Azərbaycanın 25 yaşlı
suveren fondu
Tarixinin ən qüdrətli Azərbaycanı müstəqillik tarixinin ən
böyük tədbirinə - BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu qlobal konfransına (COP29)
hazırlaşır.
BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatı
və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq
təsisatlara uğurlu sədrlik edən, Avropa
Oyunlarının standartlarını müəyyənləşdirən,
İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq
forumlara, konfranslara ən layiqli şəkildə ev sahibliyi ilə
nüfuzunu artıran Azərbaycan COP29-la dünyaya səs
salacaq. COP29 iqlim dəyişikliyi ilə mübarizə,
yaşıl iqtisadiyyata keçid üçün ən
mühüm qlobal platforma hesab olunur.
Amma etiraf etməliyik ki, Azərbaycan tarixinin
bütün dövrlərində dünyada neft-qaz ölkəsi
kimi tanınıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Bakı dünyanın ən iri neft mərkəzlərindən
birinə çevrilmişdi. Bir vaxtlar öz əhalisinin enerji
tələbatını ödəyə bilməyən Azərbaycan
bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynayır. Bu uğurların əsası isə
Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə
ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən
sonra qoyulub. Azərbaycanı məhv olmaq təhlükəsindən
qurtaran Ulu öndər ölkənin inkişafını təmin
etmək məqsədilə uzaqgörən siyasəti nəticəsində
milli neft strategiyası hazırladı. Bu strategiya 3
mühüm komponenti özündə ehtiva edirdi - xarici sərmaye
və təcrübənin ölkəyə cəlb edilməsi,
çoxvariantlı ixrac sisteminin qurulması və təbii sərvətlərdən
əldə olunan gəlirlərin şəffaf və səmərəli
idarə edilməsi.
Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi
sayəsində 1994-cü il sentyabrın 20-də
dünyanın tanınmış neft şirkətləri ilə
Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli"
yataqlarının birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında saziş
imzalandı. "Əsrin müqaviləsi"
adlandırılan bu saziş yeni sazişlərin
imzalanmasına geniş yol açdı. İmzalanmış
neft-qaz müqavilələri, "qara qızıl"ın
boru kəmərləri ilə ixracının başlanması
ölkəyə böyük həcmdə gəlirlər gətirdi.
Əlbəttə ki, artan gəlirlər onların
saxlanacağı və aktivlərin effektiv idarə
olunacağı bir qurumun yaranmasını şərtləndirdi.
Həmin dövrdə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini
daşıyan cənab İlham Əliyevin birbaşa təşəbbüsü
ilə bu ideyanın gerçəkləşdirilməsi
mümkün oldu. Ulu Öndərin siyasi məktəbinin ən
layiqli məzunu olan İlham Əliyevin təklifi ilə
dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri
öyrənildi. Nəticədə, dövlət
başçısının 29 dekabr 1999-cu il tarixli 240
nömrəli Fərmanı ilə Azərbaycan Respublikası
Dövlət Neft Fondu (ARDNF) təsis edildi.
ARDNF neft və qazdan əldə edilən gəlirlərin
toplanmasını, səmərəli idarə edilməsini və
gələcək nəsillər üçün
saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF
büdcədənkənar, ayrıca dövlət təsisatıdır.
Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən
biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən
yüksək səviyyədə inkişaf edərək beynəlxalq
səviyyəli maliyyə təşkilatına çevrilib.
ARDNF Azərbaycan Respublikası Prezidentinin Fərmanına
uyğun olaraq yaradılmış hüquqi şəxsdir.
ARDNF Azərbaycan Respublikasının qanunvericiliyi, ARDNF
haqqında Əsasnamə və digər normativ-hüquqi sənədlərlə
müəyyən edilən səlahiyyətləri həyata
keçirərək müstəqil fəaliyyət göstərir.
Fond Azərbaycan Respublikası Prezidenti qarşısında
hesabat verir və məsuliyyət daşıyır. ARDNF eləcə
də, özünün nəzarətedici orqanı olan
Müşahidə Şurasına və Milli Məclis tərəfindən
yaradılmış Hesablama Palatasına hesabat verir. Fondun yenidən
təşkili və ya ləğv edilməsi Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə həyata
keçirilir.
