QƏLƏMİYLƏ, ÜRƏYİYLƏ VƏ CİBİYLƏ XİDMƏT  

 

Uzaqları yaxına çəkə bilən zərrəbin xatirələrin böyüdücü şahidliyi Naxçıvandakı, Tiflisdəki, Qarabağdakı, Bakıdakı Mirzə Cəlili müxtəlif illər içərisində fərqli görüm bucaqlarından göstərir, böyük ədibin həmin məkanlarda ötən günlərinin az bilinən xeyli ayrıntılarını ortaya çıxarır, hər xatirəylə də sanki bu portretə, mahir rəssamın fırçası ilə, Ustadın ömür tablosunu daha dolğun, daha gerçəkçi edən yeni çalarlar, cizgilər əlavə olunur.

Bəs Mirzə Cəlil ömrünün, "Molla Nəsrəddin"in həyatının Təbriz parçası o xatirələrin işığında necə görünür? Əli Şəbüstərinin bu xatirələri hələ 1944-cü ilin 17 dekabrında Təbrizdə çıxan "Vətən yolunda" qəzetində dərc edilmişdi. O, Mirzə Cəlillə ilk dəfə 1913-cü ildə Tiflisdə görüşmüşdü. Ancaq 1919-cu ildə ədib ailəsi ilə birgə Təbrizə gələndə, "Molla Nəsrəddin"i burada buraxmaq qərarını verəndə yenidən qarşılaşdılar və təmasları az qala hər gün oldu. Mirzə Cəlilə Təbrizin Firdovsi xiyabanında kirayə qalacağı evi də Şəbüstəri tapır, Təbrizdə bir neçə sayı çıxandan sonra yenə nəşri dayandırılan "Molla Nəsrəddin"in təzədən buraxılmasına icazənin müxtəlif səlahiyyətli məmurlarla danışaraq alınmasında da Şəbüstəri yaxından iştirak edir. Şəbüstəri xatirələrində xəbər verir ki, Mirzə Cəlil Təbrizə gələndən lap az sonra Sosial-Demokrat Partiyasına da daxil olmuş, tezliklə Mərkəzi Komitənin tərkibinə seçilmiş, partiyanın Mirfəttah küçəsindəki klubunda tez-tez əhaliyə müraciətlərlə çıxış etməyə başlamışdı. Ürəyində tükənməz millət eşqi qaynayan Mirzə Cəlil ən dar macalda belə xalqa göstərə biləcəyi ən xırda kömək üçün də hər an hazırmış. Şəbüstəri yada salırdı ki, o dövrdə Təbriz camaatı, illah da ki yoxsullar neft qıtlığından çox əziyyət çəkirmişlər. Qaranlıq çöküncə evlərdə göz gözü görsün deyə çırağı əvəz edən yalnız şamlar idi. Mirzə Cəlil partiya konfransında belə bir qərarın qəbul edilməsinə nail olur ki, Məşrutə bayramı münasibətilə xərclənməsi nəzərdə tutulan vəsaitə şamlar alınaraq kasıb ailələrə paylansın.

Qələmi ilə düşüncələrə aydınlıq səpən Mirzə Cəlil bu minvalla elə sözün birbaşa mənasında da Təbrizdə axşamlar zülmətə qərq olan evlərin işıqlanmasına kömək olmuşdu.

İlk gənclik çağlarından mətbuata vurğun kəsilən, müəllimliklə məşğul olan, həm də Təbrizdəki tütünçülər ticarətxanasında katiblik edən Əli Azəri oxuduqlarının təsiri ilə özü də həvəsə gələrək yazmağa başlayıbmış. Təbrizdə çıxan "Rəd", "Təbriz" ruznamələrində məqalələri də dərc edilibmiş. Ən çox sevdiyi və mütəmadi mütaliə etdiyi dərgi isə "Molla Nəsrəddin"miş.  Öz yazmasınca, "Molla Nəsrəddin" çıxmağa başladığı illərdə onun 20-21 yaşı varmış. Günlərin birində Əli Azəri xəbər tutanda ki, Mirzə Cəlil Təbrizə gəlib, hədsiz şad olur və ünvanı öyrənərək tez yollanır həmin evə. Xatırlayırdı ki, xırda pillələrlə qalxıb geniş bir otağa daxil olanda gördüm ki, artıq mən gələnəcən xəbəri eşidib bura 30-40 adam yığışıb, hamısı da Təbrizin görkəmli simaları.

Ağsaqqallardan biri qalxıb Mirzə Cəlili salamlayandan sonra təvəqqe edir ki, o da bir-iki kəlmə desin. Cəlil Məmmədquluzadə belə başlayır: "Ağalar, hörmətli təbrizlilər! Bu gözəl şəhəri görməyi mən çoxdan arzulayırdım. İndi arzuma çatmışam. Təbriz, həqiqətən, füsunkar şəhərdir. Ancaq ağalar, siz buna necə dözürsünüz ki, bu böyüklükdə şəhərdə heç məktəb nəzərə çarpmır?! Uşaqlar, gənclər küçələrdə avara gəzir. Bunun əvəzində hər addımbaşı məscidlərə və bu məscidlərdə ibadətlə məşğul olan mömin bəndələrə rast gəlirik. Məktəbsiz, maarifsiz bir xalqın bugünkü dünyada yaşaya bilməyəcəyi də bir həqiqətdir".

