz toxunulmazlığına inam yaranır, nəticədə isə hərəkətləri və onların nəticələri üçün hökmən məsuliyyət daşımalı olduqları barədəki düşüncə əriyib, yoxa çıxmağa başlayır. Belə arzuolunmaz metamorfozalar qanunların maneəsiz fəaliyyətinə əngəllər yaradır, cəzasızlıq mühitinin formalaşmasına, anarxiyapərəst meyllərə yol açır. Real tənqid qulaqardına vurulur, ağır səhv barədə xəbər, təmiz suyun bulandırılması kimi qiymətləndirilir. Bəzi məmurlar sahib olduqları qalın sipərə görə hətta əməllərinin ifşası üçün  mətbuat tərəfindən atılan ittiham güllələrini sadəcə yağış hesab edir, onun altında gəzməkdən də qorxmurlar. Ən uzağı, bu atəşdən yaralanmaq ehtimalını da adicə islanmaq variantı tək qiymətləndirərək, elə bir qorxu hiss etmirlər.

 Cəhalətin, xurafatın ifşası bəzən insanların dini inanclarına hücum kimi qəbul edilir. Ehtiraslar coşanda isə, düzgün qərar vermək xeyli çətinləşir. Bütün bunlar yazının ədəb-ərkan çərçivəsində olması üçün jurnalistin məsuliyyətini azaltmamalıdır. İnvektivadan istifadə həvəsi milli mentalitetə, dini hisslərə məhəl qoymamağa gətirib çıxarmamalıdır. Dini rəmzlərə xırda bir hörmətsizlik dindarlar tərəfindən öz ruhlarının təhqiri kimi qiymətləndirilir. Unutmamaq lazım gəlir ki, söz azadlığı heç də hər cür hədyanlığa yol açılması demək deyildir.

Hansısa bir məqaləyə görə, onun müəllifini və ya naşirini anafemaya vermək cəhdi də məqbul sayılmamalıdır. Cinayət tərkibi olan işə görə mühakiməni yalnız məhkəmə apara bilər, məhkəmə hökmü yoxdursa, heç kəsi cinayətkar elan etmək olmaz, bu, təqsirsizlik prezumpiyası deyilən hüquqi prinsipdir. Kimisə qaralayıb, onu şeytan obrazında təsvir etmək də yolverilməzdir. Öz vəzifəsini vicdanla icra edənləri, göstərilən etimadı layiqincə doğrultmaqla, xalqa xidmət edənləri gözdən salmaq cəhdləri də ölkənin pozitiv inkişafına atılan daş kimi qiymətləndirilməlidir. Bəzi mətbuat orqanları bu yolla özlərini mübariz qiyafəsində göstərməyə, əhalinin xoşuna gəlməyə çalışırlar. Medianın qaldırdığı saxta təbliğatın nəticəsində, həm də kütlənin tələbi də əlavə olunmaqla, adamların cəzalandırılması, ölümə məhkum edilməsi tarixə məlumdur və bu təcrübə vaxtilə SSRİ-də olduqca ağır nəticələrə gətirib çıxarmışdı. Orta əsrlər Avropasını bürüyən "ifritə ovu" tədbirlərini yada salmaq da kifayətdir. Yaxud, katolik kilsəsi, küfrə qarşı mübarizə bayrağı altında çox sayda günahsız insanların, böyük zəka sahiblərinin qətlinə fərman verirdi. İttiham kilsənin uydurduğu, guya dinə qarşı edilən cinayət əməlinə əsaslanırdı. Dustaqxanada saxlanılanların elan edilən saxta günahı boynuna alması üçün mühakimə prosesindən əvvəl onlara ağır işgəncələr verilirdi və dustaqlar adətən işgəncələrə dözə bilmədiklərindən, ittihamda irəli sürülən "cinayəti" boynuna almalı olurdular. Məhkəmə, müttəhimin heç bir müdafiəsi olmadan keçirilirdi və əslində dəhşətli hökmün verilməyəcəyinə hansısa bir ümid bəslənmirdi. Məhkəmədə müttəhim həm də hər cür alçaldılmalara məruz qalırdı, onun başına uzun konusvari papaq geyindirilirdi. Belə papağın altında ən ucaboylu adam da karlik kimi görünürdü. Sonra autodafe prosesi baş verirdi, bu, hökmün ictimaiyyət qarşısında təntənəli qaydada elan edilməsi və cəzaya məhkum edilən müttəhimin əsasən tonqalda yandırılmasının icra edilməsi idi.  XV əsrin sonunda İspaniyanın baş inkvizitoru Torkvemada qısa müddət ərzində adamları kafirlikdə ittiham etmək yolu ilə on min nəfər insanın həyatına son qoymuşdu. Bu, ondan əvvəlki əsrdə taunun - "Qara ölümün" bir kiçik Avropa şəhərinə vurduğu ziyana bərabər idi.

 İspaniyada hökm sürən kütləvi ədalətsizliklər artıq beş əsr sonra Nasist Almaniyasında və faşistlərin işğal etdikləri ərazilərdə çox saydakı xalqlara qarşı tətbiq olundu. SSRİ-də isə öz vətəndaşlarının kütləvi təqib edilməsi kimi proseslər az qala bir milyona yaxın insanın həyatla vidalaşması hesabına başa gəldi. 1930-cu illərin ikinci yarısında baş alıb gedən məlum repressiya daşqınında siyasi səbəblər əsas götürülməklə həbs edilənlərin böyük əksəriyyətinə mitinqlərdə, zəhmətkeş yığıncaqlarında ölüm hökmü tələbi irəli sürülürdü, məhkəmə təhqiqatı olmadan onlara "xalq düşməni" damğası vurulurdu. Yüz minlərlə insanın boynu bu yolla vurulurdu. Bunu yalnız meşədə mişarlanma qaydasında baş verən kütləvi ağac tədarükü ilə müqayisə etmək olardı.

Çox yaxşı haldır ki, bizdə hisslərin coşması dalğası nadir hallarda baş verir və lokal xarakter daşıyır, onun qızışdırılmasına yol verilmədiyindən tez yatır. Belə olmasaydı, onda ölkədə "ifritə ovuna" da yaxınlaşmaq olardı. Heç şübhəsiz, həm xaricdə, həm də ölkənin daxilində hadisələrin bu məhvərə düşməsinə, belə xoşagəlməz yolla inkişafına can atan qüvvələr vardır və onlar fürsəti əldən verməyib, dindar insanların səmimi hisslərini istismar etməklə, bundan bolluca faydalanmağa çalışardılar.

Söz azadlığı demokratiyanın təməl prinsiplərindən biridir və bu dayaqların qorunmasına beynəlxalq təşkilatlar da mühüm qayğı göstərirlər. Hələ 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan haqları haqqında Ümumdünya Deklarasiyasında məbuat azadlığı və rəyi ifadə etmək azadlığı əsas bir qayda kimi təsdiq edilmişdir. 1993-cü ildə isə BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı günü  ("World Press Freedom Day") təyin edilmişdir. Azad, plyuralist və müstəqil mətbuat hər bir demokratik cəmiyyətdəki dəyişikliklər üçün vacib hal hsab edilir. Ümumdünya Mətbuat Azadlığı günü mühüm bir tədbir kimi hər il keçirilir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 10 iyul, ¹(119).- S.14.