Dövlət Neft Fondunun missiyası tükənən
təbii sərvətlərdən əldə olunan gəlirlərin
toplanılması və Azərbaycan xalqının
bugünkü və gələcək nəsillərinin daimi gəlir
mənbəyinə çevrilməsidir. Fondun
yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin
səmərəli və məqsədyönlü idarə
edilməsinə şərait yaratmaqdır. ARDNF-nin fəaliyyəti
bir sıra mühüm vəzifələrin həllinə
yönəlib. Onlardan biri ölkədə makroiqtisadi sabitliyin
qorunması, maliyyə-vergi intizamının təmin edilməsi,
neft gəlirlərindən asılılığın
azaldılması və qeyri-neft sektorunun inkişafının
təmin edilməsidir. Digər məqsəd ölkənin
sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli
layihələrin maliyyələşdirilməsi, həmçinin
neft və qazın bərpa edilməyən təbii ehtiyat
olduğunu nəzərə alaraq, onlardan əldə edilən
gəlirin nəsillər arasında bərabər
bölüşdürülməsi və gələcək nəsillər
üçün ehtiyat vəsaitin toplanılmasıdır.
Dünya bazarında xam neftin qiymətinin artması,
ilk növbədə, neft ixracatçısı olan Azərbaycan
dövlətinin büdcə daxilolmalarının, xüsusilə
də, Dövlət Neft Fondunun mənfəət neftinin və
qazın satışı ilə bağlı gəlirlərinin
artmasına şərait yaradır. Bununla yanaşı, nəzərə
alınmalıdır ki, hazırda neftin qiymətinin yüksək
səviyyəsinin formalaşmasında əsas aparıcı
qüvvə iqtisadi aktivliyin təbii artan trendi deyil, daha
çox yaşanan geosiyasi böhran fonunda dünya maliyyə
bazarlarında, o cümlədən, enerji
daşıyıcılar bazarında müşahidə olunan
qısamüddətli yüksək qiymət dəyişkənliyidir.
Dövlət Neft Fondu müxtəlif valyutalarda ifadə olunan fərqli
investisiya aktivlərindən ibarət valyuta vəsaitlərini
idarə edən qlobal investordur. Həm məlum hadisələr
fonunda dünya iqtisadiyyatında müşahidə olunan
inflyasiya təzyiqləri, həm mərkəzi bankların faiz
dərəcəsi siyasəti üzrə gözlənilən
trendlər, həm də maliyyə bazarlarında izlənilən
ciddi qısamüddətli qiymət dəyişkənliyi
Fondun fəaliyyəti üçün müəyyən təsirlər
formalaşdırmaqdadır.
Neftin qiymətinin artması, əlbəttə ki, Azərbaycan
iqtisadiyyatına müsbət təsirini göstərir. Azərbaycanın
valyuta ehtiyatları baxımından problemi yoxdur. Ölkənin
kifayət qədər valyuta ehtiyatı var.
Onu da qeyd etməliyik ki, dövlət büdcəsinin
formalaşmasında neft qiymətlərinin üçistiqamətli
təsiri var. Bunlardan biri birbaşa Dövlət Neft Fondunda
toplanan gəlirlərdir. Dövlət büdcəsinin gəlirlərinin
formalaşması üçün vergi, gömrük
rüsumları və digər daxilolmalardan əlavə olaraq,
Dövlət Neft Fondundan transferlər həyata keçirilir.
Son statistik göstəricilərə nəzər
yetirsək görərik ki, 2023-cü ildə Dövlət
Neft Fonduna 800,7 milyon manat və yaxud 471 milyon ABŞ dolları
məbləğində bonus ödənişləri daxil olub.
Bu barədə Hesablama Palatasının "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin
formalaşdırılmasının və əsas istiqamətlər
üzrə istifadəsinin auditi" üzrə
apardığı kənar dövlət maliyyə nəzarəti
tədbirinin nəticələrinə dair hesabatda bildirilib.
Sənədə əsasən, bu gəlir maddəsi
büdcədə nəzərdə tutulana nisbətən
(800,8 milyon manat) 100 faiz icra olunub. Belə ki, "Xəzər
dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş"i üzrə 450
milyon ABŞ dolları, "Abşeron" dəniz
yatağı blokunun kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında sazişə və
ona edilən düzəlişlərə əsasən Fonda
20,8 milyon ABŞ dolları, digər yataqlar üzrə 0,15
milyon ABŞ dolları məbləğində vəsait ödənilib.