Təsadüf elə gətirir ki, Təbrizdə 1920-ci ildə Böyükxan Naxçıvanski "Ölülər"i tamaşaya qoymaq istəyir. Rolları ifa edəsi adamları axtaranda Mirzə Əlini də çağırtdırır və ona Şeyx Nəsrullahı tapşırır. Məşqlərdən birinə Mirzə Cəlil də baş çəkir və Əli Azəri onun diqqətini cəlb edir. Mirzə Cəlil məşqdən sonra gənc müəllimi yaşadığı evə dəvət edir. Həmin günlərdən 40 ildən də artıq vaxt keçərkən Mirzə Əli riqqəti hələ soyumamış təəssüratlarını bölüşürdü ki, Ustadın evində həyat yoldaşı Həmidə xanımı çarşabsız, üzüaçıq, yad kişilər yanında çəkinmədən özünü sərbəst aparan görəndə mat qaldım. Təbriz kimi şəhərdə birinci dəfə idi mən belə bir Azərbaycan qadınına rast gəlirdim. Əli Azəri xatırlayırdı ki, 1921-ci ildə istilər tez düşdü, may ayında nəfəs almaq mümkün deyildi. Təbriz şəhəri orucluq ayının son günlərini keçirirdi. Bir neçə ay əvvəl Xiyabani hərəkatı amansızlıqla yatırılmış, dörd nəfər kazak Təbriz hakimi Müxbirüs-Səltənənin əmri ilə Xiyabaninin cəsədini bir sınıq nərdivan üstündə küçələri gəzdirdikdən sonra basdırmışdılar. İndi şəhərdə nisbətən sakitlik yaranmışdı və belə bir vaxtda Təbrizin küçələrinə afişalar yapışdırılır ki, "Cümə günü, ramazan ayının 19-da "Ölülər" oynanacaq".

Əsər dörd dəfə ciddi senzuradan keçiriləndən sonra, nəhayət ki, göstərilməsinə icazə verilmişdi və Təbrizdəki bu tamaşaya baxmağa gələnlərin arasında xeyli din xadimi də varmış. Ən son səhnəyə qədər hər şey yaxşı gedirmiş. Ancaq axırıncı pərdədə Kefli İskəndərin əvvəl səhnədəkilərə, ardınca zala müraciətlə "Ölülər! Ölülər!" deməsindən sonra əlindəki araq şüşəsini başına çəkməsi, boş butulkanı yerə çırpması, Əli Azərinin xatırlamasınca, sanki hamını yuxudan oyadır, indi başa düşürlər ki, "Ölülər" nə deməkmiş, indi anlayırlar ki, Mirzə Cəlil onlara nə papaq tikibmiş.

Araya çaxnaşma düşür...

Mirzə Cəlil tamaşadan beş gün sonra Əli Azərini yenə evinə dəvət edir. Deyir ki, Mirzə Əli, doğrudur, şəhərdə bu tamaşanı bəyənənlər az deyil, ancaq qəzəblənənlər daha çoxdur. İki gün əvvəl Təbriz valisi də məni çağırtdırmışdı, söylədi ki, ruhanilərdən bir neçəsi ona şikayət etmişlər. Odur ki, Təbrizdə "Ölülər"in bir daha oynanılacağını gözləmək olmaz.

Ustad bu sözlərindən sonra qonağının çox tutulduğunu görüncə xəbər alır ki, sən Şeyx Nəsrullahı bir də oynamaq istərdinmi?

Əli Azəri yada salırdı ki, Mirzə Cəlil belə soruşanda təəccübləndim ki, məgər indicə özü demədimi "Ölülər" bir daha Təbrizdə qoyula bilməz.

Və ustad davam edir: "Bir neçə gündən sonra biz Bakıya yola düşürük. İstəyirsən, gəl sən də bizimlə birlikdə gedək. Sən orada Şeyx Nəsrullahı istədiyin qədər oynaya bilərsən".

1921-ci ilin iyunu idi, bir neçə gün sonra onlar artıq yoldaydılar.

Təbrizdə olduğu qısa müddətdə Mirzə Cəlil öz şəfqəti və cazibəsi  ilə, "Molla Nəsrəddin"in burada işıq üzü görən saylarıyla, tamaşaya qoyulan "Ölülər"i ilə çox düşüncələri nurlandırmağa, çox yatmışları diksindirib oyandırmağa müvəffəq olmuşdu.

Və bir təbrizli gənci də ömründə büsbütün yeni və işıqlı səhifənin açılması üçün indi özü ilə Bakıya aparırdı...

...Süleyman Rüstəm "Molla Nəsrəddin"in gənc müəlliflərindən olmuşdu. Tale qismət etmişdi ki, Mirzə Cəlillə də görüşsün. Həm də sadəcə görüşməsin, sıx təmasda olsunlar. Əvvəlcə xırda-xırda məqalələr yazıb göndərirmiş. Deyir, hərdən redaksiyaya yazı gətirəndə Əli Nəzmini görərdim.

Ancaq Mirzə Cəlillə dilbədil ünsiyyətləri ilk dəfə 1928-ci ildə alınmışdı. Süleyman müəllim xatırlayırdı ki, mən səhnə ilə üzbəüz lojada oturmuşdum, Mirzə Cəlil də yaxındaydı, İşçi teatrında "Anamın kitabı"nı göstərirdilər. Əsərdə Rusiyada təhsil alıb qayıtmış Rüstəm anasına müraciət edərək "Mama, mən çerez yarım saat gəlirəm", yəni "Ana, mən yarım saatdan sonra gəlirəm", - deyir.  Süleyman Rüstəm yada salırdı ki, o günəcən Mirzə Cəlillə şəxsən tanış deyildik, amma həmin replika səslənəndə Mirzə Cəlil əyildi mənə sarı, tam ciddiyyətlə soruşdu ki, bu əsəri kim yazıb? Çox təəccübləndim. Çünki bilirdim Mirzə Cəlilin öz əsəridir, həmin səbəbdən də gəlib tamaşa etməyə. Amma bir halda ki sual verilmişdi, gərək cavab verəydim, qayıtdım ki, Mirzə, sizin əsərinizdir, siz yazmısınız. Mirzə Cəlil mənə bir də mənalı-mənalı baxdı, dedi: "Kim yazıbsa, yaxşı yazıb".

Süleyman müəllim etiraf edirdi ki, o vaxt Mirzə Cəlilin niyə belə dediyini anlamadım. Ancaq üstündən bir müddət keçəndən sonra mənə söylədilər ki, sən demə, İşçi teatrının artistləri tamaşalar vaxtı mətnə xeyli əlavələr edirmiş, bəzi müəlliflərin də belə artırmalardan heç xoşu gəlməzdi. Ancaq Mirzə Cəlil görəndə ki, aktyorun əlavəsi yerinə düşür, həmin epizodu bir az da canlandırır, əksinə, döşünə yatırdı və bunu təqdir edirdi, elə mənə o cür deməsi də bununla bağlıymış.

Ancaq Süleyman Rüstəmin bir başqa baxımdan da bəxti gətirmişdi. Cavan şairə qismət olmuşdu ki, Mirzə Cəlillə yol yoldaşı olsun, uzaq səfərə birlikdə getsinlər.

1929-cu ildə qabaqca Gürcüstandan Azərbaycana 20 nəfərdən artıq mədəniyyət və ədəbiyyat xadimindən ibarət nümayəndə heyəti qonaq gəlmişdi. Ardınca Azərbaycandan təxminən 15 tanınmış yazıçı qatarla Gürcüstana yola düşür. Həmin tərkibdə Mirzə Cəlil də vardı, Əbdürrəhim bəy Haqverdiyev də, Hüseyn Cavid də, Müşfiq də, Cəfər Cabbarlı da, Abdulla Şaiq də və daha neçə tanınmış qələm sahibi. Süleyman Rüstəmə həmin səfər, o səfər əsnasındakı hərəsi bir tarix olan böyük yaradıcılarla təmaslar necə dərin təsir etmişdisə, üstündən onillər sovuşandan sonra da həmin günlərin hər anını olduğu kimi xatırlayır, müxtəlif vaxtlarda həmin söhbətə qayıdır, hər dəfə də o səfər boyunca Mirzə Cəlilin davranışlarındakı sadəliyin yeni-yeni diqqətəlayiq çalarlarını anaraq nağıl edirdi.

Söyləyirdi ki, Bakıda səfərə hazırlaşarkən bizə bilet əvəzinə tələbə literi vermişdilər, gedib onu təqdim edərək qatardakı yerimizi almalıydıq. Ancaq Mirzə Cəlilin vəziyyəti səfərə yola düşəcək digər yazıçılardan fərqli idi, o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəd idi və qaydaya görə, yumşaq vaqonda gedə bilərdi.

Süleyman Rüstəm Mirzə Cəlilə yaxınlaşaraq bunu bildirmiş, vəsiqəsini istəmişdi ki, gedib onunçün yumşaq vaqona bilet alsın. Mirzə Cəlil vəsiqəsini verməyinə veribmiş, ancaq bunu da deyibmiş ki, mənə yumşaq vaqona bilet lazım deyil, ayrıca getməyəcəyəm, elə sizinlə bir yerdə, sizin vaqonda yola düşəcəyəm.

Çatmışdılar Gürcüstana, orada bir neçə gün qalandan sonra yollanmışdılar Yerevana, orada da çox maraqlı görüşləri keçmişdi və həmin səfərlə bağlı dəmirçi oğlu Süleyman Rüstəm dəmir yaddaşında unudulmaz hekayətləri yaşadırdı. O xatirələrdən biri Mirzə Cəlilin nə qədər alicənab, nə qədər yüksək təvazö sahibi, həm də nə qədər hazırcavab olduğunu parlaqlığı ilə əyan edir.

Dövrün sovet ənənəsinə uyğun olaraq dostluğu, yaxınlığı nümayişkaranə şəkildə göstərmək üçün təmtəraqlı məclislər təşkil edirlərmiş. Ancaq bu məclislərin bir "əmma"sı varmış ki, çox uzun sağlıqlar deyirlərmiş. Elə uzun, bər-bəzəkli və təriflərlə daşan sağlıqlar ki, Süleyman Rüstəmin söyləməsincə, bəzən bir məclis içərisində deyilməli olan on-on beş sağlıq əvəzinə dördünü zorla başa çatdırırlarmış

 

Gürcüstanda olduğu kimi, Ermənistanda da məclislərin növbətisi, uzun sağlıqlar silsiləsindən növbətisi başlanıbmış. Bu dəfə Mirzə Cəlili tərif eləyirlərmiş. Mirzə Cəlil də təriflərə kəmhövsələ adam - qalxır ayağa, deyir ki, dostluqdan, yaxınlıqdan danışırsınız, düz də deyirsiniz, bunun bir sübutu da odur ki, məclisin yuxarı başında tarçalan oturub, kamançaçı əyləşib. Odur ki, uzun söhbətlər etməkdənsə yaxşısı budur sözü verək musiqiyə, qoy hamının əvəzinə musiqiçilər danışsın.

Mirzə Cəlilin bu sözündən sonra vəziyyət büsbütün dəyişibmiş, uzun sağlıqlara nöqtə qoyulubmuş.