Fond 2024-cü ilin yanvar-iyun aylarında Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlar blokunun işlənməsindən 3 milyard 5,3
milyon ABŞ dolları məbləğində gəlir əldə
edb.
Beynəlxalq "Moody's" reytinq agentliyinin son
hesabatına əsasən, Fondun aktivləri Azərbaycanın
birbaşa dövlət borcundan, təxminən, 5 dəfə
çoxdur. Yəni Fondda saxlanılan suveren sərvətlər
əhəmiyyətli dərəcədədir.
Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın
"Ba1" reytinqinin təsdiqlənməsi aşağı
borc yükü və xalis aktiv mövqeyi ilə güclü
hökumət balansı ilə, dəstəklənir.
Hesabatda qeyd edilir ki, belə fiskal xəzinə
ehtiyatlarının olması hökumətin likvidlik risklərini
məhdudlaşdırır. Hesabatda deyilir: "Pandemiya
zamanı belə fiskal buferlərdən səmərəli
istifadə kontursiklik xərcləri həyata keçirməyə
imkan verib və hökumətin fiskal və borc fəaliyyətinin
pisləşməsini məhdudlaşdırıb. Bundan
başqa, bu aktivlər xarici valyutada ifadə edilir və əsasən,
sabit gəlirli qiymətli kağızlara yatırılır.
Nəticədə, bununla Mərkəzi Bankda saxlanılan
valyuta ehtiyatlarına əlavə olaraq əlavə xarici buferlər
təmin edilir".
Prezident İlham Əliyevin imzaladığı Sərəncama
əsasən, Azərbaycan Respublikası Dövlət Neft
Fondunun 2024-cü il büdcəsini formalaşdırmaq və
valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin
etmək məqsədilə Fondun 2024-cü il büdcəsinin
gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900
232,5 min manat məbləğində təsdiq edilib.
Göründüyü kimi, Azərbaycanda yaradılan ən
böyük suveren fond - Azərbaycan Respublikası Dövlət
Neft Fondu ölkədə mühüm vəzifələrin həlli
istiqamətində vacib işlər həyata keçirir.
Bunlar ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi
intizamının təmin edilməsi, neft gəlirlərindən
asılılığın azaldılması və qeyri-neft
sektorunun inkişafının təmin edilməsi, həmçinin
Azərbaycanın sosial-iqtisadi tərəqqisi naminə
mühüm ümummilli layihələrin maliyyələşdirilməsidən
ibarətdir.
Bu gün dünya iqtisadçıları və siyasətçiləri
suveren fondların gərəkliliyini qeyd etsələr də,
onların arasında da iki fikir hökm sürür. Mütəxəssislərin
bir qismi bu fondların təbii sərvətlərdən əldə
olunan gəlirlərin tənzimlədiyini desələr də,
bir sıra iqtisadçılar bəzi dövlətlərin
suveren fondlardan sui-istifadə edə biləcəyindən
narahatdırlar. Buna görə də yekdil fikir fondların fəaliyyətində
şəffaflığın qorunub saxlanmasıdır. Yeri gəlmişkən,
ARDNF-nin fəaliyyətində daim şəffaflıq sahəsinə
xüsusi diqqət göstərilir. Qurumun hesabat sistemində
şəffaflığın təmin edilməsi ilk növbədə
Fondun maliyyə fəaliyyəti haqqında hesabatının
müstəqil auditor tərəfindən yoxlanılması
vasitəsilə həyata keçirilir.
Bütün bunlara əsasən deyə bilərik ki,
bu ilin dekabr ayında yaradılmasının 25 illik yubileyini
qeyd edəcək Dövlət Neft Fondu öz strateji
baxışına sadiq fəaliyyət göstərir. Yəni
Fond tükənən təbii sərvətlərdən əldə
olunan gəlirlərin Azərbaycan xalqının
bugünkü və gələcək nəsillərinin daimi gəlir
mənbəyinə çevrilməsi missiyasını ali tutur
və uzunmüddətli investisiya fəaliyyətini bu missiyaya
sadiq qalaraq həyata keçirir.
İbrahim CƏFƏROV
Yazı ARDNF-nin yaradılmasının 25-ci
ildönümü münasibətilə "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında
və ölkə iqtisadiyyatının inkişafında
rolu" mövzusunda keçirdiyi müsabiqəyə təqdim
olunur.
525-ci qəzet .- 2024.- 10 iyul, №(119).- S.11.