Mirzə Cəlil belə Mirzə Cəlil idi - lazım gələndə nöqtəni, məqamı yetişəndə nöqtələr qoymağı bacaran. Ancaq onun qoyduğu nöqtənin də, nöqtələrin də ardında mətləblər həmişə davam edirdi və daha dərin idi.

O səfər çərçivəsində gedib yetişiblərmiş Sevanın - Göyçə gölünün sahilinə. Yenə Süleyman Rüstəmin xatirəsidir ki, Mirzə Cəlil üzünü tutdu bizlərə, "Cavanlar, bu suda çimmək istəmirsiz?" - soruşdu.

Süleyman Rüstəm dəqiqləşdirirdi ki, çatan kimi Göyçə gölünün suyunda əl-üzümüzü yumuşduq, bumbuz idi, ağlımıza sığışdıra bilmirdik ki, bunca soyuq suya necə baş vurmaq olar. Odur ki, kimsə irəli çıxmadı. Belə olanda Mirzə Cəlil kəmali-ədəblə soyunmağa başladı və girdi Göyçə gölünə, suya baş vurmağıyla da gözdən itməyi bir oldu. Hamımız çox təşvişə düşdük, amma ürəyimiz nisbətən onda sakitləşdi ki, uzaq bir nöqtədən Mirzə Cəlilin başı göründü. Çıxdı suyun üzünə, amma yenə qərq oldu suya, təzədən yarım dəqiqə, bir dəqiqə gözdən itdi. Bizi yenə təlaş bürüdü. Ancaq bir də onu gördük ki, Mirzə Cəlil artıq qarşımızdadır, bizim üşüyərək yalın ayağımızı salmağa tərəddüd etdiyimiz buz kimi suyun içərisindən çıxdı və toxtadıq, indi bizim ürəyimiz buz kimi oldu.

Süleyman Rüstəmin - hafizəsi xəzinə olan o əziz şairimizin bu xatirəsi bir köhnə kinolent kimi gözlərim önündən keçir, o mənzərəni bütün əyaniliyi ilə görürəm, həm də Mirzə Cəlili tamam ayrı suların qoynunda da təsəvvür edirəm: Azərbaycan ədəbiyyatının böyük ümmanındakı Mirzə Cəlil. Baş vurur sulara, sanki bir anlıq görünməz olur, amma üzə çıxır. Baş vurur sulara, yenə itir, amma bir qədər keçir, yenə üzə çıxır. Hər gəlişi ilə də könül sevindirir, ürəyi buz kimi edir.

Bu, zaman nəhrindəki Mirzə Cəlildir. Vaxtın hansısa kəsiyində bir az qıraqda ola bilər, yetərincə görünməyə, üzə çıxmaya bilər, hansısa dövrdə bir az uzaqda qalar. Ancaq görünməyəndə də varlığı duyular, yenidən gözlər önündə olması qəlbən arzulanar, hər təzə möhtəşəm qayıdışı ilə də könülləri sevinclə doldurar.

Bu, Mirzə Cəlilin dəyişməz məsud iqbalıdır.

...Yaşa dolandan sonra Mirzə Cəlil çox övladcanlı olub, oğullarını lap çox istəyirmiş, bu hərarət balalarına yazdığı məktubların hər sətrində duyulmaqdadır və səbəbsiz deyil ki, həyatdan köçərkən dilindən qopan son sözlər elə oğlu ilə bağlı olub. Son nəfəsində,1932-ci ilin 4 yanvarında da Həmidə xanımdan soruşubmuş: "Midhət gəlib çıxmadı?"

Ancaq yavruları arasında ilki Münəvvərin yeri ayrıca idi. Tale isə elə gətirmişdi ki, bir yerdə doyunca vaxt keçirmək imkanları az olmuşdu. Odur ki, belə fürsətlərin hər biri qənimət idi. Münəvvər xanım xatırlayırdı ki, 14-15 yaşı olanda atası onu Qarabağa, Kəhrizli kəndinə, analığı Həmidə xanımın yanına aparıbmış.

Mirzə Cəlil özü də işlərinin ardınca Tiflisə yola düşənədək orada bir neçə gün qalıbmış, sonra da arada gedib-gəlirmiş. Münəvvər xanım yazır ki, əmim Mirzə Ələkbəri həbsdən təzə buraxmışdılar, o da gəlmişdi Kəhrizliyə, gözəl günlər keçirdi. Adətən yay aylarında Həmidə xanım təsərrüfat işlərini görməkçün Arazın o tayından gələn 20-30 nəfəri işə götürər, onlar mövsümün axırınadək kankanlıq edər, yer belləyər, ağacları budayar, ayrı bu qəbil işləri görərmişlər. Ancaq Arazın o tayından gələnlərin, elə indi də bəzi bölgələrimizdə olan sayaq, bir adəti varmış ki, gün ərzində bir adamı neçə dəfə təzədən görsələr, hər dəfə yenidən salam verərmişlər. Bu isə adətən çox fikirli olan Mirzə Cəlilin heç xoşuna gəlməzmiş. Çünki beynində öz yazı-pozusu dolaşdığı əsnada belə salamlaşma və əhvaltutmalar onun fikrini dağıdar, işinin pozulması qanını qaraldarmış. Münəvvər xanım yada salırdı ki, bir gün Həmidə xanım işə dəvət etdiyi adamlarla bağladığı müqavilənin surətinə baxıb rəy bildirməsindən ötrü Mirzə Cəlilə verir. O da mətni gözdən keçirəndən sonra deyir ki, çox yaxşı müqavilədir, amma bir bənd çatışmır. Həmidə xanım maraqla soruşur ki, nə bənd, axı mən sanki hər şeyi nəzərə almışam, hər il müqaviləni elə bu məzmunda bağlayırıq. Mirzə Cəlil qayıdır ki, müqavilə yaxşı olmağına yaxşıdır, amma ora sən bir bənd də əlavə elə ki, dəvət etdiyin işçilər adama gündə bir dəfə salam verəcəklər.

Münəvvər xanım xatırlayırdı ki, bundan sonra bizdə Cəlilin o sözü hamı üçün bir qaydaya çevrildi. Gün ərzində elə bircə dəfə salam verərdilər, bununla da iş bitərdi.

O böyük ədibin ciyərparasının - Münəvvər xanımın bu xatirəsi də indi sadəcə ömrün olmuşlarından biri kimi deyil, həm də rəmz olaraq qavranılır.

Mirzə Cəlilin bütün yadigarları -qələmindən, düşüncəsindən, ürəyindən qopanlar bütövlükdə o böyük ədibin millətimizə və hər birimizə göndərdiyi salamdır. Ancaq Mirzə Cəlilin vaxtilə Kəhrizli kəndində bağlanan o müqaviləyə əlavə olunmasını zarafatla arzu elədiyi salamdan bu salamın ciddi fərqi var. Mirzə Cəlilin bir dəfə bu millətə verdiyi salam elə əziz salamdır ki, gərək durmadan o salamın cavabını verəsən. Bizlər Mirzə Cəlilin salamını aldıqca, o salam xalqımız və yurdumuzla olduqca bu millət həmişə içəridən böyüyəcək, "salam" sözünün daşıdığı bütün güc və işıq hayanımız olaraq qalacaq.

..."Molla Nəsrəddin"i sevənlər onun hər sayını dönə-dönə oxuyar, qayğıyla qoruyar, vaxt ötdükcə ayrı-ayrı nömrələri birləşdirib cildlətdirər, kitaba döndərib saxlarmışlar. 1920-30-cu illərin yadigarı bu cür cildlənib kitablaşmış "Molla Nəsrəddin"lər çox evlərdə vardı, bir nəfisini də çox illər öncə mənə hədiyyə ediblər. "Molla Nəsrəddin"in kiril, ardınca latın qrafikasında bir neçə müasir nəşri varsa da, mən lazım gələn anda təzə buraxılmışları yox, elə köhnə, əsl "Molla Nəsrəddin"i açıram. Elə bil ki, surəti çıxarılaraq ən gözəl şəkildə nəşr edilmiş müasir "Molla Nəsrəddin"lər sadəcə o qoca "Molla Nəsrəddin"in şəklidir. Ərəb əlifbasında, XX yüzilin əvvəlində çıxmış "Molla Nəsrəddin"ləri vərəqləyəndə zənn edirsən həmin zamanın axarındasan, barmaqların həmin günlərin nəbzindədir.

O yazıların hər birinin - irisinin də, xırdasının da arxasında mübarizələr dayanır. O yazıların hər biri Mirzə Cəlilin və məsləkdaşlarının yalnız qələmindən deyil, taleyindən, ömür-günündən keçib. Həmidə xanımın bir xatirəsi hər dəfə oxunduqca xiffət gətirir. Yazırdı ki, jurnalın təzə çıxdığı vaxtlardı, təqiblərin ardı-arasının kəsilmədiyi günlərdə Mirzə Cəlil axşamlardan birində qayıtdı ki, kaş qismət olaydı, bu jurnalı beş yaşına çatdıraydıq. Sanki ürəyinə damıbmış. Elə beşilliyi "Molla Nəsrəddin"in həyatında dönüş nöqtəsi kimi olur. 1911-ci ilin yaz astanasında Mirzə Cəlil Qarabağdan Tiflisə qayıdaraq təzədən "Molla Nəsrəddin"in qısa müddətə dostlara həvalə etdiyi sükanının arxasına keçmişdi. Onun gəlişi ilə dərginin həyatı bir az da canlanmış, hamının həvəsi artmışdı, üstəlik, o da vardı ki, Tiflisdə müalicəyə gələn Mirzə Ələkbər Sabir də redaksiyada yaşadığından hər gün onlarla idi.

O ilin yaz astanasında Mirzə Cəlilin ailəsində bir fərəhli hadisə də baş verir. Həmidə xanımın böyük qızının toy məclisi olur. "Molla Nəsrəddin"in ilk sayından bu dərgidə olmuş İsmayıl Həqqi illər keçəndən sonra həmin toy gününü xatırlayırdı. Deyir, bütün qonaqlar uzun masa ətrafında toplaşmışdılar, ancaq Mirzə Cəlil xahiş etdi ki, ayrı bir stol da qoyulsun və həmin stolun arxasında mollanəsrəddinçilər əyləşirlər: Mirzə Cəlil, Məmmədəli Sidqi, İsmayıl Həqqi, Əziz Şərif.

Ha israr edirlər ki, siz də ümumi masanın arxasında oturun, Mirzə Cəlil zarafata salır, deyir ki, siz ağ adamlarsınız, biz qara adamlar, sizinki ilə bizimki tutmaz. Çoxları bunu elə şux söz kimi qəbul edir, ancaq inciyənlər də tapılır. Çünki hiss edirlər ki, Mirzə Cəlil bu sözü zarafata salıb dilə gətirsə də, əslində deyişində həqiqət də olmamış deyil. Zahirən xudmani bir ailə məclisi idi, yad adam yoxdu, toplaşanlar qohumlar idi, ancaq hətta ailə məclisinin içərisində də Mirzə Cəlil öz təbiətinə xas incə ölçübilmə keyfiyyətini qoruyub saxlayırdı - Həmidə xanımın əqrəbasının əksəriyyəti xan-bəy nəslindən olan adamlardı. XX əsr idi, ayrı bir zaman başlanırdı, ancaq düşüncələrdə, ruhlarda silk münasibətləri, ayrı-ayrı təbəqələrə mənsub insanların davranışlarındakı fərq hələ qalmaqdaydı. Səbəbsiz deyildi ki, mənşəcə rəiyyətdən olan Mirzə Cəlillə xan nəslindən olan Həmidə xanımın izdivacına Cavanşirlər tayfasından olanların bir xeylisi narazılığını bildirmiş, etiraz səsini çıxarmışdı. Məhz elə bu nazik məqamı nəzərdə tutaraq Həmidə xanımın qızının toyunda da Mirzə Cəlil ümumi məclisdə deyil, öz məsləkdaşları ilə birgə oturmağı daha üstün tutmuşdu.

1911-ci il aprel ayının 7-də "Molla Nəsrəddin"in 13-cü sayı buraxılır. Dərginin beş yaşı tamam olurdu, özünəməxsus yuvarlaq ildönümü, balaca bir yubiley idi, "Molla Nəsrəddin"in beş yaşını bayram etmək kimin yadına düşəsiydi ki! Ancaq Həmidə xanımın xatirində idi ki, bir vaxtlar Mirzə Cəlil həsrətlə heç olmazsa bu günün yetişməsini arzulamışdı. İndi artıq "Molla Nəsrəddin" beş yaşını bitirmişdi, altıncı il idi çıxırdı və açıqca görünürdü ki, daha dayanası deyil, hər təzə günlə ayaq üstdə daha möhkəm durur.

Ancaq elə həmin ilin yayında  "Molla Nəsrəddin"in bütün gələcək fəaliyyətinə təsir edəcək ağır bir hadisə baş verir. İyul ayında Şamaxıda Mirzə Ələkbər Sabir vəfat edir. Onun gedişinin yeri doldurulmaz itki olduğu oçağkı mətbuatın səhifələrində dərhal əksini tapır. Ancaq "Molla Nəsrəddin" və mollanəsrəddinçilər üçün Sabirin ölümü sadəcə çox ağrıdan bir itki, yalnız yoldaş, məsləkdaş itkisi deyildi. Sabirin gedişi ilə sanki dərginin beli qırılır. Ömər Faiq Tiflisdən ayrılır, Məmmədəli Sidqi köçür Bakıya, Rzaqulu Nəcəfzadə Naxçıvana yollanır.

Həmidə xanım o dövrdə ağır xəstə idi, ona görə Mirzə Cəlil də gərək zövcəsinin yanında olaydı - əvvəlcə Qarabağa gedir, sonra da həkimlərin tövsiyəsi ilə xanımını Gürcüstan yaylaqlarına istirahətə aparır. Mirzə Cəlil tamam həvəsdən düşmüşdü. Artıq "Molla Nəsrəddin"in nəşrini dayandıra biləcəyi söhbəti yalnız şayiələr kimi dolaşmırdı, qəzetlərdə xəbərlər də dərc edilirdi və çox keçmir ki, beş yaşını tamamlayıb ömrünün altıncı ilinə qədəm qoymuş "Molla Nəsrəddin" fəaliyyətini, elə doğrudan da, dayandırır. Təbii, buna sevinənlər az deyildi. Əvvəla, o adamlar sevinirdilər ki, onlar "Molla Nəsrəddin"in hədəfində idilər, "Molla Nəsrəddin" onları neştərləyirdi. Ancaq mətbuat ailəsində də çiçəyi çırtlayanlar gözə dəyirdi. Paxıllar, "Molla Nəsrəddin"in uğuruna, el içərisində şöhrətinə həsəd aparanlar da az deyildi. Lakin dostların, həmfikirlərin "Molla Nəsrəddin"i yenidən ayaq üstə görmək istəyənlərin çəkisi daha ağır idi, səsi daha ucadan səslənirdi. O günlərdə "İqbal" qəzetinin 1912-ci il 29 may tarixli 72-ci sayında altında "Kefsiz" imzası olan bir şeir də dərc edilir. Bu, Əli Nəzminin təxəllüsü idi. Həmin şeir "Molla Nəsrəddin"in əksər dostlarının ortaq arzusunu ifadə edirdi.

 

Az deyilsə millətindən yubanmana sevinən,

Az da deyil həsrətkeşin, qələmdaşın, yoldaşın.

Tətilindən üzülərək kədərləndim, qardaşım,

Ey günəştək göy üzündə buludlara bürünən,

Çox dayanma, kükrə, yenə aslan kimi gurulda,

Üzündəki buludları qov, yıldıztək parılda,

Müntəzirdir, müntəzirdir gözlərimiz yolunda.

 

1912-ci ilin iyun ayında Mətbuat İşləri üzrə Tiflis Komitəsi məlumat yaymışdı ki, mart ayında doqquzuncu sayı çıxdıqdan sonra "Molla Nəsrəddin" dərgisi naməlum bir vaxta qədər nəşrini dayandırmışdır. Bunu da əlavə edirdi ki, deyilənlərə görə, dərginin baş mühərriri Mirzə Cəlil İrəvanda pambıqçılıqla məşğuldur. Həqiqətən, o dövrdə Mirzə Cəlil bir tərəfdən ailəsinin güzəranını təmin etmək, digər tərəfdən də Sabirin vəfatı və "Molla Nəsrəddin"in ətrafında yaranmış bir silsilə səbəblərdən dolayı müəyyən qədər ruh düşkünlüyü də keçirirdi və onu ruhən sıxmağa başlayan mühitdən aralanmaq istəyirdi. Ona görə kənd təsərrüfatı ilə başını qatırdı. Ancaq "müntəzirik, sənin qayıdışını gözləyirik" deyən dostların sədası  getdikcə daha gur səslənirdi və hər kəs hiss edirdi ki, geci-tezi var, ən yaxın zamanlarda Mirzə Cəlil də, "Molla Nəsrəddin" də mütləq yenidən qayıdacaq.

Beş yaşına çatana qədər "Molla Nəsrəddin"i susdurmaq istəyənlər az olmamışdı. İstər hökumət, istərsə də qaragüruh tərəfindən. Amma altı yaşına çatar-çatmazda "Molla Nəsrəddin" özü könüllü susmuşdu. Və həftələr, aylar ötdükcə onun boş qalan yeri daha artıq hiss olunurdu. Ona görə də "Molla Nəsrəddin" ayrı-ayrı qəzetlərin diqqətində idi. Mütəmadi yazılar dərc edirdilər ki, "Molla Nəsrəddin" haçan çıxacaq. "Tazə həyat" iyulun 29-da yazırdı ki, "Kaspi" qəzetinə Tiflisdən verilən xəbərə görə, guya "Molla Nəsrəddin"in bu yaxınlarda nəşrini davam etdirəcəyi barədə şayiələr doğru çıxmadı.

"Molla Nəsrəddin"in dayanması mətbəənin də işini çökdürmüşdü. Çünki elə güman edirdilər ki, dərgiylə bərabər, mətbəə də qapanıb. Ona görə də başlanğıcdan "Molla Nəsrəddin"in mürəttiblərindən olmuş İsmayıl Həqqi Məmmədəli Sidqiyə 1912-ci il iyulun 12-də yazırdı ki, "jurnalın dayanmağı bizi lap dala saldı. "Molla Nəsrəddin" dayanandan mətbəəyə qeyri şəhərlərdən sifariş yoxdur".

 

İsmayıl Həqqi 1912-ci il sentyabrın 7-sində Məmmədəli Sidqiyə yenə yazırdı ki, Mirzə Cəlil o getməkdir gedib, məktublarıma cavab da vermir. Mən deyirdim, bəlkə bu günlərdə gələrlər. Ancaq qızlar heç məktəbə də gəlmədilər. Bilmirəm nə cür şeydir. Cüvəllağı bəy də (Əliqulu Nəcəfovu - Əliqulu Qəmküsarı nəzərdə tutur) srağagün Petiqorskidən gəlib getdi Naxçıvana, jurnal barədə bir kəlmə də danışmadı.

Bu arada Əliqulunun qardaşı Rzaqulunun ürəyindən "Molla Nəsrəddin"i almaq da keçibmiş, hətta bu barədə Mirzə Cəlilə məktub da yollayıbmış. Lakin Cəlil o məktubu cavabsız buraxır. 1912-ci ilin mayında Cəlil Tiflisə gələndə Rzaqulu İsmayıl Həqqini də götürüb gedir onun yanına. Alış-veriş söhbəti açılanda Mirzə Cəlil qayıdır ki, mən tövsiyə edirəm siz "Mozalan" adında bir jurnal buraxın, bizim müştərilərimizə göndərin, pulunuzu verərəm.

 

Rzaqulu Nəcəfov və onun ətraında olanların məqsədi lap ciddiymiş ki, bu soraq 1912-ci ilin 14 iyununda "Baku" qəzetinin səhifələrində də əks-sədalanmışdı: "Bizə çatan xəbərlərə görə, hazırda bir dəstə müsəlman ziyalısı başda Nəcəfov olmaqla jurnalın redaktoru Məmmədquluzadə ilə danışıq aparıb "Molla Nəsrəddin"in nəşr ixtiyarını almaq istəyirlər".

Demək, Mirzə Cəlil jurnalı başqalarına vermək istəmir, o biri yandan da müştərilərini bu yaranmış fasilədə itirməmək barədə düşünürdüsə, niyyəti gec, ya tez "Molla Nəsrəddin"in nəşrini davam etdirməkmiş.

 

Bu müvəqqəti sükut bəlkə də ona bir tərəfdən depressiyadan qurtulmaq, təzədən toparlanmaqçün gərəkdisə, o biri yandan da "Molla Nəsrəddin"in yerinin nə dərəcədə görünməsi, onun nə qədər arzulanmasını kənardan seyr etməkçün lazımmış.

Mirzə Cəlil 1913-cü ilin yanvarında Gürcüstana qayıdır, çatan kimi də yanvarın 11-də Tiflis qubernatoruna ərizə yazaraq jurnalın "Şərq" mətbəəsində nəşrinə icazə istəyir və ikicə gün sonra - yanvar ayının 13-də "Molla Nəsrəddin"in həminilki birinci sayı işıq üzü görürsə, bu onun sübutudur ki, əslində Cəlil dərginin həmin nömrəsini xeyli əvvəldən hazır edibmiş.

Üz qabığında Şmerlinqin çəkdiyi səhifə boyu karikatura - Molla Nəsrəddin gendən jurnalın yeni sayını göstərir, bu tərəfdə başı əmmaməlilər öz-özünə deyinir: "Bu tünbətündən ancaq yaxamız qurtarmışdı, genə hardan xortdadı?"

İlk səhifədəcə "İdarədən" sərlövhəli, yəqin, elə Mirzə Cəlilin özünün qələmə aldığı üzrxahlıq yazısı vardı: "Üzr istəyirik oxucularımızdan və abunə sahiblərindən, iltimas edirik ki, yeddi il gəldiyimiz zəhməti mülahizə edib budəfəki qüsurumuzdan keçsinlər".

1912-ci ilin martından jurnal dayansa da, abunə haqqını irəlicədən ödəyən oxucular vardı. Onlara da xəbər edilirdi ki, bu nömrədən etibarən borc bitənədək onlara "Molla Nəsrəddin"in yeni sayları məccani göndəriləcək.

Ardınca da xəbər verilirdi ki, hökumətdən müvafiq icazə alınandan sonra "Molla Nəsrəddin" əvvəlki baş mühərrirdən savayı, həm də Əliqulu Nəcəfovun imzası ilə çıxacaqdır. Həqiqətən də, bir neçə gün sonra Mirzə Cəlil Tiflisdə qubernatora ərizə ilə müraciət edərək xahiş edir ki, bundan sonra "Molla Nəsrəddin" jurnalının yalnız onun deyil, həm də Əliqulu Nəcəfovun redaktorluğu ilə çıxmasına icazə verilsin və jurnalın nəşrini bərpa etdiyi o dövrdə iki nəfərin "Molla Nəsrəddin"lə birgə olması işlərin irəli getməsinə çox köməklik göstərir.

Ancaq jurnalın bu sayında dərginin qayıdışı ilə bağlı başqa bir geniş yazı da vardı: "Molla Nəsrəddin çıxdı". İmzası "Eşşəkarısı". Bərk sancan bu arı Salman Mümtaz idi. Belə başlayırdı: "Məni heç zad o qədər yandırmır, bircə bu yandırır ki, bu qədər orucağız, əlitəsbehli, alnında möhür yer eləmiş mömin müsəlmanların tökdüyü qarğışların və etdiyi bəd duaların oxu daşa dəyib, "Molla Nəsrəddin" yenə çıxdı. Və bu qədər minbərlərdə olunan dualar və minacatlar bir təsir bağışlamadı ki, bu mazarat "Molla Nəsrəddin"in necə ki on ay idi dili kəsilib səsi batmış idi, biryolluq bata idi. Ay kişi, camaat dinc farağat hamı arxayın nə bilirdi eləyirdi".

Və ardınca "Molla Nəsrəddin" Qubadan girib Lənkərandan çıxır, Şamaxıdan vurub Naxçıvana çatır, ağına-bozuna baxmadan, birbaşa adını çəkməklə Azərbaycan boyu bir yığın boynuyoğunu qırmanclayır, millətin ayağından dartıb geriyə çəkənlərə atəş yağdırır.

Ona görə bunları, bu hədəfləri ifşa etməyi təkcə Eşşəkarısının yox, ümumən  "Molla Nəsrəddin"in ayağına yazıram ki, o adlar və hədəflər məsələsində redaksiyada müəyyən məşvərət keçirildiyinə çox inanıram. Çünki fərqli bölgələrdəki tənqidə məruz qoyulmalıların hamısına bir müəllifin belə yerli-yataqlı bələd olması müşküldür. Yəqin ki, artıq hazır yazının ruhuna uyğun olaraq redaksiyada hər bölgə üzrə o tərəflərdən daha artıq hali olanlar Mümtaza öz məlumatlarını vermişdilər, o da həmin ayrıntılarla yazısının neştərini daha da itiləmişdi. Və belə tamamlayırdı: "Heyhat, heyif oldu o əziz günlər. Əfsus, fövt oldu o qiymətli dəqiqələr ki, heç kəsi dindirib dirçəldən yox idi. Qurd qoyun ilə otlayırdı, xalqın öz əli, öz başı idi. Amma indi!.. İndi bu mazarat "Molla Nəsrəddin" genə camaatın gününü göy əsgiyə döndərəcək, genə yetənə yetib, yetməyənə bir daş atacaq".

Salman Mümtaz Türkmənistanda olanda da "Molla Nəsrəddin"lə mütəmadi əlaqə saxlayırdı, ard-arda göndərdiyi yazıları, şeirləri dərc edilirdi. Ancaq 1913-cü ilin mayında Salman Mümtaz Əsgərov Aşqabaddan Tiflisə gəlir. Məqsədi də o imiş ki, burada Hatif İsfahaninin şeirlər toplusunu nəşr etdirsin. Bütün başqa işlərini görə-görə hər gün "Molla Nəsrəddin"lə imiş. Yalnız yazıları ilə deyil, həm də maddi cəhətdən dərgiyə çox köməklik göstərirmiş. Bunların canlı şahidi Rzaqulu Nəcəfov sonralar xatırlayırdı ki, sıxıntılı günlərində "Molla Nəsrəddin"ə dayaq olan iki nəfər vardı. Bir Mümtaz, bir də "Səffət" təxəllüsü ilə yazan, əslən Gəncədən olan Zeynal Məmmədov.

Rzaqulu Nəcəfov yada salırdı ki, Zeynal Məmmədov nəinki  "Molla Nəsrəddin"də çap olunan yazılarına görə qələm haqqı istəmirdi, əksinə, hər cəhətdən daim "Molla Nəsrəddin"ə köməklik göstərirdi.

Eyni xidməti də Salman Mümtaz edirdi - qələmiylə, ürəyiylə və cibiylə sevimli "Molla Nəsrəddin"inin qulluğunda idi.

 

28 iyun 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 10 iyul, №(119).- S.12-13.